Səqifə hadisəsi
Hadisənin izahı | Peyğəmbərin (s) canişininin müəyyən edilməsi |
---|---|
Zaman | Peyğəmbərin (s) rihlətindən sonra \ Hicrətin 11-ci ili |
Məkan | Səqifə Bəni Saidə |
Nəticələr | Xilafətin qəsbi, Peyğəmbərin (s) yerinə Əbubəkrin seçilməsi |
Zərərlər | Həzrət Fatimənin (ə) evinə hücum, Həzrət Fatimənin (ə) şəhadəti, Fədəkin müsadirəsi, Kərbəla vaqiəsi |
Reaksiyalar | İmam Əlinin (ə), Həzrət Fatimənin (ə) və bəzi səhabələrin etirazı |
Əlaqəli | Qədir-xum hadisəsi |
Səqifə hadisəsi (ərəbcə: واقعة سقيفة) (ərəbcə mənası: səqifə - talvar, çardaq) hicri-qəməri tarixlə 11-ci ildə Peyğəmbərin (s) vəfatından sonra baş verən ilk hadisədir və bu hadisədə Əbu Bəkr ibn Quhafə müsəlmanların xəlifəsi seçilmişdir. Həzrət Muhəmmədin (s) vəfatından sonra İmam Əli (ə) və bəzi səhabələr Peyğəmbərin (s) dəfni üçün hazırlıq işləri görürdülər. Bu zaman Xəzrəc qəbiləsinin başçısı Səd ibn Übadənin rəhbərliyi ilə Ənsardan bir dəstə Peyğəmbərdən (s) sonra rəhbər seçmək üçün Saidə övladlarının çardağına yığışdılar.
Bəzi tarixçilərin fikrincə, bu yığıncaq yalnız Mədinə şəhərinə rəhbər təyin etmək üçün təşkil edilmişdi. Amma bəzi Mühacirlərin yığıncağa qoşulması ilə mübahisələr məsələnin istiqamətini dəyişib, bütün müsəlmanlar üçün rəhbər seçmək mövzusunu gündəmə gətirdi və sonda Əbu Bəkrə müsəlmanların xəlifəsi olaraq beyət edildi. Tarixi mənbələrə əsasən, Mühacirlər tərəfindən danışan Əbu Bəkrlə yanaşı Ömər ibn Xəttab və Əbu Übeydə Cərrah da orada idilər.
Əhli-sünnə Əbu Bəkrin hakimiyyətinə legitimlik qazandırmaq üçün icma qaydasına istinad etmişlər. Amma tarixçilər nəql edir ki, Əbu Bəkrin seçilməsi hamı tərəfindən qəbul olunmadı. Bu hadisədən sonra Əli (ə), Fatimeyi-Zəhra (ə), Peyğəmbərin əmisi Abbasın iki oğlu: Fəzl və Abdullah, habelə Salman farsi, Əbuzər Ğəffari, Miqdad ibn Əmr, Zübeyr ibn Əvam, Hüzeyfə ibn Yəman kimi məşhur səhabələr səqifədə keçirilən yığıncağa və onun nəticəsinə etiraz etdilər. Şiələr Səqifə hadisəsini və onun nəticələrini Əlinin (ə) canişinliyinə dair Peyğəmbərin (s) tapşırıqlarına, xüsusilə, Qədir-Xum hədisinə qarşı atılan bir addım kimi qiymətləndirirlər.
Tarixi mənbələrdə Səqifə hadisəsi haqda məlumat verilmiş, onu təhlil etmək üçün əsərlər yazılmışdır. Habelə Henri Lammens və Vilferd Madelunq kimi bir sıra şərqşünaslar öz kitablarında səqifə hadisəsini nəql edib təhlil etmişlər. Vilferd Madelunqun “Həzrət Muhəmmədin canişinliyi”, Henri Lammensin “İqtidar üçbucağı” kitabları bu sahədə məşhur əsərlərdəndir.
