Amənər-Rəsul ayəsi
Ayənin adı | Amənər-Rəsul |
---|---|
Yerləşdiyi surə | Bəqərə surəsi |
Ayənin nömrəsi | 285 və 286 |
Cüz | 3 |
Nazil olma səbəbi | Səhabələrə təsəlli vermək və iman yolunu öyrətmək |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Etiqadi |
Barəsində | Allaha bəndəlik etməyin yolu; Allaha, peyğəmbərlərə və məada iman |
Sair | İslam dininin asanlığı, bəndələrə gücü çatmayan vəzifələr təyin etməmək |
Amənər-Rəsul ayəsi (ərəbcə: آية آمن الرسول) və ya Amənər-Rəsul ayələri (Bəqərə surəsi, 285-286) Allaha iman, peyğəmbərləri təsdiq etmək, məada iman, Allahın ibadət haqqına riayət etmək, qəlbi iman və möminlərin əməli itaəti, Allahın bağışlaması və bəndələrinə gücləri çatmayan bir yük verməməsinə işarə edir. Təfsirçilərin dediyinə görə, bu ayələr müsəlmanlara qəlbi xatircəmlik vermək, onlara Allaha iman yolunu və adətlərini öyrətmək üçün nazil olmuşdur.
Bu ayələr müsəlmanlar üçün xüsusi əhəmiyyət kəsb edir. Həmçinin şiə və sünni rəvayətlərində gecə və bəzi müstəhəb namazlarda qeyd olunan ayənin oxunması tövsiyə olunur. Bəzi məscidlərdə işa namazından sonra bu ayələri oxuyurlar. Bəzi təfsirçilərin dediyinə görə, “Bəqərə” surəsinin ümumi məqsədi bu ayələrdə zikr olunub. Habelə bir sıra maarif və inanclara təkid edilmişdir ki, surənin əvvəlindən onların haqqında bəhs edilmişdir.
Ayələrin mətni və tərcüməsi
آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا ۚ لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ ۗ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا ۚ رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا ۚ رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ ۖ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا ۚ أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
“Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): “Onun elçilərinin heç biri arasında fərq qoymuruq”. Həmçinin dedilər: Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir”!“Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) “Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et”. [1]
(Bəqərə surəsi, ayə 285-286)
Fəziləti və məzmunu
“Bəqərə” surəsinin 285 və 286-cı ayələri “Amənər-Rəsul” ifadəsi ilə başladığı üçün “Əmanər-Rəsul” ayələri adlandırılmışdır.[2] Bu iki ayənin fəziləti haqqında şiə[3] və sünni[4] mənbələrində rəvayətlər nəql edilmişdir. Məsələn, Peyğəmbərdən (s) nəql olunur ki, “Bəqərə” surəsinin son iki ayəsi ona ərşin altındakı bir xəzinədən əta edilmişdir.[5] Həmçinin bəzi müstəhəbb namazlarda[6] və gecənin sonunda yatmazdan əvvəl[7] oxunması tövsiyə edilmişdir.
Sünni mənbələrdə Abdullah ibn Ömərin Peyğəmbərdən (s) nəql etdiyi hədisə əsasən, işa namazından sonra bu ayələri iki dəfə oxumaq gecə namazından kifayət edir.[8] Bəzi məscidlərdə işa namazı camaatla qılındıqdan sonra bu ayə oxunur.[9]
Misirli təfsirçi Seyid Qutb hesab edir ki, “Bəqərə” surəsinin xülasə və ümumi məqsədi Allaha və mələklərə iman, peyğəmbərlərə və onların kitablarına iman, qiyamətə iman və Allahdan bağışlanma diləmək şəklində bu ayələrdə yer alıb.[10] Buna görə də qeyd olunan ayələrin məzmunu islami maarif və inancların bir hissəsinə təkid etdiyini bildirmişlər ki, “Bəqərə” surəsi onunla başlayır.[11] Seyid Məhəmmədhüseyn Təbatəbai də bu iki ayənin “Bəqərə” surəsində bəyan olunan mətləblərin xülasəsi kimi olduğuna inanır. Onun fikrincə, “Bəqərə” surəsi təqvalı insanların xüsusiyyətlərinin (qeybə iman, namazı bərpa etmək, infaq etmək və s.) bəyan edilməsi ilə başlayır. Daha sonra kitab əhlinin, xüsusən də yəhudilərin haqqa qarşı inad və üsyankarlığı və bunun nəticəsində hər cür əzab və müsibətə düçar olduqlarına işarə edir. Surənin sonunda kitab əhlindən fərqli olaraq haqqa təslim olan və öz acizliklərinə etiraf edən Peyğəmbərin (s) və möminlərin vəziyyəti bəyan edilmişdir.[12]
Ayələrin nazil olma səbəbləri
