Şirk
Şirk (ərəbcə: الشرك) böyük günahlardandır və Allahın şəriki olduğuna inanmaq deməkdir. Şirk tövhidin müqabilidir və müsəlman alimləri onu tövhiddə olduğu kimi zatda, sifətlərdə, feillərdə və ibadətdə şirkə bölüblər. Şirk cəli və xəfi olmaqla iki qismə ayrılır. Cəli şirkdən inanclarda, xəfi şirkdən isə əxlaqda bəhs olunur.
Nəfsani istəklərə uymaq, sensuallıq, şübhə və cəhalət şirk amilləridir. Quranda əməllərin savabının itirilməsi (ihbat), ilahi əfvdən məhrum olmaq, cənnətə girişdən məhrum olmaq və cəhənnəmə daxil olmaq da Allaha şirkin nəticələri kimi təqdim edilib.
İbn Teymiyyə və ona tabe olaraq vəhhabilər dini böyüklərə təvəssül edən və şəfaət istəyən müsəlmanlara şirk isnad edirlər. Bir halda ki, müsəlmanlar, xüsusən də şiələr dini böyüklərə təvəssül etməyi bir növ dini əlamətlərə hörmət hesab edirlər. Onların fikrincə, ölülərə təvəssül etmək o halda şirk olur ki, ibadət və tanrı sanmaq məqsədi güdsün. Həmçinin, Quran ayələrinə istinadən Allahın izni ilə dini böyüklərin şəfaət etməsi mümkündür.
Konseptologiya
Şirk, varlığın zəruriliyi, ilahilik, ibadət və məxluqatın işlərini idarə etmək kimi Allaha xas olan məsələlərdə Ona şərik qoşmaq deməkdir.[1] Şirk tövhidin (Allahın birliyi) müqabilidir.[2] Əlbəttə, Ayətullah Cavadi şirki imanın müqabili hesab edir və bildirir ki, şirk heç də həmişə tövhiddən və möminlərin dairəsindən uzaqlaşmağa səbəb olmur. Əksinə, Quranda müşrik sözü bütpərəstlərə,[3] kitab əhlinə[4] və bir sıra hallarda möminlərə[5] şamil edilir.[6]
Müşrik, Allaha şərik qoşan və ya Allahdan başqasının Onun sifətlərinə malik olduğuna və ya məxluqatın işlərinin bir hissəsinin Ondan başqasına həvalə edildiyinə və ya Ondan başqasının əmr və qadağaya,[7] yaxud da ibadətə layiq olduğuna inanan kimsədir.[8]
Dərəcələri
Şirkin də tövhid kimi dərəcələri var. Bunlar aşağıdakılardır:
- Allahın zatında şirk: Bu növ şirkin iki mənası var. Bunlardan biri, Allahın zatının iki və ya daha çox komponentdən ibarət olmasına inam,[9] digəri isə bir neçə müstəqil tanrıya inamdır.[10]
- Allahın sifətlərində şirk: Allahın sifətlərinin onun zatından ayrı olmasına və sifətlərinin zatından asılı olmayaraq mövcud olmasına inanmaq.[11]
- Allahın feillərində şirk: Əfali tövhidin müqbailidir. Xaliqlikdə şirk və Rəbblikdə şirk kimi müxtəlif qollara bölünür:
- Xaliqlikdə şirk: İki və ya daha çox müstəqil yaradıcının varlığına inanmaq. Belə ki, onlardan heç biri digərinin qüdrəti altında olmasın. Xeyir və şərin iki yaradıcısına iman gətirmək onun nümunələrindəndir. Bu inanca görə, Allah ancaq yaxşıları, şəri yaradan isə pis və şər varlıqları yaradır.[12]
- Rəbblikdə şirk iki cürdür:
- Təkvini (yaradılışla bağlı) Rəbblikdə şirk: Allahın dünyanı yaratdığına, lakin onun idarə edilməsini ayrı rəbblərin öhdəsinə buraxdığına inanmaqdır.
