Hədis saxtalaşdırılması

wikishia saytından

Hədis saxtalaşdırılmasıhədis qondarılması (saxta və düzəltmə hədis) (ərəbcə: جعل الحدیث و وضع الحدیث), yəni bir şəxsin özündən din adına mətn düzəldərək (və bəzən də mətn üçün sənəd) onu “hədis” adı ilə məsumlara (ə), yəni Həzrət Peyğəmbər (s), xanım Fatimeyi-Zəhra (s)on iki imamdan birinə nisbət vermək. Hədisdə saxtakarlıq bəzən bütöv bir mətn formasında, bəzən mətnə bir neçə söz və ifadə etmək və bəzən də cümlədə ifadələrin yerini dəyişməklə baş verib.

Hədis saxtakarlığının başlanılmasının tarixi Həzrət Peyğəmbərin (s) həyatı dövrünədək gedib çıxır. İslam Peyğəmbərinin (s) vəfatından sonra yavaş-yavaş genişlənməyə başlayan hədis qondarmaçılığı Müaviyə ibn Əbu Süfyanın xilafəti dövründə tam vüsət alır və sui-istifadəçi insanların və siyasətçilərin öz hədəflərinə çatmaq üçün istifadə etdikləri informasiya alətlərindən birinə çevirilir.

Əbu Süfyanın arvadından dünyaya gələn Müaviyə öz siyasi planlarını həyata keçirmək, zorla mənimsədiyi hakimiyyətini legitimləşdirmək, hakimiyyətin xeyirinə olmayan İslami qanunlar və prinsipləri cəmiyyətdə təhrif etmək, cəmiyyətdə dini məsələlərdə yeni elmi gündəm yaratmaq və ya gündəmi dəyişmək və İmam Əlinin (ə) və Əhli-Beytin (ə) fəzilətlərinin yayılmasının qarşısını almaq və onların üstünlüklərinə kölgə salmaq hədəfi ilə dünya malına aldanaraq ələalınmış xüsusi səhabə və tabeinlər vasitəsi ilə hədislər düzəltidirir və cəmiyyətdə yaydırırdı.

Bunun nəticəsində Əhli-Beyt (ə) İslam ümməti üzərində olan haqqından məhrum edilir, dini, elmi, siyasi və ictimai səhnədən uzaqlaşıdırılırdı.

Həmçinin qondarma hədislərin çoxluğu səbəb olurdu ki, cəmiyyətdə Peyğəmbərin (s) sünnəsi və sözünün təsiri azalsın, insanlar bütün hədislərə şübhə ilə yanaşsınlar və bu da onları sünnəyə qarşı laqeyd bir hala gətirib çıxarsın. Bundan əlavə müsəlmanlar artıq səhih hədislərdən də şübhələnməyə başlayır, şübhələndikləri üçün də hədisi nəql etmir və beləliklə Peyğəmbərin (s) həyat tərzi, sünnə və sirəsi və sözlərinin daşıyıcısı olan hədislər nəql olunmadığı və yazılmadığı üçün unudularaq məhv olurdular.

Bir çox hədis tədqiqatçılarının fikrincə Əbu Hüreyrə, Kəəbul-Əhbar, Übəyy ibn Kəəbİbn Əbil Əvca kimi şəxslər müxtəlif hədəflərlə və sifarişlə hədis saxtalaşdıran və qondarma hədis yayan ravilərdirlər.

Düzəltmə, saxta və qondarma hədis

Dini ədəbiyyatda, xüsusi ilə də hədis sahəsində yazılan kitablarda hədislərin qondarılması və saxtalaşdırılmasını “cə`əlul-hədis” və “vəz`ul-hədis”[1] kimi ifadə edirlər. Qondarılmış və saxtalaşdırılmış hədislərə isə “əl-məc`ul” = المجعول və ya “əl-məvzu`” = الموضوع deyilir.[2]

Qəsdən və ya səhvən baş verməsindən asılı olmayaraq düzəltmə, saxta və qondarma bir mətnin məsumlara (ə), yəni Həzrət Peyğəmbər (s), xanım Fatimeyi-Zəhra (s) və on iki imama (ə), nisbət verilməsinə “hədis saxtakarlığı” və həmin mətnə də “saxta hədis” deyilir.[3] Hədisin saxta və qondarma olduğunu bilmək üçün hədis tədqiqatçıları və hədis elmləri alimləri müxtəlif yollar və qaydalar təyin ediblər ki, ravinin öz etirafı, ravinin yalançı və qondarmaçılıqda məşhur olması,[4] hədisin Quranın, sağlam ağılın, bütün müsəlmanların yekdilliklə qəbul etdiyi bir məsələnin və məzhəbi əsasların[5] əleyhinə olması bu qəbildəndir.

