Məzmuna keç

Əbədi əzab

wikishia saytından

Əbədi əzab və ya cəhənnəmdə əbədi qalmaq, (ərəbcə: الخلود في النار) İslamın və bir çox ilahi dinin təlimlərində mövcuddur. Quranda bir neçə ayədə “xalidinə fīhə əbəda” (onlar orada əbədi qalacaqlar) kimi ifadələrlə əbədi əzaba işarə olunmuşdur; həmçinin şiə hədis irsində də cəhənnəmdə əbədi qalmağa dair çoxlu hədislər vardır.

Cəhənnəmdə əbədi qalmaq məsələsində alimlər arasında müxtəlif baxışlar mövcuddur: Mühyiddin Ərəbi, Molla Sədra (əlbəttə, bəzi əsərlərində) və İmam Xomeyni (r.ə) kimi şəxslər cəhənnəmdə əbədi qalmağı qəbul etmirlər və inanırlar ki, axırda cəhənnəm əzabı sona çatacaq. Onlar əbədi əzabı Allahın ədalətinə, hikmətinəmərhəmətinə zidd bilirlər və deyirlər ki, cəhənnəm sakinlərinin hamısı ya oradan çıxacaq, ya da orada qalsalar belə, artıq əzab və ağrı hiss etməyəcəklər. İnsanın ilahi fitrətinin fani olmaması da bu qrupun əbədi əzabın olmamasına dair digər dəlillərindəndir.

Bundan əlavə, əbədi əzabı qəbul edənlər isə bunun yalnız inadkar kafirlərə aid olduğunu bildirirlər ki, onlara tam şəkildə höccət tamamlanmışdır. Bu fikrə sahib olanlar düşünürlər ki, günahkarlar və zehni baxımdan zəif olanlar (müstəzəflər) cəhənnəmdə əbədi qalmayacaqlar. Şiə alimləri inanırlar ki, əməllərin təcəssüm etməsi nəzəriyyəsi və Qiyamətdə əməllərin həqiqətinin üzə çıxması ilə əbədi əzabı izah etmək olar. Bundan əlavə, Quranda bəzi insanların cəhənnəmdən çıxmayacağı açıq şəkildə qeyd olunmuşdur. Xəvaric də kafirlərlə yanaşı, böyük günahlar edib tövbəsiz ölənlərin də əbədi əzaba düçar olacağını qəbul edirlər.

Məqamı

İnsanın ruhunun ölümündən sonra əbədi qalması və davamlılığı İslam dini və digər bir çox dinlərin, o cümlədən, Yəhudilik və Xristianlığın təlimlərində yer alır.[1] Ümumilikdə, Quranda bu şəxslər və ya qruplara əbədi olaraq cəhənnəm odunda qalmağa vəid (təhdid olunmuşlar) verilib: Kafirlər,[2] müşriklər[3]münafiqlər.[4]

Əbədi əzab məsələsində elə bir fikir ayrılığı mövcuddur ki, bir qrup buna icma olunduğunu və dini cəhətdən zəruri hesab edildiyini bildirir, digərləri isə bunu ağla o qədər zidd sayırlar ki, dini inanca aid edilə bilməyəcəyini söyləyirlər.[5] Əbədi əzabın tərəfdarları dəlil gətirmək məqamında əsasən, dini nəqli mətnlərə istinad etmişlər.[6] Bildirilir ki, Quranda 85 ayə əbədilik mövzusuna həsr olunmuş və 34 ayə cəhənnəmdə əbədi qalmaqla bağlıdır.[7] “Nisa” surəsinin 169-cu, “Əhzab” surəsinin 65-ci və “Cin” surəsinin 23-cü ayələrində – hansı ki kafirlər, zalımlar və Allaha və Onun peyğəmbərinə asi olanlarla bağlıdır – “xalidinə fiha” ifadəsindən sonra “əbəda” (əbədi olaraq) sözü gəlmişdir.[8]

