Məzmuna keç

Tövhid

wikishia saytından

Bu məqalə İslam dininin əqidələrindən biridir. Əgər eyni adlı surə haqda məlumat əldə etmək istəyirsinizsə adı keçən səhifəyə daxil olun: Tövhid surəsi

Tövhid, (ərəbcə: التوحيد) İslamın ən əsas etiqad prinsipi olub, Allahın tək və bənzərsiz olması, eləcə də aləmlərin yaradılmasında heç bir şəriki olmaması mənasını verir. Həzrət Məhəmmədin (s) insanları İslama dəvət edərkən söylədiyi ilk cümlələr, Allahın birliyinə şəhadət vermək və şirki inkar etmək məzmununda olub. Tövhid həm Qurani-Kərimdə, həm də məsumların rəvayətlərində xüsusi önəm daşıyır və “Tövhid” surəsi də bu mövzuya həsr olunmuşdur.

İslam mədəniyyətində tövhid, şirk anlayışının qarşısında durur və müsəlman mütəkəllimlər tövhidin bir neçə mərtəbəsini qeyd etmişlər. Bu mərtəbələr bunlardır: Zati tövhid – Allahın zatının yeganəliyinə inanmaq; Sifati tövhid – Allahın zatı ilə sifətləri arasında ayrılıq görməmək; Əfali tövhid – Allahın işlərində heç bir köməkçiyə ehtiyacı olmadığını qəbul etmək; İbadi tövhid – yalnız Allahın ibadətə layiq olduğunu qəbul etmək. Bu dörd mərhələdən birincisi zati tövhid, ən ali mərhələsi isə əfali tövhiddir.

Tövhidin isbatı üçün Qurani-Kərimin ayələrində, məsumların hədislərində və müsəlman filosof və mütəkəllimlərin əsərlərində müxtəlif dəlillər və arqumentlər irəli sürülmüşdür. Təmanö bürhanı, peyğəmbərlərin göndərilməsi bürhanı və təəyyün bürhanı bu dəlillərdən bəziləridir.

Sünni alimlərindən bəziləri, o cümlədən İbn Teymiyyə, Məhəmməd ibn Əbdül-Vəhhab və Əbdül-Əziz Ben Baz, şəfaət diləməyi, peyğəmbərlər və Allah dostlarına onların vəfatından sonra təvəssül etməyi ibadi tövhidin və şirkin nişanələri hesab etmişlər. Şiələr isə Qurani-Kərimin ayələrinə istinad edərək bu iddianı rədd etmişlər. Onların fikrincə, müsəlmanlar bütpərəstlər kimi Peyğəmbəri (s) aləmin sahibi və rəbbi saymır, əksinə, Allah dərgahına yaxınlaşmaq üçün onu və Allah dostlarını vasitə qərar verirlər.

Şiə alimləri tövhid mövzusuna bir çox əsərlərində yer vermişlər. Bu əsərlərin bir qismi sırf tövhid mövzusuna həsr olunmuş, bəziləri isə tövhidə dair ayrıca fəsillər ehtiva edir. Şeyx Səduqun “Ət-Tövhid” kitabı, Əbdür-Rəzzaq Lahicinin “Gövhəri-Murad” əsəri, Əllamə Təbatəbainin “Ər-Rəsailut-Tövhidiyyə” və Mürtəza Mütəhhərinin “Tövhid” kitabı onlardan bəziləridir.

Tərifi

Tövhidin ən məşhur şüarı: La ilahə illəllah; Əsər: Məhəmməd Özcay

Tövhid, Allahı tək bilmək mənasına gəlir və İslamın əsas etiqadi təlimidir.[1] Müsəlmanların inancına görə, Allah aləmlərin yeganə yaradıcısıdır və Onun şəriki yoxdur.[2] Tövhid, Peyğəmbərdən (s)şiə imamlarından (ə), o cümlədən İmam Əli (ə)İmam Sadiqdən (ə) nəql olunan hədislərdə “La ilahə illəllah, vahdəhu la şərikə ləh” və buna bənzər ifadələrlə şəhadət vermək mənasında işlənmişdir.[3]

“Tövhid” sözü həmçinin Allahın yeganəliyi, sifətləri və əməlləri ilə bağlı kəlam mövzularını ifadə etmək üçün də işlədilir. İmam Sadiq (ə) və İmam Rza (ə), tövhidin mənası barədə verilən suallara cavab olaraq, Allahdan insani sifətlərin inkar edilməsi kimi bəzi kəlam mövzularına işarə etmişlər.[4]

Üç müxtəlif kəlami, irfani və fəlsəfi yanaşmada tövhidə üç fərqli baxış mövcuddur: kəlami tövhid, Allahın birliyini qəbul etməyə əsaslanır; fəlsəfi tövhid, Allahın birliyinə ağıl yolu ilə əldə olunan imandır; irfani tövhid isə, Allahın birliyinə şühud tapmaq (müşahidə etmək) və ona varmaqdan ibarətdir.[5] Fəlsəfədə tövhid, “vacibül-vücud”un vahid olması anlayışı çərçivəsində izah olunur. Lakin irfanda söhbət anlayışdan yox, tövhidin mənbəyi olan Allahdan gedir, yəni Allah vahid varlıqdır və digər varlıqlar Ondan faydalanırlar.[6] Filoso­fun məqsədi, vacibül-vücudun vahid olduğunu sübut etməkdir. Amma arifin məqsədi isə şühud və daxili olaraq tövhidi dərk etməkdir. Bununla belə, Molla Sədra Şiraziyə mənsub olan “Hikməti-Mütəaliyə” məktəbi Quran, irfan və bürhanı bir araya gətirmiş və irfani şühud (müşahidə) orada məntiqi və sübutlu müzakirələrlə yanaşı təqdim olunmuşdur.[7]

