Hədis

wikishia saytından

Hədis (ərəbcə: الحديث), Həzrət Məhəmməd peyğəmbərin (s), xanım Fatimeyi-Zəhranın (s)on iki məsum imamın (ə) söz, sirə, sünnətəqririni nəql edən mətnə deyilir. Hədis Qurani-Kərimdən sonra dini təlimləri əldə etmək və İslam maarifini dərk etmək üçün ikinci ən mühüm mənbədir və fiqh, üsul, kəlam və təfsir kimi İslami elmlərin formalaşmasında mühüm rol ifa edib.

Başlanğıcda hədislərin öyrənilməsi və yayılması şifahi formada idi. Sonra isə yazılı şəkilə salındı. Hədisin yazılması məsumların (ə) elmi irsinin qorunması və sonrakı nəsillərə ötürülməsində əsas amildir. Peyğəmbərin (s) vəfatından sonra ilk iki xəlifənin dövründə siyasi hədəflərlə hədisin yazılması qadağan edildi. Bu qadağa yüz ildən sonra səkkizinci Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin vaxtında ləğv edildi və hədisin yazılması geniş yayıldı.

Əlbəttə hədis qadağası “xilafət məktəbi”ndə baş verib, Əhli-Beyt (ə) məktəbində isə hədisin şifahi nəqli və yazılması Peyğəmbərin (s) sirə və sünnəsinə uyğun olaraq İmam Əlinin (ə) və sonrakı məsum imamların özlərinin və yaxın səhabələrinin vasitəsi ilə davam etdirilib.

İslam tarixində yazılan ilk hədis kitabı da İmam Əlinin “əl-Camiə” və ya “Kitabu Əli” adlə hədis toplusu olub. Bundan əlavə İmam Əlinin (ə) şagirdləri hədisləri və fiqhi hökmləri ehtiva edən onlarla kitab yazıblar. Məsum imamların (ə) zamanında onların hədisləri həm yazılır və həm də şifahi nəql edilirdi. Onların dövründə müxtəlif mövzularda yazılmış hədis nüsxələri sonradan şiə hədis toplularının yaranmasında əsas mənbə oldular.

Şiə hədis tarixində hədis məsumdan eşitmək, şifahi nəql, tədvin və təsnif, mövzulara və fəsllərə bölünmə mərhələlərini keçərək müxtəlif hədis məcmuələrində bir yerə toplandı ki, onlardan bəziləri ibarətdir: “Kutubu Ərbəə” adlanan dörd məşhur hədis toplusu: Şeyx Kuleyni (ö.329 hq), “əl-Kafi”; Şeyx Səduq (305-381 hq), “Mən La Yəhzuruhul-Fəqih”; Şeyx Tusi (385-460 hq), “Təhzibul-Əhkam” və “əl-İstibsar”. Məhəmməd adlı üç alimin yazdığı üç böyük hədis toplusu: Molla Möhsün Məhəmməd ibn Mürtəza Feyz Kaşani (1007-1091 hq), “əl-Vafi”; Əllamə Məhəmmədbaqir ibn Məhəmmədtəqi Məclisi (1037-1110 hq), “Biharul-Ənvar”; Şeyx Məhəmməd ibn Həsən Hürr Amuli (1033-1104 hq), “Vəsailuş-Şiə”.

Əhli-Sünnədə hədis 100 il qadağadan sonra hicrətin ikinci əsrinin ilk yarısından yazılmağa başladı və müxtəlif mövzularda hədis kitabları tədvin və təsnif edildi. Hicrətin üçüncü əsrində isə əhli-sünnənin “altı səhih kitab” adlandırdıqları məşhur hədis topluları yazıldı: Məhəmməd ibn İsmail Buxari (194-256 hq), “əl-Cameus-Səhih”. Müslim ibn Həccac Nişapuri (204-261 hq), “əl-Cameus-Səhih”. İbn Macə, Məhəmməd ibn Yəzid Qəzvini (ö.273 hq), “əs-Sünən”. Əbu Davud Sicistani (ö.275 hq), “əs-Sünən”. Məhəmməd ibn İsa Termizi (ö.279 hq), “əs-Sünən”. Əhməd ibn Əli ibn Şüəyb Nəsayi (ö.303 hq), “əs-Sünən”.

Hədisin müxtəlif növləri vardır ki, sənədindəki ravilərin sayı baxımından “vahid” və “mütəvatir”, ravilərin məzhəbi və sözünün etibarlılığı baxımından isə “səhih”, “həsən”, “müvəssəq” və “zəif” ola bilir.

Müsəlman alimləri hər hədisi qəbul etmirlər. Hədisi qəbul etmək və “höccət” saymaq üçün hədis ya mütəvatir olmalıdır, ya da “vahid”dirsə, insana hədisin məsum tərəfindən deyilməsinə elm və yəqinlik gətirən bəzi sifətlərə malik olmalıdır.

Yəqinlik və elm sifətlərinə malik olmayan “vahid” xəbərin qəbul edilməsi və ya edilməməsi barədə şiə və sünni alimlərinin müxtəlif görüşləri var. Bəziləri deyirlər ki, etibarlı (siqə) ravinin nəql etdiyi “vahid” xəbər qəbul edilə bilər.

Hədislərin etibarlılığını araşdırmaq və dəyərləndirmək, hədisləri anlamaq və hədisləri kateqoriyalara ayırmaq üçün uzun illər boyunca müxtəlif elmlər vüduca gəlib: Rical, Dirayətul-Hədis, Fiqhul-Hədis, Tarixul-Hədis, Ğəribul-Hədis, Fəhmul-Hədis.

Hədis təkcə bu sahədə deyil, digər elmi və ictimai sahələrdə də mühüm təsirə malikdir. Bu sahələrdən biri də ədəbiyyat və incəsənətdir. Hədis şairlərin şeirlərində, dastanlarda və rəssamlıq və xəttatlıq kimi incəsənət əsələrində öz izini buraxmışdır.

Hədisin tərifi

Bütün müsəlman alimlərin fikrincə Həzrət Məhəmməd peyğəmbərin (s) və şiə alimlərin fikrincə isə həm Peyğəmbərin (s) və həm də xanım Fatimeyi-Zəhranın (s) və on iki məsum imamın (ə)[1] söz, sirə, sünnə və təqririni nəql edən mətnə hədis deyilir.[2] Müsəlman alimlərin dini sahədə qələmə aldıqları kitablara nəzərə salsaq hədisə sinonim olaraq “xəbər”,[3] “rəvayət”,[4] “əsər”[5] və “nəbə” də deyildiyini görərik.

