Günah
Günah (ərəbcə: ذنب), Allahın əmrlərinə itaətsizlik, başqa sözlə, Allahın qadağan etdiyi bir işi görmək və ya Allahın əmr etdiyi bir şeyi tərk etməkdir. Günahlar iki yerə bölünür: Böyük və kiçik günahlar. Böyük günah Quranda və ya hədislərdə böyük olduğu bildirilmiş və ya onu edənə əzab vədəsi verilmiş günahdır. Məsələn bir şəxsi öldürmək, zina etmək, yetim malını yemək və sələmçilik kimi günahlar böyük günahlardır.
Dini təlimlərə görə, bəzi günahların nemətin əldən getməsi, nüfuzun aradan getməsi və ölümü tezləşdirməsi kimi xüsusi təsirləri vardır.
Quran ayələrinə əsasən, bəzi yaxşı əməllər günahların təmizlənməsinə səbəb olur. Buna təkfir deyilir. Bəzi rəvayətlərə görə, Allah xəstəlik və yoxsulluq kimi şeylərlə bəndələrinin günahlarını silir. Quranda da bildirilir ki, əgər günahkar tövbə etsə, Allah da onun günahlarını bağışlayar.
Şiələrin inancına əsasən, on dörd məsum və peyğəmbərlər günahdan uzaqdırlar.
Tərif
Günah Allahın əmrlərinə itaət etməmək deməkdir.[1] Başqa sözlə, Allahın haram buyurduğu bir işi görmək və ya Allahın əmr etdiyi bir şeyi tərk etməkdir.[2] Bu söz ərəb dilində "zənb", "məsiyət", "ism", "səyyiə" və "xətiə" kimi sözlərə sinonim sayılır.[3]
Günahın növləri
Böyük və kiçik olması baxımından
Bəzi əxlaq kitablarında günahlar kiçik və böyük günahlara bölünür.[4] Bu bölgünün kökü Quran və rivayətlər hesab olunur.[5] Məsələn, "Nisa" surəsinin 31-ci ayəsində belə buyurulur: "Əgər siz qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq".[6] Seyyid Məhəmmədhüseyn Təbatəbainin dediyinə görə, ayədə "pislik"lərdən məqsəd kiçik günahlardır; Çünki o, böyük günahların qarşısında gətirilib. Bu ayə günahların kiçik və böyük olmaqla iki yerə bölündüyünü bildirir.[7]
"Ürvətul-Vüsqa" kitabında deyilir ki, böyük günah Quranda və ya hədislərdə böyük olduğu bildirilmiş və ya onu edənə əzab vədəsi verilmiş günahdır. Yaxud Quran və hədislərdə böyük günahların birindən daha böyük hesab edilmişdir.[8]
Bir şəxsi öldürmək, zina etmək, iffətli qadına böhtan atmaq, yetimin malını yemək, sələmçilik, namazı tərk etmək, oğurluq etmək, Allahın rəhmətindən ümidini kəsmək hədislərdə qeyd olunan böyük günahlardandır.[9]
Günahların təsirlərinə görə bölünməsi
Bəzi rəvayətlərdə günahlar nəticələrinə görə bölünür. Məsələn, "Məaniul-Əxbar" kitabında İmam Səccaddan (ə) bir hədisdə günahlar bir neçə kateqoriyaya bölünür ki, onlardan bəziləri aşağıdakılardır:
- İnsanların sahib olduqları nemətlərinin əllərindən alınmasına səbəb olan günahlar: zorakılıq, yaxşılığa əmr etməyi tərk etmək və nemətlərə küfr etmək.
- Peşmanlığa səbəb olan günahlar: Bir şəxsi öldürmək, sileyi-rəhmi tərk etmək, namazı tərk etmək və zəkat verməmək.
- Allahın əzabının nazil olmasına səbəb olan günahlar: İnsanları məsxərə etmək.
- İnsanın nüfuzuna xələl gətirən günahlar: İçki içmək, qumar oynamaq, faydasız əməllər, başqalarında eyib axtarmaq.
- Bəlanın nazil olmasına səbəb olan günahlar: Məzluma kömək etməmək, yaxşılığa əmr etməyi və pislikdən çəkindirməyi tərk etmək.
