Məzmuna keç

İmam Mehdinin (ə.f) ömrünün uzunluğu

wikishia saytından
(İmam Zamanın (ə.f) ömrünün uzunluğu səhifəsindən yönləndirilmişdir)

İmam Mehdinin (ə.f) ömrünün uzunluğu, (ərəbcə: طول عمر الإمام المهدي (ع)) yəni onun hicri 255-ci ildən zühura qədər sağ olması, imamiyyə məzhəbinin inanclarındandır. Onun ömrü hicri 1446-cı ilə qədər 1190 ili keçmişdir. İmamiyyəyə müxalif olanlar, o cümlədən İbn Teymiyyə və Nasir əl-Qifari, belə bir ömrü mümkün hesab etməmiş və bunu İmam Mehdinin (ə.f) doğumunu inkar etməyə əsas kimi göstərmişlər.

İmamiyyə alimləri qeyri-adi uzun ömür yaşamağın əqli cəhətdən mümkün olduğunu qəbul edir və bu məsələnin isbatı üçün Nuh (ə), Xızır (ə) və İsanın (ə) uzun ömür yaşamasına istinad edirlər. Həmçinin İmam Mehdinin (ə.f) ömrünün uzun olmasını sübut etmək üçün tarixdəki ömrü uzun olan şəxslərə, İmam Mehdinin (ə.f) ömrünün uzun olmasını bildirən rəvayətlərə və təcrübə baxımından ömrün uzun olmasının mümkünlüyünə istinad edilmişdir.

İmam Mehdinin (ə.f) ömrünün uzun olması mövzusunda müstəqil kitablar yazılmışdır. Onlardan biri, hicri 427-ci ildə Əbül-Fəth Kəracəkinin qələmə aldığı "Əl-Bürhan əla sihhəti tuli ömri İmam Sahibəz-Zaman" adlı əsərdir. Bundan əlavə, hicri 370-ci ildən sonra tərtib olunmuş bəzi hədis kitablarında bu məsələyə ayrıca bölmə həsr edilmişdir.

Əhəmiyyəti və keçmişi

İmam Mehdinin (ə) uzun ömürlü olması, yəni onun doğulduğu (hicri 255-ci il) vaxtdan zühur edəcəyi günə qədər yaşamağa davam etməsi, imamiyyə məzhəbinin[1] və bəzi sünni alimlərinin[2] inancıdır. Buna əsasən, İmam Mehdinin (ə.f) yaşı hicri 255-ci ildən hicri 1446-cı ilə qədər 1190 ildən çox olacaqdır.

İmamiyyə baxımından, adi insan ömründən kənara çıxan uzun ömür mümkündür və buna dair nümunələr mövcuddur.[3] Lakin, imamiyyənin müxalifləri bu qədər uzun ömrü qeyri-mümkün hesab edərək, hətta bunu İmam Mehdinin (ə.f) doğumunu inkar etməyə bir dəlil kimi qəbul etmişlər.[4] Onların arasında İbn Teymiyyə Hərrani (vəfatı: hicri 728)[5] və Səudiyyə ərəbistanlı vəhhabi yazarı Nasir əl-Qifari də var.[6]

Aparılan araşdırmalara əsasən, İmam Mehdinin (ə.f) uzun ömrü məsələsi imamiyyə məzhəbinin məhdəviyyətlə bağlı əsərlərində hicri 370-ci ildən sonra diqqət mərkəzinə gəlmişdir. Bu tarixdən əvvəl yazılmış "Bəsairud-Dərəcat", "Əl-Kafi" və "Əl-Ğeybətu Nomani" kimi əsərlərdə bu məsələ müzakirə edilməmişdir. Çünki o dövrdə İmam Mehdinin (ə.f) ömrü adi qəbul olunurdu.[7] Bu mövzuya xüsusi bir fəsil ayıran ilk kitabın, hicri 381-ci ildə vəfat edən Şeyx Səduqun "Kəmalud-Din və Təmamun-Nemət" adlı əsəri olduğu bildirilir.[8]

