Miqdad ibn Əmr
Künyəsi | Əbu Səid - Əbu Əsvəd |
---|---|
Doğum günü | 16-cı Amul-fil (Besətdən 24 il qabaq) Həzrəməvt məntəqəsi |
Doğum yeri | Yəmən |
Yaşadığı yer | Həzrəməvt məntəqəsi - Məkkə - Mədinə |
Qohum əqrəba arasında tanınmış şəxslər | Zubaə binti Zübeyr (İslam peyğəmbərinin (s) əmisi qızı) |
Şəhadət günü və tarixi | Hicrətin 33-cü ili (Mədinə) |
Dəfn olunduğu yer | Mədinə (Bəqi qəbiristanlığı) |
İslam dininə gəlmə zamanı | İslam dinini ilk qəbul edənlərdən |
İştirak etdiyi döyüşlər | Bədr və digər döyüşlər |
Hicrət etdiyi yer | Mədinə - Həbəşə |
Şöhrət tapmasının səbəbi | Dörd sadiq səhabədən biri |
Önəmli işləri | İmam Əlinin (ə) məşhur səhabəsi |
Başqa fəaliyyətləri | Xəlifələr ilə müxalifətçiliyi, məxsusən Səqifə hadisəsində |
Miqdad ibn Əmr (ərəbcə: المقداد بن عمرو) kimi tanınan Miqdad ibn Əsvəd (hicri 33-cü ildə vəfat edib) Peyğəmbərin (s) böyük səhabələrindən və İmam Əlinin (ə) ilk şiələrindən biri idi. Miqdad besətin əvvəlində müsəlman olmuş və müsəlman olduğunu ilk bəyan edən şəxslərdən olmuşdur. O, İslamın əvvəlindəki bütün döyüşlərdə iştirak etmişdir. Miqdad, Əhli-beytin (ə) Salmanı, Əmmar ibn Yasir və Əbuzərlə birlikdə İmam Əlinin (ə) ilk şiələri kimi qeyd edilmişdir. Onlar həmçinin Peyğəmbərin (s) zamanında da bu adla tanınırdılar.
Həzrət Peyğəmbərin (s) vəfatından sonra Miqdad İmam Əlinin (ə) canişinliyini dəstəkləmiş və Əbu Bəkrə beyət etməmişdir. Həmçinin həzrət Zəhranın (s) dəfn mərasimində iştirak edən nadir şəxslərdən olmuşdur. Miqdadı Osmanın xilafətinin qatı müxaliflərindən biri sayıblar. Əhli-beytin (ə) rəvayətlərində Miqdad xeyirxah bir şəxs kimi qeyd olunub. O, həmçinin həzrət Mehdinin (ə.f.) zühuru zamanı ricət edənlərdən biri kimi təqdim edilir. Peyğəmbərdən (s) nəql olunan bəzi rəvayətlər Miqdada nisbət verilmişdir.