Cəhənnəmdə əbədilik barəsində çox sayda rəvayət nəql olunmuşdur. Məhəmməd Hüseyn Təbatəbainin ifadəsinə görə, Əhli-beytdən əbədi əzab məsələsi barədə gələn rəvayətlər “istifazə” həddinə çatmışdır.[9] Bəzi rəvayətlərdə cəhənnəmdə əbədilik və davamlı əzab yalnız kafirlər, inkar edənlər və müşriklərə aid edilmişdir.[10]

Əbədi əzab haqqında üç nəzəriyyə

Kafirlər və böyük günah sahibləri üçün əbədi əzab

Müxtəlif məzhəblərə mənsub müsəlman mütəkəllimlərin əksəriyyəti kafirlərin cəhənnəmdə əbədi qalacaqlarına inanırlar.[11] Lakin fasiq bir şəxsin, başqa ibarətlə desək, böyük günah işləyib tövbə etmədən dünyadan gedən möminin əbədi əzab içində qalması məsələsində böyük ixtilaf vardır.[12]

Xəvaricə görə, böyük günah işləyən şəxs kafirdir və daim od içində qalacaq.[13] Əksinə, Mötəzilə təriqətinə görə, fasiq müsəlman nə mömindir, nə də kafir; onun yeri “mənzilətun beynəl-mənzilətəyn” (iki məqam arasında bir məqamdır). Baxmayaraq ki, onların əksəriyyəti də Xəvaric kimi belə bir şəxsin əbədi olaraq cəhənnəmdə qalacağına inanırdılar.[14]

Əbədi əzabın yalnız kafirlərə aid olması

Cahiz (vəfatı: 255 hicri) və Abdullah ibn Həsən Ənbəri (ikinci hicri əsrdə yaşamışdır) inanırdılar ki, əbədi əzab yalnız qəsdən haqqı inkar edən kafirə aiddir; lakin bir şəxs çalışsa, haqq dəlillər ona aşkar olmasa və bu səbəbdən İslamı qəbul etməsə, o üzrlü sayılır və onun cəhənnəmdəki əzabı bir müddətdən sonra kəsilər.[15]

Əbədi əzaba qarşı çıxmaq

Əbədi əzaba qarşı çıxmaq müxtəlif məzhəblərin alimləri arasında mövcuddur, lakin bu müxaliflər vahid fikrə sahib deyillər. Aparılmış tədqiqatlara əsasən, əbədi əzaba qarşı çıxanları altı qrupa bölmək olar.[16]

  1. Cəhənnəm əhlinin cəhənnəmdən çıxaraq cənnətə daxil olması[17]
  2. Cəhənnəmin və oradakıların yox olması (fani olması)[18]
  3. Cəhənnəm əhlinə səbir gücünün verilməsi və əzabın unudulması[19]
  4. Əzabın nemətlə qarışıq olması[20]
  5. Əzabın ləzzətə çevrilməsi (şirin hala gəlməsi)[21]
  6. Növ baxımından əbədi qalmaq (yəni fərdi yox, ümumi bir növün əbədi qalması).[22]

Bildirilir ki, həm cəhənnəmin, həm də cənnətin fani olacağına inanan Cəhm ibn Səfvandan və bəzi tərəfdarlarından başqa — bunlar əbədi qalmaq (xulud) inancını qəbul etməmişlər —[23] Mühyiddin İbn Ərəbi cəhənnəm əhlinin əbədi qalması inancına qarşı çıxan ən tanınmış şəxsdir.[24] O yazmışdır ki, cəhənnəm əhli əməlləri qədər əzab çəkdikdən sonra, həmin cəhənnəmdə Allahın fəzl və rəhmətinə nail olacaqlar və artıq o oddan əziyyət çəkməyəcəklər.[25] Molla Sədra Şirazi də bəzi əsərlərində İbn Ərəbi kimi bu fikirdə olmuşdur ki, nəhayət cəhənnəm əzabı sona çatacaq və cəhənnəm əhli daha əzab və ağrı hiss etməyəcək.[26]

