Fətva
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Fətva (ərəbcə: الفتوى), müctəhidin və ya mərcəyi-təqlidin mükəlləflərin şəriət vəzifələri haqqındakı rəyidir ki, dörd dəlildən (Quran, sünnə, icma və ağıl) çıxarılır. Şiə fəqihlərinin fikrincə, ədalət, on iki imamçı şiə olmaq, ələm (hamıdan elmli) olmaq, halalzadə olmaq, şəriət hökmlərinin çıxarılması sahəsində lazımi yol və elmlərə bələd olmaq fətva verənin şərtlərindəndir.
Fətva adətən vacib, haram, məkruh, müstəhəb və mubah sözləri ilə ifadə edilir. Bəzən fətvanı bəyan etmək üçün "güclü nəzər odur", "güclü nəzərə əsasən" və "daha aşkar odur" ifadələri də işlədilir. Həmçinin fətva verənin ağzından eşitmək, sözlərindən xatircəmlik hasil olan bir ədalətli ya bir etibarlı şəxsin xəbər verməsi, habelə "tozihul-məsail" risaləsində fətvanı tapmaq müctəhidin fətvasını əldə etməyin yollarındandır.
Fətva ilə hökm arasındakı fərq barədə deyilir ki, fətva, müctəhidin bütün müqəllidləri üçün ümumi hökmün ifadə edilməsidir. Halbuki, hökm, müəyyən bir işin görülməsi və ya tərk edilməsi üçün verilən bir göstərişdir və bu hökmün xitab olunduğu bütün insanların onu yerinə yetirməsi lazımdır.
Şiə fəqihlərinin verdiyi məşhur fətvalardan bəziləri bunlardır: Tənbəkini haram edən fətva, İŞİD-ə qarşı verilən cihad fətvası və sünnilərin müqəddəslərinə hörmətsizliyi qadağan edən fətva.
Tərifi
Fətva, müctəhidin bir şəriət hökmü haqqında rəy və fikrini ifadə etməsi və onu öz müqəllidlərinin (təqlid edənlərin) məlumatlandırması məqsədilə elan etməsi deməkdir.[1] Fəqihin bir məsələ haqqında fətva verməsini istəməyə "istifta" deyilir.[2] Fətva verən şəxsə "müfti", fətvanı ondan alan şəxsə isə "müstəfti" deyilir.[3]
Fiqh kitablarında fətva ilə bağlı hökmlər "İctihad və Təqlid" bölməsində müzakirə olunur.[4]
Fətva ilə hökm arasındakı fərqlər
Fiqh alimləri fətva və hökm arasında müəyyən fərqlər qeyd etmişlər. Bunlar aşağıdakılardır:
- Fətva ümumi bir hökmü bəyan edir. Məsələn, narkotik maddələrin istifadəsi bütün insanlar üçün haramdır. Lakin hakimin hökmü müəyyən bir işin görülməsi və ya tərk edilməsi haqqında verilən göstərişdir. Məsələn, konkret bir malın qadağan edilməsi haqqında verilən hökm.[5]
- Fətvada şəriət hökmünün tətbiqi və onun mövzusunun müəyyən edilməsi mükəlləfə aiddir. Amma hökmdə bu tətbiq hakimə aiddir, mükəlləflərə deyil. Məsələn, şəriət hakiminin Ramazan ayının hilalını elan etməsi.[6]
- Müctəhidin fətvası yalnız onun müqəllidləri üçün şəri dəlildir. Lakin şəriət hakiminin hökmü yalnız müqəılidlər üçün deyil, hamı üçün dəlil sayılır.[7] Hətta şəriət hakimindən ələm (daha alim) olan başqa bir müctəhid də hakimin hökmünə tabe olmalıdır.[8]
Fətva mənbələri
Fətva yalnız etibarlı şəriət dəlilinə əsaslandıqda qüvvədədir; əks halda ona əməl etmək haramdır.[9] Etibarlı şəriət dəlili əsasında fətva vermək dörd mənbədən əldə olunur ki, aşağıdakılardan ibarətdir:
