İmam Əlinin (ə) Həzrət Fatimənin (s) dəfn mərasimində söylədiyi sözlər

wikishia saytından

İmam Əlinin (ə) Həzrət Fatimənin (s) dəfn mərasimində söylədiyi sözlər, Həzrət Əlinin (ə) Həzrət Fatimənin (s) əzadarlığında Peyğəmbərə (s) ünvanladığı sözlər Nəhcül-bəlağədə gəlib. O, bu sözlərlə Həzrət Fatimənin (s) şəhadətində keçirdiyi qəm-qüssənin ağırlığından və davamlı olmasından danışır. Həmçinin Peyğəmbərdən (s) xahiş edir ki, o Həzrətin rehlətindən sonra baş verən hadisələr barədə Həzrət Fatimədən (s) soruşsun. Nəhcül-bəlağəni şərh edənlər belə hesab edirlər ki, Həzrət Əli (ə) "Fatimədən soruş" ümumi ifadəsi ilə Fədəkin qəsb edilməsi, Fatimənin evinə basqın edilməsi, Möhsünün ana bətnindən düşməsi kimi hadisələrə işarə etmişdir. Həmçinin bu xütbənin sözlərindən Həzrət Fatimənin (s) Peyğəmbərin (s) qəbrinin yaxınlığında dəfn edilməsi kimi başqa istifadələr də edilmişdir.

Bu sözlər Şeyx Tusinin "Əl-Kafi" və "Əl-Əmali" kimi şiənin hədis kitablarında və "Təzkirətul-xəvas" kimi sünni kitablarında qeyd edilmişdir.

Məsələnin konteksti və əhəmiyyəti

Həzrət Əlinin (ə) Həzrət Fatimənin (s) dəfn edilməsi zamanı Peyğəmbərə xitabən söylədiyi sözlərini İmamın (ə) Fatimədən (s) ayrılmasına görə kədərlənməsinə dəlalət etdiyini və Həzrət Fatimənin (ə) əzəmətini ifadə etdiyini bildirirlər.[1]Ayətullah Məkarim Şirazinin Nəhcül-Bəlağənin şərhində qeyd etdiyi kimi, bu sözlər İslamın başlanğıcının bəzi mühüm tarixi faktlarını dolayısı yolla, amma dolğun və mənalı şəkildə əks etdirir.[2] Nəhcül-bəlağəni şərh edənlər bu xütbənin altında Fədək hadisəsi, xilafətin qəsb edilməsi, Fatimənin (s) qəbrinin gizlədilməsinin səbəbi, o Həzrətin şəhadətinin vaxtı,[3] ömrünün müddəti[4] Fatimənin (s) ləqəbləri[5] kimi məsələlərə toxunmuşlar.

Məzmunu

İmam Əlinin (ə) Fatiməni (s) dəfn edərkən söylədiyi sözlər arasında onun Peyğəmbərlə (s) dərdləşməsi, həmçinin Fatimə (s) ilə vidalaşma zamanı çəkdiyi əziyyətlər də var.[6] O, bu sözlərlə Həzrət Fatimənin (s) şəhadətində keçirdiyi qəm-qüssənin ağırlığından və davamlı olmasından bəhs edir və Allahdan səbr diləyir. İmam Əli (ə) Peyğəmbərdən (s) xahiş edir ki, Fatimədən (s) öz rehlətindən sonrakı hadisələri soruşsun. O, bu sözlərində Fatiməni (s) əlindəki əmanət kimi təqdim edir ki, onu indi Peyğəmbərə (s) qaytarır.[7]

İstifadə edilən mətləblər

Şərhçilər bu xütbənin altında Nəhcül-bəlağənin şərhlərində bəzi nöqtələri istifadə ediblər ki, onlardan bəziləri aşağıdakılardır:

  • Həzrət Əli (ə) ilə Həzrət Fatimə (s) arasında güclü emosional əlaqə: أَمَّا حُزْنِی فَسَرْمَدٌ وَ أَمَّا لَیلِی فَمُسَهَّدٌ "Amma mənim qəmim əbədidir və gecə də (sənin yoxluğuna görə) gözümə yuxu getmir". Bəzi şərhçilər bu ifadənin İmam Əlinin (ə) Həzrət Fatimənin (s) ayrılığına görə keçirdiyi kədərin şiddətinə dəlalət etdiyini və onların ikisi arasında dərin və köklü emosional-mənəvi əlaqəni ifadə etdiyini bildiriblər. Ayətullah Məkarim Şirazi belə hesab edir ki, Həzrət Əliyə (ə) nisbət verilən aşağıdakı ibarətlərdə də həmin mətləbə işarə olunmuşdur.[8]
  • Həzrət Fatimənin (s) qəbrinin Peyğəmbərin (s) qəbrinə yaxınlığı: النَّازِلَةِ فِي جِوَارِكَ "Sənə yaxın yerə endi". Bəzi şərhçilər bu ifadəni Həzrət Fatimənin (s) qəbrinin Peyğəmbərin (s) qəbrinə yaxınlığına dəlalət etdiyini bildirirlər.[9] Ayətullah Məkarim Şirazinin fikrincə, bu ifadə Həzrət Fatimənin (s) öz evində dəfn olunduğuna inananların nəzəriyyəsini gücləndirir.[10]
  • Həzrət Fatiməyə (s) edilən zülm: فَأَحْفِهَا السُّؤَالَ "Ondan açıq şəkildə soruş". İbn Meysəm Bəhraninin (vəfatı: 679 və ya 699 hicri) dediyinə görə, bu ifadə Həzrət Fatimənin (s) haqsızlığa məruz qalması və Həzrət Əlinin (ə) bundan şikayətlənməsinə işarə edir.[11] Ayətullah Məkarim Şirazi də bu ifadənin ümumi olduğunu və Fatimənin (s) evinə hücum edilməsi, Möhsünün ana bətnindən düşməsi və İmam Əlinin (ə) Əbu Bəkrə beyət etmək üçün məscidə aparılması kimi hadisələrə işarə etdiyini bildirib.[12] Feyzul-İslamın tərcüməsində bu ifadənin şərhində Fədəki qəsb etmək, Fatimənin (s) haqqının tanınmaması və onun qabırğalarının sındırmasına işarə edilir.[13]
  • Həzrət Fatiməyə (s) edilən zülmdə hər kəsin şərik olması: بِتَضَافُرِ أُمَّتِکَ عَلَی هَضْمِهَا "Sənin ümmətin əl-ələ verib ona zülm edirdi". Deyiblər ki, "təzafor" kəlməsi həmkarlıq mənasınadır. Amma ümmətin bir çoxu öz sükutu ilə bu işi təsdiqlədiklərinə görə, bu əməl bütün ümmətə nisbət verilmişdir.[14]
  • Həzrət Fatimənin (s) şəhadətə çatmasının zamanının Peyğəmbərin (s) rehlət etdiyi zamana yaxın olması: السَّرِيعَةِ اللَّحَاقِ بِكَ "Sənə tez qovuşdu". Nəhcül-Bəlağənin bəzi şərhçiləri deyiblər ki, bu ifadə Həzrət Fatimənin (s) şəhadətinin Peyğəmbərin (s) rehlətinə yaxınlığına işarə edir.[15] Əlbəttə, bəzilərinin fikrincə, bu ifadə Həzrət Fatimənin (s) ağır iztirablarına işarə edir ki, onların nəticəsində də gənc yaşlarında şəhid oldu.[16]