İmam Xomeyni (r.ə) də bu alimlər sırasına daxil edilmişdir. O da cəhənnəm əhlinin əzabdan xilas olacağına və şəfaətə nail olacağına inanır.[27] Deyirlər ki, o, bu iddiası üçün ilahi ümumi rəhmətə və insanın Allah tərəfindən verilmiş fitrətinin aradan getməməsinə istinad etmişdir.[28]

Şiə alimlərinin baxışı

Qədrdan Qaraməlikinin verdiyi məlumata əsasən, şiə alimləri arasında əbədi əzab (xulud) prinsipi hamılıqla qəbul edilir.[29] Həmçinin şiə mütəkəllimlərinin inancına görə, cəhənnəmdə əbədi qalmaq yalnız kafirlərə aiddir.[30]

Əbədi əzabın inadkar kafirlərə məxsus olması

Şeyx Müfidə görə, şiə inancında əbədi əzab yalnız kafirlərə aiddir və günahkarlar cəhənnəmə düşsələr belə, orada əbədi qalmazlar.[31] Molla Sədra vurğulayır ki, cəhənnəmdə əbədi qalmağın səbəbi yalnız küfrdür və kafirlərin atəşdə əbədi qalmasını onların batil etiqadlarının fəsadı ilə izah edir; əməldəki fəsadın əksinə ki, onun aradan qalxma ehtimalı var.[32]

Əllamə Təbatəbainin fikrincə, Qurani-Kərim əzabın əbədiliyi və xulud haqqında açıq-aşkar danışır. Necə ki, “Bəqərə” surəsinin 76-cı ayəsində açıq şəkildə onların atəşdən çıxmayacağı bildirilib. Həmçinin bu mövzuda Əhli-Beytdən gələn çoxsaylı rəvayətlər də vardır. Buna görə, əzabın sona çatacağını bildirən bəzi qeyri-şiə rəvayətləri Qurana zidd olduğuna görə qəbul edilmir.[33]

Şiə ilahiyyatçılarının dəlilləri

Şiə din alimləri, əbədi əzabın ümumi olmadığı və yalnız inadkar kafirlərə aid olduğu fikrini Quran ayələri, rəvayətlər və əqli dəlillərlə sübut edirlər. Məsələn, “Ənam” surəsinin 128-ci ayəsindəki "illə mə şaə illəllah" ifadəsinə əsasən, bəzi şəxslər əbədi əzab hökmündən istisna edilmişdir. İcmaya görə kafir heç vaxt cəhənnəmdən çıxmaz, deməli, bu ayədə böyük günah edən fasiq nəzərdə tutulur ki, Allahın iradəsi ilə onun əzabı sona çata bilər.[34] Məclisi, xulud haqqında qeyd olunan rəvayətlərin ümumi mənasına əsaslanaraq belə nəticəyə gəlir ki, ağıl çatışmazlığı olanlar və ya onlara höccət tamam olmayanlar cəhənnəmdə əbədi qalmayacaqlar.[35]

Şiə mütəkəllimlərinin fikrincə, böyük günah işləyən mömin, imanı sayəsində əbədi savaba layiqdir; çünki “Zilzal” surəsinin 7-ci ayəsində bildirildiyinə görə, ən kiçik yaxşı əmələ belə savab verilir və iman ən böyük yaxşı əməldir. Buna görə də, belə şəxs əvvəlcə əzab görməli, sonra isə cənnətdə əbədi savaba nail olmalıdır.[36]

Əbədi əzab və Allahın rəhməti

Fəlsəfi və irfani yanaşmaları üstün tutan bəzi müsəlman alimləri əbədi əzaba və cəhənnəmdə daimi qalmağa qarşı çıxaraq,[37] əzabın əbədi olmasını Allahın rəhməti ilə uyğun hesab etməmişlər.[38]

