Ali Buveyh
Ali Buveyhə (ərəbcə: آل بُوَيْه) hicri-qəməri tarixi ilə 322-ci ildən 448-ci ilədək İran və İraqın bir hissəsinə hökmranlıq etmiş şiə hakimlər sülaləsidir. Bu sülaləni Əbulhəsən İmadüddövlət Əli ibn Büveyh Deyləmi (ö.338 hq) qardaşları Əbuəli Həsən Rüknüddövlət (vəfatı: 366 h.q) və Əhməd Muizzuddövlətin (ö. 356 hq) köməyi ilə təsis edib. Sülalənin adı onların atasının adından(Əbuşüca Büveyh) götürülüb.
Ali Buyyənin hakimiyyəti dövründə Aşura günü İmam Hüseynə (ə) əzadarlıq, Qədir-Xum günü İmam Əlinin (ə) vilayəti bayramını ümumxalq səviyyəsində qeyd etmək rəsmiləşdirildi.
Həmçinin onların hakimiyyəti zamanında azanda “Həyyə ələ xəyril-əməl” deyildi, namazı möhürlə qılmaq və türbətlə təsbih demək azad şəkildə hər yerə yayıldı.
Bu sülalənin hakimləri İraqda şiə imamlarının (ə) məzarlarını təmir etdilər və Əhli-Beyt (ə) imamlarının məzarlarının ziyarəti kütləvi hal aldı.
Bəzi araşdırmaçılar bir sıra tarixi dəlil və sübutlara istinadən Ali Buyyənin (on iki imamçı) şiə olduğunu deyiblər. Bununla belə onların əvvəldən on iki imamçı şiə olmaları və ya sonradan “zeydilik”dən çıxıb on iki imamçı şiə məzhəbini qəbul etmələri barədə ixtilaflı fikirlər var. Bu sülalənin ən məşhur hakimləri Rüknüddövlət (hakimiyyət: 323-338 hq), Əzdüddövlət (hakimiyyət: 338-372 hq) və Muizzuddövlətdir (hakimiyyət: 325-356 hq).
Ali Buyyə sülaləsinin hakimiyyəti barədə müxtəlif kitablar yazılıb və müxtəlif qədim mənbələrdə onlardan danışılıb. Onların hakimiyyəti barədə ən qədim və əhəmiyyətli məlumatlar İbn Miskəveyhin (hicrətin 5-ci əsri) məşhur tarix əsəri “Təcarübül-Üməm” kitabıdır.
Ali Buyyənin tarixdə yeri və əhəmiyyəti
Ali Buyyə (Büveyhilər) hicri-qəməri tarixi ilə 322-ci ildən 448-ci ilədək, 120 ildən çox İran və İraqın bir hissəsinə hökmranlıq etmiş şiə hakimlər sülaləsidir.[1] Bu sülalənin hakimiyyəti dövründə şiə məzhəbinin simvolları, o cümlədən Aşura günü İmam Hüseynə (ə) əzadarlıq, Qədir-Xum günü İmam Əlinin (ə) vilayəti bayramını təntənəli qeyd etmək rəsmiləşdi və ümumiləşdi. Tarixçilər bu dövrü İslam mədəniyyətinin inkişafı dövrlərinin ən parlaq nümunələrindən biri hesab edirlər.[2]
Ali Buyyə hakimiyyəti Əbuşüca Büvey Deyləminin oğlu Əbulhəsən İmadüddövlət Əlinin (ö.338 hq) rəhbərliyi və qardaşları Əbuəli Həsən Rüknüddövlət (ö. 366 hq) və Əhməd Muizzuddövlətin (ö. 356 hq) köməyi ilə təsis edildi. Buna görə də sülalə Ali Buyyə, Ali Büveyh və ya Büveyhilər adlanır. Onlara “Deyləmilər” və[3] “Dəyalimə” də deyilir.[4]
Büveyhilərin məzhəbi
“Böyük İslam Dairətul-Məaarifi”nin yazarı həmin ensiklopediyanın “Ali Buyyə” mədxəlində deyir ki, onların məzhəbi barədə aydın bir söz demək və ya qəti bir rəy vermək olmur.[5] Müasir şiə tarixçisi Rəsul Cəfəriyan[6] və bir sıra digər araşdırmaçılar[7] isə bəzi tarixi məlumatlara istinadən Ali Buyyəni “on iki imamçı şiə” məzhəbinə aid edilər. Onlar öz fikirlərini Ali Buyyənin şiə dini ayinlərini ümumxalq səviyyədə ictimailəşdirməsi, öz vəzirlərini on iki imamçı şiələrdən seçmələri, hakimlərin şiə adları daşıması, hakimlərin şiə alimləri ilə yaxın əlaqələr qurması kimi məsələlərlə əsaslandırıblar.[8]
