Livan Hizbullahı

wikishia saytından
(Hizbullah (Livan) səhifəsindən yönləndirilmişdir)

Livan Hizbullahı (ərəbcə: حزب الله (لبنان)) 1982-ci ildə İran İslam Respublikasının dəstəyi ilə İsrailə qarşı mübarizə aparmaq üçün yaradılmış şiə siyasi və hərbi qrupudur. Bu partiya İsrailə qarşı fəaliyyətə şəhadət əməliyyatları ilə başlayıb. Daha sonra hərbi gücünü artıraraq, Katyuşa raketləri və partizan döyüşləri ilə İsraillə mübarizə aparmağa başladı.

Bu partiyanın baş katibi Seyyid Həsən Nəsrullahdır. Ondan əvvəl bu vəzifəni ardıcıl olaraq Sübhi Tüfeyli və Seyyid Abbas Musəvi tutmuşdu. İndiyədək Hizbullah və İsrail arasında bir neçə hərbi döyüş olub ki, 33 günlük müharibə də onlardan biridir. İsrail bu müharibəyə Hizbullahı tərksilah etmək və Hizbullahın “əl-Vədus-sadiq” adı daşıyan əməliyyatda əsir götürdüyü iki əsgərini azad etmək məqsədi ilə başladı.

Hizbullah Suriyada da bu ölkənin hökumətinə dəstək olaraq təkfirçi qüvvələrə qarşı döyüşüb. Bu partiyanın həm də mədəni, ictimai və siyasi fəaliyyəti var. Əl-Mənar telekanalı Hizbullaha məxsusdur.

Tarixi və yaranma səbəbləri

Livan Hizbullahı 1982-ci ildə İran İslam Respublikasının dəstəyi ilə yaradılıb.[1] Öncə bir neçə il gizli şəkildə sionist işğalına qarşı fəaliyyət göstərib. 11 noyabr 1984-cü ildə Əhməd Cəfər Qüseyr Livanın cənubunda İsrail əsgərlərinə qarşı şəhadət əməliyyatı keçirdi və onlardan bir neçəsi öldürüldü. 1985-ci il fevralın 16-da İsrail Saydadan (Sidon) geri çəkildiyi bir vaxtda Hizbullah Əhməd Cəfər Qüseyrin şəhadət əməliyyatının məsuliyyətini öz üzərinə götürdü və İsraillə mübarizəni əsas götürən ideologiyasını və strategiyasını rəsmən elan etdi.[2]

İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən olan Hüseyn Dehqanın sözlərinə görə, şəmsi 1361-ci ildə İran və İraq müharibəsində Qüds əməliyyatından sonra İsrail Livana hücum etdi. Bir qrup Sepah komandiri Livan qüvvələrini İsraillə mübarizəyə hazırlamaq üçün Livana göndərildi. Onlar hərbi təlimlə yanaşı İrana bağlı qruplar arasında birlik yaratmaq üçün də çalışdılar və bu da sonda Hizbullahın yaranmasına gətirib çıxardı.[3] Hizbullahın baş katibinin müavini Nəim Qasimin sözlərinə görə, İmam Xomeyni bu qrupları livanlılara hərbi təlim keçmək üçün göndərib. Əlbəttə, bundan əvvəl Əməl hərəkatı, Hizbud-Dəvət təşkilatı, Biqa alimləri icması və İslam komitələri İsrail işğalına qarşı vahid partiya yaratmaq barədə razılığa gəlmişdilər və bu layihə İmam Xomeyni tərəfindən də təsdiqlənmişdi.[4]

Rəhbərliyi

Hizbullahın ilk baş katibi 1989-cu il noyabrın 5-də bu vəzifəyə seçilən Sübhi Tüfeyli olub. Bundan əvvəl partiya yeddi il şura tərəfindən idarə edirdi.[5] Seyid Məhəmməd Hüseyn Fəzlullah, Sübhi Tüfeyli, Seyid Abbas Musəvi, Seyid Həsən Nəsrullah, Nəim Qasim, Hüseyn Kurani, Hüseyn Xəlil, Məhəmməd Rəd, Məhəmməd Fneyş, Məhəmməd Yazbek və İbrahim Əmin Hizbullahın qurucuları arasında idilər.[6] 1991-ci ilin mayında fikir ayrılıqlarına və Sübhi Tüfeyliyə qarşı irəli sürülən tənqidlərə görə, Seyyid Abbas Musəvi Hizbullahın yeni baş katibi seçildi.[7] O, 16 fevral 1992-ci ildə İsrail tərəfindən şəhid edildi və Hizbullah Şurası Seyyid Həsən Nəsrullahı baş katib seçdi.[8]

