Vacibül-vücud

wikishia saytından

Vacibül-vücud (ərəbcə: واجب الوجود) başqasına ehtiyac olmadan mövcud olan bir varlıqdır. Vacibül-vücudun yeganə nümunəsi Allahdır. Müsəlman filosofları Vacibül-vücudun varlığını "Siddiqin", "İmkan və vucub" arqumentləri kimi dəlillərlə sübut etmişlər.

Vacibül-vücudun bəzi xüsusiyyətləri bunlardır: mahiyyətin olmaması, məhdudiyyətin olmaması, bəsitlik (mürəkkəb olmamaq), zatda tövhid, rübubiyyətdə tövhid, dirilik, alim olmaq, qadir olmaq və xaliq olmaq.

Varlıqları Vacibül-vücud və mümkünül-vücuda bölmək

Müsəlman filosoflarının nöqteyi-nəzərindən, hər hansı varlığı nəzərə alsaq, bu iki haldan kənarda deyil: ya varlığı zəruridir, ya da mümkün. Əgər o varlığın zatı üçün varlıq sifəti zəruridirsə, ona “Vəcibül-vücud”, varlıq və ya yoxluq sifəti zəruri deyilsə, Mümkünül-vücud deyilir.[1] Müasir şiə müctəhid və filosoflarından olan Məhəmməd Təqi Misbah Yəzdiyə görə, Vacibül-Vücud özü-özlüyündə mövcud olan və vücuda gəlmək üçün başqa bir varlığa ehtiyacı olmayan varlıqdır. Digər tərəfdən, mümkün varlıq öz-özlüyündə mövcud olmayan və varlığı başqa bir varlığa bağlı olan bir varlıqdır.[2] Qəməri təqvimilə 13-cü əsrin şiə arif və filosoflarından olan Molla Hadi Səbzevari və 14-cü əsr filosof və mütəkəllimi Mürtəza Mütəhərri Vacibül-Vücud və Mümkünl-vücud məfhumunu bədihi (aksiom) və tərifə ehtiyacı olmayan məfhumlar katiqoriyasından hesab etmişlər.[3]

Vacibül-vücudun isbatı üçün gətirilən arqumentlər

İslam fəlsəfəsində Vacibül-vücud və ya Tanrının[4] isbatı üçün çoxlu dəlillər irəli sürülüb və bəziləri "Sidddiqin" dəlilini Vacibül-Vucudun varlığına ən güclü dəlil hesab edirlər;[5] Əlbəttə, bu dəlil müxtəlif yollarla və çoxsaylı dəlillərlə ifadə edilmişdir.[6] İbn Sina, Molla Sədra, Molla Hadi SəbzivariƏllamə Təbatəbainin irəli sürdüyü dəlillər bu kateqoriyaya daxildir.[7]

“İmkan və vücub" arqumentinə görə hər bir varlıq rasional mənada ya Mümkünül-vücuddur ya da Vacibül-vücud və bu iki haldan başqası fərz oluna bilməz. Aləmin bütün varlıqlarını Mümkünül-vücud hesab etmək olmaz; Çünki Mümkünül-vücudun mövcud olması üçün səbəbə ehtiyacı var və onun səbəbi özü də Mümkünül-vücud olarsa, onun da var olmaq üçün başqa bir səbəbəbə ehtiyacı olacaqdır. Əgər bütün səbəblər Mümkünül-vücud və var olmaq üçün başqa bir səbəbə ehtiyaclı olsalar, o zaman aləmfə heç bir varlıq mövcud ola bilməyəcəkdir. Deməli, var olmaq üçün başqa bir varlığa ehtiyacı olmayan bir varlıq olmalıdır ki, o da “Vacibül-vücud”dur.[8]

Vacibül-vücudun xüsusiyyətləri

Fəlsəfə kitablarında Vacibül-vücud üçün bir neçə xüsusiyyət qeyd edilmişdir. Onlardan bəziləri aşağıdakılardır:

  • Mahiyyətin olmaması: Vacibül-vücudun mahiyyəti yoxdur.
  • Dəlil: Mahiyyət o şeyə deyilir ki, onun özü-özlüyündə nə varlığı zəruridir nə də yoxluğu və bunun da laziməsi Mümkünül-vücud olmaqdır. Deməli, mahiyyəti olan hər bir şey Mümkünül-vücuddur, Mümkünül-vücud olmayan şeylərin mahiyyəti yoxdur. Ona görə də Vacibül-vücudun heç bir mahiyyəti yoxdur.[9] Müasir şiə filosofu Mürtəza Mütəhərri hesab edir ki, Əmirəlmöminin (ə) "لیس لذاته حدّ" (onun zatı üçün heç bir hədd yoxdur) təbirinin təfsiri Allahın varlığının heç bir şeylə məhdudlaşmadığına dəlalət edir. Nəticə etibarı ilə onun üçün mahiyyətin fərz olunması mümkün deyil və qeyri-məhdud olmaq bu mahiyyətə malik olmamağa bərabərdir.[10]
  • Məhdudiyyətə malik olmamaq: Vacibül-vücudun heç bir məhdudiyyəti yoxdur və kəmali siftlərin heç biri onda əskik deyildir. -
  • Dəlil: Vacibül-vücudun mahiyyəti olmadığı üçün onda heç bir məhdudiyyət yoxdur; Çünki mahiyyət məhdudiyyəti ifadə edir və varlıq mərtəbəsinin həddini təyin edir.[11] Mürtəza Mütəhərri məhdud olmamağı Vacibin mütləqliyi kimi şərh etmişdir.[12]
  • Bəsitlik: Vacibül-vücud mürəkkəb deyil və heç bir xaricii, əqli, faktiki (bil-fel) və potensial (bil-qüvvə) komponentlərə malik deyil.
  • Birinci dəlil: Vacibül-vücudu mahiyyəti olmadığı üçün heç bir hədd qəbul etmir; Buna görə də cins və fəslə malik deyil. Cinsi və fəsli olmayan hər bir şeyin tərkib hissəsi də yoxdur.[13]
  • İkinci dəlil: Hər bir mürəkkəb varlıq mövcudluğu üçün onu təşkil edən komponentlərə ehtiyaclıdır. Aydındır ki, ehtiyaclı olmaq, Vacibül-vücud biz-zat olmaqla ziddiyyət təşkil edir. Beləliklə, hər bir mürəkkəb varlıq (komponentlərdən təşkil olunan) Mümkünül-vücuddur. Deməli, Vacibül-vücud mürəkkəb deyil.[14]
  • Zatda tövhid: Vacibül-vücud birdir və şəriki yoxdur.
  • Dəlil: Vacibül-vücudun mahiyyəti yoxdur; Buna görə də onda yoxluq qismində heç bir komponent ola bilməz; Bu səbəbdən deyə bilərik ki, Vacibül-vücud varlığın özü və ya başqa sözlə ifadə etsək yalnız varlıqdan ibarətdir.

Şərikin olması o deməkdir ki, şəriklərdən birində digərində olmayan bir şey var; Çünki iki varlıq hər bir cəhətdən eyni olduğu halda, onlar iki deyil, bir varlıq sayılacaqlar. Odur ki, Vacibül-vücudun şərikinin olması o zaman məna kəsb edir ki, iki Vacibül-vücuddan birində digərində olmayan bir şey olsun və bu, varlığın özü olmaq və Vacibül-vücudda yoxluq katiqoriyasına daxil olan heç bir komponentin olmaması həqiqətilə ziddiyyət təşkil edir.[15]

  • Rübubiyyətdə tövhid: Allah məxluqatın inkişaf və təkamülünün yeganə səbəbi, başqa sözlə, varlığın yeganə yaradıcısıdır.
  • Dəlil: Kainat bir-biri ilə əlaqəli və sistemli şəkildə tənzim olunmuş bir topludur; Yəni onun tərkib hissələri arasında səbəb-nəticə əlaqələri mövcuddur; Deməli, hər bir məxluqun inkişaf və təkamül prosesində bir səbəb vardır; O səbəbin özünün də bütün səbəblərin səbəbi olan Vacibül-vücudla sonlanana qədər bir səbəbi vardır. Hər hansı bir şeyin səbəbinin səbəbi də o şeyin səbəbi olduğu üçün Vacibül-vücud inkişaf və təkamülün əsas səbəbi və bütün varlıqların tədbir görəni hesab edilməlidir.[16]