Həmçinin 8-ci hicri əsrinin məşhur əhli-sünnə tarixçisi İbn Kəsir Dəməşqi onları şiə və rafizi adlandırıb.[9]
Hicri-Qəməri tarixi ilə 6-cı əsrin böyük şiə alimi “ən-Nəqz” adlı kitabında Ali-Buyyə hakimlərini on iki imamçı şiə hesab etmişdir.[10] Bir sıra araşdırmaçı və yazarlar Ali-Buyyənin Təbəristanlı (Mazəndaran) olmasını və bu regionda əsas yayğın məzhəbin də “Zeydilik” olmasını önə çəkərək Büveyhilərin “zeydi” olması qənaətindədirlər.[11] Bu iddiya görə, Büveyhin övladları əvvəl “zeydi” məzhəbində olublar, sonra isə on iki imamçı şiəliyi qəbul ediblər.[12]
“Büveyhilərin şiəliyin yayılmasında və İraqda müqəddəs ziyarətgahların abadlaşdırılmasında rolu” (s.24) əsərinin müəllifi xanım Fatimə Cəfərniya bu fikirdədir ki, Deyləm əhalisi Nasir Ətruş və Həsən ibn Qasim kimi “ələvi” liderlərin vasitəsi ilə şiəliklə tanış olublar. Həsən ibn Qasim “zeydi” olub, Nasir Ətruşun məzhəbinin nə olması isə ixtilaflıdır.
“İranda şiəlik tarix” kitabının müəllifi Rəsul Cəfərian altıncı hicri-qəməri tarində yaşamış şiə alimi Müntəcəbuddin Razinin “Reyin tarixi” kitabında İbn ŞəhrAşubdan nəql edilən məlumata istinadən yazır ki, Büveyhi hakimləri o dövrün şiə alimi Tacurrüəsa ibn Əbi Süədanın vasitəsi ilə on iki imamçı şiəliyi qəbul ediblər.[13] İslam və İran tarixi üzrə araşdırmaçı yazar Rəsul Cəfərian Ali Buyyənin “zeydilik”dən çıxıb on iki imamçı şiliyi qəbul etməsini ehtimal olaraq belə əsaslandırır ki, onlar “zeydi” məzhəbində qalsaydılar hakimiyyəti “ələvi”lərə təhvil verməli idilər. Amma on iki imamçı şiə olmaqla hakimiyyətdə özləri qala biləcəkdilər.[14]
Rusiyanın universitet müəllimi İlya Pavloviç Petruşeviski (d.1898) belə hesab edir ki, Ali Buyyə hakimiyyətinin təsisçiləri şiə olublar. Amma sülalənin sonrakı davamçıları batində şiə olmaqlarına baxmayaraq zahirdə rəsmi olaraq özlərini sünni göstəriblər.[15]
“Büveyhilər və onların İraqda imamiyyə şiələrinin dini mərasimlərinin həyata keçirilməsində rolu” məqaləsinin müəllifi Petruşeviskinin bu fikrini yanlış hesab edib və ehtimal verib ki, onun belə fikirləşməsinə səbəb Ali Buyyə hakimlərinin Abbasi xilafətini qəbul etməsi olub.[16]
Həmçinin almaniyalı şərqşünas Bertold Spuler (1911-1990) “İslamın ilk əsrlərində İran tarixi” kitabında qeyd edib ki, Büveyhilər əvvəldən on iki imamçı şiə olublar və sonadək həmin əqidədə qalıblar.[17]
Şiə məzhəbi simvollarının qorunması
Büveyhilər imamiyyə şiələrinin məzhəbi atribut və simvollarının qorunması və yayılması yönündə bir sıra proqramları həyat keçirdilər ki, onlardan bəziləri aşağıdakılardır:
* Aşura günü əzadarlıq mərasiminin keçirilməsi: Muizzuddövlət deyləminin göstərişi ilə 352-ci hicri-qəməri ilində Aşura günü dövlət səviyyəsində ümumi əzadarlıq günü kimi elan edildi. Xalqdan istənildi ki, Aşura günü qara geyinməklə öz hüznlərini göstərsinlər.
