Cəmkəran məscidi

wikishia saytından
(Müqəddəs Cəmkəran məscidi səhifəsindən yönləndirilmişdir)

Cəmkəran məscidi (ərəbcə: مسجد جمكران) Qum şəhərinin kənarında yerləşən və şiələrin on ikinci imamı İmam Zamana (ə.f) aid edilən məsciddir. Məscidin onun əmri ilə 14-cü əsrdə inşa edildiyi bildirilir. 14-cü əsr şiə mühəddislərindən Mirzə Hüseyn Nurinin sözlərinə görə, Cəmkəran məscidi İmam Zamanın (ə) göstərişi və Qum alimlərindən olan Əbül-Həsən adlı şəxsin vasitəsilə inşa edilib. Mühəddis Nuri Həsən ibn Muslə Cəmkəraninin İmam Zamanla (ə) görüşündən və İmam Zamanın (ə) ona Cəmkəran məscidini tikməyi tapşırmasından söhbət açır. Mirzə Hüseyn Nuri bu hadisənin baş verdiyi tarixi hicri-qəməri 373 və ya 393-cü il hesab edir və sözügedən rəvayətin nəqlini Şeyx Səduqun “Munisul-həzin” kitabına isnad edir. Buna baxmayaraq, bəzi tədqiqatçılar bu məscidin İmam Zamana (ə) aid edilməsinə şübhə ilə yanaşıb və bir sıra dəlillərə istinad ediblər. Şiə rical kitablarında sözügedən kitabın adının çəkilməməsi və Şeyx Səduqun digər əsərlərində bu hadisə haqqında söhbət açmaması bu qəbildəndir. Bu məsciddə bəzi dini mərasimlər, məsələn, Nimeyi-şəban bayramı keçirilir, TəvəssülNüdbə duaları oxunur. İnsanlar İranın müxtəlif bölgələrindən və dünyanın digər nöqtələrindən, xüsusilə çərşənbə axşamları Cəmkəran məscidinə axışırlar. Bəzi tədqiqatçılar Cəmkəran məscidinin çərşənbə axşamları ziyarət olunmasını İmam Zamanın (ə) Həsən ibn Muslə Cəmkəraniyə tövsiyəsi ilə əlaqələndirirlər və (onların fikrincə, həm də) Şeyx Məhəmmədtəqi Bafqi kimi alimlərin çərşənbə axşamı Cəmkəran məscidinə gəlməsi bu ənənənin geniş yayılmasına səbəb olub. Cəmkəran məscidində müxtəlif dövrlərdə təmir və bərpa işləri aparılıb. Mövcud ən qədim kitabə onun təmiri ilə bağlı hicri-qəməri 1167-ci ilə işarə vurur. Məscidin hicri-şəmsi 1357-ci ildə İran İslam İnqilabının qələbəsindən əvvəl kiçik bir binası olub, lakin ondan sonra çox genişlənib. Cəmkəran məscidi həyətyanı sahədən, əsas həyətdən, şəbistanlardan, Məqam məscidindən və inzibati binalardan ibarətdir.

Cəmkəran məscidi üçün xüsusi ibadət əməlləri qeyd olunub. İki rükət məscidi ziyarət namazı və iki rükət İmam Zaman (ə) namazı bu qəbildəndir. Mühəddis Nuri bu əməlləri İmam Zamana (ə) isnad edib və Şeyx Abbas QumiMəfatihul-cinan”da ondan nəql edib.

