Peyğəmbərlərin məsumluğu

wikishia saytından
(Ənbiyanın məsumluğu səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Peyğəmbərlərin məsumluğu haqqındadır. İmamların məsumluğu və məsumluq məfhumları haqqında məlumat almaq üçün bu məqalələrə - İmamların (ə) məsumluğuİsmət - baxın.

Peyğəmbərlərin məsumluğu (ərəbcə: عصمة الأنبياء والمرسلين) dedikdə onların hər bir pislikdən, günahdan uzaq olması nəzərdə tutulur. Peyğəmbərlərin məsumluğununun bütün dinlərin müştərək prinsiplərindən olduğu deyilir. Amma məsumluğun mahiyyəti və dərəcələri haqqında fikir ayrılığı vardır. Peyğəmbərlərin şirkdən, küfrdən, eləcə də vəhyi alıb-çatdırmaqda xətaya yol verməkdən uzaq olması haqda islam alimləri arasında fikir birliyi vardır. Digər günahlardan, habelə gündəlik işlərində hər hansı səhvdən məsum olması barədə fikir ayrılığı vardır. Onların çoxu hesab edir ki, peyğəmbərlər bu iki sahədə də məsumdurlar.

Alimlərin fikrincə, peyğəmbərlərin məsumluğu Allahın lütfündən və ya onların itaət və günah barədə dərin elmindən qaynaqlanır ki, bu da nə təlimlə əldə edilə bilər, nə də nəfsani istəklərə məğlub ola bilər.

Quranda peyğəmbərlərin məsumluğunu tam aşkar şəkildə ifadə edən ayə yoxdur. Amma təfsirçilər bir sıra ayələrin, o cümlədən “Bəqərə” surəsində Adəm və Həvvanın cənnətdən çıxarılması ilə bağlı olan 36-cı ayənin izahında peyğəmbərlərin məsumluğu haqqında bəhs etmişlər. Kəlam (əqidə) alimləri peyğəmbərlərin məsumluğunu isbat etmək üçün əqli dəlillərdən, o cümlədən etimad dəlilindən istifadə etmişlər. Onlar bu məsələ ilə bağlı “Həşr” surəsinin 7-ci ayəsinə və digər Quran ayələrinə istinad etmişlər.

Peyğəmbərlərin məsumluğunu inkar edənlər bütün peyğəmbərlərin və ya bəzilərinin məsumluğunu sual altına aparan ayələrə istinad etmişlər. Cavabında demişlər ki, həmin ayələr mütəşabih ayələrdir və onları möhkəm ayələrin vasitəsilə təvil və təfsir etmək lazımdır. Həmçinin peyğəmbərlərin məsumluğu ilə uyğun olmayan ayələri tərki-övla mənasında izah etmişlər, tərki-övla isə xəta və günah sözünün adi mənasından fərqli məna daşıyır.

Məsumluğun tərifi

Əsas məqalə: Məsumluq

Peyğəmbərlərin məsumluğu dedikdə onların hər bir pislikdən, günahdan uzaq olması nəzərdə tutulur.[1] Alimlərin fikrincə, məsumluq pis işləri yaxşı işlərdən aydın şəkildə ayırd etməyə səbəb olan daxili bir xüsusiyyətdir.[2]

Dini ədəbiyyatda peyğəmbərlərin məsumluğunu ifadə etmək üçün tənzih, töfiq, sidq və əmanət kimi sözlərdən də istifadə edilmişdir.[3]

Məsələnin əhəmiyyət

Peyğəmbərlərin vəhylə bağlı məsumluğu bütün ilahi dinlərin müştərək prinsiplərindəndir və bu haqda fikir birliyi vardır,[4] hərçənd məsumluğun mahiyyəti və dərəcələri haqqında müxtəlif dinlərin ilahiyyatçıları arasında, o cümlədən müsəlman alimləri arasında fikir ayrılığı vardır.[5]

Bəzilərinin fikrincə, peyğəmbərlərin məsumluğu düşüncəsi islam dini meydana çıxandan sonra müsəlmanlar arasında yayılıb. Məsələn, nəql olunur ki, birinci xəlifə Peyğəmbəri (s) vəsf edərkən onun xətadan məsum olduğunu deyib.[6] Həmçinin nəql olunur ki, İmam Əli (ə) peyğəmbərlərin məqamını bəyan etmək üçün məsumluq sözündən istifadə etmişdir.[7] Bununla belə, bəzi mütəfəkkirlərin fikrincə, məsumluq termini də digər kəlami terminlər kimi kəlam elmi yaranandan sonraya, İmam Sadiqin (ə) imamət dövrünə təsadüf edir.[8] Quranda peyğəmbərlərin məsumluğunu tam aşkar şəkildə ifadə edən ayə yoxdur.[9] Amma təfsirçilər bir sıra ayələrin təfsirində bu mövzuya toxunmuşlar. AdəmHəvvanın şeytanla hekayəsi nəql edilən “Bəqərə” surəsinin 36-cı,[10] “Əraf” surəsinin 23-cü, “Taha” surəsinin 121-ci ayələri, bir sıra peyğəmbərlərin üstünlüyündən söz açan “Ali-İmran” surəsinin 33-cü ayəsi, Peyğəmbərin (s), nəfsani istəyi ilə deyil, vəhy əsasında danışdığını bildirən “Nəcm” surəsinin 3-cü və 4-cü ayələri buna misal ola bilər.[11]

