Həfsin Asimdən nəql etdiyi qiraət

wikishia saytından
(Həfsin Asimdən nəql etdiyi rəvayət səhifəsindən yönləndirilmişdir)

Həfsin Asimdən nəql etdiyi qiraət (farsca: قرائت حفص از عاصم) yeddi məşhur qaridən biri olan Asim ibn Əbun-Nəcud Kufinin tələbəsi Həfs ibn Süleyman Əsədi tərəfindən nəql olunan qiraətinin məşhur rəvayətidir. Əbu Bəkr ibn Əyyaş kimi qarilər də Asimin qiraətini nəql ediblər. Amma Həfsin rəvayəti daha məşhurdur. Həfsin rəvayəti öz dəqiqliyinə və fəsahətinə görə və Asim qiraəti ilə ən az fərqə malik olduğu üçün daha çox qəbul edilir və bu gün İslam ölkələrinin təxminən 95%-i arasında geniş yayılmış qiraətdir.

Qiraətşünaslar Həfsin Asimdən nəql etdiyi qiraəti və onun nəql zəncirinin Peyğəmbərə (s) çatmasını düzgün hesab edir və deyirlər ki, Asim onun qiraətini bir vasitə, yəni Əbu Əbdürrəhman Sülləmi vasitəsilə İmam Əlidən (ə) alıb. Asimi etibarlı və təqvalı sayır, onun qiraətini ən fəsahətli qiraət hesab edirlər. Həmçinin, Həfsi Asimin qiraəti ilə bağlı ən bilikli tələbələrindən hesab ediblər. Onların fikrincə, o, qiraətdə etibarlı və dəqiq hesab edilir. Əbu Əbdürrəhman Sülləmi də etibarlı və görkəmli şəxs kimi təqdim edilmişdir.

Həfsin Asimdən nəql etdiyi qiraətin İslam ölkələrində nə vaxt məşhur olması ilə bağlı fikir ayrılığı var. Məhəmməd Hadi Mərifətə görə, bu qiraət əvvəldən ümumi və qəbul olunmuş qiraət idi. Bəziləri isə bu fikirdədirlər ki, Həfsin Asimdən nəql etdiyi qiraətin yayılması və hamı tərəfindən qəbul olunması Osmanlı hökumətinin səyləri ilə hicri-qəməri 10-cu əsrdə başlamışdır.

Mövqeyi və əhəmiyyəti

Həfsin Asimdən nəql etdiyi qiraət Həfs ibn Süleyman Əsədinin öz ustadı Asim ibn Əbun-Nəcud Kufinin qiraətindən nəql etdiyi Quranın yeddi məşhur qiraətindən biridir.[1] Bu qiraətin mütəvatir olduğu və bütün müsəlmanlar tərəfindən qəbul olunduğu deyilir.[2] Mosul universitetinin Quran sintaksisi və qiraəti üzrə tədqiqatçısı və müəllimi Məhəmməd İsmayıl Məhəmməd əl-Məşhədaniyə görə, bu gün İslam ölkələrinin təxminən 95%-də Asimin Həfs rəvayətinə görə qiraəti məşhurdur və digər 5%-də isə digər yeddi qiraət yayılıb.[3]

Əlbəttə, Asimin qiraətini vasitəli və ya vasitəsiz bir çox insanlar rəvayət ediblər.[4] Lakin Həfs rəvayəti və Əbu Bəkr ibn Əyyaş rəvayəti daha məşhurdur.[5]

Həfsin Asimdən nəql etdiyi qiraətin etibarlılığı

Qiraətşünaslar Həfsin Asimdən nəql etdiyi qiraəti və onun nəql zəncirinin Peyğəmbərə (s) çatmasını düzgün hesab edirlər.[6] Çünki Asim onu Əbu Əbdürrəhman Sülləmidən, o isə olduğu kimi İmam Əlidən (ə), İmam da Peyğəmbərdən (s) öyrənib. Həmçinin, Asim bu rəvayəti Zər ibn Həbişdən, o, Abdullah ibn Məsuddan, Abdullah ibn Məsud da Peyğəmbərdən (s) əxz edib.[7] Digər tərəfdən bu qiraəti Həfz nəql edib və o, Asimin ən dəqiqi rəvayətçilərindən və ən bilikli tələbələrindəndir.[8]

