Taslim:Səba məlikəsi
| Tam adı | Şərhin qızı Bilqeys |
|---|---|
| Dini | TəkAllahlı |
| Məşhur qohumlar | Nuhun oğlu Sam |
| Doğum günü | Miladdan 10 əsr qabaq |
| Doğulduğu yer | Mərib |
| Dəfn edildiyi yer | Tədmur |
Səba məlikəsi (ərəbcə: ملكة سبأ) Quranda və Əhdi‑Ətiqdə adı çəkilən yeganə qadın hökmdardır. Onun adını Bilqeys olaraq qeyd edirlər. Hazırkı Yəmən ərazisində yerləşən Səba bölgəsinin hökmdarı olan Bilqeys əvvəlcə günəşə sitayiş edirdi, lakin Həzrət Süleymanla görüşdən sonra iman gətirdi və tövhidə yönəldi. Bu gün bəzi tədqiqatçılar Quranda Səba məlikəsinin idarəçiliyinə müsbət yanaşmanı qadınların cəmiyyətdə fəal iştirakı və roluna dəlil kimi göstərirlər.
Həzrət Süleymanın Səba xalqı və onların məlikəsi haqqında məlumat alması, məlikənin taxtının bir göz qırpımında Süleymanın hüzuruna gətirilməsi və Səba məlikəsinin onun sarayına gəlməsi Quranda qeyd olunan hekayələrdəndir. Quranda və Əhdi‑Ətiqdə Səba məlikəsinin Süleymanla görüşü barədə ortaq məqamlar mövcuddur, lakin müsəlman alimlərinin sözlərinə görə, bu iki mənbə arasında mühüm fərqlər də var ki, onların ən önəmlisi Qurandakı hekayənin hidayət yönümlü olmasıdır.
Tədqiqatçılar bildirirlər ki, Səba məlikəsi haqqında hekayə İslam mənbələrində israiliyyat əsasında geniş şəkildə şərh və izah olunmuşdur.
Ərəb və fars ədəbiyyatında Səba məlikəsinin hekayəsinə çoxlu işarələr edilmişdir. Şeirlərdə Səba məlikəsi hikmət, ağıl və sərvət rəmzi kimi yad olunur.
Əhəmiyyəti
Səba məlikəsi Səba bölgəsinin hökmdarı idi və onun Süleyman peyğəmbərlə görüş hekayəsi Quranda “Nəml” surəsində[1] və həmçinin Müqəddəs Kitabda qeyd olunmuşdur.[2] Səba məlikəsi Quranda adı çəkilən xüsusi qabiliyyətlərə malik yeganə qadın hökmdardır.[3] Onu ən müdrik qadınlardan biri hesab ediblər.[4] Qurandakı Səba məlikəsi hekayəsinə əsaslanaraq, qadınların idarəçilikdə rolu və cəmiyyətdə fəal iştirakı barədə məqalələr yazılmışdır.[5] Hətta deyilir ki, İran İslam Cümhuriyyətinin Konstitusiyasının tərtibi zamanı bəzi üzvlər qadınların idarəçilik mövqeyini izah etmək üçün Qurandakı Səba məlikəsi hekayəsinə istinad etmişlər.[6] Araşdırmalara görə, Səba məlikəsi hekayəsi İslam mənbələrində geniş şəkildə şərh olunmuş və bəzi məqamları israiliyyatlardan götürülmüşdür.[7]
Səba məlikəsinin adı, nəsəbi və hakimiyyəti
Səba məlikəsinin adı nə Quranda, nə də Əhdi‑Ətiqdə çəkilməyib,[8] lakin bir çox müfəssir və tarixçilərin sözlərinə görə, onun adı Bilqeys olmuşdur.[9] Şiə hədislərində də bu ad qeyd olunur.[10] Bununla yanaşı, bəzi mənbələrdə Səba məlikəsi üçün Yəlməqə kimi başqa adlar da yazılmışdır.[11] Rəvayətə görə, o, Məribdə doğulmuşdur.[12] Atası üçün Şərh[13] və ya Həddad ibn Şarahil kimi müxtəlif adlar qeyd olunmuşdur.[14] Bəzi mənbələrdə onun Nuhun oğlu Samın nəslindən olduğu bildirilir.[15] Həmçinin anasının cinlərdən olduğu söylənmiş,[16] lakin bu iddia rədd edilmişdir.[17]
