Hədisin qadağan edilməsi

wikishia saytından

Hədis qadağası və ya Hədisin yazılması qadağası (ərəbcə: منع تدوين الحديث) ifadəsi hicrətin ilk əsrində Peyğəmbərin (s) sözlərinin nəql edilməsi və yazılmasına tətbiq edilən məhdudiyyət barədə işlədilən ifadədir.

Hədisin şifahi nəqlinə tətbiq edilən məhdudiyyət və hədisin yazılmasına qoyulan qadağa “şeyxeyn”in zamanından başlayıb. Belə ki, bu iş birinci xəlifənin dövründə başlayır, ikinci xəlifənin dövründə rəsmiləşdirilir və Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizin hakimiyyəti zamanınadək, yəni təqribən 100 il davam edir.

Əhli-Sünnə alimləri birinci və ikinci xəlifənin “hədis qadağası” siyasətini hədisin Qurana qarışmasının qarşısını almaqla Quranı təhrifdən qorumaq, müsəlmanların Qurandan başqa bir şeylə məşğul olmasının və onların ixtilafa düşməsinn qarşısını almaq tədbiri kimi təfsir edirlər və həmçinin qeyd edirlər ki, həmin dövrdə hədis raviləri “kitabət” (yazı yazmaq) ilə tanış deyildilər. Şiə alimləri isə bunun başlıca səbəbinin İmam Əlinin (ə) fəzilətlərinin yayılmasının qarşısını almaq və xəliflərin öz hakimiyyətlərini möhkəmləndirməsi üçün olduğunu deyirlər.

Həmçinin şiə alimlərinin fikrincə hədisin yazılmasının qadağan edilməsi müxtəlif saxta hədislərin yaranmasına, çox sayda hədis mətninin məhv edilməsinə, müxtəlif təriqət və məzhəblərin yaranmasına və İslam Peyğəmbərinin (s) sünnəsinin dəyişdirilməsi və təhrif edilməsinə səbəb olmuşdur.

Hədisin yazılmasının qadağan edilməsi tarixçəsi

Hədisin yazılması qadağası və şifahi nəqlinin məhdudlaşdırılması “şeyxeyn”in zamanından başlayıb.[1] Onlardan öncə isə hədis yazmaq və nəql etmək müsəlmanlar arasında geniş yayılmış bir məsələ idi[2] və Həzrət Peyğəmbər (s) səhabələri hədisi yazmağa və nəql etməyə təşviq edirdi.[3]

Birinci xəlifə Əbu Bəkr öz dövründə hədislərin yazılmasını qadağan etdi və səhabələrin və özünün yazdığı çox sayda hədisi yandıraraq yox etdi.[4] Tarixi mətnlərə əsasən, ikinci xəlifə Ömər bin Xəttab yerlərdəki nümayəndələrə və hakimlərə məktub yazaraq onlara Peyğəmbərin (s) hədisini nəql etməməyi və yazmamağı göstəriş verir və Qurana daha çox diqqət edilməsini istəyirdi.[5] Bəzi əhli-sünnə hədis və tarix qaynaqlarında yer almış məlumatlara əsasən, ikinci xəlifə Ömər ibn Xəttab əvvəlcə istəyirmiş ki, Peyğəmbərin (s) hədislərini bir yerə toplayaraq yazılı formaya salsın. Amma bir müddət sonra bu qərarını dəyişir və səhabələrdən “hədisləri toplayıram” adı ilə aldığı hədis nüsxələrini məhv edir. Ömər ibn Xəttab bu addımını hədislərin Quran ayələrinə qarışacağını və bu halda Quranın təhfir olunacağından qorxması ilə izah edir.[6]

Hədisin nəqlinin məhdudlaşdırılması

Hədisin kitabət olunmasının, yəni yazılı şəkilə gətirilməsinin qadağan edilməsinin ardınca hədisin şifahi nəqlinə də Ömər ibn Xəttab tərəfindən məhdudiyyətlər tətbiq edilir. Ömər eşidir ki, Həzrət Peyğəmbərin (s) səhabələrindən bəziləri Peyğəmbərdən (s) eşitdikləri hədisləri camaat üçün şifahi şəkildə rəvayət edirlər. Buna görə də səhabələrin Mədinə şəhərindən icazəsiz çıxışına[7] və onların hədisləri şifahi də olsa nəql etmələrinə qadağa qoydu.[8] İkinci xəlifə Əbu Dərda və İbn Məsud kimi məşhur səhabələri hədis nəql etdikləri üçün həbsə saldı.[9] Bəzi araşdırmaçılar belə hesab edirlər ki, öncə hədisin şifahi nəqli və daha sonra isə hədisin yazılması qadağan edilib.[10]