Xütbənin sənədi

"Məsadiru Nəhcül-bəlağə və Əsaniduhu" kitabının araşdırmasına əsasən, İmam Əlinin (ə) Həzrət Fatimənin (s) dəfni zamanı Peyğəmbərə (s) xitabən söylədiyi sözlər, bəzi fərqlərlə, müxtəlif kitablarda qeyd edilmişdir. Onlar aşağıdakılardan ibarətdir: Məhəmməd ibn Yaqub Kuleyninin (vəfatı: hicri 329-cu il) yazdığı Əl-Kafi kitabı,[17] İmam Hüseyndən (ə) nəql olub. Məhəmməd ibn Cərir Təbəri Səğirin yazdığı Dəlailul-İmamə kitabı,[18] İmam Cəfər Sadiqdən (ə) nəql olub. Şeyx Tusinin "Əl-Əmali" kitabı (yazılma tarixi: 458-ci h.).[19] İmam Hüseyndən (ə) nəql olub. Həmçinin Sibt ibn Cəvzi Hənəfinin (vəfatı: 654-cü hicri)[20] yazdığı "Təzkirətul-Xəvass" kitabı.[21] Bu sözlər Nəhcül-bəlağədə də qeyd edilmişdir.[22]Nəhcül-bəlağə”nin versiyalarında xütbənin nömrəsi fərqlidir.[23]

Nəhcül-bəlağənin müxtəlif nüsxələrində xütbələrin sayı
Nüsxənin adı Xütbələrin sayı
Əl-Mucəmul-mufhəris 202
Nəhcül-bəlağənin Sübhi Saleh tərəfindən düzəlişi 202
Nəhcül-bəlağənin tərcüməsi və izahı Feyzul İslam 193
Misbahus-salikin, İbn Meysəm 193
Minhacul-bəraə, Həbibullah Xoyi 201
Nəhcül-bəlağənin şərhi, Molla Saleh Qəzvini 201
Nəhcül-bəlağənin şərhi, İbn Əbil-Hədid 195
Nəhcül-bəlağənin şərhi, Məhəmməd Əbduh 195
Tənbihul-ğafilin, Molla Fəthullah Kaşani 230
Fi Zilali Nəhcül-Bəlağə, Məhəmməd Cavad Məğniyyə 200[24]

Monoqrafiya

"Hüznü Sərməd", Kəmaləddin İmadi Səravi tərəfindən Nəhcül-Bəlağənin 202-ci xütbəsinin şərhində yazılmış kitabın adıdır. Bu kitab "Əmirəl-möminin Əlinin (ə) Həzrət Fatimeyi Zəhranın (s) qəbri üzərində etdiyi əzadarlıq" fəri başlığı ilə 1383-cü şəmsi ilində "Fikrət" nəşriyyatında çap edilmişdir.

Xütbənin mətni və tərcüməsi

İmam Əlinin (ə), xanımlar xanımı Həzrət Fatiməni (s) torpağa tapşırarkən Peyğəmbərə (s) xitabı.