İbn Xəldunun bu barədə verdiyi məlumata görə, qadınlar Aşura günü üzlərinə qara yaxaraq pərişan halda küçəyə çıxır, başlarına və üzlərinə döyərək İmam Hüseynin (ə) müsibətinə ağlayırdılar.[18]
Əhli-Sünnə tarixçisi İbn Cövzi (ö.597 hq) yazır: Aşura günü iş və ticarət tətil edilir, bazarlarda əzadarlıq çadırları qurulur, növhənxalıq mərasimi keçirilir və İmam Hüseynə (ə) əzadarlı edilirdi.[19]
İraqlı araşdırmaçı yazar Kamil Mustafa Şibi belə hesab edir ki, İmam Hüseyn (ə) əzadarlığının kütləvi keçirilməsi üçün ilk dəfə əzadarlıq dəstələri və heyətlər 352-ci hicri-qəməri ilində yaranıb.[20]
* Qədir-Xum bayramının keçirilməsi: Muizzuddövlət Deyləmi 351-ci hicri-qəməri ilində Qədir-Xum günü münasibəti ilə Bağdadda bayram mərasimlərinin keçirilməsi barədə göstəriş verdi.[21] Ondan sonrakı Büveyhi hakimləri dövründə də Qədir-Xum günü rəsmi şəkildə ümumxalq bayramı olaraq keçirildi.[22]
* İmamların (ə) məzarlarının abadlaşdırılması və ziyarətə rövnəq verilməsi: Büveyhi hakimləri İraqda dəfn edilən şiə imamlarının (ə) müqəddəs və mübarək məzarlarında yenidənqurma işləri apardılar, ziyarətgahlar təmir edildi, məzarların üzərində qübbə və günbəz tikildi.[23] Ziyarətgahlara nəzirlə hədiyyə edildi, vəqflər ayrıldı, ziyarət səfərləri üçün xüsusi şərait yaradıldı, insular ziyarətgahların yanında məskunlaşmağa təşviq edildilər və ziyarətgahların yaxınlığında məskunlaşanlara maddi yardım olundu və dolanışıqlarını təmin etmək üçün onlara dövlət büdcəsindən aylıq verildi.[24]
* Şiə fiqhinə uyğun azanın verilməsi: İkinci xəlifə Ömər ibn Xəttabın göstərişi ilə azandan çıxarılmış “Həyyə əla xəyril əməl” fəsli Hicri-Qəməri tarixi ilə 356-cı ildə Büveyhi hakimlərin göstərişi ilə azana qaytarıldı və minarələrdə səsləndi.[25]
* Türbətdən hazırlanan möhür və təsbihin itifadəsi: Büveyhilərin dövründə Həzrət İmam Hüseynin (ə) türbətindən və Kərbəla torpağından hazırlanan möhür və təsbihlərin istifadəsi geniş yayıldı.[26]
Bəzi araşdırmaçıların verdikləri məlumatlarda deyilir ki, Ali Buyyə dövründə hazırlanan pul vahidlərinin və sikkələrin üzərində “Allah, Məhəmməd Rəsulullah və Əliyyən Vəliyyullah” ifadələri yazılırdı.[27]
Məşhur Ali Buyyə hakimləri
Büveyhilər sülaləsinin ən məşhur hakimləri adları aşağıda keçənlərdir:
- İmaduddövlət Əli ibn Əbuşüca Büveyhi Deyləmi – İranın Fars əyalətində Büveyhilər hakimiyyətinin qurucusu.
- Rüknüddövlət Həsən ibn Əbuşüca Büveyhi Deyləmi – Əlborz dağları ərazisinin hökmranı idi. Sonra isə müharibə ilə Rey, Təbəristan (Mazandaran) və Qorqan (Gülüstan) ərazilərini alaraq hakimiyyətinin ərazisini genişləndirdi.
- Muizziddövlət Əhməd ibn Əbuşüca Büveyhi Deyləmi – 334-cü hicri-qəməri ilində Bağdadı fəth etdi. Bağddada Aşura[28] gününü rəsmi olaraq əzadarlıq və hüzn günü elan etdi və Qədir-Xum[29] günü vilayət bayramının keçirilməsinə fərman verdi.