İslamda Tövhidin Yeri

Tövhid, İslamın ən mühüm təlimi və səmavi dinlərin əsasını təşkil edən bir anlayışdır.[8] Qurani-Kərimə görə, bütün peyğəmbərlərin əsas məqsədi və çağırışı tövhidə inanmaq olmuşdur.[9] Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində tövhidi dinin əsas məqsədi və hədəfi saymış, onun yerinə heç bir şeyin keçə bilməyəcəyini bildirmişdir.[10] Quranda “tövhid” kəlməsi birbaşa keçməsə də, çoxlu ayələrdə Allahın birliyi isbat olunmuş və şirk inancı inkar edilmişdir.[11] Molla Sədra öz təfsirində Qurani-Kərimin əsas məqsədini Allahın birliyini sübut etmək kimi izah etmişdir.[12]

Allahın birliyinə şəhadət vermək və şirkdən uzaqlaşmaq, Həzrət Peyğəmbərin (s) İslamı açıq şəkildə təbliğ etməyə başladığı ilk vaxtlarda Məkkə əhlinə bəyan etdiyi birinci sözlərdir.[13] Peyğəmbərin (s) təbliğ üçün göndərdiyi nümayəndələr, məsələn, Məaz ibn Cəbəl, gedib çatdıqları diyarlarda insanları ilk növbədə Allahın birliyini qəbul etməyə çağırırdılar.[14] Bəzi müsəlman alimlər, tövhid təliminin İslamdakı xüsusi və əhəmiyyətli yerinə istinad edərək, müsəlmanları “tövhid əhli” adlandırmış[15] və tövhidi müsəlmanlığın nişanəsi saymışlar.[16] İmam Əli (ə) də Allahı tanımağın əsasını Onun birliyinə və tövhidə inanmaqda görmüşdür:[17]

«أَوّلُ الدّینِ مَعرِفَتُهُ وَ کَمَالُ مَعرِفَتِهِ التّصدِیقُ بِهِ وَ کَمَالُ التّصدِیقِ بِهِ تَوحِیدُهُ»

“Dinin başlanğıcı Onu tanımaqdır; Onu tanımağın kamalı, Ona inanmaq; bu inancın kamalı isə tövhid və Onun yeganəliyini təsdiq etməkdir”.[18]

Qurani-Kərimdə müxtəlif ifadələrlə tövhid və Allahın birliyi dəfələrlə vurğulanmışdır. Məsələn, “Tövhid” surəsində Allah “Əhəd”, yəni tək olaraq təsvir edilir.[19] Digər tanrıların inkarı, Allahın təkliyi, hamı üçün bir tək tanrı olması, bütün aləmlərin Allahı olması, bir neçə tanrıya inananların pislənməsi, çoxsaylı tanrılara inancın inkarının vurğulanması, üç tanrıya inancın (təsli̇s) rədd edilməsi və Allah üçün heç bir bənzərin olmadığının vurğulanması, bütün bunlar Quranda tövhid mövzusunda qeyd olunmuş anlayışlardır.[20] Qurani-Kərimdə tövhidə birbaşa dəlalət edən ayələrdən bəziləri bunlardır:

  • Qul huvəllahu əhəd – De: Həqiqətən O Allah təkdir.[21]
  • La ilahə illəllah – Yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur.[22]
  • La ilahə illa huvə – Ondan başqa bir tanrı yoxdur.[23]
  • İlahüküm ilahun vahid – Sizin yeganə məbudunuz bir olan məbuddur.[24]
  • Ma min ilahin illəllah – Allahdan başqa heç bir məbud yoxdur.[25]

Tövhidin mərtəbələri

La ilahə illəllah yazısı; Əsər: Müsənna Əl-Übeydi; 2023

Bir çox müsəlman mütəkəllimləri, arifləri və filosofları Qurani-Kərimə və İslam Peyğəmbəri (s) ilə şiə imamlarının (ə) rəvayətlərinə əsaslanaraq tövhid üçün bir neçə mərtəbə və dərəcə müəyyən etmişlər. Bu mərtəbələrin birincisi zati tövhid, sonra sifatiəfali tövhiddir. Ən yüksək mərtəbə isə ibadətdə tövhiddir.[26]

Nəzəri və əməli tövhid

Mütəfəkkirlərdən Mürtəza Mütəhhəri, Cavad Amuli və başqaları tövhidin mərtəbələrini başqa bir bölgü ilə nəzəriəməli tövhid olmaqla iki əsas qrupa ayırmışlar.[27] Onlar ilk üç mərtəbəni nəzəri tövhid, ibadətdəki tövhidi isə əməli tövhid hesab etmişlər.[28]