Həyatı
Doğum və əcdadı
Miqdad ibn Əsvəd kimi tanınan Miqdad ibn Əmr ibn Sələbənin doğum tarixi məlum deyil. Lakin tarixçilər onun vəfat ilini hicri 33-cü il və 70 yaşında hesab etdikləri üçün[1] ehtimal verilir ki, o, besətdən 24 il əvvəl (Hicrətdən 37 il qabaq) dünyaya gəlib. Tərcümeyi-hal yazanlar və tarixçilər onun 20-ci əcdadına qədər nəslini qeyd ediblər.[2]
Nəql olunur ki, Həzrəməvt məntəqəsində Miqdad ilə Əbi Şimr ibn Həcər adlı şəxs arasında döyüş olub və nəticədə həmin şəxs yaralanıb. Bu hadisədən sonra Miqdad Məkkəyə gedərək Əsvəd ibn Əbd ibn Yəğus Zöhri ilə ittifaq bağladı. Həmçinin Əsvəd ilə Miqdad arasında atalıq əlaqəsi yarandı. Buna görə də ona Miqdad ibn Əsvəd, bəzən də Miqdad Zöhri deyirdilər. Amma ««ادْعُوهُمْ لِآبَائِهِمْ "Onları atalarının adları ilə çağırın"[3] ayəsi nazil olduqdan sonra onu Miqdad ibn Əmr çağırdılar.[4]
Ləqəblər və künyələr
Miqdad üçün Bəhrai və ya Bəhravi[5] Kendi və Həzrəmi kimi ləqəblər, Əbu Məbəd, Əbu Səid və Əbu Əsvəd kimi künyələr qeyd olunur.[6]
Ailə
* Həyat yoldaşı: Miqdadın həyat yoldaşı Peyğəmbərin (s) əmisi qızı (Zübeyr ibn Əbdül Mütəllibin qızı) Zubaə idi.[7] Peyğəmbər, Zəbaəni nəsil baxımından çox hörmətli hesab etdiyi halda Miqdadın həyat yoldaşı etdi və buyurdu: "Mən əmim qızı Zəbaəni yalnız ona görə Miqdadın həyat yoldaşı etdim ki, insanlar evlənmək məsələsini asan tutsunlar və hər möminə qız versinlər. Evlilikdə nəsil-nəcabəti nəzərə almasınlar".[8]
* Övladlar: Miqdadın Abdullah və Kərimə adlı iki övladı var idi. Abdullah, Cəməl döyüşündə Aişənin tərəfdarlarından idi ki, həzrət Əlinin (ə) qarşısında dayandı və öldürüldü. İmam Əli (ə) müharibənin sonunda Abdullahın cənazəsinə baxdıqda ona dedi: "Sən nə pis bacı oğlu idin".[9] Bəziləri Miqdadın oğlunun adını Abdullah əvəzinə Məbəd olduğunu bildiriblər.[10]
Vəfat və dəfn yeri
Ömrünün sonunda Miqdad "Cərf"də (Mədinədən Şam tərəfinə bir fərsəxlikdəki bir ərazidə yerləşir) yaşamış və hicri 33-cü ildə yetmiş yaşında ikən vəfat etmişdir. Müsəlmanlar onun cənazəsini Mədinəyə gətirdilər və Osman ibn Əffan onun namazını qıldı. Sonra onu Bəqi qəbiristanlığında dəfn etdilər.[11] Türkiyənin Van şəhərində Miqdada aid edilən bir qəbir var ki, bəzi alimlər bu qəbirin Fazil Miqdada ya da ərəb şeyxlərindən birinə aid olduğunu düşünürlər.[12] Bir rəvayətə görə, Miqdad imkanlı bir şəxs idi. Həmçinin o, malından 36 min dirhəm İmam Həsən (ə) və İmam Hüseynə (ə) verilməsini vəsiyyət etdi.[13]
Peyğəmbərin (s) dövründə
İslamı qəbul etməsi
Miqdad elə besətin əvvəlində müsəlman oldu və Qüreyş müşriklərinin işgəncələrinə dözdü. Tarixçilər onu İslamı ilk qəbul edən şəxslərdən biri hesab edirlər. Amma onun necə müsəlman olması barədə ətraflı məlumat yoxdur. İbn Məsuddan rəvayət edilmişdir ki, öz müsəlmanlığını ilk aşkar edən şəxslər yeddi nəfər idi. Miqdad da onlardan biridir.[14]
Hicrət etməsi
Miqdad iki dəfə hicrət etdi: Miqdad bir dəfə Həbəşistana hicrət edən üçüncü qrup müsəlmanların arasında olub. İkinci dəfə isə Mədinəyə hicrət edib. Mədinəyə hicrətinin dəqiq vaxtı bəlli deyil. Lakin bir çox dəlillərin mövcudluğuna görə, hicrətin birinci ilində Şəvval ayında Əbu Übeydə səriyyəsində (Peyğəmbərin (s) özünün iştirak etmədiyi döyüşdə) müsəlmanlara qoşulub onlarla birlikdə Mədinəyə hicrət etdi.[15]
Müharibələrdə iştirakı
Həzrət Rəsulullah (s) buyurub: Allah mənə 4 nəfəri sevməyi əmr etdi və onları sevdiyini bildirdi: Əli, Miqdəd, Əbuzər, Salman.