Saxta hədisin formaları

Hədis saxtakarlığı müxtəlif forma və şəkillərdə həyata keçirilib. Bəzən kamil bir mətn düzəldilib və məsuma (ə) nisbət verilib, bəzən hədisin mətninə əlavələr edilib və bəzən də hədisin cümlə tərkibində yerdəyişmələr aparılaraq mənası təhrif edilib.[6] Araşdırmaçıların dediyinə görə, etiqadi, tarixi, tibbi, əxlaqi, fəzilət və dua mövzularında daha çox hədislər, həm də bütöv mətn formasında saxtalaşdırılıb.[7] Məsələn, deyirlər ki, Abbasilər sülaləsinin ikinci xəlifəsi Mənsur Dəvaniqi öz hakimiyyətini legitişləşdirmək və həmçinin sonradan oğluna ötürmək hədəfi ilə İmam Zaman (ə.f) barədə Peyğəmbərdən (s) nəql edilən hədisə özünü də əlavə etməyə çalışıb. Hədisdə Həzrət Peyğəmbərə (s) nisbət verilərək deyilir ki, “Allah-Taala mənim Əhli-Beytimdən (ə) bir kişini (yer üzünə hakimiyyət etmək üçün) seçəcəkdir ki, adı mənim adımdır”.[8] Mənsur Dəvaniqi hədisin ona da aid olması təsəvvürünü yaratmaq üçün hədisə “adı mənim adım, atasının adı atamın adı olan...” cümləsini əlavə edərək nəql edir. Çünki Mənsurun atasının adı Abdullah idi.[9]

Müaviyənin tərəfdarları onu pisləyən bir hədisin sözlərini dəyişərək hədisin Müaviyəni təriflədiyini göstərmək istəyiblər: “Müaviyəni mənim mənbərimdə gördüyünüz zaman onun sözlərini qəbul edin, çünki o, doğru əməl sahibi və mənim etimad etdiyim şəxsdir”.[10] Əslində isə bu hədisdə Müaviyə pislənərək deyilir ki, “Müaviyəni mənim mənbərimdə gördüyünüz zaman onu öldürün”.[11]

Müaviyənin tərəfdarları ərəbcədəki “fəqtuluhu” (öldürün) ifadəsini “fəqbiluhu” (onu qəbul edin) ifadəsi ilə dəyişiblər. Hədislərin saxtalaşdırılması formalarından biri də “hədis oğurluğu”dur. Yəni yalançı və etibarsız bir ravinin nəql etdiyi hədisə başqalarını inandırmaq üçün hədisi doğrudanışan və etibarlı ravilərin adından nəql edirlər. Bu növə “dəss”i də əlavə etmək olar. Yəni hədis kitabı yazan mühəddis xüsusi hədəflə topladığı uydurma və qondarma hədisləri cəmiyyətdə etibarlı nüsxə kimi tanınan hədis nüsxələrindəki mətnlərin arasında yazaraq cəmiyyətdə “oğurluq nüsxə” yaymağa başlayır. Nüsxənin etibarlı olduğunu düşənən müsəlmanlar da həmin nüsxədəki etibarsız və uydurma hədislərə inanmağa başlayırlar.[12]

Hədis saxtakarlığının tarixçəsi

Bəzi hədis araşdırmaçılarının fikrincə uydurma hədislərin yaranması tarixi elə Peyğəmbərin (s) öz zamanından başlayır.[13] Çünki çoxlu sənədlə Həzrət Peyğəmbərə (s) istinad olunan bir hədisdə O həzrət (s) onun adına yalan danışanların çoxaldığını və onların yerinin cəhənnəm atəşi olacağı xəbərdarlığını edib.[14] Bundan əlavə Peyğəmbərin (s) həyatı zamanı O həzrətin (s) adına deyilən yalan nümunələri də tarix kitablarında və hədis ədəbiyyatında mövcuddur.[15] Hədislərdən birində İmam Əli (ə) də Peyğəmbərin (s) adına hələ O həzrət (s) sağ ikən yalan danışıldığına işarə etmişdir.[16]

