Cihad
Cihad, (ərəbcə: الجهاد) Allah yolunda can və mal ilə, müşriklərə və üsyançılara qarşı, İslamı ucaltmaq və onun şüarlarını bərpa etmək məqsədilə aparılan mübarizədir. Cihad, İslam dininin vacib şaxələrindən (furuiddindən) biridir və fiqh alimləri xüsusi bir fəsildə – “Cihad” babında onun hökmlərini müfəssəl şəkildə izah etmişlər. Müfəssirlərin çoxu inanır ki, İslamda cihad hökmü ilk dəfə Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən yeddi ay sonra qanuniləşdirilmişdir.
Qurani-Kərimin bəzi ayələrində və hədislərdə Allah yolunda cihadın çoxsaylı fəzilətləri qeyd olunmuşdur. Həmçinin məzlumların və zəiflərin müdafiəsi, zülm və təcavüzün qarşısını almaq, şirk və bütpərəstliklə mübarizə və dinin möhkəmləndirilməsi kimi məsələlər cihadın məqsədləri və nəticələrindən hesab edilmişdir.
Fiqh alimlərinin nəzərində cihad iki növə bölünür: ibtidai cihad və müdafiə cihadı. İbtidai cihad, müşrik və kafirlərlə onların İslama və tövhidə dəvət olunması məqsədilə aparılan müharibədir. Müdafiə cihadı isə İslam torpaqlarını düşmən hücumlarına qarşı qorumaq deməkdir.
Bu gün (hicri 15-ci əsrdə) cihad anlayışı Əl-Qaidə və İşid kimi bəzi radikal müsəlman qrupları tərəfindən sui-istifadəyə məruz qalmışdır. Bu qrupların zorakı davranışları, cihadın əsas hədəflərindən sapmasına, islamofobiyanın yayılmasına və nəticədə cihad təliminə qarşı təbliğat və hücumlar üçün bəhanəyə səbəb olmuşdur.
Cihadın anlayışı və mövqeyi
Cihad, fiqhi bir termin olaraq, Allah yolunda can və mal ilə, müşriklərə və üsyançılara qarşı, İslamı ucaltmaq və onun şüarlarını bərpa etmək məqsədilə aparılan mübarizə deməkdir.[1] Cihad, İslamın furuiddinindəndir (vacib əmrlərindəndir).[2] Fiqh alimləri “Cihad” adı altında xüsusi bir fəsildə onun fiqhi hökmlərini təfərrüatlı şəkildə izah etmişlər.[3] “Cihad” və ondan alınan kəlmələr Quranda təxminən 35 dəfə işlədilmişdir.[4] Həmçinin rəvayət mənbələrində cihadın hökmü və fəziləti ilə bağlı çoxsaylı hədislər nəql olunmuşdur ki, fəqihlər şəri hökmləri əldə etmək üçün bu hədislərdən istifadə edirlər.[5]
Dini mətnlərdə cihad, fiqhi və xüsusi mənadan əlavə, (ümumi və lüğəvi mənada)[6] “çətinlik və əziyyətə qatlanmaq” mənasında işlədilmişdir.[7] Bəzi hədislərdə müəyyən əməllərin əhəmiyyət və çətinliyini vurğulamaq üçün onlara “cihad” adı verilmişdir.[8] Məsələn, nəfsin şeytan və nəfsi istəklərə qarşı mübarizəsi “cihadı əkbər” (böyük cihad) adlandırılmışdır.[9] Həmçinin yaxşılığa çağırmaq və pislikdən çəkindirmək, Həcc əməlini yerinə yetirmək, zalım hökmdarın qarşısında ədalətli söz demək, cəmiyyətdə gözəl bir sünnəni diriltməyə çalışmaq, qadının yaxşı həyat yoldaşı olması və kişinin ailəsi üçün halal ruzi qazanmaq səyi, isti havada oruc tutmaq, bütün bunlar Allah yolunda cihad sayılmışdır.[10]
Ayətullah Xameneinin baxışında cihadın mənəvi genişlənməsi
İran İslam Respublikasının ikinci rəhbəri Seyid Əli Xamenei cihadı təkcə döyüş meydanına məhdudlaşdırmır və siyasət, mədəniyyət, təfəkkür, iqtisadiyyat və təbliğ kimi geniş sahələri də əhatə etdiyini bildirir.[11] Onun fikrincə, düşməndən qaynaqlanan hər cür hücuma qarşı yönəlmiş səylər “cihad” adlanır. Məsələn, o, İranın istehsalçılar və iqtisadi fəalları ilə görüşündə bildirib ki, düşmənlərin İranın istehsal gücünü zəiflətmək cəhdlərinə görə bu sahədə səy göstərmək cihadın bir növüdür.[12]
İslam dinində cihadın dəyəri
İmam Əli (ə): Cihad, İslamı qəbul etdikdən sonra ən şərəfli işdir və dinin davamlılığının səbəbidir. O, izzət və qüdrət gətirir və böyük mükafata malikdir. Cihad çətin olsa da savabı çoxdur və orada, şəhadətdən sonra behişt müjdəsi vardır.