Məkan və ad

Cəmkəran məscidinin əsas həyəti

Cəmkəran məscidi Qum şəhərinin kənarında və həzrət Məsumənin (ə) hərəminin[1] (türbəsinin) 8 km-liyində yerləşən bir məsciddir. Məscid həzrət Mehdiyə (ə) aid edilir.[2] Cəmkəran kəndinə yaxın olduğu üçün bu adla məşhur olub.[3] Keçmişdə bu məscid on ikinci şiə imamının qədəmgahı olan mərmər daşa görə,[4] Qədəmgah məscidi kimi tanınıb.[5] Həmçinin, İmam Zamana (ə) mənsub olduğu[6] üçün Sahibi-zaman məscidi də adlanıb.[7]

İmam Zamana (ə.f) mənsubluğu

14-cü əsr şiə mühəddislərindən Mirzə Hüseyn Nurinin nəql etdiyinə görə, Cəmkəran məscidi İmam Zamanın (ə) göstərişi və Qum alimlərindən olan Əbül-Həsən adlı şəxsin vasitəsilə inşa edilib.[8] Mühəddis Nuri Həsən ibn Muslə Cəmkəranidən nəql edir ki, o, hicri-qəməri 1393-cü ilin ramazan ayının 17-si, bazar ertəsi axşam, sonradan Cəmkəran məscidinin tikildiyi yerdə İmam Zamanla (ə) görüşdü və həzrət (ə) ona bir sıra göstərişlər verdi. Biri o idi ki, Həsən ibn Müslimdən şərafətli yer olan və öz torpağına qatdığı bu məkanda əkinçilik etməməsini istəsin. İkincisi o idi ki, (Qum alimlərindən) Seyid Əbul-Həsənə desin ki, Həsən ibn Müslimin neçə illər o yerdə əkinçilikdən əldə etdiyi məbləği alıb orada bir məscid inşa etsin.[9]

Beləliklə, bu hadisədən sonra Seyid Əbül-Həsən hüdudlarını İmam Zamanın (ə) təyin etdiyi məkanda taxta tavanlı bir məscid inşa etdi.[10]

Hadisəni qeyd edən mənbələr

Cəmkəran məscidinin tikilməsi əhvalatı Mühəddis Nurinin “Kəlimeyi-təyyibə”,[11] “Nəcmus-saqib”,[12] “Müstədrəkül-vəsail”[13] və “Cənnətül-məva”[14] kitablarında nəql olunub. Mühəddis Nuri əhvalatı “Tarixi-Qum” (Qumun tarixi) kitabı ilə əlaqələndirir və bu kitabın onu Şeyx Səduqun “Munisul-həzin fi mərifətil-həqqi vəl-yəqin” kitabından nəql etdiyini bildirir.[15]

Mühəddis Nuri həmçinin “Müstədrəkül-vəsail”də bildirir ki, bu əhvalatı Vəhid Bəhbəhaninin oğlu Məhəmmədəli Bəhbəhaninin (h. q. 1144-1216) “Nəqdür-rical” kitabına yazdığı haşiyədə onun öz xətti ilə görüb və orada “Munisul-həzin fi mərifətil-həqqi vəl-yəqin” kitabına isnad olunub.[16]

Şübhələr

Mühəddis Nuri (h. q. 1254-1320) Cəmkəran məscidinin tikilməsi tarixini bəzi əsərlərində hicri-qəməri 393-cü il,[17] bəzilərində isə hicri-qəməri 373-cü il[18] kimi verib. “Tarixi-Qum” kitabının müəllifi Nasiruş-şəriə ehtimal edir ki, məlum hadisə yüz il daha öncə və hicri-qəməri 293-cü ildə baş verib.[19] Mühəddis Nuri “Nəqdür-rical” kitabının haşiyəsində də həmin tarixi qeyd edib.[20]

Bəzi tədqiqatçılar Cəmkəran məscidi əhvalatının İmam Zamana (ə) aid edilməsinə şübhə ilə yanaşıblar. Əli Dəvani rical kitablarında Şeyx Səduqun “Munisul-həzin” kitabına işarə vurulmamasını, bu əhvalatın “Tarixi-Qum” kitabının mövcud beş cildinin tərcüməsində olmamasını və Şeyx Səduqun digər əsərlərində buna toxunmamasını bu barədə nəql olunan mətləblərin iradlarından hesab edib.[21]

Cəmkəran məscidinin ibadət əməlləri

Cəmkəran məscidi üçün məxsusi ibadət əməlləri qeyd olunub. Məsələn, məscidi ziyarət namazı və İmam Zaman (ə) namazı.[22]