Quran tətdiqatçısı və şiə fəqihi Məhəmməd Hadi Mərifət (vəfatı: 2005) hesab edir ki, Həfsin Asimdən nəql etdiyi qiraətin sənədi səhihdir. Bu qiraət əvvəldən müsəlman kütlələrinin dəstəyi ilə güclənmiş, əsrlər boyu nəsildən-nəslə keçərək məşhurlaşmış və bu gün də müsəlmanlar arasında geniş yayılmışdır.[9]

İbn Nədimə görə, Asim öz qiraətini Əbu Əbdürrəhman Sülləmi və Zər ibn Həbişdən öyrənmişdir.[10] Amma Asimin qiraətinin başqa bir rəvayətçisi Əbu Bəkr ibn Əyyaş deyir: “Asim mənə söylədi ki, Quranı ona Əbu Əbdürrəhman Sülləmidən başqa heç kim öyrətməyib. Mən onun yanından qayıdanda öyrəndiklərimi Zər ibn Həbişə oxuyurdum”.[11]

Sülləminin özünün Quranı hansı səhabədən götürdüyü barədə fikir ayrılığı var.[12] Bəziləri onun Quranı İmam Əli (ə), Osman və Abdullah ibn Məsuddan öyrəndiyini və onlara oxuduğu fikrini önə çəkirlər.[13] Bəzilərinə görə isə o, Quranı İmam Əlidən (ə) öyrənib, Osmana oxuyub.[14] Osmandan öyrənib İmam Əliyə (ə) oxuduğu də deyilir.[15] Məhəmməd Hadi Mərifət Zəhəbidən nəql edir ki, Sülləmi Quranı Abdullah ibn Məsuddan öyrənib, İmam Əliyə (ə) ilə oxuyub.[16] Bəziləri də onun Quranı İmam Əlidən (ə) öyrəndiyini və sonra öyrəndiklərini (dəqiqləşdirmək üçün) onun özünə oxuduğu deyirlər.[17]

Həfsin Asimdən nəql etdiyi qiraətin yayılması

Deyilənə görə, hicri-qəməri təqvimi ilə təxminən 10-cu əsrində Osmanlı hökuməti tərəfindən Həfsin Asimdən nəql etdiyi qiraətin seçilməsi və onun əsasında bir müshəfin (Quranın) çap və nəşr olunması bu qiraətin İslam ölkələri arasında yayılmasına və sabitləşməsinə səbəb olmuşdur.[18] Misirli qiraətşünas Əli Məhəmməd əl-Zəbbağın sözlərinə görə, Həfsin Asimdən nəql etdiyi qiraətin məşhurlaşması və hamı tərəfindən qəbul olunması hicri-qəməri XII əsrin ortalarından başlamışdır.[19]

Rəvayətçilər

Hicri 1441-ci ildə Səudiyyə Ərəbistanında çap olunmuş Quranın ilk səhifəsində belə yazılıb: Bu qiraəti Həfs Asimdən nəql edib.

Əbu Əbdürrəhman Sülləmi: O, Kufə tabeilərindan və Quran tilavətini Peyğəmbərin (s) bəzi səhabələrindən öyrənmiş bir qari idi.[20] Rical alimləri Əbu Əbdürrəhman Sülləmini etibarlı və görkəmli şəxsiyyət hesab ediblər.[21]

Zər ibn Həbiş: İbn Nədimə görə, Asim öz qiraətini ona oxuyurmuş.[22] O, Kufə əhlindən və üçüncü təbəqəyə mənsub qiraətçilərdəndir.[23] O, qiraətini Abdullah ibn Məsuddan,[24] bir rəvayətə görə isə İmam Əli (ə)Abdullah ibn Məsuddan öyrənmişdir.[25]

