İmam Əlinin (ə) divanı

wikishia saytından
(İmam Əli (ə) divanı səhifəsindən yönləndirilmişdir)
Müəllifİmam Əliyə (ə) nisbət verilir.
ÜslubŞer
DilƏrəbcə
Səyi iləQütbuddin Kidəri Beyhəqi
Başqa dillərə tərcüməTürk (h.q 1312), Urdu (m.1976)
Nəşr edildiyi yerNiderland krallığı, Leyden şəhəri
Nəşr tarixiMiladi: 1745
Kitabın farsca adıDivane İmam Əli (ə)
Farscaya tərcüməçiMustafa Zamani


İmam Əlinin (ə) divanı (farsca: دیوان امام علی(ع)) – İmam Əliyə (ə) mənsub ərəb dilində şeir məcmuəsi. Müsəlman alimləri və tədqiqatçıları bu şeirlərinin çox az bir hissəsini İmam Əlinin (ə) qələmə aldığını, qalan hissəsini isə başqa şairlərin İmamın (ə) mədhində və ya onun dilindən yazdığını və ya İmam Əlinin (ə) digər şairlərdən sistat gətirdiyi şeirlərdən ibarət olduğunu düşünürlər.

Bu şeirlər İmam Əlidən (ə) sonrakı əsrlərdə toplanmışdır və ən qədim nüsxəsi Əbdüləziz Cəludiyə ( ö. 934) məxsusdur. Nüsxələrə görə şeirlərin sayı 190-506 arası dəyişir. Əksər tədqiqatçılar günümüzdə geniş yayılmış divanı Qütbuddin Kidəri Beyhəqinin “Ənvar əl-uqul fi əşari vəsiyyi ər-Rəsul” kitabına uyğun hesab edirlər.

Bu şeirlərin İmam Əliyə (ə) mənsub olmadığını göstərən bəzi dəlillər: adətən ara məclislərdə deyilən şeirlər üçün istifadə edilən rəcəz bəhrində şeşirlərin olması; qəbilələrin mədhində olan şeirlər; şeirlərin fəsahət və bəlağət baxımdan zəif olması; bəzi şeirlərdə lovğalıq elmentlərinin olması; şeirlərdə yunanlara, romalılara və iranlılara məxsus zərbül-məsəllərin olması; bəzi şeirlərdə İslam dünyasına hiciri-qəməri təqvimi ilə ikicni əsrdən sonra gələn fəlsəfi bölgülərin olması.

Ağa Bozorg Tehraniyə görə, divanın ən qədim nüsxələrinə aşağıdakılar daxildir: 1745-ci il, Hollandiya, Leiden çapı; 1835-ci il, Misir, Bulaq çapı; 1859-cu il, Misir çapı; 1867-ci il, İran, Tehran çapı. Sözükeçən divan türk, latın, fars, urdu dillərinə tərcümə və şərh edilmişdir. Günümüzdə bu əsərin müxtəlif çapları mövcuddur.

Şeirlərin İmam Əliyə (ə) mənsub olması

Şiə alimləri İmam Əlinin (ə) divanının əksər şeirlərini ona mənsub hesab etmirlər. Məsələn, Əllamə Məclisi bütün şeirlərin İmam Əliyə (ə) mənsub olmasında tərəddüd edərək, əksər şeirlərin digər kitablardan əxz edildiyni bildirir. O, İbn Şəhr Aşuba istinadla qeyd edir ki, divan nişapurlu ədib Əli ibn Əhməd Fəncgirdiyə (ö. 1119) məxsusdur.[1]

Həsən Həsənzadə Amuli “Təkmilətu minhac əl-bəraə” kitabında divanda qeyd edilmiş əksər şeirlərin başqa şairlərə aid olduğunu qeyd edərək onların adlarını sadalayır.[2]

Bəzi tədqiqatçılara görə, bu şeirlərin yalınız on faizini İmam Əliyə aid etmək olar, qalanları ya digər divanlarda yer alır və ya başqa şairlərə mənsubdur.[3]