  • Öncə məscidi ziyarət niyyəti ilə iki rükət namaz qılınır. Hər rükətində bir dəfə “Həmd”, yeddi dəfə “İxlas” surəsi oxunur. Rükusəcdənin zikri yeddi dəfə təkrarlanır.[23]
  • Sonra İmam Zaman (ə) namazı niyyəti ilə iki rükət qılınır. Bu namazın hər rükətində “İyyakə nəbudu və iyyakə nəstəin”[24] ayəsi yüz dəfə təkrarlanır. Sonra “Həmd” surəsinin ardı və “İxlas” surəsi oxunur. Sonra rükuda “Subhanə rəbbiyəl-əzimi və bihəmdih” zikri, səcdədə isə “Subhanə rəbbiyəl-əla və bihəmdih” zikri yeddi dəfə təkrar olunur. Namazın salamından sonra bir dəfə “La ilahə illəllah” zikri deyilir. Sonra həzrət Zəhranın (ə) təsbihatı əda olunur. Namaz qılan daha sonra səcdədə yüz dəfə salavat deməlidir.[25]

Mühəddis Nuri Cəmkəran məscidinin əməllərini İmam Zamana (ə) isnad edir və ondan nəql edir ki, insanlar bu məkana rəğbət bəsləsinlər və onu əziz tutsunlar. Onun yazdığına görə, Cəmkəran məscidində bu dörd rükəti qılan şəxs Kəbədə namaz qılmışa bərabərdir.[26] Şeyx Abbas Qumi bu əməlləri “Məfatihul-cinan”da müəllimi Mühəddis Nuridən nəql edib.[27] Tarixçi və tədqiqatçı Əli Dəvani Cəmkəran məscidinin İmam Zamana (ə) aid edilməsinə şübhənin davamı olaraq bu əməllərə də şübhə ilə yanaşıb.[28]

Məscidi çərşənbə axşamı ziyarət etmək

Cəmkəranda Nimey-Şaban mərasimi

Əliəsğər Fəqihi hicri-şəmsi 1350-ci ildə[29] qələmə aldığı “Tarixi-cameyi-Qum” kitabında Cəmkəran məscidini o dövrün ən izdihamlı məscidi hesab edib. Belə ki, çərşənbə axşamı müxtəlif şəhərlərdən insanlar bu məscidə gəlirdilər.[30]

Bəzi araşdırmaçılar Cəmkəran məscidinin çərşənbə axşamları ziyarət olunmasını Həsən ibn Muslə Cəmkəraninin rəvayətinə uyğun[31] hesab ediblər.[32] Çünki onun İmam Zamanla (ə) məscidin yerində görüşü çərşənbə axşamı baş tutub və İmam (ə) ona tapşırıb ki, sabah gecə filan sürüdən bir keçi gətir və orada kəs. Ətini isə çərşənbə günü xəstələrə ver.[33]

“Tarixi-cameyi-Qum” kitabının müəllifi Cəmkəran məscidinin rövnəq tapmasını Ayətullah Məhəmmədtəqi Yəzdi Bafqinin diqqətinə borclu bilir. Belə ki, o, çərşənbə axşamları axşamüstü bir qrup tələbə ilə piyada Cəmkəran məscidinə gedir, ŞamXiftə namazlarını orada qılır, gecəni səhərə qədər ibadətlə məşğul olurdu.[34] Nasiruş-şəriənin sözlərinə görə, daha öncə cümə axşamları Qumdan bir sıra insanlar bu məsciddə ibadətlə məşğul olurdular.[35]

Cəmkəran məscidi Nimeyi-şəban bayramı kimi bəzi dini mərasimlərin keçirildiyi yerdir.[36] Həmçinin, cümə axşamı və cümə günü KümeylNüdbə duaları, çərşənbə axşamları Təvəssül duası bu məsciddə oxunur.[37] Müxtəlif bölgələrdən bir çox insanlar, xüsusilə sözügedən günlərdə məscidə gəlirlər.[38] Deyilənə görə, il ərzində ziyarətə gələnlərin sayı on beş milyon nəfərə çatır.[39]