- Təşrii (qanunvericiliklə bağlı) Rəbblikdə şirk: Həyatda ilahi olmayan hökm və qanunları qəbul etmək və onun əmrlərini zəruri hesab etmək.[13]
- İbadətdə şirk: Allahdan başqasının və ya bir şeyin qarşısında ibadət, təslimçilik və təvazökarlıq.[14]
Əlbəttə, şirk nəzəri və əməli olaraq da bölünüb. İnancla bağlı şirk, məsələn, Allahın zatında, sifətlərində, Rəbblikdə və Xaliqlikdə şirk nəzəri şirk, ibadətlə bağlı daha çox əməli yönü olan şirk isə əməli şirk sayılır.[15]
Əhəmiyyət və mövqe
Quranın bir çox ayəsi şirk və onun qadağan edilməsinə həsr edilmişdir.[16] Quranın bəzi ayələrində müşriklərin şirk iddiası üçün heç bir əsas və dəlil olmadığı, daha çox gümana və nəfsani istəklərə arxalandığı bildirilir.[17]
“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar” ayəsinə əsasən,[18] Allaha şərik qoşmaqdan başqa bütün günahlar bağışlana bilər. Bəzi təfsirçilər ayəni təfsir edərkən deyiblər ki, şirk Allah yanında günahların ən böyüyüdür və bağışlansa, digər günahlar da bağışlanar.[19] Əgər bir müşrik tövbə etməsə və şirk halında ölsə, heç vaxt bağışlanmaz. Onların fikrincə, tövbə bu ayədən xaricdir və nəticədə müşrik tövbə etsə, bağışlanacaq.[20] Bəzi rəvayətlərdə Allaha şərik qoşmaq ən böyük günahlardan sayılır. Abdullah ibn Məsud Peyğəmbərdən (s) rəvayət edir ki, ən böyük günah Allaha bənzər və oxşar nəzərdə tutmaqdır.[21]
İmam Əli (ə) Qurana əsasən, şirki dörd növ – söz, əməl, zina və riya şirki – hesab edib və onların hər birini isbat etmək üçün Qurandan ayələrə istinad edib. Dil şirkinə dəlil olaraq “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!” – deyənlər artıq kafir oldular”[22] ayəsinə istinad edib. Əməli sirkin isbatı üçün “Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir”[23] və “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər”[24] ayələrini əsas gətirib. Zina şirkini sübut etmək üçün “mallarına və övladlarına şərik ol”[25] ayəsini qeyd edib. Riya şirkini isbat etmək üçün “Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” ayəsinə istinad edib. Hədislərə əsasən, haram yaxınlıq (intim), haram tikə, həyat yoldaşı ilə yaxınlıq zamanı Allahı zikr etməmək və bəzi başqa əməllər Şeytanın spermanın döllənməsində iştirak etməsinə səbəb olur və Şeytan harada olursa olsun (mövcud olduğu qədər), şübhəsiz ki, xalis tövhid tapmaq mümkün deyil [26]və nəticədə bu tip şeytani şəriklikləri rəvayətin təbirincə şirk nümunəsi kimi qəbul etmək olar.[27]
Növləri
Şirk aşkar və gizli olmaq baxımından iki növə bölünür: cəli (aşkar) və xəfi (gizli). Cəli şirk Allahdan başqa bir məbud üçün rüku, səcdə və qurban kəsmək kimi ibadət ayinlərini[28] və xüsusi əməllər yerinə yetirmək və eyni zamanda o məbudun ilahi məqamına inanmaq deməkdir. Gizli şirk isə hər cür dünyapərəstliyi, nəfsani istəklərə uymağı, riyanı və s. əhatə edir.[29] İmam Sadiq (ə) “Yusif” surəsinin 106-cı ayəsinin şərhində məsələn, “filankəs olmasaydı, həlak olardım”, “filankəs olmasaydı, filan bəlaya düçar olardım” ifadələrini Allahın hakimiyyət sferasında şirk hesab edir.[30] İslam peyğəmbəri (s) şirki qaranlıq gecədə hamar bir daş üzərində gəzən qarışqadan daha gizli hesab edirdi.[31] Gizli şirkdən daha çox əxlaq elmində bəhs edilir.
