İmam Əlinin (ə) kitabı

wikishia saytından
"Camiə" adlı (Səhv salmamaq üçün) bölməyə baxın.

İmam Əlinin (ə) kitabı (ərəbcə: كتاب علي (ع)) və ya Əl-Camiə adlı hədis kitabı Peyğəmbərin (s) imlasıhəzrət Əlinin (ə) qələmi ilə yazılan kitabdır. Bu kitab öz sahibinin imamlığının göstəricisi olan imamətin əmanətlərindəndir. Hədislərə əsasən, əl-Camiə kitabında şəri hökmlərin hamısı hətta xırdalığına qədər açıqlanmışdır. Əxlaq, əqaid, peyğəmbərlərin əhvalatları və (Quranın təfsiri haqqında) batini hədislər bu kitabın digər mövzularından hesab edilir. Hədislərdə gələnə əsasən bu kitabı Əhli beytdən (ə) savayı digər şəxslər də görmüşdür. O cümlədən, Məhəmməd ibn Müslüm, Zürarə ibn Əyən və Mənsur Abbasi o şəxslərdəndir. Mehdi Mehrizi əl-Camiənin haqqında “Əlinin (ə) kitabı” adlı əsər yazmışdır.

Kitabın tanıtdırılması və əhəmiyyəti

Şiə hədislərinə əsasən, əl-Camiə kitabı Peyğəmbərin (s) imlası və imam Əlinin (ə) vasitəsi ilə yazılan kitabdır.[1] Araşdırmaçıların fikrincə, hədislərdə, gələn “Səhifə”,[2] “Əlinin (ə)”[3] kitabı adlı digər başlıqlar hamısı bir kitaba aiddir. Çünki, hədislərdə bu adlı kitablar üçün eyni xüsusiyyətlər sayılmışdır.[4] Bu fikrin müqabilində, Ağa Bozorg Tehraninin (h.q 1293-1389) fikrincə, “Əlinin (ə) kitabı” əl-Camiə adlı kitabdan fərqli bir kitabdır.[5]

Əl-Camiə imamətin əlaməti

Bəzi hədislərə əsasən, əl-Camiə öz sahibinin imamlığını göstərən imamətin əmanətlərindən biridir.[6] Ağa Bozorg Tehraninin fikrincə “Əlinin (ə) kitabı” digər imamət əmanətləri kimi şiə imamları arasında bir imamdan digərinə ötürülmüşdür və hal-hazırda da imam Mehdinin (ə) yanındadır.[7]

Kitabın məzmunu

Çoxsaylı rəvayətlərə əsasən, halalharamlar haqqında olan bütün hökmlər hətta cızığın diyəsi kimi kiçik hökmlər belə hamısı Camiədə qeyd edilmişdir.[8] Bəzi araşdırmaçılar, bu kitabın bütün hökmləri əhatə etdiyi üçün “əl-Camiə” adlandırıldığını ehtimal vermişlər.[9] On beşinci hicri əsrində şiə araşdırmaçılarından olan Seyyid Hüseyn Müdərrisi Təbatəbayi çoxsaylı hədislərə istinad edərək “Əlinin (ə) kitabının” aşağıdakı mövzuları əhatə etdiyini bildirmişdir: (namazın, həccin, cihadın, nikahın, talaqın, qəzavətin və şahidliyin, şəri cəzaların və diyələrin hökmləri kimi) dinin firuiddini haqqında olan hökmləri, əxlaqi və əqidəvi mövzuları, fəzilətləri, peyğəmbərlərin əhvalatlarını və (Quranın təfsiri haqqında) batini rəvayətləri.[10]

Xüsusiyyətləri

Bir sıra hədislərdə imam Əlinin (ə) kitabının həcmi haqqında belə deyilir: uzunluğu yetmiş zira (təxminən 35 metr),[11] eni dəvənin budu[12] qalınlığındadır. Bu da öz növbəsində kitabın genişliyindən və həcminin böyüklüyündən xəbər verir.[13] Lakin bəzi hədislər bu kitabın kiçik ölçüdə olduğunu hətta qılıncın qabına belə yerləşdiyini bildirir.[14] Bəzi araşdırmaçılar, digər hədislərə istinad edərək bu kiçik kitabın Camiənin hamısı deyil bir hissəsi olduğunu qeyd edir.[15] Seyyid Məhəmməd Kazim Təbatəbayinin (təvəllüdü, miladi 1965) sözlərinə görə, bu kiçik həcimli kitab “Əlinin (ə) kitabı” adlı kitabdan savayı bir kitabdır.[16]

Kitabın haqqında məlumat verən şəxslər

Məcid Maarifin araşdırmasına əsasən, qırx nəfərdən çox şəxs Camiə kitabının mövcudluğunu nəql etmişdir.[17] Bəzi hədislərə əsasən, İmamların (ə) Məhəmməd ibn Müslüm,[18] Zürarə ibn Əyən,[19] Əbu Bəsir Muradi,[20] Əbdül-Məlik ibn Əyən[21] və Muəttəb[22] kimi bir qrup səhabələri və Mənsur Abbasi kimi bəzi düşmənləri Camiə kitabını görmüşdür.[23] Seyyid Məhəmməd Kazim Təbatəbayinin sözlərinə görə, Vəsailuş-şiə kitabında səksən hədis imam Əlinin (ə) kitabından nəql edilmişdir.[24]