Asim ibn Bəhdələ Əbun-Nəcud: Asim adı ilə tanınır. O, Kufə əhli və yeddi qiraətçidən biri olub.[26] Əksər rical alimləri Asimi etibarlı və təqvalı,[27] onun qiraətini isə ən fəsahətli qiraət hesab ediblər.[28] Bəziləri onun qiraəti əzbərləməkdə və qeyd etməkdə diqqətli və ehtiyatlı olduğunu bildiriblər.[29]

Həfs ibn Süleyman: O, Kufədən və Asimin arvadının oğlu idi. O, Quran tilavətini ondan öyrənmiş, dəfələrlə ona oxumuş və İslam ölkələrində, o cümlədən, Bağdad və Məkkədə yaymışdır.[30] Bəzi qiraətşünaslar bu fikirdədirlər ki, Həfs Asimin tələbələri və rəvayətçiləri arasında onun qiraətini ən yaxşı bilən olub.[31] Əksər rical alimlərinin verdiyi məlumata görə, Həfs Asimin qiraətini əzbərləməkdə və yazmaqda dəqiq olmuşdur.[32]

Həfsin qiraəti ilə Asimin qiraətinin fərqi

Deyilənə görə, Həfsin qiraəti Asimin qiraətindən yalnız bir yerdə fərqlənir. Bu da “Rum” surəsinin 54-cü ayəsindəki “ضعف” sözünün oxunmasıdır.[33] Asim orada “z” hərfini fəthə ilə “zəfin” şəklində) oxuyub, Həfs isə “z” hərfini zəmmə ilə (“zufin” şəklində) oxuyub. Bir halda ki, Həfsin qiraəti ilə onu Asimdən öyrənib ona oxuyan Əbu Bəkr ibn Əyyaşın qiraəti arasında hərflərin hərəkələrində beş yüzdən çox fərq olduğu bildirilir.[34] Həfsin qiraətinin Əbu Bəkr ibn Əyyaşın qiraəti ilə fərqinin səbəbi haqqında deyilir ki, Asim, Zər ibn Həbişdən öyrənib, o da Abdullah ibn Məsuddan öyrənib və onu İbn Əyyaşa öyrədib.[35]

Xüsusiyyətləri

Həfsin Asimdən nəql etdiyi qiraətin bəzi xüsusiyyətləri və prinsipləri bunlardır:

  • Asim “Bismillahir-Rəhmanir-Rəhim” ayəsini iki surə arasında, yəni hər surənin sonunda və sonrakı surənin əvvəlində oxuyurdu. “Ənfal” və “Tövbə” surələri istisna olmaqla.[36] Belə hallarda onun qiraəti üç formada nəql edilib: vəqf, vəsl və səkt (sözlər arasında qısa fasilə).[37]
  • Bütün Quranda Həfsin Asimdən nəql etdiyi qiraətə əsasən yalnız dörd yerdə səkt nəql olunub: “Kəhf” surəsinin birinci ayəsinin sonuncu sözü ilə (عِوَجا) ikinci ayəsinin birinci sözü arasında (قَیماً), “Yasin” surəsinin 52-ci ayəsindəki “مَرقَدِنا” sözü ilə “هذا” sözü arasında, “Qiyamət” surəsinin 27-ci ayəsində “مَنْ” sözü ilə “رَاقٍ” sözü arasında və “Mutəffifin” surəsinin 14-cü ayəsindəki “بَلْ” sözü ilə "رَانَ" sözü arasında.[38]
  • Asimin qiraətində yalnız bir imalə halı var (tələffüzün asanlığı üçün fəthə kəsrəyə və əlif ya-ya meyilli oxunur) ki, o da “Hud” surəsinin 41-ci ayəsindəki “مَجْراها” kəlməsindəki “ra”-nın kəsrə şəklində oxunmasıdır.[39]
  • Quranda bütün həmzələr Asimin qiraətinə uyğun olaraq “təhqiq”lə oxunur.[40] Təcvid elmində “təhqiq” həmzənin bütün xüsusiyyətlərinə riayət etməklə öz məxrəcindən tələffüz etmək deməkdir.[41] Yalnız iki kəlmə “کُفُواً”. “ və “هُزُواً” bu qaydadan istisnadır.[42] “Fussillət” surəsinin 44-cü ayəsindəki “أعجَمیٌ” kəlməsində də ikinci həmzə “təshil”lə oxunur. Yəni yumşaq və həmzə ilə əlif arasında bir səslə oxunur.[43]
  • Asimin oxu tərzi aram və ardıcıl, səsli və ahəngli tərtil kimi vəsf edilmişdir.[44]