Hadisənin baş verdiyi yer
Səqifə kölgəlik şəklində olan yerlər idi və ərəblər qərarlar çıxarmaq üçün həmin yerlərə yığışırdılar.[1] Peyğəmbərin (s) vəfatından sonra Mühacirlərlə Ənsarın toplaşdığı səqifə Mədinədə Xəzrəc qəbiləsindən olan Saidə oğulları (Bəni Saidə) nəslinə məxsus idi və Peyğəmbərin (s) hicrətindən əvvəl Saidə oğullarının yığıncaqları orada təşkil olunurdu. Peyğəmbərin (s) Mədinəyə gəlişi ilə həmin səqifə 10 il müddətində (Peyğəmbərin vəfatına qədər) istifadəsiz qaldı və Mühacirlərlə Ənsar Peyğəmbərə (s) canişin təyin etmək üçün yığışarkən yenidən toplantı məkanı kimi istifadə edildi.[2]
Hadisənin şərhi
Alman islamşünası Vilferd Madelunq (təvəllüdü 1930) qeyd edir ki, Saidə oğullarının kölgəliyindəki toplantının əsas dəlili Abdullah ibn Abbasın Ömər ibn Xəttabdan nəql etdiyi məlumatdır və bütün digər nəqllər həmin məlumata söykənir. İbn Hişam, Muhəmməd ibn Cərir Təbəri, Əbdurrəzzaq ibn Həmmam, Muhəmməd ibn İsmayıl Buxari və Əhməd ibn Hənbəl öz kitablarında bu nəqlləri azacıq məzmun fərqi ilə və müxtəlif ravilər silsiləsi ilə yazmışlar.[3]
Mədinədə Peyğəmbərin (s) vəfatı xəbəri yayıldıqda Ənsardan bir qrup öz vəziyyətləri barəsində qərar çıxarmaq və Peyğəmbərin (s) canişinliyi məsələsini həll etmək üçün Saidə oğullarının kölgəliyinə yığışdılar. Tarixi mənbələrə əsasən, bu yığıncağın əvvəlində Səd ibn Übadə onlara müraciət etdi. Lakin o, ağır xəstə olduğuna görə oğlunun vasitəsi ilə öz sözünü çatdırırdı. (qeyd 1) O, bir sıra dəlillər gətirərək Peyğəmbərin (s) canişinliyini Ənsarın haqqı hesab etdi və Ənsarı dövlətin idarəçiliyini ələ keçirməyə çağırdı. İştirakçılar onun sözünü təsdiqləyib bildirdilər ki, onlar Səd ibn Übadəni özlərinə hakim təyin edirlər və onun nəzərinin əksinə heç bir iş görməyəcəklər.[4] Amma iştirakçılardan bəziləri Mühacirlərin bu qərarla razılaşmayacağı ehtimalını irəli sürürlər. Bu ehtimaldan sonra Ənsardan bir əmir və Mühacirlərdən də bir əmir seçilməsi təklifi irəli sürülür.[5]
Əbu Bəkr ibn Əbu Quhafə və Ömər ibn Xəttab bu yığıncaqdan xəbər tutur və Əbu Übeydə Cərrahı da götürüb səqifəyə gedirlər. Onlar səqifəyə çatdıqda Əbu Bəkr Ömərin danışmasına imkan vermədən özü çıxış etməyə başlayır və çıxışı zamanı Mühacirlərin üstünlüyünü, Peyğəmbərin (s) canişinliyinə Qüreyşin daha layiq olduğunu vurğulayır.[6] İştirakçılardan bəziləri bu sözlə razılaşsa da, bəziləri razılaşmamış, bəziləri də Əlinin (ə) bu işə layiq olduğunu deyib ondan başqası ilə beyət etməyəcəklərini bildirmişlər.[7] Amma sonda Əbu Bəkr Ömərin və Əbu Übeydənin namizədliyini irəli sürmüş, bu iki nəfər isə Əbu Bəkrin təklifi ilə müxalif olduqlarını bildirmişlər.[8]
“Təbəri tarixi” (hicrətin 303-cü ilində yazılıb) kitabında qeyd edilir ki, Ömər ibn Xəttab həmin anlar haqqında belə demişdir: “Bu anda iştirakçıların səs-süyü hər tərəfdən ucaldı və hər tərəfdən onların anlaşılmaz sözləri gəlirdi. Axırda qorxdum ki, ixtilaf bizim işimizi nəzarətdən çıxarda bilər. Odur ki, Əbu Bəkrə dedim: Əlini uzat, səninlə beyət edim”. Amma Ömər əlini Əbu Bəkrə tərəf uzatmamış Səd ibn Übadənin rəqiblərindən olan Bəşir ibn Səd Xəzrəci irəli keçib əlini Əbu Bəkrə uzadıb onunla beyət etdi.[9]