Məsumluğun əhatə dairəsi

Peyğəmbərlərin məsumluğu mövzusu bir neçə məsələ ilə bağlı araşdırılır:

  1. Şirk və küfrdən məsum olmaq;
  2. Vəhyi alıb-çatdırmaqda məsum olmaq;
  3. Həm böyük günahlardan, həm də kiçik günahlardan məsum olmaq;
  4. Gündəlik işlərdə səhvdən məsum olmaq.

Cəfər Sübhani qeyd edir ki, 1-ci və 2-ci məsələdə peyğəmbərlərin məsum olması haqda islam alimləri arasında fikir birliyi vardır.[12] Onların hamısı qəbul edir ki, peyğəmbərlər besətdən əvvəl də, sonra da küfrəşirkə bulaşmazlar.[13] Həmçinin şiə və sünni kəlamçıları inanırlar ki, peyğəmbərlər vəhyi alıb-çatdırmaqda nə qəsdən xəyanət[14] edərlər, nə də səhvə[15] yol verərlər. Əlbəttə, bu arada hicri tarixlə 5-ci əsrin mötəzilə alimi Qazi Əbdülcabbar peyğəmbərlərin risalətin təbliği zamanı bilmədən səhvə yol verməsini mümkün hesab etmişdir.[16]

3-cü məsələ ilə bağlı şiə kəlamçıları arasında fikir birliyi vardır.[17] Yəni onlar inanırlar ki, peyğəmbərlər hər bir böyük və kiçik günahdan məsumdurlar.[18] Təkcə Şeyx Müfid peyğəmbərlərin besətdən əvvəl şəxsiyyətin yüngüllüyünə dəlalət etməyən kiçik günahları etməsini mümkün hesab etmişdir.[19]

4-cü məsələni, yəni peyğəmbərlərin gündəlik işlərdə səhvdən məsum olmasını da şiə alimlərinin çoxu qəbul edir və deyirlər ki, gündəlik fərdi və ictimai işlərdə peyğəmbərlərin danışığı və əməli xətadan uzaq olmalıdır.[20] Təkcə Şeyx Səduq Zuşşimaleyn adlı səhabənin[21] hədisinə istinad edərək Peyğəmbərin (s) səhv etdiyini qəbul etmiş, fərdi və gündəlik işlərdə peyğəmbərlərin səhvdən məsum olmasına inanmağı həddi aşmaq (ğuluv) və təfviz hesab etmişdir.[22] Peyğəmbərin (s) səhv etməsi barəsində “Üsuli-kafi” kitabında da hədislər nəql edilib.[23] Əllamə Şərani isə Şeyx Səduqu tənqid edərək bildirir ki, Peyğəmbərin (s) bütün işləri təbliğ sayılır və Peyğəmbərin (s) gündəlik işlərdə səhv etməsi mümkün olarsa, dinin təbliğində də səhv etməsi mümkün olacaq, bu da məsumluğun hədəfi ilə ziddiyyət təşkil edir. Əllamə Şərani həmçinin qeyd edir ki, Peyğəmbər (s) hətta bir dəfə səhv etsə belə, müsəlmanlar Peyğəmbəri (s) nümunə bildiyi üçün həmin işi təkrar edəcəklər.[24]

Əllamə Təbatəbai islam peyğəmbərinin (s) xüsusi fəzilətini nəzərə alaraq onu istisna etsə də, qəbul edir ki, vəhylə və insanların hidayəti ilə əlaqəsi olmayan məsələlər məsumluq bəhsindən kənardır. O qeyd edir ki, bir sıra Quran ayələrinə görə, peyğəmbərlər gündəlik işlərdə səhvə və unutqanlığa düçar olmuşlar. Adəm peyğəmbərin (ə) öz əhdini unutması, Nuh peyğəmbərin (ə) öz günahkar oğlunun tufandan nicatı üçün dua etməsi, Yunis peyğəmbərin (ə) qəzəblənərək öz qövmünü tərk edib getməsi, Bəni-İsrail buzova ibadət etməyə başladıqda Musa peyğəmbərin (ə) Harun peyğəmbər (ə) haqqında yanlış fikirə düşməsi buna misal ola bilər.[25]