Buna əksinə olaraq, şiə təfsirçisi və filosofu Əllamə Təbatəbaiyə görə, Allahın rəhməti ürəyin yumşaqlığı və şəfqət hissi mənasında deyil; çünki bu hallar maddi insana aid xüsusiyyətlərdir. Həqiqətdə, rəhmət, fərdin istedadına uyğun olan bir şeyi ona bəxş etmək və əta etmək mənasındadır.[39]

İbn Ərəbi isə belə inanca sahibdir ki, bəzi insanların mahiyyəti rəhmət və şəfqətlə yoğrulmuşdur və əgər Allah onlara bəndələrinin işlərinə nəzarət və hakimiyyət imkanı versəydi, onlar əzab və əziyyəti dünyadan aradan qaldırardılar. Belə olduqda, bu kamilliyi bəndələrindən bəzilərinə verən Allah, əlbəttə, bu sifətə daha layiqdir və əzabı tamamilə yox edə bilər. Allah Özünü bəndələrinə qarşı "Ərhəmür-Rahimin" olaraq tanıtmışdır.[40]

Əbədi əzab, Allahın ədaləti və hikməti

Bəzi müsəlman alimləri əbədi əzabı Allahın ədaləti ilə ziddiyyətli hesab etmiş və belə bir sual vermişlər ki, niyə bir insan dünyada qısa müddət günah etdiyinə görə, həmişəlik cəhənnəmdə yanmalıdır?[41]

Digər mütəfəkkirlər də əbədi əzabın Allahın hikməti ilə uyğun gəlmədiyini bildirmiş[42] və demişlər ki, sonu olmayan əzaba düçar olacaq bir varlığın yaradılması hikmətli bir iş ola bilməz.[43]

Əməllərin təcəssüm etməsi nəzəriyyəsi ilə əbədi əzabın izahı

Bəzi dini alimlər əbədi əzabla ilahi ədalətin uzlaşmasını yalnız əməllərin təcəssüm etməsi nəzəriyyəsi ilə mümkün hesab edirlər.[44] Onların fikrincə, əzabın ədalətlə ziddiyyət təşkil etməsi axirət əzablarını müqaviləvi və etibarən qəbul etməyin nəticəsidir; çünki axirət əzablarını müqaviləvi saymaq, əbədi əzabın mümkünlüyü barədə suallar doğurur və əbədi əzab üçün məntiqli bir səbəb göstərmək mümkün olmur.[45] Bu səbəbdən, bəzi alimlər əbədi əzabı izah etmək üçün əməllərin təcəssüm etməsi nəzəriyyəsinə müraciət etmişlər.[46] Digər tərəfdən isə bu nəzəriyyəyə belə bir irad tutulmuşdur ki, əməllərin təcəssüm etməsi nəzəriyyəsi maksimum cəhənnəmdə əbədi qalmanın mümkünlüyünü sübut edə bilər, lakin onun mütləq surətdə baş verəcəyini yox.[47]

Bu istiqamətdə, Əllamə Təbatəbai əbədi əzabı “hikməti mütəaliyə”nin fəlsəfi prinsipləri, o cümlədən, cövhəri hərəkət əsasında izah edir. O, belə hesab edir ki, əgər çirkin əməllərin surətləri insanın nəfsi ilə birləşməyibsə, o zaman nəfs müəyyən bir müddət əzab çəkdikdən sonra azad olacaq; lakin əgər günahlar nəfsin mahiyyətinə çevrilərsə və nəfs heç bir təzyiq olmadan günaha meyl göstərər, onunla uyğunluq qazanarsa, onda insan əbədi əzab içində qalacaqdır.[48]