Bəzi Əhli-Sünnə araşdırmaçıları isə bu fikirdədirlər ki, Peyğəmbərin (s) və ilk dörd raşidi xəlifənin dövründə hədis saxtakarlığı baş verməyib. Hədis saxtakarlığı Həzrət İmam Əlinin (ə) şəhadətindən sonra müxtəlif firqələrin yaranması səbəbi ilə başlayıb. Bu dövrdə vüduda gələn bəzi firqələr öz inanc və əqidələrinin isbatı üçün Quran və sünnəyə istinad edirdilər. Əqidələrini təbliğ etmək üçün Quransünnədən bir dəlil tapmadıqda hədisləri təhrif edir və ya hədis uydururdular.[17]

Bəziləri də deyirlər ki, hədis saxtakarlığı Müaviyə ibn Əbu Süfyanın dövrünə geniş yayılmağa başlayıb.[18] Hicri-Qəməri tarixi ilə yeddinci əsrdə yaşamış məşhur sünni alimi və Nəhcül-Bəlağənin şərhçisi İbn Əbil Hədid Mötəzili deyir ki, Müaviyənin adamları onun maddi dəstəyi ilə 3-cü xəlifə Osman ibn Əffanın fəziləti barədə hədis düzəldir və yayırdılar. Onlar təkcə buna qane olmur digər tərəfdən də Əhli-Beyti (ə), xüsusi ilə də İmam Əlini (ə) pisləyən hədislər qondarır və Peyğəmbərə (s) nisbət verirdilər.[19] Həmçinin Əbu Bəkr ibn Əbi Qühafənin radikal tərəfdarları olan “Bəkriyyə” firqəsi ki, onun Peyğəmbərin (s) “nəss”i ilə - (yəni birbaşa tövsiyəsi və sifarişi əsasında) - xəlifə olduğuna inanıdrdılar, onun üçün İmam Əlinin (ə) üstünlükləri qarşısında fəzilət hədisləri uydurur və yayırdılar.[20]

Hədis saxtakarlığı ilə mübarizə tarixi

Hicri-Qəməri tarixi ilə 5-ci əsrin sonlarında qondarılmış və saxta hədislər barədə kitab və əsərlər yazılmağa başladı. Şiələrin “rical” (raviləri araşdıran elm) kitablarında isə 4-cü hicri-qəməri əsrinin əvvəllərində “hədis saxtakarlığı” (cə`lul-hədis) terminindən geniş istifadə edilib. Bunun nümunələrinə 4-cü hicri-qəməri əsrində yaşamış İbn Üqdə[21] və İbn Vəlidin[22] və 5-ci hicri-qəməri əsrində yaşamış İbn Ğəzairinin[23] düşüncələrində və hədis dəyərləndirmələrində rast gəlmək olur. Əhli-Sünnə hədis sahəsində isə ilk dəfə Bağdad elmi məktəbinin rical alimləri öz əsərlərində hədisləri qiymətləndirərkən “cə`lul-hədis” (hədis qondarılması) ifadəsindən istifadə ediblər.[24]

Hədis saxtakarlığının motivləri və səbəbləri

Saxta hədislərin meydana gəlməsində müxtəlif səbəb və motivlər rol oynayıb ki, onlardan bəziləri aşağıdakılardır:

  • Həzrət İmam Əlinin (ə) fəzilətlərinin aradan aparılması və ictimai təsirini itirməsi: Araşdırmaçıların fikrincə ən çox hədis saxtakarlığı İmam Əliyə (ə) düşmənçilik və O həzrətin (ə) şəxsiyyətinin terror edilməsi zəmnində baş verib.[25]