Amillər və köklər
Şirk üçün amillər və köklər qeyd olunub:
- Şəkk-şübhəyə tabe olmaq: Allah “Yunus” surəsində müşriklərə buyurur: “Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər! Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar”.[32]
- Sensuallıq: Bəzi insanların biliklərinin kökü təbiət dünyası ilə əlaqələrinə görə hisslərlə məhdudlaşır və onların hüdudlarından kənara çıxmır. Ona görə də ilahiyyat məsələlərini hisslər səviyyəsinə endirirlər.[33]
- Cəhalət: Quran Allah üçün övladın nəzərdə tutulmasının və şirkin cəhalətdən və nadanlıqdan törədiyini bildirir.[34]
Quranda dünya sevgisini, nəfsani istəklərə pərəstişi, Allahı unutmağı, dini şəxsiyyətlər haqqında mübaliğə etməyi, təəssübkeşliyi və çirkaba bulaşmış hakimiyyətləri də şirkə sürükləyən amillərdən hesab edir.[35]
Nəticələr
Quran ayələrinə əsasən, şirkin bir sıra nəticələri vardır:
- Cənnətdən məhrum olmaq. “Maidə” surəsinin 72-ci ayəsinə əsasən cənnət müşriklərə haramdır.[36]
- İlahi əfvdən məhrum olmaq: “Nisa” surəsinin 48 və 116-cı ayələrinə əsasən, müşrik Allahın əfvindən məhrumdur və şirkdən başqa digər günahlar bağışlana bilər.[37][38]
- Cəhənnəmə girmək: “Maidə” surəsinin 72-ci ayəsinə əsasən, müşriklərin yeri cəhənnəmdir.[39]
- Əməllərin və ibadətlərin savabından məhrum olmaq: Şirk insanın yaxşı əməllərinin yox olmasına səbəb olur.[40][41]
Fiqhi hökm
İslam dini nöqteyi-nəzərindən şirk haramdır və böyük günahlardan sayılır.[42] Fəqihlər “Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidul-harama yaxınlaşmasınlar” ayəsinə[43] istinadən müşriklərin murdar olmasına hökm verib və onların Məscidul-harama girməsini qadağan ediblər.[44]
Şeyx Tusi “ən-Nihayə” əsərində müsəlman kişilərin müşrik qadınlarla evlənməsinə icazə verməsə də, yəhudi və xristian qadınlarla müvəqqəti evliliyi icazəli hesab edir.[45]
Vəhhabilərin şiələrə qarşı ittihamı
Vəhhabilər müsəlmanların ölülərə təvəssül etmək, peyğəmbərlərdən və ilahi övliyalardan yardım diləmək, qəbirlərə təbərrük etmək və onlardan şəfaət diləmək etiqadlarını ibadətdə şirk nümunəsi hesab edirlər.[46] İbn Teymiyyə belə hesab edir ki, Peyğəmbərin (s) və salehlərin sağlığında duasına təvəssül etmək şirk deyil, onlar öldükdən sonra onlara təvəssül etmək şirkdir. Onun fikrincə, əgər kimsə saleh insanların məzarına gedib onlardan kömək istəsə, müşrikdir və tövbə etməyə məcbur etmək lazımdır, əgər tövbə etməsə, öldürülməlidir.[47] Vəhhabi müftisi Əbdül-Əziz ibn Baz da öz əsərlərində qəbirlərin başında dua etməyi, yardım istəməyi, şəfa diləməyi, düşmənlərə qalib gəlməyi istəməyi böyük şirk təzahürləri hesab edirdi.[48] Onlar müsəlmanların bu hərəkətlərini İslamın əvvəlində müşriklərin bütlərə ibadət etməkləri ilə müqayisə edirlər.[49]
Müsəlman alimləri onlara cavab olaraq belə demişlər: Müşriklərin əməlləri bütlərə rəbblik və sahiblik etiqadıyla edilirdi. Amma müsəlmanların ilahi övliyalarla bağlı işləri belə bir inancla müşayiət olunmur. Əksinə, ilahi övliyaların məzarı üzərində türbə inşa etmək, onlardan şəfaət istəmək ilahi nişanələrə təzim kimi qəbul edilir.[50] Həmçinin, bu əməlləri yerinə yetirən müsəlmanlar əsla peyğəmbərlərə və ilahi övliyalara ibadət etmək niyyətində deyillər və onları ilahiləşdirmirlər. Əksinə, onların niyyəti yalnız peyğəmbərlərə və ilahi övliyalara hörmət və ehtiram göstərmək və onların vasitəsilə Allaha yaxınlaşmaqdır.[51]