Tarix və dəyişikliklər

Cəmkəran məscidinin qədimi şəkli

Mirzə Hüseyn Nurinin nəql etdiyi hekayətə görə, Cəmkəran məscidinin tikilməsi hicri-qəməri 4-cü əsrə təsadüf edir.[40] Seyyid Hüseyn Müdərrisi Təbatəbai ehtimal edir ki, Cəmkəran məscidi əslində Xəttab Əsədi məscididir. Hansı ki, “Tarixi-Qum”a görə, hicri-qəməri 2-ci əsrin əvvəllərində Cəmkəran kəndində tikilib.[41] Bəzi başqa tədqiqatçılar hesab edirlər ki, Cəmkəran məscidi tamamilə başqa məsciddir və Mühəddis Nurinin nəqlinə görə, onun tikilməsi 4-cü əsrə təsadüf edir.[42]

Bütün bunlara baxmayaraq, tarixi qaynaqlarda Cəmkəran məscidi haqqında heç bir məlumat yoxdur. Yalnız “Xülasətut-təvarix” kitabında hicri-qəməri 986-cı ilin hadisələrini bəyan edərkən Mirqiyasuddin Məhəmməd Mirmiranın tərcümeyi-halında deyilir: “O, Qumun Ləncərud kəndində dayananda Cəmkəranda İmam Zaman (ə) məqamı adlanan yerdə etikaf saxladı”.[43] Müasir tarix araşdırmaçısı Əliəsğər Fəqihinin sözlərinə görə, o, məqam dedikdə Cəmkəran məscidini nəzərdə tutur.[44]

Məscidin təmiri

Cəmkəran məscidi müxtəlif dövrlərdə təmir və bərpa olunub. Hicri-qəməri 1167-ci ilə aid kitabəyə görə, hicri-qəməri 1167-ci ildə Mirzə Ələkbər Cəmkərani məscidi təmir edib. Həmçinin, məlum kitabəyə əsasən, o dövrdə məscidin binası 5×17 metr ölçülərində idi. Cənubda 13×17 metr ölçülərində həyət var idi.[45] Sonralar Əliqulu Cəmkərani məscidin həyətinin bir tərəfini tikməyə başladı. Amma yarımçıq qaldı. Sonradan Əliəsğər xan Atabəy Müzəffərəddin Şah Qacarın (h. ş. 1232-1285) hakimiyyəti dövründə onu təmir etdi.[46] Qum alimlərindən Şeyx Məhəmmədtəqi Bafqi (vəfatı: h. ş. 1325) Pəhləvi dövründə məsciddə bir sıra təmir işləri apardı.[47] Həmçinin, Seyid Məhəmməd Ağazadə adlı bir şəxs hicri-şəmsi 1332-ci ildə məscidin bəzi hissələrini təmir etdi və həyətinin cənubunda bir zal tikdi.[48]

Məscidin cənub-şərqi hissəsində 17 metr hündürlükdə kərpic minarə olub ki, bu kitabəyə görə, hicri-şəmsi 1318-ci ildə tikilib.[49]

İslam Respublikasında binanın genişlənməsi

H. ş. 1357-ci ildə baş verən İran İslam İnqilabından sonra Qum elmi hövzəsinin idarə heyəti Cəmkəran məscidinin Qəyyumlar Şurasını təqdim etdi. Vəqflər və Xeyriyyə İşləri İdarəsi onun işlərinə nəzarəti öz üzərinə götürdü[50] və məscidin genişləndirilməsi sürətləndi. Məhz bundan sonra 40 hektar yer Cəmkəran məscidinin ixtiyarına verildi ki, onun 5/5 hektarı əsas həyətə ayrılıb.[51] Həmçinin, h. ş. 1382-ci ildə qəbul olunan layihəyə görə, Cəmkəran məscid kompleksi üçün təqribən 250 hektar yer nəzərdə tutulub və onun 30 hektara yaxını Məqam məscidinə və şəbistanlara, qalanı isə həyətə, inzibati və xidməti binalara ayrılıb. Bu layihədə Məqam məscidindən başqa məscid binaları yenidən bərpa olundu.[52]

