Taslim:Nisa surəsinin 142-ci ayəsi
| Yerləşdiyi surə | Nisa |
|---|---|
| Ayənin nömrəsi | 142 |
| Cüz | 5 |
| Mövzu | Nifaq |
| Barəsində | Münafiqlərin xüsusiyyətləri |
| Başqa ayələr ilə bağlılığı | Bəqərə surəsinin 9-cu ayəsi və Tövbə surəsinin 54-cü ayəsi |
Nisa surəsinin 142-ci ayəsi (ərəbcə: آیه ۱۴۲ سوره نساء) münafiqlərin bəzi xüsusiyyətləri, məsələn, Allaha qarşı aldatma və ikiüzlülüyü təsvir edir. Şiə təfsirlərində münafiqlərin ibadətlərini yalnız zahiri şəkildə yerinə yetirmələri ilə, həm öz həyatlarını və mallarını qorumağa, həm də Peyğəmbər (s) və müsəlmanları aldatmağa çalışdıqları bildirilir.
Şiə təfsirlərində, Allahın münafiqlərə qarşı tədbiri, onların əməllərinə uyğun bir cəza kimi izah edilir. Bu tədbiri müxtəlif şəkillərdə görmək mümkündür; məsələn, Allah onlardan öz mərhəmətini əsirgəyir, amma onların riyakarlıqlarını əngəlləmir, yaxud bəzən onlara çoxlu nemətlər bəxş edir, lakin sonra bu nemətləri qəflətən onların əlindən alır və onları cəzalandırır.
Ayənin tanıtımı
Nisa surəsinin 142-ci ayəsində, münafiqlərin dörd xüsusiyyəti qeyd edilir: Allah qarşısında hiyləgərlik, süstlüklə namaz qılmaq, ibadətdə riyakarlıq və Allahı az yad etmək.[1] Bu ayədə həmçinin qeyd olunur ki, Allah münafiqlərin hiylələrinə cavab olaraq onları aldadır[2] (onların hiylələrinin cəzasını özlərinə qaytarır).
« إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلَاةِ قَامُوا كُسَالَى يُرَاءُونَ النَّاسَ وَلَا يَذْكُرُونَ اللَّهَ إِلَّا قَلِيلًا»
“Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar”[3]
(Nisa, ayə 142)
Abdullah Cavadi Amuliyə görə, bu ayə, münafiqləri vəsf edən “Nisa” surəsinin 139 və 141-ci ayələri kimi əvvəlki ayələrin davamı olaraq, onların dörd xüsusiyyətini bəyan edir.[4] Həmçinin “Nisa” surəsinin 143-cü ayəsində bu nifaqın nəticəsi belə təsvir edilir: münafiqlər nə həqiqi möminlərin, nə də aşkar kafirlərin sırasındadırlar, lakin daxilən kafirlər arasındadırlar.[5] Münafiqlərin Allaha qarşı hiyləgərliyi “Bəqərə” surəsinin 9-cu ayəsində[6] və namazı süstlüklə qılmaq “Tövbə” surəsinin 54-cü ayəsindədə təkrarlanır.[7]
Bəzi fəqihlər bu ayədəki “qamu kusala” ifadəsinə əsaslanaraq tənbəlliklə namaz qılmağı namazın məkruhlarından biri hesab etmişlər.[8] Bu ayə, həmçinin əxlaqi müzakirələrdə münafiqliyin[9] və riyakarlığın[10] qəbul edilmədiyini göstərən Qurani-Kərim dəlili kimi də qeyd edilmişdir.
Münafiqlərin hiyləsi və Allahın tədbiri
Bəzi Şiə təfsirçiləri hesab edirlər ki, münafiqlərin Allah qarşısında hiyləgərliyi daim mövcuddur; amma onlar Allahı birbaşa aldatmağı bacarmadıqları üçün,[11] hiylələri dinə,[12] Allahın ayələrinə,[13] Peyğəmbər (s) və möminlərə yönəlir.[14] Münafiqlər yalnız zahiri ibadət[15] və riyakarlıq ilə[16] öz canlarını və mallarını qorumağa,[17] möminlərlə əlaqədən faydalanmağa və onlardan istifadə etməyə[18] və insanların etimadını qazanaraq[19] Peyğəmbər (s) və möminləri aldatmağa çalışırlar.[20] Buna görə də, Peyğəmbəri (s) aldatmaq, Allahı aldatmaq kimi qəbul edilir.[21] Əyyaşinin təfsirində qeyd olunur ki, Peyğəmbər (s), Allahdan başqası üçün edilən ibadəti, Allahı aldatmaq kimi dəyərləndirmişdir.[22]
Şiə təfsirlərində münafiqlərə qarşı Allahın tədbiri haqqında müxtəlif fikirlər bəyan olunmuşdur:
- Allahın tədbiri münafiqlərin cəzasıdır.[23]
- Allah öz mərhəmətini onlardan əsirgəyir və onları öz halına buraxır.[24]
- Allah onların riyakarlıqlarını əngəlləmir və bu davranış bir növ aldatmadır.[25]
- Allah onlara nemətlərində qərq olmaq üçün fürsət verir, sonra isə qəflətən onları bu nemətlərdən məhrum edir.[26]
- Qiyamət günü Allah ilahi əzabdan xilas olmaq üçün münafiqlərə öz nurlarını qazanmaq yolunda çalışmaq əmrini verir, amma onlar buna qadir olmurlar (Onlara deyiləcək: “Geriyə (dünyaya) qayıdın və (orada) nur axtarın...” Əl-Hədid surəsi, 13-cü ayə). Həmçinin Münafiqlər, imanlı kişi və qadınların işığını almaq istəyərkən, onlarla möminlər arasında divar olan bir maneə ilə qarşılaşırlar. Bu özü, Mütəal Allahın Qiyamət günü münafiqlərə qarşı etdiyi bir hiylədir, necə ki, münafiqlər (özlərinin fikrincə) dünyada Allaha hiylə işlətdilər.[27]
Münafiqlərin xüsusiyyətləri
Nisa surəsinin 142-ci ayəsində, münafiqlərin Allah qarşısında hiyləgərlik etməsi, riyakarlıq, ibadətdə süstlük etmək və Allahı az yad etmələri münafiqlərin xüsusiyyətləri kimi qeyd edilir. Bəzi Şiə təfsirçilərinə görə, münafiqlər ibadətləri yalnız qürbət qəsdi (Allaha yaxınlıq məqsədi) ilə etmədikləri üçün, namazlarını süstlüklə və halsız qılırlar.[28] Bununla belə, bu şəxslər, insanların diqqətini cəlb etmək üçün[29] və riya məqsədilə,[30] özləri üçün çətin olan ibadətləri şövqlə yerinə yetirirlər.[31]
