İkrimə ibn Əbi Cəhl

wikishia saytından
İkrimə ibn Əbi Cəhl
Yaşadığı yerMəkkə
Nəsəb \ QəbiləQüreyş qəbiləsi
Tanınmış qohumlarıƏbu Cəhl
Vəfat tarixi və məkanıh.q 13\h.q 15
İslam dininə gəlmə zamanıMəkkənin fəthindən bir müddət sonra
İştirak etdiyi döyüşlərBədr, UhudXəndək döyüşlərində müsəlmanların əleyhinə vuruşub. Yərmuk döyüşündə müsəlmanlar tərəfindən vuruşub.
Başqa fəaliyyətləriPeyğəmbərin (s) düşmənlərindən biri


İkrimə ibn Əbi Cəhl (ərəbcə: عكرمة بن أبي جهل) Qüreyşin böyüklərindən idi və Peyğəmbərlə (s) düşmənçilik edirdi. Lakin Məkkənin fəthindən bir müddət sonra İslamı qəbul edib və Peyğəmbərin (s) səhabələrindən oldu. O, besətin əvvəlində Peyğəmbərin (s) düşmənləri sırasında olmuş, Bədr, ÜhüdXəndək döyüşlərində müsəlmanlara qarşı iştirak etmişdir. Onun atası Əbu Cəhl də Məkkənin böyüklərindən və Peyğəmbərin düşmənlərindən idi.

Peyğəmbər (s) Məkkənin fəthi zamanı bir neçə nəfərdən başqa bütün Məkkə əhlinin amanda olduğunu bildirdi. Peyğəmbərin (s) aman vermədiyi şəxslərdən biri İkrimə ibn Əbi Cəhl idi. İkrimə Yəmənə qaçdı, lakin həyat yoldaşı Peyğəmbərin (s) yanına getdi və onun üçün aman aldı. O da Peyğəmbərin (s) verdiyi aman ilə Məkkəyə qayıtdı və müsəlman oldu. Peyğəmbərin (s) rehlətindən sonra Əbu Bəkr İkriməni "Riddə" müharibələrinin sərkərdələrindən biri etdi. İkrimə nəhayət Yərmuk döyüşündə öldürüldü.

Onun ailə və xüsusiyyətləri

İkrimə Qüreyş qəbiləsindən və Bəni-Məxzum tayfasından olan Əbu Cəhlin oğlu idi.[1] İkrimənin nəsli davam etmədi,[2] çünki oğlu Ömər Yərmuk döyüşündə şəhid oldu.[3]

İkrimə Məkkə əyanlarından[4]cahiliyyət dövrünün[5] böyüklərindən sayılırdı. O, həmçinin məşhur[6] və cəsur döyüşçü[7] kimi təqdim edilmişdir. Ümmü Həlim[8] və ya Haris ibn Hişamın qızı Ümmü Həkim onun həyat yoldaşı idi.[9] O, İkrimə üçün Peyğəmbərdən (s) aman aldı.[10]

İslam Peyğəmbəri (s) ilə düşmənçilik

İkrimə də atası Əbu Cəhl kimi İslam peyğəmbəri (s) ilə düşmənçilik edirdi.[11] O, "Bədr" döyüşündə müşriklər ordusunda iştirak etmiş və ənsarlı olan birini öldürmüşdür.[12] Atasının qətlində iştirak edənlərdən birinin də əlini kəsmişdir.[13]

"Ühüd" döyüşündə İkrimə müşrik ordusunun bir hissəsinin komandiri idi.[14] Müsəlman ox atanları dağın üzərindən çəkildikdən sonra o, Xalid ibn Vəlidlə birlikdə müsəlmanlara arxadan hücum etdi və İslam Ordusunun məğlubiyyətinə səbəb oldu.[15]

"Ühüd" döyüşündən sonra İkrimə, Əbu Süfyan və Əbil-Əvər Əs-Səlmi ilə birlikdə Peyğəmbərdən (s) aman alıb danışıqlar aparmaq üçün Mədinəyə getdilər. Onlar Peyğəmbərdən (s) istədilər ki, Lat, Üzza və Mənat bütləri haqqında pis danışmasın və mənfəətlərinin olduğunu bəyan etsin. Bunun müqabilində onların da müsəlmanların Allahı haqqında heç nə danışmayacaqlarını bildirdilər. Bu sözlər Peyğəmbəri (s) narahat etdi və onlara Mədinəni tərk etmələrini əmr etdi. Bu zaman "Əhzab" surəsinin ilk ayəsi nazil oldu: «یا أَیُّهَا النَّبِیُّ اتَّقِ اللَّهَ وَ لا تُطِعِ الْکافِرِینَ وَ الْمُنافِقِینَ» "Ya Peyğəmbər! İlahi təqvaya əməl edin, kafirlərə və münafiqlərə itaət etməyin".[16]

İkrimə həmçinin "Xəndək" döyüşündə iştirak etdi və Əmr ibn Əbduvədlə qazılan xəndəyi keçdi və müsəlman ordusuna tərəf getdi. O, Əmr öldürüldükdən sonra geri qayıtdı.[17]