Cəmkəran məscidi mərasim və təbliğat şöbəsi, ictimaiyyətlə əlaqələr, kitabxana, nəşrlər, kəramətlərin, nəzirlərin və hədiyyələrin qeydə alınması kimi müxtəlif şöbələr tərəfindən idarə olunur. Cəmkəran məscidinə Məhəmməd Hüseyn Rəhimiyan rəhbərlik edir. Ondan əvvəl Cəmkəran məscidinin idarəçiliyinə Əbül-Qasım Vafi rəhbərlik edirdi.[53]

Memarlıq və bina

Cəmkəran məscid kompleksi Məqam məscidi, şəbistanlar, əsas həyət və inzibati binalar kimi müxtəlif hissələrdən ibarətdir.

Məqam məscidi

Cəmkəran məscidinin əsas şəbistanının binası Məqam məscidi adlanır. Təxminən 1100 kvadratmetr sahəni əhatə edir. Məscidin giriş eyvanından üç girişlə şəbistana yol var. Eyvanın ətrafında 60 metr hündürlükdə iki minarə var. Şəbistanın səkkiz sütunu var ki, məscidin günbəzi metal konstruksiya ilə onun üzərinə bərkidilib. Günbəzin gövdəsində şəbistanın işıqlanmasını təmin edən 23 pəncərə var. Günbəzin xarici səthi də firuzəyi kaşılarla örtülmüş, “La ilahə illəllah” kitabələri və içində “Ya Məhdi ədrikni!” yazılan büküklərlə bəzədilib. Günbəzin daxili səthi kərpiclə birləşmiş mozaik kaşılarla bəzədilib. Həmçinin sütunlar, mehrab, şəbistanın giriş eyvanı və onun ətrafındakı iki minarə mozaik kaşılarla bəzədilib və müqarna işlənilib.[54]

Əsas həyət

Cəmkəran məscidinin havadan görüntüsü

Cəmkəran məscidinin altı girişi var. Şimal-şərq girişi birbaşa məscidin əsas şəbistanına aparır.[55] Həyətin ətrafında minarələr tikilib. Cəmkəran məscidinin rəsmilərinin bildirdiyinə görə, minarələrin sayı 14-ə çatır.[56]

Şəbistanlar

  • Qərbi və şərqi şəbistanlar: Məqam məscidinin iki tərəfində iki şəbistan var. Hər biri 4000 kvadratmetr təməllə iki mərtəbədə tikilib. Bu şəbistanların daxili hissələri güzgü ilə işlənib və hər birinin iki oxşar günbəzi var.[57]

Ərizə quyusu

Məscidin çöl hissəsində və Məqam məscidinin binasının arxasında Ərizə quyusu kimi tanınan bir quyu var.[58] Bəzi şiələr bu quyunun müqəddəsliyinə inanaraq İmam Zamana (ə) ərizə və məktublarını buraya atırlar.[59] Bəzi tədqiqatçıların fikrincə, quyu üçün heç bir sənəd tapılmayıb və təqlid mərcələrindən heç biri onu müqəddəs hesab etmir.[60] İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Xamenei[61] və təqlid mərcələrindən Ayətullah Məkarim Şirazi[62] sözügedən quyuya məktub atılmasına qarşı çıxıblar. Həmçinin, deyilənə görə, məscidin mehrabının ortasında kiçik bir quyu olub ki, bəzi zəvvarlar bu quyudan təbərrük üçün torpaq götürürmüşlər. Məscidin mehrabında bir də daş parçası var idi ki, onun arasında məscidin qədəmgah olmasının nişanəsi olaraq böyük bir ayaq izi oyulmuşdu. Bu daş parçası hicri-qəməri 1350-ci ildə Ayətullah Feyz Kaşaninin (vəfatı: h. q. 1370) göstərişi ilə bidət nişanəsi olduğu üçün sökülüb.[63]

