Xacə Nəsirəddin Tusi

wikishia saytından
(Xacə Nəsrəddin Tusi səhifəsindən yönləndirilmişdir)
Tusi adlı digər məqalələrlə tanış olmaq üçün linkə daxil olun: Tusi
Xacə Nəsirəddin Tusi
Tam adıMəhəmməd ibn Məhəmməd ibn Həsən Tusi
LəqəbUstadul-bəşər, Əqlu Hadi Əşər və ...
Doğum günüHicrətin 597-ci ili, 11 Cəmadiul-əvvəl
Vəfat günüHicrətin 672-ci ili, 18 Zilhiccə
Dəfn olunduğu yerİraq, Kazimeyn
ƏsərləriƏsasul-iqtibas, Təcridul-etiqad, İbn Sinanın İşarat vət-tənbihat kitabının şərhi, Qəvaidul-əqaid, Əxlaqe-Nasiri, ...


Xacə Nəsirəddin Tusi (ərəbcə: الخواجة نصير الدين الطوسي) - (h.q 597-672) yeddinci hicri əsrində yaşamış şiə dünyasının kəlamçılarından və filosoflarından biridir. Nəsirəddin Tusi fəlsəfənin dirçəldiçisi və kəlam elmində fəlsəfədən istifadənin təşəbbüskarıdır. Əllamə Hilli, İbn Meysəm Bəhrani və Qütbüddün Şirazi kimi bəzi şiə alimləri onun şagirdi olmuşdurlar.

Nəsirəddin Tusi əxlaq, məntiq, fəlsəfə, kəlam, riyaziyyat və astronomiya elmində kitab və traktatların müəllifidir. Əxlaqe Nasiri, Övsaful-Əşraf, Əsasul-iqtibas, Şərhul-İşarat, Təcridul-etiqad, Camiul-hesab, Zice-İlxani və astronomiya elmində məşhur olan Elmul-heyət kitabı onun tanınmış və mühüm əsərlərindəndir. O, həmçinin Marağa şəhərində rəsədxananın və onun kənarında da 400 mindən çox kitabı əhatə edən kitabxananın əsasını qoymuşdur.

Nəsirəddin Tusinin öz dövrünün bəzi hakimləri ilə həmkarlıq etməyə məcbur olduğu deyilir. Lakin o, bu həmkarlıq əsnasında əsərlər yaza bilmişdir. Misal üçün, o Hulakuxan ilə həmkarlığında məhv olmaq ərəfəsində olan İslam mirasını qorumağa çalışdı və onun addımları sayəsində monqollar bir müddət sonra İslam dinini qəbul etdilər. Həmçinin, onun Bağdadın monqollar tərəfindən işğalında iştirakını qırğının və qarətin azalmasına və bir çox alimlərin ölümdən xilas olmasına səbəb hesab edirlər.

Nəsirəddin Tusi Bağdadda dünyadan köçdü və öz vəsiyyətinə əsasən Kazimeyn hərəmində dəfn edildi.

Həyatı

Xacə Nəsirəddin Tusi olaraq məşhurlaşan Məhəmməd ibn Məhəmməd ibn Həsən h.q 597-ci ildə Cəmadiul-əvvəl ayının 11-ci günündə Tus şəhərində dünyaya gəldi.[1] O, uşaqlıqda Qurani-Kərimi oxumağı, Sərf və Nəhv, həmçinin ədəb elmini öyrəndi. Sonra isə atasının tövsiyəsi əsasında ibtidai riyaziyyatı Kəmaluddin Məhəmmədin yanında öyrəndi. Həmçinin, fiqhhədis elmlərini əsrinin fəqihlərindən və hədis alimlərindən sayılan atasının və babasının yanında öyrənmişdir.[2] Onun ustadlarından biri də Nurəddin Əli ibn Məhəmməd Şii idi. Xacə məntiq və fəlsəfə elmlərini onun yanında öyrəndi.[3]