Bundan sonra səqifədə iştirak edənlər Əbu Bəkrlə beyət etmək üçün cummağa başladılar, hətta xəstə halda olan Səd ibn Übadə ayaq altında qalacaqdı. Bu hadisə nəticəsində Ömər ilə Səd ibn Übadə və Qeys ibn Səd arasında qalmaqal başladı, amma Əbu Bəkrin müdaxiləsi ilə sona çatdı.[10] (qeyd 2)
Səqifədəki mübahisələr
Səqifə yığıncağında iştirak edən Ənsar ilə yığıncağa sonradan qoşulan Mühacirlər arasında çox söz-söhbət oldu və hər birinin sözü hadisələrin gedişində müəyyən rol oynadı. Amma ən əsas rol oynayan Əbu Bəkrlə yoldaşlarının sözü oldu. Həmin gün danışanlardan bəziləri aşağıdakı şəxslər olmuşdur:
- Səd ibn Übadə: O, əsasən, yığıncağın əvvəlində, Əbu Bəkr və yoldaşları gəlməzdən əvvəl danışmışdır. Amma xəstə olduğuna görə onun sözlərini oğlu camaata çatdırırdı. Onun sözləri, əsasən, bunlardan ibarətdir: Ənsarın fəzilətləri və keçmişi, onların digər müsəlmanlara olan üstünlüyü, Peyğəmbərə (s) olan xidmətləri, Peyğəmbərin (s) vəfat edərkən onlardan razı qalması. O, bu dəlillərlə Ənsarın, Peyğəmbərin (s) canişini olmağa daha layiqli olduğunu bildirərək Ənsarı siyasi rəhbərliyi ələ keçirməyə çağırdı və Ənsardan bir əmir, Mühacirlədən bir əmir seçilməsi təklifini məğlubiyyət hesab edirdi.[11]
- Əbu Bəkr: Onun sözləri yığıncağın qərarında həlledici rol oynadı. O, bir neçə dəfə çıxış etdi və çıxışlarının ümumi məzmunu bundan ibarətdir: Mühacirlərin Ənsardan üstünlüyü, o cümlədən Peyğəmbərin (s) risalətini ilk təsdiq etmələri, imanda və Allaha ibadət etməkdə birinci olmaları, Mühacirlərin Peyğəmbərlə (s) qohumluq və ya dostluq əlaqəsi, bütün bu dəlillərə görə Mühacirlərin, Peyğəmbərin (s) canişini olmağa daha layiq olması, Ənsarın isə xilafət postuna yox, vəzirlik postuna layiq olması, Ənsarı Mühacirlərin xəlifə olmasına qarşı müxalifət etməkdən çəkindirməsi.[12]
- Hübab ibn Münzir: Səqifədə iki-üç dəfə danışan Hübab ibn Münzir hər dəfə Mühacirlərə, xüsusilə də Əbu Bəkrə və Ömərə[13] qarşı təhdidli və təhrikedici sözlər söyləmişdir. O, çıxışlarının birində yenə də Ənsardan bir əmir, Mühacirlərdən də bir əmir seçilməsi təklifini irəli sürmüşdür.[14]
- Ömər ibn Xəttab: Ömər Əbu Bəkrin sözlərinin çoxunu təsdiqləyib bir sıra dəlillərlə onlara təkid etmişdir. Həmin dəlillərdən bəziləri bunlardır: Peyğəmbərin (s) ailəsinin canişinliyi ilə ərəblərin qətiyyən müxalif olmaması, iki əmirin seçilməsinin qeyri-mümkünlüyü, çünki iki qılınc bir qında yerləşməz.[15]
- Əbu Übeydə Cərrah: O, Ənsara müraciət edərək onları dini dəyişdirməkdən və müsəlmanların vəhdətini pozmaqdan çəkindirmişdir.[16]
- Bəşir ibn Səd: O, Ənsardan, Xəzrəc qəbiləsindən idi. Bir neçə dəfə Əbu Bəkrin və onun yoldaşlarının sözünü təsdiqləmiş və Ənsara: “Allahdan qorxun, müsəlmanların haqqına girməyin” deyərək onları Mühacirlərə qarşı müxalifətdən çəkindirmişdir.[17]