Bəzi xəbər saytlarının məlumatına görə, bu quyu hicri-şəmsi 1399-cu ilin aban ayında (2020-ci ilin noyabrında) bağlanıb.[64]

Ətraflı mütaliə

“Məscidi-müqəddəsi-Cəmkəran: Təcəlliqahi-İmam Zaman (ə)” kitabı. Cəfər Mirəzimi bu kitabda öncə Cəmkəran məscidinin tarixindən bəhs edib,[65] sonra isə bəzi alimlərin və təqlid mərcələrinin onun haqqında dediyi sözləri qeyd edib.[66] Davamında bu məsciddə baş verən bəzi kəramətlərə toxunub və həmçinin, məscidin şərəfinə yazılan şeirləri toplayıb. Cəmkəran məscidinin nəşriyyatı bu kitabı bir neçə dəfə çap edib.[67]

İstinadlar

  1. Xan Məhəmmədi, Çahe ərizeye Cəmkəran: Əz xane ta vaqeiyyət, s.162
  2. Nuri, Cənnətul-məva, h.q 1427, s.54-58; Nuri, Nəcmus-saqib, h.q 1384, c.2, s.454-458; Nuri, Kəlmətun-Təyyibə, h.ş 1380, s.682-686
  3. Ərəb, Mədxəle məscide Cəmkəran, s.747
  4. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.233
  5. Feyz Qumi, Qoncineye asare İmam, h.ş 1349, c.2, s.667
  6. Ərəb, Mədxəle məscide Cəmkəran, s.747
  7. Müdərrisi Təbatəbai, Turbəte pakan, h.ş 1335, c.2, s.164
  8. Nuri, Cənnətul-məva, h.q 1427, s.54-58
  9. Nuri, Cənnətul-məva, h.q 1427, s.54-58
  10. Nuri, Cənnətul-məva, h.q 1427, s.54-58; Nuri, Nəcmus-saqib, h.q 1384, c.2, s.454-458; Nuri, Kəlmətun-Təyyibə, h.ş 1380, s.682-686
  11. Nuri, Kəlmətun-Təyyibə, h.ş 1380, s.682-686
  12. Nuri, Nəcmus-saqib, h.q 1384, c.2, s.454-458
  13. Nuri, Müstədrəkül-vəsail, h.q 1480, c.3, s.447
  14. Nuri, Cənnətul-məva, h.q 1427, s.54-58
  15. Nuri, Cənnətul-məva, h.q 1427, s.54
  16. Nuri, Müstədrəkül-vəsail, h.q 1480, c.3, s.432-447
  17. Nuri, Cənnətul-məva, h.q 1427, s.54-58; s.383-388; Nuri, Kəlmətun-Təyyibə, h.ş 1380, s.682-686
  18. Nuri, Müstədrəkül-vəsail, h.q 1480, c.3, s.447; Nuri, Nəcmus-saqib, h.q 1384, c.2, s.458
  19. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.239
  20. Nuri, Nəcmus-saqib, h.q 1384, c.2, s.458
  21. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.29-30
  22. Nuri, Cənnətul-məva, h.q 1427, s.56; Nuri, Kəlmətun-Təyyibə, h.ş 1380, s.684
  23. Qumi, Kulliyyatu Məfatihil-Cinan, Cəmkəran məscidi, s.427-429
  24. “Həmd” surəsi, ayə 5
  25. Nuri, Cənnətul-məva, h.q 1427, s.54-56; Nuri, Nəcmus-saqib, h.q 1384, c.2, s.456; Qumi, Kulliyyatu Məfatihil-Cinan, Cəmkəran məscidi, s.427-429
  26. Nuri, Cənnətul-məva, h.q 1427, s.56; Nuri, Kəlmətun-Təyyibə, h.ş 1380, s.684; Qumi, Kulliyyatu Məfatihil-Cinan, Cəmkəran məscidi, s.429
  27. Qumi, Kulliyyatu Məfatihil-Cinan, Cəmkəran məscidi, s.427-429