Qurani-Kərimdə və İslam mədəniyyətində tövhid şirkin qarşısında qoyulmuşdur və şirkə qarşı mübarizə aparmaq Quranda əsas mövzulardan biridir. [29]Müsəlmanlar necə ki, tövhid üçün müxtəlif dərəcələr qəbul edirlərsə, şirk üçün də müxtəlif dərəcələr müəyyənləşdirmişlər.[30] Bu baxımdan, Allahın zatında çoxluğa inanmaq “zatda şirk”,[31] aləmdə bir neçə müstəqil təsir edən varlığın olduğuna inanmaq “feldə şirk” (əməldə şirk) və ya “faili şirk”dir.[32] Allahın sifətlərinin Onun zatından ayrı olduğuna inanmaq “sifati şirk”,[33] Tək olan Allahdan başqasına ibadət isə “ibadətdə şirk” adlanır.[34]

Zati Tövhid

Zati tövhid, tövhidin mərtəbələrinin birincisidir[35] və onun mənalarından biri, Allahın tək və bənzərsiz olduğuna, Onun heç bir oxşarının və əvəzedicisinin olmadığına inanmaqdır. “Tövhid” surəsinin dördüncü ayəsi (وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ – “Heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır”) bu mənanı ifadə etdiyi bildirilir.[36] Zati tövhidin başqa bir mənası isə budur ki, Allahın zatı çoxluq və ikilik qəbul etməz və Onun heç bir bənzəri yoxdur.[37] Bu məna “Tövhid” surəsinin birinci ayəsində də (قُلْ هُوَ اللَّهُ أَحَدٌ – “De: Həqiqətən, Allah birdir”) öz əksini tapır.[38]

Sifati Tövhid

Sifati tövhid Allahın zatı ilə sifətlərinin bir və eyni olması deməkdir. Bu tövhid anlayışına görə, Allahın sifətləri Onun zatından ayrılmaz və Onun zatı ilə mahiyyətcə birdir.[39] Məsələn, Allah alimdir (biləndir), amma bu o demək deyil ki, Allahın elmi Onun zatına sonradan əlavə olunmuşdur; əksinə, Allah, elmin özüdür. Halbuki insanda elm və qüdrət onun zatından xaricdə olan xüsusiyyətlərdir və zamanla ona əlavə olunur.[40] Allahın sifətləri Onun zatından ayrılmadığı kimi, bir-birindən də ayrılmazlar. Yəni Allahın elmi, Onun qüdrətinin özüdür və Allahın bütün varlığı Onun elmi, qüdrəti və digər zati sifətləridir.[41] Mütəfəkkir Misbah Yəzdiyə görə, fəlsəfə və kəlam alimlərinin terminologiyasında sifati tövhid o deməkdir ki, Allah-Taalaya nisbət verilən elm, həyat, qüdrət kimi sifətlər, əslində, Onun zatından ayrı bir şey deyildir. Onların hamısı zatın özü və bir-birinin eynidir. Bu sifətlər arasındakı fərq yalnız məfhum baxımındandır.[42] Qurani-Kərim də Allahı Ona nisbət verilən sifətlərdən pak və uzaq bilir.[43] İmam Sadiq (ə)Əbu Bəsirə danışdığı bir hədisdə Allahın elmini, eşitməsini, görməsini və qüdrətini Onun zatı olaraq göstərmiş və bildirmişdir ki, Allah hələ eşidiləsi və görüləsi bir şey yaratmamışdan əvvəl də eşidən və görən idi.[44]

Əfali Tövhid

Əfali tövhid o deməkdir ki, Allah necə ki, zatında təkdir, eləcə də əməllərində, o cümlədən yaradıcılıq, rübubiyyət (rəhbərlik və idarəetmə), malikiyyət (mülkiyyət) və təkvini hökmranlıqda (yaradılışdakı hakimiyyət) da tayı və şəriki yoxdur.[45] Əfali tövhidə inanmağın nəticəsi olaraq, bütün kainat Allahın əməlidir və bəndələrin və məxluqatın bütün işlərinin əsas mənşəi Allahdır.[46] Aləmdəki varlıqlar zat baxımından necə ki, müstəqil deyillər və Allah vasitəsilə mövcuddurlar – Quranda buyurulduğu kimi Allah aləmin “Qəyyumu”dur – eyni ilə səbəbiyyət və təsir baxımından da müstəqil deyillər. Nəticə etibarilə, Allah zatında tək olduğu kimi, təsir və əməl baxımından da təkdir.[47]

Qurani-Kərimdə Allah bütün şeylərin yaradıcısı və tək Qahir (qalib və hökmran) kimi təqdim olunur.[48] İmam Sadiq (ə) Allahı varlığı yoxdan yaradan və mövcud olanları yoxluğa qaytaran tək varlıq kimi tanıtmışdır.[49]

İbadi Tövhid

İbadi tövhid, yəni yalnız Allaha ibadət edilməli olduğuna və Allahdan başqasının ibadətə layiq olmadığına inanmaqdır.[50] Qurani-Kərimə əsasən, bütün ilahi peyğəmbərlərin əsas dəvət mövzusu da tək Allaha ibadət etmək olmuşdur.[51]