Məsumluqla ixtiyarlı olmağın ziddiyyətsizliyi

Bir sıra insanlar güman edir ki, məsumluqla ixtiyarlı olmaq bir-biri ilə ziddiyyət təşkil edir. Bəziləri bu düşüncə əsasında peyğəmbərinin məsumluğunu inkar etmişlər, bir qrup da peyğəmbərinin məcburi olaraq məsum olduğunu nəticə almışlar.[26] Axırıncı qrupun dəlillərindən biri budur ki, insan üçün xəta və günah qaçılmazdır və nə qədər çalışsa da, bəzi hallarda xətaya düçar olacaq. Buna görə də bir kəs məsumluq məqamına çatırsa, şübhəsiz ki, onun məsumluğu ixtiyar üzündən deyil, əksinə, onu buna məcbur edən qüvvə var. Onlar peyğəmbərinin məsumluğunun məcburi olduğunu isbat etmək üçün bir sıra Quran ayələrinə istinad etmişlər.[27]

Həmin ayələrdən biri “Sad” surəsinin 46-cı ayəsidir. Bu ayədə Allahın, peyğəmbərləri xalis etməsindən danışılır (أَخلَصناهُم). “Təthir” ayəsində (Əhzab 33) də Allahın, bir sıra insanları günahlardan təmizləməsindən söz açılır.[28]

Bu düşüncənin əksinə olaraq Əllamə Təbatəbai buyurur ki, Allah peyğəmbərlərə elə bir idrak vermişdir ki, onlar günahın batinini dərk edə bilirlər. Deməki, onlar məcburiyyət üzündən yox, günahın çirkinliyini dərk etdikləri üçün günah etmirlər. Əllamə Təbatəbai belə bir bənzətmədən istifadə edir: xörəyə zəhər qatıldığını bilən şəxs həmin xörəyi yeməkdən çəkindiyi kimi, peyğəmbərlər də günahın batinini gördükləri üçün günahdan çəkinirlər.[29]

Cəfər Sübhani də yazır ki, məsumluq məqamı Allahın iradəsi ilə məsuma nəsib olur və bəzi ayələr də bu məqamın Allah vergisi olduğunu təsdiqləyir. Amma məsumluq məqamını qazanmaq üçün lazım olan müqəddimələr çalışmaqla və nəfsani istəklərə qarşı mübarizə aparmaqla əldə edilir. Buna görə də məsumluq məqamı insanın ixtiyarlı olması ilə ziddiyyət təşkil etmir.[30]

Dəlilləri

Peyğəmbərlərin məsumluğunun dəlilləri əqli və nəqli olaraq iki qismə bölünür:

Əqli dəlillər

Peyğəmbərlərin məsumluğuna ən mühüm əqli dəlil insanların etimadını cəlb etmək məsələsinə söykənir.[31] “Etimad dəlili” adlanan[32] bu dəlilə əsasən, əgər peyğəmbərlərin əməlləri sözləri ilə uyğun olmasa, insanlar onlara etimad etməyəcək və onların rəhbərliyini qəbul etməyəcək.[33]

Digər əqli dəlil isə risalətin hədəfinin puça çıxması məsələsinə söykənir. Yəni bir tərəfdən, peyğəmbərlərə itaət etmək vacibdir. Amma əgər peyğəmbərlər günah etsələr, onda nə etmək lazımdır ? Onlara itaət etməliyik, ya yox ? Əgər itaət etsək, bu, risalətin hədəfi ilə ziddiyyət təşkil edir, çünki peyğəmbərlər hidayət üçün gəlmişlər. İtaət etməmək isə peyğəmbərlərin risalət məqamını təhqir etməklə nəticələnər.[34]

Nəqli dəlillər

Nəqli dəlillər bir sıra ayələrdən və hədislərdən ibarətdir. Təfsirçilərin fikrincə, Quranın bir neçə ayəsi peyğəmbərlərin məsumluğuna dəlalət edir. Əllamə Təbatəbai “Nisa” surəsinin 64, 65 və 165-ci ayələrini, “Ənam” surəsinin 90-cı ayəsini, “Kəhf” surəsinin 17-ci ayəsini həmin ayələrdən hesab edir.[35]

“Ənam” surəsinin 90-cı ayəsində buyurulur ki, peyğəmbərlər Allahın hidayət etdiyi kəslərdir. “Kəhf” surəsinin 17-ci ayəsində isə buyurulur ki, Allahın hidayət etdiyi kəslər doğru yoldadır. Əllamə Təbatəbainin fikrincə, bu ayə doğru yolda olanlardan hər bir sapqınlığı inkar edir. Hər bir günahın bir növ sapqınlıq olduğunu nəzərə alarkən aydın olur ki, peyğəmbərlər heç bir günaha bulaşmazlar.[36]

Çoxlu hədislərdə peyğəmbərlərin məsumluğuna təkid edilmişdir.[37] Məsələn, İmam Baqirdən nəql edilən bir hədisdə deyilir: “Peyğəmbərlər günah etməzlər. Çünki onların hamısı pak və məsumdurlar. Onlar nə böyük, nə də kiçik günah etməzlər”.[38]

İradlar və cavablar

Bəziləri birı sıra ayələrə və hədislərə əsaslanaraq peyğəmbərlərin məsumluğunu inkar etmişdir.

