Şeyx Müfid
Tam adı | Məhəmməd ibn Məhəmməd ibn Numan |
---|---|
Ləqəb | İbnul-müəllim, Şeyx Mufid |
Doğum günü | Hicrətin 338 və ya 336-cı ili, 11 Zilqədə |
Vəfat günü | Hicrətin 413-cu ili, 3 Ramazan, Cümə günü |
Vəfat etdiyi şəhər | Bağdad |
Dəfn olunduğu yer | Kazimeyn hərəmi |
Tanınmış qohumlar | Əbuyəla Cəfəri (Şeyx Mufidin kürəkəni) |
Ustadları | Şeyx Səduq, İbn Cuneyd İskafi, İbn Quluveyh Qumi |
Şagirdləri | Şeyx Tusi, Seyyid Mürtəza, Seyyid Rəzi, Əhməd ibn Əli Nəcaşi |
Təhsil aldığı yer | Bağdad |
Əsərləri | Əl-Muqniə, Əvailul-məqalat, Əl-İrşad və ... |
Şeyx Müfid (Ərəbcə: الشيخ المفيد) ləqəbi ilə şöhrət tapmış İmamiyyə məzhəbinin tarix, fiqh, hədis, və kəlam alimi Məhəmməd ibn Məhəmməd ibn Nöman (336 - 413 h.q) 4-cü və 5-ci hicri-qəməri əsrində şiələrin müctəhidi və fəqihi idi.
O, “fiqh usulu” (Usulul-Fiqh) elmini yeni formada yazılı hala gətirməklə fiqhi ictihad sistemində yeni metod təqdim etdi. Bu metod o zaman dini məsələlərin izahında yayğın olan iki məşhur yanaşmanın, yəni sırf əqlmərkəzlilik ilə sırf hədismərkəzlilik arasında orta bir yol idi.
O dövrün məşhur alimlərindən Şeyx Səduq, İbn Cüneyd Əskafi və İbn Quləvəyh onun ustadlarından, Şeyx Tusi, Seyid Rəzi, Şeyx Abbas Nəcaşi və Seyid Mürtəza onun şagirdlərindən olublar.
“Əl-Muqniə” (fiqh), “Əvailul-Məqalat” (kəlam) və “əl-İrşad” (imamların tarixi) Şeyx Müfidin çox məşhur əsərləridir.
Həyatı
Şeyx Müfid[1] hicri-qəməri tarixi ilə 336-cı[2] (ya 338)[3] ilin Zil-Qədə ayının 11-də Bağdadın yaxınlığında yerləşən “Ukbəra” qəsəbəsində anadan olmuşdur.[4]
Şeyx Müfidin atası müəllim idi, buna görə ona “İbn Müəllim”, anadan olduğu yerə görə isə ona ləqəb olaraq Əkbəri və Bağdadi də deyilir.[5]
“Müfid” ləqəbi ilə tanınması barədə isə deyiblər: O, bir dəfə “mötəzili” məzhəbinin alimi Əli ibn İsa Rumani ilə elmi münazirə edərkən çoxlu güclü dəlillər ilə onun fikrlərinin batil və yanlış olduğunu isbat etdi. Bu elmi münazirə və mübahisədən sonra Rumani onu “Müfid” (faydalı) adlandırdı.[6]
Tarixi qaynaqlarda Şeyx Müfidin iki övladının, Əbul-Qasim Əli adlı bir oğlunun və adı qeyd edilməyən bir qızının olduğu yazılıb. Həmin qız Əbu Yəla Cəfərinin həyat yoldaşı olub.[7]
Şeyx Müfid din və məzhəbə xidmətdə keçən bərəkətli bir ömür sürdükdən sonra 413-cü hicri-qəməri ilinin mübarək Ramazan ayının 2 ya 3-də, mübarək Cümə günü vəfat edib.[8]
Şeyx Tusi (385-460 hq) ustadı Şeyx Müfidin dəfn mərasimini bütün məzhəblərdən cənazə namazında iştirak edənlərin və şeyx üçün ağlayanların çoxluğu baxımından o vaxtadək misli görünməmiş bir hadisə kimə vəsf edir.[9]
Şeyx Müfid öz evində dəfn edilir, bir neçə ildən sonra isə onun qəbrini Bağdadın indi Kazimeyn adlanan ərazisindəki Qüreyş qəbiristanlığı adlanan məzarlığa köçürürlər. Hazırda Şeyx Müfidin qəbri İmam Musa Kazim (ə) və İmam Məhəmmədtəqi Cavadın (ə) müqəddəs məzarları olan ziyarətgahda yerləşir.[10]
Əxlaqi özəllikləri