Qurani-kərimin ayələrinə əsasən, şəfaət o halda şirkdir ki, müstəqil surətdə və Allahın izninə ehtiyac olmadan tələb olunsun.[52] Çünki bu halda Allahın rübubiyyətində və idarəçiliyində şirkdir.[53] Həmçinin, müsəlman alimləri vəhhabilərin bütlərdən şəfaət istəməyin qadağan olunduğu ayələrə istinadına cavab olaraq, Peyğəmbərdən (s) şəfaət istəməklə bütpərəstlərin bütlərdən şəfaət istəməsinin əsas fərqinə işarə edib və bildiriblər ki, müsəlmanlar bütpərəstlərdən fərqli olaraq, heç vaxt Peyğəmbəri (s) tanrı, rəbb və ya varlıq aləminin idarəçisi kimi görmürlər.[54] Şiə ilahiyyatçısı Mütəhhəri Quranın “Zuxruf” surəsinin 86-cı ayəsinə (“(Müşriklərin) Onu qoyub yalvardıqları (tanrılar) şəfaət verə bilməzlər. (Mənasını) bilərək haqqa şəhadət verənlər isə istisnadır”) nəzərən hesab edir ki, şəfaət ancaq haqqı (tövhidi) etiraf edənlərə və ya şüurlu olaraq dil ilə iqrar edənlərə şamil olur. Çünki ayədə sözü keçən “şəhadət” sadəcə bir söz deyil, əksinə intuitiv olaraq həqiqəti və tövhidi dərk edən, öz işindən xəbərdar olan, kimin haqqında şəfaət etməli olduğunu və kimin haqqında şəfaət etməli olmadığını bilənlər nəzərdə tutulur. Mütəhhəriyə görə, şəfaət tövhidə və tövhid əhlinə xasdır. Bütlərin isə şüuru və dərki yoxdur ki, şəfaətçi olsunlar.[55] Şiə təfsirçisi Seyid Məhəmmədhüseyn Təbatəbai də Allahı bütün varlıq aləmi üçün feyz mənbəyi hesab edir. Bütün həyat, ölüm, nemət, ruzi və s. səbəb-nəticə sistemində Allahla bağlıdır (bu məsələlərin hər biri Allahla xüsusi və müəyyən əlaqəyə əsaslanır). Onun fikrincə, şəfaət də varlıq aləmini idarə edən səbəb-nəticə sisteminin tərkib hissəsidir. Bu heç bir şəkildə ilahi qanunların, dünyanın mövcud və hakim ənənələrinin pozulması və birbaşa ilahi yoldan sapma deyil.[56]
İstinadlar
- ↑ İbn Mənzur, Lisanul-ərəb, h.ş 1305, c.1, s.223-227
- ↑ Müstəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.ş 1360, c.6, s.49
- ↑ Tövbə surəsi, ayə 2, 5
- ↑ Tövbə surəsi, ayə 30-31
- ↑ Yusif surəsi, ayə 106
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.571
- ↑ Hüseyni Şirazi, Təqribul-Quran iləl-əzhan, h.q 1424, c.2, s.390
- ↑ Müstəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.ş 1360, c.6, s.50
- ↑ Müstəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.ş 1360, c.6, s.49
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.578
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.578
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.579-580
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.580-583
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.581-582
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, h.ş 1395, s.581-595
- ↑ Məkarim Şirazi, Peyame Quran, h.ş 1374, c.3, s.209-210
- ↑ Məkarim Şirazi, Peyame Quran, h.ş 1374, c.3, s.211-215; Nümunə üçün baxın: Nəcm surəsi, ayə 23, Ənbiya surəsi, ayə 24
- ↑ Nisa surəsi, ayə 48
- ↑ Qumi, Təfsire Qumi, h.ş 1367, c.1, s.148
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.165
- ↑ Mühəddis Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.14, s.332
- ↑ Maidə surəsi, ayə 17