Qeyri-adi uzun ömrün mümkünlüyünün sübutu

Məscidun-Nəbidə "Muhəmməd Əl-Mehdi" yazısı[9]

Ağıl baxımından onun mümkünlüyü

Bu dəlilə əsasən, qeyri-adi uzun ömür imkansız deyil və Allah alim və qadir olduğu üçün istəsə, uzun ömür verə bilər.[10] Məhəmməd Baqir Sədr (vəfatı 1400 h.q.) inanır ki, bir məsələnin möcüzə və ya başqa bir səbəbdən qeyri-adi olması onun mümkünsüz olduğunu göstərmir.[11] Şiə filosofu Abdullah Cavad Amuli (doğumu 1312 h.ş.) belə hesab edir ki, insanın nəfsi inkişaf etdikcə elə kamilliklər əldə edə bilər ki, maddi aləmdə, o cümlədən öz bədənində təsərrüf edərək onun maddi həyat şəraitini qoruyub saxlaya bilsin.[12]

Quranda və Tövratda uzun ömürlü şəxslərə istinad edilməsi

İmamiyyə alimlərinin uzun ömrün mümkünlüyünə dair Quran sübutlarından biri "Ənkəbut" surəsinin 14-cü ayəsində Nuh peyğəmbərin (ə) 950 illik peyğəmbərliyinə işarə edilməsidir.[13] Həmçinin Quranın bildirdiyinə görə, Xızır peyğəmbər (ə) Musa peyğəmbərin (ə) dövründə yaşamışdır.[14] Şeyx Müfid (vəfatı 413 h.q.) və tarixçilərin icmasına görə, onun həyatı hələ də davam edir.[15] İrbili (vəfatı 692 h.q.) "Nisa" surəsinin 159-cu ayəsinə əsaslanaraq, İsa peyğəmbərin (ə) öz yaşadığı dövrə qədər sağ olduğunu bildirir.[16]

Mərcəi-təqlid və məhdəviyyət tədqiqatçısı olan Lütfullah Safi Qulpayqani (vəfatı 1400 h.ş.) qeyd edir ki, bütün ilahi dinlərdə uzun ömürlü şəxslərin varlığına inam mövcuddur. Məsələn, Tövratın "Təkvin" kitabının 5-ci fəslində 5, 8, 11, 14, 17, 20, 27, 31-ci ayələrdə peyğəmbərlərdən və qeyrilərindən çox uzun ömür sürən şəxslər haqqında məlumat verilir.[17]

İmam Mehdinin (ə.f) uzun ömrünə dəlalət edən rəvayətlər

Şeyx Tusi (vəfatı 460 h.q.) "əl-Ğeybə" kitabında İmam Mehdinin (ə.f) qeyri-adi uzun ömrünə işarə edən rəvayətlər qeyd etmişdir.[18] İrbili adlı digər bir şiə muhəddisi də "Kəşfül-Ğummə" əsərində İlyas (ə), İsa (ə) və Xızır (ə) kimi bəzi peyğəmbərlərin uzun ömürlü olması ilə bağlı rəvayətlər gətirərək, bunun mümkünlüyünü sübut etmiş və sonra İmam Mehdinin (ə.f) zühuradək sağ qalacağına dair rəvayətlər nəql etmişdir.[19]

İbn Meysəm Bəhrani (vəfatı 679 və ya 699 h.q.) həm şiə, həm də sünni mənbələrində İlyas (ə) və Xızır (ə) kimi peyğəmbərlərin, eləcə də SamiriDəccal kimi bəzi şər şəxslərin hələ də sağ olduğuna dair yekdil rəyə işarə edərək bildirib ki, əgər bu şəxslər uzun müddət yaşaya bilirsə, Allahın vəlisi də qeyri-adi uzun ömrə sahib ola bilər.[20] Feyz Kaşani (vəfatı 1091 h.q.) isə Peyğəmbər (s) və imamların, İmam Mehdinin (ə.f) uzun ömürlü olması ilə bağlı nəql etdikləri rəvayətləri "təvatur" (çoxsaylı və etibarlı rəvayətlər) səviyyəsində hesab etmişdir.[21]