Allahın vədəsinə bədgüman olmaq

Bəziləri “Peyğəmbərlər məyus olduqda və aldadıldıqlarını güman etdikdə onlara yardımımız gəldi və istədiyimiz kəslərə nicat verildi”[39] ayəsinə əsaslanaraq nəticə almışlar ki, peyğəmbərlər Allahın vədəsindən məyus olub Allahın vədəsi barəsində pis gümana düşmüşlər və bu da məsumluqla ziddiyyət təşkil edir. Çünki “aldadıldıqlarını güman etdilər” cümləsi bunu göstərir ki, peyğəmbərlər Allahın qələbə barəsində onlara yalan dediyini güman etmişlər.[40]

Əllamə Təbatəbai bu irada belə cavab vermişdir ki, “aldadıldıqlarını güman etdilər” cümləsi peyğəmbərlərə yox, insanlara aiddir. Deməli, ayənin mənası budur ki, insanların inadkarlıq göstərib peyğəmbərlərin dəvətini qəbul etməməsi peyğəmbərlərin məyus olmasına səbəb oldu və insanlar peyğəmbərlərin verdiyi əzab vədəsinin yalan olduğunu güman etdilər.[41] Ayətullah Sübhani isə “aldadıldıqlarını güman etdilər” cümləsini peyğəmbərlərə aid edir və bildirir ki, peyğəmbərlər Allahın onlara yalan dediyini güman etməmişlər, sadəcə, onlar elə vəziyyətə düşmüşdülər ki, insanlar onların haqqında belə düşünürdülər, yəni insanlar elə bilirdi ki, peyğəmbərlər Allahın onlara yalan dediyini güman edirlər.[42]

Peyğəmbərlərə şeytani təlqinlər edilməsi

Bəziləri də “Biz səndən əvvəl də elə bir rəsul və elə bir nəbi göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna vəsvəsə etməsin. Lakin Allah Şeytanın vəsvəsini puç edər” ayəsinə[43] əsaslanaraq peyğəmbərlərin məsumluğunu inkar etmiş[44] və demişlər ki, ayənin məzmununa görə şeytan peyğəmbərlərin istəklərinə, dilinə və düşüncəsinə müdaxilə edir, amma Allah şeytanın vəsvəsəsini məhv edir.[45] Ğəraniq əfsanəsinin də bu fikri təsdiqlədiyini demişlər.[46]

Ancaq bu təfsir Quranın digər ayələri[47] ilə ziddiyət təşkil edir. Çünki həmin ayələrə görə, şeytan Allah bəndələrinin istəklərinə və niyyətinə müdaxilə edə bilməz və şübhəsiz ki, peyğəmbərlər “Allah bəndələri” anlayışının ən bariz nümunələridir.[48] Bəzi alimlərin fikrincə, “Həcc” surəsinin 52-ci ayəsində şeytanın peyğəmbərlərə vəsvəsə etməsindən yox, insanlara vəsvəsə etməklə və onları peyğəmbərlərə qarşı təhrik etməklə peyğəmbərlərin öz arzusuna çatmasına mane olmasından danışılır.[49] “Allah Şeytanın vəsvəsini puç edər” dedikdə isə Allahın peyğəmbərlərə yardımı nəzərdə tutulur.[50]

Cavadi Amuli də ayədəki “umniyyətəhu” sözünü “peyğəmbərlərin arzusu” mənasında yox, “peyğəmbərlərin arzuladığı” mənasında izah edərək bildirir ki, şeytan peyğəmbərlərin qəlbindəki arzuya yox, peyğəmbərlərin hidayət arzuladığı cəmiyyətə vəsvəsə edir.

Bütün insanların, hətta peyğəmbərlərin də günahkar olması

Peyğəmbərlərin məsumluğuna olan iradlardan biri də budur ki, “Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı”[51] ayəsində zülm bütün insanlara aid edilib və zülm dedikdə günah nəzərdə tutulur. Deməli, ayə bütün insanların, hətta peyğəmbərlərin də günahkar olmasına dəlalət edir.[52]

Fəxrəddin Razi bu irada belə cavab verir: Bir sıra ayələr, o cümlədən “Fatir” surəsinin 32-ci ayəsi dəlalət edir ki, bütün insanlar zalım deyil (Yəni zalım olmayan insanlar da var). Deməli, “Allah insanları zülmləri üzündən cəzalandırsaydı” cümləsində “insanlar” dedikdə ya əzaba layiq olan insanlar, ya həmin ayədən əvvəl haqqında danışılan müşriklər nəzərdə tutulur.[53] Əllamə Təbatəbainin fikrincə, aəyədəki “zülm” sözü həm günaha, həm də tərki-övlaya aiddir və peyğəmbərlərdən tərki-övlanın baş verməsi mümkündür.[54]

Bəzi peyğəmbərlərin məsumluğuna şübhə yaradan ayələr

Peyğəmbərlərin məsumluğunu inkar edənlər bəzi ayələrin Adəm (ə),[55] Nuh (ə)[56], İbrahim (ə),[57] Musa (ə),[58] Yusif (ə)[59], Yunis (ə)[60]həzrət Muhəmməd (s)[61] kimi bir sıra peyğəmbərlərin məsumluğu ilə uyğun olmadığını söyləmişlər.[62]