- Əbdürrəhman ibn Ovf: O, Mühacirlərdən Əli (ə), Əbu Bəkr və Ömər kimi bir sıra şəxslərin fəzilətini xatırladaraq, Ənsarda belə şəxsiyyətlərin olmadığını qeyd etmişdir.[18]
- Münzir ibn Əbu Ərqəm: Ənsardandır. O, Əbu Bəkrin və Əbdürrəhman ibn Ovfun dəlillərinin müqabilində bildirir ki, “Əli (ə) qeyd olunan bütün xüsusiyyətlərə malikdir və əgər beyət almaq üçün qabağa düşsəydi heç kəs onunla müxalifət etməzdi”.[19] Ənsardan bəziləri Münzirin sözlərini razılıqla qarşılayır və ucadan deyirlər ki, yalnız Əli (ə) ilə beyət edəcəklər.[20]
İştirak edən qruplar
Səqifə hadisəsi haqqında əhli-sünnə mənbələrində nəql olunan məlumatların çoxunda Səqifədə bütün Mühacirlərin və Ənsarın iştirak etdiyi bildirilir.[21] Halbuki mənbələrin bir çoxunda Əbu Bəkrlə iki mərhələdə beyət edildiyi qeyd olunur: biri Səqifədə olan beyət, digəri isə Səqifə hadisəsindən sonrakı gün Mədinədə olan digər şəxslərin onunla beyəti ki, bunu ümumi beyət adlandırırlar.[22]
Vilferd Madelunq qeyd edir ki, Mühacirlərdən yalnız Əbu Bəkr, Ömər və Əbu Übeydə yığıncaqda iştirak etmişdir və bu üç nəfərin tərəfdarlarından və ailə üzvlərindən bəzi şəxslərin də orada olması ehtimal edilir. Necə ki, bəzi tədqiqatçılar əvvəl qul olan, sonra isə Əbu Hüzeyfə tərəfindən azad edilən Salimin Səqifədə iştirak etdiyini və orada Əbu Bəkrlə beyət edən ilk şəxslərdən olduğunu yazırlar. Halbuki ilkin mötəbər mənbələrdən heç birində Salimin orada iştirakı barəsində məlumat yoxdur. Mənbələrdə qeyd olunan şəxslərdən başqa digər Mühacirlərin, orta və ya aşağı dərəcəli səhabələrin Səqifədə iştirakı haqda heç bir məlumat qeyd edilməyib.[23] Bəzi tədqiqatçılar bir sıra dəlillərə əsaslanaraq bildirmişlər ki, Səqifədə iştirak edən Mühacirlərin sayı çox az olmuşdur.[24]
Mənbələrin bildirdiyinə görə, Ənsardan Səqifədə iştirak edən ən tanınmış şəxslər bunlardır: Səd ibn Übadə, oğlu Qeys, Sədin əmisi oğlu və rəqibi Bəşir ibn Səd, Üseyd ibn Hüzeyr, Sabit ibn Qeys, Münzir ibn Ərqəm, Bəra ibn Azib, Hübab ibn Münzir.[25]
İbn Qüteybə qeyd edir ki, “Əgər Sədin tərəfdarları olsaydı, şübhəsiz ki, onlarla mübarizə aparardı”.[26] Onun bu sözü göstərir ki, Səqifə yığıncağında Ənsarın sayı az olduğu üçün birləşə bilməmişlər.[27]
Ənsarın Səqifəyə yığışmasının səbəbi
Bəzi təhlilçilərin fikrincə, Ənsar Peyğəmbərin (s) vəfatından sonra öz gələcək müqəddəratından qorxduğu üçün Səqifəyə yığışmışdı. Xüsusilə də Məkkənin fəthindən sonra gələcəkdə Ənsarın ziyanına başa gələ bilən vahid Qüreyş cəbhəsinin formalaşmasından nigaran idilər. Bu nəzəriyyənin tərəfdarları ehtimal edirlər ki, Ənsarın, Mühacirlərdən bir qrupunun Peyğəmbərin (s) canişinliyini ələ keçirmək planından xəbər tutması da onların Səqifəyə gəlməsində rol oynayıb.[28]
Bəzi müəlliflər isə hesab edirlər ki, Səqifə toplantısının səbəbləri bunlardır:
- Ənsar islam yolunda canlarını, övladlarını və mallarını fəda etməklə dini öz övladları kimi bilmiş və onu qorumaq üçün heç kəsi özlərindən daha layiqli hesab etməmişlər.