Tərcümə: Ərəbcə mətn:
İmam Əlinin (ə), xanımlar xanımı Həzrət Fatiməni (s) torpağa tapşırarkən buyurduğu nəql edilmiş kəlamlarındandır. O, sanki Allahın Peyğəmbəri (s) ilə, o Həzrətin məzarı müqabilində dayanıb sir danışırdı: Salam olsun sənə, ey Allahın Peyğəmbəri, məndən və sənin kənarına enmiş (Bəqi qəbristanlığında, ya evində, ya da Həzrət Peyğəmbərin hərəmində dəfn edilmiş) və sənə tez qovuşmuş qızından! (Alimlərin məşhur nəzərinə əsasən, Həzrət Fatimə atasından sonra dünyada yetmiş beş gün yaşayıb.) Ey Allahın Peyğəmbəri! Mənim sənin seçilmişinə (onun ayrılığına) səbrim azaldı və ona (onun getməsinə) görə taqət və gücüm əldən çıxdı. Amma mənim üçün, səndən ayrılmağı və sənin müsibət və qəminin çətinliyini gördükdən sonra səbrliliyin yeri var. Halbuki sənin başını qəbirinin ləhədinə mən qoydum və ruhun bədənindən mənim boynumla sinəm arasında çıxdı. (Bu qədər məhəbbət və bağlılıqla nələr çəkdiyim məlumdur. Amma yenə səbr və dözümlülüyə yer var. Çünki) "Biz Allahınıq və Ona tərəf qayıdacağıq". Həqiqətən əmanət (Fatimə (s)) geri qaytarıldı və əmanət təhvil alındı. Amma (bu müsibətdə) bundan sonra həmişə qəm-qüssədə olacam və Allah mənim üçün sənin məskunlaşdığın diyarı seçənə (məni sənə qovuşdurana) kimi gecəm oyaqlıqla keçəcək. Çox tezliklə qızın sənə, ümmətinin o məzluma zülm etməkdə birləşmələrindən (onun haqqını tanımamalarından, qabırğasını sındırmalarından, bətnindəki uşağı salmalarından və Fədəyini qəsb etmələrindən) xəbər verəcək. Buna görə də ondan baş verənlərin hamısını soruş və bizimlə necə rəftar etmələrini xəbər al. Onlar bizə bu qədər zülm etdilər, halbuki sənin getməyindən bir (o qədər də çox) müddət keçməmişdi və sənin xatirələrin unudulmamış, itməmişdi. Sizin hər ikinizə salam olsun, qəzəblənmiş, incimiş və qəlbi sıxılmış şəxsin deyil, (məhəbbət və sevgi ilə) vidalaşanın salamı! Buna görə də getsəm, bu, məhəbbətin olmamasından deyil. Həmçinin əgər qalsam, bu, Allahın səbrlilərə vəd etdiklərinə qarşı pis gümanda olmaqdan deyil. (Sizin yanınızdan gedirəm. Amma hər yerdə sizi xatırlayacağam.)
وَ مِنْ كَلَامٍ لَهُ رُوِيَ عَنْهُ أَنَّهُ قَالَهُ عِنْدَ دَفْنِ سَيِّدَةِ النِّسَاءِ فَاطِمَةَ كَالْمُنَاجِي بِهِ رَسُولَ اللَّهِ عِنْدَ قَبْرِهِ
السَّلَامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ عَنِّي وَ عَنِ ابْنَتِكَ النَّازِلَةِ فِي جِوَارِكَ وَ السَّرِيعَةِ اللَّحَاقِ بِكَ. قَلَّ يَا رَسُولَ اللَّهِ عَنْ صَفِيَّتِكَ صَبْرِي وَ رَقَ عَنْهَا تَجَلُّدِي، إِلَّا أَنَّ فِي التَّأَسِّي لِي بِعَظِيمِ فُرْقَتِكَ وَ فَادِحِ مُصِيبَتِكَ مَوْضِعَ تَعَزٍّ، فَلَقَدْ وَسَّدْتُكَ فِي مَلْحُودَةِ قَبْرِكَ وَ فَاضَتْ بَيْنَ نَحْرِي وَ صَدْرِي نَفْسُكَ، فَإِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُونَ. فَلَقَدِ اسْتُرْجِعَتِ الْوَدِيعَةُ وَ أُخِذَتِ الرَّهِينَةُ، أَمَّا حُزْنِي فَسَرْمَدٌ وَ أَمَّا لَيْلِي فَمُسَهَّدٌ، إِلَى أَنْ يَخْتَارَ اللَّهُ لِي دَارَكَ الَّتِي أَنْتَ بِهَا مُقِيمٌ. وَ سَتُنَبِّئُكَ ابْنَتُكَ بِتَضَافُرِ أُمَّتِكَ عَلَى هَضْمِهَا، فَأَحْفِهَا السُّؤَالَ وَ اسْتَخْبِرْهَا الْحَالَ، هَذَا وَ لَمْ يَطُلِ الْعَهْدُ وَ لَمْ يَخْلُ مِنْكَ الذِّكْرُ. وَالسَّلَامُ عَلَيْكُمَا سَلَامَ مُوَدِّعٍ، لَا قَالٍ وَ لَا سَئِمٍ، فَإِنْ أَنْصَرِفْ فَلَا عَنْ مَلَالَةٍ، وَ إِنْ أُقِمْ فَلَا عَنْ سُوءِ ظَنٍّ بِمَا وَعَدَ اللَّهُ الصَّابِرِينَ

