Əl-Luhuf əla qətla ət-tufuf (kitab)
Müəllif | Seyyid ibn Tavus |
---|---|
Yazılma tarixi | 7-ci əsr |
Mövzu | Kərbəla hadisəsi barəsində məqtəl |
Dil | Ərəbcə |
Nəşriyyat | Çox saylı nəşriyyatlar |
Luhuf kimi tanınan əl-Luhuf əla qətla ət-tufuf (ərəbcə: اللهوف على قتلى الطفوف) və ya əl-Məlhuf əla qətla ət-tufuf kitabı şiələrin Kərbəla hadisəsinin müsibətlərini və İmam Hüseynin (ə) şəhadətini bəyan edən məqtəl janrında yazılmış məşhur əsərlərindəndir. Kitab Seyyid ibn Tavus tərəfindən (vəfatı: h. q. 664) qələmə alınıb. Müəllif kitabı müqəddəs məkanlara gedənlər və İmam Hüseynin hərəmini (ə) (türbəsini) ziyarət edənlər üçün qısa şəkildə yazıb. Buna görə də rəvayətlərin sənəd silsiləsini ixtisara salıb və yalnız son rəvayətçini və ya məxəzi qeyd edib.
“Luhuf” kitabı İmam Hüseynlə (ə) bağlı hadisələri onun dünyaya gəlişindən Aşura hadisəsindən sonra baş verən hadisələrə qədər ehtiva edir. Aşura tədqiqatçısı Məhəmməd İsfəndiyarinin (h. ş. 1338) sözlərinə görə, İbn Tavus İmam Hüseyn (ə) qiyamını mistik şəhidlik əsasında şərh edən ilk şəxsdir. Buna baxmayaraq, müəllif mübaliğəli mətləbləri qeyd etməkdən çəkinib. Mühəddis Nuri qeyd edir ki, rəvayətlərin sənədi kitabda qeyd olunmadığı üçün o qədər də mötəbər deyil. Bu baxımdan, “Luhuf” kitabının qəbul edilməsi Seyid İbn Tavusun mənəvi məqamından irəli gəlir.
“Luhuf”un farscaya bir neçə tərcüməsi nəşr olunub. Onlardan Seyid Əhməd Fehrinin “Ahi suzan bər məzari-şəhidan” və Məhəmməd Məhəmmədi İştihardinin “Qəmnameyi-Kərbəla” adlı tərcümələrini qeyd etmək olar.
Luhuf kitabının yeri
Luhuf kimi tanınan “əl-Luhuf əla qətla ət-tufuf” və ya “əl-Məlhuf əla qətla ət-tufuf” kitabı Kərbəla hadisəsi haqqında ərəb dilində yazılmış şiə məqtəl kitablarındandır. Bu kitab Seyyid ibn Tavus tərəfidnən hicri-qəməri 7-ci əsrdə qələmə alınsa da ilkin məxəzlərin və məqtəllərin yanında yer alıb.[1]
Bu kitabın rəvayətləri sənədləri qeyd olunmadan nəql olunub və 14-cü əsr mühəddislərindən olan Mühəddis Nuriyə görə, lazımi tutarlılığa malik deyil.[2] Həmçinin, onun müxtəlif yerlərində çoxlu zəif cəhətləri olduğu iddia edilir.[3] Buna baxmayaraq, o qədər məşhurlaşıb ki, Aşura hadisəsi ilə bağlı əsərlərin əksər müəllifləri, eləcə də mərsiyəxanlar bu kitaba istinad edirlər.[4] Seyyid Məhəmməd Əli Qazi Təbatəbai bu kitabı ən mötəbər məqtəllər cərgəsində sayıb. Belə ki, o, heç bir məqtəli bu qədər etibarlı hesab etmir.[5] “Muərrifi və nəqdi-mənabii-aşura” kitabının müəllifinin fikrincə, Seyid ibn Tavusun sözlərinin qəbul olunması onun mənəvi məqamından irəli gəlir.[6]
