Sara

wikishia saytından
(Həzrət İshaqın anası Sara səhifəsindən yönləndirilmişdir)
Sara
Fələstində Həzrət İbrahimin (ə) zövcəsi Saranın məzarı
Fələstində Həzrət İbrahimin (ə) zövcəsi Saranın məzarı
DiniTəkallahlı
Məşhur qohumlarHəzrət İbrahimin (ə) zövcəsi və xalası qızı və ya əmisi qızı
Doğulduğu yerBabil şəhərinin dağlarının kənarında "Kusa" adlı məntəqə (hal-hazırki İraq)
Vəfatı127 yaş
Dəfn edildiyi yerHebron məntəqəsi, Əl-Xəlil şəhəri hal-hazırda işğal olunmuş Fələstin


Sara (ərəbcə: سارة), İbrahimin (ə) birinci arvadı və İshaqın (ə) anasıdır. Qurani-kərimin iki surəsində deyildiyinə görə, mələklər onu 90 yaşında İshaq adlı övladının dünyaya gəlməsi ilə müjdələdilər. Sara, həzrət Məryəm (ə)həzrət Fatimə (s) kimi, mələklər onunla danışdıqları üçün Mühəddəsə adlanır.

İshaqın dünyaya gəlməsindən illər əvvəl Sara öz kənizi Hacəri İbrahimə verdi ki, ondan övlad sahibi olsun. Şeyx Səduq İsmayılın doğulmasından sonra Saranın qısqanclığına işarə edən rəvayətlər nəql edib. Lakin bəzi müasir tədqiqatçılar sözügedən hədislərin mənasına və sənədinə şübhə ilə yanaşırlar.

Həyatı

Hicri-qəməri 6-cı əsrin şiə təfsirçiləri Əminül-İslam Təbərsi[1] və Əbül-Fütuh Razi[2] Saranın Haran ibn Yəhurun övladı və İbrahimin (ə) əmisi qızı olduğu qənaətindədirlər. Əlbəttə, şiə mənbələrinin bəzi rəvayətlərində Sara, Lahıc peyğəmbərin övladı və İbrahimin (ə) xalası qızı hesab edilir.[3] Digər tarixi mənbələrdə Saranın Bətvail ibn Nahurun qızı,[4] Labin ibn Bəsvil ibn Nahurun qızı[5] və Malik Harranın qızı[6] olması kimi başqa fikirlər də nəql edilib.

3-cü əsrdə yaşamış sünni tarixçisi İbn Quteybə Dinəvəri Tövratdan sitat gətirir ki, Sara İbrahimin qardaşı qızıdır.[7] Onun nəqlinə görə, Sara və Lut (ə) ata tərəfdən bacı-qardaşdırlar. İbrahimin (ə) qardaşı Haranın övladlarıdır. Sünni tarixçisi İbn Kəsir (vəfatı: h. q. 774) bu versiyanı rədd edir. Onun fikrincə, məşhur versiya budur ki, Sara onun əmisi qızıdır.[8] “Əl-Ənbiya, həyatuhum, qisəsuhum” (Peyğəmbərlər, onların həyatları, hekayətləri) kitabının müəllifi Abdulsahib Hüseyni Amuli hesab edir ki, Lut Saranın ata tərəfdən deyil, ana tərəfdən qardaşıdır. Buna görə də Sara İbrahimin qardaşı qızı deyil. Onun sözlərinə görə, Sara İbrahimin əmisi qızı və xalası qızı olub.[9]

Sara Lutla birlikdə İbrahimə (ə) iman gətirdi və tövhidi qəbul etdi.[10] İbrahim peyğəmbərlə də evləndi.[11] Sara öz dövrünün ən gözəl qadınlarından idi.[12] Onun çoxlu əkin sahələri və mal-qarası var idi və bütün var-dövlətini İbrahimin (ə) ixtiyarına verdi.[13]

Misirə mühacirət

İbrahimin (ə) Babildə tövhidə dəvətindən sonra ona az adam inandı və bu səbəbdən İbrahim Sara və Lutla birlikdə Şama hicrət etdi. Lakin aclıq və xəstəliyin yayılması ilə Sara və əri İbrahim (ə) Misirə getdilər.[14] Tarixi rəvayətlərə görə, Misir padşahı Saranın gözəlliyindən xəbər tutdu[15] və İbrahim (ə) onun Sara ilə münasibətinə dair suala cavab olaraq onu öz bacısı kimi təqdim etdi.[16] İbn Əsirin dediyi kimi, İbrahim (ə) bilirdi ki, əgər o, Saranı öz arvadı kimi təqdim etsə,[17] padşah Saraya sahib olmaq üçün onun öldürülməsini əmr edəcək. Buna görə də o, həqiqəti gizlətdi. Misir padşahı Saranı çağırıb ona sahib olmaq istədi. Lakin bu vaxt onun əli qurudu.[18] Padşah Saradan əlinin yenidən sağalması üçün dua etməsini xahiş etdi ki, onu buraxsın. Lakin Saranın duasından və padşahın əli sağalandan sonra yenidən Saraya yaxınlaşmağa çalışdı və bu hadisə üç dəfə təkrarlandı.[19] Bundan sonra padşah tutduğu işdən peşman oldu. Saraya Hacər adlı kəniz və digər hədiyyələr verib onu azad etdi.[20]