- Quran: Quranın təxminən altı min ayəsindən 500-ü (təxminən on üçdə biri) şəriət hökmlərinə həsr olunub.[10] Lakin Məhəmmədhadi Mərifətə görə, şəriət hökmlərinin çıxarılması bu 500 ayə ilə məhdudlaşmır.[11]
- Sünnə: Məsuma aid olan söz, əməllər və təqrir (sükut etmə ilə təsdiq etmək) mənasındadır.[12] Şiələr həm Peyğəmbərin (s) sünnəsini, həm də imamların (ə) sünnəsini etibarlı hesab edirlər. Amma əhli-sünnə yalnız Peyğəmbərin (s) sünnəsini etibarlı sayır.[13]
- İcma: Alimlərin bir məsələ üzərində ittifaq etməsi mənasındadır.[14] Şiələrə görə, icma yalnız Peyğəmbərin (s) və ya imamların (ə) fikrini əks etdirdiyi halda etibarlıdır.[15]
- Ağıl: Ağıl dəlili, onun vasitəsilə şəriət hökmünün əldə edilməsi mümkün olan qərardır.[16] Lakin əxbarilər ağlı şəriət hökmlərinin çıxarılması üçün dəlil kimi qəbul etmirlər.[17]
Fətva verənin şərtləri
Fətva verən şəxsin şərtləri arasında həddi-büluğa çatmaq, ağıl, ədalət, on iki imam şiəsi olmaq, ələmlik (ən bilikli olmaq) və halalzadə olmaq yer alır.[18] Müfti, şəriət hökmlərini əldə etməyin yollarını, hökmləri onlardan necə çıxarmağı və hökmlərin əldə edilməsində rol oynayan bütün elmləri bilməli, həmçinin hökmləri dəlillərlə əsaslandırmalı və onların qaynaqlarını izah etməyi bacarmalıdır.[19] Buna görə də, fətva verən Quran və sünnəni bilməlidir. O, həmçinin onların nasix və mənsuxunu, ümum və xüsusunu, mütləq və qeydli hökmlərini, həqiqi və məcazi mənalarını tanımalıdır.[20]
Hökmlər
Fətvaya dair bəzi hökmlər bunlardır:
- Şəriət hökmlərini istinbat (çıxarma) etmə qabiliyyətinə malik olan şəxsin fətva verənə müraciət edib ona təqlid etməsi caiz deyil.[21]
- Şəriət hökmlərini sübutlardan çıxarma qabiliyyəti olmayan şəxsin fətva verməsi haramdır.[22]
- Fətvaya çatma yolları bunlardır: fətva verəndən eşitmək, iki ədalətli şəxsin xəbər verməsi, bir ədalətli şəxsin və ya etibarlı bir şəxsin xəbər verməsi ki, onun sözündən əminlik hasil olur və ya fətva verənin "tozihul-məsail" risaləsində fətvanı tapmaq.[23]
- Müctəhidin fətvası dəyişərsə, bu barədə mükəlləflərə elan etməyin vacibliyi ilə bağlı fikir ayrılığı mövcuddur.[24] Bəzi fəqihlərə görə, əgər əvvəlki fətva ehtiyatla uyğun olarsa, dəyişikliyi elan etmək vacib deyil.[25] Digərləri də yeni fətvanın elan edilməsini vacib hesab etmirlər, çünki əvvəlki fətva da ixtisaslı ictihad şərtlərinə uyğun təqdim edilib.[26]
- Əgər ələm müctəhid bir məsələdə fətva verərsə, ona təqlid edən şəxs həmin məsələdə başqa bir müctəhidin fətvasına əməl edə bilməz.[27]
- Müfti yalnız şəriət hökmlərinin istinbatına təsir edən bütün məsələlərə tam bələd olduğu zaman fətva verməyə icazəlidir.[28]
Fətvanı göstərən ifadələr
Fətvanı göstərən ifadələr iki növdür:
- Birbaşa fətvanı göstərən ifadələr: Vacib, haram, məkruh, müstəhəb və mübah kimi ifadələr;[29] həmçinin "əqva budur", "əqvaya əsasən", "əzhər budur", "uzaq deyil", "zəif nəzər deyil", "ehtiyat əqvadır" kimi ifadələr.[30]
- Fətva hökmündə olan ifadələr: "Uzaq deyil, lakin məsələ çətindir", "ehtiyat daha güclü deyil", "zəif deyil", "Çətindir, lakin yaxınlıqdan xali deyil", "buna demək olar, lakin iradlardan xali deyil". Mükəlləf bu hallarda başqa müctəhidə müraciət edə bilməz.[31]