İbn Həcər Əsqəlani, Əl-İsabə, c.6, s.161
Miqdad, Peyğəmbərin (s) bütün döyüşlərində iştirak etmiş və o həzrətin qəhrəman və döyüşçü səhabələrindən biri olmuşdur.[16] O, Bədr döyüşündə süvarilərin tərkibində olmuşdur. Onun atı üzən mənasını verən "Səbəhə" adlanırdı. Bəlkə də Miqdad tam şücaət və igidliklə döyüşdüyünə görə onun atına "Səbəhə" deyirdilər.[17]
Ühüd döyüşündə də Miqdadın böyük rolu olub. Elə ki, döyüşün sonunda hamı qaçanda, tarixi mənbələrə görə, Peyğəmbərin (s) yanında Əli (ə), Təlhə, Zübeyr, Əbu Dəccanə, Abdullah ibn Məsud və Miqdaddan[18] başqası qalmadı. Bəzi mənbələr Miqdadı bu müharibədə İslam ordusunun oxatanlarından biri kimi qeyd ediblər.[19] Amma bəziləri onu Zübeyrlə birlikdə İslam ordusunun süvarilərinin komandanı hesab etmişlər.[20]
Miqdad, Salman, Əmmar və Əbuzərlə birlikdə Peyğəmbərin (s) dövründə bu adla tanınan ilk şiələrdən idi.[21]
İmam Əlinin (ə) canişinliyini dəstəkləmək
İslam Peyğəmbərinin (s) vəfatından və Əbu Bəkrin xəlifə və Peyğəmbərin canişini seçilməsindən sonra az sayda müsəlman həzrət Əliyə (ə) sadiq qaldı və Əbu Bəkr ilə beyət etmədi. Onların arasında Salman, Əbuzər və Miqdad da var idi. Miqdad Səqifə hadisəsində iştirak etmirdi. O, Əmirəl-möminin Əli (ə) və bəzi səhabələrlə birlikdə İslam Peyğəmbərini (s) qüsl etmək və ona namaz qılmaqla məşğul idi.[22] Rəvayətlərə görə, o, həzrət Zəhranın (s) cənazəsi üzərində namaz qılan nadir şəxslərdəndir.[23] Bəzi mənbələr onu Xəmis polisinin üzvü hesab etmişlər.[24]
Miqdad müxtəlif vəziyyətlərdə İmam Əlinin (ə) canişinlik məsələsini Əbu Bəkrə və onun ətrafındakılara xatırladıb xalqı maarifləndirmək üçün tədbirlər görürdü. Misal üçün, Miqdadın həzrət Əlinin (ə) müdafiəsi ilə bağlı bir neçə hərəkət və fəaliyyətinə işarə edilir:
- Camaat Əbu Bəkrə beyət etdikdən sonra bir qrup mühacir və ənsar ona beyət etməkdən imtina edərək Əli ibn Əbu Talibə (ə) qoşuldular ki, onların arasında Miqdad da var idi.[25]
- Qırx nəfər İmam Əlinin (ə) yanına gəlib, "biz sizi müdafiə etməyə və dəstəkləməyə hazırıq" dedikdə, həzrət Əli (ə) onlara buyurdu: "Əgər sözünüzə əməl edəcəksinizsə, sabah saçınızı qırxdırın və yanıma gəlin". Ertəsi gün yalnız Salman, Miqdad və Əbuzər başları qırxılmış halda İmamın hüzuruna çıxdılar".[26]
- Növbəti xəlifənin təyin edilməsi üçün təşkil edilmiş altı nəfərdən ibarət şura məclisində Əbdürrəhman ibn Ovf həzrət Əliyə (ə) dedi: "Əgər Allahın kitabına, Peyğəmbərin sünnəsinə və Əbu Bəkrin yoluna əməl etsən, sənə beyət edərəm". Əli (ə) yalnız ilk ikisini qəbul etdi. Miqdad etiraz etmək üçün üzünü Əbdürrəhmana tutub dedi: "Allaha and olsun ki, Əlini, yəni haqq və ədalətlə hökm edəni tərk etdiniz". Sonra sözünə belə davam etdi: "Heç bir şəxs və ya ailəni görmədim ki, öz peyğəmbərindən sonra bu şəkildə Əhli-beyti zülmə məruz qalsın".[27]
Miqdad Osmanın xilafətinə qarşı çıxdı və bu müxalifətçiliyini Mədinə məscidində çıxış edərək elan etdi.[28]
Yəqubi bəzi insanlardan rəvayət edir ki, Osmana beyət edildiyi gecə, qarşısında şam yandırılmış halda işa namazını qılmaq üçün evdən çıxdı. Miqdad ibn Əmr onunla üz-üzə gəlib dedi: Bu bidət nədir ?[29] Yəqubinin dediyinə görə, Miqdad Osmanı tənqid edənlərdən və Əli ibn Əbu Talibi qəbul edənlərdən idi.[30]