Bilqeys Himyər qəbiləsindən hesab olunur[18] və deyilir ki, indiki Yəmən ərazisindəki Səba torpaqlarında[19] qüdrətli və möhtəşəm bir hakimiyyət qurmuşdur.[20] Onun hakimiyyətinin paytaxtı Mərib idi.[21] 6-cı hicri əsrinin alimlərindən İbn Əsakirin verdiyi məlumata görə, o, Süleyman peyğəmbərlə görüşdən əvvəl doqquz il, görüşdən sonra isə dörd il onun tərəfindən Yəmənə hökmdarlıq etmişdir.[22] Lakin onun hakimiyyət müddəti barədə başqa rəqəmlər də qeyd olunmuşdur.[23] Əbülfutuh Razinin “Rəvzul‑Cinan” əsərində nəql olunur ki, Səba məlikəsi Ərim səddini inşa etmişdir, sonradan bu sədd Ərim selində dağıdılmışdır.[24] Bu səddin inşası başqa şəxslərə də aid edilmişdir.[25]
Bəzi müəlliflər, Səba məlikəsinin Süleyman peyğəmbərlə həm‑dövr olmasına əsaslanaraq, Bilqeysin hakimiyyət dövrünü eramızdan əvvəl 10-cu əsrin ortalarına aid edirlər.[26] Buna görə də Yəməndə tapılmış kitabələrdə qadın hökmdar adının olmamasına əsaslanaraq onun mövcudluğunu inkar etmək düzgün sayılmır, çünki həmin kitabələr eramızdan əvvəl 8-ci əsrə aiddir.[27] Bəzi tədqiqatçıların sözlərinə görə, Sənadan 120 km şərqdə Bilqeys sarayının sütunlarının qalıqları mövcuddur.[28] 14-cü əsr tarixçisi Cavad Əli yazır ki, həbəşlilər özlərini Səba məlikəsi Bilqeysin nəslindən hesab edirlər.[29]
Süleyman peyğəmbərə iman gətirməsi və onunla evlənməsi
Qurandakı ayələrə görə, Səba məlikəsi əvvəlcə günəşə sitayiş edirdi,[30] lakin Süleymanla görüşdən sonra Allaha iman gətirdi.[31] Bəzi təfsir mənbələrinə əsasən, o, Süleyman peyğəmbərlə evlənmişdir.[32] Fars Ensiklopediyası bəzi yəhudi mənbələrindən nəql edir ki, Buxtunnəssər Süleyman və Bilqeysin evliliyinin bəhrəsi olmuşdur.[33] Lakin başqa rəvayətlərə görə, o, Süleymanla deyil, başqa biri ilə evlənmiş,[34] bəzilərinə görə isə heç vaxt evlənməmişdir.[35]
Quranda və Əhdi‑Ətiq və Cədiddə Süleyman və Səba məlikəsinin görüşü
Quran Həzrət Süleyman və Bilqeysin görüş hekayəsini nəql edir.[36] Süleyman peyğəmbər hüdhüd quşu vasitəsilə bir ölkədən xəbər aldı ki, orada varlı bir qadın hökmdar idi və xalqı ilə birlikdə günəşə sitayiş edirdi.[37] Süleyman ona məktub yazaraq özünə tabe olmağa dəvət etdi.[38] Məlikə məktuba cavab olaraq xalqın fəsada və qırğına uğramaması üçün Süleymana hədiyyə göndərdi, lakin Süleyman hədiyyəni qəbul etmədi.[39] Məlikə Süleymanla söhbət etmək üçün onun yanına getdi və Süleyman “kitabdan bir hissəyə bələd olan” bir şəxsin köməyi ilə məlikənin taxtını bir göz qırpımında, o çatmamış, hüzurunda hazır etdi.[40] Məlikə Süleymanın sarayına gəldi və Allaha iman gətirdi.[41] Rəvayətə görə, onun taxtı çox möhtəşəm və böyük idi, üzərində saysız‑hesabsız zinət əşyaları vardı.[42]