- Əzduddövlət Əbuşüca ibn Həsən Büveyhi – Əmisi İmaduddövlət öləndən sonra onun yerinə keçdi. O, İranın ən qüdrətli şiə hökmranlarından biri hesab edilir. Əzduddövlət İran və İslam xilafəti ərazisində böyük bir hissəyə hökmranlıq edirdi.
Onun dövründə Bağdadın xarablıqları abadlaşdırıldı,[30] Fars əyalətində böyük su sədləri tikildi,[31] Bağdadda “Əzudi” xəstəxanası tikildi,[32] şiə imamlarının (ə) məzarları, o cümlədən Kazimeyndə[33] və Samerrada[34] imamların (ə) müqəddəs ziyarətgahlarında yenidənqurma işləri aparıldı, Mədinə şəhərinin dövrəsinə[35] divar çəkildi.
Büveyhilər hakimiyyətinin yaranma tarixi
Deyləmlilər hicri-qəməri tarixi ilə 4-cü əsrin əvvəllərində İranda Abbasilər xilafətinin əleyhinə bir sıra hərəkatlar həyata keçirməyə başladılar.[36] Deyləmdən Makan ibn Kaki, Əsfariyən Şirəveyh və Mordavic Ziyari adlı hərəkat rəhbərlərinin hər biri qoşun düzəldərək Abbasilər xilafətinin əleyhinə qiyam etdilər. Əbuşüca Büveyhin oğlanları Əli və Həsən Samanilərin rəhbəri Makan ibn Kakiyə qoşuldular.
Hicri-Qəməri tarixi ilə 321-ci ildə Mordavic Ziyari Corcan və Təbəristanı ələ keçirdi. Əli və Həsən Makanın razılığı ilə Mordavicə qoşuldular. O, Əlini Kərəcin hakimliyi vəzifəsinə təyin etdi.[37]
Əli Kərəcdə hakim olduqdan sonar həmin ətrafdakl qalaları fəth edərək öz ərazisinə daxil etdi. Əlinin bu addımı Mordavici öz hakimiyyəti sarıdan nigaran etməyə başladı. Əli daha sonra İsfahanı fəth etmək istədi, amma Mordavicin qardaşının qoşunlarına məğlub oldu.
Əli bu məğlubiyyətdən az sonra Ərrəcan və Novbəndcanı ələ keçirdi. Qardaşı Həsən də Əlinin göstərişi ilə Kazironu fəth etdi.[38] Əli 322-ci hicri-qəməri ilində Şirazı fəth edərək “Büveyhilər” dövlətini təsis etdi.[39] Sadic Səccadi və bir sıra digər tarixçilər Büveyhilər dövlətinin Ərcanın fəth olunması ilə 321-ci hicri-qəməri ilində (milad 932) təsis edildiyini deyirlər.[40] Büveyhilər hakimiyyətinin ilk on iki ilində Həsən və Əhməd Rey, Kerman və İraqı fəth etdilər. Beləliklə Büveyhilər dövləti üç böyük hissəyə və Kerman və Omanda bir kiçik şöbəyə bölündü.[41]
Şiə tarixçisi Əli Əsğər Fəqihinin (ö. 1382 hş) fikrincə Ali Buyyə sülaləsinin tarixi barədə yazanlar üçün ən əhəmiyyətli və orjinal qaynaq İbn Miskəveyhin (320 – 420 hq) “Təcarübül-Üməm” kitabıdır,[42] çünki müəllif Ali Buyyə hakimiyyəti dövründə yaşamışdır.[43]
Büveyhilər dövləti barədə ədəbiyyat
Büveyhilər tarixi barədə digər önəmli qaynaq İbrahim ibn Hilal Sabinin (ö. 384 hq) – “ət-Taci fi əxbarid-dovlətid-Deyləmiyyə” kitabıdır. Kitabın müəllifi Alu Buyyənin katiblərindən olub. Kitabda Əzduddövlətin hakimiyyəti dövrünün tarixi yazılıb.
