Taslim:İmam Rza (ə) ilə Rəsul-Calutun mübahisəsi
İmam Rza (ə) ilə Rəsul-Calutun mübahisəsi (ərəbcə: مناظرة الإمام الرضا عليه السلام مع رأس الجالوت), Həzrət Məhəmməd Peyğəmbərin (s) nübüvvətini sübut etmə mövzusunda aparılmış kəlami bir dialoqdur. Bu mübahisədə İmam Rza (ə), Tövrat, İncil və Zəburdan ifadələr gətirərək Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə dəlillər təqdim edir. Bu mübahisə, Şeyx Səduq tərəfindən nəql olunan bir hədisdə gəlib; həmin hədisə əsasən, Abbasi xəlifəsi Məmunun dəvəti ilə yəhudi, xristian, zərdüşti və sabei dinlərinin alimləri İmam Rza (ə) ilə dialoqa çağırılırlar.
Şeyx Səduq bu mübahisənin mətnini “Tövhid” və “Uyunu Əxbarir-Rza” adlı kitablarında nəql etmişdir. Rəvayətə görə, bu mübahisə zamanı Rəsul-Calut İmam Rzanın (ə) irəli sürdüyü dəlillərə cavab verməkdə aciz qalır.
Mübahisənin yaranma səbəbi
İmam Rza (ə) ilə Rəsul-Calutun mübahisəsi Məmunun əmri ilə həyata keçirilmişdir. Şeyx Səduqun bildirdiyinə görə, İmam Rza (ə) Mədinədən Məmunun sarayına — Mərvə getdiyi zaman, Məmun xristian, yəhudi, zərdüşti və sabei dinlərinin alimlərini dəvət etdi ki, İmam Rza (ə) ilə mübahisə etsinlər.[1]
Rəsul-Calut yəhudi alimi idi və bu məclisdə onunla yanaşı, Casliq (xristianların başçısı), sabei böyükləri, Hirbiz (zərdüştilərin baş alimi) və İmran Sabei də iştirak edir və mübahisə aparırdılar.[2] Mübahisənin rəvayətçisi Həsən ibn Məhəmməd Nofəli, Məmunun bu tədbirdəki məqsədinin İmam Rzanı (ə) sınamaq olduğunu bildirir.[3] Eyni rəvayətə əsasən, İmam Rza (ə) Nofəlinin bu mübahisə barədə narahatlığını görəndə ona buyurdu: “Bunların mənə üstün gələcəyindənmi qorxursan?… Bilirsənmi, Məmun bu mübahisədən nə vaxt peşman olacaq? O zaman ki, görəcək və eşidəcək: mən Tövrat əhlinə Tövratla, İncil əhlinə İncil ilə, Zəbur əhlinə Zəburla və sabeilərə, rumlulara, farslara isə onların qəbul etdikləri dəlillər əsasında höccət gətirəcəyəm”.[4]
Münazirənin mövzusu və nəticəsi
Bu söhbətin əsas mövzusu Həzrət Peyğəmbər Əkrəmin (s) peyğəmbərliyidir. Rəsul-Calut imam Rzadan (ə) bu məsələni sübut etməsini istəyir və bildirir ki, yalnız Tövrat, İncil, Zəbur və İbrahimlə Musanın səhifələrində olan dəlilləri qəbul edəcək. İmam Rza (ə) bu şərti qəbul edir və Həzrət Məhəmmədin (s) peyğəmbərliyini sübut etmək üçün həmin kitablardan ifadələr gətirir. Bu dəlillərdən bəziləri aşağıdakılardır:
- Musa peyğəmbər Bəni-İsrailə demişdir: “Sizin qardaşlarınızdan bir peyğəmbər gələcək. Onu təsdiq edin və ona itaət edin”. Bəni-İsrailin yeganə qardaşları İsmayıl övladları olduğuna və İsmayıl övladlarının içərisində yalnız Məhəmməd ibn Abdullah peyğəmbər olduğuna görə, bu ifadə onun Allahın peyğəmbəri olduğunu sübut edir.[5]