Şeyx Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.15, s.94
Qurani-Kərimdə və hədislərdə cihadın əhəmiyyəti və fəzilətləri haqqında çoxlu dəlillər qeyd olunub.[13] “Tövbə” surəsinin 20 və 21-ci ayələrində canları və malları ilə Allah yolunda cihad edənlərin yüksək məqamı vurğulanır və bu şəxslər Allah dərgahında uğur qazananlar kimi tanıdılır. Həmçinin onlara Allahın rəhməti, rizası və əbədi cənnət müjdəsi verilmişdir.[14]
“Nisa” surəsinin 95-ci ayəsinə əsasən, Allah cihad edən möminlərin məqamını digər möminlərdən üstün tutmuşdur.[15] Bəzi rəvayətlərdə cihad, Allahın öz dostları və seçilmiş bəndələri üçün açdığı cənnət qapılarından biri sayılır.[16] Digər hədislərdə isə cihad, vacib əməllərdən sonra ən fəzilətli və ya İslamı qəbul etdikdən sonra ən şərəfli əməl kimi göstərilmişdir.[17] Həmçinin bəzi rəvayətlərdə cihad İslamın uca zirvəsi[18] və imanın sütunlarından biri olaraq təsvir olunur.[19]
Şiə alimlərindən Məhəmməd Fazil Lənkəraniyə görə, Allah yolunda cihad etmək və dinin dirçəlişi uğrunda şəhid olmaq elə bir əhəmiyyətə və savaba malikdir ki, bu əməl “ehtimal olunan zərərin qarşısını almaq” kimi qayda ilə məhdudlaşdırıla bilməz.[20]
Cihadın məqsəd və təsirləri
Cihad üçün bir sıra məqsəd və nəticələr qeyd olunmuşdur. Onlardan bəziləri bunlardır:
İlk Cihad əmri
İlk Cihad əmri hansı ayə ilə və hansı şəraitdə verildiyi mövzusunda təfsirçilər arasında fikir ayrılığı vardır.[27] Təfsirçilərdən Fəxrəddin Razi və Təbərsi belə hesab edirlər ki, “cihada icazə verən ayə” (Həcc surəsi 39-cu ayə) Məkkə müşriklərinə qarşı müsəlmanlara cihad etmək üçün verilən ilk rəsmi cihad əmri idi.[28] Bu təfsirçilərin nəql etdiyinə görə, Məkkə müşrikləri müsəlmanlara zülm edir, onları döyüb incidirdilər. Müsəlmanlar başları yarılmış, yaralanmış halda Peyğəmbərin (s) yanına gəlir, şikayət edir və ondan cihada icazə istəyirdilər. Peyğəmbər (s) isə onları səbr etməyə çağırır və bildirirdi ki, hələ cihad əmri gəlməyib. Bu vəziyyət hicrətə qədər davam etdi. Müsəlmanlar Mədinəyə köç etdikdən yeddi ay sonra[29] cihada icazə verən ayə nazil oldu və cihadın ilk əmri gəldi.[30]
Bəzi təfsirçilərə görə, “Bəqərə” surəsinin 190-cı ayəsi “sizinlə vuruşanlarla Allah yolunda vuruşun” düşmənlərlə cihad etməyi əmr edən ilk ayədir. Bəziləri isə “Tövbə” surəsinin 111-ci ayəsini cihad əmrinin verildiyi ilk ayə hesab etmişlər.[31] Ayətullah Məkarim Şirazinin dediyinə görə, ayədəki “icazə verildi” (أُذِنَ) ifadəsi ilə gələn cihad icazəsi ayəsi, ilk dəfə verilmiş cihad əmri ilə daha uyğun gəlir.[32]
Bəzi təfsirçilər “Tövbə” surəsinin 111-ci ayəsinə istinad edərək bildirirlər ki, cihad əmri bütün əvvəlki səmavi dinlərdə də mövcud olub.[33]
Cihadın növləri
Fəqihlərin baxımından cihad iki yerə bölünür: İbtidai cihad və müdafiə cihadı:[34]
İbtidai cihad
Əsas məqalə: İbtidai cihad