Dəlillər

İmam Əlinin (ə) divanının bütün şeirlərinin ona mənsub olmamasını göstərən müxtəlif dəlillər irəli sürülmüşdür:

“Divan əl-İmam Əli” (Qahirə, “Məktəbətu əl-iman”-ın araşdırması) kitabının müqəddiməsində Əli ibn Əbitalibə (ə) mənsub olan şeirlərə aşağıda qeyd edilən on irad bildirilmişdir: adətən ara məclislərdə deyilən şeirlərdə istifadə edilən rəcəz bəhrində şeşirlərin olması; qəbilələrin mədhində olan şeirlər; şeirlərin fəsahət və bəlağət baxımdan zəif olması; bəzi şeirlərdə lovğalıq elmentlərinin olması; İmam Əlinin (ə) Müaviyə ilə, Əmr ibn As ilə deyişdiyi şeirlər varlığı; əruzla, vəznlə əlaqəli səhvlərin olmas.[4]

İranlı ədib və araşdırmaçı Keyvan Səmii bu iradlara digər iradlar da əlavə etmişdir. O, şeirlərdə farsca kəlmələrin, yunanlara, romalaılara və iranlılara məxsus zərbül-məsəllərin, şeirlərdə ərəb nəzminə xas olmayan tapmacaların olmasını, bəzi şeirlərdə İslam dünyasına doqquzuncu əsrdən sonra gələn fəlsəfi bölgülərin olmasını əsas gətirərək, divanın İmam Əliyə mənsub olmadığını iddia edir.[5]

Başqa bir irada görə, İmam Əlinin (ə) fəsahət və bəlağətli bəyanı olmasına baxmayaraq, onu şair hasab etmək mübahisəli məsələdir. Cahiz (qəməri təqvimi ilə ikinci-üçüncü əsr ədibi) və Yaqut Həməvi (hicri-qəməri təqvimi ilə altıncı, yeddinci əsr tarixçisi) kimi şəxslər İmam Əlini şair hesab etmirlər. Cahizə görə, İmam Əli (ə) rəcəzdən başqa şeir deməmişdir. Yaqut da iki beyt şeirdən başqa digər şeirlərin İmam Əliyə (ə) mənsub bilinməsini yanılış hesab edir.[6] Eləcədə, Məhəmməd ibn Cərir Təbəri, İbn Qüteybə, İbn Miskəveyh Razi, Zəməxşəri, TəbərsiŞərif Rəzi kimi şəxsiyyətlər İmam Əlidən (ə) şeir nəql etsələr də adını şairlər arasında qeyd etməmişlər.[7]

Bununla belə, Şəəbi, Əbdurrəbbəh (h. q. təqvimi ilə səkkizinci və doqquzuncu əsr ərəb şairi), müasir Misir şairi və ədibi Qəlqəşəndi İmam Əlini (ə) şair hesab etmiş və düşünürlər ki, o, Əbu Bəkrdən, Ömər ibn XəttabdanOsmandan daha yaxşı şeir yazmışdır.[8]

Şeirlərin sayı

İndiyədək çap edilmiş divan nüxsələrində şeirlərin sayı müxtəlif göstərilmişdir: 190 şeir, 355 şeir, 374 şeir, 455 şeir və ya 506 şeir.[9]

İmam Əlinin (ə) divanındakı şeirlər bəzən dörd yerə bölünür:

  1. İnşa: İmam Əlinin (ə) şəxsən yazdığı şeirlər.
  2. Hekayələr: Şairlərin İmam Əlinin (s) sözlərini nəzmə çəkdiyi şeirlər.
  3. İnşad: İmam Əlinin (ə) çıxış zamanı digər şairlərdən söylədiyi şeirlər.
  4. Mövzu: İmam Əlinin (ə) dostlarının onun dilindən söylədikləri şeirlər.[10]