Görkəmli şəxsiyyətləri

Seyyid Həsən Nəsrullah

Hizbullahın bəzi tanınmış simaları bunlardır:

Seyid Həsən Nəsrullah

Seyid Həsən Nəsrullah (təvəllüdü: 1960) Livan Hizbullahının üçüncü baş katibi və bu partiyanın qurucu üzvlərindən biridir. O, bir müddət Hizbullahın icraçı məsulu olub və 1992-ci ildən isə bu təşkilatın baş katibidir.[9] Onun rəhbərliyi dövründə İsrail 2000-ci ildə Livandan geri çəkildi və livanlı məhbusları (əsirləri) azad etdi.

Seyid Abbas Musəvi

Fayl:السيد عباس الموسوي.jpg
Seyyid Abbas Musəvi

Seyid Abbas Musəvi Hizbullahın qurucu üzvü və ikinci baş katibi idi. O, şəmsi 1370-ci ildə Sübhi Tüfeyli vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Hizbullahın baş katibi oldu.[10] O, əvvəllər Fələstin qüvvələri ilə birlikdə İsrailə qarşı vuruşmuşdu. Onun partiyanın baş katibi kimi fəaliyyəti doqquz aydan az davam etdi və İsrail tərəfindən şəhid edildi.[11]

Sübhi Tüfeyli

Şeyx Sübhi Tüfeyli (təvəllüdü: h. ş. 1327) Livanda Hizbullahın ilk baş katibi olub və şəmsi 1368-1370-ci illərdə bu vəzifədə olub.[12] 1377-ci ildə "Səvrətul-ciya" (Aclar inqilabı) hərəkatının əsasını qoyub. Onun tərəfdarları bəzi hökumət idarələrinə hücum etdi. Bu da toqquşmalara və bir neçə nəfərin ölümünə səbəb oldu.[13] O, Livan Hizbullahının və İran İslam Respublikasının tənqidçilərindəndir.[14]

İmad Muğniyə

İmad Muğniyyə

Hacı Rizvan kimi tanınan İmad Muğniyə Hizbullahın görkəmli komandirlərindən biri idi. O, yüksək rütbəli rəsmilərin mühafizə qvardiyasına rəhbərlik edir və Hizbullahın xüsusi əməliyyatlarına cavabdeh idi. O, həmçinin “əl-Vədus-sadiq” əməliyyatının düşünən beyni və İsraillə 33 günlük müharibədə Hizbullahın səhra komandiri idi.[15] İsrail onu 12 fevral 2008-ci ildə Dəməşqdə şəhid etdi.[16]

İsraillə mübarizə

1985-ci ildə Hizbullah İsraillə mübarizəni əsas götürən ideologiyasını və strategiyasını rəsmən açıqladı.[17] İlk illərdə Hizbullahın fəaliyyəti İsrail qüvvələrinə qarşı şəhadət əməliyyatı keçirməyə yönəlmişdi. Ancaq tədricən bu üsul dəyişdi. Hizbullahın o zamankı baş katibi Seyid Abbas Musəvinin öldürülməsinə reaksiya olaraq, bu partiyanın qüvvələri Fələstinin şimalındakı sionist yaşayış məntəqələrini ilk dəfə olaraq Katyuşa raketləri ilə atəşə tutdular.[18]

Hizbullah və İsrail arasında baş verən mühüm hadisələrdən bəziləri bunlardır:

Əl-Vədus-sadiq əməliyyatı

2006-cı ildə Hizbullah ilə İsrail arasında Temmuz müharibəsi və ya 33 günlük müharibə kimi tanınan müharibə başladı. Hizbullahla razılaşmanın əksinə olaraq, İsrail üç livanlı məhbusu (əsiri) azad etmədi. Hizbullah 2006-cı ilin iyulunda “əl-Vədus-sadiq” əməliyyatında iki İsrail əsgərini əsir götürdü. İsrail iki əsiri azad etmək və Hizbullahı tərksilah etmək üçün Livana hücum etdi və Hizbullah ilə İsrail arasında 33 gün davam edən müharibə başladı.[19]