Deyirlər ki, Şeyx Müfid çox sədəqə verərdi, təvazökar idi, çox namaz qılar və çox oruc tutardı. Cord parçalardan hazırlanmış libas geyinərdi. Bu xüsusiyyətlər onda o qədər bariz idi ki, ona “sufi şeyxlərinin şeyxi” (şeyxu məşayixis-sufiyyə) deyərdilər.[11] Onun kürəkəni və şagirdi Əbu Yəla Cəfəri ustadını belə vəsf edir: O gecələr az yatırdı, vaxtının çoxunu mütaliəyə, tədrisə, Quran tilavəti və namaza sərf edirdi.[12] İmam Zaman (ə.f) Şeyx Müfidə yazdığı məktubda ona “sədid” (möhkəm və doğru) və “vəliyyur-rəşid” (rəşadətli dost) xitab edib.[13]
Təhsili
Şeyx Müfid müqəddimə və ibtidayi elmləri atasından öyrəndi. Sonra təhsilini davam etdirmək üçün Bağdada gələrək şiə və sünni məzhəbinin görkəmli mühəddis, mütəkəllim və fəqihlərinin yanında təhsil aldı.[14]
Şeyx Səduq (306-381 hq), İbn Cüneyd Əskafi (290-381 hq), İbn Quləvəyh (vf. 369 hq), Əbu Ğalib Zürari (258-368 hq) və Əbu Bəkr Məhəmməd ibn Ömər Ciabi (284 – 355 hq) Şeyx Müfidin ən məşhur ustadlarıdırlar.[15]
Bundan əlavə Şeyx Müfid digər məzhəblərdən olan böyük alimlərdən də elm öyrənib. O cümlədən Mötəzilə məzhəbinin “Cuəl” ləqəbi ilə tanınan böyük alimi Hüseyn ibn Əli Bəsri və Əbul-Ceyş Bəlxinin tanınmış şagirdi Əbu Yasirdən müxalif məzhəblərin “kəlam” elmini mənimsəyib, digər Mötəzili alimi Əli ibn İsa Rumaninin dərslərində iştirak edib.[16]
Qeyd edək ki, Şeyx Müfid 40 yaşından etibarən hədis, fiqh və kəlam elmlərində şiə məktəbinin rəisi olub və şiə əqidəsinin müdafiəsində kitablar yazıb və müxalif məzhəblərin alimləri ilə elmi münazirə və mübahisələr edib.[17]
Elmi məqamı
Şeyx Tusi “əl-Fihrist” kitabında ustadını iti zəkalı, hazırcavab, kəlam və fiqh elmində öndə gedən alim kimi vəsf edib.[18] Əhli-Sünnə alimi İbn Nədim onun barəsində “şiə mütəkəllimlərinin rəisi” ifadəsini, onun bu sahədə misilsiz olduğunu deyib və kəlam elmində digərlərindən üstün olduğunu etiraf edib.[19]
Tərcümeyi-hal yazanlar Şeyx Müfidi Bağdadın Kəlam məktəbinin ən seçilmiş və görkəmli şəxsiyyəti kimi təqdim ediblər. O, əsərlərində Qum dini elmi hövzəsinin “kəlam məktəbi”ni tənqid edib.[20] Deyirlər ki, Bağdadın dini düşüncə məktəbi Şeyx Müfidlə zirvəyə çatıb.[21]
Şeyx Müfid öz dövründə yeganə şəxsiyyətdir ki, nə ifratçı əqlmərkəzli idi, nə də ifrat hədisə meyilli. O, bu ikisini bir araya gətirmiş və orta yolu tutmuşdu.[22]
Şeyx Müfidin yetişdirdiyi çoxsaylı şagirlərin əksəriyyəti şiə məzhəbinin adlı-sanlı alimləridirlər. O cümlədən:[23]
- Seyid Murtəza (vf.436 hq);
- Seyid Rəzi (vf. 406 hq);
- Şeyx Tusi (vf.460 hq);
- Şeyx Nəcaşi (vf. 450 hq);
- Səllar Deyləmi (463 hq);
- Əbul-Fəth Kərcuki (449 hq);
- Əbu Yəla Məhəmməd bin Həsən Cəfəri (vf. 463)[24]
Əsərləri
Nəcaşinin yazdığı Rical kitabında verdiyi siyahıya görə, Şeyx Müfidin 175 civarında kitab və risaləsi olub.[25] Bu əsələrin yarısı imamət və vilayət mövzusunda yazılıb.[26]
Şeyx Müfidin ən məşhur əsərləri fiqh elmində “əl-Muqnəə”, Kəlam (əqidə) elmində “Əvailul-Məqalat” və tərcümeyi-hal, sirə və tarix elmində isə “əl-İrşad” kitablarıdır.[27]
