Əsvəd ibn Qutbə
Nəhcül-bəlağə, 59-cu məktub: Əgər rəhbərin (idarəçinin) düşüncə və baxışı dəyişərsə, bu, onu ədaləti icra etməkdən çox uzaqlaşdırar. Buna görə də, insanlar üçün haqq olan məsələlərdə davranışın sənin yanında eyni və bərabər olmalıdır. Çünki zülm edərək ədalətin əvəzini tapmaq olmaz.
Başqalarına münasibətdə bəyənmədiyin bir şeyi, özün də etməyə çalışma. Nəfsini Allahın əmr etdiyi şeyləri yerinə yetirməyə vadar et — elə bir halda ki, Onun mükafatına ümidli, əzabından isə qorxulu olasan.
Bil ki, dünya bir imtahan yeridir və dünyapərəst bu dünyada bir saat belə dincəlməz ki, Qiyamət günü ona görə peşman olmasın. Və heç bir şey səni haqqdan ehtiyacsız etməz.
Sənin üzərindəki haqlardan biri də budur ki, nəfsinə göz-qulaq olasan və bacardığın qədər xalqın (rəiyyətin) işlərində çalışqan olasan. Çünki bu yolda əldə etdiklərin, fiziki gücünlə itirdiklərindən daha dəyərlidir.[1]
Əsvəd ibn Qutbə, (ərəbcə: الأسود بن قطبة) İmam Əlinin (ə) səhabələrindən biri və onun Hulvan bölgəsindəki ordu komandiri idi.[2] İmam Əli (ə) ona xitabən bir məktub yazmış və bu məktubun mətni "Nəhcül-Bəlağə"də yer almışdır.[3] İmam bu məktubda Əsvədi nəfsinə uymamaq və zülm etməkdən çəkinməyə, xalqla ədalətlə rəftar etməyə və onlara xidmət fürsətindən istifadə etməyə tövsiyə edir.[4] İmamın (ə) Əsvəd ibn Qutnə (nun hərfi ilə) adlı bir şəxsə yazdığı məktub "Vəqətu Siffeyn" kitabında nəql olunmuşdur və onun məzmunu "Nəhcül-Bəlağə"nin 59-cu məktubuna bənzəyir.[5]
Əli Əhmədi Miyanəci (vəfat: 1379 hicri-şəmsi) "Məkatibul-Əimmə" əsərində bildirir ki, tarixçilər və "Nəhcül-Bəlağə"nin şərhçiləri Əsvədin atasının adının Qutbə, Qutnə və ya Qutinə olması barədə ixtilaf etmişlər.[6] İbn Meysəm Bəhraninin şərhində "Qutinə" olaraq qeyd olunmuşdur.[7] Yeddinci hicri əsrində yaşamış "Nəhcül-Bəlağə"nin şərhçilərindən olan İbn Əbil-Hədid, Əsvədin nəsəbi barədə "əl-İstiab" kitabının baxışına üstünlük verərək onu Əsvəd ibn Zeyd ibn Qutbə ibn Ğənm Ənsari kimi təqdim etmişdir.[8] Bəzi mənbələr Əsvədin Bədr döyüşündə iştirak etdiyini qeyd etmişlər.[9]
Şiə tarixçisi Seyid Murtəza Əskəri (vəfat: 1386 hicri-şəmsi) "Nəhcül-Bəlağə"də İmam Əlinin (ə) məktub ünvanladığı Əsvəd ibn Qutbənin Səbai Qahtani olduğunu və onun Əsvəd ibn Qutbə Təmimi ilə eyni şəxs olmadığını bildirir.[10] Onun fikrincə, Əsvəd Təmimi İslam tarixində uydurulmuş şəxslərdəndir.[11]
İstinadlar
- ↑ Dəşti, Tərcümeye Nəhcül-bəlağə, h.ş 1379, s.598-599
- ↑ Əmin, Əyanuş-şiə, h.q 1403, c.3, s.442; Nəhcül-bəlağə, Sübhi Saleh, məktub 59, s.449
- ↑ Nəhcül-bəlağə, Sübhi Saleh, məktub 59, s.449
- ↑ Nəhcül-bəlağə, Sübhi Saleh, məktub 59, s.449
- ↑ Minqəri, Vəqqətu Siffeyn, h.q 1404, c.1, s.106
- ↑ Əhmədi Miyanəci, Məkatibul-əimmə, h.q 1426, c.1, s.462
- ↑ İbn Meysəm Bəhrani, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.5, s.196
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.17, s.145
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.17, s.145
- ↑ Əskəri, Sədo pəncah səhabiye saxtegi, h.ş 1387, c.2, s.53
- ↑ Əskəri, Sədo pəncah səhabiye saxtegi, h.ş 1387, c.2, s.53
Ədəbiyyat
- Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Darul-hücrə müəssisəsi, h.q 1414
- İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, h.q 1404
- Əhmədi Miyanəci, Əli, Məkatibul-əimmə, Qum, Darul-hədis, 1-ci çap, h.q 1426
- Əmin, Seyid Möhsin, Əyanuş-şiə, Livan, Darut-taaruf, h.q 1403
- İbn Meysəm Bəhrani, müysəm ibn Əli, Nəhcül-bəlağənin şərhi, Tehran, h.q 1404
- Əskəri, Seyid Mürtəza, Sədo pəncah səhabiye saxtegi, Qum, Daneşkədeye üsuliddin, h.ş 1387
- Minqəri, Nəsr ibn Muzahim, Vəqqətu Siffeyn, h.q 1404