Bələm Baura

wikishia saytından
(Bələm ibn Baura səhifəsindən yönləndirilmişdir)

Bələm Baura (ərəbcə: بلعام بن باعوراء) həzrət Musanın (ə) dövrünün alimlərindən biri idi. O, müstəcabud-dəva (duaları qəbul olan şəxs) idi, lakin şeytan onu azdırdı. İslam rəvayətlərində və Tövratda Bələmdən yad olunur. Həmçinin bəzi təfsirçilər ilahi ayələrə (İsmi-əzəmi bilmək və ya Uca Yaradann kitabına alim olmaq nəzərdə tutulur) malik olan şəxsin azğınlığından bəhs edən “Əraf” surəsinin 175-ci ayəsini onun haqqında hesab etmişlər. Bələm Baura haqqında müxtəlif hekayələr danışılıb ki, bəzi təfsirçilər onların israiliyyat (bir İslam dini terminidir və o hədislərə işarə edir ki, yəhudi-xristian qaynaqlı rəvayətlərdəndir və mötəbər sayılmırlar) olduğunu bildiriblrər.

Xüsusiyyəti; Allahın kitabını bilmək

Bələm[1] və ya Bəlam[2] Bəni-İsraildən bir şəxs idi ki,[3] Şam məntəqəsində yaşayırdı.[4] Həzrət Musa (ə) ondan təbliğçi kimi istifadə edirdi.[5] Bələmin atasından "Baura"[6] “Baur”,[7] “Əvr”,[8] həmçinin onun həyat yoldaşından “Bəsus” adı ilə yad edilib.[9]

Bəzi təfsirçilərin dediklərinə görə,

«وَ اتْلُ عَلَیهِمْ نَبَأَ الَّذِی ءَاتَینَاهُ ءَایاتِنَا فَانسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّیطَانُ فَکاَنَ مِنَ الْغَاوِین»

“Onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə, şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin hekayətini oxu”[10] ayəsi Bələmin əhvalatına işarə edir.[11] Lakin təfsirçilər “ayatina” (ayələrimiz) ibarətinin bu ayədə nə demək olduğu barədə ixtilaf ediblər. Bir qrup bunu Bələmin ismi-əzəmi (Allahın böyük adını) bilməsi hesab ediblər.[12] Buna görə də onun duaları həmişə qəbul olunurdu.[13] Başqa bir qrup isə bunun ismi-əzəmi (Allahın böyük adını) bilməsi deyil, Allahın kitabına elmi olması anlamına gəldiyini deyiblər.[14]

Yüksək məqamlardan süqut etmək

“Əraf” surəsinin 175-ci ayəsinə əsasən, Bələmin əlində “ilahi ayə” olmasına baxmayaraq, şeytan onu aldatdı və o, yolunu azdı.[15] Onun yolunu azmasının səbəbi haqqında müxtəlif fikirlər var, o cümlədən:

  • Bələm həzrət Musanın (ə) qarşısında dayanıb Firona kömək etdi.[16]
  • Məsudinin “İsbatul-vəsiyyə” kitabında verdiyi xəbərə görə, Bələm, Həzrət Yuşə və Bəni-israillə müharibədə olan ölkəsinin padşahına kömək etdi.[17]
  • Əllamə Təbatəbai Bələmin dünyəvi ləzzətlərə can atmasını və onlara bağlı qalmasını onun zəlalətə düşməsinə və hidayətdən məhrum olmasına səbəb hesab etmişdir.[18]

Fərqli hekayələr

Bələmin Musa (ə) peyğəmbərə və onun qövmünə lənət oxumağa getməsi və mələyi görən Bələmin ulağının yerindən tərpənməməsi səhnəsinin təsviri.