İbn Əbil Hədid Mötəzili öz şərhində 3-cü hicri-qəməri əsrində yaşamış Mötəzili məktəbinin alimi Əbu Cəfər İskafidən nəql edir ki, Müaviyə bir qrup səhabə və tabeinləri məmur etmişdi ki, İmam Əlini (ə) pisləyən hədislər qondarıb cəmiyyətdə yaysınlar.[26] Onun dediyinə görə, Müaviyə yerlərdəki nümayəndələrinə məktub yazır və tələb edirdi ki, camaatı səhabələrin, xüsusi ilə də ilk üç xəlifənin (Əbu Bəkr, Ömər və Osman) fəziləti barədə hədis düzəldib yaymağa vadar etsinlər. Elə olsun ki, Həzrət Əlinin (ə) fəzilətində deyilmiş hər bir hədisin oxşarından onlar üçün də deyilsin və həmçinin o hədislərin əksi, yəni məzəmmət və töhmət hədisləri, İmam Əlinin (ə) barəsində nəql edilsin.[27]

  • Xəlifə və hakimlərin işlərini legitimləşdirmək və dini don geyindirmək: ƏməviAbbasi sülaləsinin xəlifə və hakimləri öz hakimiyyətlərinin İslami olması təsəvvürünü yaratmaq üçün özlərinin və ata-babalarının fəzilətləri və hakimiyyətlərinin Peyğəmbər (s) tərəfindən olması barədə saxta hədislər yayırdılar.[28] Abbasi sülaləsinin qondardığı hədislərdən biri də “xilafət əmim Abbasın övladlarının əlində qərat tutacaq” hədisidir.[29]
  • Məzhəbi təəssübkeşlik və müxalif firqələrin pislənməsi: Hər bir firqə, məzhəb və məktəbin tərəfdarları özlərinin haqq olduğunu və qarşı tərəfin batil olduğunu isbatlamaq üçün Quran və sünnədən dəlil axtarırdılar, əgər bu barədə “dəlil” tapmasaydılar, hədis qondarır və ya təhrif edirdilər.[30]
  • Müsəlman sıralarına sızmış münafiqlər: Müsəlman sıralarına sızmış başqa dindən[31] və ya ümumiyyətlə dinsiz olan münafiqlər müsəlmanların arasına ixtilaf salmaq və İslam dininə zərbə vurmaq məqsədi ilə də hədis qondarır və bunu sadəlövh müsəlmanlar arasında yayırdılar.
  • Hədis saxtakarlığında bir sıra motiv və səbəblər isə tamamilə şəxsi məsələlər olub: Məsələn, bəzi səhabə və tabeinlər və ya sonrakı illərdə mühəddislər hakimiyyətə yaxınlaşmaq və maddiyyat əldə etmək üçün,[32] bəzi insanlar sırf özünü və tayfasını və bəzən də sevdikləri firqə başçısını və sair tərifləmək üçün,[33] bəziləri öz peşəsini müqəddəs göstərmək üçün, bəziləri də kiçik iqtisadi hədəflərlə hədis qondarırdılar.
  • Hədis saxtakarlığı bəzən də fitnə salmaq və ya hansısa məzhəbi gücləndirmək deyil, müqəddəs hədəflərlə baş verib: Məsələn, bəzən hansısa mühəddis cəmiyyətdəki hansısa nöqsanın aradan götürlməsi üçün “əmr bilməruf” edərkən sözünün daha təsirli olması və ya insanların yaxşı işlər görörək daha çox savab qazanması üçün onu Peyğəmbərə (s) istinad edərək danışıb.[34] Və ya Quranın diqqətdən kənarda qaldığının hiss edən hansısa mübəlliğ Quran[35] qiraətinin fəzilətləri barədə şişirdilmiş sözlər danışıb və bunu Peyğəmbərə (s) nisbət verib.[36]

Hədisin ən çox saxtalaşdırıldığı mövzulardan biri də firqəçilik, məzhəbçilik və Peyğəmbərin (s) xəlifəsinin kim olması məsələsində ixtilafın olmasıdır.[37]

Hədis saxtakarlığının nəticələri

Peyğəmbər (s) və imamların (ə) adına yalan hədis düzəldib yaymağın cəmiyyətdə və həm də hədis məsələlərində bir sıra mənfi nəticləri oldu ki, bunlardan bəziləri ibarətdir:

* Hədis və sünnəyə qarşı laqeydlik və şübhəli yanaşma: Uydurma hədislərin çoxalması müsəlman cəmiyyətində sünnə və hədisə qarşı laqeydlik yaratdı və insanlar hədislərə şübhə ilə yanaşmağa başladılar ki, bunun da fəsadı bu gün də özünü göstərir, bir qrup insanlar sünnə və hədisi tamamilə inkar edir – (Quranilər), Quran ayələrini öz istədikləri kimi təfsir edib, insanları azdırırlar.