Əllamə Təbatəbainin fikrincə, İbrahimin (ə) Saranı öz bacısı kimi təqdim etməsi peyğəmbərlik məqamına uyğun gəlmir və mövcud Tövratın sünni tarix və hədis mənbələrinə sızan ziddiyyətlərindən biridir.[21] Həmçinin, Əllamə Təbatəbainin “əl-Kafi”dən nəql etdiyi bir rəvayətə görə, bu hadisədə İbrahim (ə) Saranı öz arvadı olaraq təqdim edib və hər dəfə padşahın əli quruyanda İbrahimin (ə) duası ilə əvvəlki vəziyyətinə qayıdıb.[22]

90 yaşında övlad müjdəsi

Tarixi mənbələrdə qeyd olunduğu kimi, ilahi mələklər Saraya 90 yaşında övladının dünyaya gələcəyini müjdə verdilər.[23] O, inamsızlıqdan güldü və dedi: “Yaşlı qadın necə hamilə qala bilər?”[24] Bir müddət sonra hamilə qaldı. İshaq onun və İbrahimin (ə) övladıdır.[25] Quranın iki surəsində mələklərin müjdəsi və Saranın övlad sahibi olmasına reaksiyasından bəhs edilir.[26]

Sara hamilə olduğunu bilməzdən əvvəl, qısır olduğu üçün kənizi Hacəri əri İbrahimə (ə) verdi ki, ondan övlad sahibi olsun və bundan sonra İbrahim (ə) və Hacərin oğlu İsmayıl dünyaya gəldi.[27]

Vəfatı

İbrahimin (ə) arvadı Sara 127 yaşında Hebronda vəfat etdi.[28] Saranın ölümündən sonra İbrahim (ə) Hebronda sakinlərdən bir yer aldı və Saranı orada dəfn etdi.[29] Daha sonra İbrahim, İshaq və Yaqub bu yerdə dəfn edildi.[30] Adı çəkilən yer İbrahimin (ə) ziyarətgahı kimi tanınır və Qüdsün cənubundakı Hebron şəhərində yerləşir.[31]

Xüsusiyyətləri

İmam Əliyə (ə) aid edilən rəvayətə görə, Saraya Mühəddəsə deyilir.[32] Çünki mələklər onunla danışıb, İshaqın (ə) mövludunu müjdə veriblər. Sözügedən rəvayətə görə, həzrət Məryəm, həzrət Zəhra (ə) və həmçinin həzrət Musanın (ə) anası da mühəddəsədirlər.[33] Şiələr inanırlar ki, mələklər təkcə peyğəmbərlər və elçilərlə danışmayıblar. Əksinə, imamlarla (ə), həzrət Fatimə (ə) və başqaları ilə də danışıblar.[34] Quranda həzrət Məryəmlə danışan mələklər haqqında ayələr, o cümlədən “Ali-İmran” surəsinin 42 və 45-ci ayələri bu inancın təsdiqi hesab edilir.[35]

Şeyx Səduq və Əli ibn İbrahim Quminin nəql etdiyi rəvayətlərdə İsmayılın dünyaya gəlişindən sonra Saranın qısqanclığı və xasiyyətinin tündləşməsi, eləcə də İbrahimin (ə) bu məsələdə səbir göstərməsi qeyd edilib.[36] Lakin bəzi müasir tədqiqatçılar bu rəvayətləri sənəd və dəlalət baxımından zəif hesab edirlər.[37] Tövratda deyilir ki, Sara İbrahimdən (ə) Hacər və İsmayılı evindən qovmağı istədi. Lakin İbrahim (ə) Saranın istəyindən narazı qaldı.[38] Nəhayət, Allah ondan bu işi görməyi istədikdən sonra o, Saranın arzusunu yerinə yetirdi.[39]

Bütün bunlara baxmayaraq, bəzi başqa rəvayətlərdə şiə övladlarının və möminlərin övladlarının Bərzəx aləmində himayəsi və tərbiyəsi Sara və İbrahimə (ə) həvalə edilir ki, onları tərbiyə edib, sonra valideynlərinə təhvil versinlər.[40]