Monoqrafiya

Asimin “Həfs” qiraəti haqqında yazılan əsərlərdən bəziləri bunlardır:

  • Əkrəm Xodayi İsfahani tərəfindən yazılmış “Həfsin Asimdən nəql etdiyi qiraətinin əhəmiyyəti” kitabı: Bu kitab Asimi və onun qiraətini on bir fəsildə izah edir. Asimin rəvayət etdiyi qariləri və ondan rəvayət edən Həfs və Əbu Bəkr ibn Əyyaş kimi qariləri tanıtdırır. Onuncu fəsildə Həfsin rəvayəti Əbu Bəkr ibn Əyyaşın rəvayəti ilə müqayisə edilir.[45] On birinci fəsil Asimin qiraəti ilə digər qiraətlər arasındakı fərqə həsr edilmişdir.[46]
  • Məhəmməd ibn Abbas Bazın “Məbahisun fi elmil-qiraat məə bəyani-üsuli-rəvayəti-Həfs” (Həfsin rəvayətinin əsaslarının izahı ilə qiraət elmində müzakirələr) kitabı: Bu kitabın müəllifi əvvəlcə Asim və Həfsi tanıtmış və Həfsin Asimdən nəql etdiyi qiraətin sənədini bəyan etmişdir. Sonra onun xüsusiyyətlərini və prinsiplərini nəzərdən keçirmişdir.[47]
  • Məhəmməd İsmayıl Məhəmməd əl-Məşhədaninin “əl-Qeymətud-dəlaliyyətu liqiraəti Asim birivayəti Həfs” əsəri: Bu kitabda Həfsin Asimdən nəql etdiyi qiraət Quranın bəzi sözlərinin mənalarının dəyişməsinə səbəb olan forma dəyişiklikləri baxımından təhlil və tədqiq edilmişdir. Müəllif sözlərin mənalarını, Quran ayələrinin kontekstini və bəzi digər dəlilləri nəzərə alaraq, Asimin Həfs rəvayətini əsas götürən qiraətini digər qiraətlərdən üstün tutmuşdur.[48] Bu kitab bir müqəddimə, üç fəsil və bir nəticədən ibarətdir.[49]