- İbn Miskəveyh “Təcarübül-Üməm”də bu kitabın məlumatlarından istifadə etmişdir. Kitabın əlyazma nüsxəsinin bir hissəsi Yəmənin Səna şəhərinin Əəzəm Məscidinin Təvəkkülüyyə kitabxanasında saxlanılır. Həmin əlyazma Məhəmmədhüseyn Zeybədi tərəfindən 1977-ci ildə “Əl-Muntəzi min kitabit-Taci” adı ilə Bağdadda çap və nəşr edilib.[44]
Bundan əlavə Büveyhilər sülaləsinin tarixi barədə xüsusi kitablar yazılmışdır ki, bəziləri aşağıdakılardan ibarətdir:
- Əli Əsğər Fəqihi, “Ali Buyyənin tarixi” - bu kitab Ali Ziyar və Ali Buyyənin tarixi barədə yazıb və həmin dövrün vəziyyətini işıqlandırıb. Kitab həm də İran ali təhsil ocaqlarında dərslik kimi istifadə edilir.[45]
- Joel L. Kraemer, “Ali Buyyə dövründə mədəni dirçəliş və İslami intibah dövründə humanism” – kitabda Büveyhilər dövründə hakimiyyətin mərkəzi şəhərlərində, xüsusi ilə də Bağdadda mədəniyyət və elm mərkəzlərinin inkişafı və rövnəq tapması araşdırılıb.[46]
- Qulamrza Fədayi, “Büveyhilər dövründə elmi həyat” – bu kitab şiə dövlətlərində elm və mədəniyyətin inkişafı məsələsini araşdırıb və Ali Buyyə dövrünün alimlərindən danışıb.
İstinadlar
- ↑ Səccadi, Ali-Buyyə, c.1, s.629
- ↑ Qolizade, Bərresiye nəqşe dövləte Ali Buyyə dər qostərəşe təşəyyö və əmərane ətəbate İraq, s.122
- ↑ Mustəvfi, Nəzhətul-qulub, s.98-99-174
- ↑ Qolizade, Bərresiye nəqşe dövləte Ali Buyyə dər qostərəşe təşəyyö və əmərane ətəbate İraq, s.122
- ↑ Səccadi, Ali-Buyyə, c.1, s.640
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.376
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.376; Cəfərniya, Siyasəthaye hokuməte Ali Buyyə dər cəhəte təhkime vəhdəte miyane şiə və Əhli-Sünnət, s.24
- ↑ Cəfərniya, Siyasəthaye hokuməte Ali Buyyə dər cəhəte təhkime vəhdəte miyane şiə və Əhli-Sünnət, s.24
- ↑ İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.11, s.307
- ↑ Qəzvini, Nəqz, Əncöməne asare milli, s.42
- ↑ Cəfərniya, Siyasəthaye hokuməte Ali Buyyə dər cəhəte təhkime vəhdəte miyane şiə və Əhli-Sünnət, s.24
- ↑ Şeybi, Əs_Silətu beynət-təsəvvufi vət-təşəyyö, m.1982, c.2, s.39
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.380
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.378
- ↑ Petruşeviski, İslam dər İran, s.267; PurƏhmədi, Ali Buyyəvə nəqşe anan dər bərpayiye mərasim və məvasime şieye İmamiyye dər İraq, s.112
- ↑ PurƏhmədi, Ali Buyyəvə nəqşe anan dər bərpayiye mərasim və məvasime şieye İmamiyye dər İraq, s.112
- ↑ Bertold Spuler, Tarixe İran dər qurune nəxostine İslami, c.1, s.363; Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.375
- ↑ İbn Xəldun, Tarixu ibn Xəldun, c.3, s.425
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1358, c.7, s.15
- ↑ Şeybi, Əs-Silətu beynət-təsəvvufi vət-təşəyyö, m.1982, c.2, s.39
- ↑ İbn Xəldun, Tarixu ibn Xəldun, c.3, s.420-425
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1358, c.6, s.163
- ↑ Zəhəbi, Əl-İbəru fi ğəbərin min xəbər, h.q 1405, s.232
- ↑ Xətib Bağdadi, Tarix Bağdadi, h.q 1407, c.1, s.424