İbtidai cihad, müşriklər və kafirlərlə müharibə etmək mənasındadır ki, onları İslam və tövhidə dəvət etmək məqsədilə aparılır.[35] Bu cihad növündə, müharibəni başlayan tərəf müsəlmanlardır.[36] Müsəlman fəqihlərin icmasına (yekdil rəyinə) görə, İslama dəvət məqsədilə aparılan cihad, azad və yetkin bir kişi üçün, əgər xəstəlik və ya qocalıq kimi üzrlü səbəbi yoxdursa, zimmi olmayan kafirlərə və bağilərə (İslam hakiminə üsyan edənlərə) qarşı vacib kifaidir.[37] İmamiyyə (şiə) fəqihlərinin rəyinə görə, ibtidai cihad yalnız məsum İmamın (ə) hüzurunda və onun və ya xüsusi nümayəndəsinin icazəsi ilə aparıla bilər.[38] Lakin bəzi alimlər qeybət dövründə də ibtidai cihadın caiz və məqbul olduğunu bildirmişlər.[39]
Fəqihlər ibtidai cihad üçün bir neçə şərt də qeyd etmişlər, o cümlədən:
Müsəlmanların kifayət qədər gücə sahib olması;
Müharibədən əvvəl kafirlərin İslama dəvət olunması və onlara höccətin tamam edilməsi.[40]
Müdafiə cihadı
Əsas məqalə: Müdafiə cihadı
Müdafiə cihadı İslam torpaqlarını işğal etmiş və müsəlmanların namus və malını fəth etmək və onlara hökmranlıq etmək və ya bir qrup müsəlmanı öldürmək niyyətində olan düşmənə qarşı İslamı və İslam torpaqlarını müdafiə etmək məqsədi ilə aparılan döyüşdür.[41] Fəqihlərin fətvalarına əsasən, müdafiə cihadı döyüş qabiliyyətinə malik olan kişi və qadın, cavan və qoca, kölə və azad insanlara vacib kifaidir.[42] Müdafiə cihadı üçün İmamın (ə) və ya onun xüsusi nümayəndəsinin iştirakı və ya icazəsi şərt deyil.[43] Peyğəmbər (s) dövründə baş verən Xəndək, Ühüd, Mutə, Təbuk və Hüneyn döyüşləri müdafiə cihadı nümunələrindəndir.[44]
Qum elmi hövzəsinin müəllimlərindən olan Məhəmməd Cavad Fazil Lənkərani bəzi fəqihlərin sözlərinin zahirindən istifadə edərək “zəbbi cihadı” adlı başqa bir cihad növünü də qeyd etmişdir.[45] O, belə hesab edir ki, zəbbi cihad yalnız İslamı qorumaq üçündür. Bu o deməkdir ki, əgər dünyanın istənilən nöqtəsində bir zalım tərəfindən İslamın məhv olma təhlükəsi yaranarsa, İslamı qorumaq bütün müsəlmanlara eyni vacib (hər bir mükəlləfdən xüsusi tərzdə tələb edilən vacib əmələ deyilir) olar.[46]
Cihadın ədəb və hökmləri
Fəqihlər Qurandakı ayələrə və hədislərə əsaslanaraq cihad üçün bəzi ədəb və hökmlər göstərmişlər. Onlardan bəziləri aşağıdakılardır:
- Fəqihlər “Bəqərə” surəsinin 217-ci ayəsi və “Tövbə” surəsinin 36-cı ayəsi kimi ayələrə əsaslanaraq haram aylarda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm)[47] cihad etməyin haram olduğunu bildirmişlər.[48] Lakin bəzi sünni alimləri haram aylarda cihad etməyin haram olması hökmünün nəsx edildiyini və hər zaman və hər yerdə cihadın caiz olduğunu hesab edirlər.[49]
- Müstəhəbdir ki, döyüş günorta namazı və əsr namazından sonra, günəşin zəvalı (günəşin doğuşu ilə batması arasındakı vaxtın yarısının keçməsi) keçdikdən sonra başlasın. Zərurət olmadıqca gecə hücumu isə məkruhdur.[50]
- Şiə fəqihlərinin icmasına (ittifaqına) görə döyüş meydanında öldürülən şəxs şəhid sayılır və şəhidin hökmləri ona tətbiq olunur.[51]