Əhli-beytin (ə) rəvayətlərində
Miqdadın barəsində Məsumlardan (ə) çoxlu hədislər nəql olunmuşdur ki, onların çoxu onun əxlaqi fəzilətləri və imanı haqqındadır. Bu rəvayətlərdən bəziləri aşağıdakılardır:
- Peyğəmbərin (s) Miqdada olan məhəbbəti: Peyğəmbər (s) buyurdu: "Allah məni dörd nəfərlə dostluq etməyə əmr etdi". Bir şəxs onları tanıtdırmasını istədi. Həzrət buyurdu: "Əli, Salman, Miqdad və Əbuzər".[31]
- Miqdadın Cənnət əhli olması: Ənəs ibn Malikdən rəvayət olunur ki, bir gün Allah Rəsulu (s) buyurdu: "Cənnət ümmətimdən dörd nəfərə eşq bəsləyir. Həzrət Əli (ə) o həzrətdən onların kim olduqları haqqında soruşduqda, Peyğəmbər (s) buyurdu: Allaha and olsun ki, sən onların birincisisən. Qalan digər üç nəfər isə Miqdad, Salman və Əbuzərdir". Həmçinin İmam Sadiq (ə) "İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!"[32] ayəsinin təfsirində buyurur: Bu ayə Əbuzər, Miqdad, Salman və Əmmar haqqında nazil olmuşdur.[33]
- Onun imanı: İmam Sadiqdən (ə) nəql edilmişdir: "İmanın on dərəcəsi vardır. Miqdad səkkizinci dərəcədə, Əbuzər doqquzuncu dərəcədə, Salman isə onuncu dərəcəsidir.[34]
- Məvəddət ayəsinə əməl etmək: İmam Sadiq (ə) "De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm"[35] ayəsi haqqında buyurdu: "Allaha and olsun ki, yeddi nəfərdən başqa kimsə bu ayəyə əməl etmədi. Miqdad da onlardan biri idi".[36]
- Miqdad Əhli-beytdəndir: Bir gün Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) Salman, Miqdad və Əbuzər haqqında soruşdu. Sonra Peyğəmbər (s) onların hər biri haqqında danışdı, Miqdada yetişdikdə isə onun haqqında buyurdu: "Miqdad bizdəndir. Allah onun düşməni olan şəxslə düşmən, dostu olan şəxslə isə dostdur. Ey Cabir! Nə vaxt bir dua etmək istəsən və etdiyin duanın qəbul olmasını istəsən, Allahı onların adları ilə çağır, çünki bu adlar Allah yanında ən yaxşı adlardır".[37]
- Həzrət Əliyə (ə) vəfalı olmaq: İmam Baqir (ə) buyurur: Salman, Əbuzər və Miqdaddan başqa bütün insanlar Allah rəsulundan (s) sonra o həzrətin yolundan və məramından üz çevirdilər.[38] Bəzi hədislər, Miqdadı Əmirəl-möminin Əlinin (ə) ən itaətkar dostu hesab ediblər.[39]
- Miqdadın ricət etməsi: Rəvayətlərə görə, Miqdad həzrət Mehdinin (ə.f) zühuru və qiyamında ricət edənlərdən (geri qayıdanlardan) və o həzrətin köməkçilərindən və hökumətinin valilərindən olacaqdır.[40]
- Miqdadı sevməyin zəruriliyi: İmam Sadiq (ə) buyurur: "Peyğəmbərdən (s) sonra yolunu azmamış şəxslərlə dostluq etmək müsəlmanlara vacibdir. Sonra onlardan bir neçəsini sadaladı ki, onlar Salman, Əbuzər və Miqdaddır.[41]
Onun hədis nəql etməsi
Miqdad İslam Peyğəmbərindən (s) hədislər nəql etmişdir. Səlim ibn Qeys, Ənəs ibn Malik, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əbdülrəhman ibn Əbi Leyli, Əbu Əyyub Ənsari, Zəbaə binti Zübeyr ibn Əbdül-Müttəlib (həyat yoldaşı) və qızı Kərimə kimi bir sıra ravilər də ondan hədis eşitmiş və rəvayət etmişlər.[42]
Monoqrafiyalar
- Məhəmməd Məhəmmədi İştihardi tərəfindən yazılmış "Simai Miqdad" kitabı ki, "Pəyami İslam" nəşriyyatında çap edilmişdir.
