Əl-Əqsa məscidi

wikishia saytından
(Müsəlmanların ilk qibləsi səhifəsindən yönləndirilmişdir)
Əl-Əqsa məscidi
BanisiƏbdül-Məlik ibn Mərvan (H.q 66 - 73)
MəkanMəscid - Beytül-Müqəddəs
Digər adlarıBeytül-Müqəddəs məscidi
Əlaqəli hadisələrDünya məscid günü, m.1969-cu ildə yandırılması
Vəziyyətiİşlək
Üslubİslami
Yenidən qurulmasıMüxtəlif dövrlərdə


Əl-Əqsa məscidi (ərəbcə: المسجد الأقصی) Beytül-müqəddəsin məscidlərindən biri və müsəlmanların ilk qibləsidir. Rəvayətlərə görə İslam Peyğəmbəri (s) oradan meraca gedib. Qurani-Kərim "İsra" surəsində merac hekayətini qeyd edərkən onu zikr edir. Əl-Əqsa məscidi müsəlmanlar, yəhudilər və xristianların yanında hörmətli sayılır. İslami hədislərdə Məscidül-HəramMəscidün-Nəbinin yanında fəzilətli məscidlərdən biri hesab edilir və orada namaz qılmağın digər məscidlərdəki min namaza bərabər olduğu bildirilir.

Yəhudilər Süleyman (ə) məbədinin qalıqlarının Əl-Əqsa məscidinin altında olduğuna inanırlar. Bəzi xristianların nəzərinə görə, Məscidül-Əqsanın dağıdılması və yerinə Süleymanın (ə) üçüncü məbədinin tikilməsi Məsihin zühur etməsi üçün şərtdir. Buna görə də bəzi yəhudilər Məscidül-Əqsanı dağıdıb yerinə Süleyman məbədini bərpa etməyə çalışırlar. Buna xatir də İsrail qüvvələri müsəlmanların bu məscidə daxil olmasına mane olur. 1969-cu ildə bir yəhudi Məscidül-Əqsanı yandırdı və bu səbəbdən də İran İslam Respublikasının təqvimində (mordad ayının 31-i) avqustun 21-i Beynəlxalq Məscid Günü kimi qeyd olunub.

Bu gün Əl-Əqsa məscidi adlanan bina birinci qəməri əsrində Əbdül-Məlik ibn Mərvan dövründə tikilib və müxtəlif dövrlərdə təmir və bərpa olunub.

Yeri və adlandırılması

Hərfi mənada ən uzaq məscid mənasını verən Əl-Əqsa məscidi Fələstində Beytül-müqəddəsdə bir məscidə işarə edir ki, şəhərin cənub-şərqində yerləşir.[1] Məscidül-Əqsa adlandırılmasının səbəbi ilə bağlı onun Məkkə və o dövrdə Peyğəmbərin (s) və müsəlmanların yaşadığı yer olan Məscidül-Haramla məsafəsinin uzaqlığının nəzərə alındığı bildirilir.[2]

Bəzi tədqiqatçıların dediyinə görə, Quranda istifadə edilən Məscidül-Əqsa böyük bir ərazini əhatə edir ki, Səxrə məscidi (Peyğəmbərin (s) merac yeri), eyvanlar və s. yerlərə şamil olur.[3] Bu səbəbdən bəzi şiə təfsirçiləri, "İsra" surəsinin birinci ayəsində adı keçən Məscidül-Əqsadan məqsədin Beytül-Müqəddəs olduğunu bildiriblər ki,[4] Davud peyğəmbər (ə) və Süleyman (ə) onu tikdirib.[5] Bəzi rəvayətlərdə də Əl-Əqsa məscidindən Beytül-Müqəddəs məscidi adı ilə yad edilir.[6]

Bəziləri Peyğəmbərin (s) merac etdiyi dövrdə Məscidül-Əqsa adlı binanın olmadığını və merac ayəsindəki məscid sözünün ibadət yeri mənasını ifadə etdiyini deyiblər.[7]

Bu gün Əbdül-Məlik ibn Mərvan dövründə Qüds hərəmi ərazisində tikilmiş üstü örtülü bina, üstü örtülü Məscidül-Əqsa və ya Məscidül-Əqsa kimi tanınır. Habelə sözügedən binanın, Səxrə məscidinin, Ömər məscidinin, Boraq divarını və s. yerlərin yerləşdiyi ərazidən Əl-Əqsa məscidi kompleksi adı ilə yad edilir.[8]