Cavadi Amuli, bu ayədə münafiqlərin “az zikr etməsi”nin iman zəifliyi və ya Allah üçün bəzi zikrlər etmələri kimi başa düşülməməsi gərəkdiyini vurğulayır. Əslində, onların zikri təsirli deyil və Allah tərəfindən qəbul olunmur, çünki onlar təqvadan məhrumdurlar.[32] Münafiqlər, Allah və dinə doğru imanları olmadığı üçün xəlvətdə və təkbaşına qaldıqları zamanlarında Allahı yad etmirlər, baxmayaraq ki, onlar tez-tez ictimaiyyət qarşısında Allahı xatırlamaq barədə danışırlar.[33]
İstinadlar
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.187
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.2, s.255
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.187
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.200
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.252
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.34, s.235
- ↑ Ərdəbili, Məcməul-faidə, h.q 1403, c.3, s.104; Musəvi Amili, Mədarikul-əhkam, h.q 1411, c.3, s.470; Bəhrani, Əl-Hədaqiun-nazirə, h.q 1405, c.9, s.58
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.69, s.173 və 175
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.69, s.265
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.188
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.187
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.188
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.188; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.5, s.117
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.5, s.117
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.187
- ↑ Şeyx Tusi, Ət-Tibyan, Daru ihyait-turasil-ərəbi, c.3, s.365; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.198
- ↑ Təbatəbai, Əl-Mizan, İsmailiyyan Nəşriyyatı, c.5, s.117
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.187
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.5, s.117
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.188
- ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.283
- ↑ Qumi, Təfsirul-Qummi, h.ş 1363, c.1, s.157; Şeyx Tusi, Ət-Tibyan, Daru ihyait-turasil-ərəbi, c.3, s.365
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.188
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.5, s.117; Həmçinin baxa bilərsiniz: Şeyx Tusi, Ət-Tibyan, Daru ihyait-turasil-ərəbi, c.3, s.365
- ↑ Müdərrisi, Min hudəl-Quran, h.q 1419, c.2, s.229
- ↑ Təbatəbai, Əl-Mizan, İsmailiyyan nəşriyyatı, c.19, s.156
- ↑ Şeyx Tusi, Ət-Tibyan, Daru ihyait-turasil-ərəbi, c.3, s.365; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.198
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.187
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.4, s.178
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.187
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.194
- ↑ Cavadi Amuli, Təsnim, h.ş 1394, c.21, s.189; Həmçinin baxa bilərsiniz: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.501
Ədəbiyyat
- Ayətullah Mirzə Əli Meşkini Ərdəbili, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi. Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli Ərdəbili.
- Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiq: Seyid Haşim Rəsuli Məhəllati, Tehran, Əl-Mətbəətul-elmiyyə, 1-ci çap, h.q 1380.
- Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaqiun-nazirə fi əhkamil-itrətit-Tahirə, Təhqiq: Məhəmməd Təqi İrəvani və Seyid Əbdür-Rəzzaq Müqərrəm, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1405.
- Cavadi Amuli, Abdullah, Təsnim, Qum, İsra, 1-ci çap, h.ş 1393.
- Cavadi Amuli, Abdullah, Təsnim, Qum, İsra, 4-cü çap, h.ş 1394.
- Cavadi Amuli, Abdullah, Təsnim, Qum, İsra, 6-cı çap, h.ş 1394.
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407.
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374.
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar: Əl-camiətu li-durəril-əimmətil-əthar (ə), Beyrut, Daru ihyait-turasil-ərəbi, 2-ci çap, h.q 1403.
- Müdərrisi, Seyid Məhəmməd Təqi, Min hudəl-Quran, Tehran, Daru Muhibbil-Hüseyn, 1-ci çap, h.q 1419.
- Musəvi Amili, Məhəmməd ibn Əli, Mədarikul-əhkam fi şərhi ibadati şəraiil-islam, Düzəliş: Alul-beyt (ə) müəssisəsi, Beyrut, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1411.
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qummi, Təhqiq: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, 3-cü çap, h.ş 1363.
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan fi təfsiril-Quran, Təhqiq: Əhməd Qəsir Amili, Beyrut, Daru ihyait-turasi-ərəbi, 1-ci çap, tarixsiz.
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, İsmailiyyan Nəşriyyatı, 5-ci çap, h.q 1417.
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Təhqiq: Məhəmməd Cavad Bəlaği, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372.