- Düşmənlə istənilən silah və vasitə ilə vuruşmaq, əgər bu qələbəyə səbəb olarsa, caizdir.[52] Əlbəttə, fəqihlər düşmənə zəhər atmağı caiz hesab etməmişlər.[53] Həmçinin bəzi müasir fəqihlər (hicri 14-15-ci əsrlər) bioloji, kimyəvi və nüvə silahları kimi kütləvi qırğın silahlarından müharibədə istifadə etməyi caiz hesab etmirlər.[54]
- Zərurət olmadıqda ağacların kəsilməsi, düşmənə od atılması və su buraxılması məkruhdur.[55]
- Qadınları, uşaqları, dəli və döyüşə qadir olmayan qocaları, korları və yeriyə bilməyənləri, əgər onların fikri və yardımı döyüşdə istifadə edilmirsə, öldürmək haramdır. Amma zərurət halında – məsələn, kafirlərin onları sipər kimi istifadə etməsi və ya düşmənə qalib gəlməyin onların öldürülməsinə bağlı olması kimi hallarda – bu hal istisna olunur.[56]
- Döyüşdə hiylə işlətmək, əgər düşmənə aman verilmiş deyilsə, caizdir.[57]
- Döyüşdə kafirlərdən yardım almaq, əgər xeyir və məsləhət olarsa və xəyanət ehtimalı yoxdursa, caizdir.[58]
- Döyüşçülər üçün komandanın əmrinə itaət vacibdir.[59]
Cihaddan yayınma və döyüşdən qaçma
Döyüşdən qaçmaq haramdır[60] və bəzi fəqih və təfsirçilərin dediyinə görə, bu böyük günahlardandır.[61] Lakin əgər müsəlmanların sayı düşmənin yarısından azdırsa, bu zaman onların qarşısında müqavimət vacib deyil.[62]
Quranın bəzi ayələrində qorxu,[63] dünyaya bağlılıq,[64] zəif iman və nifaq,[65] xəstə qəlb və günah[66] kimi hallar cihaddan yayınma səbəbləri kimi göstərilmişdir. Cihaddan yayınmağın bəzi nəticələri Quranda belə qeyd olunmuşdur: Həlak olmaq,[67] dünya və axirət cəzaları,[68] dünya və axirət bərəkətlərindən məhrum qalmaq[69] həmçinin cəmiyyətdə fitnə və fəsadın yaranması.[70]
Şiə fəqihlərinin cihad haqqında məşhur fətvaları
Tarixin müxtəlif dövrlərində şiə alimləri və müctəhidləri tərəfindən cihadın vacibliyi ilə bağlı verilmiş bəzi mühüm fətvalar aşağıdakı kimidir:
Əsas məqalə: Cihad hökmü
- Hicri 1241–1243-cü illərdə Rusiyanın İrana hücumu və bəzi əraziləri işğal etməsi ilə əlaqədar olaraq, şiə alimlərindən Cəfər Kaşiful-Qita, Seyid Əli Təbatəbai, Mirzayi Qumi, Molla Əhməd Nəraqi və Seyid Məhəmməd Mücahid, İran müsəlman xalqını müdafiə etmək məqsədilə Qacar hökumətini Rus ordusuna qarşı dəstəkləmək üçün cihad fətvası verdilər.[71] Bu fətvalar, cihadın hökmlərinə dair risalələrlə birlikdə, Fətəli şahın oğlu və vəliəhdi Abbas Mirzənin əmri ilə Mirzə İsa Qaimməqam Fərahani tərəfindən “Əhkamul-Cihad və Əsbabur-Rəşad” adlı bir külliyyatda toplanmışdır.[72]
- Məhəmməd Təqi Şirazinin cihad fətvası təsirli fətvalardan sayılır. O, İngiltərənin İraqdakı nüfuzu və hökmranlığına qarşı hicri 1337-ci ilin Rəbiüləvvəl ayının 20-də bu fətvanı verdi.[73] Fətvanın mətni belədir: “İraqlılar üçün haqlarını tələb etmək vacibdir. Onlar bu tələbləri zamanı sakitlik və təhlükəsizliyi qorumalıdırlar. Əgər İngiltərə onların tələblərini qəbul etməzsə, müdafiə gücündən istifadə etmələri caizdir”.[74]
