Ümrə
Ümrə (ərəbcə: العمرة), Həcc əməlləri kimi bir sıra əməllərin məcmusudur və Kəbəni ziyarət edəndə yerinə yetirilir. Şərtlər mövcud olduqda ömründə bir dəfə ümrə ziyarətinə getmək vacib, daha çoxu isə müstəhəbdir. Ümrənin iki qismi var: ümreyi-təməttö və ümreyi-müfrədə. Ümreyi-təməttö Həcc əməllərinin bir qismidir və Həcc aylarında yerinə yetirilir.
Ümrə də Həcc kimi dörd şərtlə – ağıl, yetkinlik, azadlıq (kölə olmamaq) və imkan – vacib olur. Ehram, təvaf, təvaf namazı, Səfa və Mərvə arasında gedib-gəlmək və təqsir ümrə əməllərindəndir. Ümreyi-müfrədə və Ümreyi-təməttö bəzi əməllərdə bir-birindən fərqlidir.
Hədislərə görə, rəcəb ayının ümrəsi digər ayların ümrəsindən daha fəzilətlidir.
Fiqhi tərif və qisimlər
Ümrə xüsusi şəri əməllərə deyilir ki, Məkkədə və miqatda[1] Allahın evini ziyarət məqsədilə yerinə yetirilir.[2] Ümrə iki qismə – ümreyi-təməttö və ümreyi- müfrədəyə bölünür.[3]
Ümreyi-təməttö həcci-təməttö ilə birlikdə yerinə yetirilir və onun bir hissəsidir.[4] Ümreyi-müfrədə isə Həccdən ayrı şəkildə yerinə yetirilən ümrəyə deyilir.[5]
Fiqhi hökm
Fəqihlərin fitvasına görə, ümrə ziyarəti də Həcc kimi şərtlər mövcud olduqda hər bir müsəlmana ömründə bir dəfə vacibdir.[6] Ümrənin vacibliyi təxirəsalınmaz vacib növündəndir.[7] Bir dəfədən artıq ümrə yerinə yetirmək müstəhəbdir.[8]
“Cəvahir”in müəllifi yazır ki, fəqihlər ümrənin vacib olması haqqında yekdildirlər.[9] Onun sözlərinə görə, ümrənin vacib olması həm hədislərdə, həm də Quranda bəyan olunub. Buna nümunə “Bəqərə” surəsinin 196-cı ayəsidir: “Həcc və ümrəni Allah üçün tam yerinə yetirin!”[10]
Həcci-təməttö və (təbii olaraq) onunla birlikdə ümreyi-təməttö də edən şəxsin ümreyi-müfrədəni yerinə yetirməsi vacib deyil.[11]
Ümrənin vacib olma şərtləri
Ümrənin vacib olma şərtləri Həccin vacib olma şərtləri kimidir[12]. Yəni ümrə o zaman vacib olur ki, insan aqil, yetkin (həddi-büluğa çatmış) və azad olsun (kölə olmasın). Həmçinin, buna imkanı olsun.[13] İmkan dedikdə fiziki və maddi gücünün olması, kifayət qədər vaxtın olması və yolun açıq olması nəzərdə tutulur.[14]
Ümrə əməlləri
Ümreyi-müfrədə və ümreyi-təməttö bəzi əməllərdə müştərək, bəzilərində isə fərqlidir. Hər iki ümrədə, ardıcıllıqla bu rituallar yerinə yetirilir: ehram, təvaf, təvaf namazı, Səfa və Mərvə arasında gedib-gəlmək və təqsir.[15]
İki ümrə arasındakı fərqlər isə aşağıdakılardır:
- Ümreyi-müfrədədə yuxarıdakı əməllərdən sonra təvafi-nisa və təvafi-nisa namazı yerinə yetirilir.
- Ümreyi-təməttödə ehram məxsusi aylarda (şəvval, zilqədə və zilhəccə) yerinə yetirilir. Ümreyi-müfrədədə isə xüsusi bir zamana xas deyil.
- Ümreyi-müfrədədə təqsirin əvəzinə (saçın və ya dırnağın bir hissəsini qırxmaq) həlq əməli (başı qırxmaq) yerinə yetirilir. Ümreyi-təməttödə isə yalnız təqsir edilməlidir.[16]
- Ümreyi-təməttönün miqatının beş miqatdan biri olması zəruridir. Ümreyi-müfrədənin miqatı isə beş miqatdan başqa “Ədnəl-hill” (hərəmdən bayırda ən yaxın yer) ola bilər.[17]
Rəcəb ayının ümrəsi
Fəqihlərə görə, rəcəb ayında yerinə yetirilən ümrə digər aylarda edilən ümrədən daha çox fəzilətlidir.[18] Bu haqda rəvayətlər də nəql olunub. Məsələn, “Vəsailuş-şiə”də Peyğəmbərdən (s) və İmam Sadiqdən (ə) nəql olunub ki, ən fəzilətli ümrə rəcəb ayında edilən ümrədir.[19]
Ümrə terminologiyası
Ümrətül-islam, ümreyi-təhəllül və ya fəvat, ümreyi-məbtulə, ümreyi-qiran və ümreyi-ifrad ümrə haqqında işlənən terminlərdir ki, aşağıda izahı olunur:
* Ümrətül-islam: İlk dəfə öz-özlüyündə vacib olan ümrə ümrətül-islam adlanır. Bu ümrə müstəhəb ümrə, həmçinin nəzir və s.-lə vacib olan ümrənin müqabilindədir.[20]
* Ümreyi-təhəllül və ya fəvat: O ümrədir ki, onda hacı ehram bağlayandan sonra hər hansı bir səbəbdən həccini tamamlaya bilmir. Buna görə də həcc əməllərini yerinə yetirmək onun üzərindən götürülür və bu ümrəni yerinə yetirməklə ehramdan çıxmalıdır.[21]
* Ümreyi-məbtulə: Ümreyi-müfrədənin digər adıdır. Ümreyi-müfrədə Həcc əməllərindən ayrı olduğu üçün ona məbtulə (kəsilmiş) deyilir.[22]
* Ümreyi-qiran: Vəzifəsi həcci-qiran olanın ümrəsidir.[23]
* Ümreyi-ifrad: Həcci-ifrad etməli olanın ümrəsidir.[24]
İstinadlar
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.441
- ↑ Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.296; Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.441
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.479
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.481
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.485
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.274; Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.441
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.277
- ↑ Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.297
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.441
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.441
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.449
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.274
- ↑ Mahmudi, Məsanike Həcc, h.ş 1387, s.20
- ↑ Məqami Müəzzəmi əhbərinin nəzarəti altında olan bir qrup araşdırmaçı, Muntəxəbe Mənasike Həcc, h.q 1426, s.21
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.275
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.275-276
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.488
- ↑ Şəhid Əvvəl, Əd-Durusuş-şəriə, h.q 1417, c.1, s.337; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.276
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.14, s.302
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.480
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.480
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.485
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.485
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.485
Ədəbiyyat
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-Beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1409
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əd-Durusuş-şəriə, Qum, İslami nəşr, 2-ci çap, h.q 1417
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, 3-cü çap, h.q 1387
- Məqami Müəzzəmi əhbərinin nəzarəti altında olan bir qrup araşdırmaçı, Muntəxəbe Mənasike Həcc, h.q 1426
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan, 2-ci çap, h.q 1408
- Mahmudi, Məhəmməd Rza, Mənasike həcc, Tehran, 4-cü çap, h.ş 1387
- Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, 1-ci çap, h.ş 1392
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404