Ayətullah Sübhani qeyd edir ki, peyğəmbərlərin məsumluğunu inkar edənlərin ən əsas bəhanələri bu ayələrdir.[63] Əhməd Əmin Misri həmin ayələrə[64] istinad edərək bildirmişdir ki, peyğəmbərlərin həm besətdən əvvəl, həm besətdən sonra, həm böyük günahdan, həm kiçik günahdan pak olduğuna inanmaq həddini aşmaqdır (ğuluv) və Quranın aşkar ayələrinə ziddir.[65]

Ümumi cavablar

Təfsirçilər peyğəmbərlərin məsumluğu ilə uyğun gəlməyən ayələri araşdırmış və iradları cavablandırmışlar.[66] Amma bir sıra ümumi cavablar da vermişlər:

  • Peyğəmbərlərin məsumluğuna dəlalət edən ayələr möhkəm ayələrdir, peyğəmbərlərin məsumluğuna zidd kimi görünən ayələr isə mütəşabih ayələrdir. Mütəşabih ayələri möhkəm ayələrin vasitəsilə təfsir etmək lazımdır.[67]
  • Qəti dəlillərlə ziddiyyət təşkil edən dəlil olduqda ya onu kənara qoymaq, ya da təvil etmək lazımdır. Odur ki, peyğəmbərlərin məsumluğuna zidd kimi görünən ayələr təvil olunmalıdır.[68]
  • Peyğəmbərlərdən tərki-övlanın baş verməsini mümkün hesab etsək, peyğəmbərlərin məsumluğuna zidd kimi görünən bütün ayələri tərki-övla mənasında başa düşəcəyik. Amma əgər peyğəmbərlərin tərki-övla etdiyini qəbul etməsək, onda deyəcəyik ki, həmin işlərdə bizim başa düşmədiyimiz müəyyən bir məsləhət var imiş; həzrət Musa (ə) ilə həzrət Xızırın (ə) əhvalatında olduğu kimi.[69]

Bəzi hədislərdə də peyğəmbərlərin məsumluğuna zidd kimi görünən ayələrə işarə olunmuş və onlara cavab verilmişdir.[70] Məsələn, İmam Rzadan (ə) nəql edilən hədislərin birində deyilir: Xəlifə Məmunun müxtəlif dinlərin və məzhəblərin alimləri ilə təşkil etdiyi məclisdə Əli ibn Cəhm adında bir nəfər soruşur ki, siz peyğəmbərlərin məsumluğuna inanırsınız ? İmam Rza (ə) buyurur: Bəli. Sonra Əli ibn Cəhm “Taha” 121, “Ənbiya” 87, “Yusif” 24 kimi ayələrin təfsiri haqqında sual verir. İmam Rza (ə) onu peyğəmbərlərə çirkin işləri aid etməkdən və Quran ayələrini rəy ilə təfsir etməkdən çəkindirir, sonra isə bir-bir həmin ayələrin təfsirini deyir.[71]

Musa peyğəmbərin (ə) qibtini öldürməsi

Musa (ə) bir-biri ilə dalaşan iki nəfərlə qarşılaşır. Onlardan biri Musanın (ə) tərəfdarlarından idi, digəri isə misirli idi. Musanın (ə) tərəfdarı ondan kömək istəyir və Musa (ə) onu xilas etmək üçün qibtiyə (misirliyə) yumruq zərbəsi vurur və bu da onun ölümünə səbəb olur.[72] Sonra Musa (ə) deyir: “Bu, şeytanın işlərindəndir.[73] “İlahi, mən özümə zülm etdim, məni bağışla!”[74]

Bəziləri hesab edir ki, bu əhvalat Musanın (ə) məsum olmamasına dəlildir. Çünki əgər qibtinin öldürülməsi doğru deyildisə, Musa (ə) onu öldürməklə günaha batıb.[75] Amma əgər öldürülməyə layiq idisə, Musa (ə) yenə günah edib, çünki Quran ayələrinə əsasən, Allahdan bağışlanma istəyib.[76] Təfsirçilər cavab verirlər ki, qibti öldürülməyə layiq idi və onu öldürmək günah sayılmırdı, amma onu öldürməyi təxirə salsaydı, daha yaxşı olardı. Çünki Musa (ə) bu işi görməklə özünü zəhmətə saldı və Misirdən çıxmağa məcbur oldu. Bu iş tərki-övla idi və Musa (ə) bu tərki-övlaya görə bağışlanma dilədi.[77] Bəzi əhli-sünnə təfsirçilərinin fikrincə, Musa (ə) qibtini qəsdən öldürməyib və xəta üzündən olan qətl kiçik günah sayılır, Musa (ə) da bu kiçik günaha görə bağışlanma diləyib.[78]