Hədisin əhəmiyyəti

Müasir müsəlman mütəfəkkir və İslami elmlər ustadı Ayətullah Əbdülhadi Fəzli (1314-1392 hş) yazır: Hədis Qurani-Kərimdən sonra şəriət məsələlərini öyrənmək üçün müsəlmanların ikinci əsas mənbəyidir. Bundan əlavə Qurani-Kərimdən daha genişdir və daha çox İslami təlimləri və şəriət məsələlərini ehtiva və əhatə edir. Buna görə də hədis elmlərini öyrənmək şəri məsələləri əldə etməyin və ictihadın müqəddiməsi sayılır.[6]

Hədis elmləri ustadı, araşdırmaçı yazar və bu sahədə bir neçə kitabın müəllifi Ustad Kazim Müdir Şanəçi (ö.1381 hş) “Elmul-Hədis” kitabının müqəddiməsində yazır: İslam dünyasında vücuda gələn bütün elmlər hədisə söykənir və hədis olmasaydı, bu elmlər öz kamalına yetməzdi. Məsələn, “təfsir elmi” əvvəldə təkcə hədisdən ibarət idi, fiqhüsul elmləri həmişə hədislə birlikdə olublar, “kəlam” elmində və İslami firqələrin mübahisəsində həmişə hədis həlledici rol oynayıb və bir təfəkkürün doğru və yanlışığı barədə hədis qərar verib. Tarix və sirə də sənəd silsiləsi ilə nəql edilən rəvayətlərdən başqa bir şey olmayıb. Ədəbiyyatda da Peyğəmbərin (s) sözlərinə istinad edilib və şahid gətirilib.[7]

Hədisin yazılması, kitabət və tədvin

Hədis ilk başda şifahi öyrənilir və nəql edilərək yayılırdı. Sonradan yazılı hala gətirildi.[8] Hədis araşdırmaçıları hesab edirlər ki, Peyğəmbərin (s) və habelə Əhli-Beyt (ə) imamlarının hədis irsinin qorunub saxlanılmasında hədisi yazmağın böyük rolu olub.[9] Müasir əhli-sünnə hədis araşdırmaçısı Nurəddin İtr yazır: Hədisin tədvin və təsnif edilməsi bu mirasın qorunması və sonrakı nəsillərə ötürülməsində əh mühüm vasitə olmuşdur.[10]

Əhli-Beyt (ə) məktəbində hədisin şifahi nəqli və yazılması Peyğəmbərin (s) sirə və sünnəsinə uyğun olaraq İmam Əlinin (ə) və sonrakı məsum imamların özlərinin və yaxın səhabələrinin vasitəsi ilə davam etdirilib. Şiə imamları (ə) hədisin nəqlini və yazılmasını daima sifariş və tövsiyə ediblər.[11] Buna görə də şiələr İmam Əlinin (ə) zamanından İmam Həsən Əskərinin (ə) imamətinin sonunadək 6600 hədis nüsxəsi yazıblar.[12]

Bundan əlavə şiə alimləri və fəqihləri həmişə hədis irsinin qorunmasına xüsusi diqqət göstəriblər. Hətta görkəmli şiə fəqihi Şəhid Sani (911-965 hq) onun dövründə dini kitabların kifayət qədərində olmadığını önə çəkərək hədis kitabları yazmağı vacib etmişdi.[13]

Hədisin tarixi

Kutub-ərbəədən olan "Əl-İstibsar" hədis kitabı, Müəllif: Şeyx Tusi

Hədis qadağası

Əsas məqalə: Hədisin qadağan olunması

“Hədis qadağası” və ya “Hədisin yazılması qadağası” ifadəsi hicrətin ilk əsrində Peyğəmbərin (s) sözlərinin nəql edilməsi və yazılmasına tətbiq edilən məhdudiyyət barədə işlədilən ifadədir.

Hədisin şifahi nəqlinə tətbiq edilən məhdudiyyət və hədisin yazılmasına qoyulan qadağa “şeyxeyn”in zamanından başlayıb.[14] Belə ki, bu iş birinci xəlifənin dövründə başlayır, ikinci xəlifənin dövründə rəsmiləşdirilir və Əməvi sülaləsinin səkkizinci xəlifəsi Ömər ibn Əbdüləzizin hakimiyyəti zamanınadək, yəni təqribən 100 il davam edir. Hicrətin 99-cu ilində hakimiyyətə gələn Ömər ibn Əbdüləziz cəmiyyətin sünnəni unutduğunu görüncə və şəriət elminin məhv olacağından qorxaraq Mədinənin hakimi Əbu Bəkr ibn Həzm Ənsariyə (ö.120 hq) məktub yazaraq Peyğəmbərin (s) hədislərinin bir yerə toplanaraq yazılmasını və rəvayət edilməsini istədi.[15] Sünni alimləri deyirlər: hədislərin Quranla qarışması ehtimalı,[16] müsəlmanların ixtilafının qarşısını almaq[17] və müsəlmanların Qurandan başqa məsələlərə daha çox məşğul olması qorxusu[18] və sair bu kimi məsələlər hədisin yazılmasına qoyulan qadağaya səbəb olmuşdur. Bu fikrin qarşısında dayanan şiə araşdırmaçıları isə deyirlər ki, hədis qadağasının ən əsas və başlıca səbəbi Peyğəmbərin (s) Əhli-Beyt (ə), xüsusi ilə də İmam Əlinin (ə) fəzilətləri barədə söylədiyi hədislərin yayılmasının qarşısını almaq olmuşdur.[19] Müsəlman alimlərin fikrincə hədisin yazılmasının qadağan edilməsinin bir çox mənfi nəticələri olub ki, bunlardan qondarma hədislərin yayılması, hədis saxtakarlığı,[20] ilkin hədis mətnlərin məhvi,[21] müxtəlif əqidəvi cərəyan və təriqətlərin yaranmasına[22] və sünnənin dəyişdirilməsinə[23] işarə etmək olar.