İbadi tövhid Qurani-Kərimin bəzi ayələrində də öz əksini tapır. O cümlədən “Nəhl” surəsində bildirilir ki, hər ümmətə bir peyğəmbər göndərilmişdir ki, onları Allaha ibadətə və tağutdan uzaq durmağa çağırsın.[52] Qurani-Kərimin başqa bir ayəsində isə Peyğəmbərə (s) əmr olunur ki, Allaha ibadət etsin və Allahdan qeyrisinə ibadətə çağıranlardan uzaq dursun.[53]

Peyğəmbər (s) müşriklərə xitab edərək onlardan belə soruşur: “Siz Allahın bəndələri olan heykəl və mücəssəmələrə səcdə edirsiniz ya onlara namaz qılırsınız, alnınızı torpağa qoyursunuz. Bəs aləmlərin Rəbbi üçün nə saxlamısınız?”[54] Peyğəmbərin (s) sözlərinə görə, ibadət olunan bir varlığın haqqı budur ki, bəndələrlə eyni tutulmasın.[55]

Tövhidin dəlilləri

Qurani-Kərimdə, məsumların rəvayətlərində və İslam filosofları ilə kəlam alimlərinin əsərlərində Allahın tövhidini sübut edən müxtəlif dəlillər qeyd olunmuşdur. Bu dəlillərdən bəziləri bunlardır:

  • Təmanö dəlili: «لَوْ کانَ فیهِما آلِهَةٌ إِلاَّ اللهُ لَفَسَدَتا» “Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq baxımından) xarab (zay) olardı” ayəsindən[56] götürülmüşdür. Bu dəlil, şirkin batil olduğunu göstərmək yolu ilə tövhidi isbat etməyə çalışır.[57] Bu dəlilin izahında belə deyilir ki, Əgər iki tanrının var olduğu təsəvvür edilsə və onlardan biri bir işi görmək, digəri isə onun əksini etmək istəsə, üç ehtimal ortaya çıxar:
  1. Hər ikisinin iradəsi həyata keçərsə – bu, ziddiyyətlərin bir arada olması deməkdir ki, qeyri-mümkündür.
  2. Heç birinin iradəsi həyata keçməzsə – bu, onların hər ikisinin aciz olduğunu göstərər.
  3. Yalnız birinin iradəsi həyata keçərsə – bu, digərinin aciz olduğunu, birinin isə həqiqi tanrı olduğunu sübut edər.[58]
  • Tərkib dəlili: İslam fəlsəfəsindəki bu dəlil, Allahın tövhidini Onun mürəkkəb olmaması ilə əsaslandırır. Bu dəlilə görə, iki tanrıya inanmağın tələbi mürəkkəb olmağa və vacibəl-vücudun (varlığı zəruri olan) iki vacibdən təşkil olmasına inanmaqdır. Halbuki hər bir mürəkkəb varlıq onu birləşdirən bir səbəbə möhtacdır. Deməli, mürəkkəb varlıq vacibəl-vücud ola bilməz. O, qeyri-mürəkkəb olmalıdır ki, vacibəl-vücud ola bilsin. Bu səbəbdən, mürəkkəblik vacibəl-vücud olmaqla uyğun gəlmir və nəticədə vacibəl-vücud yalnız bir ola bilər.[59]

Bunlardan əlavə, İslam fəlsəfə və kəlamında “təəyyün dəlili”, “kəsrətin (çoxluğun) qeyri-mümkünlüyü dəlili”, “məqdurat (mümkün varlıqlar) dəlili” və “peyğəmbərlərin göndərilməsi dəlili” kimi sbürhanlar da qeyd olunmuşdur.[60] İmam Əli (ə) İmam Həsənə (ə) yazdığı məktubda Allahın birliyini sübut edən dəlillərdən birini belə ifadə etmişdir: “Əgər Allahın şəriki olsaydı, Onun elçiləri də bəndələrə göndərilərdi”.[61] Müsəlman mütəkəllimlər bu dəlili əsərlərində “peyğəmbərlərin göndərilməsi dəlili” adı ilə qeyd etmişlər.[62]

Şiələrə atılan şirk ittihamı

Vəhhabilər, şiələrin şəfaət, peyğəmbərlər və Allah dostlarına (övliyalara) təvəssül etmək, həmçinin onların qəbirlərinə və onlardan qalan əsərlərə təbərrük etmək inanclarını şirk hesab edirlər.[63] Lakin şiələr bu ittihamı əsassız sayır və inanırlar ki, bu əməlləri yerinə yetirən müsəlmanlar heç vaxt Allahın peyğəmbərlərinə və övliyalarına ibadət etmək niyyətində deyillər və onları tanrı yerinə qoymurlar. Onların məqsədlərinin yalnız peyğəmbərləri və Allah dostlarını uca tutmaq və onların vasitəsilə Allaha yaxınlaşmaq olduğunu bildirirlər.[64]