“Luhuf” kitabının şöhrəti və yeri onun fars dilinə dəfələrlə tərcümə və nəşr olunmasına səbəb olub.[7] Həmçinin, müxtəlif nöqtələrdə, məsələn, Tehran, Sayda, Beyrut, Bombey, Nəcəf, Qum və Təbriz kimi şəhərlərdə müxtəlif naşirlər onu çap ediblər.[8]
Kitabın adı
“Luhuf” kitabı mənbələrdə müxtəlif adlarla keçib. Bu ad fərqi nüsxə fərqləri və müəllifin özünün kitaba verdiyi adla bağlıdır. Çünki müəllif öz kitabı üçün fərqli adlar seçib və ya bir adı fərqli ifadələrlə verib.[9] “Əl-Luhuf” və ya “əl-Məlhuf” sözləri ilə başlayan və cüzi fərqləri olan adlardan başqa, müəllifin kitabın müqəddiməsində qeyd etdiyi “əl-Məsalik fi məqtəlil-Huseyn (ə)” adına da rast gəlirik.[10] Ağabozorg Tehrani “əz-Zəriə” kitabında “əl-Luhuf əla qətla ət-tufuf” adını digər adlardan daha məşhur hesab edir.[11] Buna baxmayaraq, Sadiqi Kaşani “əl-Məlhuf əla qətla ət-tufuf” adını kitabın əsl və düzgün adı hesab edir.[12]
Müəllif haqqında
“Əl-Luhuf” kitabının müəllifi Seyyid ibn Tavus kimi şöhrət qazanan Seyid Rəziyuddin Əli ibn Musa ibn Cəfər ibn Tavus (h. q. 589-664)[13] hicri-qəməri 7-ci əsr şiə müəlliflərindən və əslən Hilləlidir. O, İmam Həsənin (ə) və İmam Səccadın (ə) nəslindəndir. Əllamə Hilli və onun atası Yusif Sədiduddin kimi alimlərin müəllimi olub.[14] İbn Tavus Hülakü xan dövründə şiələrin niqabəti vəzifəsini daşıyırdı.[15]
Seyyid ibn Tavus Cəmalul-arifin adlanır. Bu ləqəb ona yüksək əxlaqi keyfiyyətlərinə, təqvasına, pəhrizkarlığına və irfani hallarına görə verilib.[16] Onun təqribən əlli kitabı var ki, “əl-İqbal”, “əl-Muhimmat vəl-tətimmat”, “Kəşful-məhəccə lisəmərətil-muhəccə”, “Misbahuz-zair və cinahul-musafir” və “Məhcud-dəəvat və mənhəcul-ibadat” onlara nümunədir.
Luhufun məzmunu və özəllikləri
Kitabın strukturu
“Luhuf” kitabı bir müqəddimədən və üç fəsildən ibarətdir:
- Müqəddimədə Aşura hadisəsinin əzəməti, İmam Hüseynin (ə) məqamı, onun üçün ağlamağın və yas saxlamağın dəyəri haqqında mətləblər yer alıb.
- Birinci fəsil İmam Hüseynin (ə) dünyaya gəlməsindən və Ümmül-Fəzlin yuxusundan başlayır və Aşura gecəsinə qədər davam edir. Bu fəsildə İmam Hüseynin (ə) şəhadəti haqqında öncədən xəbər verilməsi, İmamın (ə) Mədinədən Kərbəlaya gedən yolda söylədiyi sözlər, Müslim ibn Əqilin şəhid olma xəbərinin gəlməsi və karvanın Hürr ibn Yəzid Riyahi tərəfindən dayandırılması kimi hadisələr verilib.
- İkinci fəsil Aşura gecəsindən və İmam Hüseynin (ə) Səd ibn Ömərin qoşunundan möhlət almasından başlayır və İmam Hüseynin (ə) şəhadətinə qədər davam edir. Bu fəsildə səhabələrin şəhid olması da qeyd olunub. [17]“Luhuf”da Kərbəla şəhidlərinin altmış nəfərinin adı qeyd olunmayb. İbn Tavus bu fəslin sonunda İmam Hüseynin (ə) qatillərinin Qiyamət günü qarşılaşacağı əzab haqqında iki hədis qeyd edib.