Şiədə hədisin yazılma tarixi

Kutub-ərbəədən olan "Mən la yəhzuruhul-fəqih" hədis kitabı. Müəllif: Şeyx Səduq

Şiə hədis araşdırmaçılarına görə, hədis tarixinin çox enişli və yoxuşlu yolları olub. Hədis tarixində baş verən dəyişiklikləri nəzərə alaraq hədis tarixini aşağıda dövrlərə bölmək olar:

  1. Peyğəmbərin (s) həyatda olduğu dövr ki, bu dövrə “nübuvvət” dövrü deyə bilərik. Bu dövrdə səhabələr hədisi Peyğəmbərdən (s) eşidir, əzbərləyir və digərlərinə şifahi şəkildə çatdırır, yəni nəql və rəvayət edirdi. Bəzi səhabələrin də kiçik hədis nüsxələri var idi və hədisi yazırdılar.
  2. Məsum imamların (ə) həyatda olduğu dövr ki, bu dövrə “imamət” dövrü və ya “hüzur” dövrü deyə bilərik. Bu dövrdə imamların (ə) tövsiyələri əsasında şiələr hədisi həm şifahi nəql edir, həm hədis nüsxələri yazırdılar və həm də hədislər müxtəlif nəsnifat əsasında fəsllərə ayrılmış formada kitablarda yazılırdı.
  3. Mühəddis və hədis məcmuələrinin yazıldığı dövr ki, bu dövrü “qeybət dövrünün hədis fəaliyyətləri” adlandıra və ya “ilk üç böyük mühəddisin dövrü” də deyə bilərik.[24]

Ümumilikdə isə bu üç dövrə “mütəqəddimlər”in dövrü deyilir.[25] Bu dövrdə Şeyx Kuleyni (ö.329 hq), Şeyx Səduq (306-381 hq) və Şeyx Tusi (385-460 hq) kimi böyük mühəddislər şiənin ilk dörd böyük hədis məcmuəsini yazdılar.

“Mütəəxxirlər”in dövrü:

Kutub-ərbəədən olan "Təhzibul-əhkam" hədis kitabı

Bu dövr 6-cı hicri əsrinn əvvəlindən başlayır və 12-ci əsrin sonundək davam edir. Bu dövrdə kamilləşdirici hədis məcmuləri yazıldı. Öncə yazılan hədis və hədis elmi kitabları təhlil və tənqid edildi, təsnifata bölünüdü, dərəcələndirildi və kamilləşdirildi.

İmamət” və ya “hüzur” dövrü özü də üç əsas hissəyə bölünür:

İmam Əlidən (ə) İmam Zeynülabidinin (ə) həyatının sonundək:

Bu dövrə şiələr əleyhinə təzyiq siyasətləri, hədis qadağası və təqiyyə məsələsi kimi hadisələr öz mənfi təsirini qoymuşdur və buna görə də şiə hədis maarifi bu dövrdə elə də yayğın olmayıb.[26] Buna baxmayaraq İmam Əlinin (ə)İmam Səccadın (ə) özünün və şagirdlərinin hədis fəaliyyətlərindən bir sırası günümüzə gəlib çatıb. Bunlardan “Kitabu Əliyyin”[27] ki, şiələrin ilk hədis kitabı hesab edilir,[28]əl-Cameə”, “Səhifətu Əliyyin”, “Xutəbu Əmirilmöminin”,[29] “Səhifətus-Səccadiyyə”,[30] “Risalətul-Huquq” və sair kimi kitablara işarə etmək olar. Sonradan İmam Əlinin (ə) xütbələrini Seyyid Rəzi hicrətin 4-cü əsrində Nəhcül-Bəlağədə bir yerə toplayıb.

İmam Məhəmmədbaqir (ə) və İmam Cəfər Sadiqin (ə) dövrü:

Bu dövr şiə hədis irsinin və ümumiyyətlə Əhli-Beyt İslam Maarifinin çiçəkləndiyi bir dövrdür.[31] Bu dövrdə imamların (ə) şagirdləri müxtəlif elmi sahələrdə kitablar yazdılar. Bu dövrdə həm hədisin yazılmasına qoyulan qadağa ləğv edilmişdi, həm də siyasi baxımdan nisbətən sakit idi və imamlar (ə) təqiyyə etməyə çox da lüzum görmürdülər. Buna görə də ümumi elm məclisləri və tədris kürsüləri təşkil edirdilər, münazirə və görüşlər olurdu, fiqh və hədisin xüsusi tədrisi keçirilirdi.[32] Bu dövrün ən mühüm nailiyyətlərindən biri də imamların (ə) səhabələri tərəfindən yazılan və sonrakı dövrlərdə hədis toplularının əsas mənbəyi olan “400 əsl” (usulul-ərəbəə-miə) adlanan hədis nüsxələrinin yazılması idi.[33] “Əsl” o hədis nüsxəsinə deyilirdi ki, onu ya imam (ə) özü yazıb, ya da imamın (ə) birbaşa imlası ilə səhabə yazıb və ya təkcə bir vasitə ilə imamdan (ə) eşidən müəllif yazıb.[34]

İmam Kazimdən (ə) “kiçik qeybət”in sonuna qədər olan dövr:

Bu dövrdə Abbasi xəlifələri yenidən şiə imamlarına (ə) və şiələrə qarşı təzyiq və təqib siyasəti yürüdürdülər.[35] Şiələrin imamlarla (ə) əlaqəsi kəskin şəkildə azalmışdı. Buna görə də əvvəlki dövrə nisbətən bu dövrdə daha az hədis yazıldı.[36] Bu dövrdə əvvəlki dövrdə yazılmış hədis kitablarının mövzular əsasında tənzimi və təsnifi həyata keçirildi və daha geniş kitablar yazıldı.[37]

Böyük hədis toplularının yazıldığı dövr:

Bu dövrdə elmi mərkəzlərdə müxtəlif məzhəblərin alimləri tərəfindən hədis dərsi kürsüləri təşkil edilirdi, hədis şeyxləri hədis imla edirdilər. Digər tərəfdən də məsum imam (ə) qeybdə olduğu üçün müsəlmanların dini maariflənməyə və şəri məsələlərə olan ehtiyacı təmin edilməli idi. Buna görə də hədis sahəsində daha geniş kitabların yazılmasına ehtiyac duyulurdu. Bunu nəzərə alan hədis alimləri müxtəlif tək mövzularda kitablar və həmçinin bütün mövzuları əhatə edən hədis məcmuələri yazmağa başladılar. Bu dövrdə Şeyx Kuleyni “əl-Kafi”, Şeyx Səduq “əl-Fəqih”, “ət-Tövhid”, “Kəmaluddin”, Şeyx Tusi “əl-Əmali”, “əl-Ğeybə”, “ət-Təhzib” və “əl-İstibsar” kimi müxtəlif dini mövzuları ehtiva edən kitabları yazıb ictimaiyyətə təqdim etdilər.[38] Beləliklə şiənin ən mühüm hədis topluları olan “kutubu ərbəə” (dörd kitab) bu dövrdə yazıldı:[39] Şeyx Kuleyni (ö.329 hq), “əl-Kafi”; Şeyx Səduq (305-381 hq), “Mən La Yəhzuruhul-Fəqih”; Şeyx Tusi (385-460 hq), “Təhzibul-Əhkam” və “əl-İstibsar”.[40]

