Axirət
Axirət (ərəbcə: الآخرة) dünyası ölümdən və bu dünyadan sonra gələn dünyadır. Axirət, dünya həyatının qarşısında qərar tutub. Axirətə inamı İslamın əsaslarından bilir və ona inanmayanı müsəlman saymırlar. Quranda axirətin əhəmiyyəti vurğulanır. Həmçinin ona iman bütün peyğəmbərlərin dəvətinin əsaslarından biri olub. Quran ayələrinin üçdə birindən çoxunun axirətlə əlaqəli olduğu deyilir.
Müsəlmanların kəlam kitablarında axirətdən məad ünvanı ilə bəhs edilir və bunu sübut etmək üçün nəqli və əqli dəlillər bəyan edilmişdir. Müsəlman alimləri Quran ayələrinə istinad edərək, axirət dünyasını bu dünyadan tamamilə fərqli bir dünya hesab edir və onun üçün bəzi xüsusiyyətlər qeyd edirlər. O cümlədən: Əbədilik, yaxşıları pis insanlardan ayırmaq, əməllərin nəticəsini görmək və ləyaqət əsasında nemətlərdən bəhrələnmək.
Bəzi müsəlman alimləri axirətin dünya həyatının bitməsindən sonra başladığına inansalar da, başqa bir qrup isə axirət dünyasının hazırda mövcud olduğunu və dünyanı əhatə etdiyini söyləyirlər.
Axirət nədir?
Axirət sözü lüğətdə son, axır və başqa[1] mənasını verir. Ondan məqsəd bu dünyadan sonra gələn başqa bir dünyadır.[2] Quranda ölümdən sonrakı dünyanı vəsf etmək üçün çox vaxt axirət sözündən (104 dəfə) isitadə olunur. Həmçinin bəzən "Darul-Axirə" (başqa bir ev) və "Yəvmul-Axər" (başqa bir gün) kimi ifadələr də işlədilmişdir.[3]
Axirətə inanmağın əhəmiyyəti
Axirətə inanmaq dinin əsaslarından biri və müsəlman olmağın şərtidir. Yəni onu qəbul etməyən müsəlman sayılmır.[4] Şəhid Mürtəza Mütəhhəriyə görə, bütün peyğəmbərlərin tövhiddən sonra insanları dəvət etdikləri ən mühüm təlim axirətə imandır.[5]
Məhəmməd Təqi Misbah Yəzdiyə görə Quran ayələrinin üçdə birindən çoxu axirətlə bağlıdır.[6] Quranda axirətə iman bütün peyğəmbərlərin dəvətinin əsaslarından biridir.[7] Quran ayələrinə əsasən, axirətə iman Allaha iman və peyğəmbərliyə imanla yanaşı, İslamın üç sütunundan biridir.[8] Bütün İslam məzhəblərinə görə, axirətə etiqad dinin zəruri məsələlərindən biridir və ona inanmayan müsəlman deyildir.[9]
Müsəlmanların kəlam kitablarında axirət dünyası "məad prinsipi" adı ilə qeyd edilir.[10] Bərzəx, qiyamət, sirat, haqq-hesab, şəfaət, cənnət və cəhənnəm Quranda bəhs edilən axirətlə bağlı məsələlərdəndir ki, Quran, hədislər və müsəlman alimlərinin yazılarında onlardan bəhs olunur. Qurana görə onlara inanmaq lazımdır.[11]
Axirətin varlığının dəlilləri
Müsəlman alimləri axirətin varlığının ən mühüm dəlilini nəqli dəlil, o cümlədən vəhy hesab edirlər; Yəni peyğəmbərlərin məsum olub və axirət dünyasının varlığından xəbər vermələri, həmçinin insanları ona dəvət etmələri axirətin varlığının dəlilidir.[12] Bu barədə nəqli dəlillərdən bir digəri də "Təğabun" surəsinin 7-ci ayəsidir: "De, bəli, Rəbbimə and olsun! Siz mütləq dirildiləcəksiniz."[13]
Mürtəza Mütəhhəriyə görə, axirət dünyasını isbat etmək üçün nəqli dəlillərdən başqa yollar da vardır ki, bunlar ən azı axirət dünyasının varlığına dair "işarə və əlamətlər"dir. O, bu mövzuda üç yolu qeyd edir:
- Allahı tanımaq
- Dünyanı tanımaq
- İnsanın ruhunu və nəfsini tanımaq[14]
"Hikmət dəlili" və "Ədalət dəlili" mütəkəllimlərin axirətin varlığını sübut etmək üçün irəli sürdükləri əqli dəlillərdəndir.[15]
Hikmət dəlilində deyilir ki, əbədi yaşamaq ehtimalı olan insan həyatını dünya həyatı ilə məhdudlaşdırmaq Allahın hikmətinə uyğun gəlmir; Çünki Allah insanı ən böyük kamala çatdırmaq üçün yaratmışdır. Ən böyük kamala çatmaq da bu dünyada mümkün deyildir; Çünki axirət kamilliklərinin mövcud dəyəri dünyəvi kamilliklərlə müqayisə oluna bilməz.[16]
Ədalət dəlilində də deyilir: Bu dünyada yaxşılar və pislər öz əməllərinin mükafat və cəzasını layiq olduqları kimi görmürlər. Buna görə, Allahın ədaləti tələb edir ki, hər bir insanın özünə layiq olanı alacağı başqa bir dünya olsun.[17]
Axirətin xüsusiyyətləri və dünyadan fərqi