* Səhih hədislərin əldə edilməsinin çətinliyi: Hədisin yazılmadığı bir dövrdə uydurma hədislərin geniş yayılması sonradan səhih hədislərin qondarma hədislərdən ayrılması məsələsini çətinləşdirdi.[38]

* Səhih hədislərin qəsdən qondarma və saxta adlandırılması: Qondarma hədislərin mövcudluğu bəzilərinə bu bəhanəni verdi ki, hədislərin yazıldığı dövrdə öz məzhəblərinə qarşı olan hədisləri səhih olmasına rəğmən “səhih deyil” bəhansəi ilə kitablarda yazmasınlar və həmin hədislərin unudulmasına səbəb olsunlar. Məsələn, İbn Teymiyyənin məşhur şagirdi İbn Qəyyim Cövziyyə (ö. 751 hq) şiə məzhəbi və İmam Əliyə (ə) qarşı olan kin və nifrəti səbəbi ilə tarixin inkaredilməz hadisəsi olan “Ğədir-Xum” hadisəsi və hədisini inkar edərək bunun saxta olduğunu iddia edir.[39] Halbuki şiəsünni hədis qaynaqlarında Ğədir-Xum hədisi o qədər mütəvatirdir ki, sünni alimləri, hətta İbn Teymiyyənin digər şagirdi Şəmsuddin Zəhəbi bu hədisin mütəvatir olmasına etiraf edib və bu hədisin sənədinin çoxluğuna heyran qaldığını deyib.[40] Saxta hədislərin çoxluğunu bəhanə edərək Həzrət Əlinin (ə) fəzilət və üstünlüklərində nəql edilmiş onlarla hədisi inkar edən digər sünni alimi isə İbn Cövzidir (ö.597 hq). O özünün “əl-Mozuat” (saxta hədislər) adlı kitabında məzhəbi təəssübkeşliyinə yenilərək İmam Əlinin (ə) fəzilətlərini bəyan edən ən məşhur hədisləri belə saxta adlandırmaqdan çəkinməyib.[41]

* İnsanların Əhli-Beytin (ə) özündən və sözündən məhrum edilməsi: Quran və Əhli-Beytin (ə) düşmənləri İmam Əlinin (ə) və ümumiyyətlə Əhli-Beytin (ə) fəzilətlərini deyən hədisləri gizlətdilər, deyilməsinin qarşısını aldılar, bununla paralel olaraq onları pisləyən hədislər düzəldib yaydılar, həmçinin onlara sağlam ağılın və sağlam ruhun qəbul etmədiyi, Quranın ruhuna uyğun olmayan hədisləri nisbət verdilər. Bunun da nəticəsində insanlar Əhli-Beytin (ə) fəzilətlərindən xəbərsiz qaldılar, hətta bir çoxlarında Əhli-Beytə (ə) qarşı kin və nifrət yarandı. Bu işdə “şiəlik” adına olan qondarma firqələr də aktiv idilər. Zeydiyyə, Fətəhiyyə, İsmailiyyə, Vaqifiyyə və Ğalilər kimi firqələr öz çirkin əməllərinə dini don geyindirmək, bəzən də məsum imamı (ə) ictimai səhnədən uzaqlaşdırmaq, cəmiyyətdə imamlara (ə) qarşı nifrət yaratmaq və insanları özlərinə çəkmək üçün xoşgəlməz sözləri və hadisələri məsum imamların (ə) adından və ya onların barəsində yayırdılar.[42]