Əlaqəli məqalə

İstinadlar

  1. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.273
  2. Əbül-Fütuh Razi, Rəvzul-cinan, h.q 1408, c.10, s.304
  3. Kuleyni, Əl-Kafi, s.370; Ravəndi, Qisəsul-Ənbiya (ə), h.q 1409, s.106
  4. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.1, s.57
  5. İbn Həbib, Darul-afaqil-cədidə, s.394
  6. Təbəri, Tarixu Təbəri, h.q 1387, c.1, s.244
  7. İbn Qüteybə, Əl-Məarif, m. 1992, s.31
  8. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.1, s.150
  9. Hüseyni Amili, Əl-Ənbiya həyatuhum qisəsuhum, h.q 1391, s.116 və 129
  10. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.1, s.245
  11. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.1, s.245
  12. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.1, s.101; Müqəddəsi, Əl-Bidau vət-tarix, c.3, s.51
  13. Kuleyni, Əl-Kafi, c.8, s.370
  14. Aşinayi ba zənane Qurani, h.ş 1389, s.110 və 111
  15. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.1, s.150
  16. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.1, s.101
  17. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.1, s.101
  18. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.1, s.101
  19. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.1, s.101
  20. Müqəddəsi, Əl-Bidau vət-tarix, c.3, s.52
  21. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.7, s.226-229
  22. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.7, s.231-232
  23. Fuad Həmdu, Aşinayi ba zənane Qurani, h.ş 1389, s.116-119
  24. Fuad Həmdu, Aşinayi ba zənane Qurani, h.ş 1389, s.116-119
  25. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.1, s.248-249
  26. Hud surəsi, ayə 71-73; Zariyat surəsi, ayə 29-30
  27. Müqəddəsi, Əl-Bidau vət-tarix, c.3, s.53
  28. İbn Xəldun, Divanul-mübtəda vəl-xəbər, h.q 1408, c.2, s.43
  29. İbn Xəldun, Divanul-mübtəda vəl-xəbər, h.q 1408, c.2, s.43
  30. Müqəddəsi, Əl-Bidau vət-tarix, c.3, s.52-53
  31. Hüseyni Cəlali, Məzaratu əhli-beyt (ə) və tarixuha, h.q 1415, s.254
  32. Aşur, Musuətu Əhlil-beyt (ə), h.q 1427, c.7, s.24
  33. Aşur, Musuətu Əhlil-beyt (ə), h.q 1427, c.7, s.24
  34. Əmini, Mushəfu Fatimi, h.ş 1382, s.60
  35. Əmini, Mushəfu Fatimi, h.ş 1382, s.60-61
  36. Şeyx Səduq, Əl-Xisal, h.q 1403, s.307; Şeyx Səduq, Məaniul-əxbar, h.ş 1361, s.128; Qumi, Təfsirul-Qumi, h.q 1363, c.1, s.60
  37. Təhami, Sare həmsəre İbrahim (ə) dər Quran və rəvayat
  38. Ketabe müqəddəs, Səfəre peydayeş, bab 21, ayə 9-15
  39. Ketabe müqəddəs, Səfəre peydayeş, bab 21, ayə 9-15
  40. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.3, s.490; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.5, s.293

Ədəbiyyat

  • Quran
  • Tövrat
  • İbn Əsir, Əl-Kamilu fit-tarix, Beyrut, Daru Sadir, h.q 1385
  • İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Divanul-mübtəda vəl-xəbər, Beyrut, h.q 1408
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, h.q 1407, Beyrut
  • İbn Qüteybə, Əl-Məarif, Abdullah ibn Muslim, Qahirə, m. 1992
  • İbn Həbib, Məhəmməd ibn Həbib ibn Haşimi Bağdadi, Beyrut, Darul-afaqil-cədidə
  • Əbül-Fəttah Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, Astane Qodse Rəzəvi, h.q 1408
  • Təhami Fatimi, Sare həmsəre İbrahim (ə) dər Quran və rəvayat, Tehran, h.ş 1387
  • Hüseyni Amili, Əbdüs-Sahib, Əl-Ənbiya: Həyatuhum və qisəsuhum, Beyrut, m. 2002
  • Hüseyni Cəlali, Məzaratu əhli-beyt (ə) və tarixuha, Beyrut, h.q 1415
  • Fuad Həmdu, Aşinayi ba zənane Qurani, Tehran, h.ş 1389
  • Ravəndi, Qutbuddin Səid, Qisəsul-ənbiya (ə), Məşhəd, h.q 1409
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl_Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, h.q 1403
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Məaniul-əxbar, Qum, Dəftəre enteşarate İslami, h.ş 1361
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Dəftəre enteşarate İslami, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, h.q 1387
  • Aşur, Əli, Musuətu Əhlil-Beyt (ə), Beyrut, h.q 1427 \ m. 2006
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, 5-ci çap, h.q 1417
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Qumi, əli ibn İbrahim, Qum, Darul-kitab, h.ş 1363
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Əli Əkbər Ğəffarinin səyi ilə, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məsudi, Əli ibn Həsən, Murucuz-zəhəb, Qum, h.q 1409
  • Müqəddəsi, Məhəmməd ibn Tahir, əl-Bidau vət-tarix