Mütəəxxirlərin (sonuncuların) dövrü

Bu dövr hicrətin altıncı əsrindən başlayıb və hicrətin 12-ci əsrinin sonunadək davam edib. Bu dövrün başlanğıcında hədis məcmuələri yazılmasa da müxtəlif tək mövzuları əhatə edən və ətraflı araşdıran kitablar təlif edildi. Hicrətin 11-ci və 12-ci əsrlərində isə yenidən daha böyük hədis topluları yazıldı ki, onların ən məşhurları və mühümləri aşağıdakılardır: Molla Möhsün Məhəmməd ibn Mürtəza Feyz Kaşani (1007-1091 hq), “əl-Vafi”; Əllamə Məhəmmədbaqir ibn Məhəmmədtəqi Məclisi (1037-1110 hq), “Biharul-Ənvar”; Şeyx Məhəmməd ibn Həsən Hürr Amuli (1033-1104 hq), “Vəsailuş-Şiə”.[41]

Müasir dövr:

On üçüncü hicri əsrindən bu günədək davam edən müasir dövrdə həm tək mövzularda qiymətli əsərlər yazılmış və həm də hədis məcumuələri yazılması baxımından çox əhəmiyyətli işlər görülmüşdür. Bu dövrdə yazılmış kitabların bəziləri ibarətdirlər: Mustədrəkul-Vəsail, Səfinətul-Bihar, Əvalimul-Ulum, Cameu Əhadisuş-Şiə, Mizanul-Hikmət, Asarus-Sadiqin, əl-Həyat.

Əhli-Sünnədə hədisin yazılması tarixi

Araşdırmaçılar əhli-sünnənin hədis tarixi üç əsas hissəyə bölürlər:

  1. Hədislərin toplanılması mərhələsi: Bu mərhələ hicrətin ikinci əsrinin yarısından başlayır. Əhli-Sünnə hədis alimləri bu dövrdə Peyğəmbərin (ə) hədislərini, səhabətabeinlərin fətvalarını bir yerə topladılar. Malik ibn Ənəsin “əl-Müvəttə” kitabı bu dövrdə yazıldı.[42]
  2. Müsnədlərin yazılması mərhələsi: Hicrətin ikinci əsrinin sonlarından başlayan bu mərhələdə təkcə Peyğəmbərə (s) istinad edilən “müsdən” adlı əsərlər əhli-sünnə alimləri tərəfindən yazılmağa başladı.[43] Əhli-Sünnənin məzhəbi imamı Əhməd ibn Hənbəlin yazdığı “əl-Musnəd” hədis toplusu bu dövrün ən mühüm kitablarından biridir.[44]
  3. Səhih və sünən adlı əsərlərin yazılması mərhələsi: “Səhih” o kitaba deyilir ki, müəllif o kitabda istinadı Peyğəmbərə (s) səhih olan hədisləri toplamağa çalışmışdır.[45] Bu sahədə yazılan ilk kitab Məhəmməd ibn İsmayil Buxarinin (194-256 hq) qələmə aldığı “əl-Cameus-səhih” əsəridir. Bu dövrün əh mühüm kitabları Buxarinin və Müslim ibn Həccacın yazdığı “Buxarini səhihi” və “Müslimin səhihi” hədis toplularıdır.[46]

Hədisin növləri və höccət olması

Hədisləri onların höccət olması və etibarlılığı baxımından müxtəlif növlərə bölürlər. Bəzi bölgülər ravilərin sayına görədir. Məsələn “vahid xəbər” və “mütəvatir hədis” kimi ifadələr. “Vahid xəbər” o hədisə deyilir ki, ravilərin sayı o qədər deyil ki, insanın məsuma istinad edilən mətnin məsum tərəfindən deyilməsinə yəqin edə bilsin.[47] Bunun qarşısında isə “mütəvatir xəbər” dayanır. Yəni ravilərin sayı o qədər çoxdur ki, insan hədisin məsum tərəfindən deyildiyinə yəqin edir.[48]

“Vahid xəbər”in özünün də müxtəlif bölgüləri var.[49]Vahid xəbər” ravilərinin xüsusiyyətlərinə görə dörd əsas hissəyə bölünür: Səhih, Həsən, Muvəssəq və Zəif.[50]

Başqa bir bölgüdə “vahid xəbər”i yəqini və zənni olması baxımından iki yerə bölürlər: Özündə bir sıra sifət və əlamətləri daşıyan xəbər ki, onların vasitəsi ilə insan o hədisin imamdan (ə) olmasına yəqin edir və belə bir xüsusiyyətə sahib olan “vahid xəbər”.[51]“Vahid xəbəri”n yəqini olmasına dəlalət edən bəzi xüsusiyyət və sifətlər: Ağıla uyğunluğu, Qurana uyğunluğu, müsəlmanların və məzhəbin icmasına uyğunluğu.[52]

Mütəvatir xəbər” də iki növdür: Ləfzi (sözbəsöz) və mənəvi (məna və məzmunca) “Ləfzi mütəvatir” o xəbərdir ki, onun məzmunu eyni söz və eyni cümlə tərkibi ilə müxtəlif ravilər tərəfindən nəql edilib. “Mən kuntu məvlahu fə haza əliyyun məvlahu” kimi hədislər “ləfz” və “məna” baxımından mütəvatir hədisdir.[53]

“Mənəvi mütəvatir”, yəni məna və məzmun baxımından mütəvatir hədis o hədislərə deyilir ki, çox sayda ravilər müştərək bir məzmun və mənanı müxtəlif ibarətlər və sözlər ilə rəvayət ediblər. Məsələn, Həzrət İmam Mehdinin (ə.f) zühuruna dəlalət edən hədislərin sayının həddən çox olmasına baxmayaraq heç biri “ləfz” və “cümlə tərkibi”nin eyniliyi baxımından mütəvatir hədis həddinə çatmayıb. Amma İmam Mehdi (ə.f) və zühurla bağlı rəvayət edilən çoxsaylı hədislərin məzmunca və məna baxımından bir müştərək nöqtəsi var, o da Həzrət Mehdinin (ə.f) zühurudur.[54] Buna görə qətiyyətlə deyirik ki, Həzrət Mehdi (ə.f) zühur edəcək, amma zühurun təfərrüatı və cüziyyatı barədə deyilənlərin hamısı barədə tam əminlik və qətiyyətlə danışa bilmərik.