Diri olmaq (həyata malik olmaq), elm, qadir olmaq, xaliqiyyəy və ruzi vemək də Vacibül-vücudun digər sifətlərindəndir.[17] “Vəcibül-vücud biz-zat bütün cəhətlərdən Vacibül-vücuddur” qaydasına əsaslanaraq, Allahın bütün gözəl və kamilliyi ehtiva edən sifətlərə malik olduğunu deyə bilərik.[18]Əllamə HilliKəşfül-Murad”da, Mühəqqiq Tusinin "Təcridül-etiqadat" kitabından ilham alaraq Allahın bir çox kəmali sifətlərini, Onun Vacibül-vücud olmasına əsaslandıraraq ələ gətirmişdir.[19]

İstinadlar

  1. İbn Sina, Əş-Şifa, h.q 1404, s.37; Cəvadi Amuli, Təbyine bərahine isbate xoda, h.ş 1378, s.143
  2. Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.58
  3. Mütəhərri, Şərhe mənzume, h.ş 1394, c.1, s.232-234; Mütəhhəri, Tövhid, Sədra nəşri, s.182
  4. Təbatəbai, Nəhayətul-hikmət, h.ş 1386, c.4, s.1041
  5. Təbatəbai, Nəhayətul-hikmət, h.ş 1386, c.4, s.1041; Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.58
  6. Təbatəbai, Nəhayətul-hikmət, h.ş 1386, c.4, s.1042
  7. Təbatəbai, Nəhayətul-hikmət, h.ş 1386, c.4, s.1042-1054
  8. Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, s.57-58
  9. Təbatəbai, Nəhayətul-hikmət, h.ş 1386, c.4, s.1065; Sübhani, Mədxəle məsaile cədide kəlami, h.ş 1375, c.1, s.60-61
  10. Mütəhhəri, Məcmue asar, h.ş 1390, c.8, s.136
  11. Sübhani, Mədxəle məsaile cədide kəlami, h.ş 1375, c.1, s.61
  12. Mütəhhəri, Məcmue asar, h.ş 1390, c.8, s.138
  13. Təbatəbai, Nəhayətul-hikmət, h.ş 1386, c.4, s.1073-1075
  14. Sübhani, Mədxəle məsaile cədide kəlami, h.ş 1375, c.1, s.62; Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1384, c.2, s.439
  15. Təbatəbai, Nəhayətul-hikmət, h.ş 1386, c.4, s.1085
  16. Təbatəbai, Nəhayətul-hikmət, h.ş 1386, c.4, s.1091-1092
  17. Təbatəbai, Nəhayətul-hikmət, h.ş 1386, c.4, s.1108, 1109
  18. Rəbbani Qolpayqani, Burhane imkan dər ındişeye filosufan və mütəkkəliman, s.36
  19. Əllamə Hilli, Kəşful-Murad, h.q 1413, s.290-301; Əllamə Hilli, Kəşful-murad, h.q 1404, s.61

Ədəbiyyat

  • İbn Sina, Hüseyn ibn Abdullah, Əş-Şifa, Qum, h.q 1404
  • Cəvadi Amuli, Abdullah, Təbyine bərahine isbate xoda, Qum, İsra nəşri, h.ş 1378
  • Sübhani, Cəfər, Mədxəle məsaile cədide kəlami, Qum, İmam Sadiq (ə) müəssisəsi, 1-ci çap, h.ş 1375
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Nəhayətul-hikmət, Qum, İmam Xomeyni müəssisəsi, 4-cü çap, h.ş 1386
  • Əllamə Hilli, Hüseyn ibn Yusif, Kəşful-Murad, Qum, İslami nəşr müəssisəsi, 4-cü çap, h.q 1413
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Amuzeşe əqaid, Tehran, 17-ci çap, h.ş 1384
  • Mütəhhəri, Mürtəza, Tövhid, Tehran, Sədra nəşri
  • Mütəhərri, Mürtəza, Şərhe mənzume, Tehran, Sədra nəşri, 21-ci çap, h.ş 1394
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra, h.ş 1390
  • ربانی گلپایگانی، علی، «برهان امکان در اندیشه فیلسوفان و متکلمان»،, kalamislami.ir saytı