Gecə namazı

wikishia saytından

Gecə namazı (ərəbcə: صلاة الليل) gecə yarısından sonra sübh namazına qədər qılınan müstəhəb namazdır. Gecə namazı Rəsuli-Əkrəmə (s) vacib, başqalarına isə müstəhəbdir və onun qılınmasına təkid edilmişdir. Gecə namazının fəziləti və təsirləri haqqında çoxlu hədislər zikr edilmişdir. Ən üstün müstəhəb namaz və həqiqi şiəliyin əlamətlərindən sayılır.

Gecə namazı on bir rükətdən ibarətdir ki, beş iki rükətli və bir də bir rükətli namaz formasında qılınır. Son üç rükət digər rükətlərdən daha fəzilətlidir ki, o da iki rükət “Şəf” namazı və bir rükət “Vitr” namazıdır.

Gecə namazının qılınmasına təkid olunub

Gecə namazı müstəhəb namazlardan biridir ki, hədislərdə onu qılmağa təkid olunmuşdur. O cümlədən, Peyğəmbər (s) İmam Əliyə (ə) etdiyi vəsiyyətində üç dəfə gecə namazını qılmağa tövsiyə etmişdir.[1] Həmçinin o həzrətin müsəlmanlara belə xitab etdiyi nəql olunur: “Bir rükət belə olmuş olsa, gecə namazını qılın”. Çünki gecə namazı insanı günahdan çəkindirir və Allahın qəzəbini söndürür və Qiyamət günü odun yanmasını dəf edər”.[2] Hədis kitablarında “Səlatul-leyl” adı ilə bir fəsil bu mövzuda olan hədislərə həsr edilmişdir.[3]

Şiə mühəddisi olan Şeyx Səduqun (hicri 381-ci ildə vəfat edib) dediyinə görə, gecə namazı Peyğəmbərə (s) vacib və başqalarına isə müstəhəb idi.[4] Şeyx Müfid də gecə namazını təkid olunmuş sünnə hesab edirdi.[5]

Gecə namazını qılmağın qaydası

Gecə namazı 11 rükətdir: Onun səkkiz rükəti dörd iki rükətli namaz şəklində gecə nafiləsi niyyəti ilə qılınır. İki rükət “Şəf” namazı niyyəti ilə qılınır. Bir rükətli bir namazda “Vitr” namazı niyyəti ilə qılınır.[6]

“Şəf” namazının birinci rükətində “Həmd”“Nas” surələrini, ikinci rükətində isə “Həmd” və “Fələq” surələrini oxumaq müstəhəbdir. Həmçinin "Vitr" namazında “Həmd” surəsindən sonra üç dəfə “Tövhid” surəsi, bir dəfə “Fələq” və bir dəfə də “Nas” surələri oxunmalıdır.[7] “Vitr” namazının qunutunda qırx mömin üçün dua və ya istiğfar etmək müstəhəbdir.[8] Həmçinin yetmiş dəfə “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” zikri, yeddi dəfə “haza məqamul-aizi bikə minən-nar” və üç yüz dəfə də “Əl-Əfv” deməlidir. Sonra bu duanı oxumalıdır: “Rəbbiğfir li, vərhəmni və tub ələyyə innəkə əntət-təvvabul-ğəfurur-rəhim”.[9] Şeyx Tusi “Misbahul-Müttəhəccid” kitabında gecə namazından sonra “Həzin” duasının oxunmasını tövsiyə etmişdir.[10]

Gecə namazının faydaları və fəzilətləri

Hədislərdə gecə namazı üçün çoxlu fəzilətlər və faydalar qeyd edilmişdir; o cümlədən, “Biharul-ənvar” kitabında Peyğəmbərdən (s) nəql edilən bir rəvayətdə gecə namazı Allahın razılığı, mələklərin dostluğu, mərifət əta etmək, evin nurlanması, bədənin aramlığı, şeytana nifrət, duaların qəbul olunması, əməllərin qəbul olunması, qəbrin nurlanması və düşmənə qarşı silahlanmağa səbəb olur.[11] İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir ki, gecə namazı insanı xoş simalı, xoş əxlaqlə və xoş ətirli edir. Həmçinin ruzini artırır, borcu əda edir, qəm-qüssəni aradan aparır və insanın gözünü nurlandırar.[12] İmam Sadiqdən (ə) başqa bir rəvayətdə belə gəlib: “Sərvət və övladlar dünya həyatının zinətidir və gecənin sonunda səkkiz rükət namaz və bir rükət “Vitr” namazı qılmaq isə axirətin bəzəyidir.”[13]

Gecə namazının digər bəzi fəzilətləri hədislərdə belə bildirilir:

  • Ən üstün müstəhəb namaz;[14]
  • Mömin üçün qürur mənbəyi;[15]
  • Allahın mələklərə fəxr etmə səbəbi;[16]
  • Həqiqi şiəliyin əlamətlərindən biridir.[17]

Şeyx Səduqun “İləluş-Şərayi” kitabında imamlardan (ə) nəql etdiyi rəvayətlərə əsasən, günah etmək gecə namazı qılmaqdan məhrum olmağa səbəb olur.[18]