- Tövratda belə gəlmişdir: “İki minikçini görürəm ki, yer onlar üçün işıq saçır: onlardan biri uzunqulaq üzərində, digəri isə dəvə üzərindədir.” Uzunqulaq minən şəxs Həzrət İsa, dəvə minən isə Həzrət Məhəmməddir (s).[6]
- Zəburda Davud peyğəmbərin dilindən belə nəql olunur: “Ey Allah, fətrətdən (iki peyğəmbər arasında keçən dövr) sonra sünnəti (Allahın dinini) dirildəcək birini göndər”. Bu fasilədən sonra Allahın sünnətini dirildən yeganə şəxs İslam Peyğəmbəri (s) idi. Bu şəxs Həzrət İsa (ə) ola bilməzdi; çünki o, Tövratın sünnətinə müxalif çıxmamışdı.[7]
- İncilin bir mətnində belə gəlir: “Xeyirxah qadının oğlu gedəcək və ondan sonra Farqilita gələcək. O bir kəsdir ki, ağır və çətin şeyləri sizə asanlaşdıracaq, hər şeyi sizə izah edəcək və mən necə ona şəhadət verirəmsə, o da mənə şəhadət verəcək. Mən sizə məsəlləri gətirdim, o isə onların təvilini gətirəcək”.[8]
Hədisin mənbələri
Münazirənin mətni Şeyx Səduq (305–381 h.q.) tərəfindən yazılmış “Tövhid”[9] və Uyunu əxbarur-Rza[10] kitablarında nəql olunmuşdur. Əhməd ibn Əli Təbərsi (h.q. 6-cı əsrdə yaşayıb) də “İhticac” əsərində onun xülasəsini nəql etmişdir.[11] Həmçinin Əllamə Məclisi Biharul-ənvarda bu hədisi Şeyx Səduqun iki kitabından gətirmişdir.[12]
Hədisin sənədinin etibarlılığı
Rical alimləri bu hədisin ravi silsiləsi barəsində ixtilaf etmişlər. Bəziləri bütün raviləri siqə (etibarlı) saymış, digərləri isə bəzilərini qeyri-siqə hesab etmişlər.[13] Bundan əlavə, hədisin sənədi mürsəldir; yəni ravi silsiləsində bəzi şəxslərin adı qeyd olunmamışdır. Buna görə də hədis sənəd baxımından zəif sayılır.[14] Bununla belə, bəzi alimlər bu hədisi zəif məqbul hesab edirlər; yəni sənəddə zəiflik olsa da, ona əsasən əməl olunur. Çünki Səduq kimi etibarlı bir alim onu nəql etmişdir və o, yalnız məsumdan gəlməsinə əmin olduğu rəvayətləri nəql edirdi.[15]
Münazirəyə yazılan şərhlər
Rəsul-Calut hədisi üçün təqribən doqquz şərh yazılmışdır:[16]
- “Əl-fəvaidur-Rəzəviyyə” əsəri, Qazi Səid Qumi tərəfindən yazılmışdır.[17] İmam Xomeyni (r.ə) bu kitaba təliqə (bir şey haqqında yazılı məlumat vermək və fikrini yazılı şəkildə bildirmək) yazmışdır.[18]
- “Rəsul-Calut hədisinin şərhi” – Molla Əbdüssahib Məhəmməd ibn Əhməd Nəraqinin (vəfatı 1297 h.q.) əsəri.[19]
Mirzayi Qumi (vəfatı 1231 h.q.), Əhməd Əhsai (vəfatı 1243 h.q.), Məhəmməd ibn Məhəmməd Həsən Məşhədi Tusi (vəfatı 1257 h.q.), Məhəmməd İsmayıl ibn Məhəmməd Cəfər İsfahani (vəfatı 1280 h.q.), Molla Əbdür-Rəhim ibn Məhəmməd Yunis Dəmavəndi bu hədisi şərh edən başqa alimlərdəndirlər.[20]
Əlaqəli məqalələr
- İmam Rzanın (ə) Əbu Qürrə ilə münazirəsi
- İmam Rzanın (ə) İmran Sabei ilə münazirəsi
- İmam Rzanın (ə) Süleyman Mərvəzi ilə münazirəsi
- İmam Rzanın (ə) Casliq ilə münazirəsi
- İmam Rzanın (ə) Tövhid mövzusunda münazirəsi
- İmam Rzanın (ə) Zərdüşti alimi ilə münazirəsi
İstinadlar