Elmi baxımdan uzun ömrün mümkünlüyü

İmam Səccad (ə):

Bizim Qaimimizdə (ə.f) peyğəmbərlərdən bəzi sünnətlər vardır... Onun Həzrət Adəm (ə) və Nuhdan (ə) olan sünnəti ömrünün uzun olmasıdır.[22]

Bu məsələ belə izah olunur ki, elm üçün ölümə səbəb olan amillər məlum olmalıdır, həyatın davam etməsi üçün deyil. Ölüm həyatın şərtlərinin olmamasıdır. İnsan isə xəstəliyin və qocalmanın səbəbləri haqqında məlumatsızlıq və qeyri-kafi biliklər səbəbindən onları idarə edə bilmir və nəticədə ölür. Əgər bir şəxs qidalanma, ətraf mühit və genetik kimi bu amilləri idarə etmək üçün lazım olan bilik və vasitələrə malik olarsa, elmi baxımdan çox uzun müddət, hətta əbədi yaşaya bilər.[23]

İmam Mehdinin (ə.f) uzun ömürlü olmasına tarixi sübutlar

Şeyx Səduq "Kəmalüddin və Təmamun-Nemət" kitabında "müəmmərin" (uzun ömürlü olanlar)la bağlı ayrıca bir fəsil ayırmışdır. O, bu fəsildə onlarla insanın adını çəkmişdir ki, onların yaş həddi 120 ildən 3000 ilə qədər dəyişir. Şeyx Səduq bu cür uzun ömürlü olanların yalnız şiə mənbələrində deyil, sünni mənbələrində də təsdiq olunduğunu bildirir.[24] O, həmçinin Peyğəmbərdən (s) nəql edilən bir hədisə istinad edir ki, orada əvvəlki ümmətlərin başına gələn hadisələrin bu ümmətdə də təkrarlanacağı bildirilir. Bu əsasla, İmam Mehdinin (ə.f) qeyri-adi uzun ömür sürməsinin mümkün olduğunu qeyd edir.[25]

Şeyx Müfid,[26] Kəracəki[27] (vəfatı 449 h.q.), Şeyx Tusi,[28] Əminül-İslam Təbərsi[29] (vəfatı 548 h.q.), Xacə Nəsirəddin Tusi[30] (vəfatı 672 h.q.), İbn Meysəm Bəhrani,[31] Əllamə Hilli[32] (vəfatı 726 h.q.), Əllamə Məclisi[33] (vəfatı 1110 h.q.), Lütfullah Safi Qolpayqani[34] və İbrahim Əmini[35] (vəfatı 1399 ş.) kimi digər şiə alimləri də tarixi dəlillərə istinad edərək qeyri-adi uzun ömürlü olmağın mümkünlüyünü sübut etmişlər.

Monoqrafiya

"Əl-Burhan əla sihhəti tuli ömril-İmami Sahib əz-Zəman" kitabının ilk səhifəsi, h.q 1322

İmam Mehdinin (ə.f) uzun ömürlü olması məsələsi bəzi kitabların müstəqil mövzusu olmuşdur. Onlarıb bəziləri aşağıdakılardır:

  • "Əl-Burhan əla sihhəti tuli ömril-İmam Sahibəz-Zaman" kitabı, bu kitabın müəllifi Şeyx Müfidin tələbələrindən və imamiyyə kəlamçılarından olan Əbül-Fəth Kəracəkidir: Bu əsərdə uzun ömürlü olmağın əqli və nəqli dəlilləri və uzun ömür sürən bəzi insanların həyatı qeyd olunmuşdur. Əsərin ilk nəşri 1332-ci hicri ilində Təbrizdə daşbasma üsulu ilə "Kənzul-Fəvaid" kitabının bir hissəsi kimi çap olunmuş və Məhəmməd Baqir Kumreyi tərəfindən "Şiə İmamiyyə Maarif Xəzinəsi" adı ilə tərcümə edilmişdir.[36] Müəllifin kitabın əvvəlində qeyd etdiyinə görə, bu əsərin yazılma tarixi 427-ci hicri ilidir.[37]
  • "Dəfu şübhəti tuli ömril-Höccəti (ə.f)" kitabı, oun müəllifi Mahmud ibn Məhəmməd Həsən Şəriətmədaridir.[38]
  • "Həzrət Vəliyyi-Əsrin (ə.f) uzun ömürlü olması" kitabı, bu əsərin müəllifi Lütfullah Safi Qulpayqanidir.[39]
  • "Dünyanın intizarın çəkdiyi və uzun ömürlülüyün sirri" kitabı, bu əsərin müəllifi Seyid Əhməd Ələmülhüdadır.[40]
  • "Təəccüb Nədədir?" kitabı, bu əsərin müəllifi Məhəmməd Salehi Azəridir.[41]
  • "İmam Zamanın (ə.f) uzun ömürlü olmasının sübutu" kitabı, bu əsərin müəllifi Seyid Mürtəza Mirseyid Qazidir.[42]
  • "Qeybətdəki İmamın (ə) uzun ömürlü olması haqqında müzakirə" kitabı, bu əsər Qum İslam Təbliğat Evi tərəfindən nəşr olunmuşdur.[43]
  • "İmam Zamanın (ə.f) uzun ömürlü olması Elm və Din nöqteyi-nəzərindən" kitabı, bu əsərin müəllifi Əli Əkbər Mehdipurdur.[44]
  • "İmam Mehdi (ə.f); uzun ömürlü olmaq" kitabı, bu əsərin müəllifi Hadi Hüseynidir.[45]