* Rical və hədis elmi kitablarının yazılması: Cəmiyyətdə saxta hədislərin və saxta sənədlərin geniş yayılması səbəb oldu ki, səhih hədisləri saxta və qondarma hədislərdən ayırmaq üçün hədislərin təsnifatı və hədis raviləri barədə elm yaransın və “rical” kitabları yazılsın.[43] Rical elminin yaranması və rical kitablarının yazılması və bu ikisinə ehtiyacın olmasının dəlili də saxtakar raviləri və onların nəql etdikləri hədisləri tanımaqdır.[44]

Məşhur hədis saxtakarları

Əllamə Əmini məşhur “əl-Ğədir” əsərində 700 nəfər civarında ravinin özünün və ya sözünün saxta olduğunu yazıb və onların uydurduqları bəzi hədisləri tanıdıb. Bu saxta ravilərin və hədis saxtakarlarının bəzilərinə 100 mindən çox hədis nisbət verilib.[45] əl-Ğədir kitabının həmin fəsli müstəqil şəkildə “əl-Vəzzaun və əhadisuhum əl-movzuə” adı ilə çap və nəşr edilib.[46] Bəzi hədis saxtakarları:

  • Əbu Hüreyrə: hədis kitablarında onun adından 5374 hədis nəql edilib.[47] Halbuki əslən yəhudi olan bu “səhabə” təkcə üç il Peyğəmbər (s) ilə olmuşdu. Həmin üç ildə də Tövrat nağıllarından çox danışdığı üçün Taifə sürgün edilmişdi.

Peyğəmbərin (s) səhabələrinin də bəziləri, o cümlədən İmam Əli (ə), Ömər ibn Xəttab, Osman ibn Əffan, Ayişə bint Əbu Bəkr, İbn Abbas və digərləri Əbu Hüreyrənin çox danışması və Peyğəmbərin (s) adına çox hədis deməsindən narahat idilər və buna etirazlarını bildirmişdilər. Peyğəmbərin (s) xanımı Ayişə bint Əbu Bəkr həmişə Əbu Hüreyriyə etiraz edir və deyirdi ki, onun danışdığı hədisləri mən Peyğəmbərdən (s) eşitməmişəm.[48]

  • Kəəbul-Əhbar Yəhudi: Araşdırmaçılar deyirlər ki, “kitab əhli”nin tərifləndiyi, Beytul-Müqəddəsin təmcid və tərif olunduğu və “israiliyyat”ın (yəhudi nağılları) yer aldığı hədislərin böyük əksəriyyətini Kəəbul-Əhbar nəql edib.[49]
  • Übəyy ibn Kəəb: Quran surələri və ayələrinin tilavəti barədə nəql edilən savab və mükafat hədislərinin bir çoxunu Übəyy nəql edib və özü bu hədisləri qondardığına etiraf edib.[50]
  • Nuh ibn Əbi Məryəm Mərvzi: Bu adam insanların Qurandan üz döndərdiklərini və Quran oxumadıqlarını, Əbu Hənifənin fiqhi və İbn İshaqın “Məğazi”si ilə daha çox maraqlandıqlarını görür və onları bu işdən çəkindirmək və fikirlərini Qurana yönləndirmək üçün Quranın tilavəti və Quran surələrinin fəzilətləri barədə hədislər uydurub.[51]
  • Əbdülkərim ibn Əbil Övca: Bu adam dini elmləri, fəlsəfini bilən ateist, zındıq və din düşməni olub. Öz zəhərli fikirlərinə müsəlman cəmiyyətində müştəri tapmadığı üçün müsəlman cildinə girərək onu tanımayanlar arasında özünü din alimi kimi qələmə vermiş, dini rəhbərlərin adlarına yalan hədislər nəql etmiş və həmin hədislərdə öz batil əqidəsini yerləşdirmişdir.