- Ənsar Qüreyşin onlardan intiqam almasından qorxurdu, çünki Peyğəmbərin (s) etdiyi müharibələrdə Qüreyşin başçılarının çoxu Ənsarın qılıncı ilə öldürülmüşdü. Bundan əlavə, Peyğəmbər (s) özündən sonra hakimlərin onlara zülm edəcəyini xəbər vermişdi və Ənsara belə olduqda dözüb səbr etməyi tövsiyə etmişdi.
- Ənsar hiss edirdi ki, Qüreyş Peyğəmbərin (s) Əli (ə) barəsində sözünə boyun əyməyəcək.[29]
Başqa bir sıra müəlliflərin fikrincə, Əbu Bəkr məsciddə Peyğəmbərin (s) vəfatını rəsmi şəkildə elan etdi və ümumi Mədinə əhalisindən bir dəstə gəlib onunla beyət etdilər. Bu hadisə Mədinədə olan Ənsarın zehnində belə bir ehtimal yaratdı ki, onlardan (Ənsardan) xəlifə təyin etmək olar. Bu düşüncənin ardınca Səqifə toplantısı baş verdi.[30]
Qüreyşin böyüklərinin və səhabələrin etirazı
Əli (ə), Peyğəmbərin (s) Əhli-beyti, eləcə də Mühacirlərdən və Ənsardan onlara qoşulan bəziləri Əbu Bəkrlə beyət etməyə qarşı çıxdılar. Tarixi mənbələrə əsasən, onlardan bəziləri bunlardır: Abbas ibn Əbdülmüttəlib, Fəzl ibn Abbas, Zübeyr ibn Əvvam, Xalid ibn Səid, Miqdad ibn Əmr, Salman Farsi, Əbuzər Ğəffari, Əmmar Yasir, Bəra ibn Azib, Übeyy ibn Kəb.[31]
Bəzi səhabələr və Qüreyşin böyükləri müxtəlif yerlərdə Əbu Bəkrin xilafət üçün səlahiiyəti olmadığına işarə etmişlər. Onlardan bəzilərini qeyd edirik:
* Fəzl ibn Abbas. O, Qüreyşi xəlvəti iş görməkdə ittiham edir, Peyğəmbərin (s) Əhli-beytini, xüsusilə, Əlini (ə) xilafətə daha layiqli hesab edirdi.[32]
* Salman Farsi. Müsəlmanlara xitab edərək Səqifə beyətini xəta hesab edir, xilafəti Əhli-beytin haqqı bilirdi.[33]
* Əbuzər Ğəffari. Hadisə günü Mədinədə deyildi. Mədinəyə gəldikdən sonra Əbu Bəkrin xəlifə seçilməsindən xəbərdar oldu. Mənbələr qeyd edir ki, Əbuzər Səqifə hadisəsindən xəbər tutanda[34], habelə Osman ibn Affanın zamanında Peyğəmbərin (s) canişinliyinin Əhli-beytin haqqı olduğunu bildirmişdir.[35]
* Miqdad ibn Əmr. Səqifədə çıxarılan qərara müsəlmanların tabe olmasından təəccüblənib, Əlinin (ə) haqq olmasına təkid etmişdir.[36]
* Ömər ibn Xəttab. Ömrünün son ilində ümumi bir xütbədə deyir: “Əbu Bəkrlə beyət xəta idi ki, oldu və keçdi. Bəli, xəta idi, amma Allah insanları o xətanın şərindən qorudu. Kim xəlifə seçimini bu şəkildə etsə, onu öldürün”.[37]