Hədis qadağasının ləğvi

Hədisin nəqli və yazılmasının qadağası Əməvi sülaləsinin səkkizinci xəlifəsi Ömər ibn Əbdüləziz ibn Mərvanın (63 hq-101 hq) hakimiyyəti zamanınadək, yəni təqribən 100 il davam edir. Hicrətin 99-cu ilində hakimiyyətə gələn Ömər ibn Əbdüləziz cəmiyyətin sünnəni unutduğunu görüncə və şəriət elminin məhv olacağından qorxaraq – (əslində isə Osmani-Əməvi məktəbində elm qapısının bağlandığı üçün müsəlmanların yenidən Əhli-Beyt qapısına üz tutduğunu görüncə) - Mədinənin tabei mühəddislərindən biri, həmçinin şəhərin qazi, vali və hakimi olan Əbu Bəkr ibn Məhəmməd ibn Əmr ibn Həzm Ənsariyə (ö.120 hq) məktub yazaraq Peyğəmbərin (s) hədislərinin bir yerə toplanaraq yazılmasını və rəvayət edilməsini istədi.[11]

Hədis qadağasının müvafiq və müxalifləri

Deyiblər, bəzi səhabə və tabeilər, o cümlədən Zeyd ibn Sabit, Əbu Musa Əşəri, Əbu Səid Xudri, Əbu Hüreyrə və İbn Abbas hədis yazmağı məkruh hesab ediblər. Həmçinin İmam Əli (ə), İmam Həsən (ə), Abdullah ibn Ömər, Ənəs ibn Malik, Əta ibn Yəsar və Səid ibn Cubeyr hədis yazmağı icazəli hesab ediblər.[12]

Hədisin qadağan edilməsi amilləri və motivləri

Sünnişiə alimləri hədisin qadağan edilməsinin səbəb və motivləri barədə fərqli və ixtilaflı nəzərlər deyiblər. Sünni alimləri deyirlər: hədislərin Quranla qarışması ehtimalı,[13] müsəlmanların ixtilafının qarşısını almaq,[14] yazılı nüsxələrə etimad edib hədisi hifz etməmək nigarançılığı,[15] müsəlmanların Qurandan başqa məsələlərə daha çox məşğul olması qorxusu,[16] etibarsız hədislərin yayılmasının qaşısını almaq,[17] Quranın yanında başqa bir kitabın yaranması nigarançılığı[18] və hədis ravilərinin yazı elminin olmaması[19] və sair bu kimi məsələlər hədisin yazılmasına qoyulan qadağaya səbəb olmuşdur. Bu fikrin qarşısında şiə araşdırmaçıları isə deyirlər ki, hədis qadağasının ən əsas səbəbi Əhli-Beytin (ə), xüsusi ilə də İmam Əlinin (ə) fəzilətlərinin qarşısını almaq olmuşdur.[20] Sünni hədis alimi Əhməd ibn Əli ibn Şüəyb Nəsai sünnilərin altı səhih hədis kitabından biri olan “əs-Sünən” adlı böyük hədis məcmuəsində İbn Abbasdan nəql edir ki, səhabələr İmam Əliyə (ə) olan nifrət və kinlərinə görə Peyğəmbərin (s) sünnəsini tərk etdilər.[21] Həmçinin xəlifələrin dini hökmlər barədə yetərincə elmlərinin olmaması – (Quran ayələri və hədisləri düzgün təhlil və tətbiq etmək bacarıqlarının olmaması, sadə şəriət hökmlərini belə unutmaları və sair) - və onların siyasi hakimiyyətlərinin kənarında şəri hakimiyyətlərini möhkəmləndirmək cəhdi hədis qadağasının əsasəb motivlərindən biridir.[22]

Bidət ya sünnət ?