- Məhəmməd Kamrani-İqdamın yazdığı "Miqdad" kitabı ki, "Neynəva hədisi" nəşriyyatı tərəfindən çap edilmişdir.
- Miqdadın həyatını hekayə şəklində təsvir edən, şəkillərlə müşayiət olunan kitab "çətin illər idi" kitabıdır. Bu kitab Ədəbi Yaradıcılıq Mərkəzi tərəfindən tərtib edilib və "Mehr surəsi" nəşriyyatı tərəfindən çap edilib.
- Şeyx Məhəmməd Cavad Əl-Fəqih tərəfindən yazılmış "Əl-Miqdad İbn Əl-Əsvəd Əl-Kəndi Əvvəlu farisin fil-İslam" kitabı, "Əl-Ələmi Livan Mətbuat İnstitutu" tərəfindən çap edilmişdir.
- "Silsilətul-Ərkanil-Ərbəə" kitabı dörd cilddən ibarətdir. Onun üçüncü cildində Miqdadın tərcümeyi-halından bəhs olunur. Bu kitab Məhəmməd Cavad Fəqih tərəfindən ərəb dilində yazılmış və Livanda çap edilmişdir.
- Kamal Seyyidin yazdığı on dörd cilddən ibarət olan "Məəs-Səhabə vət-Tabiin" kitabının altıncı cildi Miqdada həsr edilmişdir. Bu kitab ərəb dilindədir və Qumdakı Ənsarian nəşriyyatı tərəfindən çap edilmişdir.
İstinadlar
- ↑ İbn Həcər Əsqəlani, Əl-İsabə, m. 1995 \ h.q 1415, c.6, s.161
- ↑ İbn Həzm, Cumhurətu ənsabil-ərəb, s.441
- ↑ Əhzab surəsi, ayə 5
- ↑ İbn Həcər Əsqəlani, Əl-İsabə, m. 1995 \ h.q 1415, c.6, s.160; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.12, s.57
- ↑ İbn Həzm, Cumhurətu ənsabil-ərəb, s.441
- ↑ Mamaqani, Tənqiyhul-məqal, h.q 1352, c.3, s.245
- ↑ Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.205
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.22, s.265
- ↑ İbn Həcər Əsqəlani, Əl-İsabə, m. 1995 \ h.q 1415, c.5, s.22
- ↑ Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.2, s.262-265
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.3, s.121; Əmin, Əyanuş-şiə, h.q 1403, c.10, s.134; Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.204; Zirikli, Əl-Əlam, m. 1980, c.7 s.282
- ↑ Qumi, Muntəhul-amal, h.q 1413, c.1, s.228
- ↑ Hafiz Mهzzi, Təhzibul-əhkam, h.q 1400, c.28, s.452
- ↑ İbn Əsir, Əsədul-ğabə, m. 1970, c.5, s.242
- ↑ Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.205; Mamaqani, Qamusur-rical, c.9, s.114
- ↑ Zirikli, Əl-Əlam, m. 1980, c.7 s.282
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.3, s.120
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.3, s.114
- ↑ İbn Əsir, Əsədul-ğabə, m. 1970, c.5, s.242
- ↑ ibn Əsir, Əl-Kamilu fit-tarix, c.2, s.152
- ↑ Nobəxti, Firəquş-şiə, h.q 1404, s.18
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.22, s.328
- ↑ Kəşşi, İxtiyaru mərifətir-rical, h.q 1404, c.1, s.34
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.6, s.188
- ↑ Abi, Nəsrud-durri fil-muhazirat, h.q 1424, c.1, s.277; ibn Əbil-Hədis, Nəhcül-bəlağənin şərhi, h.q 1418, c.1 s.137-138; Şeyx Səduq, Əl-Xisal, h.q 1403, s.461-465
- ↑ Yaqubi, Tarixul-Yaqubi, h.ş 1373, c.2, s.126