Onun 4 mindən çox hədis uyduraraq müsəlmanlar arasında yaydığı deyilir.[52]

Hədis saxtakarlığı barədə yazılmış ədəbiyyat

Bu mövzuda bir çox kitablar yazılıb ki, hədis saxtakarlığının tarixini, saxta və saxtakar raviləri tanıtmışlar və saxta hədisləri və bəzən də saxta hədislərin tanınması yollarını müzakirə etmişlər. Bunlardan bəziləri aşağıdakılardır:

  • “əl-Mozuat”, İbn Cövzi (ö. 597 hq)
  • “əl-Əxbar əd-Dəxilə”, Şeyx Məhəmmədtəqi Şüştəri (ö.1374 ş)
  • “əl-Mozuat fil asari vəl əxbar”, Seyid Haşim Məruf əl-Həsəni
  • “əl-Vəz`u fil hədis”, Ömər Həsən Fəlatə.[53]

Əlaqəli məqalələr

İstinadlar

  1. Əllamə Hilli, Rical, h.q 1402, s.255
  2. Mamaqani, Miqbasul-hidayə, h.ş 1385, c.1, s.292; Şəhid Sani, Şərhul-bidayəti fi elmid-dirayə, c.1, s.155
  3. Mamaqani, Miqbasul-hidayə, h.ş 1385, c.1, s.292; Şəhid Sani, Şərhul-bidayəti fi elmid-dirayə, c.1, s.155
  4. Mamaqani, Miqbasul-hidayə, h.ş 1385, c.1, s.293
  5. Modirşaneçi, Elmul-hədis, h.ş 1381, s.131-132
  6. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.162-166
  7. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.163
  8. Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.82
  9. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.165; Şüştəri, Əxbarud-dəxilə, h.q 1415, s.229
  10. Xətib Bağdadi, Tarixu Bağdadi, Darul-kutubil-elmiyyə, c.1, s.275
  11. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.166; Şüştəri, Əxbarud-dəxilə, h.q 1415, s.230-231
  12. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.167-172
  13. Buxari, Səhih Buxari, h.q 1422, c.1, s.33
  14. Əhməd Əmin, Fəcrul-İslam, h.q 2012, s.231
  15. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.7, s.44-45
  16. Səduq, Əl-Etiqadatul-İmamiyyə, h.q 1414, s.118
  17. Həsəni, Əl-Mövzuatu fil-asari vəl-əxbar, h.q 1407, s.90-91
  18. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.60
  19. İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.11, s.45
  20. İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.11, s.49
  21. Əllamə Hilli, Rical, h.q 1402, s.214
  22. Əllamə Hilli, Rical, h.q 1402, s.255; Nəcaşi, Rical, h.ş 1365, s.338
  23. Əllamə Hilli, Rical, h.q 1402, s.214
  24. Peketçi, Hədis, s.260
  25. Əmini, Əl-Ğədir, h.q 1416, c.8, s.55-56
  26. İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.4, s.63
  27. İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1404, c.11, s.45
  28. Həsəni, Əl-Mövzuatu fil-asari vəl-əxbar, h.q 1407, s.138-141
  29. Həsəni, Əl-Mövzuatu fil-asari vəl-əxbar, h.q 1407, s.141
  30. Həsəni, Əl-Mövzuatu fil-asari vəl-əxbar, h.q 1407, s.90-91
  31. Mərifət, Təfsir vəMüfəssiran, h.ş 1379, c.2, s.28
  32. Haşimi Xoyi, Minhacul-bəraət, h.q 1400, c.14, s.36
  33. İbn Həcər, Lisanul-Mizan, h.q 1390, c.1, s.13
  34. Haşimi Xoyi, Minhacul-bəraət, h.q 1400, c.14, s.36
  35. Şəhid Sani, Ər-Riayə, h.q 1367, s.157
  36. Haşimi Xoyi, Minhacul-bəraət, h.q 1400, c.14, s.37
  37. Əhməd Əmin, Fəcrul-islam, h.q 2012, s.233
  38. Rəfii, Dərsnameye vəze hədis, h.ş 1384, s.167-270
  39. İbn Qəyyim, Əl-Mənarul-munif, h.q 1390, s.57
  40. Əmini, Əl-Ğədir, h.q 1416, c.1, s.19
  41. İbn Cəvzi, Əl-Movzuat, c.1, s.338
  42. Həsəni, Əl-Mövzuatu fil-asari vəl-əxbar, h.q 1407, s.148-151
  43. Peketçi, Hədis, s.260
  44. Sübhani, Kulliyyatun fi elmir-rical, s.25-26
  45. Misbah Yəzdi, Amuzeşe əqaid, h.ş 1387, s.305
  46. «الوضاعون و احادیثهم الموضوعه»., eshia.ir saytı
  47. İbn Həzm, Cəvamius-siyrəti, m. 1900, s.275
  48. İbn Qüteybə, Təvilu muxtələfil-hədis, h.q 1406, s.41
  49. Əskəri, Nəqşe əimme dər əhyaye din, h.ş 1382, c.1, s.484
  50. Qurtubi, Əl-Cameu li əhkamil-Quran, h.ş 1364, c.1, s.79
  51. Qurtubi, Əl-Cameu li əhkamil-Quran, h.ş 1364, c.1, s.78-79
  52. Bəlazuri, Ənsabul-əşraf, h.q 1398, c.4, s.96
  53. «ال‍وضع فی الحدیث»

