Hicri-qəməri təqvimi

wikishia saytından
(İl 0 Lunar Hijri səhifəsindən yönləndirilmişdir)

Hicri-qəməri təqvimi (ərəbcə: التاريخ الهجري) Ayın Yer ətrafında dövr etməsinə əsasən hesablanır. Müsəlmanlar dini ayinlərini və əlamətdar günlərini ona müvafiq şəkildə icra edirlər.

Hicri-qəməri təqviminin başlanğıcı islam peyğəmbərinin (s) miladi təqvimi ilə 622-ci ildə Məkkədən Mədinəyə hicrətindən götürülmüşdür. Məşhur nəzərə görə, hicri-qəməri təqvimi Ömər İbn Xəttabın xilafəti dövründə İmam Əlinin (ə) təşəbbüsü ilə müsəlmanların rəsmi təqvimi kimi qəbul edilmişdir.

Hicri-qəməri təqvimi 354 və ya 355 gündən ibarətdir və günəş və ya miladi təqvimindən on gün və yaxud on bir gün azdır. Məlum təqvim məhərrəm ayı ilə başlayır və zilhiccə ayı ilə sona çatır. Bəzi rəvayətlərə görə, hicri-qəməri təqviminin ilk ayı ramazan ayıdır və buna görə də bir sıra dua kitablarında qəməri təqviminin əməlləri ramazan ayının əməlləri ilə başlamış və şaban ayı ilə sona yetmişdir. Hicri-qəməri təqvimi ilə yeddinci əsrdə yaşamış görkəmli şiə muhəddisi Seyyid ibn Tavus ehtimal vermişdir ki, ramazan ayı ibadət ilinin, məhərrəm ayı isə əlamətdar hadisələr ilinin başlanğıcıdır.

Hicri-qəməri təqvimi aylarının adları və ardıcıllığı: məhərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axir, cəmadiul-əvvəl, cəmadiul-axir, rəcəb, şaban, ramazan, şəvval, zilqədə, zilhiccə.

Yeri və əhəmiyyəti

Hicri-qəməri təqvimi Ayın Yer ətrafında dövr etməsinə əsasən hesablanır. Təqvimin başlanğıcı islam peyğəmbərinin (s) miladi təqvimi ilə 622-ci ildə Məkkədən Mədinəyə hicrət etməsindən götürüldüyünə görə, hicri-qəməri adlanmışdır.[1] Müsəlmanlar dini ayinlərini və əlamətdar günlərini ona müvafiq şəkildə icra edirlər. Buna görə də hicri-qəməri təqvimi İslam təqvimi də adlanır.[2]

Hicri-qəməri təqvimi Birinci Dünya müharibəsinə qədər (1914-1918) İslam ölkələrində rəsmi təqvim hesab edilirdi və əlamətdar günlər, hadisələr ona müvafiq qeyd edilirdi. Lakin 1925-ci ildə İran, 1921-ci ildə isə Əfqanıstan hicri-şəmsi təqviminə keçir. Səudiyyə Ərəbistanı isə 2016-cı ildə rəsmi olaraq miladi təqviminə keçmişdir.

Əllamə Tehrani “Risaləye Novin” kitabında “Tövbə” surəsinin 73-cü ayəsinə istinad edərək, qəməri təqviminin İslam dininin və Qurani-Kərimin təsdiq etdiyi təqvim olduğunu sübut etməyə çalışır.[3]

Hicri-qəməri təqviminin başlanğıcı

Tarixi məlumatlara əsasən, hicri-qəməri təqviminin başlanğıcı islam peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrət etməsinə əsasən müəyyən edilmişdir. Amma sözükeçən qərarın nə vaxt qəbul edildiyinə dair yekdil rəy yoxdur. Bəzi məlumatlara əsasən, islam tarixinin başlanğıcı olaraq islam peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrət etdiyi ilin əsas tutulması Ömər ibn Xəttabın xəlifəlik dövrünə, xüsusi ilə hicri-qəməri təqviminin 17-ci və ya 18-ci ilinə təsadüf edir.[4] Tarixi məlumatlara görə, Əbu Musa Əşəri Ömər ibn Xəttaba məktub yazaraq intizamlı təqvimin mövcud olmadığına görə narazılığını bildirir. Çünki, xəlifə tərəfdən ona ünvanlanan məktubların altında tarix qeyd edilmədiyinə görə, hansı məktubun əvvəl və hansının sonra yazıldığını müəyyən etmək çətinlik yaradırmış.[5] Ömər ibn Xəttab tənqidləri nəzərə alaraq, islam təqvimini yaratmaq üçün şura təşkil edir.[6] Şurada Məbəs, islam peyğəmbərinin (s) vəfatı və hicrəti islam təqviminin başlanğıcını müəyyən etmək üçün təklif edilir.[7] İmam Əli (ə), Məkkədən Mədinəyə hicrət edilən ili təqvimin başlanğıcı üçün əsas götürülməsini təklif edir. Hamının dəstəklədiyi bu təşəbbüs islam təqviminin başlanğıcı kimi qəbul edilir.[8]