- ↑ Yusif surəsi, ayə 106
- ↑ Tövbə surəsi, ayə 31
- ↑ İsra surəsi, ayə 64
- ↑ Kəhf surəsi, ayə 110
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.69, s.102; c.90, s.61-62
- ↑ Amuli, Təfsirul-muhitil-Əzəm, h.q 1422, c.3, s.189-190
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, s.591-592
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.5, s.148
- ↑ İbn Şəbe Hərrani, Tuhəful-uqul, h.q 1404, s.487
- ↑ Yunus surəsi, ayə 66
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, s.644
- ↑ Ənam surəsi, ayə 100
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, s.635-680
- ↑ Maidə surəsi, ayə 72
- ↑ Nisa surəsi, ayə 116
- ↑ Nisa surəsi, ayə 48
- ↑ Maidə surəsi, ayə 72
- ↑ Zumər surəsi, ayə 65
- ↑ Cavadi Amuli, Tövhid dər Quran, s.681-691
- ↑ Nisa surəsi, ayə 48
- ↑ Tövbə surəsi, ayə 28
- ↑ Fazil Lənkərani, Təfsiluş-şəriə, h.q 1409, s.206
- ↑ Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.457
- ↑ İbn Teymiyyə, Məcmuətul-fətava, h.q 1416, c.1, s.159
- ↑ İbn Teymiyyə, Ziyarətul-qubur, h.q 1412, s.19
- ↑ بن باز، «بعض الممارسات الشرکیة عند القبور»., binbaz.org saytı
- ↑ Qəffari, Usulu məzhəbiş-şiə, c.1, s.480
- ↑ Sübhani, Ayine Vəhhabiyyət, s.41
- ↑ Ustadi, Şiə və pasox be çənd porseş, h.ş 1385, s.84
- ↑ Taha surəsi, ayə 109
- ↑ Ustadi, Şiə və pasox be çənd porseş, h.ş 1385, s.84-85
- ↑ Sübhai Təbrizi, Mərzhaye Tövhid və Şirk dər Quran, h.ş 1380, s.159; Cavadi Amuli, Tövhid dər Quran, s.600-604
- ↑ .https://lms.motahari.ir/advance-search?searchText=شفاعت%20&isSameWord=true&
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1393, c.1, s.163-164
Ədəbiyyat
- Amuli, Seyyid Heydər, Təfsirul-muhitil-Əzəm, Təhqiq: Musəvi Təbrizi, h.q 1422\h.ş 1380
- İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Ziyarətul-qubur, Darus-səhabə, Misir, h.q 141
- İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Məcmuətul-fətava, Təhqiq: Şeyx Əbdür-Rəhman ibn Qasim, Mədinə, h.q 1416
- İbn Şəbe Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul, Düzəliş: Əli Əkbər Ğəffari, Came müdərisin, Qum, h.q 1404
- İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Qum, Ədəbul-hoze, h.ş 1305
- Ustadi, Rza, Şiə və pasox be çənd porseş, Tehran, Məşər, h.ş 1385
- Cavadi Amuli, Abdullah, Tövhid dər Quran, Qum, İsra nəşri, h.ş 1395
- Hüseyni Şirazi, Seyyid Məhəmməd, Təqribul-Quran iləl-əzhan, Beyrut, Darul-ulum, h.q 1424
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ən-Nəhayə, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1400
- Sübhani Təbrizi, Cəfər, Ayine Vəhhabiyyət
- Sübhani Təbrizi, Cəfər, Mərzhaye Tövhid və Şirk dər Quran, h.ş 1380
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
- Fazil Lənkərani, Məhəmməd, Təfsiluş-şəriə, Qum, h.q 1409
- Qəffari, Nasir ibn Abdullah, Usulu məzhəbiş-şiə
- Qumi, Əli ibn İbrahim, Təfsire Qumi, Təhqiq: Seyyid Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, h.ş 1367
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Mühəddis Nuri, Hüseyn ibn Məhəmməd Təqi, Mustədrəkul-vəsail, Qum, Alul-beyt müəssisəsi, h.q 1408
- Müstəfəvi, Həsən, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.ş 1360
- Məkarim Şirazi, Nasir, Peyame Quran, Qum, Hədəf mətbuatı, h.ş 1374