Vacib ehtiyat və müstəhəb ehtiyat fətva deyil
Vacib ehtiyat və müstəhəb ehtiyat fətva sayılmır. Vacib ehtiyatda müctəhid müəyyən bir şəri məsələdə qəti nəticəyə gəlməyib və fətva vermir. Belə hallarda əvvəldən mükəlləfin vəzifəsini ehtiyat formasında bəyan edir. Bu halda, mükəlləf ehtiyata əməl edə bilər və ya öz müctəhidindən sonra daha elmli bildiyi müctəhidin fətvasına əməl edə bilər.[32] Müstəhəb ehtiyatda isə müctəhid müəyyən nəticəyə gəlib və fətva verib; lakin ehtiyat yolunu da göstərib. Bu halda mükəlləf ya fətvaya, ya da ehtiyata əməl edə bilər.[33]
Fətva kitablarında "ehtiyat" ifadəsi əgər fətvadan əvvəl və ya sonra gəlsə, bu müstəhəb ehtiyatı göstərir. Əgər fətvadan əvvəl və ya sonra gəlməzsə, bu, vacib ehtiyatı göstərir.[34]
Tarixi fətvalar
Tütün məmulatlarının haram edilməsi: «بسم الله الرحمن الرحیم الیوم استعمال توتون و تنباکو بِأی نَحوٍ کان در حکم محاربه با امام زمان علیهالسلام است.»
Bismillahir-rahmənir-rahim. Bugündən tütün və tənbəkidən istifadə edən İmam Zamanla (ə.f) müharibə etmiş şəxs hökmündədir.İsfahani Kərbəlayi, Tarixe duxaniyye, h.ş 1377, s.118
Tarixdə məşhur olan bəzi fətvalar və şiə fəqihləri bunlardır:
- Tənbəkini haram edən fətva: Mirzə Şirazinin 1309-cu ildə (hicri təqvimi) Nasirəddin şahın İranın dörd şəhərində ingilis "Rəji" şirkətinə tənbəki və tütün məmulatlarının inhisar hüququnu verməsinə qarşı verdiyi fətva. Bu fətva nəticəsində həmin müqavilə ləğv edildi.[35]
- Məhəmməd Təqi Şirazinin ingilislərə qarşı mübarizə aparmaq üçün verdiyi cihad fətvası: Bu fətva 1338-ci ildə (hicri təqvimi) verildi və İraq xalqının İngilis işğalçılarına qarşı qiyam etməsinə səbəb oldu.[36] Nəticədə, İraq İngilis nəzarətindən qurtuldu.[37]
- Kommunist partiyasına qoşulmağın haram olması haqqında Seyid Möhsün Həkimin verdiyi fətvası: Bu fətva 1380-ci ildə (hicri təqvimi) Əbdülkərim Qasim hakimiyyətə gəldikdən və qeyri-dini fikirlərin yayılmasından sonra verildi. Seyid Möhsün Təbatəbai Həkim iki fətva verərək Kommunist partiyasına qoşulmağı şəriətə zidd və küfr və ya onları yaymaq kimi qiymətləndirdi.[38]
- Salman Rüşdiyə qarşı verilən ölüm hökmü: İmam Xomeyninin (r.ə) şəmsi təqvimi ilə 1367-ci ildə bəhmən ayının 25-də (hicri təqvimi ilə 7 rəcəb 1409-cu ildə) Salman Rüşdinin İslam Peyğəmbərinə (s) hörmətsizlik etdiyinə (Şeytan ayələri kitabına) görə verdiyi ölüm fətvasıdır.[39]
- "İŞİD"-ə qarşı verilən cihad fətvası: Bu fətva 2014-cü ildə İraqda yaşayan mərcəyi-təqlid Ayətullah Seyid Əli Sistani tərəfindən "İŞİD"-ə qarşı verilmiş fətvadır. O, sözügedən fətvada İraqın və onun müqəddəslərini müdafiə etməyi vacibi kifai (hamıya vacib olan, amma bir, yaxud bir neçə nəfər yerinə yetirdikdə hamının öhdəsindən götürülən əməl) hesab etdi. Adıçəkilən fətvadan sonra Həşdiş-Şəbi qüvvələri yaradıldı və "İŞİD" İraqdan çıxarıldı.[40]