Tusi, atasının vəfatından sonra Tusdan dövrünün alim və araşdırmaçılarının toplaşdığı Nişapur şəhərinə köçdü.[4] O, Əbu Əli Sinanın İşarat kitabını Fəridəddin Damadın yanında, İbn Sinanın tibb elmində yazdığı Qanun kitabını Qütbüddin Misrinin yanında oxudu.[5] Siracuddin Qəmərinin, Əbus-səadat İsfəhaninin və digərlərin dərslərində iştirak etdi.[6] Həmçinin, bu şəhərdə Fəriduddin Əttar ilə görüşdü.[7] O, həmçinin əksər elmlərdə məxsusən riyazi elmlərdə üstün sayılan Kəmaluddin ibn Yunis Mosulinin yanında da şagirdlik etmişdir. İmamiyyə fəqihlərinin böyüklərindən olan Salim ibn Bədran Mazəni Misrinin yanında da İbn Zöhrənin əl-Ğunyə kitabının bir hissəsini öyrəndi.[8]

Xacə İsmaililərin qalalarında

Xacə Nəsirəddin Tusi monqolların İrana hücumundan sonra, məxsusən Xorasan məntəqəsində narahatlığın ortaya çıxmasından sonra bir müddət müxtəlif şəhərlərdə sərgərdan idi. Sonda İsmaililərə məxsus olan qalaların komandiri Nasirəddinin dəvəti ilə Qehestana getdi[9] və orada Nasirəddinin istəyi ilə Əbu Əli Miskəveyh Razinin Təhzibul-əxlaq və təhthirul-əraq kitabını fars dilinə tərcümə etdi və ona bir sıra mətləblər əlavə etməklə onu Nasirəddinin şərəfinə Əxlaqi-Nasiri adlandırdı.[10] Bu kitabın yazılma tarixi h.q 630-632-ci illər ərzində olmuşdur.[11] O, həmçinin orada Nasirəddinin oğlu Muinuddinin şırəfinə astronomiya elmində ər-Risalətul-muiniyyə kitabını yazdı.[12] İsmaililərin qalaları monqolların hücumları qarşısında yeganə müqavimət gücü hesab edilmişdir. Xorasan və Nişapurun şəhərləri təmamilə monqolların əlinə keçdiyi bir vəziyyətdə bu qalalar uzun illər ərzində müqavimət göstərmiş və monqolallara təslim olmamışdır.[13]

İsmaililərin rəhbəri Əlauddin Məhəmməd Xacə Nəsirəddin Tusinin gəldiyini eşitdikdən sonra onu öz yanına çağırdı və o Nasirəddin ilə birlikdə Meymun doz qalasına getdi və ismaililərin rəhbəri onu xüsusi şəkildə qarşıladı. Xacə Nəsirəddin Tusi, Əlaud-din Məhəmmədin oğlu Ruknuddinin monqolların ikinci hücumunda təslim olduğu vaxta qədər Ələmut qalasında onların yanında qaldı.[14]

Bəzi tarixçilərin fikrincə Nəsirəddin Tusinin ismaililərin qalasına getməsi və orada qalması ixtiyar üzündən deyildi. Əksinə onu bu işə məcbur etmişdilər.[15] Bununla belə, Aq Sərayinin Musamirətul-əxbar kitabında olan fikrinə əsasən Nəsirəddin Tusi ismaililərin yanında tam vəzirliyə sahib idi və elə bi məqama çatmışdı ki, ona Kainatın xacəsi ləqəbini vermişdilər.[16] Nəsirəddin Tusinin məcburi olaraq ismaililərin yanına getməsini və onların qalalarında həbs olunduğunu düşünən şəxslər Tusinin İşaratın şərhi kitabının sonunda öz yaşayışı və zəmanə haqqında şikayət dolu cümlələrinə istinad edirlər.[17]