Biblioqrafiya

Peyğəmbərlərin məsumluğu barədə daha çox kəlam kitablarında bəhs olunub.[79] Bundan əlavə, bu haqda müstəqil kitablar da yazılmışdır:

  • “Tənzihul-ənbiya”. Bu kitabda şiə alimi, fəqih və kəlamçı Seyyid Mürtəza (355-436 h.q.) peyğəmbərlərin və imamların məsumluğunu araşdırmış və peyğəmbərlərin məsumluğuna zidd kimi görünən ayələri və hədisləri düzgün mənada təfsir edib şübhələrə cavab vermişdir.[80]
  • “İsmətul-ənbiya”. Bu kitabı əhli-sünnə alimi, fəqih və kəlamçı Fəxrəddin Razi (vəf. 606 h.q.) peyğəmbərlərə qarşı irəli sürülən ittihamlara cavab vermək məqsədilə yazıb.[81] Müəllif peyğəmbərlərin məsumluğu haqda müxtəlif başıxlara işarə etdikdən və peyğəmbərlərin məsumluğunun dəlillərini[82] bəyan etdikdən sonra müxaliflərin iradlarını araşdırmağa başlayır[83] və müxtəlif bölümlərdə Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə), Süleyman (ə) və həzrət Muhəmməd (s) haqqında irəli sürülən iradları tənqid edir.[84]
  • “Tənzihul-ənbiya” (تَنزیهُ الأَنبیاءِ عن ما نَسَبَ إليهم حُثالةُ‌ الأَغبیاءِ). İbn Xumeyr adı ilə tanınan Əli ibn Əhməd (vəf. 620 h.q.) bu kitabı peyğəmbərlərin məsumluğuna tutulan iradlara cavab vermək məqsədilə yazmış[85] və Adəm (ə), Davud (ə), Musa (ə), Süleyman (ə), Yunis (ə) və həzrət Muhəmməd (s) haqqında iradları araşdırmışdır.[86]

Peyğəmbərlərin məsumluğu haqqında ayrıca yazılan kitablara bunlar da daxildir: Cəfər Sübhani, “İsmətul-ənbiya fil-Quranil-kərim”; Seyyid Mürtəza Əsgəri, “İsmətul-ənbiya vər-rusul”; Seyyid Kamal Heydəri, “İsmətul-ənbiya fil-Quran”; Zeynəlabidin Əbd Əli Tahir əl-Kəbi, “İsmətul-ənbiya”; Mahmud Mazi (محمود ماضی) “İsmətul-ənbiya beynəl-yəhudiyyə vəlməsihiyyə vəl-islam”; Əbdüssalam Zeynəlabidin, “Muracaatun fi məsumil-ənbiya”; Cəfər Ənvari, “Nur-e məsum bər sima-ye nubuvvət”.