Fəziləti

سُبْحَانَ الَّذِی أَسْرَ‌یٰ بِعَبْدِهِ لَیلًا مِّنَ الْمَسْجِدِ الْحَرَ‌امِ إِلَی الْمَسْجِدِ الْأَقْصَی الَّذِی بَارَ‌کنَا حَوْلَهُ لِنُرِ‌یهُ مِنْ آیاتِنَا ۚ إِنَّهُ هُوَ السَّمِیعُ الْبَصِیرُ‌

Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır). İsra surəsi, ayə 1

Əl-Əqsa məscidi müsəlmanlar, xristianlar və yəhudilər tərəfindən hörmətli sayılır. Yəhudilərin fikrincə, Süleyman (ə) məbədinin qalıqları Əl-Əqsa məscidinin altında yerləşir.[9] Müsəlmanlar İslam peyğəmbərinin (s) bu yerdən meraca getdiyinə inanırlar.[10] İkinci qəməri ilində müsəlmanların qibləsinin dəyişməsindən əvvəl bura, müsəlmanların ilk qibləsi idi.[11] Buna görə də Qacar ​​və Pəhləvi dövründə bəzi İran şiələri Həcc səfəri zamanı Beytül-müqəddəsin məzhəbi yerlərini, o cümlədən, Əl-Əqsa məscidini də ziyarət edirdilər.[12]

Hədislərdə Əl-Əqsa məscidi Məscidül-Həram, Məscidün-Nəbi və Kufə məscidi ilə birlikdə dörd fəzilətli məsciddən biri hesab olunur.[13] Bəzi hədislərdə Kufə məscidi gəlməyib, Əl-Əqsa məscidi Məscidül-Həram və Məscidün-Nəbi ilə birlikdə üç fəzilətli məsciddən biri sayılıb.[14] Üç məsciddə bir namaz qılmağın digər məscidlərdəki min namaza bərabər olduğu bildirilir.[15]

Əlbəttə ki, şiə rəvayət mənbələrində Kufə məscidinin Əl-Əqsa məscidindən üstün olduğuna dair hədislər vardır.[16]

Tarixi

Deyilənə görə, ilk dəfə Həzrət Davud (ə) Məscidül-Əqsa kompleksinin yerində məbəd tikdirmiş və Həzrət Süleyman (ə) onu tamamlamışdır ki, Süleyman məbədi, Qüds məbədi, İlya məbədi və İlya məqbərəsi adlanır.[17] 19-20-ci əsrlərdə yaşamış tarixçi Güstav Le Bonun dediyinə görə, Beytül-müqəddəsin müsəlmanlar tərəfindən fəth edilməsindən əvvəl Əl-Əqsa məscidi kompleksində Həzrət Məryəm adlı bir kilsə var idi.[18]

Birinci qəməri əsrindən qalan sənədlərə əsasən, Əl-Əqsa məscidinin indiki binası Əməvilər dövründə və birinci qəməri əsrində tikilmişdir.[19] 8-ci qəməri əsrinin tarixçisi İbn Kəsirin dediyinə görə, məscidin tikintisi Əbdül-Məlik ibn Mərvanın (hökmdarlığı h. q. 65-86-cı illərdə olub) əmri ilə hicri 66-cı ildə başlanmış və hicri 73-cü ildə başa çatmışdır.[20] Bəziləri onun tikilməsini Vəlid ibn Əbdül-Məlikə (h. 86-96-cı illərdə hökmranlıq etmişdir) nisbət vermişlər.[21]

İbn Kəsir yazır: "Əbdül-Məlik Əl-Əqsa məscidini və onun ətrafındakı binaları şamlıların Həccə getmələrinin qarşısını almaq və onun ətrafında təvaf etməyə məcbur etmək məqsədi ilə tikdirmişdir.[22] Çünki Abdullah ibn Zübeyr həccdən Əbdül-Məlikə qarşı təbliğat aparmaq və zəvvarlardan özünə beyət almaq üçün istifadə edirdi.[23] O, Ərəfə günüMina günləri etdiyi xütbələrində Peyğəmbərin (s) Əbdül-Məlikin babası Həkəm ibn Ası və onun nəslini lənətlədiyini xatırladaraq, şamlıları özünə cəlb edirdi".[24]