Xacə və Hulakuxan

Nəsirəddin Tusi monqolların Hulakunun komandirliyi ilə ikinci hücumundan və ismaililərə aid olan qalalarının təslim olmasından sonra Hulakunun sarayına yol tapdı.[18] Seyyid Möhsin Əminin sözlərinə görə Tusi seçim ixtiyarı olmadan Hulakuxanla həmkarlıq etdi. İşğalçı qüvvələrin müqabilində nə hökumət nə də camaat tərəfindən müqavimət göstərmək mümkün olmadığı bir vaxtda məhv olmaq təhlükəsi ilə üz-üzə qalan İslam mirasını qorumağa çalışdı və onun addımları sayəsində monqollar bir müddət sonra müsəlman oldular.[19] Tusi Hulakuxanın h.q 655-ci ildə Bağdada etdiyi hücumda onunla birgə idi.[20]

Marağada rəsədxana və kitabxananın yaradılması

Nəsirəddin Tusi Bağdadın Hulaku tərəfindən fəthindən sonra Hulakuxana bir rəsədxananın tikilməsini təklif etdi. Tusi öz təklifini belə əsaslandırdı ki, o astronomiya elmində elmli olduğu üçün ulduzları seyr etməklə sultanı gələcək hadisələrdən, ömrünün müddətindən və nəsli haqqında xəbərdar edə bilər.[21] Bu təklif Hulakuxanın xoşuna gəldi və rəsədxananın tikintisi h.q 657-ci başlandı.[22] Seyyid Möhsin Əminin sözlərinə görə, Nəsirəddin Tusi Marağa rəsədxanasını o dövrün çoxsaylı alimlərinin toplantı yerinə çevirdi və bu yolla onları ölümdən xilas etdi. O, həmçinin çoxsaylı kitabların toplanılmasına və qorunmasına çalışdı.[23] Rəsədxananın tikintisi Tusinin ömrünün sonlarına qədər davam etdi və bu rəsədxana əsasında əldə edilən astronomik cədvəl Elxani astronomik cədvəli adlandı.[24] Nəsirəddin Tusi həmçinin, Marağada rəsədxananın ərazisində böyük bir kitabxana tikdi və Hulakuxanın göstərişi ilə Bağdad, Dəməşq, Mosul və Xorasandan qarət edilmiş bir çox nəfis və faydalı kitablar ora köçürüldü. Tusinin şəhərlərə göndərdiyi məmurlar onların tapdığı hər bir elmi kitabl alır və ona göndərirdilər. Tusinin özü də rastlaşdığı hər bir faydalı və nəfis kitabı alırdı.[25] Bəzi tarixçilərin fikrincə, Marağa kitabxanasında təxminən 400 min kitab toplanılmışdı.[26] Marağa rəsədxanasının kitabxanasında bir çox kitablar çin, monqol, senskrit, aşur və ərəb dillərindən fars dilinə tərcümə edildi və elm tələbələrinin və rəsədxana alimlərinin ixtiyarına verildi. Bu rəsədxana əslində bir elmi mərkəz idi ki, orada dövrün riyaziyyat, astronomiya və təbiət elmləri kimi müxtəlif elmləri tədris edilir və araşdırılırdı.[27]

Bağdadın fəthində iştirakı

Əhli-sünnə alimlərindən olan İbn Teymiyyənin (h.q 661-728) iddiasına görə Bağdadın xəlifəsi Nəsirəddin Tusinin əmri ilə öldürüldü.[28] Amma bəzi alimlər ondan əvvəlki mənbələri araşdırmaqla və belə bir məsələnin müşahidə edilmədiyinə əsaslanmaqla bu mətləbin yalnış və Tusiyə qarşı bir iftira olduğunu bilidirirlər. Onlar İbn Teymiyyədən sonrakı mənbələrin ona istinad etməklə bu məsələni qeyd etdiklərini ehtimal verirlər.[29] Bəzi araşdırmaçıların fikrincə Nəsirəddin Tusinin monqolların Bağdadı işğal etmə hadisəsində iştirakı qırğının və qarətin azalmasına və onun himayəsi əsasında bir çox alimlərin ölümdən xilas olmasına səbəb olmuşdur.[30]

