Məzmuna keç

Ali-İmran surəsinin 139-cu ayəsi

wikishia saytından
Ali-İmran surəsinin 139-cu ayəsi
Yerləşdiyi surəAli-İmran
Ayənin nömrəsi139
Cüz4
MövzuMöminlərə kafirlər üzərində qələbə vədəsi
Başqa ayələr ilə bağlılığıMəhəmməd surəsi, 35-ci ayə


Ali-İmran surəsinin 139-cu ayəsi (ərəbcə: الآية 139 من سورة آل عمران) möminlərə kafirlər üzərində qələbə və üstünlük vəd edir və onları kafirlərə qarşı səbirli olmağa təşviq edir.[1]

«وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ»
“Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz”” [2]



(Ali-İmran, 139)


Ayənin əvvəlində müsəlmanlara xəbərdarlıq olunur ki, döyüşdəki məğlubiyyətdən sonra süstlük və kədərə qapılmasınlar.[3] Şiə təfsirçisi və altıncı hicri əsrin alimi Fəzl ibn Həsən Təbərsi “Məcməul-bəyan” təfsirində bu ayənin Ühüd döyüşündən sonra, müsəlmanlar arasında baş verən şəhidlik və yaralanmalara görə təsəlli və ümid vermək məqsədilə nazil olduğunu qeyd edir.[4] O, başqa bir yerdə bildirir ki, Ühüd döyüşündən bir gün sonra, İslam Peyğəmbəri (s) bir qrup yaralı döyüşçü ilə birlikdə Məkkə ordusunun Mədinəyə mümkün hücumunun qarşısını almaq üçün Həmraul-Əsəd istiqamətində yola düşdü və bu ayə həmin vaxt nazil oldu.[5] Bildirilir ki, bu ayə möminləri müşriklərə qarşı müqavimət göstərməyə çağırır.[6]

Şiə müfəssiri və filosofu Seyid Məhəmməd Hüseyn Təbatəbai ayədə keçən “təhinu” ifadəsini – ki, Allah ondan çəkindirir – cihadda əzm və qərarlılıqdan zəiflik göstərmək və dini ayaqda tutmağa etinasız yanaşmaq mənasında izah edir.[7] Həmçinin “və əntumul-ələvn” ifadəsi barəsində bildirilir ki, nəticədə möminlər qalib gələcəklər.[8]

Məhəmməd Cavad Müğniyə bu ayəni təfsir edərkən Peyğəmbərin (s) “Etila” adlı hədisinə işarə edir ki, ona əsasən, İslam üstündür və ona heç nə üstün ola bilməz.[9] Habelə (إِنْ كُنْتُمْ مُؤْمِنِينَ) “əgər mömin olsanız” ifadəsindəki iman, Allaha və Onun vədlərinə etimad və güvən mənasında təfsir olunub.[10] İran İslam Respublikasının rəhbəri Ayətullah Xamenei, İsrailin İrana hücumu və bu ölkənin bir neçə hərbi komandanının şəhid edilməsindən sonra İran xalqına ünvanladığı müraciətində bu ayəni tilavət etmişdir.[11] O, bu ayəyə əsaslanaraq bildirib ki, əgər həqiqi mömin olsaq, düşmən real meydanda heç bir iş görə bilməz.[12]

Seyid Məhəmməd Təqi Müdərrisi də bu ayənin təfsirində bildirir ki, Allahın sünnəsinə əsasən, üstünlük və qələbə təsadüfi deyil və fədakarlıq olmadan əldə edilə bilməz. Daha doğrusu, çətinliklər qarşısında dözümlü olmağa hazırlıq tələb edir. Çünki düşmən də qarşılıq verməyə hazırdır.[13]

“Muhəmməd” surəsinin 35-ci ayəsi də bənzər bir məna daşıyır. Bu ayədə belə buyurulur:

“Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin”.

İstinadlar

  1. Təyyib, Ətyəbul-bəyan, h.ş 1378, c.3, s.366
  2. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  3. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.3, s.108
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.43
  5. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.843
  6. Sələbi Nişaburi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.3, s.172
  7. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.26-27
  8. Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.9, s.371
  9. Muğniyə, Təfsirul-kaşif, h.q 1424, c.2, s.163
  10. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.843
  11. «دومین پیام تلویزیونی آیت‌الله خامنه‌ای خطاب به ملت ایران در پی تهاجم رژیم صهیونی», khamenei.ir saytı
  12. بیانات در دیدار مسئولان نظام, khamenei.ir saytı
  13. Müdərrisi, Min hudəl-Quran, h.q 1419, c.1, s.666

Ədəbiyyat