Digər tarixi mənbələrə əsasən, Məkkədən Mədinəyə hicrətdən sonra, İslam tarixinin başlanğıcı olaraq hicrətin əsas götürülməsi Peyğəmbərin (s) birbaşa təşəbbüsü ilə qəbul edilib.[9] Görkəmli şiə fəqihi, mütəkəllimi və tarixçisi Cəfər Sübhaninin nəzərinə görə, Peyğəmbərin (s) dövrünə aid hicri-qəməri tarixli müəyyən məktublaşmalar mövcuddur. O, fikrini əsaslandırmaq üçün Peyğəmbərin (s) Nəcran məsihiləri ilə hicri-qəməri təqvimi ilə 5-ci ildə imzaladığı sülh sazişini,[10] yaxud onun 9-cu ildə İmam Əlinin vasitəsi ilə Salman Farsiyə yazdığı vəsiyyətini nümunə göstərir.[11]

Hicri-qəməri təqviminin ilk ayı

Hiciri-qəməri təqvimi məhərrəm ayı ilə başlayır, zilhiccə ayı ilə sona çatır.[12] Bu təqvim İslamın rəsmi təqvimi seçilməzdən qabaq ərəblər və yəhudilər arasında geniş yayılmışdı və təzə il məhərrəm ayı ilə başlayırdı.[13] Hicrət, islam tarixinin başlanğıcı kimi qəbul ediləndən sonra, ramazan və məhərrəm ayları təqvimin ilk ayları kimi təklif edilir, Ömər ibn Xəttab məhərrəm ayını seçir.[14]

Hicri-qəməri təqvimi ilə beşinci əsərdə yaşamış görkəmli şiə fəqihi və mühəddisi Şeyx Tusiyə görə, məşhur şiə rəvayətlərinə əsasən, qəməri təqvimin ilk ayı ramazan ayıdır. Buna görə də o, “Misbah əl-Muctəhid” kitabında qəməri ilinin əməllərini ramazan ayının əməlləri ilə başlamış[15]şəban ayı ilə sona çatdırmışdır.[16] O, həmçinin, rəcəb ayını haram ayların sonuncusu kimi qəbul etmişdir.[17]

Hicri-qəməri təqvimi ilə yeddinci əsrdə yaşamış görkəmli şiə muhəddisi Seyyid ibn Tavus da hicri-qəməri təqvimin ilk ayı haqqında fərqli rəvayətlərin olduğuna işarə edir. O, əksər sələf alimlərinin yanaşmalarını və onların kitablarında qeyd edilənləri əsas tutaraq, ramazan ayını qəməri təqviminin ilk ayı hesab etmişdir. Buna rəğmən ehtimal vermişdir ki, ramazan ayı ibadət ilinin, məhərrəm ayı isə əlamətdar hadisələr ilinin başlanğıcıdır.[18]

Hicri-qəməri ayları

Hicri-qəməri ayları on iki aydan ibarətdir.[19] Hər ay 30 gün və ya 29 gündür. Lakin aylardan hansının 30 və ya 29 gün olmasını müəyyən etmək üçün xüsusi ardıcıllıq və qayda yoxdur.[20] Bununla belə, şərti olaraq tək aylar 30 gün, cüt aylar isə 29 gün və eləcə də uzun illərdə sonuncu ay 30 gün qəbul edilmişdir. Hicri-qəməri təqviminin günləri, 365 gün olan miladi və şəmsi təqvimlərinin günlərindən 10 və ya 11 gün azdır. Buna görə də hicri-qəməri təqvimi günləri adi illərdə 354, uzun illərdə isə 355 gün olur.[21]

Hicri-qəməri təqvimi ilə dördüncü əsrdə yaşamış tarixçi Əli ibn Hüseyn Məsudinin yazdığına görə, ərəblər cahiliyyət dövründə hər üç il ərzində bir ay qəməri ilinə əlavə edirdilər. Qurani-Kərim onların bu addımını “ən-nəsii” (النَّسِيءُ) adlandıraraq məzəmmət etmişdir.[22]

Hicri-qəməri təqvimi aylarının adları və ardıcıllığı: Məhərrəm, Səfər, Rəbiül-əvvəl, Rəbiül-axir, Cəmadiul-əvvəl, Cəmadiul-axir, Rəcəb, Şəban, Ramazan, Şəvval, Zilqədə, Zilhiccə.[23]

İstinadlar

  1. «پیدایش سال هجری قمری»., hawzah.net saytı
  2. Fərimən, Təqvimhaye İslami və məsihi və cədvəlhaye təbdile anha be yekdigər, s.73
  3. «تاریخ رسمی کشورهای اسلامی»
  4. Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.1, s.413
  5. Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.1, s.413; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.388
  6. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.388; İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.3, s.207
  7. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.389
  8. Yəqubi, Tarixu Yəqubi, Daru Sadir, c.2, s.145; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.4, s.300
  9. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.388
  10. Sübhani, Seyyidul-mursəlin c.1, s.610
  11. Sübhani, Seyyidul-mursəlin c.1, s.609
  12. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.2, s.188-189
  13. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.2, s.189
  14. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.389
  15. Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.539
  16. Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.797
  17. Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.825
  18. Seyyid ibn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.4-5
  19. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.2, s.188-189
  20. Abdullahi, Müərrifiye do təqvime daimiye cədid qahşömarihaye hicri şəmsi və hicri qəməri, s.734
  21. Abdullahi, Müərrifiye do təqvime daimiye cədid qahşömarihaye hicri şəmsi və hicri qəməri, s.734-735
  22. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.2, s.189
  23. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.2, s.188-189

Ədəbiyyat

Xarici keçid