Onun müsəlman olması

Həzrət Rəsulullah (s) öz əshabına belə buyurdu: “İkrimə mömin olaraq sizin yanınıza gələcək. Atasını söyməyin. Ölünü söymək ancaq diriləri narahat edir, ölüyə çatmaz”.[18]

Peyğəmbər (s) Məkkənin fəthi zamanı bir neçə nəfərdən başqa bütün Məkkə əhlinin amanda olduğunu bildirdi. Peyğəmbərin (s) aman vermədiyi şəxslərdən biri İkrimə ibn Əbi Cəhl idi.[19] Bundan sonra İkrimə Yəmənə qaçdı. Onun həyat yoldaşı Peyğəmbərin (s) yanına getdi və onun üçün aman aldı, sonra İkrimənin arxasınca getdi və onu Məkkəyə Peyğəmbərin (s) hüzuruna apardı.[20] İkrimə Peyğəmbərin (s) yanında müsəlman oldu və İslamın əleyhinə xərclədiyi hər şeyin iki qatını, Allah yolunda ödəyəcəyi barədə and içdi.[21]

"Huneyn" döyüşündən sonra Peyğəmbər (s) qəniməti qəlbləri ələ almaq üçün yalnız Qüreyş arasında bölüşdürdü ki, onlardan biri də İkrimə ibn Əbi Cəhl idi.[22] Vida həccində Peyğəmbər (s) İkriməni "Həvazən" ​​qəbiləsi arasında zəkat yığanların başçısı təyin etdi.[23]

Peyğəmbərin (s) rehlətindən sonra Əbu Bəkr onu "Riddə" döyüşlərində Əşəs ibn Qeys,[24] Museyləmə[25] və Omandakı bəzi mürtədlərlə[26] döyüşə göndərdi və onu Suriyanın bəzi bölgələrinə hakim etdi.[27]

Onun vəfatı

İkrimə hicri-qəməri tarixi ilə 15-ci ildə, ikinci xəlifənin dövründə Yərmuk döyüşündə şəhid oldu.[28] Onun oğlu Ömər də eyni döyüşdə şəhid oldu.[29] Bəzi mənbələr İkrimənin "Əcnadəyn" döyüşündə, bəziləri isə 13-cü qəməri ilində Mərcus-Suffər döyüşündə öldüyünü bildiriblər.[30]

İstinadlar

  1. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.99
  2. İbn Qüteybə, Əl-Məarif, m. 1992, s.334
  3. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.3, s.681
  4. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.1, s.312
  5. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.99
  6. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.3, s.567
  7. İbn Kəlbi, Cəmhərətun-nəsəb, h.q 1407, s.86
  8. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.4, s.155
  9. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1932
  10. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.4, s.155
  11. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.4, s.443
  12. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.1, s.301
  13. Zirkili, Əl-İlam, m. 1989, c.7, s.258
  14. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.1, s.316
  15. İbn Seyyid, Uyunul-əsər, h. 1414, c.2, s.19
  16. Vahidi, Əsbabu nuzulil-Quran, h.q 1411, s.364
  17. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.573
  18. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.4, s.155
  19. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.2, s.195
  20. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.4, s.155
  21. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.4, s.156
  22. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.145
  23. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.6, s.4
  24. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.1, s.57
  25. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.2, s.360
  26. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.99
  27. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.99
  28. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.4, s.443
  29. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.3, s.681
  30. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1083

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamil, Beyrut, Daru sadir, h.q 1385
  • İbn Əsəm, Əhməd ibn Əsəm, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1411
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Təhqiq: Əta, Məhəmməd Əbdül-Qadir, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1412
  • İbn Həcər, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1415
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Əta, Məhəmməd Əbdül-Qadir, Beyrut, 1-ci çap, h.q 1410
  • İbn Seyyid, Uyunul-əsər, Beyrut, Darul-qələm, 1-ci çap, h. 1414
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, 1-ci çap, h.q 1412
  • İbn Qüteybə, Abdullah ibn Muslim, Əl-Məarif, Qahirə, 2-ci çap, m. 1992
  • İbn Kəlbi, Hişam ibn Məhəmməd, Cəmhərətun-nəsəb, Təhqiq: Naci Həsən, Aləmul-kutub, h.q 1407
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Suheyl Zəkkar, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1417
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kitabil-ərəbi, 2-ci çap, h.q 1409
  • Zirkili, Xeyruddin, Əl-İlam, Beyrut, Darul-ilm, 8-ci çap, m. 1989
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, 1-ci çap, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbul-fəzl İbrahim, Beyrut, 2-ci çap, h.q 1387
  • Vahidi, Əli ibn Əhməd, Əsbabu nuzulil-Quran, Beyrut, Darul-kutubil-İslamiyyə, h.q 1411
  • Vaqidi, Məhəmməd ibn Ömər, Əl-Məğazi, Beyrut, 3-cü çap, h.q 1409