Əbu Cəhl

wikishia saytından
Əbu Cəhl
Tam adıƏmr ibn Hişam ibn Muğeyrə Məxzumi
LəqəbiƏbu Cəhl
Doğulduğu günMiladi 554
Yaşadığı yerMəkkə
Nəsəb \ QəbiləQüreyş
Tanınmış qohumlarıİkrimə ibn Əbi Cəhl (oğlu) - Vəlid ibn Müğeyrə (əmisi)
Vəfat tarixi və məkanıHicrətin 2-ci ilində, 17 Ramazan
Başqa fəaliyyətləriDarun-nədvənin üzvü - Peyğəmbərə (s) qarşı terror planının cızılması - Yeni müsəlman olmuş şəxslərə qarşı işgəncələr etməsi - Bədr döyüşünün baş verməsində rolu


Əbu Cəhl (ərəbcə: أبو جهل) ləqəbi ilə tanınan Əmr ibn Hişam ibn Muğeyrə Məxzumi (hicri 2-ci ildə vəfat edib) Məkkədə Peyğəmbərin (s) və İslamın əleyhdarlarından biri idi. Peyğəmbəri (s) öldürmək üçün plan hazırlamaq, yeni müsəlmanlara işgəncə vermək və təhdid etmək, insanların Quran ayələrini eşitməsinə mane olmaq, Peyğəmbəri (s) təhqir etmək və o Həzrətə hörmətsizlik etmək, Qureyşlə Bəni-Haşim arasında əlaqəni kəsməyə çalışmaq və Bədr döyüşünə zəmin yaratmaq onun İslam və müsəlmanlara qarşı etdiyi bəzi hərəkətlər idi. Təfsirçilər Quranın otuza yaxın ayəsində onun haqqında bəhs ediblər.

Əbu Cəhl Bədr döyüşünün yaranmasında əsas rol oynamış və müşriklərin ordusunda öldürülmüşdür.

Nəsli, künyəsi və ləqəbi

Əmr ibn Hişam ibn Muğeyrə Peyğəmbərin (s) müxaliflərindən idi və həmişə onunla düşmənçilik edirdi.[1] Atası Hişam ibn Muğeyrə Bəni Məxzum qəbiləsindən idi və Qureyş onun ölümünü öz tarixinin başlanğıcı qərar vermişdi.[2] Anası Bəni-Təmimdən Məxrəbə ibn Cəndəl Hənzəlinin qızı Əsma idi.[3] Buna görə də onu İbn Hənzəliyyə də adlandırırlar.[4]

Əbu Cəhlin künyəsi Əbul Həkəm idi, lakin Peyğəmbər (s) onu Əbu Cəhl adlandırmışdır.[5] Onun belə adlandırılmasının səbəbi cahilliyi və İslamla düşmənçilik etməsi idi.[6] Həmçinin Peyğəmbərdən (s) nəql olunan bir rəvayətə əsasən İslam ümmətinin fironu Əbu Cəhldir.[7] Vaqidinin Məğazi kitabında verdiyi xəbərə görə, Peyğəmbər (s) Bədr döyüşündən əvvəl və qıldığı nafilə namazından sonra kafirləri o cümlədən, Əbu Cəhli belə nifrin etdi:

«أَللّهُمَّ لَايُفْلِتَنَّ فِرْعَوْنُ هذِهِ الاُمَّةِ أَبُوجَهْلُ بْنُ هِشَامٍ»
"İlahi, bu ümmətin fironu, Əbu Cəhl qaça bilməsin".

Bundan az sonra Əbu Cəhl İslam əsgərləri tərəfindən öldürüldü.[8] İkrəmə ibn Əbi Cəhl onun oğlu idi ki, Peyğəmbərlə (s) düşmənçilik edirdi, lakin Məkkənin fəthindən sonra müsəlman oldu.[9]

İslamla müxalifətçilik etmək

Əbu Cəhl Peyğəmbərlə (s) düşmənçilik edirdi və müxtəlif yollarla o Həzrətin haqqında pis sözlər deyirdi[10] və onu təhqir edirdi.[11]Həmçinin bəzi Quran ayələrinin nazil olma səbəbinin Əbu Cəhlin və onun İslam və Peyğəmbərlə (s) müxalifətçilk etməsi haqqındakı davranışı ilə bağlı olduğu bildirilir.[12] Quran ensiklopediyasında Quranın 32 ayəsindən bəhs edilir ki, təfsirçilər onları onunla əlaqəli hesab edirlər.[13] O, İslamın yayılmasının qarşısını almaq üçün tədbirlər gördü ki, onlardan bəziləri bunlardır:

Quran ayələrinin insanların qulağına çatmasının qarşısını almaq

Mütəal Allah Quranda buyurur:

«وَ قَالَ الَّذِینَ کَفَرُواْ لَا تَسْمَعُواْ لهَذَا الْقُرْءَانِ وَ الْغَوْاْ فِیهِ لَعَلَّکمُ‌ْ تَغْلِبُون‌»
"Küfr edənlər dedilər: Bu Qurana qulaq asmayın və (oxunan zaman) ona bihudə və puç sözlər atın ki, bəlkə qalib gəldiniz".[14]


Məhəmməd ibn Əhməd Qurtubi bu ayənin təfsirində İbn Abbasdan nəql edir ki, Peyğəmbər (s) nə vaxt Quran oxusa, Əbu Cəhl qışqıraraq deyirdi: "Səs-küy salın ki, onun nə dediyini başa düşməsinlər".[15]

Peyğəmbəri (s) öldürmək üçün plan hazırlamaq

Əbdülməlik ibn Hişamın dediyinə görə, Məkkə müşrikləri Peyğəmbərlə (s) necə davranacaqlarına qərar vermək üçün Darun-Nədvədə toplandılar, onların hər biri bir təklif irəli sürdülər. Əbu Cəhl təklif etdi ki, biz Peyğəmbəri (s) öldürək. Lakin bütün qəbilələr onun öldürülməsində iştirak etsinlər ki, Bəni-Haşim bütün qəbilələrlə müharibə edə bilməsin və onun qan pulunu almağa razı olsun. Onun təklifi qəbul olundu və ləylətul-məbitdə hər qəbilədən bir nəfər Peyğəmbəri (s) öldürmək planını həyata keçirmək üçün gəldi. Əbu Cəhl də orada olanlar arasında idi və onları ruhlandırırdı, lakin Peyğəmbərin (s) hicrət etməsi və İmam Əlinin (ə) onun yerində yatması ilə bu plan həyata keçmədi.[16]

Əbu Cəhl otuz yaşında Darun-Nədvənin üzvü olmuşdu, halbuki o zaman Bəni Qusəy istisna olmaqla, Darun-Nədvənin üzvlərinin yaşı qırxdan yuxarı olmalı idi.[17]

Yeni müsəlmanlara işgəncə vermək və təhdid etmək

Əbu Cəhl insanların İslama qoşulmasına mane olurdu.[18] Bir şəxs müsəlman olduqdan sonra onu İslamı tərk etməsi üçün təhdid edir və işgəncə verirdi.[19] O cümlədən, Bilal Həbəşi,[20] Yasir ibn Amir və Süməyyə binti Xəbbat İslamı qəbul etdiklərinə və Peyğəmbəri (s) dəstəklədiklərinə görə onun tərəfindən işgəncələrə məruz qaldılar. Həmçinin Süməyyə onun işgəncələrinin nəticəsində şəhid oldu.[21] Habelə o, mühacirlərə qoşulmaq üçün Mədinəyə getmiş anadan qardaşı olan Əyaş ibn Əbi Rəbiəni Qubadan Məkkəyə qaytarıb zindana saldı.[22] Tarixi məlumatlara görə, Əbu Cəhlin yeni müsəlmanlarla münasibətdə fərqli planları və proqramları var idi. Əgər İslamı qəbul edən şəxsin ictimai məqamı və vəzifəsi olsaydı, onu alçaldaraq, təhqir edərək gözdən salardı, ticarətçi olsaydı, onu boykot etmək və ticarətini zəiflətmək və sərmayəsini məhv etməklə təhdid edərdi. Əgər zəif bir insan olsaydı, onu döyərdi və ona təzyiq göstərərdi.[23]

Əbu Cəhl həmçinin Qüreyşlə Bəni-Haşim arasında əlaqəni kəsməyə çalışdı.[24] Habelə azuqənin Şibi Əbi Talibdə Bəni-Haşimə çatmasına mane olurdu.[25]