Şeyx Müfidin əsərləri toplusu 1372-ci hicri-şəmsi ilində “Şeyx Müfid Beynəlxalq Konqresi” tərəfindən “Musənnəfate Şeyx Müfid” adı ilə çap və nəşr edilmişdir.[28]
Yeni fiqhi metod
Şeyx Müfidin özündən öncəkilərdən fərqli olaraq Şiə Fiqh Məktəbində yeni bir qayda ortaya qoydu. Ayətullah Sübhani və Höccətul-İslam Qorci kimi ustad və tədqiqatçıların fikrincə Şeyx Müfiddən öncə əsasən iki fiqhi metod daha məşhur idi: Birinci metod ifrat dərəcədə hədisə əsaslanırdı və bu metodda hədislərin sənədinə və mətnin araşdırılmasına kifayət qədər diqqət göstərilmirdi.[29] İkinci metodda isə ifrat dərəcədə əqli qaydalara diqqət edilir və hədislərə lazım olan qədər əhəmiyyət verilmirdi, baxmayaraq ki, bəzən bu əqli metodlar, məsələn “qiyas” kimi, dini mətnlərə zidd və qarşı idi.[30]
Şeyx Müfid bu ikisinin arasında orta yolu seçərək yeni fiqhi metod təsis etdi. Bu metodda əvvəlcə şəri hökmlərin əldə edilməsi üçün ağıla əsaslanan üsul, prinsip və qaydalar yazılırdı, sonra bu qaydaların köməyi ilə İslam hökmləri dini mətnlərdən əldə edilirdi.[31] Buna görə də Şeyx Müfid müasir “Fiqh üsulu” elminin bünövrə və təməl daşını qoyan və tənzim edən ilk şəxs hesab edilir.[32]
Şeyx Müfiddən sonra isə onun şagirdləri Seyyid Mürtəza “əz-Zəriə ilə usuliş-şəriə” və Şeyx Tusi “əl-Uddə fil-Usul” kitablarında onun yolunu davam etdiriblər.[33]
Elmi debat və münazirələrdə iştirakı
Şeyx Müfidin zamanında Bağdad şəhərində İslamın müxtəlif məzhəblərindən olan alimlərin arasında elmi debat, müzakirə və münazirələr təşkil olunurdu. Bu münazirələrin çoxu Abbasi xəlifələrinin hüzurunda aparılırdı. Şeyx Müfid münazirə məclislərində iştirak edir və Şiə məzhəbinə qarşı səslənən tənqidlərə cavab verirdi.[34]
Bundan əlavə Şeyx Müfidin öz evində də elmi debat məclisləri təşkil olunur və bu məclislərdə Mötəzilə, Zeydiyyə, İsmailiyyə və digər məzhəb alimləri iştirak edirdilər.[35]
Fətvada səhvin islahı
Çox qədim mənbələrdə əsli olmayan, 150 il öncənin bəzi kitablarında yazılan bir məlumata görə, iddia edirlər ki, İmam Zaman (ə.f) Şeyx Müfidin səhv verdiyi bir fətvanı məktub vasitəsi ilə islah edib.[36] Bu hesabatın ən qədim mənbəyinin son 150 ilə aid olduğu bildirilir.[37] Mənbə və məktubun zəifliyi və sənədinin olmaması, islahdan sonrakının fətvanın məşhur fətva və hədislərə zidd olması, Şeyx Müfidə fətva verməkdə tələskənlik və ya savadsızlıq böhtanı və sair məsələlər belə bir dastanın doğru olmadığına dəlildir.[38] Bundan əlavə Şeyx Müfid özünün məşhur fihqi kitabı olan “əl-Muqnəə”də bu məsələdə məşhur fətvanı aşkar şəkildə bəyan etmişdir. Buna görə də belə bir səhvin ondan baş verməsi daha çox qondarma dastanlara oxşayır.[39]
Müasir kitablara da yol açmış bu dastanda deyilir ki,[40] kəndçi bir kişi Şeyx Müfidin yanına gələrək şeyxdən soruşur: Əgər hamilə qadın dünyasını dəyişərsə, uşaqda onun qarnında diri olarsa, qadının qarnını yarıb uşağı götürmək lazımdır, yoxsa, anası ilə birlikdə dəfn edilməlidir ?
