Amerika İslamı
Amerika İslamı (farsca: اسلام آمریکایی) termini, xalis Məhəmməd (s) İslamı qarşısında olan bir İslam növünü tanıtdırmaq üçün İmam Xomeyni (r.ə) (1281–1368 h.ş.) tərəfindən istifadə edilən bir termindir.[1] O, 1988-ci ilin 31 mart tarixində, İran xalqına parlament seçkiləri münasibətilə göndərdiyi mesajda "Amerika İslamı" ifadəsini "xalis Məhəmməd (s) İslamı" qarşısında işlətmişdir.[2] Bildirilir ki, o, bu ifadələri daha çox ömrünün son illərində işlətmişdir.[3]
İmam Xomeyni (r.ə) öz çıxışlarında, mesajlarında və məktublarında Amerika tərəfindən təqdim edilən İslamın əsas xüsusiyyətinin dinin siyasətdən və mədəniyyətdən ayrı olması[4] və zalımlarla (istismarçılarla) uzlaşmaq[5] olduğunu qeyd etmişdir. O, Amerika İslamını "kapitalistlərin İslamı", "istismarçıların İslamı", "dərdsiz rifah içində olanların İslamı", "münafiqlərin İslamı", "rahatlıq axtaranların İslamı" və "fürsətçilərin İslamı" kimi müxtəlif adlarla adlandırmışdır.[6] O, bu yanlış İslamın əsas tərəfdarlarının İslamı həqiqi mahiyyətindən yayındırmağa çalışan şəxslər olduğunu düşünürdü.[7] Bu şəxslərə imperializmdən asılı olan hökmdarlar,[8] münafiqlər,[9] liberal millətçilər,[10] Höccətiyyə Cəmiyyəti,[11] ruhani qılığına girmiş şəxslər və həqiqi İslamdan uzaq müqəddəs görkəmli şəxslər[12] daxildir.

İmam Xomeyninin (r.ə) fikrincə, Amerika İslamının tərəfdarları, həqiqi İslamın müstəmləkəçi qüvvələrin maddi maraqları ilə ziddiyyət təşkil etməsi, İslamın onların hədəflərinə qarşı güc və potensialını dərk etmələri, İslamın digər ölkələrə nüfuz etməsindən qorxmaları və həqiqi İslamdan aldıqları zərbələr səbəbilə İslama düşmənçilik edirlər.[13] Xalis İslamın düşmənləri öz məqsədlərinə çatmaq üçün xalqları aldatmaq və aşağılamaq, dindarlığın izlərini silmək, ruhaniyyətə qarşı çıxmaq və İslamı geridə qalmış təqdim etmək kimi metodlardan istifadə edirlər.[14]
İmam Xomeyninin (r.ə) baxışına görə, Amerika, nəzərində olan İslam modelini yaymaq üçün digər istikbarçı güclərlə ortaq məqsədlərə malikdir və bu məsələdə onlarla müttəfiqdir.[15] Amerika və həqiqi Məhəmməd (s) İslamının əleyhinə olan digər super güclər, özlərinə bağlı hakimləri müsəlmanlara qəbul etdirməklə, İslamı natamam təqdim etməklə, haqq İslam tərəfdarlarını terror və məhv etməklə, həmçinin müsəlmanlar arasında ixtilaf yaratmaqla həqiqi İslama zərbə vurmağa çalışırlar.[16] İmam Xomeynidən (r.ə) sonra İran İslam Respublikasının sonrakı rəhbəri Ayətullah Xamenei də bu ifadəni müxtəlif hallarda işlətmişdir.[17] O, "Amerika İslamı"nı iki qrupa ayırmışdır: sekulyar İslam və mütəhəccir (geridə qalmış, xurafatçı) İslam.[18] Ayətullah Xameneinin baxışına görə, "xalis İslam" səmimiyyət, mənəviyyat, pərhizkarlıq və "mərdumsalari"nin (İslam hakimiyyətində inanclı insanların şəriət hökmləri əsasında fəal iştirak etməsi) simvoludur, həmçinin müsəlmanlar arasında birgəyaşayış və əməkdaşlıq dinidir. Lakin "Amerika İslamı" isə xarici qüvvələrin təsirini və onlara xidmət etməyi ifadə edir, müsəlmanlar arasında parçalanmanı gücləndirir və düşmənlərə güvənməyi təşviq edir. Bu İslam növü, istikbarçılıq və sionizmlə mübarizə aparmaq əvəzinə, müsəlman qardaşlar arasında münaqişə və müharibəni tövsiyə edir. Buna görə də, bütün müsəlmanlar onunla mübarizə aparmalıdırlar.[19]
"İki İslamın münaqişəsi" kitabı, Amerika İslamı və onun ilə xalis İslam arasındakı mübarizəyə dair məqalələri əhatə edən bir əsərdir və eyni zamanda, "Səhifeyi-İmam" adlı kitabın 21-ci cildinin xülasəsidir. Bu kitab 2014-cü ildə (h.ş. 1393) Şəhid Bəhruz Məhəmmədi Mədəni-İncəsənət Cəmiyyəti tərəfindən hazırlanmış və "Qum Maarif nəşriyyatı" tərəfindən çap olunmuşdur.[20]
İstinadlar
- ↑ Nümunə üçün müraciət edin: İmam Xomeyni, Səhifeyi-İmam, h.ş 1378, c.21, s.120 və 137 və 180 və 240
- ↑ İmam Xomeyni, Səhifeyi-İmam, h.ş 1378, c.21, s.11
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.6
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.353-370
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.371-386
- ↑ İmam Xomeyni, Səhifeyi-İmam, h.ş 1378, c.21, s.11
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.411-415
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.416-423
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.423-439
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.439-447
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.447-453
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.453-477
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.481-521
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.522-541
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.549-550
- ↑ İmam Xomeyni, İslame nab dər kəlam və peyame İmam Xomeyni, h.ş 1378, s.551-602
- ↑ «اسلام آمریکایی», khamenei.ir saytı
- ↑ «بیانات در مراسم بیست و هفتمین سالگرد رحلت امام خمینی (رحمهالله)», khamenei.ir saytı
- ↑ Xamanei, «پیام به حجاج بیتاللهالحرام»
- ↑ İmam Xomeyni, Cidale do İslam, h.ş 1393
Ədəbiyyat
- İmam Xomeyni, Seyid Ruhullah, Cidale do İslam, Qum, Məarif nəşri, h.ş 1393
- İmam Xomeyni, Seyid Ruhullah, Səhifeyi-İmam, h.ş 1378
- İmam Xomeyni, Seyid Ruhullah, İslame nab dər kəlam və peyame İmam Xomeyni, Tehran, h.ş 1378
- «اسلام آمریکایی», khamenei.ir saytı
- Xamanei, Seyid Əli, «پیام به حجاج بیتاللهالحرام»
- Xamanei, Seyid Əli, «بیانات در مراسم بیست و هفتمین سالگرد رحلت امام خمینی (رحمهالله)»