İbn Teymiyyənin fikrincə, kim imam Əliyə (ə) təvəssül edərsə, kafirdir və kim belə bir şəxsin kafir olmasına şübhə edərsə, o da kafirdir.[65] Kim Peyğəmbərin (s) və ya saleh şəxslərdən birinin qəbrinin yanına gedib onlardan bir şey istəsə, müşrik sayılır və o, tövbə etməyə məcbur edilməlidir. Əgər tövbə etməzsə, öldürülməlidir.[66] Vəhabilərin müftisi Əbdül-Əziz Ben Baz da öz əsərlərində qəbirlərin yanında dua və istəklər etməyi, şəfa və düşmənə qalib gəlməyi istəməyi böyük şirk nümunələri kimi qiymətləndirmişdir.[67]

Şiələr Quran ayələrinə əsaslanaraq bildirirlər ki, şəfaət yalnız o zaman rədd edilə bilər ki, Allahın icazəsi olmadan və müstəqil şəkildə istənilsin; çünki bu halda, bu, Allahın rübubiyyəti və idarəçiliyinə şərik qoşmaq deməkdir.[68] Şiə alimləri Məhəmməd ibn Əbdül-Vəhhab və Əbdül-Əziz Ben Bazın, bütlərdən şəfaət istəməyi qadağan edən Quran ayələrinə istinadına cavab olaraq bildirirlər ki, Peyğəmbərdən (s) şəfaət istəməklə bütpərəstlərin bütlərdən şəfaət istəməsi arasında əsaslı fərq var. Onların fikrincə, Quran ayəsində adı çəkilən müşriklərin əksinə olaraq, müsəlmanlar heç vaxt Peyğəmbəri (s) tanrı, rəbb və ya kainatın sahibi hesab etmirlər.[69]

Biblioqrafiya

Müsəlman mütəkkirlər və hədisçilər, xüsusilə də İmamiyyə (şiə) alimləri bəzən tövhid mövzusunda müstəqil əsərlər yazmış, bəzən də şiə əqidələrini izah edərkən tövhidə də toxunmuşlar. Bəzi mənbələrdə şiələr arasında tövhid mövzusunda 22 əsərin olduğu qeyd olunmuşdur.[70] Bunlardan bəziləri aşağıdakılardır:

  • “Tövhid” kitabı, Şeyx Səduq tərəfindən yazılmışdır. Bu kitab, ilahi zatın təkliyi, Allahın sübuti və səlbi sifətləri, qəza və qədər, cəbr və ixtiyar kimi mövzuları Quran ayələri və məsumlardan gələn rəvayətlərə əsasən şərh edir.[71] Bu əsər müxtəlif adlarla fars dilinə tərcümə olunmuşdur.[72]
  • “Şərhu Babi Hadi Əşər” kitabı, Miqdad ibn Abdullah Siyuri tərəfindən yazılmış və şiə əqidələrinin izah olunduğu əsərdir. Onun birinci fəsli tövhid mövzusuna həsr olunub.[73] “Babu Hadi Əşər” əsəri Əllamə Hilli tərəfindən qələmə alınmışdır.[74]
  • “Ər-Rəsailut-Tövhidiyyə”, Əllamə Təbatəbai tərəfindən yazılmışdır. Kitab Allahın zatı tövhidi, ilahi ad və sifətlər, Allahın əməlləri və Allahla təbiət aləmi arasında vasitəçilər haqqında yazılmış dörd məqalədən ibarətdir.[75] Kitabda həmçinin insanın dünyaya gəlməzdən əvvəlki, dünyadakı və öldükdən sonrakı mərhələləri haqqında üç məqalə də yer alır.[76] Ərəb dilində 1361 hicri-qəməri ilində yazılmış[77] və 1370 şəmsi ilində Əli Şirvani tərəfindən tərcümə və tədqiqlə birlikdə İranda nəşr edilmişdir.[78]
  • “Tövhid” kitabı, Mürtəza Mutəhhərinin 1346-1347 şəmsi illərində bəyan etdiyi 17 moizənin yazıya alınmış mətnidir.[79] Kitab 346 səhifədən ibarətdir və onun əsas hissəsi tövhid ilə təkamül nəzəriyyəsi və şər məsələsi arasındakı əlaqəyə dair şübhələrə cavab verir.[80]
  • “Ət-Tövhid vəş-Şirk fil-Quranil-Kərim” kitabı, Cəfər Sübhani tərəfindən yazılmış dörd fəsildən ibarət olan bir əsərdir. Müəllif bu kitabda tövhidin yeddi mərtəbəsini və ibadətin tərifini verdikdən sonra vəhhabiliyin tövhid və şirk meyarlarını təhlil edir. Ayətullah Sübhaninin ərəb dilində “Buhusun Quraniyyə fit-Tövhid vəş-Şirk” adlı başqa bir kitabı da nəşr olunmuşdur ki, bu kitab da tövhid və şirk məsələlərini bəyan və vəhhabilərin irəli sürdüyü şübhələri tənqid edir. Kitabın beş fəslindən üçü ibadətdə tövhidə aiddir.[81] Bu əsər, Mehdi Əzizan tərəfindən “Quran Kərimdə Tövhid və Şirkin sərhədləri” adı ilə fars dilinə tərcümə olunaraq “Məşər” nəşriyyatı tərəfindən çap olunmuşdur.[82]
  • “Şiə və vəhhabiyyət baxışında Tövhid və Şirk” kitabı, Əhməd Abidinin yazdığı əsərdir. Bu kitab, müəllifin dediyinə görə, Səudiyyə Ərəbistanının Məhəmməd ibn Səud İslam Universitetinin məzunu Nasir əl-Qəffarinin “Usulu məzhəbi əş-Şiətil-İmamiyyətil-İsna Əşəriyyə” adlı əsərinə cavab olaraq yazılmışdır.[83] Əhməd Abidi bu kitabda şiə baxımından uluhiyyətdə tövhid, rububiyyətdə tövhid, ad və sifətlərdə tövhid, iman və onun əsaslarını izah edir. Həmçinin şiə inancının vəhhabi tövhid anlayışına üstünlüyünü göstərməyə çalışaraq, Nasir əl-Qəffarinin yanaşmasını tənqid edir.[84] Kitab hicri-qəməri təqvimi ilə 1434-cü ildə “Ət-Tövhid vəş-Şirk indəş-Şiəti vəl-Vəhhabiyyə” adı ilə ərəb dilinə tərcümə olunaraq nəşr edilmişdir.[85]
  • “Allahşünaslıq” kitabı, Əllamə Tehrani tərəfindən yazılmış üçcildlik əsərdir. Bu kitab, tövhidlə bağlı məsələləri əhatə edir. Kitabda Quran ayələri və rəvayətlərə əsaslanaraq tövhid haqqında müxtəlif fəlsəfi və irfani baxışlar izah edilir.[86]