Əhdi‑Ətiqdəki rəvayətə görə, Səba məlikəsi Süleyman peyğəmbərin şöhrətini eşidərək onun yanına gəldi, suallar verdi və Süleymandan münasib cavablar aldı.[43] Bundan əlavə, gözəl sarayı, şah süfrəsini, saray əyanlarının təntənəli mərasimlərini, qulluqçuların və saqilərin nizamlı xidmətini, həmçinin Allahın evində təqdim olunan qurbanları görüb heyrətə düşdü.[44] Nəticədə, Səba məlikəsi Süleymanı və onun Allahını təriflədi.[45] Hər iki tərəf bir‑birinə çox qiymətli hədiyyələr verdi və məlikə öz ölkəsinə geri döndü.[46] Əhdi‑Cədidin bəzi hissələrində də Səba məlikəsinə işarə olunmuşdur.[47]
Araşdırmalara görə, bu barədə Qurandakı və Əhdi‑Ətiqdəki hekayələr bəzi məqamlarda ortaqdır, lakin onların mühüm fərqləri də vardır.[48] Bu fərqlərdən biri Qurandakı hekayənin Əhdi‑Ətiqdəkindən daha geniş və hidayət yönümlü olmasıdır.[49] Quranda görüşün yeri qeyd olunmur,[50] lakin Əhdi‑Ətiqdə onun Beytül-müqəddəs olduğu bildirilir.[51] Bununla belə, bəzi İslam mənbələrinə görə, bu görüş Beytül-müqəddəsdə deyil, Süleyman peyğəmbərin Məkkəyə səfəri zamanı baş vermişdir.[52]
Vəfatı və dəfn yeri
Bəzi tarixi mənbələrə görə, Bilqeys Süleymanla görüşdən yeddi il və bir neçə ay sonra vəfat etmiş və onu Şamın Tədmur şəhərində dəfn etmişlər.[53] Onun qəbrinin yeri uzun müddət məlum deyildi. Vəlid ibn Əbdülməlikin hakimiyyəti dövründə qəbri aşkar olundu və onun göstərişi ilə qəbir üzərində bina tikildi.[54]
İstinadlar
- ↑ Nəml surəsi, ayə 20-44
- ↑ Müqəddəs kitab, Ketabe əvvəle padişahan, bab 10
- ↑ Kərimiyan və Huşəngi, Bilqeys, s.74
- ↑ İbn Həbib Əl-Bağdadi, Əl-Muhəbbər, s.367
- ↑ Nümunə üçün müraciət edin: Əqili, Bərresiye hakimiyyəte zən əz neqahe Əhde-qədim və Qurani-Kərim ba tekye bər dastane Mələkə Səba; Ruhaniməneş, Ulquhaye modiriyyəte zənan dər Quran; Reayi, Bilqeys əşarəti bər zən əz didqahe Quran; Kərimi və başqaları, Karamədi zənan dər ərsehaye siyasi-ictimai
- ↑ Zakiri, Vilayəte zənan, s.56
- ↑ Əl-Həzrani, Əl-Mələkətu Bilqeys, s.144
- ↑ Nafe, Əsru ma qəbləl-İslam, s.72
- ↑ Cavad Əli, Əl-Mufəssəlu fi tarixil-Ərəb, c.3, s.264
- ↑ Səffar, Bəsairud-dərəcat, s.208-209-210; Kuleyni, Əl-Kafi, c.1, s.230; Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), c.1, s.103; Şeyx Mufid, Əl-İxtisas, s.213
- ↑ Əvtəbi Səhhari, Əl-Ənsab, c.1, s.209
- ↑ Şəbustəri, İlamul-Quran, s.191
- ↑ Qumi, Təfsiru Qumi, c.2, s.128
- ↑ İsfahani, Tarixu sunni mulukil-ərz, s.99
- ↑ Xətib Umri, Ər-Rəvzətul-fəyha, s.96
- ↑ Əvtəbi Səhhari, Əl-Ənsab, c.1, s.209
- ↑ Nəvəvi, Təhzibul-əsma vəl-luğat, s.481
- ↑ İbn Said Əndəlusi, Ət-Tərifu bi-təbəqatil-uməm, s.204
- ↑ Məsudi, Murucuz-zəhəb, c.2, s.161
- ↑ Təbərsi, Məcməul-bəyan, c.7, s.341
- ↑ Şəbustəri, İlamul-Quran, s.191
- ↑ İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, c.69, s.67