İstinadlar

  1. Zəhəbi, Mərifətul-Qurrail-kibar, h.q 1417, s.53; Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.195
  2. Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.246; Baz, Məbahisun fi elmil-qiraati məə bəyani usuli rəvayəti Həfs, h.q 1425, s.81
  3. İsmail Məhəmməd, Əl-Qiymətud-dəlailiyyətu liqiraəəti Asim bi-rivayəti Həfs, h.q 1430, s.26
  4. Bir qrup yazıçı, Fərhəngnameye ulume Qurani, h.ş 1394, s.794
  5. Şatibi, Mətnuş-Şatibiyyə, h.q 1431, s.3
  6. İbn Cəzəri, Ən-Nəşru fil-qiraat, Darul-kutubil-elmiyyə, c.1, s.156; Baz, Məbahisun fi elmil-qiraati məə bəyani usuli rəvayəti Həfs, h.q 1425, s.85
  7. Zəhəbi, Mərifətul-Qurrail-kibar, h.q 1417, s.54; Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.248; Baz, Məbahisun fi elmil-qiraati məə bəyani usuli rəvayəti Həfs, h.q 1425, s.85
  8. Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.246; Baz, Məbahisun fi elmil-qiraati məə bəyani usuli rəvayəti Həfs, h.q 1425, s.84-85
  9. Mərifət, Ulume Qurani, h.ş 1381, 235
  10. İbn Nədim, Əl-Fehrest, h.q 1417, s.47
  11. Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.246
  12. Zəhəbi, Mərifətul-Qurrail-kibar, h.q 1417, c.1, s.27; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.2, s.43; İbn Cəzəri, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351, c.1, s.413; Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.189
  13. Zəhəbi, Mərifətul-Qurrail-kibar, h.q 1417, s.27
  14. Zəhəbi, Mərifətul-Qurrail-kibar, h.q 1417, c.1, s.27
  15. İbn Cəzəri, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351, c.1, s.413
  16. Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.189
  17. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.2, s.43; Zibağ, Əl-İzafətu fi bəyani usulil-qiraət, h.q 1420, s.72; Cəməl; Əl-Muğni fi elmit-təcvid, s.46
  18. Muflihul-Qəza və başqaları, Müqəddimətun fi elmil-qiraat, h.q 1422, s.63; Cəməl, Əl-Muğni fi elmit-təcvid, s.32
  19. Zibağ, Əl-İzafətu fi bəyani usulil-qiraət, h.q 1420, s.72
  20. Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.189
  21. Zəhəbi, Mərifətul-Qurrail-kibar, h.q 1417, s.30; İbn Cəzəri, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351, c.1, s.414
  22. İbn Nədim, Əl-Fehrest, h.q 1417, s.47
  23. Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.190
  24. İbn Mucahid, Əs-Səbətu fil-qiraat, h.q 1400, s.70
  25. Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.190
  26. İbn Cəzəri, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351, c.1, s.346; Xoyi, Mucəmu ricalil-hədis, c.10, s.195
  27. Zəhəbi, Mizanul-itidal, h.q 1382, c.2, s.357-358; Zəhəbi, Seyru ilamin-nübəla, h.q 1427, c.1, s.153; İbn Cəzəri, Ən-Nəşru fil-qiraat, Darul-kutubil-elmiyyə, c.1, s.155; Əd-Dani, Cameul-bəyan fil-qiraatis-səb, h.q 1428, c.1, s.196; Xansari, Rəvzətul-cənnat, h.ş 1390, c.5, s.4
  28. Zəhəbi, Mərifətul-Qurrail-kibar, h.q 1417, c.1, s.52; İbn Cəzəri, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351, c.1, s.347; İbn Cəzəri, Ən-Nəşru fil-qiraat, Darul-kutubil-elmiyyə, c.1, s.155; Əd-Dani, Cameul-bəyan fil-qiraatis-səb, h.q 1428, c.1, s.195; Xansari, Rəvzətul-cənnat, h.ş 1390, c.5, s.4
  29. Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.246; İbn Cəzəri, Ən-Nəşru fil-qiraat, Darul-kutubil-elmiyyə, c.1, s.155
  30. İbn Cəzəri, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351, c.1, s.254; Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.248
  31. İbn Cəzəri, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351, c.1, s.156; Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.248
  32. Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1428, c.2, s.248; Zəhəbi, Mizanul-itidal, h.q 1382, c.1, s.558; Bağdadi, Tarix-Bağdadi, h.q 1417, c.9, s.64
  33. İbn Mucahid, Əs-Səbətu fil-qiraat, h.q 1400, s.96
  34. İbn Cəzəri, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351, c.1, s.254
  35. İbn Cəzəri, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351, c.1, s.254
  36. Baz, Məbahisun fi elmil-qiraati məə bəyani usuli rəvayəti Həfs, h.q 1425, s.86
  37. Bir qrup yazıçı, Fərhəngnameye ulume Qurani, h.ş 1394, s.795
  38. Baz, Məbahisun fi elmil-qiraati məə bəyani usuli rəvayəti Həfs, h.q 1425, s.88
  39. Baz, Məbahisun fi elmil-qiraati məə bəyani usuli rəvayəti Həfs, h.q 1425, s.88
  40. Bir qrup yazıçı, Fərhəngnameye ulume Qurani, h.ş 1394, s.795
  41. Setudeniya, Daneşe təcvid, h.ş 1396, s.149
  42. Bir qrup yazıçı, Fərhəngnameye ulume Qurani, h.ş 1394, s.795
  43. Zibağ, Əl-İzafətu fi bəyani usulil-qiraət, h.q 1420, s.74; Mərsəfa, Hidayətul-qari ila təcvidi kəlamil-bari, c.2, s.579
  44. Bir qrup yazıçı, Fərhəngnameye ulume Qurani, h.ş 1394, s.795
  45. Xodayi İsfahani, Əhəmiyyəte qiraəte Asim be rəvayəte Həfs, h.ş 1378, s.115
  46. Xodayi İsfahani, Əhəmiyyəte qiraəte Asim be rəvayəte Həfs, h.ş 1378, s.149
  47. Baz, Məbahisun fi elmil-qiraati məə bəyani usuli rəvayəti Həfs, h.q 1425, s.14-15
  48. İsmail Məhəmməd, Əl-Qiymətud-dəlaliyyətu li qiraəti Asim birəvayəti Həfs, s.19
  49. İsmail Məhəmməd, Əl-Qiymətud-dəlaliyyətu li qiraəti Asim birəvayəti Həfs, s.7-9