- 2014-cü ildə İraqın qərb və şimal bölgələrinin bir hissəsini İŞİD-in ələ keçirməsindən və digər ərazilərə doğru irəliləməsindən sonra, Ayətullah Seyid Əli Sistani cihad fətvası verdi.[75] Bu fətvaya əsasən, silah daşıya və terrorçularla mübarizə apara bilən İraq vətəndaşları üçün ölkəni, xalqı və müqəddəsləri müdafiə etmək məqsədilə təhlükəsizlik qüvvələrinə qoşulmaq kifai vacib (yəni bəziləri yerinə yetirsə, digərlərindən götürülür) idi.[76]
Cihada radikal baxış
Hicri 14 və 15-ci əsrlərdə cihad mövzusu bəzi sələfi yönümlü qrupların, o cümlədən Əl-Qaidə və İŞİD-in diqqətini çəkdi.[77] Cihadçı sələfilər, cihadı namaz, oruc və həcc kimi furuiddin və İslamın bütün digər əməli əsaslarından daha vacib və üstün sayır və inanırlar ki, cihad etməyən müsəlman İslamı həqiqi mənada dərk etməmişdir.[78]
Deyilir ki, bu radikal qrupların bəziləri Seyid Qütbdən təsirlənmiş[79] və belə hesab edirlər ki, dünya ya darul-İslamdır (İslam yurdu), ya da cahiliyyət diyarı və darul-hərbdir (düşmən yurdu). Darul-İslam İslamın hakim olduğu, Allahın şəriətinin tətbiq olunduğu yerdir. Bunun xaricindəki hər bir cəmiyyət darul-hərb və ya cahiliyyət yurdu hesab olunur. Belə olan halda, müsəlmanlar bu cəmiyyətlərlə ya savaşmalı, ya da onlarla sülh şəraitində yaşayıb onlardan cizyə almalıdırlar.[80]
Cihadçı sələfilər, cihad anlayışını təhrif edərək və küfr anlayışını genişləndirərək[81] bəzi müsəlman bölgələrində, o cümlədən İslam ölkələrində zorakılıqlara və terror əməllərinə əl atdı, bununla da dünyaya İslamdan zorakı simanı təqdim etdilər.[82]
Bunun müqabilində, şiə fəqihlərinin icmasına görə, Məsum İmamın (ə) qeybi dövründə cihad yalnız müdafiə məqsədilə, yəni düşmənin hücumuna qarşı özünü müdafiə etmək üçündür və bu, zorakılıq mənasına gəlmir. Hər bir xalq özünü müdafiə etmək haqqına malikdir.[83] Şiə fəqihi Nemətullah Salehi Nəcəfabadinin fikrincə, İslamda cihad o demək deyil ki, din ibtidai döyüşlə, zorla və qılınc gücü ilə heç bir təhlükə yaratmayan insanlara qəbul etdirilsin.[84] O, “Nisa” surəsinin 90-cı ayəsinə əsaslanaraq, dinc kafirlərlə ibtidai müharibənin haram olduğunu bildirir[85] və Peyğəmbərin (s) dövründəki savaşların da düşmən təcavüzünə qarşı müdafiə və məzlumları xilas etmək məqsədi daşıdığını qeyd edir.[86]
İstinadlar
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.3
- ↑ Mütəhhəri, Cihad, h.ş 1390, s.20
- ↑ Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, h.ş 1387, c.3, s.140
- ↑ Misbah Yəzdi, Cəng və cihad dər Quran, h.ş 1382, s.19
- ↑ Nümunə üçün baxın: Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.11, s.4
- ↑ Cohəri, Əs-Sihahu tacul-luğət və sihahul-ərəbiyyə, c - h - d sözündə
- ↑ Sərrami, Ədalətnejad, Cihad, s.433
- ↑ Sərrami, Ədalətnejad, Cihad, s.433
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.11, s.122