- ↑ İsfahani, Tarixu sunni mulukil-ərz, s.99
- ↑ Əbul-Futuh Razi, Rəvzul-cinan, c.16, s.61
- ↑ Məsudi, Murucuz-zəhəb, c.2, s.161
- ↑ Nafe, Əsru ma qəbləl-İslam, s.72
- ↑ Xəzaəli, Elame Quran, s.376
- ↑ Bi Azar Şirazi, Bastanşenasi və coğrafiyaye tarixi qəsəse Quran, s.322
- ↑ Cavad Əli, Əl-Mufəssəlu fi tarixil-Ərəb, c.1, s.237
- ↑ Nəml surəsi, ayə 24
- ↑ Nəml surəsi, ayə 44
- ↑ Qumi, Təfsirul-Qumi, c.2, s.128
- ↑ Məsahib və başqaları, Bilqeys, s.527
- ↑ İbn Kəlbi, Nəsəb məəd vəl-Yəmən-Əl-Kəbir, c.2, s.546
- ↑ Əvtəbi Səhhari, Əl-Ənsab, c.1, s.210
- ↑ Nəml surəsi, ayə 20-44
- ↑ Nəml surəsi, ayə 23-24
- ↑ Nəml surəsi, ayə 28-31
- ↑ Nəml surəsi, ayə 35-36
- ↑ Nəml surəsi, ayə 38-40
- ↑ Nəml surəsi, ayə 42-44
- ↑ Təbərsi, Məcməul-bəyan, c.7, s.341
- ↑ Müqəddəs kitab, Ketabe əvvəle padişahan, bab 10, 1-3 ayələri
- ↑ Müqəddəs kitab, Ketabe əvvəle padişahan, bab 10, 4-5 ayə
- ↑ Müqəddəs kitab, Ketabe əvvəle padişahan, bab 10, ayə 9
- ↑ Müqəddəs kitab, Ketabe əvvəle padişahan, bab 10, ayə 10-13
- ↑ Matta incili, bab 12, ayə 42; Luka İncili, bab 11, ayə 31
- ↑ Hüseyni Bocduni və başqaları, Bərresi və təhlile təfsiri dastane Süleyman (ə) və Mələkə Səba dər neqahe Qurani-Kərim və tətbiqe an ba Əhde Qədim, s.222
- ↑ Hüseyni Bocduni və başqaları, Bərresi və təhlile təfsiri dastane Süleyman (ə) və Mələkə Səba dər neqahe Qurani-Kərim və tətbiqe an ba Əhde Qədim, s.222-224
- ↑ Nəml surəsi, ayə 20-44
- ↑ Nəml surəsi, ayə 24, ayə 2
- ↑ İbn Hişam, Ət-tiycanu fi muluki Himyər, s.163-170; Bəyzavi, Ənvarut-tənzil, c.4, s.158
- ↑ Diyarbəkri, Tarixul-Xəmis, c.1, s.249
- ↑ Diyarbəkri, Tarixul-Xəmis, c.1, s.249
Ədəbiyyat
- Bəyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil və əsrarut-təvil, Beyrut, Daru ihyait-turasil-ərəbi, h.q 1418
- Bi Azar Şirazi, Əbdül-Kərim, Bastanşenasi və coğrafiyaye tarixi qəsəse Quran, Tehran, Nəşre fərhənge İslami ofisi, h.ş 1382 (2003)
- Cavad Əli, Əl-Mufəssəlu fi tarixil-Ərəb, Beyrut, Darus-saqi, h.q 1422
- Diyarbəkri, Hüseyn ibn Məhəmməd, Tarixul-Xəmis fi əhvali ənfusin-nəfis, Beyrut, Daru sadir, tarixsiz
- Əbul-Futuh Razi, Rəvzul-cinan və Ruhul-cinan fi təfsiril-Quran, Məşhəd, İslam araşdırmaları mərkəzi, h.q 1408
- Əl-Həzrani, Bilqeys İbrahim, Əl-Mələkətu Bilqeysit-tarix vəl-osturəti vər-rəmz, Qahirə, A.M qrafik, m.1994
- Əqili, Fatimə, Bərresiye hakimiyyəte zən əz neqahe Əhde-qədim və Qurani-Kərim ba tekye bər dastane Mələkə Səba, Həft asiman məcəlləsində, nömrə 65 və 66, h.ş 1394 (2015)
- Əvtəbi Səhhari, Sələmə ibn Muslim, Əl-Ənsab, Düzəliş: Məhəmməd Ehsan Nəs, Oman, vezarətut-turasil-əqvmi vəs-səqafə, h.q 1427
- Hüseyni Bocduni və başqaları, Bərresi və təhlile təfsiri dastane Süleyman (ə) və Mələkə Səba dər neqahe Qurani-Kərim və tətbiqe an ba Əhde Qədim, Pejuheşhaye təfsire tətbiqi araşdırmalar məcəlləsində, nömrə 13, Bahar və Yay h.ş 1400 (2021)
- İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415
- İbn Həbib Əl-Bağdadi, Məhəmməd, Əl-Muhəbbər, Təhqiq: Eylize Lixten Şteyter, Beyrut, Darul-afaqil-cədidə, Tarixsiz
- İbn Hişam, Əbdül-Məlik, Ət-tiycanu fi muluki Himyər, Səna, Mərkəzud-dirasat vəl-əbhasil-Yəməniyyə, h.q 1347
- İbn Kəlbi, Hişam ibn Məhəmməd, Nəsəb məəd vəl-Yəmən-Əl-Kəbir, Təhqiq: Naci Həsən, Livan, Aləmul-kutub, h.q 1425
- İbn Said Əndəlusi, Said ibn Əhməd, Ət-Tərifu bi-təbəqatil-uməm, Düzəliş: Ğulamrza Cəmşid Nejad, Tehran, Mirase məktub araşdırma mərkəzi, h.ş 1376 (1997)
- İsfahani, Həmzə ibn Həsən, Tarixu sunni mulukil-ərz vəl-ənbiya, Beyrut, Daru məktəbətil-həyat, tarixsiz
- Kərimi, Fatimə və başqaları, Karamədi zənan dər ərsehaye siyasi-ictimai, Siyasəte islami məcəlləsində, nömrə 20, h.ş 1400 (2021)
- Kərimiyan, Məhəmməd Baqir və Leyla Huşəngi, Bilqeys, İslam dünyası ensiklopediasının 4-cü cildində, Tehran, Dairətul-məarife İslami mərkəzində, h.ş 1377 (1998)
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Məsahib Ğulamhüseyn və başqaları, Bilqeys, Dairətul-məarif farsinin 1-ci cildində, Tehran, Əmir Kəbir, h.ş 1381 (2002)
- Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb və məadinul-cuhər, Qum, Darul-hücrə müəssisəsi, h.q 1409
- Müqəddəs kitab, Beyrut, Darul-məşriq, m.1994
- Nafe, Məhəmməd Məbruk, Əsru ma qəbləl-İslam, Qahirə, Hindavi müəssisəsi, m.2017
- Nəvəvi, yəhya ibn Şərəf, Təhzibul-əsma vəl-luğat, Düzəliş: Amir Ğəzban və Adil Murşid, Dəməşq, Darur-risalətil-aləmiyyə, h.q 1430
- Qumi, Əli ibn İbrahim, Təfsiru Qumi, Təhqiq və düzəliş: Seyyid Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
- Qurani-Kərim
- Reayi, Fəhimə, Bilqeys əşarəti bər zən əz didqahe Quran, Hikməte sinəvi məcəlləsində, nömrə 4, 1998 Aprel ayı
- Ruhaniməneş, Məsumə, Ulquhaye modiriyyəte zənan dər Quran, 5-ci il, nömrə 3, h.ş 1393 (2014) Bahar fəsli
- Şəbustəri, Əbdül-Hüseyn, İlamul-Quran, Qum, Təbliğate İslami Hozeye elmiyyeye Qumun ofisi, h.ş 1379 (2000)
- Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat fi fəzaili Ali Muhəmməd (s), h.q 1404
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Qum, Əl-Mutəmərul-aləmi li-əlfiyyətiş-Şeyxil-Mufid, h.q 1413
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza (ə), Tehran, Cahan nəşri, h.q 1378
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, h.ş 1372 (1993)
- Xətib Umri, Yasin, Ər-Rəvzətul-fəyha fi təvarixin-nisa, Təhqiq: Həssam Riyad Əbdül-Həkim, Liban, Əl-Kutubus-səqafiyyə müəssisəsi, h.q 1420
- Xəzaəli, Məhəmməd, Elame Quran, Tehran, Əmir Kəbir, h.ş 1371 (1992)
- Zakiri, Əli Əkbər, Vilayəte zənan, Hövzə məcəlləsində, nömrə 163 və 164, Bahar və yay h.ş 1391 (2012)