Hansı hədislər etibarlı sayılır?

Hədisin mötəbər olması və höccət sayılması məsələsi daha çox “Üsulul-Fiqh” elmində müzakirə edilən bir məsələdir.[55]Üsulul-Fiqh” elminin alimləri mütəvatir hədisin mötəbər və höccət olmasını yekdilliklə qəbul edirlər və bu barədə ixtilafları yoxdur.[56] Həmçinin insana elm və yəqin gətirən əlamət və sifətlərə malik olan “vahid xəbər”in də höccət olmasını qəbul edirlər.[57] Amma elm və yəqin gətirən əlamət və sifətlərə malik olmayan “vahid xəbər”in mötəbər və höccət olması barədə alimlər arasında ciddi fikir ayrılığı var.[58]

Bəzi fəqihlər belə bir hədisi ümumiyyətlə etibarsız sayır və höccət bilmirlər,[59] çoxları isə “vahid xəbər”i ümumi şəkildə höccət bilirlər,[60] amma onun qəbulu üçün müxtəlif meyarlar irəli sürürlər və bu meyarlar barədə də bir-birləri ilə fikir ayrılıqları var.[61]

Əlbəttə bəzi “əxbari” alimlərinə nisbət verirlər ki, onlar şiə alimlərinin etibarlı hədis kitablarında rəvayət edilən bütün “vahid xəbər”ləri höccət hesab edilər.[62] “Vahid xəbər”i xüsusi meyarlar əsasında qəbul edən fəqihlərin bəzilərinin şərti budur ki, hədis məşhur fəqihlərin fətvası ilə müxalif olmasın,[63] bəziləri şərt edirlər ki, hədisin ravilərinin hamısı “ədalətli” (on iki imamçı şiə məzhəbindən olan düzdanışan ravi) olsun.[64] Araşdırmaçıların fikrincə fəqihlərin çoxunun şərti budur ki, sənəd silsiləsində adı keçən ravilərin hamısı “siqə” (düzdanışan) olarsa, “vahid xəbər”i qəbul etmək və höccət saymaq olar.[65]

Əhli-Sünnənin “vahid xəbər” barədə görüşü

Məşhur sünni fəqihlərindən olan Şövkani (ö.1250 hq) yazır ki, əhli-sünnə alimləri mütəvatir hədisin etibarlı olması barədə ixtilaf etməyiblər və mütəvatir hədisin höccət olmasını yekdilliklə qəbul edirlər.[66] Amma “səhih vahid xəbər”in höccət olması barədə[67] ixtilaf ediblər. Alimlərin çoxu, o cümlədən fiqhi məzhəblərdən birinin başçısı Əhməd ibn Hənbəl[68] “səhih vahid xəbər”in mötəbərliyini qəbul edirlər.[69] Nəzzam kimi bəzi alimlər isə vahid xəbərin səhihliyinə və doğruluğuna yəqinlik gətirən əlamət və sifətlər olmadan onu höccət və etibarlı saymırlar.[70]

İsnad

Bir hədisin ravilər silsiləsinin məsuma (ə) qədər kəsilmədən, tam və kamil şəkildə zikr edilməsinə “isnad” deyilir [71]və belə bir hədis “müsnəd” adlanır. Hədisin sənədinin kamil və tamam şəkildə qeyd edilməsi buna görə lazımlıdır ki, sənəd ya isnad hədisin səhih və etibarlı olmasını əldə etməyin yollarından biri və birincisidir.[72] Buna görə də məsumlar (ə)əhli-sünnə alimləri həmişə hədislərin sənədlə rəvayət edilməsini təkidlə tövsiyə ediblər.[73]

Hədis saxtakarlığı

Əsas məqalə: Hədis saxtakarlığı

Hədis saxtakarlığı budur ki, kimsə bir mətni düzəltsin və onu məsuma (ə) nisbət versin.[74] Hansısa düzəltmə mətni məsuma (ə) nisbət, sermək “cə`lul-hədis” və həmin mətn “hədisul-movzu” (saxta və düzəltmə hədis) adlanır.[75]

Deyiblər ki, hədis saxtakarlığı daha çox etiqadi, əxlaqi, tarixi, tibbi, dua və fəzilət mövzularında baş verib.[76]

Hədisdə saxtakarlıq bəzən bütöv bir mətn formasında, bəzən mətnə bir neçə söz və ifadə əlavə etmək və bəzən də cümlədə ifadələrin yerini dəyişməklə baş verib.[77]

Məsələn, deyirlər ki, Abbasilər sülaləsinin ikinci xəlifəsi Mənsur Dəvaniqi öz hakimiyyətini legitimləşdirmək və həmçinin sonradan oğluna ötürmək hədəfi ilə İmam Zaman (ə.f) barədə Peyğəmbərdən (s) nəql edilən hədisə özünü də əlavə etməyə çalışıb. Hədisdə Həzrət Peyğəmbərə (s) nisbət verilərək deyilir ki, “Allah-Taala mənim Əhli-Beytimdən (ə) bir kişini (yer üzünə hakimiyyət etmək üçün) seçəcəkdir ki, adı mənim adımdır”.[78] Mənsur Dəvaniqi hədisin ona da aid olması təsəvvürünü yaratmaq üçün hədisə “adı mənim adım, atasının adı atamın adı olan...” cümləsini əlavə edərək nəql edir. Çünki Mənsurun atasının adı Abdullah idi.[79]

Bəzi hədis araşdırmaçılarının fikrincə uydurma hədislərin yaranması tarixi elə Peyğəmbərin (s) öz zamanından başlayır.[80] Çünki çoxlu sənədlə Həzrət Peyğəmbərə (s) istinad olunan bir hədisdə O həzrət (s) onun adına yalan danışanların çoxaldığını və onların yerinin cəhənnəm atəşi olacağı xəbərdarlığını edib. Bundan əlavə Peyğəmbərin (s) həyatı zamanı O həzrətin (s) adına deyilən yalan nümunələri də tarix kitablarında və hədis ədəbiyyatında mövcuddur. Hədislərdən birində İmam Əli (ə) də Peyğəmbərin (s) adına hələ O həzrət (s) sağ ikən yalan danışıldığına işarə etmişdir.[81]

Bəzi Əhli-Sünnə araşdırmaçıları isə bu fikirdədirlər ki, Peyğəmbərin (s) və ilk dörd raşidi xəlifənin dövründə hədis saxtakarlığı baş verməyib. Hədis saxtakarlığı Həzrət İmam Əlinin (ə) şəhadətindən sonra müxtəlif firqələrin yaranması səbəbi ilə başlayıb. Bu dövrdə vücuda gələn bəzi firqələr öz inanc və əqidələrinin isbatı üçün Quran və sünnəyə istinad edirdilər. Əqidələrini təbliğ etmək üçün Quransünnədən bir dəlil tapmadıqda hədisləri təhrif edir və ya hədis uydururdular.