Şeyx Müfid kişiyə cavab verir ki, qadını qarnındakı uşaq ilə birlikdə dəfn edin, yəni uşağı ölmüş ananın qarnından çıxarmayın.
Kəndçi kişi geri qayıdarkən yolda ona bir atlı yaxınlaşır və Şeyxin tərəfindən ona deyir ki, uşağı anasının qarnından çıxarın və ananı dəfn edin.
Bu hadisədən bir müddət sonra kəndçi kişi şeyxi görür və məsələni ona danışır. Şeyx bundan təəccüb edir və fətvasını islah etmək üçün kimisə göndərmədiyini deyir.
Şeyx anlayır ki, onun səhv fətvasını islah edən İmam Zaman (ə.f) olub. Bundan sonra Şeyx Müfid fətva verməyi dayandırır. Sonra İmam Zaman (ə.f) ona məktub yazaraq fətva verməsini istəyir və bildirir ki, “sən fətva ver, bizi onu islah və möhkəm edəcəyik”.[41]
Araşdırmaçılar belə bir fətvanın Şeyx Müfid kimi böyük bir alimin tərəfindən verilməsini aşağıdakı üç dəlilə görə məqbul hesab etmirlər və dastanı uydurma hesab edirlər:
- Bu fətvanın ziddinə olan hədislərin olması.
- Bu fətvanın fəqihlərin icmasına zidd olması.
- Bu fətvanın sağlam ağılın və insanın canının qorunmasının vacib olmasının əleyhinə olması.
Şeyx Müfidin həyatı və əsərləri barədə görülən işlər
Şeyx Müfidin həyatı və əsərləri barədə müxtəlif kitablar və məqalələr yazılıb, onun həyatından bəhs edən film çəkilib və onun adına konqres keçirilib. Bunlardan aşağıdakılara işarə edə bilərik:
- Şeyx Müfid, düşüncə və təfəkkür azadlığının bayraqdarı, Seyid Cəfər Murtəza Amuli.
- Şeyx Müfidin “kəlami” düşüncələri, Frederick Martin McDermott Jr. (1934-2018).
- Şeyx Müfid, Əli Əkbər Vilayəti.
- Şiəlik sərhədlərinin müdafiəçisi, Qasıməli Kuçinani.