- Sünnilərin müqəddəslərinə hörmətsizlik etməyin haram olması ilə bağlı fətva: Ayətullah Xameneinin Yasir əl-Həbibin Peyğəmbərin (s) həyat yoldaşı Aişəyə təhqir etməsi və 2010-cu ildə Səudiyyə Ərəbistanının Əhsa bölgəsindən olan şiə alimlərinin sual etməsindən sonra verilib.[41]
- Məhəmməd Şəltutun Şiə məzhəbinə əməl etməyin caiz olduğunu elan edən fətvası: Əhli-sünnə fəqihi və Əl-Əzhər Universitetinin müəllimi Məhəmməd Şəltut 1378-ci ildə (hicri təqvimi) verdiyi fətvada Cəfəri (şiə) məzhəbinə inanmağı və əməl etməyi əhli-sünnə məzhəblərinə əməl etmək kimi caiz hesab etdi.[42]
Nadir fətvalar
Məşhur fətvalardan fərqli olan fətvalara şaz fətvalar və ya "fəqihin təkcə özünə məxsus fətvası" deyilir.[43] Bəzi şaz fətvalar bunlardır:
- İtin və donuzun ruhsuz hissələrinin pak olması: Şiə fəqihlərindən Seyyid Mürtəza inanırdı ki, it və donuzun tükləri ruhsuz olduqları üçün nəcis deyillər.[44] Məhəmməd Həsən Nəcəfi bu fətvanın şiə fəqihlərinin məşhur görüşünə zidd olduğunu bildirib.[45]
- Şərabın pak olması: Sahibi Cəvahirin dediyinə görə, bəzi fəqihlər, o cümlədən Şeyx Səduq, İbn Əbi Əqil Omani[46] və Mühəqqiq Ərdəbili[47], məşhur şiə fəqihlərinin fikirlərinə zidd olaraq şərab və məstedici maddələrin pak olmasına dair fətva vermişlər. Əllamə Hilli "Müxtələfuş-Şiə" kitabında şərab və məstedici maddələrin nəcis olduğunu şiə fəqihlərinin məşhur görüşü kimi təqdim etmişdir.[48]
- Qadın və kişinin diyəsinin bərabər olması: Ayətullah Saninin fətvasına görə, müsəlman qadının diyəsi ilə müsəlman kişinin diyəsi bərabərdir.[49] Şiə fəqihlərinin məşhur görüşünə görə isə, müsəlman qadının diyəsi müsəlman kişinin diyəsinin yarısıdır.[50]
Fətva Şurası
Fətva Şurası, insanların müəyyən bir şəxsə deyil, fəqihlərdən ibarət bir qrupa təqlid etdiyi bir sistemdir. Bu modeldə bütün məsələlərdə fəqihlərin tam razılığı mümkün olmadığından, əksəriyyətin fikri əsas götürülür.[51]
Bu nəzəriyyənin tərəfdarlarına görə, fətvanın səhihliyi və müctəhidə təqlid etməyin vacibliyi ilə bağlı dəlillərin araşdırılması göstərir ki, səhihlik meyarları həm fərdi fətvalarda, həm də qrup fətvalarında (şura) mövcuddur.[52] Lakin bu nəzəriyyə bəzi tədqiqatçılar tərəfindən tənqid edilmişdir.[53]
İstifta Şurası
Şəriət məsələsi ilə bağlı araşdırma aparıb mərcəyi-təqlidə məsləhət verən müctəhidlər qrupuna İstifta Şurası deyilir.(54) Mərcəyi-təqlid, müqəllidlərinə cavab verərkən öz fikrini bu şuraya təqdim edir. Şura üzvləri, əgər fətva ilə bağlı əlavə fikirləri varsa, bunu mərcəyi-təqlidə bildirirlər. Sonda fətvanın tərtibatı və yekunlaşdırıb bəyan edilməsi mərcəyi-təqlidə öhdəsində olur.(55)
İstinadlar
- ↑ Fərhəngnameye üsuli-fiqh, h.ş 1389, s.600
- ↑ Əmid, Fərhənge Əmid, "Fətva" sözünün şərhində; Səccadi, Fərhənge məarife İslami, "İstifta" sözünün şərhi
- ↑ Muəssiseye dairətul-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.5, s.644
- ↑ Muəssiseye dairətul-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.5, s.644