Hədis qadağasının tərəfdarları öz nəzəriyyələrinin isbatı üçün Peyğəmbərə (s) nisbət verilən bir hədisə istinad ediblər ki, o hədisdə deyilir: “Hər kəsdən məndən Qurandan başqa eşitdiyi bir şeyi yazıbsa, onu məhv etsin”.[23] Bunun da qarşısında hədis qadağasının müxalifləri Peyğəmbərdən (s) hədisin yazılmasını sifariş edən hədislər rəvayət edirlər. O cümlədən bir rəvayətdə Abdullah ibn Ömərə sifariş edilib ki, hədisləri yazsın. Bu rəvayətə görə, bir qrup insan Abdullahı qınayırdılar ki, nə üçün Peyğəmbərin (s) hər dediyini yazırsan, o da insandır, qəzəbli və xoşhal vaxtları olur. O, bu məsələni Peyğəmbərə (s) çatdıranda O həzrət (s) Abdullahı hədisləri yazmağa təşviq etdi.[24] Hədis qadağasına etiraz edənlərin istinad etdiyi digər hədisdə isə Peyğəmbər (s) buyurur: “Hər kəs məndən bir elm və ya hədis nəql edərsə, o hədisin yazısı və nəqli qaldıqca ona əcr və savab yazılacaq”.[25]

Bəzi araşdırmaçıların dediyinə görə, hələ Peyğəmbərin (s) öz zamanında səhabələrdən bəzilərinin hədis səhifələri var idi. O cümlədən də İmam Əlinin (ə) və Abdullah (və ya Übeydullah) ibn Əbi Rafenin səhifəsi var idi. Amma Peyğəmbər (s) bu işi onlara qadağan etmədi,[26] əksinə onalara buna icazə verdi və təşviq etdi.[27]

Qoldziher nəzəriyyəsi

Yəhudi əsilli macarıstanlı şərqşünas alim İqnas (İqnak) Qoldziher müsəlmanların hədis məcmuələrinin ikinci əsrin ikinci yarısında yarandığını vurğulayaraq deyir ki, hədisin qadağası barədə olan və ya yazılmasına icazə verən hədislər hamısı saxtadır və həqiqədə İslamın ilk əsrlərində baş verən ixtilafları və fikir ayrılıqlarını əks etdirir.[28]

Hədis qadağasının nəticələri

Müsəlman alimlərin fikrincə hədisin yazılmasının qadağan edilməsinin çox mənfi nəticələri olub ki, bunlardan ilkin hədis mətnlərin məhvi, hədis saxtakarlığı, sünnənin dəyişdirilməsi və müxtəlif əqidəvi cərəyan və təriqətlərin yaranmasına işarə etmək olar:

* İlkin hədis mətnlərinin məhv edilməsi: Peyğəmbərin (s) yaxın səhabələrinin O həzrətdən (s) birbaşa eşidərək yazdıqları hədislər və səhabələrin əlyazma nüsxələri sorakı nəsillərə çatmadı.[29] Ayişənin dediyinə görə, Əbu Bəkr özünün yazaraq bir yerə topladığı 500 hədisi yandırdı.[30]

Həmçinin bir çox səhabələrin əzbər bildiyi hədislər nəql edilmədiyi və yazılmadığı üçün onların ölümü ilə məhvə düçar oldu.[31]

* Hədis saxtakarlığı: Hədisin yazılması qadağasının icra edilməsi nəticəsində Peyğəmbərin (s) hədisləri unuduldu, onun yerini siyasət bazarının saxta hədisləri tutdu.[32] Siyasi və məzhəbi şəxsiyyətlərin ictimai imicini qorumaq üçün fəzilət hədisləri düzəldərək Peyğəmbərə (s) nisbət verdilər. Saxta hədislərin çoxluğu o həddə olub ki, Əhli-Sünnənin altı səhih hədis toplusunun ilkinin müəllifi olan Buxari özünün dediyinə görə, 600 min hədisdən təkcə 2761 səhih hədis seçə bilib.[33] Əhli-Sünnənin ikinci səhih hədis toplusunun müəllifi Müslim Nişapuri 300 min hədisdən təkcə 4 min səhih hədis seçə bilib.[34]