- Üçüncü fəsil İmam Hüseynin (ə) şəhadətindən sonrakı hadisələrə həsr olunub və şəhidlərin başının Kufəyə göndərilməsindən başlayır, Kərbəla əsirləri ilə bağlı mətləblərdən onların Mədinəyə qayıtmasına qədər davam edir. İbn Tavus kitabın sonunda İmam Səccadın (ə) Aşura müsibəti üçün ağlaması və yas saxlaması haqqında iki rəvayət nəql edir.[18]
Təlif səbəbi və metodu
Kitabın müqəddiməsinə əsasən İbn Tavusun bu kitabı yazmaqda məqsədi odur ki, İmam Hüseynin (ə) zaiyarətçilərinin yanında Seyid ibn Tavusun digər kitabı “Misbahuz-zair” ilə yanaşı Aşura müsibətlərinin xatırlanması və məqtəllə tanışlıq üçün digər kiçik bir kitabça da olsun. Buna görə də onu qısa yazıb ki, “Misbahuz-zair” kitabına əlavə olunsun.[19]
Məzmun xüsusiyyətləri
Aşura tədqiqatçıları və tarixi kitabları araşdıranlar “Luhuf”un bir sıra xüsusiyyətlərini qeyd ediblər.
- Aşura tədqiqatçısı Məhəmməd İsfəndiyariyə (h. ş. 1338) görə, Seyid ibn Tavus İmam Hüseynin (ə) qiyamını mistik şəhadət əsasında izah edən ilk şəxsdir.[20] İbn Tavusun fikrincə, əgər imamların əzadarlıq və qara geyinmək haqqında tövsiyələri olmasaydı, insanların İmam Hüseynin (ə) şəhadət neməti üçün Aşura günü şadlıq etmələri düzgün olardı.[21] Beləliklə, onun Aşura hadisəsinə baxışı sufiyanə hesab olunub və tənqid atəşinə tutulub.[22]
- Sənədlərin çıxarılması və təhkiyə üslubu onun elmi baxımdan zəif cəhəti hesab olunur. Müəllif bu kitabda həmçinin digər kitablarda olan mübaliğəli mətləbləri nəql etməkdən çəkinib.[23]
- “Luhuf” kitabının üstün tərəflərindən biri İmam Səccadın (ə) Şam və Kufədə söylədiyi xütbələrin, həzrət Zeynəbin (ə) Şam və Kufədə söylədiyi xütbələrin, eləcə də İmam Hüseynin (ə) qızı Fatimənin Kufədə söylədiyi xütbənin tam versiyasını nəql etməsi hesab olunur.[24]
- “Luhuf” kitabında həmçinin daha əvvəl məqtəllərdə rast gəlinməyən mətləblər var. Məsələn, İmam Hüseynin (ə) Bəni-Haşimə məktubu, “Allahın izni ilə, məni ölmüş görəcəksən” cümləsi ilə öz şəhadətini xəbər verməsi və əsirlərin Ərbəin günündə Kərbəlaya qayıtması bu qəbildəndir.[25] Bəzilərinə görə, bəlkə də bu mətləblərin o dövrdə geniş yayılması, üstəgəl, imamın qeyb elmi kimi şiə inancları İbn Tavusun bunları tarixi məlumatlar kimi başa düşməsinə və öz kitabında qeyd etməsinə səbəb olub.[26] Mühəddis Nuriyə görə, kitabda yanlış mətləblərin olması müəllifin yaşının gənc olmasından irəli gəlib.[27]
- Seyyid ibn Tavus “Luhuf” kitabında məqtəllə yanaşı yeri gəldikcə öz təhlillərini və düşüncələrini də verib. Məsələn, Kərbəla səfərində (imamın) ailəsini də özü ilə aparması haqqında yazır: “Ola bilər ki, İmam (ə) onları Hicazda və ya digər şəhərlərdə qoyub getsəydi, Yezid onları tutar, işgəncə və zülmlə İmamın (ə) məqsədlərinə çatmasına (cihad, şəhadət və səadətə qovuşmasına) mane olardı”.[28]
Əsas mənbələr və Luhufun nüsxələri