Tanınmış iranlı mütərcim Əbulqasim İmami isə “Ənvar əl-Uqul” kitabınının tərcüməsinin müqəddiməsində İmam Əlinin (ə) divanındakı şeirləri altı hissəyə bölür, beləki, o yuxarıda qeyd edilən dörd bölgüyə iki bölgü də əlavə edir: İmam Əlinin (ə) yazdığı bəzi hadisələrin mənzum şərhi və İmam Əlinin (ə) təkbətək döyüşlərdə oxuduğu rəcəzlər.[11]

Məzmunu

İmam Əlinin (ə) divanında müxtəlif mövzulardan söz açılmışdır: insanın məqamı, tövhid və Allahıtanıma, axirət dünyası, münacat, əxlaq, mədhiyyələr, mərsiyələr, vəsiyyətlər, özünü tanıtdırma və rəcəzlər. Habelə bu şeirlərdə həftənin günləri, tale, qocalıq, gənclik, iş və zəhmət, yoxsulluq və zənginlik, səfər və s. kimi mövzulara da rast gəlmək olur.[12]

Divanın tarixi

Tədqiqatçılara görə, şeirlərin İmam Əliyə (ə) mənsub olduğunu doğru hesab etsək belə, şübhəsiz ki, divanı İmam Əli (ə) şəxsən tərtib etməmişdir.[13] Ağa Bozorg Tehrani “Əz-Zəriyyə” kitabında divanın on yeddi nüsxəsini qeyd etmişdir ki, ən qədim nüsxə hicri-qəməri təqvimi ilə dördüncü əsrə aiddir. Bəzi nüsxələri qeyd edirik:

  • Əbduləziz Cəludi (ö. 934), “Şiru Əli” (Nəcaşinin təbiri ilə);
  • Əli ibn Əhməd Fəncgirdi Nişapuri( ö. 1119), “Sulvat əş-Şiə və Tacul-əşar”;
  • İbn Şəcəri (ö. 1148), “Divan-e Əmirəlmuminin”;
  • Məhəmməd ibn Həsən Kidəri Beyhəqi (ö. 1153), “Əl-Hədiqə əl-əniqiyyə”;
  • Məhəmməd ibn Həsən Kidəri Beyhəqi (ö. 1153), “Ənvar əl-uqul” ;
  • Seyyid Muhsin Əmin (ö. 1952), “Divanu Əmirəlmuminin əla əl-rəvayatu əl-səhihə”, 1941-ci ildə tərtib edilmişdir.[14]

Ağa Bozorg Tehraniyə görə, hazırda yayılmış divan Məhəmməd ibn Həsən Kidəri Beyhəqinin “Ənvar əl-uqul” əsərinə uyğun tərtib edilmişdir.[15]

Bununla belə, Seyid Muhsin Əminin bildirdiyinə görə, divanı tərtib edən məlum deyil. Çünki, divanda keçən bəzi məzmunsuz şeirləri nəzərə alsaq, hansı ki, onları İmam Əliyə (ə) aid etmək mümkün deyil, Cəludi, İbn Şəcəri və Kidəri kimi elimli adamların belə şeirlər tərtib etməsi ağıla batan deyil.

Seyid Muhsin Əminin bu fikrinə tənqidi yanaşanlar da olmuşdur. Onların fikrincə, mövcud divanların eyni ilə sözükeçən şəxslərin tərtib etdiyi divan olması bəlli deyil. Hətta bu divanı Kidərinin tərtib etdiyini fərz etsək belə, o, bunu, İmam Əliyə (ə) mənsub edilən hər şeyi toplamaq məqsədi ilə də edə bilər.[16]

Nəşrlər

İmam Əlinin (ə) divanı dəfələrlə nəşr edilmişdir.[17] Ağa Bozorg Tehraniyə görə, bəzi qədim çaplara aşağıdakılar daxildir: Misir, Bulaq çapı, 1835-ci il; Misir çapı, 1859-cu il; İran, Tehran çapı, 1867-ci il; Misir, “Elmiyyə” nəşriyyatı, 1893; Hollandiya, Leiden çapı, 1745-ci il.[18] Bəzi digər çaplar: Beyrut, “Dar əl-kitab əl-ərəbi” çapı, Yusuf Fərhatın şərhi, 1990; Misir, “Məktəbətu əl-İman” çapı, “Əl-Bəyan əl-İlmi” mərkəzinin araşdırması ilə; “Dar əl-Muhəccə əl-Bəyza” çapı, Salman Əl-Cuburinin tam tədqiqi ilə.[19]