- ↑ Təbəri, Tarixu Təbəri, c.4, s.233
- ↑ Təbəri, Tarixu Təbəri, c.4, s.233
- ↑ Yaqubi, Tarixul-Yaqubi, h.ş 1373, c.2, s.54
- ↑ Yaqubi, Tarixul-Yaqubi, h.ş 1373, c.2, s.54-55
- ↑ Şeyx Mufid, Əl-İxtisas, s.9
- ↑ Kəhf surəsi, ayə 107
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.4, s.151
- ↑ Qumi, Muntəhul-amal, c.1, s.228
- ↑ Şura surəsi, ayə 23
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.23, s.237
- ↑ Şeyx Mufid, Əl-İxtisas, s.223
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.6, s.186
- ↑ Kəşşi, İxtiyaru mərifətir-rical, h.q 1404, c.1, s.46
- ↑ Mufid, Əl-İrşad, h.ş 1388, s.636
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.6, s.187
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.6, s.185; Mizzi, Təhzibul-əhkam, c.28, s.453-454
Ədəbiyyat
- Abi, Əbu Səd ibn Əl-Hüseyn, Nəsrud-durr, Təhqiq: Xalid Əbdül-Ğəni, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
- İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbdül-Kərim, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1418
- İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Təhqiq: Məhəmməd İbrahim, Beyrut, m. 1970
- İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru Sadir
- İbn Həzm, Əli ibn Məhəmməd, Cumhurətu ənsabil-ərəb, Təhqiq: Məhəmməd Əbdüs-səlam, Qahirə, Darul-məarif
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Darul-kutubil-elmiyyə, h.q 1415
- İbn Səd, Məhəmməd ibn Həsən, Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Darul-kutubil-elmiyyə, h.q 1410, 1-ci çap
- Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, Beyrut, h.q 1403 \ m. 1983
- Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1397
- Bəlazuri, Əhməd ibn Yəhya ibn Cabir, Ənsabul-əşraf, Misir, m. 1959
- Xoyi, Əbül-Qasim, Mucəmu ricalil-həsis, Qum, h.q 1410 \ h.ş 1369
- Şeyx Səduq, Məhəmməd ibn əli ibn Əl-Hüseyn, Xisal, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, h.q 1403 \ h.ş 1362
- Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), Tehran, Cahan nəşri, h.q 1387
- Qumi, Şeyx Abbas, Muntəhul-amal, Qum, Hicrət nəşri, h.q 1413
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixu Təbəri, Beyrut
- Kəşşi, İxtiyaru mərifətir-Rical, Təhqiq: Seyyid Mehdi Rəcai, h.q 1404
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Mamaqani, Abdullah, Tənqihul-məqal fi elmir-Rical, Nəcəf, Mürtəzəviyyə, h.q 1352
- Mamaqani, Abdullah, Qamusur-rical
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 3-cü çap, h.q 1403
- Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Qum
- Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Tərcümə: Həsən Musəvi, Qum, Surur nəşriyyatı
- Noubəxti, Həsən ibn Musa, Firəquş-şiə, Beyrut, h.q 1404 \ m. 1984
- Yaqubi, Tarixu Yaqubi, Qum, Şərif Rza, h.ş 1373