Vəfatı

Nəsirəddin Tusi Bağdadda vəqf işlərini və alimlərin vəziyyətini səhmana salmaqla məşğul olduğu halda h.q 672-ci ildə Zil-hiccə ayının 18-də dünyadan köçdü. Onun cənazəsi öz vəsiyyətinə əsasən Kazimeyn hərəmində dəfn edildi.[31] O həmçinin vəsiyyət etmişdir ki, qəbri üzərində onun elmi xüsusiyyətlərinə işarə edilməsin və yalnız “və kəlbuhum basitun ziraəyhi bil-vəsid” ifadəsi[32] qəbrinin üzərinə yazılsın.[33]

Məzhəbi

Nəsirəddin Tusinin on iki imamçı şiə olması haqqında çoxsaylı faktlar mövcuddur. O cümlədən Tusi özünün Təcridul-etiqad kimi əksər kəlami kitablarında on iki imama və onların ismətinin (məsumluğunun) vacibliyinə işarə etmişdir.[34] O, həmçinin bu barədə bir sıra xüsusi traktatlar da yazmışdır. Onlardan əl-Firqətun-naciyəh, Risalətun fi həsril-həqq biməqalətil-imamiyyə, əl-İsna əşəriyyə və Risalətun fil-imamət kimi traktatların adını qeyd etmək mümkündür.[35] Bununla belə, Tusinin əsərlərinin siyahısı arasında ismaili əqidəsi ilə uyğun gələn bir sıra kitablar ona aid edilmişdir.[36]

Əksər on iki imamçı şiə alimləri bu əsərlərin Tusiyə aid olmasını inkar etmişlər. Amma bəzi qərbli araşdırmaçılar və islamşünaslar Tusinin ismaililərin arasında olarkən bir növ məzhəb dəyişikliyi etdiyini düşünürlər.[37] Bəziləri bu əsərlər əsasında düşünürlər ki, Tusi ismaililərin qalasına sığındıqdan sonra müvəqqəti olaraq ismaili məzhəbini qəbul etmiş, sonra isə yenidən on iki imamçı məzhəbinə qayıtmışdır.[38]

Bəzi yazıçıların fikrincə Tusi on iki imamçı şiə olaraq təqiyyə etmiş və canını qorumaq üçün ismaililərin qalalarında kitab və traktatlar yazmağa məşğul olmuşdur.[39] Abdullah Nemət, Tusinin ismaililərə məxsus qalaların süqutundan dərhal sonra öz on iki imamçı şiə olduğunu elan etməsini bu fikirə şahid hesab edir.[40]

Elmi məqamı

Əllamə Hilli: Bu Şeyx (Xacə Nəsir) rasional elmlərdə ən üstün şəxs idi...və mənim gördüyüm ən əxlaqlı şəxs idi.[41]

Nəsirəddin Tusini elmdə İbn Sinaya bərabər hesab etmişlər. Bu fərqlə ki, İbn Sina tibbdə üstün idi, Nəsirəddin Tusi isə riyaziyyatda. Bəziləri Nəsirəddin Tusinin İşaratın şərhi kitabında Fəxri Razinin iradları qarşısında İbn Sinanı müdafiə etməsini o əsrdə fəlsəfənin dirçəlməsinə səbəb olduğunu düşünürlər.[42] Həmçinin Nəsirəddin Tusini şiənin kəlam elmində fəlsəfi üslubdan istifadədə təşəbbüskar saymışlar.[43] Mürtəza Mütəhhərinin fikrincə Nəsirəddin Tusidən sonra yazılan bütün kəlam kitabları Təcridul-etiqad kitabından təsirlənmişlər.[44] Bəzi müasir araşdırmalara görə Nəsirəddin Tusi bir cəhətdən özündən əvvəlki alim və filosofların şərhçisi və tamamlayıcısı, digər bir cəhətdən isə özündən sonrakı alimlər üçün bir nümunə olmuşdur.[45]