Tərcümə və şərhlər

Sözükeçən divan türk, latın, fars, urdu dillərinə tərcümə və şərh edilmişdir. Nümunə üçün divanın 1745-ci ildə latın dilinə tərcüməsini qeyd etmək olar.[20]

Habelə, bu əsərin bəzi mənzum tərcümələri də mövcuddur. Belə ki, Mirza İbrahim Əmini divanı fars dilinə, Səduddin Müstəqimzadə isə türk dilinə mənzum tərcümə etmişdir. Bu tərcümə 1894-cü ildə Dəməşqdə çap edilmişdir.[21] Habelə, bu divan 1976-cı ildə şair İnay Şahidin qələmi ilə urdu dilinə mənzum tərcümə edilmişdir.[22]

İstinadlar

  1. Məclisi, Biharul-ənvar, h.q 1403, c.1, s.42
  2. Həsən Həsənzadə Amuli, Minhac əl-bəraə, h.q 1400, c.15, s.306-313
  3. Xoşnevisan və Səbziyanpur, Pejuheşi dər isnad divane İmam Əli (ə), h.ş 1393, Müqəddimə hissəsis
  4. Mehrizi, Divane İmam Əli (ə), s.226-221
  5. Mehrizi, Divane İmam Əli (ə), s.226-221
  6. Zilavi, Ketabşenasiye tusifi mənzume fi sirr, s.41
  7. Zilavi, Ketabşenasiye tusifi mənzume fi sirr, s.41
  8. Zilavi, Ketabşenasiye tusifi mənzume fi sirr, s.41
  9. Mehrizi, Divane İmam Əli (ə), s.226
  10. Hüseyni Cəlali, Pejuheşi dərbareye divane İmam Əli (ə), s.752-754
  11. Mehrizi, Divane İmam Əli (ə), s.225
  12. Mehrizi, Divane İmam Əli (ə), s.236-240
  13. Mehrizi, Divane İmam Əli (ə), s.217
  14. Ağa Bozorg Tehrani, Əz-Zəriə, Beyrut, c.9, s.101-102
  15. Ağa Bozorg Tehrani, Əz-Zəriə, Beyrut, c.2, s.431-434
  16. Hüseyni Cəlali, Pejuheşi dərbareye divane İmam Əli (ə), s.756
  17. Ağa Bozorg Tehrani, Əz-Zəriə, Beyrut, c.9, s.102
  18. Ağa Bozorg Tehrani, Əz-Zəriə, Beyrut, c.9, s.102
  19. Mehrizi, Divane İmam Əli (ə), s.227-228
  20. Mehrizi, Divane İmam Əli (ə), s.228-229
  21. Hüseyni Cəlali, Pejuheşi dərbareye divane İmam Əli (ə), s.761
  22. Mehrizi, Divane İmam Əli (ə), s.229

Ədəbiyyat

  • Ağa Bozorg Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Beyrut, 2-ci çap
  • Həsən Həsənzadə Amuli, Həsən, Minhac əl-bəraə, Tehran, h.q 1400
  • Hüseyni Cəlali, Məhəmməd Möhsin, Pejuheşi dərbareye divane İmam Əli (ə), h.ş 1379
  • Xoşnevisan və Səbziyanpur, Pejuheşi dər isnad divane İmam Əli (ə), Tehran, h.ş 1393,
  • Zilavi, Nigar, Ketabşenasiye tusifi mənzume fi sirr, h.ş 1379
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Mehrizi, Mehdi, "Divane İmam Əli (ə), dər daneşnameye İmam Əli (ə), Tehran, h.ş 1380