İstinadlar

  1. Kərimi, Tövhid əz didqahe ayat və rəvayat, h.ş 1379, s.19-20
  2. Kərimi, Tövhid əz didqahe ayat və rəvayat, h.ş 1379, s.19-20
  3. Şeyx Səduq, Ət-Tövhid, h.ş 1389, bab 1, hədis 8, s.10; bab 2, hədis 26, bab 1, hədis 35, s.24
  4. Şeyx Səduq, Ət-Tövhid, h.ş 1389, bab 2, hədis 14-15, s.48-51
  5. Təbatəbai, Tövhide şühudi əz mənzəre İmam Xomeyni, s.104
  6. Zəki Əfşagər, Tövhide əfali və amuzehaye mürtəbit əz nəzəre İbn Ərəbi və Molla Sədra, s.136
  7. Zəki Əfşagər, Tövhide əfali və amuzehaye mürtəbit əz nəzəre İbn Ərəbi və Molla Sədra, s.136
  8. Yəhya, Seyre məsəleye Tövhid dər aləme İslam ta qərne həftome hicri, s.196; Safi, Təcəllie tövhid dər nizame imamət, h.ş 1392, s.21
  9. Yəhya, Seyre məsəleye Tövhid dər aləme İslam ta qərne həftome hicri, s.196
  10. Təbatəbai, Əl-Mizan, c.4, s.116
  11. رمضانی، «توحید»., maarefquran.org saytı
  12. Molla Sədra, Təfsirul-Quranil-Kərim, h.ş 1366, c.4, s.54
  13. Yaqubi, Tarixul-Yaqubi, Daru sadir, c.2, s.24
  14. Yaqubi, Tarixul-Yaqubi, Daru sadir, c.2, s.76-81
  15. Taremi Rad, Tövhid, s.406
  16. Misbah Yəzdi, Xodaşenasi, h.ş 1394, s.180
  17. Nəhcül-bəlağə, Təhqiq: Saleh Sübhi, 1-ci xütbə, s.39
  18. Məkarim Şirazi, Nəhcül-bəlağə ba tərcümeye farsi rəvan, h.ş 1384, s.23
  19. Şəriətmədari, Tövhid əz didqahe Quran və Nəhcül-bəlağə, s.48
  20. Taremi Rad, Tövhid, s.406-407
  21. İxlas surəsi, ayə 1
  22. Saffat surəsi, ayə 35; Muhəmməd surəsi, ayə 19
  23. Bəqərə surəsi, ayə 163
  24. Kəhf surəsi, ayə 110; Ənbiya surəsi, ayə 108; Fussilət surəsi, ayə 6
  25. Sad surəsi, ayə 65
  26. Məhəmməd Reyşəhri, Daneşnameye Quran və hədis, h.ş 1391, c.5, s.419
  27. Mütəhhəri, Aşinayi ba Quran, h.ş 1389, c.2, s.31; Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1393, s.201
  28. Mütəhhəri, Cəhanbini Tövhid, h.ş 1389, s.41; Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1393, s.201; Xərrazi, Bidayətul-məarif, h.q 1417, c.1, s.53-54
  29. Sübhani, Simaye insane kamil dər Quran, h.ş 1377, s.291
  30. Sübhani, Simaye insane kamil dər Quran, h.ş 1377, s.291
  31. Sübhani, Simaye insane kamil dər Quran, h.ş 1377, s.292
  32. Sübhani, Simaye insane kamil dər Quran, h.ş 1377, s.294
  33. Kərimi, Tövhid əz didqahe ayat və rəvayat, hş 1379, s.54
  34. Sübhani, Simaye insane kamil dər Quran, h.ş 1377, s.296
  35. Kərimi, Tövhid əz didqahe əql və nəql, h.ş 1379, s.79
  36. Sübhani, Qozide simaye əqaide şie, h.ş 1387, s.34
  37. Kərimi, Tövhid əz didqahe əql və nəql, h.ş 1379, s.79
  38. Sübhani, Qozide simaye əqaide şie, h.ş 1387, s.34
  39. Mütəhhəri, Məcmue asar, h.ş 1377, s.101
  40. Kərimi, Tövhid əz didqahe əql və nəql, h.ş 1379, s.87
  41. Kərimi, Tövhid əz didqahe əql və nəql, h.ş 1379, s.87