Mürtəza Mütəhhərinin fikrincə Quranın yüzlərlə ayəsində ölümdən sonrakı dünya, Qiyamət günü, ölülərin necə toplanacağı, mizan, hesab, əməllərin yazılması, cənnət və cəhənnəm, o dünyanın əbədiliyi kimi axirət dünyasına aid mövzular bəyan olunmuşdur.[18] Müsəlman alimləri Quran ayələrinə əsaslanaraq, axirətin bu dünyadan və içindəki sistemdən tamamilə fərqli bir dünya olduğunu düşünürlər.[19]
Axirətdə yaradılışın əvvəlindən sonuna qədər olan bütün insanlar eyni vaxtda yaşayırlar.[20] Bunda insanlar ya mütləq xoşbəxtlik içərisindədirlər və istədikləri hər şey onlara verilir, ya da mütləq bədbəxtlik içərisindədirlər. Onlara pis hesab etdikləri şeydən başqa bir şey verilməz. Amma dünyada həyat və ölüm, imkanlı və imkansız olmaq, bədbəxtlik və xoşbəxtlik, iztirab və rahatlıq, kədər və sevinc bir-birinə qarışıb.[21]
Quran ayələri və hədislərə əsasən axirətin bəzi digər xüsusiyyətləri isə bunlardır:
- Ölümsüzlük: Quran ayələrinə əsasən axirət sonsuz və əbədidir. Məsələn, "Qaf" surəsinin 34-cü ayəsində cənnətdəkilərə axirətdə müjdə veriləcəyi bildirilir: "Bu gün əbədiyyət günüdür". Həmçinin "Ğurərul-Hikəm"də İmam Əli (ə) buyurur: "Dünya müvəqqəti və keçici, axirət isə əbədidir".[22]
- Yaxşıların pislərdən ayrılması: Quran ayələrinə əsasən, axirətdə salehlərlə fasiqlər bir-birindən ayrılacaqlar: "Ey günahkarlar, bu gün (möminlərin və salehlərin cərgəsindən) ayrılın."[23] "Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar ki, Allah murdarı pakdan (dünyada kafiri mömindən) ayırsın."[24] "Möminlər sevinib cənnətə gedirlər, kafirlər isə kədərlənib cəhənnəmə girirlər."[25] "Rəbblərindən qorxanlar dəstə-dəstə cənnətə doğru aparılarlar."[26] "Biz günahkarları susuzluqla Cəhənnəmə tərəf sürərik."[27]
- Əməllərin nəticəsini görmək: Quran ayələrinə əsasən insan öz əməlinin nəticəsini axirətdə görəcək: "Onun səy və təlaşının (nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir. Sonra onun mükafatı ona kamil veriləcəkdir".[28] "Beləliklə, kim zərrə qədər yaxşı iş görsə, onun (nəticəsini) görəcəkdir, kim də zərrə qədər pis iş etsə, onun (nəticəsini) görəcəkdir".[29]
- Ləyaqətə görə fayda: Dünyadan fərqli olaraq axirətdə hər kəs öz ləyaqətinə görə faydalanar. İmam Əlinin (ə) bir hədisində buyurulur: “Dünya şəraiti hadisəyə tabedir, axirət şərtləri isə insanların ləyaqətlərinə uyğundur".[30]
Axirətin əhatə dairəsi
Axirət həyatının əhatə dairəsi ilə bağlı fikir ayrılığı var: Bəziləri hesab edirlər ki, axirət insanın ölümü və onun Bərzəx aləminə daxil olması ilə başlayır; Amma bəzi insanlar Bərzəx aləmini axirətin bir hissəsi hesab etmirlər və deyirlər: "Axirət dünyası Bərzəx aləminin sona çatmasından sonra başlayır.[31] Həmçinin mütəkəllimlər axirətin dünyanın gələcəyi olduğuna inanırlar, yəni, dünya həyatının sona çatmasından sonra başlayır; Amma filosoflar hesab edirlər ki, axirət hazırda mövcuddur, axirətə gedən yol dünyadan keçir, yəni onun varlığının dərəcəsi daha üstündür və onu əhatə edir. Bu qrupun istinad etdiyi ayələrdən biri də "Tövbə" surəsinin 49-cu ayəsidir:
Axirətlə bağlı Quran və rəvayətlərin tövsiyələri
Quran ayələrində və hədislərdə axirətlə bağlı göstərişlər verilmişdir ki, onlardan bəziləri belədir:
- "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha xeyirlidir. Heç düşünmürsünüz?!"[33]
- "Biz o axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik".[34]
- "Kim axirəti çox yada salsa, günahı azalar".[35]
- "Dünya axirətin əkin yeridir."[36]
- "O kəsin ki, gecə-gündüz ən mühüm qayğısı axirətdirsə, Allah onun qəlbinə ehtiyacsızlığı yerləşdirər, işini nizamlayar və ruzisini tam almadıqca dünyadan getməz."[37]
Monoqrafiya
Axirətlə bağlı kitablardan biri olan "Mənazilul-Axirət" 14-cü qəməri əsrinin alimlərindən olan Şeyx Abbas Qumi tərəfindən yazılmışdır. Bu kitabda o, axirətin mərhələlərini belə təsvir etmişdir: Ölüm, Qəbir, Bərzəx, Qiyamət və Sirat. Bu kitabda mizan-tərəzi, hesab-kitab və cəhənnəmin əzablarından da bəhs edilmişdir. Axirət mərhələlərini daha asan keçmək üçün bəzi ibadətləri yerinə yetirmək və bəzi əxlaqi məsələlərə riayət etmək tövsiyə edilmişdir.