Bəziləri də deyirlər ki, hədis saxtakarlığı Müaviyə ibn Əbu Süfyanın dövrünə geniş yayılmağa başlayıb.[82] Hicri-Qəməri tarixi ilə yeddinci əsrdə yaşamış məşhur sünni alimi və Nəhcül-Bəlağənin şərhçisi İbn Əbil Hədid Mötəzili deyir ki, Müaviyənin adamları onun maddi dəstəyi ilə 3-cü xəlifə Osman ibn Əffanın fəziləti barədə hədis düzəldir və yayırdılar. Onlar təkcə buna qane olmur digər tərəfdən də Əhli-Beyti (ə), xüsusi ilə də İmam Əlini (ə) pisləyən hədislər qondarır[83]Peyğəmbərə (s) nisbət verirdilər.

Məşhur hədis “cəvame” və “came”ləri

Kutub-ərbəədən olan "Əl-Kafi" hədis kitabı. Müəllif: Şeyx Kuleyni

Bütün dini mövzuları, o cümlədən əqidə, əhkam, sirə, sünnə və təfsir, ehtiva və əhatə edən hədis toplularına “came-ul-əhadis” (hədislər toplusu) deyilir.[84] Başqa bir tərifə görə isə, bütün dini mövzuları və ya dini mövzuların çoxunu və həmçinin bir xüsusi mövzunun bütün məsələlərini ehtiva və əhatə edən kitaba “came” ya “cəvame” deyilir.[85]

Şiə məzhəbinin ən məşhur “came” və “cəvame” adlanan hədis topluları aşağıdakılardır: Şeyx Kuleyni (ö.329 hq), “əl-Kafi”; Şeyx Səduq (305-381 hq), “Mən La Yəhzuruhul-Fəqih”; Şeyx Tusi (385-460 hq), “Təhzibul-Əhkam” və “əl-İstibsar”.[86] Molla Möhsün Məhəmməd ibn Mürtəza Feyz Kaşani (1007-1091 hq), “əl-Vafi”; Əllamə Məhəmmədbaqir ibn Məhəmmədtəqi Məclisi (1037-1110 hq), “Biharul-Ənvar”; Şeyx Məhəmməd ibn Həsən Hürr Amuli (1033-1104 hq), “Vəsailuş-Şiə”.[87] Mirza Hüseyn Nuri, “Mustədrəkul-Vəsail”. Məhəmməd Reyşəhri, “Mizanul-Hikmət”. Ayətullah Brucerdi, “Cameul-əhadisiş-şiə”. Məhəmmədrza Həkimi, “əl-Həyat”. Sadiq Ehsanbəxş, “Asarus-Sadiqin”.[88]

Əhli-Sünnədə hədis 100 il qadağadan sonra hicrətin ikinci əsrinin ilk yarısından yazılmağa başladı və müxtəlif mövzularda hədis kitabları tədvin və təsnif edildi. Ən məşhurları ibarətdir: Malik ibn Ənəs, “əl-Müvəttə”. Əhməd ibn Hənbəl, “əl-Müsnəd”. Məhəmməd ibn İsmail Buxari (194-256 hq), “əl-Cameus-Səhih”. Müslim ibn Həccac Nişapuri (204-261 hq), “əl-Cameus-Səhih”. İbn Macə, Məhəmməd ibn Yəzid Qəzvini (ö.273 hq), “əs-Sünən”. Əbu Davud Sicistani (ö.275 hq), “əs-Sünən”. Məhəmməd ibn İsa Termizi (ö.279 hq), “əs-Sünən”. Əhməd ibn Əli ibn Şüəyb Nəsayi (ö.303 hq), “əs-Sünən”.[89]

Hədis elmləri

İslam tarixinin ilk əsrlərindən hədis barədə müxtəlif elmlər yarandı ki, bu elmlər hədisi müxtəlif cəhətlər, o cümlədən sənəd və mətn baxımından təhlil edir və araşdırır.[90] Bu elmlərdən bəziləri aşağıdakılardan ibarətdir:

  • Rical elmi: sənəd silsiləsindəki raviləri ədalətiman baxımından tanıdır ki, bunun da hədisin mətnini qəbul etmək və ya etməməkdə əhəmiyyətli təsiri vardır.[91]
  • Dirayətul-Hədis (Mustələhul-Hədis): hədisin sənəd və mətn barəsində olan terminləri, hədisin növlərini, hədisin öyrənilməsi və ötürülməsi yollarını araşdırır və öyrədir.[92]
  • Muxtələful-Hədis: bu elm bir-biri ilə eyni mövzu və məsələ barədə təarüzdə və ziddiyyətdə olan hədisləri, hədislərin bir-birinə tərcih yollarını və ziddiyyətinin həllini öyrədir.[93]
  • Nasix və mənsux: bu elm bir-biri ilə eyni mövzu və məsələ barədə təarüzdə və ziddiyyətdə olan hədisləri ki, onların ziddiyyətini heç bir qayda ilə həll etmək olmur, müzakirə edir. Bu halda bu elm hədislərin yaranma tarixini əldə edir və məsum tərəfindən daha öncə deyilmiş hədisi mənsux və sonra deyilmiş hədisi isə nasix adlandırır.[94]
  • Fiqhul-Hədis: bu elm hədislərin mətnində olan probelmləri tapır, çətin lüğətləri izah edir, mətnin dərki üçün müəyyən edilmiş qayda və əsaslardan bəhs edir.[95]

Hədisin ədəbiyyat və incəsənətə təsiri

Qulam Hüseyn Əmirxani tərəfindən yazılmış "Ənə Mədinətul-elm" hədisinin xəttatlıq fraqmenti

Hədis çox qədimdən bir çox sahələrə öz təsirini göstərmiş və bir çox elmlərin vücuda gəlməsində təsirli rola malik olmuşdur. Hədisin əhəmiyyətli rola malik olduğu sahələrdən biri də müsəlman dünyasının ədəbiyyat və incəsənət sahəsidir. Hədis şairlərin şeirlərində, dastanlarda və rəssamlıq və xəttatlıq kimi incəsənət əsələrində öz dərin təsirini və qalıcı izini buraxmışdır.