Gecə namazının hökmləri

Fiqhi kitablara əsasən, gecə namazının bəzi hökmləri bunlardır:

  • Gecə namazının ən fəzilətli hissəsi “Şəf”“Vitr” namazlarıdır. Həmçinin “Vitr” namazı “Şəf” namazından daha üstündür. Gecə namazında yalnız “Şəf” və “Vitr” namazlarını və ya “Vitr” namazını qılmaqla kifayətlənmək olar.[19]
  • Gecə namazının vaxtı şəri gecə yarısından fəcrin tülusuna qədərdir (sübh namazının başlanma vaxtı) və onu sübh azanından qabaq səhər vaxtı qılmaq başqa vaxtlardan daha yaxşıdır.[20] Mərcəyi-təqlidlərdən olan Ayətullah Seyid Əli Sistani gecə namazının vaxtını gecənin əvvəlindən hesab edir.[21]
  • Gecə namazı oturmuş halda qılınsa, outran halda qılınan hər iki rükəti ayaq üstə qılınan bir rükət hesab  etsə yaxşı olar.[22]
  • Müsafir və gecə yarısından sonra namaz qılmaqda çətinlik çəkən şəxs gecənin əvvəlində qıla bilər.[23]
  • Gecə namazı qılınmadıqda, onun qəzazını yerinə yetirmək olar.[24]
  • Gecə namazının qəzası gecə yarısından əvvəl qılınan gecə namazından daha üstündür.[25]

Monoqrafiya

Gecə namazı haqqında müxtəlif dillərdə əsərlər yazılmışdır. Gecə namazının biblioqrafiyasına dair yazılan məqalədə şiə müəllifləri tərəfindən fars və ya ərəb dillərində yazılmış yetmiş kitab təqdim edilmişdir.[26] Onlardan bəziləri bunlardan ibarətdir:

  • “Adabu səlatil-leyl”, Məhəmməd Baqir Fişarəkinin (hicri 1315-ci ildə vəfat edib) yazdığı kitabdır.
  • “Səlatul-leyl; fəzluha və vəqtuha və ədəduha və keyfiyyətuha vəl-xüsusiyyatur-raciətu iləyha minəl-kitabi vəs-sünnə” Qulamrza İrfanianın (şəmsi təqvimi ilə 1382-ci ildə vəfat edib) ərəbcə yazdığı kitabdır.
  • “Adabu səlatil-leyl və fəzliha” Seyid Məhəmməd Baqir Şəftinin (hicri 1260-cı ildə vəfat edib) yazdığı kitabdır.[27]

Əlaqəli məqalələr

İstinadlar

  1. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.481 və c.4, s.179
  2. Müttəqi, Kənzul-ummal, h.q 1410, c.7, s.791, hədis 21431
  3. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.484
  4. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.484
  5. Mufid, Əl-Muqniə, h.q 1413, s.120
  6. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.245; İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.143
  7. Qumi, Məfatihul-cinan, h.ş1384, s.949
  8. Qumi, Məfatihul-cinan, h.ş1384, s.949
  9. Qumi, Məfatihul-cinan, h.ş1384, s.950
  10. Şeyx Tusi, Misbahul-Müttəhəccid, h.q 1411, s.163-164
  11. Məclisi, Biharul-ənvar, h.q 1403, c.87, s.161
  12. Hürr Amili, Vəsailuş-şiə, c.5, s.272
  13. Səduq, Məaniul-əxbar, s.324
  14. Müttəqi, Kənzul-ummal, h.q 1410, c.7, s.791, hədis 21397
  15. Məclisi, Biharul-ənvar, h.q 1403, c.87, s.140
  16. Məclisi, Biharul-ənvar, h.q 1403, c.87, s.156
  17. Mufid, Əl-Muqniə, h.q 1413, s.119-120
  18. Səduq, İləluş-Şərayi, c.2, s.362
  19. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.143
  20. Təbatəbai Yəzdi, əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.265-266
  21. https://www.sistani.org/persian/qa/01067/, Ayətullah Sistaninin rəsmi internet adresi
  22. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.1, s.144
  23. Təbatəbai Yəzdi, əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.266
  24. Təbatəbai Yəzdi, əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.266
  25. Təbatəbai Yəzdi, əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.266
  26. Ənsari Qumi, Ketabşenasiye nəmaze şəb, s.170
  27. Ənsari Qumi, Ketabşenasiye nəmaze şəb, s.170-186

Ədəbiyyat

  • İmam Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Tehran, 3-cü çap, h.q 1434
  • Ənsari Qumi, Nəsiruddin, Ketabşenasiye nəmaze şəb, h.ş 1372
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, h.q 1409
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Məaniul-əxbar, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, h.ş 1362
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1413
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şərayi, Nəcəf
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, əl-Urvətul-vüsqa, h.q 1419
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-Müttəhəccid, Beyrut, h.q 1411\m. 1991
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Qum, 2-ci çap, h.ş 1384
  • Müttəqi, Kənzul-ummal fi sunənil-əqvali vəl-əfal, Ər-Risalə müəssisəsi h.q 1410
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, 1-ci çap, h.q 1413

Xarici keçidlər