- ↑ Şeyx Səduq, Tövhid, h.q 1398, s.417-418; Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.1, s.154-155
- ↑ Şeyx Səduq, Tövhid, h.q 1398, s.417-441; Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.1, s.154-175
- ↑ Şeyx Səduq, Tövhid, h.q 1398, s.419; Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.1, s.155
- ↑ Şeyx Səduq, Tövhid, h.q 1398, s.419
- ↑ Şeyx Səduq, Tövhid, h.q 1398, s.427; Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.1, s.164-165
- ↑ Şeyx Səduq, Tövhid, h.q 1398, s.428; Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.1, s.165
- ↑ Şeyx Səduq, Tövhid, h.q 1398, s.428; Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.1, s.166
- ↑ Şeyx Səduq, Tövhid, h.q 1398, s.428; Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.1, s.166
- ↑ Şeyx Səduq, Tövhid, h.q 1398, s.417-441
- ↑ Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.1, s.154-175
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.415-425
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.10, s.299-318
- ↑ Xosrəviyan, Bərresi və təhlil sənəde münazirate İmam Rza (ə) dər İraq və Xorasan, s.112-113, 116-125
- ↑ Xosrəviyan, Bərresi və təhlil sənəde münazirate İmam Rza (ə) dər İraq və Xorasan, s.126
- ↑ Xosrəviyan, Bərresi və təhlil sənəde münazirate İmam Rza (ə) dər İraq və Xorasan, s.126
- ↑ Hüseyni, "Təhqiq" dər hədise Rəsul-Calut, tarixsiz, s.224
- ↑ Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.13, s.199
- ↑ Hüseyni, "Təhqiq" dər hədise Rəsul-Calut, tarixsiz, s.225
- ↑ Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.13, s.199
- ↑ Hüseyni, "Təhqiq" dər hədise Rəsul-Calut, tarixsiz, s.225
Ədəbiyyat
- Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriətu ila təsanifiş-şiə, Qum və Tehran, h.q 1408
- Hüseyni, Məhəmməd Rza, "Təhqiq" dər hədise Rəsul-Calut, Tarixsiz, Təhqiq: Molla Əbdüs-Sahib Məhəmməf ibn Əhməd Nəraqi
- Xosrəviyan Qəlezəv, Cəfər, Bərresi və təhlil sənəde münazirate İmam Rza (ə) dər İraq və Xorasan, Dər pejuheşhaye Quran və hədis, nömrə 1, h.ş 1397
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Farsca tərcümə: Uyunu əxbarir-Rza, Tərcümə: Əli Əkbər Ğəffari və Həmid Rza Mustəfid, Tehran, Səduq nəşri, 1-ci çap, h.q 1378
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Ət-Tövhid, Təhqiq və düzəliş: Haşim Hüseyni, Dəftəre enteşarate İslami vabeste be came müdərrisin hozeye elmiyyeye Qum, 1-ci çap, h.q 1398
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza, Təhqiq və düzəliş: Mehdi Lacəvərdi, Tehran, Cahan nəşri, 1-ci çap, h.q 1378
- Təbərsi, Əhməd ibn Əli, Əl-İhticacu əla əhlil-ləcac, Təhqiq və düzəliş: Məhəmməd Baqir Xorasan, Məşhəd, Mürtəza nəşri, 1-ci çap, h.q 1403
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar li-durəri əxbaril-əimmətil-əthar, Beyrut, Daru ihyait-turasil-ərəbi, 2-ci çap, h.q 1403