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.259 və c.5, s.9 və 88; Müttəqi Hindi, Kənzul-ummal, h.q 1410, c.3, s.64-65; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.96, s.256
- ↑ https://farsi.khamenei.ir
- ↑ https://farsi.khamenei.ir
- ↑ Səbzivari, Muhəzzəbul-əhkam, c.15, s.77
- ↑ Tövbə surəsi, Ayə 20-21; Fəxri Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.16, s.14; Təbatəbai, Əl-Mizan, h.ş 1363, c.9, s.205-206
- ↑ Nisa surəsi, ayə 95
- ↑ Nümunə üçün baxın: Şeyx Səduq, Səvabul-əmal və iqabul-əmal, h.q 1406, s.189; Şeyx Tusi, Təhzibul-əhkam, h.ş 1365, c.6, s.123
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.11, s.7 və 70
- ↑ Məğribi, Dəaimul-İslam, h.q 1385, c.1, s.342
- ↑ Məğribi, Dəaimul-İslam, h.q 1385, c.1, s.342
- ↑ Fazil Lənkərani, İyzahul-kifayə, h.ş 1385, c.4, s.406
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.27
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.28
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.29
- ↑ Bir qrup yazıçı, Fərhənge movzui cihad dər ayineye ayat və rəvayat, h.ş 1387, s.35
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.15, s.94
- ↑ Rəzəvi, Cihad, s.177
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.14, s.113
- ↑ Fəxri Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.23, s.228-229; Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.156
- ↑ İbn Şəhraşub, Mənaqib, h.q 1376, c.1, s.161
- ↑ Fəxri Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.23, s.228-229; Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.156
- ↑ Təbatəbai, Əl-Mizan, h.ş 1363, c.14, s.383
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.14, s.113-114
- ↑ Nümunə üçün baxın: Fəxri Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.16, s.152
- ↑ Şəhid Sani, ər-Rövzətul-bəhiyyə fi şərhi lumətid-Dəməşqiyyə, h.q 1410, c.2, s.379; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.7-8
- ↑ Şəhid Sani, ər-Rövzətul-bəhiyyə fi şərhi lumətid-Dəməşqiyyə, h.q 1410, c.2, s.379; Səbzivari, Muhəzzəbul-əhkam, c.15, s.79
- ↑ Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.7
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.46; Səbzivari, Muhəzzəbul-əhkam, c.15, s.81
- ↑ Təbatəbai, Riyazul-məsail, h.q 1415, s.447
- ↑ Nümunə üçün baxın: Xoyi, Minhacus-salihin, h.q 1410, c.1, s.364; Müntəziri, Dirasətun fi vilayətul-fəqih, h.q 1409, c.1, s.116-119
- ↑ Əmid Zəncani, h.ş 1377, c.3, s.139
- ↑ Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.8; Səbzivari, Muhəzzəbul-əhkam, c.15, s.79
- ↑ Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.8
- ↑ Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.9, s.37; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.8; Təbatəbai, Riyazul-məsail, h.q 1418, c.8, s.14
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.28
- ↑ Fazil Lənkərani, Cihade zəbbi, h.q 1401, s.52
- ↑ Fazil Lənkərani, Cihade zəbbi, h.q 1401, s.32