- Şeyx Müfid, ümmətin müəllimi, Əhməd Loqmani.[42]
Şeyx Müfid minilliyinin beynəlxalq konqresi: Bu konqres 1413-cü hicri-qəməri ilinin Şəvval ayının 24-dən 26-dək İİR-nın Qum şəhərində keçirilib. Konqresdə dünyanın 23 ölkəsindən 250-dən çox alim öz elmi məqalə və kitabları ilə iştirak ediblər. Şeyx Müfidin həyatından, o dövrün xüsusiyyətlərindən, onun fiqhi, tarixi, hədisi və kəlami düşüncələrindən bəhs edən bu məqalə və kitablar konqresin əsərlər məcmuəsi şəkilində çap və nəşr edilib.[43]
İranlı kino yazarı Mahmud Həsənin qələmə aldığı və iranlı kinorejissorlar Fəriborz Saleh və Sirus Müqəddəmin hazırladığı “Gecə günəşi” adlı film Şeyx Müfidin həyatını işıqlandırıb. Bu film 1373-cü hicri-şəmsi ilində lentə alınıb və 1374-cü ildə İİR televiziyasının 2-ci kanalında ekran edilib.[44]
İstinadlar
- ↑ Nəcaşi, Rical, h.q 1407, s.399, Rəqəm: 1067
- ↑ Nəcaşi, Rical, h.q 1407, s.402
- ↑ İbn Nədim, Əl-fihrist, h.ş 1350, s.197; Tusi, Əl-fihrist, h.q 1417, s.239
- ↑ Şübeyri, Qozəri bər həyate Şeyx Müfid, s.7-8
- ↑ Şübeyri, Qozəri bər həyate Şeyx Müfid, s.7-8
- ↑ Şübeyri, Qozəri bər həyate Şeyx Müfid, s.8-9
- ↑ Şübeyri, Qozəri bər həyate Şeyx Müfid, s.37; Şübeyri, Naqoftehayi əz həyate Şeyx Müfid, s.39
- ↑ Şübeyri, Qozəri bər həyate Şeyx Müfid, s.39
- ↑ Tusi, Əl-fihrist, h.q 1417, s.239
- ↑ Nəcaşi, Rical, h.q 1407, s.402-403
- ↑ Şübeyri, Qozəri bər həyate Şeyx Müfid, s.26
- ↑ Şübeyri, Qozəri bər həyate Şeyx Müfid, s.26-27
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1386, c.2, s.322
- ↑ Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.143
- ↑ Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.143
- ↑ Şübeyri, Qozəri bər həyate Şeyx Müfid, s.23-24
- ↑ Şübeyri, Qozəri bər həyate Şeyx Müfid, s.23-24
- ↑ Tusi, Əl-fihrist, h.q 1417, s.238
- ↑ İbn Nədim, Əl-fihrist, h.ş 1350, d.226 və 247
- ↑ Cəfəri, Muqayiseye miyane du məktəbe fikri şiə dər Qum və Bağdad dər qərne çəharrome hicri, s.14, 15
- ↑ Cəfəri, Muqayiseye miyane du məktəbe fikri şiə dər Qum və Bağdad dər qərne çəharrome hicri, s.15
- ↑ Fərmaniyan və Sadiqi Kaşani, Neqahi be tarixe təfəkkure İmamiyye, h.ş 1394, s.61; Cibriili, Seyre tətəvvore kəlame şiə, h.ş 1389, s.198 və 199
- ↑ Qorci, Tarixe fiqh və füqəa, h.ş 1385, s.143
- ↑ Qorci, Tarixe fiqh və füqəa, h.ş 1385, s.143-144
- ↑ Nəcaşi, Ricalu Nəcaşi, h.q 1407, s.399-402
- ↑ Fərmaniyan və Sadiqi Kaşani, Neqahi be tarixe təfəkkore İmamiyye, h.ş 1394, s.54
- ↑ Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.143-144
- ↑ Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.143-144
- ↑ Sübhani, Musuətu təbəqatil-füqəha, h.q 1417, s.245-246; Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.145
- ↑ Sübhani, Musuətu təbəqatil-füqəha, h.q 1417, s.246; Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.145
- ↑ Sübhani, Musuətu təbəqatil-füqəha, h.q 1417, s.245; Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.145