Peyğəmbər (s)məsum imamlarımızın (ə) hədisləri Ərəb, Fars və Türk dilində yazılmış ədəbi əsərləri, şeir və dastanları və incəsənət əsərlərini zənginləşdirib və məna çalarlarını rəngarəng etmişdir. Həm qədimdə və müasir dövrdə çox az müsəlman şairi tapılar ki, öz əsərlərində Quran və hədis maarifindən istifadə etməmiş olsun. Quran və hədisin istifadə olunduğu ədəbi əsərlər məna dərinliyi və öyrədiciliyi baxımından ən gözəl əsərlərdirlər. Hətta Quran və hədis maarifi şeiriyyat və ədəbiyyatımıza elə qarışıb ki, Quran və hədisi bilmədən həmin ədəbi əsərləri dərk etmək də çətindir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Seyid Əzim Şirvani, Molla Ələkbər Sabir, Raci, Qumru, Xurşidbanu Natəvan, Hafiz, Sənayi, Xəyyam, Əttar, Mövləvi, Səədi və onlarla digər ədəbiyyyat nəhənglərinin bir çox əsərlərini Quran və hədisə müraciət etmədən təhlil və dərk etmək mümkün deyil.[96]

İncəsənət əsərlərində hədis

Kiçik şəkil yaratma xətası:
Ühüd döyüşündən bir səhnənin təsvir olunduğu Həsən Ruhul-Əminin "La Fəta illa Əli" hədis tablosu.

Qədimdən heykəltaraşlar, hüsnxətt ustadları və xəttatlar məşhur hədislərdən incəsənət əsərləri yaratmış və ya əsərlərində hədislərdən istifadə etmişlər. Məsələn, Həsən Ruhuləmin 1396-cı şəmsi ilində “La fəta illa Əli” (Əlidən başqa igid yoxdur” hədisindən rəsm əsəri yaradıb. Xristian yazar Corc Cordaq deyor: Mən məsihi ailəsində böyümüşəm. Atam heykəltaraş və daşyonan idi. Evimizin giriş qapısının yuxarısına bir daş asmışdı ki, onun üzərinə “Əlidən başqa igid və zülfəqardan başqa qılınc yoxdur” yazılmışdı.[97]

Hüsnxətt və xəttatlıq ustadı Qulamhüseyn Əmirxani “mən elmin şəhəriyəm” hədisini nəstəliq xətti ilə kitabət etmişdir.[98]

İstinadlar

  1. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.20
  2. Sübhani, Usulul-hədis, s.19
  3. Məhdəvirad, Tədvine hədis, s.39-40; Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.20
  4. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.20
  5. Məhdəvirad, Tədvine hədis, s.43-44
  6. Fəzli, Usulul-hədis, h.q 1420, s.14
  7. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.1-2
  8. Fəzli, Usulul-hədis, h.q 1420, s.14
  9. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.74
  10. İtr, Mənhəcun-nəqdi fi ulumil-hədis, h.q 1418, s.39-40
  11. Kuleyni, Kafi, h.q 1407, c.1, s.52, hədis 8, 9, 10; İbn Şəbe, Tuhəful-uqul, h.q 1404, s.36
  12. Əmin, Əyanuş-şiə, h.q 1403, c.1, s.140
  13. Şəhid Sani, Munyətul-murid, h.q 1409, s.339
  14. Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.10, s.285; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.204
  15. Buxari, Səhih-Buxari, h.q 1401, c.1, s.33
  16. Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.10, s.291-292, hədis 29474
  17. Zəhəbi, Təzkirətul-huffaz, h.q 1419, c.1, s.9
  18. Ğəzzali, Ehyaul-ulum, c.10, s.79
  19. Şəhristani, Mənu tədvinil-hədis, h.q 1430\m.2009, s.67
  20. Hüseyni, Peyamədhaye məne nəqle hədis, s.62
  21. Sübhani, Fərhənge əqaid və məzahibe İslami, h.ş 1378, c.1, s.91; Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.10, s.285
  22. Hüseyni, Peyamədhaye məne nəqle hədis, s.68
  23. Hüseyni, Peyamədhaye məne nəqle hədis, s.67
  24. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.202
  25. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.202
  26. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.207-209
  27. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.213
  28. Fəzli, Usulul-hədis, h.q 1420, s.46
  29. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.216-217
  30. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.221
  31. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.227
  32. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.228-234
  33. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.255
  34. Fəzli, Usulul-hədis, h.q 1420, s.47
  35. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.307
  36. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.310
  37. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.348-350
  38. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.355
  39. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.355
  40. Muəddəb, Tarixe hədis, h.ş 1388, s.86
  41. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.400-402
  42. Fəzli, Usulul-hədis, h.q 1420, s.43
  43. Fəzli, Usulul-hədis, h.q 1420, s.43
  44. Fəzli, Usulul-hədis, h.q 1420, s.43-44
  45. Fəzli, Usulul-hədis, h.q 1420, s.44
  46. Fəzli, Usulul-hədis, h.q 1420, s.44
  47. Fəzli, Usulul-hədis, h.q 1420, s.83
  48. Fəzli, Usulul-hədis, h.q 1420, s.72-73
  49. Şəhid Sani, Əl-Bidayə, h.q 1421, s.23-dən 39-a kimi
  50. Şəhid Sani, Əl-Bidayə, h.q 1421, s.23-24
  51. Fəzli, Usulul-hədis, h.q 1420, s.84-85
  52. Fəzli, Usulul-hədis, h.q 1420, s.84-85
  53. Sübhani, Usulul-hədis, s.35
  54. Fəzli, Usulul-hədis, h.q 1420, s.80
  55. Fəzli, Usulul-hədis, h.q 1420, s.81
  56. Fəzli, Usulul-hədis, h.q 1420, s.81-82; Nümunı üçün baxa bilərsiniz: Şeyx Ənsari, Fəraidul-usul, h.q 1428, c.1, s.238; Axund Xorasani, Kifayətul-əsər, h.q 1430, c.2, s.311
  57. Şeyx Ənsari, Fəraidul-usul, h.q 1428, c.1, s.238; Axund Xorasani, Kifayətul-əsər, h.q 1430, c.2, s.311; Müzəffər, Usulul-fiqh, h.q 1430, c.3, s.72
  58. Müzəffər, Usulul-fiqh, h.q 1430, c.3, s.72; Fəzli, Usulul-hədis, h.q 1420, s.88
  59. Cənnati, Mənabeye ictihad əz didqahe məzahibe İslami, h.ş 1370, s.105-106; Axund Xorasani, Kifayətul-əsər, h.q 1430, c.2, s.311-312
  60. Şeyx Ənsari, Fəraidul-usul, h.q 1428, c.1, s.237
  61. Şeyx Ənsari, Fəraidul-usul, h.q 1428, c.1, s.240-241
  62. Şeyx Ənsari, Fəraidul-usul, h.q 1428, c.1, s.240-241
  63. Şeyx Ənsari, Fəraidul-usul, h.q 1428, c.1, s.241
  64. Şeyx Ənsari, Fəraidul-usul, h.q 1428, c.1, s.241
  65. Fəzli, Usulul-hədis, h.q 1420, s.89-90
  66. Şəvkani, İrşadul-fuhul, h.q 1419\m. 1999, c.1, s.128
  67. Şəvkani, İrşadul-fuhul, h.q 1419\m. 1999, c.1, s.137
  68. Şəvkani, İrşadul-fuhul, h.q 1419\m. 1999, c.1, s.133
  69. Şəvkani, İrşadul-fuhul, h.q 1419\m. 1999, c.1, s.134
  70. Şəvkani, İrşadul-fuhul, h.q 1419\m. 1999, c.1, s.134-135
  71. Təbatəbai, Mustənədnevisi dər tarixe hədis, h.ş 1377, s.30-31
  72. Təbatəbai, Mustənədnevisi dər tarixe hədis, h.ş 1377, s.31
  73. Təbatəbai, Mustənədnevisi dər tarixe hədis, h.ş 1377, s.31-32
  74. Mamaqani, Miqbasul-hidayə, h.ş 1385, c.1, s.292; Şəhid Sani, Şərhul-bidayə, c.1, s.155
  75. Mamaqani, Miqbasul-hidayə, h.ş 1385, c.1, s.292; Şəhid Sani, Şərhul-bidayə, c.1, s.155
  76. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.163
  77. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.162-166
  78. Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.82
  79. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.165; Şüştəri, Əl-Əxbarud-dəxilə, h.q 1415, s.229
  80. Əhməd Əmin, Fəcrul-İslam, s.231
  81. Məruf Həsəni, Əl-Movzuatu fil-asari vəl-əxbar, h.q 1407, s.90-91
  82. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.60
  83. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.11, s.45
  84. Əl-Ğəvri, Mucəmul-mustələhatul-hədisiyyə, h.q 1428, s.274
  85. Təbatəbai, Mustənədnevisi dər tarixe hədis, h.ş 1377, s.45
  86. Muəddəb, Tarixe hədis, h.ş 1388, s.86
  87. Muəddəb, Tarixe hədis, h.ş 1388, s.129
  88. Muəddəb, Tarixe hədis, h.ş 1388, s.148-152
  89. Fəzli, Usulul-hədis, h.q 1420, s.44
  90. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.184-185
  91. Nəsiri, Hədisşenasi, h.ş 1382, c.2, s.111
  92. Nəsiri, Hədisşenasi, h.ş 1382, c.2, s.18
  93. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.190
  94. Məarif, Tarixe umumiye hədis, h.ş 1377, s.191
  95. Nəsiri, Hədisşenasi, h.ş 1382, c.2, s.214
  96. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.2-3
  97. «آن روز که یک مسیحی عاشق علی علیه السلام شد», hawzah.net saytı
  98. «خوشنویسی/أَنَا مَدِينَةُ الْعِلْمِ وَ عَلِيٌّ بَابُهَا», jahannews.com saytı