- Ölümü sürətləndirən günahlar: Qohumlarla əlaqəni kəsmək, zina etmək və yalandan and içmək.[10]
Günahın maddi və mənəvi təsirləri
İmam Sadiqin (ə) hədisinə əsasən, insan günah işlətdikdə onun qəlbində qara ləkə yaranır. Əgər tövbə etsə, o qara ləkə pak olar; Amma günahlarını artırarsa, bütün qəlbini bürüyənə qədər o qaralıq artar. Bu halda o, heç vaxt nicat tapmaz.[11]
İmam Əli (ə) Qurani-Kərimin "əgər sizə bir müsibət üz verərsə, bu, etdiyiniz əməllərə görədir"[12] ayəsinə istinad edərək, günahların həyatda insanın başına gələn hər bir müsibətin səbəbi olduğunu bildirmişdir; Bu, hətta bədəni qaşımaq və yerə yıxılmaq da olsa, belədir.[13]
Günahı aradan aparan amillər
Şiə mütəfəkkiri və yazıçısı Mürtəza Mütəhhəri: Günah ümumiyyətlə [bir partlayışdır], çünki o, fitri yoldan sapqınlıq deməkdir. Əgər insan fitrətinə uyğun hərəkət etsə, bədən və ruhunun hüquq və hədlərinə mötədil riayət etsə, günaha batmaz. Amma mötədillikdən çıxanda bu günahlar partlayıcı hal kimi [baş verir].Günah baxış, bir növ partlayışdır. Günah danışıq da həmçinin. Məsələn, insan müəyyən səbəblərə görə çaşqınlıq, kin, paxıllıq və digər səbəblərdən dolma həddinə çatır. Sonra hardasa elə bir söz deyir ki, uşaq ağlı belə onu anlayır ki, onu gərək deməsin, desə, öz ziyanına olacaq (içəridən od püskürən vulkan kimi püskürür).[14]
"Mizanul-hikmə" kitabının "Mükəffirat zunub" (günahları aradan aparan amillər) adlı bölməsində rəvayətlərə əsasən, günahları silən bəzi amillər bəyan edilmişdir.[15] Bu kitaba əsasən yoxsulluq, xəstəlik, gülərüzlülük, məzlumların dadına çatmaq, çox səcdə etmək və salavat çevirmək bu amillərdəndir.[16]
Günahdan tövbə etmək
- Əsas məqalə: Tövbə
Şiə fiqhinin mənbələrində günahlardan tövbə etməyin vacibliyi həmişə vurğulanmış və onun vacibliyi təxirəsalınmaz hesab edilmişdir. Şeyx Məhəmməd Həsən Nəcəfi,[17] Seyyid Yəzdi günahlardan tövbə etməyi ən mühüm məsələ və ən vacib məsələ hesab edir.[18] "Taha" surəsinin 82-ci ayəsi də daxil olmaqla, Quran ayələrinə əsasən, Allah günahkarın tövbəsini qəbul edir və nə olursa olsun onun günahlarını bağışlayar.[19]
Məsumluq, günahdan uzaq olma məqamı
- Əsas məqalə: Məsumluq
Dini mədəniyyətdə məsumluq insanın günah etmədiyi bir haldır.[20] Belə bir şəxsə məsum deyilir.[21] Şiələrin inancına əsasən, məsum günahın çirkinliyini tam və daimi olaraq dərk etdiyinə və möhkəm iradəsinə görə könüllü olaraq günah işlətmir.[22] On iki imamçı şiələr peyğəmbərlərin, on iki imamın (ə) və Həzrət Zəhranın (s) məsumluq məqamına malik olduğuna inanırlar.[23]
Biblioqrafiya
- "Böyük günahlar" kitabı, Seyyid Əbdülhüseyn Dəstğeyb tərəfindən yazılmışdır.
- "Günahşünaslıq" kitabı, Möhsin Qəraəti tərəfindən yazılmışdır.
- "Günahın cəzası" kitabı, Seyyid Haşim Rəsuli Məhəllati tərəfindən yazılmışdır.