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.33; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.406
- ↑ Fazil Miqdad, Kənzul-irfan, h.q 1384, c.1, s.353-354
- ↑ Cəssas, Əhkamul-Quran, h.q 1415, c.1, s.390; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.33-34
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.81-82
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.89
- ↑ Hələbi, İşarətus-səbq, h.q 1414, s.143
- ↑ Hələbi, İşarətus-səbq, h.q 1414, s.143
- ↑ https://www.isna.ir/news
- ↑ Nümunə üçün baxa bilərsiniz: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.66-68
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.68 və 73-77
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.78-79
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.193-194
- ↑ Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.373
- ↑ Fazil Miqdad, Kənzul-irfan, h.q 1384, c.1, s.357
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.56; Təbatəbai, Əl-Mizan, h.ş 1363, c.9, s.57
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.63
- ↑ Nisa surəsi, ayə 77; Rəzəvi, Cihad, s.184
- ↑ Tövbə surəsi, ayə 38; Rəzəvi, Cihad, s.184
- ↑ Tövbə surəsi, ayə 45; Rəzəvi, Cihad, s.184
- ↑ Əhzab surəsi, ayə 12-13; Rəzəvi, Cihad, s.185
- ↑ Tövbə surəsi, ayə 42; Rəzəvi, Cihad, s.185
- ↑ Tövbə surəsi, ayə 39 və 81-82; Rəzəvi, Cihad, s.186-187
- ↑ Maidə surəsi, ayə 21; Rəzəvi, Cihad, s.186
- ↑ Ənfal surəsi, ayə 72-73; Muhəmməd surəsi, ayə 20-22
- ↑ Zərgəri Nejad, Bərresiye əhkamul-cihad və əsbabur-rəşad, s.383
- ↑ Zərgəri Nejad, Bərresiye əhkamul-cihad və əsbabur-rəşad, s.382-383
- ↑ Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.263
- ↑ Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1404, c.1, s.263
- ↑ Həttab, Təvziful-həşdiş-şəbi fi mədrəkis-siyasil-İraqi, s.107-108
- ↑ Həttab, Təvziful-həşdiş-şəbi fi mədrəkis-siyasil-İraqi, s.107-108
- ↑ Bəxşi Şeyx Əhməd, Cihad əz İbn Teymiyyə ta Bin Laden, s.170
- ↑ Əli Bəxşi, Cərəyanşenasiye qruhhaye Sələfi, Cihadi və təkfiri, h.ş 1394, s.119-120
- ↑ Əli Bəxşi, Cərəyanşenasiye qruhhaye Sələfi, Cihadi və təkfiri, h.ş 1394, s.121-122
- ↑ Seyid Qutbi, Məalimu fit-təriq, s.8 və 66-67; Əli Bəxşi, Cərəyanşenasiye qruhhaye Sələfi, Cihadi və təkfiri, h.ş 1394, s.121-122
- ↑ Əbu Ömər, Əl-Cihadu vəl-ictihad, h.q 1419, s.25-27
- ↑ Mir Əhmədi, Cərəyanhaye Sələfi, Əz inqiyad ta İfratgerayi, s.123-129
- ↑ Nümunə üçün baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.11
- ↑ Salehi NəcəfAbadi, Cihad dər İslam, s.11
- ↑ Salehi NəcəfAbadi, Cihad dər İslam, s.12
- ↑ Salehi NəcəfAbadi, Cihad dər İslam, s.34-35
Ədəbiyyat
- Qurani-Kərim
- Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Təbəqatu əlamiş-şiə, Məşhəd, h.q 1404
- Əbu Ömər, Əl-Cihadu vəl-ictihad, Oman, h.q 1419
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqib, Qum, Əllamə nəşri, h.q 1376
- Bəxşi Şeyx Əhməd, Mehdi, Cihad əz İbn Teymiyyə ta Bin Laden, h.ş 1384