Binanın xüsusiyyətləri

Əl-Əqsa məscidinin binası düzbucaqlı formadadır və uzunluğu 80 metr, eni isə 55 metrdir.[25] Məscidin binası 53 mərmər sütun və 49 bünövrə üzərində tikilmişdir.[26] Həmçinin məscidin orta hissəsinin yuxarısında günbəzi olan böyük eyvanı vardır.[27] Hicri 438-ci ildə Beytül-müqəddəsi ziyarət edən 5-ci qəməri əsrinin səyyahı Nasir Xosrov (394-468)[28] səyahətnaməsində Əl-Əqsa məscidini vəsf edib və onun üçün xidmət edənlərin mövcudluğundan bəhs etmişdir.[29]

Yenidənqurma və təmiri

Əl-Əqsa məscidinin binası müxtəlif dövrlərdə təmir olunub və yenidən qurulub. Abbasilər, Fatimilər, Əyyubilər və Osmanlılar onu təmir edən və yenidən quran hökumətlərdəndir.

Mənsur Dəvaniqi (hökmdarlığı h. q. 136-158-ci illərdə olub)[30] və Abbasi xəlifələrindən Mehdi Abbasi (h. q. 126-169) zəlzələ nəticəsində dağıdılan Əl-Əqsa məscidinin binasını təmir edib yenidən tikdirdilər.[31] Həmçinin bir kitabəyə əsasən, Fatimi xəlifələrindən olan Əl-Zahir Li İzazi Dinillahın göstərişi ilə hicri 426-cı ildə Əl-Əqsa məscidinin üzərində bir günbəz tikilmişdir.[32] Habelə Əl-Müstənsir Li Dinillahın əmri ilə məscidin şimal eyvanı hicri 458-ci ildə yenidən tikildi.[33]

Miladi təqvimi ilə 1099-cu ildə (h. q. 583-cü ildə) səlibçilər Beytül-müqəddəsi ələ keçirdilər və Əqsa məscidinin bir hissəsində kilsə tikdilər və onun digər hissəsində atlılar üçün istirahət yeri və anbara çevirdilər.[34] Hicri 589-cu ildə Səlahəddin Əyyubi Beytül-müqəddəsi onlardan geri aldı, məscidin mehrabını yenidən tikdi, günbəzini kirəmitlə döşədi və orada taxta minbər qoydu.[35] Məmlüklər və osmanlılar da Məscidül-Əqsanı yenidən bərpa etdilər.[36]

Yəhudiləşdirmə

Yəhudilər Süleyman (ə) məbədinin qalıqlarının Əl-Əqsa məscidinin altında olduğuna inanırlar. Buna görə də onlardan bəziləri Əl-Əqsa məscidini dağıtmağa və Süleyman (ə) məbədini dirçəltməyə çalışırlar.[37] Mütəxəssislərin dediyinə görə, sionist rejimin Əl-Əqsa məscidi altında apardığı qazıntılar bu bina üçün təhlükə hesab olunur.[38] Çünki bu qazıntılar Əl-Əqsa məscidinin divarlarında və bünövrəsinin altında çatlar əmələ gətirmişdir.[39] Bildirilir ki, bəzi xristianlar Əl-Əqsa məscidinin dağıdılması və onun yerinə üçüncü Süleyman (ə) məbədinin tikilməsini Məsihin (ə) zühurunun şərti hesab edirlər.[40] Buna görə də İsrail qüvvələri müsəlmanların Əl-Əqsa məscidinə daxil olmasına mane olurlar.[41] Əl-Əqsa məscidi Beytül-müqəddəsdə İsrailə qarşı İslam kimliyinin simvolu hesab olunur.[42]

21 avqust 1969-cu ildə Dennis Michael William Rohan adlı bir yəhudi Əl-Əqsa məscidini yandırdı, məscidin bəzi hissələri zədələndi və damı uçdu. Hicri 583-cü ilə aid olan məscidin qədim minbəri də bu yanğında yandı.[43] İran İslam Respublikasının rəsmi təqvimində Əl-Əqsa məscidinin (mordad ayının 31-i) avqustun 21-də yandırılmasının ildönümü beynəlxalq məscid günü adlandırılmışdır.[44]