* Əbu Süfyan. Peyğəmbər (s) onu bir iş üçün Mədinədən kənara yollamışdı. Mədinəyə gəldikdən sonra Peyğəmbərin (s) vəfatından və Səqifə beyətindən xəbərdar olarkən Əlinin (ə) və Abbas ibn Əbdülmüttəlibin mövqeyini soruşur. Bu iki nəfərin etiraz əlaməti olaraq evdən çıxmadığını eşidərkən deyir: “Allaha and olsun, əgər sağ qalsam, bu iki nəfəri yuxarı qaldıracağam”. Sonra əlavə edir: “Bu qalxan toz-torpağı qan yağışından başqa şey yatıra bilməz”.[38] Mənbələrdə qeyd edilir ki, Əbu Süfyan Mədinəyə daxil olarkən Əlinin (ə) canişinliyini müdafiə edən və Əbu Bəkri, Öməri məzəmmət edən şeirlər oxuyub.[39]
* Müaviyə ibn Əbu Süfyan. Səqifə hadisəsindən neçə il sonra Muhəmməd ibn Əbi Bəkrə yazdığı məktubda deyib: “Sənin atan və onun faruqu Ömər Əlinin (ə) haqqını qəsb edən və ona qarşı çıxan ilk şəxslərdir. Onlar əlbir oldular, sonra Əlini (ə) özləri ilə beyət etməyə çağırdılar. Əli (ə) imtina etdiyi üçün nalayiq işlər gördülər və onun barəsində təhlükəli fikirlərə düşdülər, nəhayət Əli (ə) onlarla beyət etdi.[40]
Əlinin (ə) mövqeyi
And olsun Allaha ki, Əbu Quhafə oğlu Əbu Bəkr onu bir köynək kimi geyindi, halbuki çox yaxşı bilirdi ki, mən xilafətə nisbətdə dəyirman daşının mili kimiydim. Bilik mənim varlığımdan sel kimi axır, düşüncə quşu mənim zirvəmə ucala bilməz. Amma xilafətə göz yumdum. Düşündüm ki, kəsilmiş qolumla, heç bir tərəfdar olmadan həmlə edim, yoxsa bu kor zülmətə səbr edim? Özü də elə bir zülmət ki, qocaları əldən salar, uşağı qocaldar. İnanan isə Rəbbinə yetişənə qədər bu zülmətdə əzab çəkər.
Səqifə hadisəsi günü Əli (ə) Əbu Bəkrlə beyət etmədi. Səqifədən sonra beyəti qəbul edib-etməməsi, nə zaman beyət etməsi haqda tarixçilər arasında fikir ayrılığı var. Şiə alimi Şeyx Müfid (vəfatı 413 h.q.) qeyd edir ki, şiə tədqiqatçılarının fikrincə, Əli ibn Əbu Talib heç vaxt Əbu Bəkrlə beyət etməyib.[41]
Əli (ə) elə ilk günlərdən hakimiyyət tərəfindən göndərilən adamlar onu Əbu Bəkrlə beyətə məcbur edərkən onlara dedi:
- “Mən xilafətə sizdən daha layiqəm, mən sizinlə beyət etməyəcəyəm. Əslində, siz mənimlə beyət etməlisiniz. Siz Peyğəmbərlə qohum olduğunuzu dəlil gətirərək xilafəti Ənsardan aldınız və onlara dediniz ki, Biz Peyğəmbərin qohumu olduğumuz üçün xilafətə sizdən daha layiqik. Onlar da sizin bu dəlilinizə görə xilafəti sizə verdilər. İndi mən də sizin Ənsara gətirdiyiniz dəlili sizin özünüzə gətirirəm (yəni Peyğəmbərlə qohumluğumu). Əgər Allahdan qorxursunuzsa, insaflı olun, Ənsarın sizdən qəbul etdiyi dəlili siz də bizdən qəbul edin. Yoxsa bilə-bilə zülmə əl atmış olarsınız”.[42]
Bəzi mənbələrdə göstərilir ki, Əli (ə) bir dəfə Əbu Bəkrlə söhbət edərkən Səqifədə Peyğəmbərin (s) Əhli-beytinin haqqına göz yumduğu üçün onu günahlandırdı. Əbu Bəkr bu sözdən təsirlənərək Əlinin (ə) dəlillərini qəbul etdi və Əli (ə) ilə beyət edib onu Peyğəmbərin (s) xəlifəsi olaraq qəbul etmək istəyirdi ki, bəzi tərəfdarları ilə məsləhətləşəndən sonra fikrindən daşındı.[43]