Müsəlman alimlərin həmçinin qərbli islamşünasların çoxu onu tərifləmişlər.[46] Nəsirəddin Tusinin haqqında işlədilən müxtəlif ifadələr onun elmi məqamının göstəricisdir. O ifadələrdən bəzisi bunlardır: Sultanul-mühəqqiqin,[47] fəxrul-hükəma və müəyyidul-füzəla, nəsirul-milləti vəd-din,[48] mühəqqiq müdəqqiq Tusi və həkim əzim quddusi,[49] əfzəlul-mütəəxxirin və əkməlul-mütəqəddimin.[50]

Şagirdləri

Nəsirəddin Tusinin məşhur şagirdlərinin bəzisi aşağıdakılardır:

  1. Şiənin böyük kəlamçı və fəqihlərindən olan Əllamə Hilli (vəfatı, h.q 726) fəlsəfəni Nəsirəddinin Tusidən öyrəndi[51] və Tusinin Təcridul-etiqad kitabına Kəşfül-murad adlı şərh yazdı. Bu kitab Təcridul-etiqadın ən məşhur şərhlərindən biridir.[52]
  2. “Misbahus-salikin” kitabının müəllifi, filosof, riyaziyyatçı, kəlamçı və fəqih İbn Meysəm Bəhrani fəlsəfədə Tusinin şagirdi, fiqhdə isə onun ustadı olmuşdur.[53]
  3. Qütbüddün Şirazi (vəfatı h.q 710) Nəsirəddin Tusi Hulakuxanla Qəzvinə gedərkən onun yanında idi. O, Tusi ilə birlikdə Marağaya getdi və astronomiya, riyaziyyat, fəlsəfə və tibb elmlərində onun şagirdi oldu. Tusi onu “Qutbe-fələkul-vucud” olaraq çağırırdı.[54]
  4. Seyyid Ruknuddin kimi məşhur olan Həsən ibn Məhəmməd ibn Şərəfşah Ələvi, Tusinin şagirdlərindən olmuş, onun bəzi əsərlərinə şərh yazmışdır.[55]
  5. İbnul-Fuvəti kimi tanınan Kəmaluddin Əbdür-Rəzzaq Şeybani Bağdadi (h.q 642-723) yeddinci hicri əsrinin tarixçilərindəndir və “Mucəmul-adab” və “Həvadisul-camiə” kitabları onun əsərlərindəndir. O, Marağa rəsədxanasının kitabxanasının, ömrünün sonlarında isə Müstənsəriyyə kitabxanasının məsulu olmuşdur.[56]
  6. İbnul-Xəvvam olaraq tanınan İmadəddin Hərbəvi riyaziyyat və tibb elmlərində öz zamanının öncüllərindən olmuşdur və onun “Fəvaidu-bəhaiyyə fi qəvaidə-hesabiyyə” və “Moqəddemei dər tebb” adlı kitabları olmuşdur.[57]

Tusinin əsərləri

Nəsirəddin Tusinin kitablarının və traktatlarının sayının 184-dən çox olduğunu deyirlər.[58] Nəsirəddin Tusi riyaziyyat, astronomiya, kəlam, fəlsəfə, irfan, məntiq, fiqh, tibb, qəribə elmlərQuranın təfsiri kimi müxtəlif elmlərdə əsərlər yazmışdır. Onun əsərlərinin çoxu ərəb dilindədir. Nəsirəddin Tusi İşaratın şərhinin girişində kitabı yazdığı zəmanənin əzab-əziyyətinin və qəm-qüssəsinin əlindən şikayətlənmişdir.[59]