Ədəbiyyat

  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə nəşri, 1-ci çap, h.q 1379
  • İbn Mucahid, Əhməd ibn Musa, Əs-Səbətu fil-qiraat, Misir, Darul-məarif, 2-ci çap, h.q 1400
  • İbn Nədim, Əbül-Fərəc Məhəmməs ibn İshaq, Əl-Fehrest, Beyrut, Darul-mərifə, h.q 1417
  • İbn Cəzəri, Məhəmməd ibn Məhəmməd, Ən-Nəşru fil-qiraat, Beyrut, Darul-kutubil-elmiyyə
  • İbn Cəzəri, Məhəmməd ibn Məhəmməd, Ğayətun-nəhayə fi təbəqatil-qurra, h.q 1351
  • İsmail Məhəmməd, Əl-Qiymətud-dəlailiyyətu liqiraəəti Asim bi-rivayəti Həfs, İraq, 1-ci çap, h.q 1430
  • Əd-Dani, Osman ibn Səid, Cameul-bəyan fil-qiraatis-səb, B.Ə.Ə, h.q 1428
  • Baz, Məhəmməd ibn Abbas, Məbahisun fi elmil-qiraati məə bəyani usuli rəvayəti Həfs, Misir, Darul-kəlmə, h.q 1425
  • Bir qrup yazıçı, Fərhəngnameye ulume Qurani, Qum, h.ş 1394
  • Cəməl, Əbdür-Rəhman ibn Yusif, Əl-Muğni fi elmit-təcvid
  • Xodayi İsfahani, Əkrəm, Əhəmiyyəte qiraəte Asim be rəvayəte Həfs, Tehran, h.ş 1378
  • Xətib Bağdadi, Əhməd ibn Əli, Tarix-Bağdadi, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
  • Xansari, Məhəmməd Baqir, Rəvzətul-cənnat, Qum, İsmailiyyan nəşri, h.ş 1390
  • Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, Muəssisətul-İmam Xoyi
  • Zəhəbi, Şəmsuddin Əbu Əbdillah, Seyru ilamin-nübəla, Ər-Risalə müəssisəsi, h.q 1405
  • Zəhəbi, Şəmsuddin Əbu Əbdillah, Mərifətul-Qurrail-kibar, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
  • Zəhəbi, Şəmsuddin Əbu Əbdillah, Mizanul-itidal, Beyrut, 1-ci çap, h.q 1382
  • Setudeniya, Məhəmməd Rza, Daneşe təcvid, Qum, Darul-ilm nəşri, h.ş 1396
  • Şatibi, Əbu Məhəmməd Qasim, Mətnuş-şatibiyyə, Mədinə, h.q 1431
  • Zibağ, Məhəmməd Əli, Əl-İzafətu fi bəyani usulil-qiraət, Qahirə, h.q 1420
  • Mərsəfa, Əbdül-Fəttah, Hidayətul-qari ila təcvidi kəlamil-bari, Mədinə, 2-ci çap
  • Mərifət, Məhəmməd Hadi, Ət-Təmhidu fi ulumil-Quran, Qum, h.q 1428
  • Mərifət, Məhəmməd Hadi, Ulume Qurani, Qum, 4-cü çap, h.ş 1381
  • Muflihul-Qəza, Əhməd Məhəmməd və başqaları, Müqəddimatun fi elmil-qiraat, Oman, Daru Əmmar, h.q 1422