İstinadlar

  1. Mərifət, İsməte Peyambəran, s.7
  2. Amidi, Ğurərul-hikəm, h.ş 1390, s.672; Mərifət, İsməte Peyambəran, s.6
  3. Yusifiyan və Şərifi, Pejuheşi dər məsume məsuman (ə), h.ş 1388, s.27-30
  4. Ənvari, Nure məsum bər simaye Nübuvvət, h.ş 1397, s.52
  5. Sadiqi, İsmət, h.ş 1388, s.19
  6. Yusifiyan və Şərifi, Pejuheşi nu dər məsume məsuman (ə), h.ş 1388, s.26
  7. Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.200 və 164
  8. Sübhani, Buhusun fil-miləli vən-nihəl c.2, s.113-167; Müzəffər, Dəlailus-sidq, c.1, s.432-552; Yusifiyan və Şərifi, Pejuheşi nu dər məsume məsuman (ə), h.ş 1388, s.26
  9. Yusifiyan və Şərifi, Pejuheşi nu dər məsume məsuman (ə), h.ş 1388, s.241
  10. Müğniyə, Təfsirul-kaşif, h.q 1424, c.1, s.98
  11. Nəqipurfər, Pejuheşi piyrəmune tədəbbor dər Quran, h.ş 1381, s.339-345
  12. Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.31
  13. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.16, s.313; Təftəzani, Şərhul-məqasid, h.q 1412, c.5, s.50
  14. İyci, Şərhul-məvafiq, h.ş 1325, c.8, s.263
  15. Təftəzani, Şərhul-məqasid, h.q 1412, c.5, s.50
  16. Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.31
  17. Müfid, Ən-Noktədul-etiqadiyyə, h.q 1413, s.37; Hilli, Kəşful-murad, h.ş 1382, s.155; Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.31
  18. Müfid, Ən-Noktədul-etiqadiyyə, h.q 1413, s.37; Hilli, Kəşful-murad, h.ş 1382, s.155
  19. Müfid, Əvailul-məqalat, h.q 1413, s.62
  20. Müfid, Ədəmu Səhvin-Nəbi, h.q 1413, s.29-30; Hilli, Kəşful-murad, h.ş 1382, s.155-157
  21. Səduq, Mən la Yəhzurul-fəqih, h.q 1404, c.1, s.358-359
  22. Səduq, Mən la Yəhzurul-fəqih, h.q 1404, c.1, s.359
  23. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.164; c.3, s.294, 355-356
  24. Səduq, Mən la Yəhzurul-fəqih, h.q 1404, c.1, s.359
  25. Faryab, İsməte Peyambəran dər mənzume fikri Əllamə Təbatəbai, s.24-28
  26. Yusifiyan və Şərifi, Pejuheşi dər məsume məsuman (ə), h.ş 1388, s.39
  27. Yusifiyan və Şərifi, Pejuheşi dər məsume məsuman (ə), h.ş 1388, s.39-41
  28. Yusifiyan və Şərifi, Pejuheşi dər məsume məsuman (ə), h.ş 1388, s.39-41
  29. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.5, s.354
  30. Sübhani, İsmətul-Ənbiya fil-Quranil-Kərim, h.q 1420, s.29; Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1367, c.2, s.161
  31. Hilli, Kəşful-murad, h.ş 1382, s.155
  32. Əşrəfi və Rzayi, İsməte peyambəran dər Quran və əhdeyn, s.86
  33. Sübhani, Mənşure cavid, h.ş 1382, c.5, s.37; Seyyid Mürtəza, Tənziyətul-ənbiya, h.ş 1380, s.5
  34. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1374, s.602
  35. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.135-138
  36. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.135
  37. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.202-203; Məclisi, Biharul-ənvar, h.q 1403, c.14, s.103; c.12, s.348; c.4, s.45; Səduq, Uyunu Əxbarir-Rza, h.q 1378, c.1, s.192-204
  38. Səduq, Əl-Xisal, h.ş 1362, s.399
  39. Yusif surəsi, ayə 110
  40. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.2, s.52; Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.52
  41. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.11, s.279
  42. Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.55-59; Ənuri, Nure məsum bər simaye nübuvvət, h.ş 1397, s.109-115
  43. Həcc surəsi, ayə 52
  44. Fəxri Razi, İsmətul-ənbiya, h.q 1409, s.122
  45. Fəxri Razi, İsmətul-ənbiya, h.q 1409, s.122; Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.60
  46. Fəxri Razi, İsmətul-ənbiya, h.q 1409, s.122
  47. Hicr surəsi, ayə 42; İsra surəsi, ayə 65; Sad surəsi, ayə 82 və 83
  48. Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.60-62
  49. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.14, s.391; Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.60
  50. Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.63
  51. Nəhl surəsi, ayə 61
  52. Fəxri Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.20, s.227
  53. Fəxri Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.20, s.227
  54. Təbatəbai, h.q 1390, c.12, s.281
  55. Bəqərə surəsi, ayə 35-37; Taha surəsi, ayə 115-121
  56. Hud surəsi, ayə 45-47
  57. Saffat surəsi, ayə 88-89; Şüəara surəsi, ayə 82
  58. Əraf surəsi, ayə 150; Qəsəs surəsi, ayə 15-16; Taha surəsi, ayə 94
  59. Yusif surəsi, ayə 24
  60. Ənbiya surəsi, ayə 87; Saffat surəsi, ayə 139-148
  61. Bəqərə surəsi, ayə 120; Nisa surəsi, ayə 105 və 106; Tövbə surəsi, ayə 43; Muhəmməd surəsi, ayə 19; Fəth surəsi, ayə 1-3; Əbəsə surəsi, ayə 1-10
  62. Sübhani, İsmətul-ənbiya fil-Quranil-kərim, h.q 1420, s.91-229; Cəvadi Amuli, Vəhy və nübuvvət dər Quran, h.ş 1392, s.246-286; Məkarim Şirazi, Peyame Quran, h.ş 1386, c.7, s.101-160
  63. Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.152
  64. Əhməd Əmin, Zuhəl-İslam, m.2003, c.3, s.228
  65. Əhməd Əmin, Zuhəl-İslam, m.2003, c.3, s.235
  66. Seyyid Mürtəza, Tənziyhul-ənbiya, s.9-131; Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.91-229; Cəvadi Amuli, Vəhy və nübuvvət dər Quran, h.ş 1392, s.246-286; Məkarim Şirazi, Peyame Quran, h.ş 1386, c.7, s.101-160
  67. Milani, İsmət əz mənzəre firəqeyn, h.ş 1394, s.102-103
  68. Milani, İsmət əz mənzəre firəqeyn, h.ş 1394, s.100
  69. Milani, İsmət əz mənzəre firəqeyn, h.ş 1394, s.101-102
  70. Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.1, s.192-204
  71. Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.1, s.192-204
  72. Qəsəs surəsi, ayə 15
  73. Qəsəs surəsi, ayə 15
  74. Qəsəs surəsi, ayə 16
  75. Seyyid Mürtəza, Tənziyhul-ənbiya, s.67
  76. Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.ş 1380, s.259
  77. Şeyx Tusi, Ət-Tibyan, c.8, s.137
  78. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.3, s.398
  79. Hilli, Kəşful-murad, h.ş 1382, s.155-157; Təftəzani, Şərhul-məqasid, h.q 1409, c.4, s.49-60; İyci, Şərhul-məvaqif, h.ş 1325, s.263-280
  80. Heydəri Fitrət, Ketabşenasi tusifi Tənziyhul-Ənbiya vəl-Əimmə (ə), s.103-104
  81. Fəxri Razi, İsmətul-ənbiya, h.q 1409, s.25
  82. Fəxri Razi, İsmətul-ənbiya, h.q 1409, s.26-34
  83. Fəxri Razi, İsmətul-ənbiya, h.q 1409, s.35
  84. Fəxri Razi, İsmətul-ənbiya, h.q 1409, s.3
  85. İbn Xumeyr, Tənzihul-ənbiya, s.18-19
  86. İbn Xumeyr, Tənzihul-ənbiya, s.5-6