  42. درس نهم: اقسام توحید, mesbahyazdi.ir saytı
  43. Saffat surəsi, ayə 180
  44. Kuleyni, Əl-Kafi, h.q 1388, c.1, s.107
  45. Kərimi, Tövhid əz didqahe əql və nəql, h.ş 1379, s.93
  46. Kərimi, Tövhid əz didqahe əql və nəql, h.ş 1379, s.93
  47. Mütəhhəri, Məcmue asar, h.ş 1377, s.103
  48. Rəd surəsi, ayə 16
  49. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.4, s.148
  50. Kərimi, Məbdəşenasi, h.ş 1387, s.43
  51. Kərimi, Tövhid əz didqahe əql və nəql, h.ş 1379, s.114
  52. Nəhl surəsi, ayə 36
  53. Ğafir surəsi, ayə 66
  54. Hürr Amili, Vəsailuş-şiə, h.ş 1392, c.4, s.985
  55. Hürr Amili, Vəsailuş-şiə, h.ş 1392, c.4, s.985
  56. Ənbiya surəsi, ayə 22
  57. Yəsribi, Tarixe təhlili intiqadi fəlsəfeye İslami, h.ş 1388, s.503-504
  58. Yəsribi, Tarixe təhlili intiqadi fəlsəfeye İslami, h.ş 1388, s.504
  59. Yəsribi, Tarixe təhlili intiqadi fəlsəfeye İslami, h.ş 1388, s.508-509
  60. Yəsribi, Tarixe təhlili intiqadi fəlsəfeye İslami, h.ş 1388, s.506-515
  61. Nəhcül-bəlağə, Təhqiq: Saleh Sübhi, 31-ci xütbə, s.396
  62. Yəsribi, Tarixe təhlili intiqadi fəlsəfeye İslami, h.ş 1388, s.513-514
  63. Ustadi, Şiə və pasox be çənd porseş, h.ş 1385, s.84
  64. Ustadi, Şiə və pasox be çənd porseş, h.ş 1385, s.84
  65. «وقال شیخ الإسلام ابن تیمیة رحمه‌الله: من دعا علی بن أبی‌طالب، فقد کفر، ومن شک فی کفره، فقد کفر.» , Əd-Durərus-səniyyə fil-əcvəbətin-nəcdiyyə, h.q 1417, c.9, s.292
  66. İbn Teymiyyə, Ziyarətul-qubur vəl-istincadi bil-məqbur, h.q 1412, s.19
  67. بن باز، «بعض الممارسات الشرکیة عند القبور».
  68. Ustadi, Şiə və pasox be çənd porseş, h.ş 1385, s.84-85
  69. Sübhani Təbrizi, Mərzhaye tövhid və şirk dər Quran, h.ş 1380, s.159
  70. Ruhani, Tövhid, s.134-135
  71. Huşəngi, Ət-Tövhid, s.401-404
  72. Nümunə üçün baxın: Şeyx Səduq, Əsrare Tövhid, Farsca tərcümə: Məhəmməd Əli Ərkani, Tehran; Şeyx Səduq, Tövhid, Tərcümə: Əli Əkbər Mirzayi, Qum, h.q 1388
  73. Rzanejad, Tövhid dər məzahebe kəlami, s.59
  74. Rzanejad, Tövhid dər məzahebe kəlami, s.59
  75. Baxın: Təbatəbai, Ər-Rəsailut-Tövhidiyyə, h.q 1419
  76. Baxın: Təbatəbai, Ər-Rəsailut-Tövhidiyyə, h.q 1419
  77. Təbatəbai, Ər-Rəsailut-Tövhidiyyə, h.q 1419, s.19
  78. Təbatəbai, Rəsaile Tövhidi, h.ş 1370, s.9-11
  79. Mütəhhəri, Tövhid, h.ş 1387, s.9
  80. Baxın: Mütəhhəri, Tövhid, h.ş 1387, s.211-250
  81. Sübhani Təbrizi, Mərzhaye tövhid və şirk dər Quran, h.ş 1380, s.8
  82. «مرزهای توحید و شرک در قرآن کریم»، کتابخانه تخصصی حج.
  83. Abidi, Tövhid və şirk dər neqahe şiə və vəhhabiyyət, s.15-16
  84. Abidi, Tövhid və şirk dər neqahe şiə və vəhhabiyyət, s.15-16
  85. Baxın: Ət-Tövhid vəş-Şirk indəş-Şiəti vəl-Vəhhabiyyə, h.q 1434
  86. الله شناسي (جلد اول)