İstinadlar

  1. Rizvani, Təvəllüde Həzrət Mehdi (ə.f), h.ş 1386, s.60-61; Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.514; Şeyx Mufid, Əl-İrşad, h.ş 1372, c.2, s.339; Şeyx Tusi, Əl-Ğeybə, h.q 1425, s.419; Təbərsi, İlamul-vəra, h.q 1390, s.418; İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.437; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.2
  2. Əl-Əmidi, Əl-Mehdiyyul-müntəzir fil-fikril-islami, h.q 1425, s.136-141; Mahmud, Viladətulimamil-Mehdi fi kutubil-firqeyn, h.ş 1390, s.357-402; Nümunə üçün baxın: Nəsibi Şafei, Mətalibus-səul, h.q 1419, s.311-319; İvn Cəvzi, Təzkirətul-xəvass, h.q 1426, c.2, s.506-507; Gənci Şafei, Əl-Bəyan, h.q 1404, s.521; Həmuyi, Fəraidus-simtəyn, h.q 1400, c.2, s.134
  3. Ziynəli, İmam Mehdi (ə.f) və Tule ömr, s.222-223
  4. Ziynəli, İmam Mehdi (ə.f) və Tule ömr, s.223
  5. İbn Teymiyyə Hərrani, Minhacus-sünnətin-Nəbəviyyə, h.q 1406, s.91-94
  6. Qifari, Usulu məzhəbiş-şiə, h.q 1414, c.2, s.866
  7. Ziynəli, İmam Mehdi (ə.f) və Tule ömr, s.223
  8. Ziynəli, İmam Mehdi (ə.f) və Tule ömr, s.224
  9. «درخشش نام اهل بیت بر دیوار مسجدالنبی محمد المهدی(عج) زنده است», hajj.ir saytı
  10. Xacə Nəsiruddin Tusi, Təlxisul-muhəssəl, h.q 1405, s.433; Əllamə Hilli, Mənahicul-yəqin, h.q 1415, s.482
  11. Sədr, Bəhsun həvləl-Mehdi (ə.f), h.q 1417, s.53-56
  12. Cavadi Amuli, Əsareye xilqət, h.ş 1390, s.24
  13. Nümunə üçün baxın: Şeyx Müfid, Əl-Məsailul-əşər, h.q 1426, s.93; Təbərsi, İlamul-vəra, Darul-kutubil-İslamiyyə, s.472; İbn Meysəm Bəhrani, Qəvaidul-məram, h.q 1406, s.191; Feyz Kaşani, Elmul-yəqin, h.ş 1377, c.2, s.966
  14. Kəhf surəsi, 65-82-ci ayələri
  15. Şeyx Müfid, Əl-Məsailul-əşər, h.q 1426, s.83
  16. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.489
  17. Safi Qolpayqani, Silsileye məbahise imamət və məhdəviyyət, h.ş 1391, c.3, s.166-167
  18. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1425, s.419-422
  19. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.489-519
  20. İbn Meysəm Bəhrani, Qəvaidul-məram, h.q 1406, s.192
  21. Feyz Kaşani, Elmul-yəqin, h.ş 1377, c.2, s.965
  22. Şeyx Səduq, Kəmaluddin, h.ş 1395, c.1, s.322
  23. Safi Qolpayqani, Muntəxəbul-əsər, h.ş 1380, c.2, s.276-282; Safi Qolpayqani, Silsileye məbahise imamət və məhdəviyyət, h.ş 1391, c.3, s.161-217; Əmini, Dadqostəre cəhan, s.175-201
  24. Şeyx Səduq, Kəmaluddin, h.ş 1395, c.2, s.552-576
  25. Şeyx Səduq, Kəmaluddin, h.ş 1395, c.2, s.576
  26. Şeyx Müfid, Əl-Məsailul-əşər, h.q 1426, s.94-103
  27. Kəracəki, Kənzul-fəvaid, h.q 1405, c.2, s.114
  28. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1425, s.113-126
  29. Təbərsi, İlamul-vəra, s.473-476
  30. Xacə Nəsirəddin Tusi, Təlxisul-muhəssəl, h.q 1405, s.433
  31. İbn Meysəm Bəhrani, Qəvaidul-məram, h.q 1406, s.191
  32. Əllamə Hilli, Mənahicul-yəqin, h.q 1415, s.482
  33. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.225-293
  34. Safi Qolpayqani, Muntəxəbul-əsər, h.ş 1380, c.2, s.275-276
  35. Əmini Dadqostəre cəhan, s.201-202
  36. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.3, s.92; Rifai, Mucəmu ma kutibə ənir-Rəsuli və əhlil-beyt (ə), h.ş 1371, c.9, s.115; Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.10, s.248; Kəracəki, Kənzul-fəvaid, h.q 1405, c.2, s.114
  37. Kəracəki, Kənzul-fəvaid, h.q 1405, c.2, s.114
  38. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.8, s.230; Rifai, Mucəmu ma kutibə ənir-Rəsuli və əhlil-beyt (ə), h.ş 1371, c.9, s.160
  39. Safi Qolpyaqani, Tule ömre Həzrət Vəliyyi Əsr (ə.f) , h.ş 1386
  40. Rifai, Mucəmu ma kutibə ənir-Rəsuli və əhlil-beyt (ə), h.ş 1371, c.9, s.268
  41. Rifai, Mucəmu ma kutibə ənir-Rəsuli və əhlil-beyt (ə), h.ş 1371, c.9, s.194
  42. Rifai, Mucəmu ma kutibə ənir-Rəsuli və əhlil-beyt (ə), h.ş 1371, c.9, s.85
  43. Rifai, Mucəmu ma kutibə ənir-Rəsuli və əhlil-beyt (ə), h.ş 1371, c.9, s.114
  44. Mehdipur, Raze tule ömre İmam Zaman (ə) əz didqahe elm və ədyan, h.ş 1378
  45. Hüseyni, İmam Mehdi (ə.f) - Tule ömr, h.ş 1381