1993-cü ilin yanvar münaqişəsi

25 iyul 1993-cü ildə İsrail Hizbullahı tərksilah etmək və partiya ilə xalq arasında münasibətlərdə uçurum yaratmaq, habelə Livan hökumətinə müqavimətin qarşısını almaq üçün təzyiq göstərmək məqsədi ilə Livana hücum etdi. Bu hücum Hizbullahın reaksiyası ilə qarşılandı və tərəflər 31 iyul 1993-cü ildə “İyul razılaşması”nı qəbul etdilər. Bu razılaşmaya əsasən, Hizbullah İsrailin təcavüzü dayandırması müqabilində onun işğal etdiyi ərazilərə katyuşalar atmağı dayandıracağını qəbul etdi.[20]

1996-cı ilin aprel münaqişəsi

Hizbullahın ordusu, 1996-cı il

11 aprel 1996-cı ildə İsrail Livana qarşı “Qəzəb salxımları” əməliyyatına başladı. Bu əməliyyat ikinci gün dörd Sohmor, üçüncü gün Mənsuri təcili yardımı, yeddinci gün Nəbatiyə, Fəvqa və Qana qırğını ilə yadda qaldı. Bu hücumda 14-ü Hizbullah qüvvəsi olmaqla 25 nəfər şəhid olub. Əməliyyat on altı gün davam etdi və nəhayət, aprel ayında İsrail və Hizbullah arasında razılıq əldə edildi. Bu sazişdə İsrail mülki şəxslərə hücum etməyəcəyini və hərbi qarşıdurmada yalnız müqavimət qüvvələri ilə döyüşəcəyini qəbul etdi.[21]

Ənsariyyə əməliyyatı

Hizbullah 17 sionistin öldürülməsi və yaralanması ilə nəticələnən İsrail komandolarının dəniz təcavüzünün qarşısını almaq üçün 05.09.1992-ci il Ənsariyyə əməliyyatını təşkil etdi.[22]

Müqavimət məhbuslarının (əsirlərinin) azad edilməsi

Mustafa Dirani (sağ tərəfdə) və Şeyx Əbdülkərim Übeyd (sol tərəfdə)

İsrail qüvvələri Livanın cənubundan çəkiləndən sonra Mustafa Dirani və Şeyx Əbdülkərim Übeyd kimi bəzi Hizbullah qüvvələri İsrail həbsxanalarında idi. Hizbullah 2000-ci il oktyabrın 7-də Livanın cənubundakı Şəba tarlalarında əməliyyat keçirərək üç İsrail əsgərini əsir götürmüş, Beyrutda isə bir İsrail polkovnikini həbs etmişdi. İsrail bu şəxsləri geri almaq üçün çoxlu sayda livanlı və 400 fələstinlini azad etdi, 59 şəhidin cəsədini təhvil verdi. İsrail, həmçinin itkin düşən 24 nəfərin taleyini açıqladı və Livan sərhədlərində yerləşdirdiyi minaların xəritəsini təhvil verdi. Mübadilə əməliyyatı 29 və 30 yanvar 2004-cü il tarixlərində həyata keçirildi.[23]

2008-ci ildə 33 günlük müharibədən sonra Hizbullah Almaniyanın vasitəçiliyi ilə İsraillə danışıqlar apararaq qalan livanlı əsirləri azad etdi. Həmçinin, 33 günlük döyüşdə müqavimət şəhidlərinin cənazələrini, Livan və Fələstin müqavimətinin qalan şəhidlərinin, o cümlədən Dəlal Muğrəbi və onun 12 nəfərlik dəstəsinin cənazələrini təhvil aldı.[24]

Suriyada İŞİD-ə qarşı döyüş

Hizbullah İŞİD-ə qarşı mübarizədə Suriya hökuməti ilə əməkdaşlıq edib. Suriyada iğtişaşlar başlayandan sonra Hizbullah Suriya ordusu ilə birlikdə təkfirçilərlə vuruşdu.[25] Əl-Qüseyrin azad edilməsi Hizbullahın Suriyadakı ən mühüm qələbələrindən biri oldu.[26]