  28. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.30
  29. Fəqihi, Tarixe Məzhəbiye Qum, h.ş 1386, s.7-10
  30. Fəqihi, Tarixe Məzhəbiye Qum, h.ş 1386, s.273
  31. Nuri, Cənnətul-məva, h.q 1427, s.54-58
  32. Rizvani, Movudşenasi və pasox be şübehat, h.ş 1388, s.486
  33. Rizvani, Movudşenasi və pasox be şübehat, h.ş 1388, s.486
  34. Fəqihi, Tarixe Məzhəbiye Qum, h.ş 1386, s.273-274
  35. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.233
  36. «اعلام برنامه‌های ویژه نیمه شعبان در مسجد مقدس جمکران»
  37. «مراسم این هفته مسجد مقدس جمکران», jamkaran.ir saytı
  38. Xan Məhəmmədi, Çahe ərizeye Cəmkəran: Əz xane ta vaqeiyyət, s.162
  39. Vijename Cəmkəran, h.ş 1384, s.7-11
  40. Nuri, Cənnətul-məva, h.q 1427, s.54-58; Nuri, Nəcmus-saqib, h.q 1384, c.2, s.454-458; Nuri, Kəlmətun-Təyyibə, h.ş 1380, s.682-686
  41. Müdərrisi Təbatəbai, Turbəte pakan, h.ş 1335, c.2, s.163-164
  42. Fəqihi, Tarixe Məzhəbiye Qum, h.ş 1386, s.272
  43. Qumi, Xulasətut-təvarix, h.ş 1359-1363, c.2, s.1019
  44. Fəqihi, Qom sər məsire tarix, s.171
  45. Müdərrisi Təbatəbai, Turbəte pakan, h.ş 1335, c.2, s.164
  46. Nasir Əş-Şəriə, Tarixe Qum, h.ş 1383, s.233
  47. Kuçekzade, Tarixçeye Qom və məsacide tarixiye an, h.ş 1380, s.246
  48. Feyz Qumi, Qoncineye asare İmam, h.ş 1349, c.2, s.668-671
  49. Feyz Qumi, Qoncineye asare İmam, h.ş 1349, c.2, s.670-672
  50. Zəndiyyə, Məscide Cəmkəran, s.80
  51. Zəndiyyə, Məscide Cəmkəran, s.78
  52. Ərəb, Məscide Cəmkəran, c.10, s.749
  53. «تولیت مسجد مقدس جمکران», jamkaran.ir saytı
  54. Ərəb, Mədxəle məscide Cəmkəran, c.10, s.749
  55. «معماری مسجد مقدس جمکران؛ دومین مقصد گردشگری مذهبی در قم»
  56. «توسعه مسجد جمکران نیازمند ۱۷۰ میلیارد تومان اعتبار است», jamkaran.ir saytı
  57. Ərəb, Mədxəle məscide Cəmkəran, c.10, s.749
  58. Xan Məhəmmədi, Çahe ərizeye Cəmkəran: Əz xurafe ta vaqeiyyət, s.162
  59. Xan Məhəmmədi, Çahe ərizeye Cəmkəran: Əz xurafe ta vaqeiyyət, s.163
  60. Xan Məhəmmədi, Çahe ərizeye Cəmkəran: Əz xurafe ta vaqeiyyət, s.175
  61. Məsih dər şəbe Qədir, h.ş 1393, s.431
  62. «چاه عریضه در مسجد جمکران», makarem.ir saytı
  63. Feyz Qumi, Qoncineye asare İmam, h.ş 1349, c.2, s.668
  64. «چاه مسجد جمکران موقتا بسته شد», «چاه مسجد جمکران بسته و تخریب شد», «چاه مسجد جمکران موقتا بسته شد», roozno.com saytı
  65. Mirəzimi, Məscide muqəddəse Cəmkəran, h.ş 1378, s.27-35
  66. Mirəzimi, Məscide muqəddəse Cəmkəran, h.ş 1378, s.37-68
  67. Mirəzimi, Məscide muqəddəse Cəmkəran, h.ş 1378, s.70-178

Ədəbiyyat

Xarici keçid