Müasir tarixçi Məhəmməd Hadi Yusifi Qərəvinin (h. ş. 1327) fikrincə, “Luhuf” əslində Xarəzminin “Məqtəlul-Huseyn” kitabıdır. Orada ondan başqa yeni mətləblər yoxdur. Onun fikrincə, “Məqtəlul-Huseyn” kitabının mətləblərinin çoxu İbn Əsəmin “əl-Futuh” kitabından iqtibas edilib. Bir halda ki, “əl-Futuh”da səhv(lər) var.[29] Lakin “Muərrifi və nəqdi-mənabii-aşura” kitabının müəllifi bu sözü qəbul etmir.[30] Tarixçi Mustafa Sadiqi Kaşani də bu fikirdədir ki, bir-birinə yaxın mətnləri olan “Luhuf” və “Musirul-əhzan” kitabları hər ikisi üçüncü mənbədən alınıb və o mənbə bizə məlum deyil.[31] Hərçənd, “əl-Futuh” və Xarəzminin “Məqtəlul-Huseyn” kitabının birinin təhkiyə, digərinin isə xitab üslubunda olması səbəbilə bu iki xüsusiyyət “Luhuf”da da özünü göstərir.[32]
Kitabın əlyazmaları
Sadiqi Kaşaniyə görə, əlimizdə “Luhuf”un müəllifin öz xətti ilə yazılmış heç bir nüsxəsi yoxdur.[33] “Luhuf”un əlimizdə olan ən qədim nüsxəsi hicri-qəməri 10-cu əsrin ikinci yarısına aiddir.[34] Həmçinin, “Luhuf”un yazıldığı tarixdən 10-cu əsrə qədər heç bir kitab ondan bir şey nəql etməyib. “Luhuf”a istinad edən ilk kitab Əbu Talib Hairi Kərəkinin “Təsliyətul-məcalis” kitabıdır.[35]
“Luhuf”a ən çox istinadı Əllamə Məclisi öz kitablarında edib.[36] Ümumiyyətlə, bu kitab İranda Səfəvi və Qacar dövrlərində diqqət qazanıb.[37] Buna görə də bu kitabın əlyazmaları həmin dövrə aiddir.[38] Bu əlyazmaların və daş basmalarının bir qismi Həssun Təbriziyanın “əl-Məlhuf”a yazdığı müqəddimədə,[39] bir qismi isə Sadiqi Kaşaninin “Təshih və mənbəşenasiyi-kitabi-əl-Məlhuf” kitabında[40] mündəricat şəklində verilib.
Luhufun nüsxələrinin fərqi
Sadiqi Kaşaninin araşdırmasına görə, müxtəlif nüsxələrin ibarələrində və sitatlarında ən azı otuz fərq nəzərə çarpır.[41] Belə ki, Sadiqi onların arasından iyirmi fərqi ciddi və mühüm hesab edib və ayrıca sıralayıb.[42] Onun fikrincə, bu fərqlər ciddi şübhələr doğurur.[43] Məsələn, İmam Hüseynin (ə) öz şəhadətini bilməsi və “Allahın izni ilə, məni ölmüş görəcəksən” cümləsi, Rüqəyyənin adını çəkməsi və kiçik uşaq üçün su istəməsi rəvayəti bu qəbildəndir.[44] Bu fərqlərin çoxu əsas mənbəyi bilinməyən nümunələrdir.[45]
Nəşrlərin və tərcümələrin vəziyyəti
Şiə cəmiyyətində məqtəl oxumağa ehtiyac olduğu üçün “Luhuf” və onun kimi kitablar Səfəvi dövrlərində ümumi rəğbət gördü və hicri-qəməri 13-cü yüzilliyin əvvəllərində litoqrafiya və digər üsullarla çap olundu.[46] “Luhuf”un ən məşhur çapı hicri-qəməri 1369-cu ildə Nəcəfin Heydəriyyə nəşriyyatının çapıdır. Bu çap təshih olunmadan baş tutub.[47] Hicri-qəməri 1414-cü ildə Üsvə nəşriyyatı “əl-Məlhuf”un nüsxəsini Fars əl-Həssunun müqəddiməsi, təshihi və tədqiqi ilə nəşr edib.[48]
Tərcümələr
“Luhuf” şiələr arasında qazandığı şöhrətə görə dəfələrlə farscaya tərcümə olunub.[49] Əqiqi Bəxşayişi “Luhuf”un tərcüməsinə yazdığı müqəddimədə digər doqquz tərcümənin adını çəkib.[50]
Səfəvi dövrünün alimlərindən olan Seyid Bəhauddin Muxtari “Lufuf” məqtəlinin farscaya ilk tərcüməçisidir.[51] Bu tərcümənin adına ilk dəfə Seyid Məhəmməd Təbatəbainin “əş-Şəriə ila istidrakiz-zəriə” kitabında rast gəlirik.[52] Seyid Bəhauddin Muxtari tərcümədən başqa ona digər şeirlər, o cümlədən, Möhtəşəm Kaşaninin şeirlərini də bu tərcüməyə əlavə edib.[53]