İstinadlar
- ↑ Qəraəti, Qonahşenasi, h.ş 1377, s.7
- ↑ Səccadi, Fərhənge məarife İslami, h.ş 1362, c.2, s. 429
- ↑ Qəraəti, Qonahşenasi, h.ş 1377, s.7
- ↑ Dətğeyb, Qonahane kəbire, h.ş 1375, c.1, s.31; Qəraəti, Qonahşenasi, h.ş 1377, s.13-15
- ↑ Qəraəti, Qonahşenasi, h.ş 1377, s.13
- ↑ Nisa surəsi, ayə 31
- ↑ Təbatəbai, Əl-mizan, h.q 1417, c.4, s.323
- ↑ Yəzdi, Əl-Ürvətul-Vüsqa, h.q 1428, c.1, s.681
- ↑ Kuleyni, Əl-kafi, h.q 1407, c.2, s.276-278
- ↑ Səduq, Məaniul-Əxbar, h.q 1403, s.270-271
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.70, s.327
- ↑ Şura surəsi, ayə 30
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.70, s.362
- ↑ https://lms.motahari.ir/book-page
- ↑ Muhəmmədi Reyşəhri, Mizanul-hikmə, h.ş 1379, c.4, s.1906-1913
- ↑ Muhəmmədi Reyşəhri, Mizanul-hikmə, h.ş 1379, c.4, s.1906-1913
- ↑ Cəvahirul-kəlam, h.ş 1362, c.33, s.168
- ↑ Yəzdi, Urvətul-vüsqa, h.q 1428, c.1, s.287
- ↑ Təbatəbai, Əl-mizan, c.14, s.187-188
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1378, c.2, s.31
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1378, c.2, s.31
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1378, c.2, s.31
- ↑ Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1378, c.2, s.30-31
Ədəbiyyat
- Səduq, Muhəmməd ibn Əli, Məaniul-əxbar, Təhqiq: Əli Əkbər Ğəffari, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1403
- Cəvadi Amuli, Abdullah, Təsnim, Təhqiq: Əli İslami, Qum, Mərkəze Nəşre İsra, 2-ci çap, h.ş 1387
- Xoyi, Seyyid Əbul-Qasim, Siratun-nəca, Cəm avəri və təshih Musa Mofid-din Asi Amili, Qum, Məktəbətu nəşril-muntəxəb, 1-ci çap
- Dəstğeyb, Seyyid Əbdul-Hüseyn, Qum, Dəftəre enteşarate İslami, 9-cu çap, h.ş 1375
- Qəraəti, Möhsin, Qonahşenasi, Tənzim: Muhəmməd İştihardi, Tehran, Mərkəze fərhəngi Dərshayi əz Quran, 1-ci çap
- Təbatəbai, Seyyid Muhəmməd Hüseyn, Əl-mizan fi təfsiril-Quran, Qum, Enteşarate İslami, 5-ci çap, h.q 1417
- Kaşiful-ğita, Həsən ibn Cəfər, Ənavrul-fəqahə, Nəcəf, Muəssisə: Kaşiful-ğita, 1-ci çap, h.q 1422
- Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-kafi, Təhqiq: Əli Əkbər Ğəffari və Muhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Sübhani, Cəfər, Buhusun fil-miləli vən-nəhli, Derasətu muvzuiyyə muqarinətun lil-məzahibil-İslamiyyə, Qum, Mərkəze modiriyyəte hozeye elmiyyeye Qom, 1-ci çap, h.ş 1370
- Məclisi, Muhəmməd Baqir, Biharul-ənvaril-caməə lidurəri əxbaril-əimmətil-əthar, Beyrut, Darul-vifa, h.q 1403
- Muhəmmədi Reyşəhri, Muhəmməd, Mizanul-hikmə həmrah ba tərcümeye farsi, Tərcümə: Həmid Reza Şeyxi, Qum, Darul-hədis, 2-ci çap, h.ş 1379
- Misbah Yəzdi, Muhəmməd Təqi, Amuzeşe əqaid, Tehran, Şirkəte çap və nəşre beynəl-miləl sazmane təbliğate İslami, 2-ci çap, h.ş 1378
- Yəzdi, Seyyid Muhəmməd Kazim, Əl-urvətul-vusqa, Qum, Enteşarate mədrəse emam Əli ibn Əbi-talib, 1-ci çap, h.q 1428