- ↑ Məkarim Şirazi, Dairətul-məarif fiqhe muqarin, h.q 1427, c.1, s.437
- ↑ Xoyi, Məbani təkmilətil-minhac, c.1, s.3
- ↑ Məkarim Şirazi, Dairətul-məarif fiqhe muqarin, h.q 1427, c.1, s.437
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, c.1, s.23; Ğərəvi Təbrizi, Əl-İctihad vət-təqlid, h.q 1410, c.1, s.388
- ↑ Muəssiseye dairətul-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.5, s.644
- ↑ Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.1, s.5
- ↑ Mərifət, Təfsir və müfəssiran, h.ş 1379, c.2, s.228
- ↑ Mütəhhəri, Kulliyate ulume İslami, Üsule fiqh və fiqh, h.ş 1394, c.3, s.17
- ↑ Mərkəze ettelaat və mənabe İslami, Fərhəngnameye üsule fiqh, h.ş 1389, c.1, s.131
- ↑ Mütəhhəri, Kulliyate ulume İslami, Üsule fiqh və fiqh, h.ş 1394, c.3, s.20
- ↑ Qorci, Tarixe fiqh və füqəha, h.ş 1379, s.68
- ↑ Kəlantəri, Mətarihul-intizar, h.q 1425, c.2, s.319
- ↑ Mütəhhəri, Kulliyate ulume İslami, Üsule fiqh və fiqh, h.ş 1394, c.3, s.22
- ↑ Sistani, Tozihul-məsail, h.q 1415, s.6
- ↑ Mühəqqiq Hilli, Məaricul-üsul, h.q 1423, s.200-201
- ↑ Muəssiseye dairətul-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.5, s.644
- ↑ Şeyx Tusi, Əl-Uddətu fi üsulil-fiqh, h.q 1417, c.2, s.729
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, c.1, s.19
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, c.1, s.18
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, c.1, s.26
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, c.1, s.26
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, c.1, s.27
- ↑ Üsuli, Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsail, c.1, s.19
- ↑ Mühəqqiq Hilli, Məaricul-üsul, h.q 1423, s.201
- ↑ Muəssiseye dairətul-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1389, c.1, s.671
- ↑ Üsuli, Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsail, c.1, s.19
- ↑ Amili, Əl-İstələhatul-fiqhiyyə, h.q 1413, s.157
- ↑ Məkarim Şirazi, Risaleye əhkam bəraye cəvanan, h.ş 1386, s.14
- ↑ Məkarim Şirazi, Risaleye əhkam bəraye cəvanan, h.ş 1386, s.13
- ↑ Muəssiseye dairətul-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.1, s.296-297
- ↑ İsfahani Kərbəlayi, Tarixe duxaniyye, h.ş 1377, s.117-118
- ↑ Ağabozorq Tehrani, Təbəqatul-əlamiş-şie, c.1, s.263
- ↑ Fəqih Bəhrul-ulum, Ziyarətqahhaye İraq, h.ş 1393, c.1, s.212
- ↑ Dadfər, Cəmaətul-üləma, Ehyagəre hoviyyəte siyasiye şiəyane İraq, s.35
- ↑ http://www.imam-khomeini.ir/fa/C207_44691/
- ↑ «۹ فتوای تاریخساز معاصر» İctihad kanalının saytı
- ↑ «قائد الثورة یحرم النیل من رموز اهل السُنة و نساء النبی(ص)», Mehr xəbər agentliyi
- ↑ Bi Azar Şirazi, Şeyx Mahmud Şəltut təlayedare təqrib dər əqaid, təfsir, hədis, Fiqhe muqarin və həmbəstegiye məzahibe islami, s.171
- ↑ Məkarim Şirazi, Ənvarul-üsul, h.q 1428, c.2, s.417
- ↑ Seyyid Mürtəza, əl-Məsailun-Nasiriyyat, h.q 1417, s.100
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.5, s.331
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.6, s.3
- ↑ Mühəqqiq Ərdəbili, Məcməul-faidə vəl-bəyan, h.q 1403, c.1, s.310