Ədəbiyyat

  • İbn Xumeyr, Əli ibn Əhməd, Tənziyhul-Ənbiya, Dəməşq, 2-ci çap, h.q 1420
  • Əhməd Əmin, Zuhəl-İslam, Qahirə, m.2003
  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-zəriətu ila təsanifiş-şiə, Beyrut, h.q 1403
  • Ənvari, Cəfər, Nure məsum bər simaye Nübuvvət, Qum, İmam Xomeyni Təhsil və Araşdırma İnstitutu, 1-ci çap, h.ş 1397
  • İyci, Mir Seyyid Şərif, Şərhul-məqasid, Qum, h.ş 1325
  • Təftəzani, Şərhul-məqasid, Qum, h.q 1412
  • Amidi, Əbdül-Vahid ibn Məhəmməd, Ğurərul-hikəm, Düzəliş: Seyyid Mehdi Rəcai, Qum, h.q 1410
  • Cəvadi Amuli, Abdullah, Vəhy və nübuvvət dər Quran, Qum, İsra nəşriyyatı, h.ş 1392
  • Milani, Seyyid Əli, İsmət əz mənzəre firəqeyn, Qum, Mərkəzul-həqayiqil-İslamiyyə, h.ş 1394
  • Hilli, Həsən ibn Yusuf, Kəşful-murad, Qum, İmam Sadiq (ə) müəssisəsi
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, 3-cü çap, h.q 1407
  • Sübhani, Cəfər, İsmətul-Ənbiya fil-Quranil-Kərim, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
  • Sübhani, Cəfər, Mənşure cavid, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1383
  • Sadiqi, Məhəmməd Əmin, Qum, Hoze elmiyyə nəşriyyatı, h.ş 1388
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Enteşarate İslami, h.ş 1362
  • Səduq, Məhəmməd ibn Əli, Uyunu Əxbarir-Rza, Tehran, Nəşre cəhan, h.q 1378
  • Səduq, Məhəmməd ibn Əli, Mən la yəhzurul-fəqih, Qum, Enteşarate İslami, h.q 1413
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Tusi, Xacə Nəsrəddin, Təhsilul-muhəssəl, Beyrut, h.q 1405
  • Seyyid Mürtəza, Tənziyhul-Ənbiya, Tehran, h.ş 1380
  • Faryab, Məhəmməd Hüseyn, İsməte peyambəran dər mənzume fikri Əllamə Təbatəbai, h.ş 1394
  • Fəxri Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, 3-cü çap, h.q 1420
  • Fəxri Razi, Məhəmməd ibn Ömər, İsmətul-ənbiya, Beyrut, 2-ci çap, h.q 1409
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Amuzeşe əqaid, Tehran, Sazmane təbliğate İslami, h.ş 1367
  • Mərifət, Məhəmməd Hadi, İsməte peyambəran, h.ş 1376
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, Tehran, İslam Təbliğat Təşkilatı Nəşriyyat Mərkəzi, h.ş 1374
  • Muğniyə, Məhəmməd cavad, Ət-Təfsirul-kaşif, Qum, Darul-kitabil-İslami, h.q 1424
  • Müfid, Məhəmməd ibn Numan, Ən-Nukətul-etiqadiyyə, Qum, h.q 1413
  • Müfid, Məhəmməd ibn Numan, Əvailul-məqalat, Qum, h.q 1413
  • Müfid, Məhəmməd ibn Numan, Ədəmu səhvin-Nəbi, Qum, h.q 1413
  • Məkarim Şirazi, Nasir, Peyame Quran, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1386
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
  • Təqipurfər, Vəliyullah, Pejuheşi piyramune tədəbbor dər Quran, Tehran, h.ş 1381
  • Yusifiyan, Həsən və Əhməd Hüseyn Şərifi, Pejuheşi dər məsume məsuman (ə), Qum, h.ş 1388
  • اشرفی، عباس، رضایی، ام البنین، «عصمت پیامبران در قرآن و عهدین»
  • حیدری فطرت، جمال الدین، «کتابشناسی توصیفی تنزیه الانبیاء و ائمه(ع)»

Xarici keçidlər