İstinadlar

  1. Bəlaniyan və Dehqani Mahmud Abadi, Xulud dər əzab, s.177
  2. Ali-İmran surəsi, s.116; Bəyyinə surəsi, ayə 6; Əhzab surəsi, ayə 64-65
  3. Bəyyinə surəsi, ayə 6; Furqan surəsi, ayə 68-69
  4. Tövbə surəsi, ayə 68; Mücadilə surəsi, ayə 14-17
  5. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 1, s.130
  6. Bəlaniyan və Dehqani Mahmud Abadi, Xulud dər əzab, s.178
  7. Rezayi Həftadir, Ərziyabi nəzəriyyeye inqitae əzabe cəhənnəm, s.34
  8. Əbdül-Baqi, Əl-Mucəmul-mufəhrəsu li-əlfazil-quranil-Kərim
  9. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.412
  10. Şeyx Səduq, Ət-Tövhid, h.q 1416, s.407-408; Məclisi, Biharul-ənvar, h.q 1403, c.8, s.34, 351
  11. Nümunə üçün baxın: Əllamə Hilli, Kəşful-murad, h.q 1427, s.561; Təftazani, Şərhul-məqasid, h.ş 1371, c.5, s.134; Corcani, Şərhul-məvaqif, h.ş 1370, c.8, s.307; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.ş 1387, s.441
  12. Əbdül-Bari, Yəvmul-Qiyamə, m.2004, s.306
  13. Əşəri, Məqalatul-İslamiyyin, h.q 1400, s.474; Şəhristani, Əl-Miləlu vən-nihəl, c.1, s.170, 186
  14. Əşəri, Məqalatul-İslamiyyin, h.q 1400, s.474; Bağdadi, Əl-Fərqu beynəl-firəq, s.115, 118-119; Həmçinin; Qazi Əbdül-Cabbar, Şərhul-üsulil-xəmsə, h.q 1408, s.650
  15. Fəxr Razi, Əl-Muhəssəl, h.q 1411, s.566; Təftazani, Şərhul-məqasid, h.ş 1371, c.5, s.131; Corcani, Şərhul-məvaqif, h.ş 1370, c.8, s.308-309
  16. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.125
  17. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.125
  18. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.125
  19. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.126
  20. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.126
  21. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.127
  22. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.128; Cavadi Amuli, Təsnim, h.ş 1395, c.39, s.436
  23. Əşəri, Məqalatul-İslamiyyin, h.q 1400, s.474
  24. Sati və Rafiya, Muqayise didqahe İmam Xomeyni dər babe xulud ba saer arae muxalif və muvafiq, s.79
  25. İbn Ərəbi, Əl-Futuhatul-Məkkiyyə, c.1, s.114, 303
  26. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.121
  27. Sati və Rafiya, Muqayise didqahe İmam Xomeyni dər babe xulud ba saer arae muxalif və muvafiq, s.95
  28. Sati və Rafiya, Muqayise didqahe İmam Xomeyni dər babe xulud ba saer arae muxalif və muvafiq, s.95
  29. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.120
  30. Şeyx Mufid, Əvailul-məqalat, h.ş 1330, s.14; Şeyx Mufid, Risaleye şərhe Əqaidus-Səduq, h.ş 1330, s.55; Tusi, Təcridul-etiqad, h.q 1407, s.304; Əllamə Hilli, Kəşful-murad, h.q 1427, s.561; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.ş 1387, s.441-443
  31. Mufid, Əvailul-məqalat, h.q 1413, s.46
  32. Molla Sədra, Əsfar, m.1981, c.4, s.307-310
  33. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.412-413
  34. Nümunə üçün baxın: Tusi, Təcridul-etiqad, h.q 1407, s.304; Əllamə Hilli, Kəşful-murad, h.q 1427, s.561-563; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.ş 1387, s.443-445
  35. Məclisi, Biharul-ənvar, h.q 1403, c.8, s.363
  36. Nümunə üçün baxın: Tusi, Təcridul-etiqad, h.q 1407, s.304; Əllamə Hilli, Kəşful-murad, h.q 1427, s.561-563; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.ş 1387, s.443-445
  37. Sati və Rafiya, Muqayise didqahe İmam Xomeyni dər babe xulud ba saer arae muxalif və muvafiq, s.79
  38. Cavadi Amuli, Təsnim, h.ş 1395, c.39, s.431; Bəthayi, Rəhməte İlahi və xulude duzexiyan, s.35
  39. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.414
  40. İbn Ərəbi, Əl-Futuhatul-Məkkiyyə, c.3, s.25
  41. Cavadi Amuli, Təsnim, h.ş 1389, c.2, s.483
  42. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 2, s.133
  43. Bəlaniyan və Dehqani Mahmud Abadi, Xulud dər əzab, s.179
  44. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 1, s.138
  45. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 1, s.138
  46. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 1, s.137
  47. Qədrdan Qəramələki, Təəmmuli dər cavidanegiye əzabe kuffar 1, s.138
  48. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.412-414