Onun bəzi əsərləri aşağıdakılardır:

  • Təcridul-etiqad: Bu kitab yazıldığı vaxtdan bu günə qədər şiə elmi hövzələrində kəlam bölməsində tədris edilən kitablardandır.[60] Nəsirəddin Tusi bu kitabda kəlam elmini fəlsəfə ilə qarışdırmış və kəlam elminin məsələlərini fəlsəfi üslubla həll etmişdir.[61]
  • Əsasul-iqtibas: Məntiq mövzusunda yazılan bu kitab fars dilindədir.[62] Bəzi araşdırmaçılar bu kitabı İbn Sinanın Şifa kitabının məntiq hissəsindən sonra bu mövzuda yazılmış ən mühüm kitab hesab edirlər.[63]
  • İbn Sinanın İşarat vət-tənbihat kitabının şərhi: Bu kitab məşşa fəlsəfəsinin dərslik kitablarındandır.[64]
  • Əxlaqe-Nasiri: Bu kitab İbn Miskəveyhin Təharətul-əraq kitabının əlavələr ilə birlikdə tərcüməsidir.[65]

İstinadlar

  1. Nimə, Fəlasifətuş-şiə, m.1987, s.535
  2. Əl-Əmin, Əl-İsmailiyyan vəl-moğul və Nəsirəddin Tusi, m.2005, s.16-20
  3. Əl-Əmin, Əl-İsmailiyyan vəl-moğul və Nəsirəddin Tusi, m.2005, s.20
  4. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.415
  5. Nəsirəddin Tusi, Tənsuxe name İyxani, h.ş 1363, müqəddimə, s.15
  6. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.415
  7. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.415
  8. Nəsirəddin Tusi, Tənsuxe name İyxani, h.ş 1363, s.16
  9. Nəsirəddin Tusi, Tənsuxe name İyxani, h.ş 1363, s.17
  10. Ağa Bozorq Tehrani, Əz-Zəriə, h.q 1389, c.1, s.380-381; Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.415
  11. Müdərrisi Rəzəvi, Əhval və asare Xacə Nəsirəddin, h.ş 1354, s.9
  12. Müdərrisi Rəzəvi, Əhval və asare Xacə Nəsirəddin, h.ş 1354, s.9
  13. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.415
  14. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.415
  15. Xacə Nəsirəddin Tusi və nəqşe u dər qostəreşe təşəyyö və hifze asare İslami, s.71
  16. Aq Sərai, Musamərutul-əxbar, h.ş 1362, s.47
  17. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.415-416
  18. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.416
  19. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.416-417
  20. Nimə, Fəlasifətuş-şiə, m.1987, s.540
  21. Həsənzadə Amuli, Hezaro yek kəlme, h.ş 1381, s.329
  22. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, m. 1997, c.17, s.387
  23. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.416-417
  24. Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.417
  25. Müdərrisi Rəzəvi, Əhval və asare Xacə Nəsirəddin, h.ş 1354, s.50
  26. İbn Şakir, Fəvatul-vəfiyyat, m.1974, c.3, s.246-252; Ziydan, Tarixut-təməddonil-İslami, m.1914, c.3, s.214
  27. Ajənd, Karkərde do suye ketabxane dər doreye məğulane İran ketabe arayi və ketabdari, s.10