Bədayeneqar kimi şöhrət qazanmış Məhəmməd İbrahim Tehrani hicri-şəmsi 1286-cı ildə “Luhuf”u “Feyz əd-dumu” adı ilə tərcümə edib. “Ləccətul-ələm fi huccətil-uməm” kitabı hicri-şəmsi 1311-ci ildə Mirzəqulu Şiqaqi Təbrizi tərəfindən edilmiş başqa bir tərcümədir.[54] Bu tərcümə hicri-şəmsi 1395-ci ildə “Avayi-dərd bərayi-huccəti-ummətha” adı ilə yenidən çap olundu.[55] Əhməd ibn Səlamə Nəcəfi,[56] Seyid Məhəmməd Suhufi, Seyid Əhməd Fehri, Seyid Əbul-Huseyn Mirtalibi[57] və Məhəmməd Məhəmmədi İştihardi də “Luhuf”u farscaya tərcümə ediblər. “Luhuf” həmçinin Seyid Məhəmməd Hüseyn Hindi (vəfatı: h. q. 1355) tərəfindən urdu dilinə tərcümə və “Dəmuz-zəruf” adı ilə nəşr olunub.[58]
“Luhuf” kitabının farscaya mənzum tərcüməsi də var. Zövqi təxəllüslü Ziyauddin Mehdi ibn Davud tərəfindən olunan bu tərcümə “Vəcizətul-məsaib” adı ilə nəşr olunub.
Luhuf haqqında yazılan əsərlər
- Mustafa Sadiqi Kaşaninin “Təshih və mənbəşenasiyi-ketabi-əl-Luhuf” əsəri. Bu əsər İslam Elmləri və Mədəniyyəti Araşdırmalar Mərkəzi tərəfindən nəşr olunub. Kitab ”Luhuf”un 57 nüsxəsinin müqayisəsini aparmaqla yanaşı kitabın əsas məxəzini öyrənməyə çalışır.[59] Müəllif, həmçinin “Luhuf”un mətnini nəql edir və bir çox hallarda kitabda nəql olunan müddəaları tənqid edir.[60]
- “Bərrəsiyi-mustənədati-nəzəriyyeyi-şəhadəttələbiyi-İmam Huseyn dər Luhuf” məqaləsi, Mustafa Sadiqi Kaşani, “Tarix, fərhəng və təməddoni-islami” rüblük jurnalı.[61]
- “Təsiri-amuzehayi-təsəvvüf bər məqtəlneqariyi-Kərbəla: mutalieyi-morediyi-“əl-Luhuf əla qətla ət-tufuf”, Abbas Abrumənd Ələm, Rüqəyyə Mirqasimi və Abbas Həsənxani.[62]
İstinadlar
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.19
- ↑ Nuri, Lulu və Mərcan, h.ş 1388, s.205-206
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.203
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.20
- ↑ Qazi Təbatəbai, Təhqiq dər əvvəle ərbeine Seyyidüş-Şühəda, h.ş 1383, s.4
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.206
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.203
- ↑ İbn Tavus, Tərcümeye luhuf, h.ş 1380, s.64-65
- ↑ Təbriziyan, Müqəddimə, s.66
- ↑ Təbriziyan, Müqəddimə, s.67
- ↑ Ağabozorg Tehrani, “əz-Zəriə”, c.22, s.233
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.20
- ↑ Hüseyni, Məvaridul-ittihaf, h.q 1388, c.1, s.107-108
- ↑ Qumi, Əl-Kuna vəl-əlqab, h.q 1389, c.1, s.341
- ↑ Kohlberg, Ketabxaneye İbn Tavsu, Qum, s.31-32
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.107, s.63-64
- ↑ نیازمند منبع
- ↑ İbn Tavus, Luhuf, h.ş 1348, s.3
- ↑ İbn Tavus, Əl-Məlhuf, h.ş 1375, s.87
- ↑ İsfəndiyari, Aşuraşenasi, h.ş 1387, s.70
- ↑ İbn Tavus, Əl-Məlhuf, h.q 1417, s.87, h.q 1417, c.1, s.82; İbn Tavus, Əl-Məlhuf, h.ş 1375, s.83
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.227-228
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.205
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.205
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.215-228
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.229
- ↑ Nuri, Lulu və Mərcan, h.ş 1388, s.205
- ↑ İbn Tavus, Əl-Məlhuf, h.q 1417, c.1, s.142
- ↑ «اعتبارسنجی و نقد منابع و مقاتل عاشورایی», hawzahnews.com saytı
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.206
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.50-51