İstinadlar

  1. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.32
  2. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.30
  3. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.40-56
  4. Xoyi, Minhacul-bəraə, h.ş 1358, c.13, s.10-11
  5. Xoyi, Minhacul-bəraə, h.ş 1358, c.13, s.4-8
  6. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.30
  7. Sübhi Saleh, Nəhcül-bəlağə, h.q 1414, s.319
  8. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.37
  9. Xoyi, Minhacul-bəraə, h.ş 1358, c.13, s.8-9
  10. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.32
  11. İbn Meysəm, İxtiyaru Misbahis-salikin, h.ş 1366, s.393
  12. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.37-38
  13. Feyzül-İslam, Nəhcül-bəlağənin tərcüməsi və şərhi, h.ş 1371, s.653
  14. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.38
  15. Xoyi, Minhacul-bəraə, h.ş 1358, c.13, s.9-10
  16. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.33
  17. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.458
  18. Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.137
  19. Tusi, Əl-Əmali, h.q 1414, s.109
  20. Sibt ibn Cəvzi, Təzkirətul-Xəvass, c.2, s.361
  21. Hüseyni Xətib, Məsadiru Nəhcül-bəlağə və Əsaniduhu, m. 1985, c.3, s.85-87
  22. Sübhi Saleh, Nəhcül-bəlağə, h.q 1414, s.319; Feyzül-İslam, Nəhcül-bəlağənin tərcüməsi və şərhi, h.ş 1371, s.651; İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.10, s.265
  23. Dəşti və Məhəmmədi, Əl-Mucəmul-mufhəris, h.ş 1375, s.513
  24. Dəşti və Məhəmmədi, Əl-Mucəmul-mufhəris, h.ş 1357, s.513

Ədəbiyyat

  • Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Darul-hücrə, h.q 1414
  • İbn Əbil-Hədid, İzəddin Əbu Hamid, Nəhcül-bəlağənin şərhi, Qum, Mərəşi Nəcəfinin kitabxanası, h.q 1404
  • İbn Cəvzi, Yusif ibn Qəzavəğli, Təzkirətul-xəvass, Qum, h.q 1426
  • İbn Meysəm Bəhrani, Meysəm ibn Əli, İxtiyaru misbahis-salikin, Məşhəd, h.ş 1366
  • Hüseyni Xətib, Seyyid Əbdüz-Zəhra, Məsadiru Nəhcül-bəlağə və əsaniduhu, m. 1985
  • Xoyi, Əbül-Qasim, Minhacul-bəraə, Tehran, Məktəbul-İslamiyyə, h.ş 1358
  • Dəşti, Məhəmməd və Kazim Məhəmmədi, Əl-Mucəmul-mufhəris, Qum, h.ş 1375
  • Təbəri Amili Səğir, Məhəmməd ibn Cərir ibn Rüstəm, Dəlailul-İmamə, Qum, Besət, h.q 1413
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, h.q 1414
  • Əbdih, Məhəmməd, Nəhcül-bəlağənin şərhi, Qahirə
  • Feyzul-İslam, Əli Nəqi, Nəhcül-bəlağənin şərhi və tərcüməsi, Tehran, Feyzul-İslam nəşriyyatı, h.ş 1371
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məkarim Şirazi, Nasir, Peyame İmam Əmirəl-möminin, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1386