Camiə kitabı əhli-sünnənin baxışında

Bəzi araşdırmaçıların fikrincə, Cəfr və Camiə kitabı arasında fərq qoyan şiələrin verdiyi məlumatların əksinə olaraq, əhli-sünnənin verdiyi məlumatlarda bu fərq nəzərə çarpmır. Əhli-sünnənin bir sıra yerlərdə verdiyi məlumata əsasən, bu iki kitabın biri-birindən təmamilə ayrı olaraq qeyd edilməsinə baxmayaraq onların məzmununun eyni olduğu deyilmişdir.[25] Səkkizinci hicri əsrində Hənəfi məzhəbindən olan seyyid Mirşərif Corcani adlı əhli-sünnə aliminin fikrincə, Camiə kitabı rəmzi formada, həriflər elmi əsasında yazılmışdır.[26] Haci Xəlifə, Cəfr kitabının lövhi-qəza haqqında, Camiə kitabının isə lövhi-qədər haqqında elm olduğunu bildirmişdir.[27]

Monoqrafiyalar

Mehdi Mehrizi imam Əlinin (ə) kitabı haqqında “Əlinin (ə) kitabı” adlı bir kitab yazmışdır. Bu kitab 2011-ci ildə Səhifeye-xerəd nəşriyyatı tərəfindən 220 səhifədə çap edilmişdir.[28]

İstinadlar

  1. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.142-146; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.239
  2. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.153-154
  3. Əhvazi, Əz-Zöhd, h.q 1402, s.39; Əşəri, Ən-Nəvadir, h.q 1408, s.79; Bərqi, Məhasin, h.q 1371, c.1, s.107 və 273
  4. Bəhardust, Cəfr və camiə, s.476
  5. Ağa Bozorg Tehrani, Əz-Zəriə, h.q 1408, c.2, s.305-306
  6. Şeyx Səduq, Məanil-əxbar, h.q 1403, s.102-103; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.418-419
  7. Ağa Bozorg Tehrani, Əz-Zəriə, h.q 1408, c.2, s.305
  8. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.142-146; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.239
  9. Bəhardust, Cəfr və camiə, s.477
  10. Müdərrisi Təbatəbai, Mirase məktube şiə, h.ş 1386, s.32-36
  11. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.239; Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.419
  12. Şeyx Tusi, Ət-Təhzib, h.q 1407, c.9, s.271
  13. Bəhardust, Cəfr və camiə, s.477
  14. Bərqi, Məhasin, h.q 1371, c.1, s.17-18; Nəsai, Əs-Sunənul-kübra, h.q 1421, c.8, s.56
  15. Bəhardust, Cəfr və camiə, s.477
  16. Təbatəbai, Tarixe hədise şiə, c.1, s.65-66
  17. Məarif, Pejuheşi dər tarixe hədise şiə, h.ş 1374, s.43-45
  18. Şeyx Tusi, Ət-Təhzib, h.q 1407, c.9, s.271
  19. Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.94
  20. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.143
  21. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.153
  22. Səffar, Bəsairud-dəracat, h.q 1404, s.145
  23. Əl-Cindi, Əl-İmamu Cəfərus-Sadiq (ə), h.q 1397, s.200
  24. Təbatəbai, Tarixe hədise şiə, c.1, s.69
  25. Bəhardust, Cəfr və camiə, s.477
  26. Corcani, Şərhul-məvaqif, h.q 1325, c.6, s.22
  27. Haci əlifə, Kəşfuz-zunun, m.1941, c.1, s591
  28. Mehrizi, Ketabe Əli, h.ş 1390

Ədəbiyyat

  • Aqa Bozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Qum, İsmailiyyan, h.q 1408
  • Əşəri, Əhməd ibn Məhəmməd ibn İsa, Ən-Nəvadir, Qum, İmam Mehdi (ə.f) mədrəsəsi, h.q 1408
  • Əl-Cindi, Əbdül-Həlim, Əl-İmam Cəfərus-Sadiq, Qahirə, h.q 1397
  • Əhvazi, Hüseyn ibn Səid, Əz-Zöhd, Qum, h.q 1402
  • Bərqi, Əhməd ibn Məhəmməd, Əl-Məhasin, Qum, Darul-kutubil-elmiyyə, h.q 1371
  • Corcani, Mir Seyyid Şərif, şərhul-məvaqif, Qum, h.q 1325
  • Haci Xəlifə, Mustafa ibn Abdullah, Kəşfuz-zunun, Bağdad, m.1941
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mənaiul-əxbar, Qum, Dəftəre enteşarate İslami, h.q 1403
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la yəhzuruhul-fəqih, Qum, h.q 1413, Dəftəre enteşarate İslami, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Təhzib, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dəracat, Qum, h.q 1404
  • Təbatəbai, Seyyid Məhəmməd Kazim, Tarixe hədise şie, Tehran, h.ş 1388
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Müdərrisi Təbatəbai, Hüseyn, Mirase məktube şie, Qum, h.ş 1386
  • Məarif, Məcid, Pejuheşi dər tarixe hədise şiə, Tehran, h.ş 1374
  • Mehrizi, Mehdi, Ketabe Əli, Qum, h.ş 1390
  • Nəsai, Əhməd ibn Şüeyb, Əs-Sunənul-kubra, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1421
  • Bəhardust, Əlirza, «جفر و جامعه»

Xarici keçid