  28. İbn Teymiyyə Hərrani, Minhacus-sunnət, c.3, s.445-446
  29. Salihi və İdrisi, Xacə Nəsirəddin Tusi və fəthe Bağdad, s.115-120
  30. Müdərrisi Rəzəvi, Əhval və asare Xacə Nəsirəddin, h.ş 1354, s.27
  31. Nimə, Fəlasifətuş-şiə, m.1987, s.531; Əmin, Əyanuş-şiə, m.1986, c.9, s.418
  32. Kəhf surəsi, ayə 18
  33. Əzizi, Fəzail və siyreye çəhardəh məsum (ə) dər asare ustad Əllamə Həsənzadə Amuli, h.ş 1381, s.402
  34. Tusi, Təcridul-ğeybə, h.q 1407, s.293
  35. Nimə, Fəlasifətuş-şiə, m.1987, s.534
  36. İyzədi və Əhmədpənah, Məzhəbe Xacə Nəsirəddin Tusi və təsire an bər təamule vey ba İsmailiyyane nezari, s.30 və 33
  37. İyzədi və Əhmədpənah, Məzhəbe Xacə Nəsirəddin Tusi və təsire an bər təamule vey ba İsmailiyyane nezari, s.36
  38. Dəftəri, Fərhad, Nəsirəddin Tusi və İsmailiyyan, h.ş 1391
  39. İyzədi və Əhmədpənah, Məzhəbe Xacə Nəsirəddin Tusi və təsire an bər təamule vey ba İsmailiyyane nezari, s.36
  40. Nimə, Fəlasifətuş-şiə, m.1987, s.535
  41. Lahici, Fəyyaz, Qohəre murad, s.702
  42. İbrahimi, Soxənrani dər səraye əhli qələm, s.11
  43. [1], irip.ir saytı; [2], ensani.ir saytı
  44. Mütəhhəri, Aşinayi ba ulume İslami, c.2, s.57
  45. Məsumi, Həmədani, Ustade bəşər, h.ş 1391, s.12
  46. Fərhat, Əndişehaye fəlsəfi və kəlami Xacə Nəsirəddin Tusi, h.ş 1389, s.97
  47. Tehrani, Ağabozorq, Əz-Zəriətu ila təsanifiş-şiə, h.q 1389, c.37, s.392
  48. [3]
  49. Xomeyni, Ruhullah, 40 hədisin şərhi, c.1, s.271
  50. Xomeyni, Ruhullah, 40 hədisin şərhi, c.1, s.661
  51. Müdərrisi Rəzəvi, Məhəmməd Təqi, Əhval və asare Xacə Nəsirəddin Tusi, Bunyade fərhənge İran, h.ş 1354, s.238
  52. Sədrayi Xoyi, Əli, Ketabşenasi təcrisul-etiqad, h.ş 1382, s.35
  53. Xansari, Ruzətul-cənnat, h.q 1390, c.6, s.302
  54. Müdərrisi Rəzəvi, Əhval və asare Xacə Nəsirəddin, h.ş 1354, s.241-242
  55. Müdərrisi Rəzəvi, Əhval və asare Xacə Nəsirəddin, h.ş 1354, s.249
  56. Müdərrisi Rəzəvi, Əhval və asare Xacə Nəsirəddin, h.ş 1354, s.252-257
  57. Müdərrisi Rəzəvi, Əhval və asare Xacə Nəsirəddin, h.ş 1354, s.257-261
  58. Rəhat, Əndişeahaye fəlsəfi və kəlami Xacə Nəsirəddin Tusi, h.ş 1389, s.71
  59. Nəsirəddin Tusi, Şərhe eşarat, c.2, s.146
  60. Əllamə Hilli, Kəşful-murad, h.q 1413, müqəddimə, s.5
  61. Nəsirəddin Tusi, Təcridul-etiqad, h.q 1407, s.71
  62. Müdərrisi Rəzəvi, Məhəmməd Təqi, Əhval və asare Xacə Nəsirəddin Tusi, Bunyade fərhənge İran, h.ş 1354, s.420
  63. Müdərrisi Rəzəvi, Məhəmməd Təqi, Əhval və asare Xacə Nəsirəddin Tusi, Bunyade fərhənge İran, h.ş 1354, s.420
  64. Əllamə Hilli, Kəşful-murad, h.q 1413, müqəddimə, s. 5
  65. Müdərrisi Rəzəvi, Məhəmməd Təqi, Əhval və asare Xacə Nəsirəddin Tusi, Bunyade fərhənge İran, h.ş 1354, s.9