- ↑ Əllamə Hilli, Müxtələfuş-şiə, h.q 1413, c.1. s.472
- ↑ İbrahim Nejad, Bərresi və nəqde ədilleye nəzəre Ayətullah Sanei dər bərabəriye diyeye zən və mərde müsəlman, s.5
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.43, s.32
- ↑ Cəzairi, Bəhsi dərbareye ruhaniyyət və mərcəiyyət, h.ş 1341, s.217-218
- ↑ Vərəi, İctihad və iftaye şurayi, s.117
- ↑ Bəhrami Xuşkar, Şuraye fiqhi ya fətvayiye şurayi dər istinbate əhkame şəri, s.40
Ədəbiyyat
- İbrahim Nejad, Muhəmməd, بررسی و نقد ادلّۀ نظریه آیتالله صانعی در برابری دیه زن و مرد مسلمان» h.ş 1395
- Ağabozorq Tehrani, Məhəmməd Həsən, Təbəqatul-əlamiş-şie, Məşhəd, Darul-Mürtəza, h.q 1404
- İsfahani Kərbəlayi, Həsən, Tarixe duxaniyye, Qum, Nəşrul-hadi, h.ş 1377
- Üsuli, Ehsan və Məhəmməd Həsən Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsail, Qum
- Bəhrami Xuşkar, Şuraye fiqhi ya fətvayiye şurayi dər istinbate əhkame şəri, h.ş 1391
- Bi Azar Şirazi, Şeyx Mahmud Şəltut təlayedare təqrib dər əqaid, təfsir, hədis, Fiqhe muqarin və həmbəstegiye məzahibe islami, h.ş 1385
- Cəzairi və başqaları, Bəhsi dərbareye ruhaniyyət və mərcəiyyət, Tehran, h.ş 1341
- Xoyi, Seyyid Əbül-Qasim, Məbani təkmilətil-minhac, Nəcəf-Əşrəf
- Səccadi, Cəfər, Fərhənge məarife İslami, Tehran, Kuməş nəşriyyatı, h.ş 1373
- Seyyid Mürtəza, Əli ibn Hüseyn, əl-Məsailun-Nasiriyyat, Tehran, 1-ci çap, h.q 1417
- Sistani, Seyyid əli, Tozihul-məsail, Qum, Mehr, 4-cü çap, h.q 1415
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Uddətu fi üsulil-fiqh, Qum, Tizhuş nəşriyyatı, h.q 1417
- Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa
- Amili, Yasin İsa, Əl-İstələhatul-fiqhiyyə, Darul-bəlağət, 1-ci çap, h.q 1413
- Əllamə Hilli, Yusif ibn Mütəhhər, Müxtələfuş-şiə, Qum, İslami nəşr müəssisəsi, h.q 1413
- Əmid, Həsən, Fərhənge Əmid, Tehran, Agah nəşriyyatı, h.ş 1390
- Ğərəvi Təbrizi, Əli, Əl-İctihad vət-təqlid, Qum, Darul-Hadi, h.q 1410
- Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Tehran, Mürtəzəvi nəşriyyatı, h.ş 1373
- Fəqih Bəhrul-ulum, Məhəmməd Mehdi, Ziyarətqahhaye İraq, Tehran, h.ş 1393
- Kəlantəri, Əbül-Qasim, Mətarihul-intizar, Qum, Məcməul-fikril-islami, 1-ci çap, h.q 1425
- Qorci, Əbül-Qasim, Tarixe fiqh və füqəha, Səmt nəşriyyatı, h.ş 1379
- Mühəqqiq Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faidə vəl-bəyan, Qum, h.q 1403
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Məaricul-üsul, Qum, h.q 1423
- Mərifət, Məhəmməd Hadi, Təfsir və müfəssiran, Qum, h.ş 1379
- Mütəhhəri, Mürtəza, Kulliyate ulume İslami, Üsule fiqh və fiqh, Sədra nəşriyyatı, h.ş 1394
- Məkarim Şirazi, Nasir, Risaleye əhkam bəraye cəvanan, Qum, 15-ci çap, h.ş 1386
- Məkarim Şirazi, Nasir, Dairətul-məarif fiqhe muqarin, Qum, 1-ci çap, h.q 1427
- Məkarim Şirazi, Nasir, Ənvarul-üsul, Qum, 2-ci çap, h.q 1428
- Muəssiseye dairətul-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, Qum, h.ş 1387
Xarici keçid
- «۹ فتوای تاریخساز معاصر», ijtihadnet.ir saytı