Siyasi fəaliyyətləri

Hizbullah ilk dəfə 1992-ci ildə Livan seçkilərində iştirak edib və parlamentdə on iki yer qazanıb. 1996-cı ildə Livan parlamentində on, 2000-ci ildə isə 128 yerdən on ikisini qazandı.[27] 2005-ci ildə keçirilən ümumi seçkilərdə o, təkbaşına on dörd, Livanın cənubunda isə Əməl hərəkatı ilə koalisiya şəklində 23 yerin hamısını uddu və Məhəmməd Fneyşi Su və Enerji naziri kimi kabinetə göndərdi.[28] 2005-ci ildən sonra Hizbullah 8 Mart ittifaqına daxil oldu. 2005-ci ildə Həririnin öldürülməsi ilə eyni vaxtda Livan siyasi arenasında yeni təsnifat formalaşdı. 8 Mart ittifaqı Hizbullahın 2005-ci ildə Beyrutda toplanmasından, bu qrupun tərksilah edilməsinə qarşı çıxandan, Suriyaya dəstək və İsrailə qarşı müqavimət çağırışından sonra yaradıldı. Bu ittifaq Hizbullah, Əməl partiyası və Azad Xristian partiyasının yer aldığı vahid cəbhə idi. Sonradan Livanın İslam Camaatı, İslami Tövhid hərəkatı (əhli-sünnə) və Livan Demokratik partiyası (Druzi) kimi digər cərəyanlar da ittifaqa qoşuldu.[29] Eyni zamanda Amerika, Fransa, Səudiyyə Ərəbistanı və Misir kimi ölkələrin dəstəyi ilə Livanda Suriyanın Livandan çıxarılmasını və müqavimətin tərksilah edilməsini tələb edən 14 Mart hərəkatı yaradıldı. Əl-Müstəqbəl hərəkatı (əhli-sünnə), əl-Kətaib partiyası və Livan qüvvələri (xristian) və Livanın Mütərəqqi Sosialist hərəkatı (Druzi) bu cərəyanın əsas dəstəkçiləri idi.[30]

İctimai fəaliyyətləri

  • Hizbullahın diqqəti İsrail təcavüzünə müqavimət göstərməyə yönəlib. Buna baxmayaraq, bu partiyanın ictimai fəaliyyətləri də var.
  • Onlardan bəziləri aşağıdakılardır:
  • İsrailin təcavüzü və təbii fəlakətlər nəticəsində dəyən ziyanın bərpası üçün Cihad İnşaat İnstitutunun yaradılması;
  • 1988-1991-ci illərdə Beyrutun cənubunda şəhər tullantılarının toplanması;
  • Beyrutun cənubunda içməli suyun təmin olunması;
  • Kənd təsərrüfatı fəaliyyəti;
  • İslam Sağlamlıq cəmiyyətinin və çoxsaylı tibb və xəstəxana mərkəzlərinin inşası;
  • Şagirdlərə tədqiqat və təhsil xidmətlərinin göstərilməsi;
  • Şəhid ailələrinə xidmət göstərmək üçün Şəhid Fondunun yaradılması
  • Məhrumlara dəstək olmaq üçün İslam Xeyriyyə Yardım Komitəsinin yaradılması.[31]

Media

Əl-Mənar telekanalı, Hizbullaha bağlı rəsmi telekanal
  1. Əl-Mənar telekanalı: https://www.almanar.com.lb/live/ 1991-ci ildə əl-Mənar telekanalının təsis edilməsi;
  2. Ən-Nur radiosu (http://www.alnour.com.lb) (1988-ci ildə yaradılıb);
  3. Həftəlik Əl-Əhəd jurnalı (http://www.alahednews.com.lb);
  4. Qawem saytı (http://qawem.org);[32]
  5. Livanın cənubu vebsaytı (http://www.southlebanon.org);
  6. Hizbullahın media ilə əlaqələr bölməsinin internet saytı (http://www.mediarelations-lb.org).

Hizbullah həmçinin Melita bölgəsindəki bazalarından birini muzeyə çevirib.[33]

Müvafiqləri və müxalifləri

Hizbullahın dünyada tərəfdarları var. Hizbullahın ən mühüm dəstəkçiləri İran və Suriyadır. Rusiya da Hizbullahı qanuni ictimai-siyasi təşkilat hesab edir.[34] İran Hizbullahın yaradılmasında və onun qüvvələrinə hərbi təlim keçməsində mühüm rol oynayıb.[35] Həmçinin, İran İsrailin hücumlarla yaratdığı xarabalıqları bərpa etmək üçün Livanın Yenidənqurma Qərargahını yaradıb.[36] Buna baxmayaraq, Amerika Birləşmiş Ştatları, Ərəb Dövlətləri Liqası, Fars Körfəzi Əməkdaşlıq Şurası və s. Hizbullahı və ya onun hərbi qolunu terror qruplaşması elan ediblər.[37] İsrailin işğalçılığına və təhdidinə qarşı müqavimət, həmçinin Livan ordusunun İsraillə qarşı-qarşıya gəlməkdə hərbi cəhətdən aciz olması Hizbullahın terror təşkilatı olmadığını və silaha sahib olmağa davam etməli olduğunu düşünənlərin dəlillərindəndir.[38]