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Əbdül-Həmid, Nəhcül-bəlağənin şərhi, Düzəliş: Məhəmməd Əbül-fəzl İbrahim, Qum, h.q 1404
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Mövzuat, Təhqiq: Əbdür-Rəhman ibn Osman, Mədinə, h.q 1386 \ m. 1966
  • İbn Həcər, Əsqəlani, Əhməd ibn Əli, Lisanul-mizan, Hind, Beyrut, h.q 1390 \ m. 1971
  • İbn Həzm, Əli ibn Əhməd, Cəvamius-siyrə, Təhqiq: Ehsan Abbas, Misir, Darul-məarif, m. 1900
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410 \ m. 1990
  • İbn Qüteybə, Abdullah ibn Muslim, Təvilu muxtələfil-hədis, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1406 \ m. 1985
  • İbn Qəyyim, Məhəmməd ibn Əbi Bəkr, Əl-Mənarul-munif, Təhqiq: Əbdül-Fəttah Əbuğdə, h.q 1390 \ m. 1970
  • Əhməd Əmin, Fəxrul-İslam, Qahirə, h.q 2012
  • Əmini, Əbdül-Hüseyn, Qum, Mərkəzul-ğədir, h.q 1416
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih Buxari, Təhqiq: Məhəmməd Züheyr ibn Nasir, h.q 1422
  • Bəlazuri, Əhmıd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Əbdül-Əziz, Beyrut, h.q 1398 \ m. 1978
  • Paketçi, Əhməd, "Hədis", c.20, Tehran, h.ş 1391
  • Xətib Bağdadi, Əhməd ibn Əli, Tarixu Bağdad, Təhqiq: Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə
  • Rəfii Məhəmmədi, Nasir, Dərsnameye vəze hədis, Qum, Mərkəze cəhaniye ulume insani, h.ş 1384
  • Sübhani, Cəfər, Kulliyatun fi elmir-rical, Qum, İslami nəşr müəssisəsi
  • Şüştəri, Məhəmməd Təqi, Əl-Əxbarud-dəxilə, Tehran, Məktəbətus-Səduq, h.q 1415
  • Səduq, Məhəmməd ibn Əli, Etiqadatul-İmamiyyə, Qum, h.q 1414
  • Əskəri, Seyyid Mürtəza, Nəqşe əimmə dər əhyaye din, Tehran, h.ş 1382
  • Əllamə Hilli, Həsən ibn Yusif, Ricalul-Əllamətil-hilli, Düzəliş: Məhəmməd Sadiq Bəhrul-ulum, Qum, h.q 1402
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamil-Quran, Tehran, Nasir Xosrov nəşriyyatı, h.q 1364
  • Mamaqani, Abdullah, Miqbasul-hidayəti fi elmid-dirayə, Qum, h.ş 1385
  • Modir Şaneçi, Kazim, Elmul-hədis, Qum, h.ş 1381
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Amuzeşe əqaid, Qum, Darus-səqəleyn, h.ş 1378
  • Mərifət, Məhəmməd Hadi, Təfsir və mufəssirun, Qum, h.ş 1379
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Təhqiq: Musa Şübeyri, Qum, İslami nəşr müəssisəsi, h.ş 1365
  • Haşimi Xoyi, Mirza Həbibullah, Minhacur-riayət, Tehran, h.q 1400
  • «الوضّاعون واحادیثهم الموضوعة من كتاب الغدیر للشیخ الامینی تألیف السید رامی یوزبكی», eshia.ir saytı
  • «ال‍وضع فی الحدیث»

Xarici keçid