"Mənazilul-Axirət" kitabı Ərəb, İngilis, Türk və Ordu dillərinə tərcümə edilmişdir.
İstinadlar
- ↑ Müctəhid Şəbəstəri, "Axirət", s.133
- ↑ Şerani, Nəsre tuba, h.ş 1389, s.15
- ↑ Müctəhid Şəbəstəri, "Axirət", s.133
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1377\h.q 1418, s.501
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1377\h.q 1418, s.501
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.341
- ↑ Müctəhid Şəbəstəri, "Axirət" s.133
- ↑ Müctəhid Şəbəstəri, "Axirət" s.133
- ↑ Müctəhid Şəbəstəri, "Axirət" s.133
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1377\h.q 1418, s.501
- ↑ Müctəhid Şəbəstəri, "Axirət" s.133
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1377\h.q 1418, c.2, s.502 və 503
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.389
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1377\h.q 1418, c.2, s.503
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.364-366
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.364
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.365
- ↑ Mütəhhəri, Məcmue asar, s.501
- ↑ Təbatəbai, Əl-mizan, h.q 1417, c.20, s.148; Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.411
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.411
- ↑ Təbatəbai, Əl-mizan, h.q 1417, c.20, s.148
- ↑ Amədi, Ğurərul-hikəm, h.ş 1366, s.134
- ↑ Yasin surəsi, ayə 59
- ↑ Ənfal surəsi, ayə 36-37
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.415
- ↑ Zumər surəsi, ayə 73
- ↑ Məryəm surəsi, ayə 86
- ↑ Nəcm surəsi, ayə 40-41
- ↑ Zilzal surəsi, ayə 7-8
- ↑ Amədi, Ğurərul-hikəm, h.ş 1366, s.134
- ↑ Xorasani, Axirət, s.98
- ↑ Xorasani, Axirət, s.98-99
- ↑ Ənam surəsi, ayə 32
- ↑ Qəsəs surəsi, ayə, 83
- ↑ Amədi, Ğurərul-hikəm, h.ş 1366, s.146
- ↑ İbn Əbi Cümhur, Ğəvaliyəl-ləyali, h.q 1405, c.1, s.267
- ↑ İbn Şube Hərrani, Tuhəful-uqul, h.q 1404\h.ş 1363, s.48
Ədəbiyyat
- Qurani-Kərim
- İbn Əbi Cümhur, Muhəmməd ibn Zeynud-din, Ğəvaliyəl-ləyalil-əziziyyəti fi əhadisid-diyniyyə, Təhqiq: Müctəhid İraqi, Qum, Daru Seyyidüş-şühəda lin-nəşri, 1-ci çap, h.q 1405
- İbn Şube Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul ən alir-rəsul, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Came Mudərrisin, 2-ci çap, h.ş 1363\h.q 1404
- Amədi, Əbdül-Vahid, Təhqiq: Mustafa Dirayəti, Qum, Dəftəre təbliğate İslami, 1-ci çap, h.ş 1366
- Xorasani, Əli, Dayrətul-məarife Qurani Kərim, Qum, Müəssisə: Mustane ketab, 5-ci çap
- Şerani, Əbül-Həsən, Nəsre Tuba, Lüğətname Qurani Kərim, Təhqiq: Seyyid Muhəmməd Riza Ğəyyati Kermani, Qum, Bunyade fərhəngi Mehdiye Movud, 1-ci çap. h.ş 1389
- Təbatəbai, Seyyid Muhəmməd Hüseyn, Əl-mizanu fi təfsiril-Quran, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1417
- Müctəhid Şəbəstəri, Muhəmməd, Dayrətul-məarife bozorqe İslami, 2-ci çap, h.ş 1374
- Misbah Yəzdi, Muhəmməd Təqi, Amuzeşe əqaid, Tehran, Əmir Kəbir, 18-ci çap, h.ş 1374
- Mütəhhəri, Mürtəza, Məcmue asar, 2-i cild, Tehran, Enteşarate Sədra, 17-ci çap, h.ş 1377\h.q 1418