Ədəbiyyat

  • İbn Ərəbi, Məhəmməd ibn Əli, Əl-Futuhatul-Məkkiyyə, Beyrut, Daru sadir
  • Əşəri, Əli ibn İsmail, Məqalatul-İslamiyyin, h.q 1400
  • Bəthayi, Seyid Həsən, Rəhməte İlahi və xulude duzexiyan, h.ş 1389
  • Bağdadi, Əbdül-Qadir ibn Tahir, Əl-Fərqu beynəl-firəq, Çap: Məhəmməd Muhyiddin Əbdül-Həmid, Qahirə
  • Bəlaniyan, Məhəmməd Rza və Dehqani Mahmud Abadi, Xulud dər əzab, h.ş 1393
  • Təftazani, Məsud ibn Ömər, Şərhul-məqasid, Təhqiq: Əbdür-Rəhman Ümeyrə, Qahirə, Qum, h.ş 1371
  • Corcani, Əli ibn Məhəmməd, Şərhul-məvaqif, Misir, h.ş 1370
  • Cavadi Amuli, Abdullah, Təsnim təfsiri, Qum, Üsvə, Müxtəlif illər
  • Sati, Nəfsiyyə və Məryəm Rafiya, Muqayise didqahe İmam Xomeyni dər babe xulud ba saer arae muxalif və muvafiq, «مقایسه دیدگاه امام خمینی(س) در باب خلود با سایر آرای مخالف و موافق»
  • Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nihəl, Təhqiq: Əhməd Fəhmi Məhəmməd, Qahirə
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Ət-Tövhid, Təhqiq: Haşim Hüseyni Tehrani, Qum, h.ş 1357
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, İslami nəşr, 5-ci çap, h.q 1417
  • Tusi, Nəsiruddin, Təcridul-etiqad, Təhqiq: Məhəmməd Cavad Hüseyni Cəlali, Qum, h.q 1407
  • Əbdül-Bari, Fərəcullah, Yəvmul-Qiyamə, Qahirə, m.2004
  • Əbdül-Baqi, Məhəmməd Fuad, Əl-Mucəmul-mufəhrəsu li-əlfazil-quranil-Kərim
  • Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-murad, Təhqiq: Həsən Həsənzadə Amuli, Qum, Dəftəre enteşarate İslami, h.q 1427
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Əl-Ləvamiul-İlahiyyə, Qum, h.ş 1387
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Əl-Muhəssəl, Qahirə, h.q 1411
  • Qazi Əbdül-Cabbar ibn Əhməd, Şərhul-üsulil-xəmsə, Təhqiq: Əbdül-Kərim Osman, Qahirə, h.q 1408
  • Qədrdan Qəramələki, Məhəmməd Həsən, Təəmmuli dər cavidanegiye əzabe kuffar, h.ş 1376
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əvailul-məqalat, Təbriz, h.ş 1330
  • Molla Sədra Şirazi, Məhəmməd ibn İbrahim, Əsfar, Beyrut, m.1981
  • Rezayi Həftadir, Həsən və Məhəmməd Əli İsmaili, Ərziyabi nəzəriyyeye inqitae əzabe cəhənnəm, h.ş 1398

Xarici keçid