Əba Saleh

wikishia saytından
(Ya Əba Saleh Ədrikni səhifəsindən yönləndirilmişdir)
Üzüyün üzərinə həkk olunmuş "Əğisni Ya Əba Saleh" cümləsi

Əba Saleh (ərəbcə: أبا صالح) İmam Mehdi (ə.f) haqqında 11-ci qəməri əsrindən bu İmama (ə) müraciət etmək üçün istifadə edilən bir künyədir. Bu kəlmə və “Saleh” və “Ba Saleh” kimi ona bənzər sözlər bir neçə hədisdə işlənmişdir. Onlarda tövsiyə edilmişdir ki, əgər yolunu azmışsansa, “Saleh” və “Əba Saleh” və ya “Ba Saleh” deyə müraciət edərək ondan yolu tapmaq üçün kömək istəyin. Amma bu hədislərdə ləqəb və künyələrdən İmam Zamanın (ə.f) künyələri kimi yad edilməmişdir. Mühəddislər və hədis şərh edənlər də onları İmam Zamanın (ə.f) künyəsi hesab etməyiblər.

Əba Saleh, İmam Zamana (ə.f) aid edilən ləqəb

Əba Saleh, İmam Zaman (ə.f) üçün istifadə edilən məşhur ləqəbdir.[1] Bu ləqəb hədislərdə və qədim tarixi mətnlərdə İmam Zaman (ə.f) üçün qeyd olunmur.[2] Yalnız sonrakı mənbələrdə bəzilərinin İmam Zamanı (ə.f) Əba Saleh ləqəbi ilə çağırdıqları gəlib. Məsələn, hicri-qəməri tarixi ilə 13-14-cü əsrlərin şiə alimlərindən olan Mirzə Hüseyn Nuri yazıb ki, ərəb dilli olanlar öz mərsiyə və şerlərində İmam Zamanı (ə.f) “Əba Saleh” adı ilə çağırırlar.[3]

İstifadə tarixi

İmam Mehdi (ə.f) barədə yazılmış ensiklopediya kitabına əsasən, 11-ci qəməri əsrindən etibarən “Əba Saleh” ləqəbi o Həzrət üçün işlədilir və 11-ci əsrdən əvvəl İmam Mehdi (ə.f) üçün bu ləqəbin işlədilməsinə dair heç bir məlumat yoxdur.[4]

Əllamə Məclisi (hicri 1037-1110) atasının dediyinə əsasən, bir əhvalat nəql etmişdir ki, Əmir İshaq Astrabadi adlı bir şəxs Məkkəyə gedən yolda azıb. O, “Ya Saleh ya Əba Saleh urşiduna ilət-təriq” (Ya Saleh, ey Əba Saleh, bizə yolu göstər) deməklə ona kömək edən və onu Məkkəyə gətirən, İmam Mehdi (ə.f) olduğuna inandığı bir şəxsi tapdı.[5] Mühəddis Nuri də ehtimal verib ki, Həzrət Mehdi (ə.f) üçün Əba Saleh ləqəbinin istifadə edilməsi həcc yolunda azmış və “Ya Əba Saleh” deyərək xilas olan bir şəxsdən bəhs edən hekayədən götürülmüşdür.[6]

İmam Mehdi (ə.f) barədə yazılmış ensiklopediya kitabında gəlib ki, İmam Mehdiyə (ə.f) “Əba Saleh” ləqəbinin verilməsinə dair heç bir dəlil yoxdur və bu adın ona aid edilməsinə səbəb olan şey bu mənaya dəlalət etməyən əhvalatlardır.[7]

Hədislərdə Əba Saleh sözünün işlədilməsi

Cəmkəran məscidində Ya Əba Salehil-Mehdi yazılmış bayraq

Bəzi şiə hədislərində “Ba Saleh” və “Əba Saleh” kəlmələri işlədilir. Lakin mühəddis və hədis şərh edənlərdən heç biri bu sözlərdən məqsədin İmam Zaman (ə.f) olduğunu bildirməmişdir.

Məsələn, Əhməd ibn Muhəmməd ibn Xalid Bərqinin (hicri 200-274 və ya 280-ci il) İmam Sadiqdən (ə) nəql etdiyi bir rəvayətdə gəlib: “Nə zaman yolunu azırsan, “Ya Saleh ya Əba Saleh urşiduna ilət-təriq rəhiməkuməllah”  (Ya Saleh, ey Əba Saleh, bizə yolu göstər. Allah sizə mərhəmət göstərsin) deyin”.[8]

Həmçinin Şeyx Səduq (305-381 h.q.) cüzi fərqlə belə nəql etmişdir: “Ya Saleh ya Əba Saleh urşiduna ilət-təriq, yarhəmukumullah” (Ya Saleh və ya Əba Saleh, bizə yol göstər, Allah sisə mərhəmət göstərsin).[9] O, sonra başqa bir hədis nəql edib ki, ona görə yerin quru hissəsi “Saleh”ə və dəniz hissəsi isə “Həmzə”yə həvalə edilmişdir.[10]

Deyilənlərə görə, nə Şeyx Səduq, nə də “Mən la yəhzuruhul fəqih” kitabını şərh edənlərdən heç biri qeyd olunan ləqəbi İmam Mehdiyə (ə.f) şamil etməyib.[11] Həmçinin Əl-Bərqinin yazdığı “Məhasin” kitabından bir rəvayətdə “Saleh” cinlərdən biri kimi tanıtdırılır ki, yolunu azanlara kömək etmək vəzifəsi ona həvalə edilmişdir.[12]

İstinadlar

  1. Reyşəhri, Daneşnameye İmam Mehdi, h.ş 1393, c.2, s.322
  2. Reyşəhri, Daneşnameye İmam Mehdi, h.ş 1393, c.2, s.322
  3. Nuri, Cənnətul-məva, h.q 1427, s.136; Nuri, Nəcmus-saqib, h.q 1410, s.45
  4. Reyşəhri, Daneşnameye İmam Mehdi, h.ş 1393, c.2, s.322
  5. Məclisi, Biharul-ənvar, h.q 1403, c.52, s.175-176
  6. Nuri, Nəcmus-saqib, h.q 1410, s.571
  7. Reyşəhri, Daneşnameye İmam Mehdi, h.ş 1393, c.2, s.322-323
  8. Bərqi, Əl-Məhasin, h.q 1371, c.2, s.362-363
  9. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.298
  10. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.298
  11. Reyşəhri, Daneşnameye İmam Mehdi, h.ş 1393, c.2, s.322
  12. Bərqi, Əl-Məhasin, h.q 1371, c.2, s.380

Ədəbiyyat

  • Bərqi, Əhməd ibn Məhəmməd ibn Xalid, Əl-Məhasin, Qum, Darul-kutubil-İslamiyyə, h.q 1371
  • Reyşəhri, Məhəmməd Məhəmmədi və başqaları, Daneşnameye İmam Mehdi, Qum, Darul-hədis nəşri, h.ş 1393,
  • Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Came müdərrisin, 2-ci çap, h.q 1413
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Nuri, Mirza Hüseyn, Cənnətul-məva, Qum, Seyyid Məsumə (ə) müəssisəsi, h.q 1427
  • Nuri, Mirza Hüseyn, Nəcmus-saqib, Qum, Cəmkəran məscidi nəşriyyatı, h.q 1410