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.279
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.39
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.24
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.24
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.24
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.24
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.24
- ↑ Təbriziyan, Müqəddimə, s.67-69
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.31-36
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.36
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.37-38
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.38
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.37-38
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.38
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.27
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.27
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.27
- ↑ Hüseyni, Müərrifi və nəqde mənabe Aşura, h.ş 1388, s.203
- ↑ Əqiqi Bəxşayişi, “Luhuf”un tərcüməsi, h.ş 1378, s.22
- ↑ Təclil, Bəhauddin Məhəmməd Muxtari: Nəxostin mutərcime luhuf, s.1
- ↑ Təclil, Bəhauddin Məhəmməd Muxtari: Nəxostin mutərcime luhuf, s.12
- ↑ Təclil, Bəhauddin Məhəmməd Muxtari: Nəxostin mutərcime luhuf, s.13
- ↑ Ağabozorq Tehrani, Əz-Zəriə, c.18, s.296
- ↑ https://www.mehrnews.com/news/3785236 «انتشار قدیمیترین ترجمه فارسی از مقتل لهوف»], mehrnews.com saytı
- ↑ Ağabozorq Tehrani, Əz-Zəriə, c.26, s.201
- ↑ İbn Tavus, Tərcümeye luhuf, h.ş 1380, s.65
- ↑ «دمع ذروف ترجمہ لہوف»
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399
- ↑ Sadiq Kaşani, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, h.ş 1399, s.79, 83, 93
- ↑ Sadiq Kaşani, Bərresiye mustənadate nəzəriyyeye şəhadət tələbiye İmam Hüseyn (ə) dər luhuf, s.25-40
- ↑ Bərumənd və başqaları, Təsire amuzehaye təsəvvuf bər məqtəlneqari Kərbəla, s.37-56
Ədəbiyyat
- Ağabozorq Tehrani, Əz-Zəriə, Beyrut, darul-əzva
- İbn Tavus, Əli ibn Musa, Əl-Məlhuf, Tehran, Üsvə nəşri, h.ş 1375
- İbn Tavus, Əli ibn Musa, Luhuf, Tərcümə: Seyyid Əbül-Həsən Mir Talibi, Qum, h.ş 1380
- İbn Tavus, Əli ibn Musa, Luhuf, Tehran, Cahan nəşri, h.ş 1348
- «اعتبارسنجی و نقد منابع و مقاتل عاشورایی», hawzahnews.com saytı
- İsfəndiyari, Məhəmməd, Aşuraşenasi, Qum, h.ş 1387
- Bərumənd və başqaları, Təsire amuzehaye təsəvvuf bər məqtəlneqari Kərbəla,
- Təbriziyan, Fars, Müqəddimə, Tehran, Üsvə nəşri, h.ş 1375
- Təclil, Bəhauddin Məhəmməd Muxtari: Nəxostin mutərcime luhuf, h.ş 1386
- Hüseyni, Seyyid Abdullah, Müərrifi və nəqde mənabe Aşura, Qum, h.ş 1388
- Sadiqi Kaşani, Mustafa, Təshih və mənbəşenasiye ketabe Əl-Luhuf, Qum, h.ş 1399
- Sadiq Kaşani, Mustafa, Bərresiye mustənadate nəzəriyyeye şəhadət tələbiye İmam Hüseyn (ə) dər luhuf, h.ş 1392
- Qazi Təbatəbai, Seyyid Məhəmməd Əli, Təhqiq dər əvvəle ərbeine Seyyidüş-Şühəda, Tehran, h.ş 1383
- Qumi, Abbas, Əl-Kuna vəl-əlqab, Nəvəf, Heydəriyyə nəşri, h.q 1389
- Kohlberg, Ketabxaneye İbn Tavsu, Qum, Tərcümə: Əli Qərayi və Rəsul Cəfəriyan, Qum
- Nuri, Hüseyn, Lulu və Mərcan, Tehran, Afaq nəşri, h.ş 1388