- Cəssas, Əbubəkr Əhməd ibn Əli, Əhkamul-Quran,Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, Qum, h.ş 1387
- Cohəri, Əbu Nəsir İsmail ibn Həmmad, Əs-Sihahu tacul-luğət və sihahul-ərəbiyyə, Beyrut, Darul-elm, h.q 1407
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, h.q 1416
- Həttab, Cavad Kazim, Təvziful-həşdiş-şəbi fi mədrəkis-siyasil-İraqi, m.2019
- Hələbi, Əli ibn Həsən, İşarətus-səbq, Qum, İslami nəşr müəssisəsi, h.q 1414
- Xoyi, Seyid Əbül-Qasim, Minhacus-salihin, Qum, Mədinətul-elm, h.q 1410
- Rəzəvi, Seyid Abbas, Cihad, Qum, Bustane kitab müəssisəsi, 1-ci çap, h.ş 1391
- Zərgəri Nejad, Ğulamohsin, Bərresiye əhkamul-cihad və əsbabur-rəşad, h.ş 1379
- Səbzivari, Seyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, Darut-təfsir
- Seyid Qutbi, Məalimu fit-təriq, Beyrut, h.q 1399
- Şəhid Sani, Zeynuddin ibn Əli, ər-Rövzətul-bəhiyyə fi şərhi lumətid-Dəməşqiyyə, Qum, h.q 1410
- Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1413
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal və iqabul-əmal, Qum, 2-ci çap, h.q 1406
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.ş 1365
- Salehi NəcəfAbadi, Nemətullah, Cihad dər İslam, Tehran, Ney nəşri, 1-ci çap, h.ş 1382
- Sərrami, Seyfullah və Səid Ədalətnejad, Cihad, Tehran, h.ş 1386
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, İsmailiyyan nəşri, h.ş 1363
- Təbatəbai, Seyid Əli, Riyazul-məsail, Qum, islami nəşr müəssisəsi, h.q 1415
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, h.q 1415
- Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1414
- Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Əl-Vəfa müəssisəsi, h.q 1403
- Əli Bəxşi, Abdullah, Cərəyanşenasiye qruhhaye Sələfi, Cihadi və təkfiri, Tehran, h.ş 1394
- Əmid Zəncani, Əbbasəli, Fiqhe siyasi, Tehran, Əmir Kəbir, h.ş 1377
- Fazil Lənkərani, Məhəmməd, Cihade zəbbi, Qum, h.q 1401
- Fazil Lənkərani, Məhəmməd, İyzahul-kifayə, Qum, Nuh nəşri, 5-ci çap, h.ş 1385
- Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Qum, h.q 1384
- Fəxri Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
- Kaşiful-ğita, Şeyx Cəfər, Kəşful-ğita, Qum, Dəftəre təbliğate İslami, h.q 1422
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təshih: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Müttəqi Hindi, Kənzul-ummal, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1410
- Misbah Yəzdi, Məhəmməd Təqi, Cəng və cihad dər Quran, Qum, h.ş 1383
- Mürtəza, Mütəhhəri, Cihad, Qum, Sədra nəşriyyatı, h.ş 1390
- Məğribi, Numan ibn Məhəmməd, Dəaimul-İslam, Qum, Alul-beyt müəssisəsi, 2-ci çap, h.q 1385
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 32-ci çap, h.ş 1374
- Müntəziri, Hüseynəli, Dirasətun fi vilayətul-fəqih, h.q 1409
- Mir Əhmədi, Cərəyanhaye Sələfi, Əz inqiyad ta İfratgerayi, h.ş 1393
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.ş 1362