* Peyğəmbər (s) sünnəsinin dəyişdirilməsi və təhrifi: Hədisin yazılmasına qoyulan qadağa və şifahi nəqlinə qoyulan məhdudiyyət müsəlman cəmiyyətində şəriət hökmlərinin qaynağı olan hədislərin unudulması və sünnənin dəyişdirilməsinə və təhrifə məruz qalmasına səbəb oldu.[35] Məsələn, Əhli-Sünnənin Şafei məzhəbinin imamı Məhəmməd ibn İdris Şafei (150-204 hq) tabein ravilərindən olan Vəhəb ibn Keysandan (ö. 127 hq) nəql edir ki, Peyğəmbərin (s) sünnətləri, hətta namaz belə dəyişdirilib.[36]

* Batil fikri cərəyan, təriqət, firqə və məzhəblərin yaranması: Hədis qadağasının dalınca sünnətin dəyişdirilməsi və saxta hədislərin çoxalması səbəb oldu ki, hər kəs öz səliqəsi və zövqünə uyğun fikri cərəyan və firqə yaratsın.[37] Yeni təsis edilən firqə və fikri cərəyan rəhbərləri və onların tərəfdarları öz şəxsi səliqələri və zövqlərinin dinə uyğunluğunu isbat etmək üçün hədis saxtakarlığına üz tuturdular. Bunun da nəticəsində saxta hədislər çoxalır və bu çoxalan saxta hədislər də yenidən yeni firqələrin yaranmasına səbəb olurdu.[38]

Hədis qadağası barədə yazılmış müstəqil ədəbiyyat

Hədis qadağası ilə bağlı qədim zamandan hədis sahəsində yazılmış müxtəlif kitablarda müzakirələrə rast gəlmək olur. Müasir dövrdə isə hədis qadağası barədə müxtəlif kitablarda pərakəndə olan məlumatları bir yerə toplayaraq məqalə və kitablar yazıblar. Bu kitablardan biri də Seyid Əli Şəhristaninin “Mən`u tədvinil-hədis, əsbab və nətaic” kitabıdır. Kitab hədis qadağasının səbəb və motivlərini araşdırıb və isbat edib ki, batil firqə və cərəyanların yaramasının əsas səbəbi hədisin yazılmasının qadağan edilməsi olub.[39] Bu kitab Ümumdünya Əhli-Beyt Assambliyası tərəfindən İngilis və Fars dilinə tərcümə və nəşr edilib.[40]

Əlaqəli məqalə

İstinadlar

  1. Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.10, s.285; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.204
  2. Diyari, Nəqd və bərrəsiye iləl və əngizehaye məne negareşe hədis, s.38
  3. Əbi Davud, Sunənu Əbi Davud, c.3, s.318
  4. Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.10, s.285
  5. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.204
  6. Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.10, s.291-292, hədis 29474
  7. Mürtəza Amili, Əs-Səhihu min siyrətin-Nəbiyil-əzəm, c.1, s.77
  8. Zəhəbi, Təzkirətul-Huffaz, h.q 1419, c.1, s.11-12
  9. Zəhəbi, Təzkirətul-Huffaz, h.q 1419, c.1, s.12
  10. Şəhrestani, Mənu tədvinil-hədis, h.q 1418, s.31-32
  11. Buxari, Səhih-Buxari, h.q 1401, c.1, s.33
  12. Mamaqani, Miqbasul-hidayə, h.q 1411, c.3, s.189-194; Diyari, Nəqd və bərrəsiye iləl və əngizehaye məne negareşe hədis, s.38
  13. Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.10, s.291-292, hədis 29474
  14. Zəhəbi, Təzkirətul-Huffaz, h.q 1419, c.1, s.9
  15. Əbu Zəhra, Əl-Hədis vəl-muhəddisun, h.q 1378, s.13
  16. Ğəzzali, İhyaul-ulum, c.10, s.79; Diyari, Nəqd və bərrəsiye iləl və əngizehaye məne negareşe hədis, s.44
  17. Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.10, s.285
  18. Zəhəbi, Təzkirətul-Huffaz, h.q 1419, c.1, s.291-292
  19. Diyari, Nəqd və bərrəsiye iləl və əngizehaye məne negareşe hədis, s.40-48
  20. Şəhrestani, Mənu tədvinil-hədis, h.q 1418, s.57
  21. Nəsai, Sunənu Nəsai, h.q 1406, c.5, s.253
  22. Şəhrestani, Mənu tədvinil-hədis, h.q 1418, s.57
  23. Muslim, Səhih Muslim, c.4, s.2298, hədis 3004
  24. Əbi Davud, Sunənu Əbi Davud, c.3, s.318
  25. Siyuti, Tarixul-xüləfa, h.q 1425, c.1, s.77
  26. Musəvi, Məne kitabət və enteşare hədis, s.76
  27. İbn Hənnan, Səhih ibn Hənnan, h.q 1414, c.1, s.265
  28. Əzəmi, Dirasətun fil-hədisin-Nəbəvi, h.q 1405, c.1, s.82
  29. Sübhani, Fərhənge əqaid və məzahibe İslam, h.ş 1378, c.1, s.91
  30. Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.10, s.285
  31. Sübhani, Fərhənge əqaid və məzahibe İslam, h.ş 1378, c.1, s.92
  32. Hüseyni, Peymədhaye məne nəqle hədis, s.62
  33. Xətib Bağdadi, Tarixu Bağdad, h.q 1417, c.2, s.14
  34. Xətib Bağdadi, Tarixu Bağdad, h.q 1417, c.2, s.102
  35. Hüseyni, Peymədhaye məne nəqle hədis, s.67
  36. Şafei, Əl-Umm, h.q 1410, c.1, Kitabus-səlat - Kitabu səlatil-eydeyn , s.269
  37. Hüseyni, Peymədhaye məne nəqle hədis, s.68
  38. Sübhani, Fərhənge əqaid və məzahibe İslam, h.ş 1378, c.1, s.91
  39. Şəhrestani, Mənu tədvinil-hədis, h.ş 1390, Seyyid Hadi Hüseynin müqəddiməsi (tərcümə edən), s.19
  40. Şəhrestani, Mənu tədvinil-hədis, h.ş 1390, Seyyid Hadi Hüseynin müqəddiməsi (tərcümə edən), s.20