Bu ayələrin nazil olma səbəbi ilə bağlı deyiblər ki, “Bəqərə” surəsinin 284-cü ayəsi nazil olanda “Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də gizlətsəniz də Allah sizinlə onun hesabını aparacaqdır” bir qrup səhabə əvvəlki ümmətlər kimi üsyan edəcəklərindən narahat oldular. Buna görə də Peyğəmbərə (s) dedilər: “Bizim heç birimiz daxili vəsvəsələrdən və qəlbdən keçmələrdən uzaq deyilik”. Bu səbəbdən yuxarıdakı ayələr nazil olmuş və onlara imanın, Allahın dərhahına sızıldamağın və bağışlanma diləməyin, itaət və təslim olmağın yolu və adətini öyrətmişdir.[13]
Təfsirlə bağlı mətləblər
Amənər-Rəsul ayələrinin təfsir məqamlarından bəziləri bunlardır:
- Möminlər, peyğəmbərlərin gətirdikləri hər şeyə, aralarında fərq qoymadan iman gətirirlər.[14]
- Peyğəmbərlərin imtiyazlarından biri də öz məktəblərinə iman gətirmələri və əqidələrində tərəddüd etməmələri idi. Onlar hamıdan əvvəl Allah tərəfindən gətirdikləri şeyə iman gətirmişdilər və hamıdan daha çox onun uğrunda əzmkarlıq nümayiş etdirdilər.[15]
- Allahın təyin etdiyi vəzifələr insanların qabiliyyətindən (ma la yutaq) yüksək deyil və bu ayələrlə hökmlər məhdud olurlar.[16]
- “Eşitdik və itaət etdik” ifadəsindən anlaşılır ki, möminlər öz vəzifələrini qəlbi iman və əməli itaətlə yerinə yetirirlər.[17]
- Bu ayələr Allahın bəndələr üzərində, bəndələrin isə Allaha olan haqqına dəlalət edir. İbadət Allahın bəndələri üzərində olan haqqıdır, bəndələrini bağışlamaq isə Allahın özünə vacib etdiyi bir haqqdır.[18]
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Mərkəze fərhəng və məarife Quran, Dariətul-məairife Quran, h.ş 1382, c.1, s.418
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.18, s.239; Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.95
- ↑ İbn Kəsir, Təfsirul-Quranil-əzim, h.q 1419, c.1, s.569-573
- ↑ Əbu Übeyd, Fəzailul-Quran, Dəməşq, s.233
- ↑ İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.2, s.667, 668, 691, 722
- ↑ İbn Kəsir, Təfsirul-Quranil-əzim, h.q 1419, c.1, s.569
- ↑ Qurtubi, Əl-cameu li-əhkamil-Quran, h.ş 1364, c.3, s.433
- ↑ https://iqna.ir/fa/news اشتباهنويسی و اشتباهخوانی قرآن در مساجد؛ چه كسی مسئول است؟
- ↑ Seyyid Qutb, Fi zilalil-Quran, h.q 1424, c.1, s.344
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.397
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1393, c.2, s.440
- ↑ Vahidi, Əsbabu nuzulil-Quran, h.q 1411, s.97-98; Şah Əbdül-Əzimi, Təfsiru İsna Əşəri, h.ş 1363, c.1, s.519
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1393, c.2, s.440
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.398
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.400-401
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1393, c.2, s.443
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1393, c.2, s.443
Ədəbiyyat
- Qurani-Kərim
- İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1409
- İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-əzim, Təhqiq: Məhəmməd Hüseyn Şəmsuddin, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
- Əbu Übeyd, Fəzailul-Quran, Dəməşq, Daru ibn Kəsir
- Seyyid Qutb, Fi zilalil-Quran, Beyrut, Daruş-şəruq, h.q 1425
- Şah Əbdül-Əzimi, Hüseyn, Təfsiru İsna Əşəri, Tehran, Miyqat, h.ş 1363
- Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, h.q 1390
- Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, h.q 1393
- Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-cameu li-əhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Düzəliş: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, h.q 1404
- Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Mərkəze fərhəng və məarife Quran, Dariətul-məairife Quran, Qum, Bustane kitab, h.ş 1382
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
- Vahidi, Əli ibn Əhməd, Əsbabu nuzulil-Quran, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411