Ədəbiyyat

  • Qurani-Kərim
  • Ustadi, Rza, Şiə və pasox be çənd porseş, Tehran, Məşər, h.ş 1385
  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Ziyarətul-qubur vəl-istincadi bil-məqbur, Misir, Darus-səhabə, h.q 1412
  • Cavadi Amuli, Abdullah, Tövhid dər Quran, İsra nəşriyyatı, Qum, h.ş 1393
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Tehran, İslamiyyə, h.ş 1392
  • Xərrazi, Seyid Möhsin, Bidayətul-məarif, İslami nəşr müəssisəsi, Qum, h.q 1417
  • Əd-Durərus-səniyyə fil-əcvəbətin-nəcdiyyə, Təhqiq: Əbdür-Rəhman ibn Məhəmməd ibn Qasim, h.q 1417
  • Rzanejad, İzzəddin,Tövhid dər məzahebe kəlami, h.ş 1384
  • Ruhani, Məhəmməd Hüseyn, Tövhid, c.5, h.ş 1380
  • Zəki Əfşagər, Əhməd və Həsən Müəllimi,Tövhide əfali və amuzehaye mürtəbit əz nəzəre İbn Ərəbi və Molla Sədra, h.ş 1389
  • Sübhani, Təbrizi, Simaye insane kamil dər Quran, Qum, Dəftəre təbliğate İslami, h.ş 1377
  • Sübhani Təbrizi, Cəfər, Qozide simaye əqaide şie, Tərcümə: Cavad Mühəddisi, Məşər, h.ş 1387
  • Sübhani Təbrizi, Cəfər, Mərzhaye tövhid və şirk dər Quran, Tərcümə: Mehdi Əziziyan, Tehran, Məşər, h.ş 1380
  • Seyid Rəzi, Məhəmməd ibn Hüseyn, Nəhcül-bəlağə, Təhqiq: Saleh Sübhi, Beyrtu, Darul-kutubil-Lubnani, h.q 1387
  • Şəriətmədari, Məhəmməd Təqi, Tövhid əz didqahe Quran və Nəhcül-bəlağə, h.ş 1383
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Ət-Tövhid, Tərcümə: Yaqub Cəfəri, Qum, Nəsime kovsər, h.ş 1389
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əsrare Tövhid, Farsca tərcümə: Məhəmməd Əli Ərkani, Tehran
  • Taremi Rad, Həsən, Tövhid, Dər daneşnameye cəhane İslam, c.8, h.ş 1383
  • Təbatəbai, Fatimə və Mərziyyə Şəriəti, Tövhide şühudi əz mənzəre İmam Xomeyni, h.ş 1391
  • Təbatəbai, Məhəmməd Hüseyn, Ər-Rəsailut-Tövhidiyyə, Beyrut, Ən-Numan müəssisəsi, h.q 1419
  • Təbatəbai, Məhəmməd Hüseyn, Rəsaile Tövhidi, Farca tərcümə: Əli Şirvani, Tehran, Əz-Zəhra, h.ş 1370
  • Abidi, Əhməd, Tövhid və şirk dər neqahe şiə və vəhhabiyyət, Tehran, Məşər
  • Kərimi, Cəfər, Tövhid əz didqahe ayat və rəvayat, Tehran, Sepahe pasdarane inqilabe İslami, h.ş 1379
  • Kərimi, Cəfər, Tövhid əz didqahe əql və nəql, Tehran, h.ş 1379
  • Kərimi, Cəfər, Məbdəşenasi, Tehran, Sepahe pasdarane inqilabe İslami, h.ş 1387
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1388
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Əl-Vəfa müəssisəsi, h.q 1403
  • Məhəmməd Reyşəhri, Məhəmməd, Daneşnameye Quran və hədis, h.ş 1391
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Xodaşenasi, İmam Xomeyni adına müəssisə, h.ş 1394
  • Mütəhhəri, Mürtəza, Tövhid, Tehran, Sədra nəşriyyatı, h.ş 1387,
  • Mütəhhəri, Mürtəza, Aşinayi ba Quran, c.2, Sədra nəşriyyatı, Tehran, 1389
  • Mütəhhəri, Mürtəza, Cəhanbini Tövhid, Sədra nəşriyyatı, Tehran, h.ş 1389
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, c.2, Tehran, Sədra nəşriyyatı, 7-ci çap, h.ş 1377
  • Məkarim Şirazi, Nasir, Nəhcül-bəlağə ba tərcümeye farsi rəvan, Qum, İmam Əli ibn Əbi Talib mədrəsəsi, h.ş 1384
  • Molla Sədra, Məhəmməd ibn İbrahim, Təfsirul-Quranil-Kərim, Qum, Bidar nəşri, h.ş 1366
  • Huşəngi, Hüseyn, Ət-Tövhid, Dər daneşnameye cəhane İslam, Tehran, h.ş 1383
  • Yəsribi, Yəhya, Tarixe təhlili intiqadi fəlsəfeye İslami, Qum, h.ş 138
  • Yəhya, Osman ibn İsmail, Seyre məsəleye Tövhid dər aləme İslam ta qərne həftome hicri, h.ş 1368
  • Yaqubi, Əhməd ibn İshaq, Tarixul-Yaqubi, Daru sadir, Beyrut

Əlaqəli məqalələr