Ədəbiyyat

  • Aq Sərai, Mahmud ibn Mahmud, Musamirətul-əxbar, Tehran, Əsatir, h.ş 1362
  • İbrahimi Dinani, Ğulamohsin, Soxənrani dər səraye əhli-qələm, h.ş 1389
  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sunnətin-nəbəviyyə, h.q 1406
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Misir, m.1997
  • Əl-Əəsm, Əbdül-Əmir Əbdür-Rəsul İmadi, Xacə Nəsir mubtəkire rəveşe fəlsəfi dər kəlame şiə, h.ş 1386
  • Əl-Əmin Həsən, Əl-İsmailiyyun vl-muğul və Nəsirəddin Əl-Tusi, Qum, h.q 1426\m.2005
  • Əmin, Seyyid Həsən, Xacə Nəsirəddin Tusi, və nəqşe u dər qostəreşe təşəyyö və hifze asare İslami, h.ş 1383
  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, Beyrut, darut-taaruf, m.1986
  • İyzədi, Hüseyn və Mutəhhirsaadat Əhməd Pənah, Məzhəbe Xacə Nəsirəddin Tusi və təsire an bər təamule vey ba İsmailiyyane nezari, Tarixe İslam, h.ş 1389
  • Həsənzadə Amuli, Hsən, Hezaro yek kəlme, Qum, Bustane kitab, 3-cü çap, h.ş 1381
  • Xansari, Məhəmməd Baqir, Ruzatul-cənnat, Qum, Dəhqani, h.q 1390
  • Dəftəri, Fərhad, Nəsirəddin Tusi və İsmailiyyan, Tərcümə: fatimə Rəhimi, Tehran, h.ş 1391
  • Ramazani, Həsən, Mururi bər asar və təlifate Əllamə Həsəzadə Amuli, h.ş 1374
  • Ziydan, Cərhi, Tarixud-təməddonil-İslami, Misir, m.1914
  • Salihi, Raziyə və Məhəmməd Həsən İdrisi, Xacə Nəsirəddin Tusi və fəthe Bağdad, Tarixe İslam, h.ş 1387
  • Sədrayi Xoyi, Əli, Ketabşenasi təcrisul-etiqad, Qum, h.ş 1382\h.q 1424\m.2003
  • Əllamə Hilli, Həsən ibn Yusif, Kşful-murad, Təhqiq: Həsən Həsənzadə Amuli, Qum, İslami nəşr müəssisəsi, 4-cü çap, h.q 1413
  • Fərhat, Hani, Əndişehaye fəlsəfi və kəlami Xacə Nəsirəddin Tusi, Tərcümə: Ğulam Rza Cəmşid Nejad, Tehran, h.ş 1389
  • Kətbi, Məhəmməd ibn Şakir, Fəvatul-vəfiyyat, Beyrut, m.1974
  • Lahici, Fəyyaz, Qohəre murad, Tehran, Saye, h.ş 1383
  • Müdərrisi Rəzəvi, Məhəmməd Təqi, Əhval və asare Xacə Nəsirəddin Tusi, Bunyade fərhənge İran, h.ş 1354
  • Məsumi Həmədani, Hüseyn, Ustade bəşər: Pejuheşhayi dər zendegi, Ruzeqar, fəlsəfe və elme Xacə Nəsirəddin Tus, Tehran, h.ş 1391
  • Nəsirəddin Tusi, Məhəmməd ibn Məhəmməd, Təcridul-etiqad, h.q 1407
  • Nimə, Abdullah, Fəlasifətuş-şiə, Beyrut, Darul-fikril-Lubnani, m.1987
  • متقی، حسین، «کتابشناسی اصول هندسه اقلیدس، با تأکید بر تحریر خواجه نصیرالدین طوسی»
  • پایگاه مؤسسه حکمت و فلسفه ایران

Xarici keçid