Ədəbiyyat

  • İbn Həbban, Məhəmməd ibn Həbban, Səhih ibn Həbban, Beyrut, Ər-Risalə müəssisəsi, 2-ci çap, h.q 1414
  • Əbu Zöhrə, Məhəmməd, Əl-Hədis vəl-muhəddisun, Darul-fikril-ərəbi, h.q 1378
  • Əzəmi, Məhəmməd Mustafa, Dirasətun fil-hədisin-Nəbəvi, Beyrut, Əl-Məktəbul-İslami, h.q 1405
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih Buxari, Beyrut, Darul-fikr, h.q 1401
  • Hüseyni, Seyyid Cavad, پیامدهای منع نقل حدیث
  • Hüseyni Cəlali, Məhəmməd Rza, تدوین السنة الشریفه, eshia.ir saytı
  • Xətib Bağdadi, Əhməd ibn Əli, Tarixu Bağdad, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
  • Məhəmməd Təqi, نقد و بررسی علل و انگیزه‌های منع نگارش حدیث
  • Zəhəbi, Məhəmməd ibn Məhəmməd, Təzkirətul-huffaz, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
  • Sübhani, Cəfər, Fərhənge əqaid və məzahibe İslami, Qum, Tövhid nəşri, h.ş 1378
  • Siyuti, Tarixul-xüləfa, h.q 1425
  • Şafei, Məhəmməd ibn İdris, Əl-Umm, Beyrut, Darul-mərifət, h.q 1410
  • Şəhristani, Seyyid Əli, Mənu tədvinil-hədis və nətayic, h.q 1418 \ m. 1997
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: İbrahim, Məhəmməd Əbülfəzl, Beyrut, 2-ci çap, h.q 1387
  • Amili, Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbəvi, Qum, Darul-hədis, h.ş 1385
  • Mamaqani, Abdullah, Miqbasul-hidayə fi elmid-dirayə, Qum, h.q 1411
  • Müttəqi Hindi, Əli ibn Hisamiddin, Kənzul-ummal, Ər-Risalə müəssisəsi, h.q 1401 \ m. 1981
  • Nəsai, Sunənu Nəsai, Təhqiq: Əbdül-Fəttah, Hələb, h.q 1406
  • Nişaburi, Səhih Muslim, Səhih Muslim, Təhqqi: Məhəmməd Fuad Əbdül-Baqi, Beyrut

Xarici keçid