Bədr müharibəsinə zəmin yaratmaq

Tarixi mənbələrə görə, Bədr müharibəsinin yaranmasında Əbu Cəhlin əsas rolu olmuşdur. Bu müharibənin baş verməsindən əvvəl Peyğəmbər (s) onu və Zəmət ibn Əsvədi müharibədə israr etdiklərinə görə nifrin etdi.[26] Hicri ikinci ilində Əbu Süfyanın başçılıq etdiyi Qüreyş karvanı müsəlmanlar tərəfindən təhdid edildi. O, Qüreyşdən kömək istədi. Əbu Cəhl o karvanı dəstəkləmək üçün bir ordu ilə birlikdə Məkkədən çıxdı. Karvan sağ-salamat keçsə də, Əbu Cəhlin təkidi ilə Məkkə ordusu Bədr quyularına doğru hərəkət etdi[27] və orada onlarla müsəlman ordusu arasında Bədr döyüşü baş verdi. Məkkə ordusu müsəlmanlar tərəfindən məğlub edildi və Əbu Cəhl bir sıra digər Qureyş rəhbərləri ilə birlikdə öldürüldü.[28] Əbu Cəhl Muaz ibn Əmr və Əfranın övladları tərəfindən öldürüldü və Abdullah ibn Məsud onun başını kəsdi.[29]

İstinadlar

  1. Baxın: İbn İshaq, Siyrətu İbn İshaq, s.145
  2. İbn Həbib Bağdadi, Əl-Muhəbbər, s.139
  3. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.1, s.623
  4. Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.291
  5. Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.125
  6. İbn Dureyd, Əl-İştiqaq, h.q 1411, s.148
  7. İbn İshaq, Seyruhu İbn İshaq, s.210
  8. Vaqidi, Məğazi, c.1, s.46
  9. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.4, s.155-156
  10. İbn Hişam, Əs-Siyrtun-Nəbəviyyə, c.1, s.291
  11. İbn Hişam, Əs-Siyrtun-Nəbəviyyə, c.1, s.298-299
  12. Nümunə üçün baxın: Vahidi, Əsbabu nuzulil-Quran, h.q 1411, s.487; Təbəri, Cameul-bəyan, c.22, s.99
  13. İlame Quran əz dayrətul-məarife Qurane Kərim, h.ş 1385, c.1, s.381-391
  14. Fussilət surəsi, ayə 26
  15. Qurtubi, Təfsirul-Qurtubi, h.q 1405, c.15, s.356
  16. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.482-483
  17. İbn Dureyd, Əl-İştiqaq, h.q 1411, s.155
  18. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.320
  19. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.320
  20. İbn Əsir, Usdul-Ğabə, h.q 1409, c.1, s.243
  21. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1865
  22. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.4, s.96
  23. Siyreye İbn Hişam, c.1, s.279
  24. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.353-354
  25. İbn İshaq, Siyrətu İbn İshaq, s.161
  26. Vaqidi, Məğazi, c.1, s.46
  27. Vaqidi, Məğazi, c.1, s.37
  28. Vaqidi, Məğazi, c.1, s.89-91
  29. Vaqidi, Məğazi, c.1, s.91

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Usdul-Ğabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn İshaq, Məhəmməd ibn İshaq, Siyrətu İbn İshaq
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Təhqiq: Əta, Məhəmməd Əbdül-Qadir, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1412
  • İbn Həbib Bağdadi, Məhəmməd ibn Həbib, Əl-Muhəbbər, Beyrut
  • İbn Dureyd, Məhəmməd ibn Həsən, Əl-İştiqaq, Təhqiq: Əbdüs-Səlam Məhəmməd Harun, Beyrut, h.q 1411
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, Darul-mərifət, h.q 1412
  • İbn Hişam, Əbdül-Məlik ibn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Qahirə, h.q 1375\m.1955
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Qahirə, m.1959
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Darul-mərifət, Beyrut, h.q 1412
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Təfsirul-Qurtubi, Beyrut, h.q 1405
  • Mərkəze fərhəng və məarife Quran, İlame Quran əz dayrətul-məarife Qurane Kərim, Qum, Bustane kitab, h.ş 1385
  • Vaqidi, Məhəmməd ibn Ömər, Məğazi, Beyrut, h.q 1409

Xarici keçid