Məzmuna keç

Taslim:Kim məxluqa təşəkkür etməzsə, Xaliqə də təşəkkür etməz

wikishia saytından

Kim məxluqa təşəkkür etməzsə, Xaliqə də təşəkkür etməz ifadəsi, (ərəbcə: من لم يشكر المخلوق لم يشكر الخالق) məzmunu belə olan bir rəvayət kimi məşhurlaşmışdır. Lakin hədis tədqiqatçılarının qeyd etdiyinə görə, bu cümləyə şiə hədis mənbələrində bu şəkildə rast gəlmək olmur. Bununla belə, İslam mənbələrində mənaca oxşar hədislər mövcuddur.

Tədqiqatçılar bu ifadəyə əsaslanaraq, məxluqa təşəkkürlə Xaliqə təşəkkür arasında birbaşa əlaqə görmüşlər. Onların fikrincə, məxluqlar ilahi feyzin vasitəçiləri olduqları üçün, onlara təşəkkür etmək əslində nemətlərin əsas mənbəyi olan Allaha təşəkkür etmək deməkdir.

Oxşar məzmunlu hədislər

Ayətullah Nasir Məkarim Şirazinin sözlərinə görə, “من لم يشكر المخلوق لم يشكر الخالق” (Kim məxluqa təşəkkür etməzsə, Xaliqə də təşəkkür etməz) ifadəsi şiə rəvayətlərində bu formada gəlməyib.[1] Lakin şiə hədis mənbələrində aşağıdakı kimi məzmunca oxşar rəvayətlər mövcuddur:

  • «مَنْ لَمْ يَشْكُرِ اَلنَّاسَ لَمْ يَشْكُرِ اَللَّهَ»

“İnsanlara təşəkkür etməyən kəs Allaha təşəkkür etməz”.[2] Bu hədis Həzrət Peyğəmbərdən (s) nəql olunub.[3]

  • «أَشْكَرُكُمْ لِلَّهِ أَشْكَرُكُمْ لِلنَّاسِ»

“Allah qarşısında ən çox şükür edəniniz, insanlara qarşı ən çox təşəkkür edəninizdir”.[4] Bu hədis isə İmam Səccaddan (ə) nəql olunub.[5]

  • «مَنْ لَمْ یَشْکُرِ الْمُنْعِمَ مِنَ الْمَخْلُوقِینَ لَمْ یَشْکُرِ اللَّهَ عَزَّ وَ جَلّ»

“Məxluqlardan biri tərəfindən edilən yaxşılığa təşəkkür etməyən, uca Allaha da təşəkkür etmiş sayılmaz”.[6] Bu hədis İmam Rzadan (ə) nəql olunub.[7]

  • «فَمَنْ لَمْ يَشْكُرْ وَالِدَيْهِ لَمْ يَشْكُرِ اَللَّهَ تَعَالَى»

“Kim ata-anasına təşəkkür etməzsə, Allah-Təalaya da təşəkkür etmiş olmaz”.[8] Bu hədis də İmam Rzadan (ə) nəql olunub.[9]

Yaradılmışlara təşəkkür etməyin Yaradana (Allaha) təşəkkürlə əlaqəsi

Dini tədqiqatçılar, başqalarına minnətdarlıq bildirməklə bağlı rəvayətlərə əsaslanaraq, bəndələrə (insanlara) təşəkkür etməklə Allaha təşəkkür etmə arasında əlaqə və qarşılıqlı asılılıq olduğunu qəbul edirlər. Məsələn, şiə mütəfəkkiri və yazıçısı Şəhid Mürtəza Mütəhhəri hesab edir ki, insan yalnız Allaha şükür etdiyini deyib, ona yaxşılıq edən şəxslərə – ata, ana, müəllim və digər insanlara – təşəkkür etməkdən boyun qaçırmamalıdır.[10] Ayətullah Məkarim Şirazi isə yaradılmışlara təşəkkür etməklə Yaradana təşəkkür arasında olan bu əlaqəni iki şəkildə izah edir:

  • Yaradılmışlara minnətdarlıq göstərməmək, insanın daxilən nankor bir şəxsiyyətə malik olduğunu göstərir; belə bir insan, təbii ki, Yaradan qarşısında da şükür edən olmayacaq. Xüsusilə də Allahın nemətləri o qədər çoxdur ki, insan bəzən onların fərqinə varmaya bilər.
  • Yaradılmış (insan), Allahın nemətlərinin insanlara çatmasında bir vasitədir. Buna görə də, nemətin vasitəçisinə təşəkkür etməmək, neməti verən Allaha təşəkkür etməmək deməkdir.[11]

Ayətullah Abdullah Cavadi Amuli də yaradılmışlara təşəkkür etməyi ədəb və insani bir vəzifə kimi qiymətləndirir.[12] Lakin Quran tədqiqatçısı Seyid Məhəmmədəli Əyazi bildirir ki, bu təşəkkür Allaha qarşı qəflətə səbəb olmamalıdır.[13]

Bunun əksinə olaraq, şiə təfsirçisi Məhəmməd Cavad Müğniyə hesab edir ki, hərçənd yaradılmışlara təşəkkür etmək gözəl və dəyərlidir, amma “Kim yaradılmışlara təşəkkür etməzsə, Yaradana da təşəkkür etməmiş olar” ifadəsi sadəcə mənəvi və əxlaqi bir göstərişdir. Buna görə də bu ifadəyə əsaslanaraq, xaliqə təşəkkür etməklə məxluqa təşəkkür etmək arasında bağlılığın olduğuna inanmaq və yaradılmışlara təşəkkür etməyin vacib olduğunu söyləmək olmaz.[14]

İstinadlar

  1. Məkarim Şirazi, Əxlaq dər Quran, h.ş 1377, c.3, s.93
  2. Ğəffari, Mən la Yəhzuruhul-fəqihin tərcüməsi, h.ş 1367, c.6, s.318
  3. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1404, c.4, s.380
  4. Məkarim Şirazi, Qoftare məsumin (ə), h.ş 1387, c.2, s.200
  5. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.99
  6. Məhəmmədi Reyşəhri, Mizanul-hikmət, h.ş 1389, c.6, s.24
  7. Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.24
  8. Məhəmmədi Reyşəhri, Mizanul-hikmət, h.ş 1389, c.6, s.24
  9. Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.24
  10. Mütəhhəri, Aşinayi ba Quran, c.2, h.ş 1376, s.23-24
  11. Məkarim Şirazi, Əxlaq dər Quran, h.ş 1385, c.3, s.463-464
  12. Cavadi Amuli, Təfsire sureye Tur, cələsə 8, İsra saytında dərc olub
  13. Əyyazi, Təfsire Qurane məcid bər gerefte əz asare İmam Xomeyni, h.ş 1386, c.5, s.229
  14. Muğniyə, Ət-Təfsirul-kaşif, h.q 1424, c.1, s.239

Ədəbiyyat

  • Əyyazi, Məhəmməd Əli, Təfsire Qurane məcid bər gerefte əz asare İmam Xomeyni, Tehran, Müəssiseye tənzim və nəşre asare İmam Xomeyni, h.ş 1386
  • Cavadi Amuli, Abdullah, تفسیر سوره طور, cələsə 8, İsra saytında dərc olub, h.ş 1395
  • Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza (ə), Təhqiq və düzəliş: Mehdi Lacivərdi, Tehran, Cahan nəşri, h.q 1378
  • Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Dəftəre enteşarate İslami, h.q 1404
  • Ğəffari, Əli Əkbər və Məhəmməd Cavad Ğəffari və Səlahuddin Bəlaği, Mən la Yəhzuruhul-fəqihin tərcüməsi, Tehran, Səduq nəşri, h.ş 1367
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Mizanul-hikmət, Qum, Sazmane çap və enteşare darul-hədis, h.ş 1389
  • Mütəhhəri, Mürtəza, Aşinayi ba Quran (2), Tehran, Sədra nəşriyyatı, h.ş 1376
  • Muğniyə, Məhəmməd Cavad, Ət-Təfsirul-kaşif, İran, Darul-kutubil-İslami, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Əxlaq dər Quran, Qum, İmam Əli (ə) mədrəsəsi, h.ş 1377
  • Məkarim Şirazi, Nasir, Qoftare məsumin (ə), Hazırlayan və nəzmə salan: Seyid Məhəmməd Abdullahzadə, İmam Əli (ə) mədrəsəsi, h.ş 1387