Ədəbiyyat

  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Qum, İsmailiyyan, h.q 1408
  • İvn Cəvzi, Yusif ibn Qəzavəğli, Təzkirətul-xəvass, Qum, h.q 1426
  • İbn Meysəm Bəhrani, Meysəm ibn Əli, Qəvaidul-məram fi elmil-kəlam, Qum, h.q 1406
  • İbn Teymiyyə Hərrani, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sünnətin-Nəbəviyyə, Riyad, h.q 1406
  • İrbili, Əli ibn Musa, Kəşful-ğummə fi mərifətil-əimmə, Təbriz, Bəni Haşim, h.q 1381
  • Əmini, İbrahim, Dadqostəre cəhan, Qum, Şəfəq, h.ş 1380
  • Cavadi Amuli, Abdullah, Əsareye xilqət: Dərbareye İmam Zaman (ə.f), Qum, İsra, h.ş 1390
  • Hüseyni, Hadi, İmam Mehdi (ə.f) - Tule ömr, Məşhəd, Astane qodse rəzəvi nəşriyyatı, h.ş 1381
  • Həmuyi, İbrahim ibn Məhəmməd, Fəraidus-simtəyn, Beyrut, Əl-Mahmudi müəssisəsi, h.q 1400
  • Xacə Nəsirəddin Tusi, Məhəmməd ibn Məhəmməd, Təlxisul-muhəssəl, Beyrut, h.q 1405
  • Rizvani, Əli Əsğər, Təvəllüde Həzrət Mehdi (ə.f), Qum, Cəmkəran məscidi, h.ş 1386
  • Rifai, Əbdül-Cəbbar, Mucəmu ma kutibə ənir-Rəsuli və əhlil-beyt (ə), Tehran, h.ş 1371
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1395
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, h.q 1425
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-Məsailul-əşər, Qum, Dəlile ma, h.q 1426
  • Safi Qolpayqani, Lütfullah, Muntəxəbul-əsər, Qum, Ayətullah Safi Qolpayqaninin dəftəri, h.ş 1380
  • Safi Qolpyaqani, Lütfullah, Tule ömre Həzrət Vəliyyi Əsr (ə.f) , Qum, Ayətullah Safi Qolpayqaninin dəftəri, h.ş 1386
  • Safi Qolpayqani, Lütfullah, Silsileye məbahise imamət və məhdəviyyət, Qum, Ayətullah Safi Qolpayqaninin dəftəri, h.ş 1391
  • Sədr, Məhəmməd Baqir, Bəhsun həvləl-Mehdi (ə.f), Beyrut, Mərkəzul-ğədir lid-dərasətil-İslamiyyə, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra bil-əlamil-hüda, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1390
  • Əllamə Hilli, Həsən ibn Yusif, Mənahicul-yəqin, Tehran, h.q 1415
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Əl-Əmidi, Seyyid Samir Haşim, Əl-Mehdiyyul-müntəzir fil-fikril-islami, Qum, Mərkəzur-risalə, h.q 1425
  • Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Elmul-yəqin, Bidar, h.ş 1377
  • Qifari, Nasir, Usulu məzhəbiş-şiə, h.q 1414
  • Kəracəki, Məhəmməd ibn Əli,\ Kənzul-fəvaid, Beyrut, h.q 1405
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Gənci Şafei, Məhəmməd ibn Yusif, Əl-Bəyan, Tehran, h.q 1404
  • Reyşəhri, Məhəmmədi, Daneşnameye İmam Mehdi (ə.f), Hədis və tarix, Qum, h.ş 1393
  • Mahmud, İrfan, Viladətulimamil-Mehdi fi kutubil-firqeyn, Qum, Nəşrul-fəqahət, h.ş 1390
  • Mehdipur, Əli Əkbər, Raze tule ömre İmam Zaman (ə) əz didqahe elm və ədyan, Tehran, h.ş 1378
  • Nəsibi Şafei, Məhəmməd ibn Təlhə, Mətalibus-səul, Beyrut, Əl-bəlağ müəssisəsis, h.q 1419