Ədəbiyyat

  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Təzkirətul-huffaz, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
  • Rəfii, Məhəmmədi, Dərsnameye vəze hədis, Qum, Mərkəze cəhaniye ulume İslami, h.ş 1384
  • Sübhani, Cəfər, Usulul-hədis, Beyrut
  • Şüştəri, Məhəmməd Təqi, Əl-Əxbarud-dəxilə, Tehran, Məktəbətus-Səduq, h.q 1415
  • Sübhani, Cəfər, Fərhənge əqaid və məzahibe İslami, h.ş 1378
  • Şəhristani, Seyyid Əli, Mənu tədvinil-hədis, Qum, 4-cü çap, h.q 1430\m.2009
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Munyətul-murid, Təhqiq: Seyyid Məhəmməd Rza Hüseyni Cəlali, 1-ci çap, h.q 1409
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Əl-Bidayə, h.q 1421
  • Şəvkani, Məhəmməd ibn Əli, İrşadul-fuhul, Dəməşq, Darul-kutubil-ərəbi, 1-ci çap, h.q 1419\m. 1999
  • Şeyx Ənsari, Fəraidul-usul, Qum, Məcməul-fikril-İslami, 9-cu çap, h.q 1428
  • Təbatəbai, Seyyid Kazim, Mustənədnevisi dər tarixe hədis, Qum, 1-ci çap, h.ş 1377
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: İbrahim, Məhəmməd Əbülfəzl, Darut-turas, 2-ci çap, h.q 1387
  • İtr, Nurəddin, Mənhəcun-nəqdi fi ulumil-hədis, Dəməşq, Darul-fikr, h.q 1418
  • Fəzli, Əbdül-Hadi, Usulul-hədis, Ummul-Qura müəssisəsi, 2-ci çap, h.q 1420
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Muəddəb, Rza, Tarixe hədis, Qum, Əl-Mustafa nəşri, 2-ci çap, h.ş 1388
  • Mamaqani, Abdullah, Miqbasul-hidayə, Qum, h.ş 1385
  • Müttəqi Hindi, Kənzul-ummal, Təhqiq: Bəkri Həyati, Ər-Risalə müəssisəsi, h.q 1401
  • Modir Şaneçi, Kazim, Elmul-hədis, Qum, Dəftəre enteşarate İslami, 16-cı çap, h.ş 1381
  • Modir Şaneçi, Kazim, Elmul-hədis, Qum, Dəftəre enteşarate İslami, h.ş 1378
  • Müzəffər, Məhəmməd Rza, Usulul-fiqh, Qum, 5-ci çap, h.q 1430
  • Məarif, Məcid, Tarixe umumiye hədis, Tehran, 1-ci çap, h.ş 1377
  • Məruf Həsəni, Haşim, Əl-Movzuatu fil-asari vəl-əxbar, h.q 1407, Beyrut
  • Məhdəvirad, Məhəmməd Əli, Tədvine hədis, h.ş 1375

Xarici keçid