Kitablar

Hizbullah haqqında bir sıra kitablar yazılıb. Onların arasında Hizbullahın Livandakı liderlərindən biri olan Nəim Qasimin yazdığı “Hizbullah əl-mənhəc ət-təcribə əl-mustəqbəli Lubnan və müqavəmətuhu fil-vacəhə” kitabı da var. Bu kitabda Hizbullahın tarixi, məqsədi və fəaliyyətləri öz əksini tapıb.[39] Bu kitab fars dilinə “Livan Hizbullahı: siyasəti, tarixi və gələcəyi” adı ilə tərcümə edilib.[40]

İstinadlar

  1. سپاه و حزب‌الله لبنان خاطراتی از شیخ علی کورانی, magiran.com saytı
  2. «احمد قصیر آغازگر عملیات‌ شهادت‌طلبانه در لبنان», iribnews.ir saytı
  3. «نحوه شكل‌گیری حزب‌الله لبنان از زبان وزیر دفاع», irna.ir saytı
  4. Nəim Qasim, Hizbullah, h.q 1423, s.22-25
  5. Nəim Qasim, Hizbullah, h.q 1423, s.85
  6. «سیر تحول در رهبری و ایدئولوژی حزب‌الله», ensani.ir saytı
  7. Nəim Qasim, Hizbullah, h.q 1423, s.85-86
  8. Nəim Qasim, Hizbullah, h.q 1423, s.85-86
  9. Livan Hizbullahının baş katibi Hüccətul-İslam Seyyid Həsən Nəsrullahla müsahibədən, s.42
  10. Həftenameye xəbəri təhlili pəncəre, nömrə 136
  11. زندگی‌نامه شهید سید عباس موسوی , (Şəhid Avini adına sayt)
  12. Həftenameye xəbəri təhlili pəncəre, nömrə 136
  13. Həftenameye xəbəri təhlili pəncəre, nömrə 136
  14. سایت خبری- تحلیلی عماریون. (ammariyon.ir saytı)
  15. farsnews.com saytı
  16. hajrezvan.com saytı
  17. www.iribnews.ir saytı
  18. Nəim Qasim, Hizbullah, h.q 1423, s.158
  19. Royuran, Dəstavərdhaye piyruziye Huzbullah dər cənge 33 ruze, s.33
  20. Nəim Qasim, Hizbullah, h.q 1423, s.161-162
  21. Nəim Qasim, Hizbullah, h.q 1423, s.162-169
  22. Nəim Qasim, Hizbullah, h.q 1423, s.162-169
  23. Nəim Qasim, Hizbullah, h.q 1423, s.204-210
  24. زندگی‌نامه شهید سید عباس موسوی (Şəhid Avini adına sayt)
  25. southlebanon.org saytı (Cənubi Livanın rəsmi internet saytı)
  26. مختصات راهبردی اولین تجربه عملیات برون مرزی حزب‌الله (mashreghnews.ir saytı, farsca)
  27. Nəim Qasim, Hizbullah, h.q 1423, s.273-276
  28. ورق زدن تاریخ پرفراز و نشیب احزاب سیاسی لبنان (farsca)
  29. انتخابات داغ در کرانه شرجي مديترانه (rahmag.ir saytı, farsca)
  30. انتخابات داغ در کرانه شرجي مديترانه (rahmag.ir saytı, farsca)
  31. Nəim Qasim, Hizbullah, h.q 1423, s.114-120
  32. تأثیر نگرش معنوی بر پیروزی مقاومت حزب الله (hawzah.net saytı)
  33. «حزب‌الله يفتتح متحفا كريا عن مقاومته لاسرائيل في جنوب لبنان», Ruyterz xəbər agentliyi
  34. ارتباط ایران، روسیه و حزب الله لبنان سرگرمی جدید کنگره آمریکا، , Sputnik internet saytı
  35. ناگفته‌هایی از تاسیس«مقاومت اسلامی لبنان», farsnews.com saytı
  36. فعالیت‌های ستاد بازسازی لبنان به قوت قبل ادامه دارد, Daneşcu internet saytı
  37. «آیا حزب‌الله لبنان یک سازمان تروریستی است؟», Bbc farsi internet saytı
  38. «آیا حزب‌الله لبنان یک سازمان تروریستی است؟», Bbc farsi internet saytı
  39. Müərrifiye ketabe Hizbullahe Lubnan, Qozəşte və ayəndeye an müərrifi və nəqd, s.115
  40. حزب‌الله لبنان خط مشی، گذشته و آینده آن, bookroom.ir saytı, farsca

Ədəbiyyat

Xarici keçid