Qalereya

İstinadlar

  1. Həmidi, Tarixe Jerusalem, h.ş 1381, s.183
  2. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.12, s.7; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.612
  3. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.7
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.612
  5. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.13, s.6
  6. Nümunə üçün baxın: İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsir, h.q 1409, s.661
  7. Həmidi, Tarixe Jerusalem, h.ş 1381, s.183-184
  8. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.7
  9. Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1385, s.88
  10. İsra surəsi, ayə 1
  11. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.331
  12. Nümunə üçün baxın: Cəfəriyan, Pəncah səfərnameye Həcce Qacari, h.ş 1389, s.230
  13. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.29
  14. Buxari, Səhih-Buxari, h.q 1407, c.1, s.398
  15. İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsir, h.q 1409, s.661
  16. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.279; Mühəddis Nuri, Mustədrəku vəsailiş-şiə, h.q 1408, c.3, s.409
  17. تاریخچه و فلسفه نامگذاری "مسجد الاقصی"
  18. Gustave Le Bon, Təməddune İslam və ərəb be nəql əz Həmidi, Tarixe Jerusalem, h.ş 1381, s.183
  19. Baxın: Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.10
  20. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.8, s.280
  21. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.10
  22. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.8, s.280
  23. Yaqubi, Tarixul-Yaqubi, Daru Sadir, c.2, s.261
  24. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.8, s.280
  25. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.10
  26. Həmidi, Tarixe Jerusalem, h.ş 1381, s.183
  27. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.10
  28. Nasir Xosrov, Səfərnamə, h.ş 1368, s.26
  29. Nasir Xosrov, Səfərnamə, h.ş 1368, s.32
  30. Həmidi, Tarixe Jerusalem, h.ş 1381, s.183
  31. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.11
  32. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.11
  33. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.11
  34. Həmidi, Tarixe Jerusalem, h.ş 1381, s.183
  35. Həmidi, Tarixe Jerusalem, h.ş 1381, s.183
  36. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.13-15
  37. Tofiqi, Aşinayi ba ədyane bozorq, h.ş 1385, s.88
  38. "Israeli excavations threaten Al-Aqsa Mosque: Experts"
  39. «الحفريات الإسرائيلية أسفل القدس والأقصى»
  40. «آتش زدن مسجدالاقصی اقدامی برای سنجش غیرت دینی مسلمانان بود»
  41. «گزارش: اسرائیل آمادۀ تخریب مسجدالاقصی و ساخت «سومین معبد» می‌شود»
  42. «پشت پرده توطئه های جدید علیه مسجد الاقصی/تحلیل»
  43. Musa Ğuşe, Tarixe məcmue Məscidul-Əqsa, h.ş 1390, s.16
  44. «علت نامگذاری روز جهانی مساجد چیست؟», iribnews.ir saytı

Ədəbiyyat

  • Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili, Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə, Beyrut, Darul-fikr, h.q 1407
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Beyrut, Daru İbn Kəsir h.q 1407
  • İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsir, Qum, h.q 1409
  • Tofiqi, Hüseyn, Aşinayi ba ədyane bozorq, Tehran, 8-ci çap, h.ş 1385
  • Cəfəriyan, Rəsul, Pəncah səfərnameye Həcce Qacari, Elm nəşri, Tehran, h.ş 1389
  • Həmidi, Seyyid Cəfər, Tarixe Jerusalem, Tehran, Əmir Kəbir, h.ş 1381
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, h.q 1413
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov nəşriyyatı, h.ş 1372
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, h.q 1417
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, h.q 1380
  • Mühəddis Nuri, Hüseyn ibn Məhəmməd Təqi, Mustədrəku vəsailiş-şiə, Qum, Alul-beyt müəssisəsi, h.q 1408
  • Musa Ğuşe, Məhəmməd Haşim, Tarixe məcmue Məscidul-Əqsa, Qum, Ədyan nəşri, h.ş 1390
  • Nasir Xosrov, Səfərnamə, h.ş 1368
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru Sadir

Xarici keçid