Bələm haqqında müxtəlif hekayələr danışılır. Bir sıra təfsirçilər bu rəvayətləri israiliyyat və etibarsız hesab edirlər.[19] Onlardan bəziləri bunlardır:

  • Bələm, Həzrət Musanın (ə) ordusunu məhv etmək istəyirdi, ona görə də hökmdardan Bəni-israili qarşılamağa qadınlar göndərməsini xahiş etdi, bəlkə onlar zinaya düşərlər və Allah da onları məhv edər.[20]
  • Bələmə üç qəbul olunacaq dua vədəsi verildi. Həyat yoldaşı ondan xahiş etdi ki, o xüsusi duanın birini onun üçün etsin. Bələm də qəbul etdi. Həyat yoldaşı ondan Bəni-israilin ən gözəl qadını olması üçün dua etməsini istədi. Bələmin duası ilə o, belə oldu. Həyat yoldaşı Bəni-israil arasında ondan gözəlinin olmadığını görəndə Bələmdən üz çevirdi. Beləliklə, Bələm dua etdi və o, itə çevrildi. Bələmin uşaqları israrla ondan analarını bu vəziyyətdən çıxartmasını istədilər və o da, bunu etdi.[21]
  • Bəzi mənbələrə görə, Bələm, həzrət Musa (ə) və qövmünü lənətləmək üçün ulağa minib, lakin ulağı yerindən tərpənməyib. Bələm onu ​​vurdu və bu hərəkət üç dəfə təkrarlandı. Heyvan Allahın icazəsi ilə danışdı və Bələmə dedi ki, mələkləri görürəm və onlar mənim qabağımı kəsiblər.[22] Bu əhvalat Tövratda da qeyd olunur.[23]

İstinadlar

  1. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.29
  2. Məclisi, Biharul-ənvar, h.q 1403, c.13, s.379
  3. Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.2, s.253
  4. Təbəri, Tarixu Təbəri, h.q 1387, c.1, s.437
  5. Məkarim Şirazi, Nümunə təfsiri, h.q 1374, c.7, s.14
  6. Ravəndi, Qisəsul-ənbiya, h.q 1409, s.173
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.29
  8. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.10, s.396
  9. Alusi, Ruhul-məani, h.q 1415, c.5, s.104
  10. Əraf surəsi, ayə 175
  11. Məkarim Şirazi, Nümunə təfsiri, h.q 1374, c.7, s.14; Təbəri, Cameul-bəyan, h.q 1412, c.9, s.82
  12. Əyyaşi, Ət-Təfsir, h.q 1380, c.2, s.42
  13. Bəhrani, Əl-Burhan, h.q 1416, c.2, s.615
  14. Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.5, s.32
  15. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.248
  16. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.248
  17. Məsudi, İsbatul-vəsiyyət, h.ş 1384, s.65
  18. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.8, s.333
  19. Rəşid Rza, Əl-Mənar, m. 1990, c.9, s.348
  20. Təbəri, Cameul-bəyan, h.q 1412, c.9, s.85
  21. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.10, s.399
  22. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1419, c.3, s.460
  23. Tövrat, Siqre ədad, 22: 21-32

Ədəbiyyat

  • Alusi, Seyyid Mahmud, Ruhul-məani, Təhqiq: Əli Əbdül-Bari Ətiyyə, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1415
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415
  • İbn Kəsir, İsmail ibn Əmir, Təfsirul-Quranil-Əzim, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1419
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, Tehran, Bunyade besət, 1-ci çap, h.q 1416
  • Rəşid Rza, Əl-Mənar, Misir, m. 1990
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan fi təfsiril-Quran, Beyrut, Darul-mərifə, 1-ci çap, h.q 1412
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Ət-Təfsir, Təhqiq və düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, 1-ci çap, h.q 1380
  • Feyz Kaşani, Molla Möhsin, Təfsirus-Safi, Tehran, Əs_Sədr nəşriyyatı, 2-ci çap, h.q 1415
  • Qutbuddin Ravəndi, Qisəsul-ənbiya, Təhqiq və düzəliş: Ğulam Rza İrfaniyan Yəzdi, Məşhəd, 1-ci çap, h.q 1409
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Təhqiq və düzəliş: Seyyid Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Qum, Ənsariyan nəşriyyatı, 3-cü çap, h.ş 1384
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-islamiyyə, 1-ci çap, h.q 1374

Xarici keçidlər