- ↑ Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.146
- ↑ Sübhani, Musuətu təbəqatil-füqəha, h.q 1417, s.245; Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.145
- ↑ Qorci, Tarixe fiqh və füqəha, h.ş 1385, s.146
- ↑ Müntəzim, c.8, s.11; Şübeyrinin nəqlinə görə, "Qozəri bər həyate Şeyx Müfid", s.2-24
- ↑ Kərimiyan, Vakavi fətvayi mənsub be Şeyx Müfid, s.30
- ↑ Kərimiyan, Vakavi fətvayi mənsub be Şeyx Müfid, s.30
- ↑ Kərimiyan, Vakavi fətvayi mənsub be Şeyx Müfid, s.33-37
- ↑ Kərimiyan, Vakavi fətvayi mənsub be Şeyx Müfid, s.39
- ↑ Muhəmmədi İştihardi, Həzrət Mehdi (ə.f) furuğe tabane vilayət, h.ş 1387, s.212-213; Nəhavəndi, Əl-əbqəriyyul-hisan, h.ş 1386, c.5, s.447
- ↑ Kərimiyan, Vakavi fətvayi mənsub be Şeyx Müfid, s.31-32
- ↑ ۵۷ عنوان کتاب سهم اندک «شیخ مفید» از آثار مولفان پس از انقلاب اسلامی/ سال ۱۳۹۲ رکوردار تولید آثار در دهه اخیر, Ketabe İran saytı
- ↑ Qozəreşi əz konqre cəhani hezare Şeyx Müfid, s.98-99
- ↑ Xorşide şəb dər ayfilm, Tarnəmaye xəbəri donyaye sinema
Ədəbiyyat
- Taznameye xəbəri donyaye sinema, Baxış tarixi: 1398 Mordad 7, Dərc tarixi: 1397 Mehr 29
- İbn Ən-Nədim, Muhəmməd ibn Əbi Yaqub İshaq, Əl-fihrist, Təhqiq: Riza Təcəddüd, Tehran, h.ş 1350
- Cibriili, Muhəmməd Səfər, Seyre tətəvvore kəlame Şiə, Tehran, Enteşarate pejuheşqahe fərhəng və əndişe İslami, 1-ci çap, h.ş 1389
- Cəfəri, Yaqub, Muqayiseye miyana do məktəbe fikri Şiə dər Qom və Bağdad dər qərne çəharrome hicri, Qum, Konqre cəhani hezare Şeyx Müfid, 1-ci çap, h.q 1413
- Xətib Bağdadi, Əhməd ibn Əli, Tarixu Bağdad, Təhqiq: Əta, Mustafa Əbdül-Qadir, Nəşru daril-kutubil-elmiyyə, Beyrut, h.q 1417
- Sübhani, Cəfər, Musuətu təbəqatil-füqəha, Müəssisə: İmam Sadiq (ə), Qum, h.q 1418
- Şübeyri, Seyyid Muhəmməd Cavad, Qozəri dər həyate Şeyx Müfid, Dər məqalate farsi konqre cəhani hezare Şeyx Müfid, n.55, h.ş 1372
- Tusi, Muhəmməd ibn Əl-Həsən, Əl-fihrist, Təhqiq: Cəvad Əl-Qəyyumi, Muəssisətu nəşril-fəqahət, h.q 1417
- Fərmaniyan, Mehdi və Mustafa Sadiqi Kaşani, Neqahi be tarixe Təfəkkore İmamiyye, Əz ağaz ta zuhure Səfəviyye, Qum, Pejuheşqahe ulum və fərhənge İslami, 1-ci çap, h.ş 1394
- Kərimiyan, Məhmud, Vakavi fətvayi mənsub be Şeyx Müfid, Dər məcəlle hədise Hoze, h.ş 1393
- Qorci, Əbül-Qasim, Tarixe fiqh və füqəha, Tehran, h.ş 1385
- Muhəmmədi İştihardi, Muhəmməd, Həzrət Mehdi (ə.f) Furuğe tabane vilayət, Qum, Məscide Müqəddəse Cəmkəran, h.ş 1387
- Nəcaşi, Əhməd ibn Əli, Ricalu Nəcaşi, Düzəliş: Seyyid Musa Şübeyri Zəncani, Qum, Dəftəre entaşarate İslami, h.q 1407
- Nəhavəndi, Əli Əkbər, Əl-əbqəriyyul-hisan fi əhvali Məvlana Sahibəz-Zəman (ə.f), Təhqiq və düzəliş: Hüseyn Əhmədi Qummi və Sadiq Bərzegər, Qum, Məscide müqəddəse Cəmkəran, h.ş 1386
- ۵۷ عنوان کتاب سهم اندک «شیخ مفید» از آثار مولفان پس از انقلاب اسلامی/ سال ۱۳۹۲ رکوردار تولید آثار در دهه اخیر, Ketabe İran Xəbər agentliyi, h.ş 1394 Azər 9