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1358, c.8, s.164; İbn Xəldun, Tarixu ibn Xəldun, c.3, s.460
- ↑ Səalibi, Yətiymətud-Dəhr, h.q 1352, c.3, s183
- ↑ Cəfəriyan, Tarixe təşəyyö dər İran, h.ş 1387, s.380
- ↑ İbn Xəldun, Tarixu ibn Xəldun, c.3, s.527
- ↑ İbn Kəsir, Əl-Kamil, h.ş 1385, c.8, s.549
- ↑ İbn Miskəveyh, Təcaribul-uməm, c.6, s.477-478
- ↑ Fərşad, Tarixe elm dər İran, h.ş 1366, c.2, s.790
- ↑ Fərşad, Tarixe elm dər İran, h.ş 1366, c.2, s.849-851
- ↑ Ali Yasin, Tarixul-Məşhədil-Kazimi, h.q 1435, s.24
- ↑ Məhəllati, Masirul-kubəra, h.ş 1384, c.1, s.321
- ↑ Hüseyni, Vəfaul-vəfa, m.2006, c.2, s.269-270
- ↑ Səccadi, Ali-Buyyə, c.1, s.629
- ↑ İbn Əsir, Əl-Kamil, h.q 1399, c.8, s.267
- ↑ Məqrizi, Əs-Suluk, h.q 1418, c.1, s.131
- ↑ İbn Tağrıberdi, Ən-Nucumuz-Zahirə, h.q 1392, c.3, s.244-245
- ↑ Səccadi, Ali-Buyyə, c.1, s.629
- ↑ Səccadi, Ali-Buyyə, c.1, s.629
- ↑ Fəqihi, Tarixu Ali Buyyə, h.ş 1378, s.17
- ↑ Fəqihi, Tarixu Ali Buyyə, h.ş 1378, s.17
- ↑ Fəqihi, Tarixu Ali Buyyə, h.ş 1378, s.4
- ↑ «احیای فرهنگی در عهد آلبویه: انسانگرایی در عصر رنسانس اسلامی»
- ↑ «حیات علمی در عهد آلبویه»
Ədəbiyyat
- Ali Yasin, Məhəmməd Həsən, tarixul-Məşhədil-Kazimi, h.q 1435\m.2014
- İbn Əsir, İzəddin, Əl-Kamilu fit-tarix, Beyrut, Daru sadir, h.q 1399
- İbn Cəvzi, Əbdür-Rəhman, Əl-Muntəzəm, Dairətul-məarifil-osmaniyyə, h.q 1358
- İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, tarixu ibn Xəldun, Beyrut, h.q 1391
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407\m.1986
- İbn Miskəveyh, Əhməd ibn Məhəmməd, Təcaribul-uməm, Qahirə, h.q 1332
- İbn Tağrıberdi, Yusif ibn Tağrı, Ən-Nucumuz-Zahirə, h.q 1392\m.1972
- «احیای فرهنگی در عهد آلبویه: انسانگرایی در عصر رنسانس اسلامی», gisoom.com saytı
- PurƏhmədi, Hüseyn, آل بویه و نقش آنان در برپایی مراسم و مواسم شیعه امامیه در عراق, ensani.ir saytı
- Cəfəriniya, Fatimə, سیاستهای حکومت آل بویه در جهت تحکیم وحدت میان شیعه و اهلسنت, ensani.ir saytı
- Cəfəriyan, Rəsul, Tarixe təşəyyö dər İran, Tehran, Elm nəşri, h.ş 1387
- Xətib Bağdadi, Əhməd ibn Əli, Tarix-Bağdad, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1407
- Zəhəbi, Şəmsud-din Məhəmməd, Əl-İbəru fi xəbərin min ğəbər, Beyrut, Darul-kutubil-ərəbiyyə, h.q 1405
- Səccadi, Sadiq, Ali-Buyyə, Dər dairətul-məarife bozorqe İslami, Tehran, h.ş 1369
- Şeybi, Kamil Mustafa, Əs-silətu beynət-təsəvvufi vət-təşəyyö, Beyrut, m.1982
- Fərşad, Mehdi, Tarix dər İran, Tehran, Əmir Kəbir müəssisəsinin nəşriyyatı, 1-ci çap, h.ş 1366
- Fəqihi, Əli Əsğər, Tarixe Ali Buyyə, Tehran, h.ş 1378
- Qəzvini, Əbdül-Cəlil, Nəqz, Düzəliş: Mühəddis, Tehran, Əncoməne asare milli
- Qolizade, Ğulamrza, Bərresiye nəqşe dövləte Ali Buyyə dər qostərəşe təşəyyö və əmərane ətəbate İraq, h.ş 1397
- Məhəllati, Zəbihullah, Masarul-kübəra, Qum, əl-Məktəbətul-Heydəriyyə, h.ş 1384\h.q 1426
- Mustəvfi, Həmdullah ibn Əbi Bəkr, Nəzhətul-qulub, Qəzvin, h.ş 1381
- Məqrizi, Əhməd ibn Əli, Əs-Suluk, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, h.q 1418\m.1997