Əli (ə) müxtəlif zamanlarda yeri gəldikcə Səqifə hadisəsinə etiraz etmiş və özünün Peyğəmbərin (s) əsl canişini olduğunu xatırlatmışdır. O cümlədən, “Şiqşiqiyyə” xütbəsində bu hadisəyə işarə etmişdir. Həmin xütbənin əvvəlində buyurur: “And olsun Allaha ki, Əbu Quhafə oğlu Əbu Bəkr onu bir köynək kimi geyindi, halbuki çox yaxşı bilirdi ki, mən xilafətə nisbətdə dəyirman daşının mili kimiydim. Elm mənim vücudumdan sel kimi axır, quşlar mənim zirvəmə yüksələ bilməz”.[44]
Bəzi mənbələrdə qeyd edilir ki, Əli (ə) Səqifə hadisəsindən sonra həzrət Zəhranı (ə) Ənsarın evlərinə və məclislərinə aparardı və onlardan kömək istəyərdi. Ənsar isə cavabında deyirdi: “Ey Peyğəmbərin qızı! Biz Əbu Bəkrlə beyət etmişik. Əli daha tez gəlsəydi, başqası ilə beyət etməzdik. Əli (ə) belə cavab verirdi: “Peyğəmbəri (s) dəfn etməmiş xilafət üstündə dava etməli idim?”[45]
Əbdülhüseyn Zərrinkub yazır: “Peyğəmbərin (s) ömrünün sonlarında bir çoxları xilafəti Əli ibn Əbu Talibin (ə) haqqı hesab etsə də, xilafəti ondan alıb öz aralarında bir-birinə ötürdülər. Əli (ə) də Fatimə (ə) vəfat etdikdən bir qədər sonra istər-istəməz beyət etdi”.[46]
Fatimənin (ə) mövqeyi
Fatimeyi-Zəhra (ə) Səqifə hadisəsinin nəticəsi ilə müxalifət etdi və onu Peyğəmbərin (s) tapşırıqlarına qarşı atılan bir addım kimi qiymətləndirdi. Fatimənin (ə) bir çox sözləri onun Səqifəyə qarşı müxalif olduğunu aşkar şəkildə göstərir: o cümlədən, həzrət Əlinin (ə) evini mühasirəyə alıb, ondan beyət almaq istəyərkən o xanımın söylədiyi sözlər,[47] Mədinə məscidində söylədiyi Fədəkiyyə xütbəsi[48] və s.
Tarixi mənbələrdə qeyd edilir ki, həzrət Fatimə (ə) ömrünün son günlərində yatağa düşərkən Mühacirlərdən və Ənsardan ona baş çəkməyə gələn xanımlarla söhbətində də Səqifə hadisəsini Peyğəmbərin (s) göstərişinə itaətsizlik kimi qiymətləndirdi və bu hadisənin islam dininin gələcək taleyinə necə zərbə vuracağı barədə xəbərdarlıq etdi.[49]
Səqifə şərqşünasların aspektindən
- Henri Lammens və “iqtidar üçbucağı” nəzəriyyəsi: Belçikalı tədqiqatçı Henri Lammens (1862-1937) “İqtidar üçbucağı: Əbu Bəkr, Ömər və Əbu Übeydə” adlı məqaləsində iddia edir ki, bu üç nəfərin, Peyğəmbərin (s) zamanından başlayan yaxın əməkdaşlığı və ortaq hədəfi onlara Əbu Bəkrin və Ömərin xilafətini qurmağa imkan yaratdı və əgər Əbu Übeydə Ömərin xilafəti zamanı vəfat etməsəydi, mütləq Ömər onu özündən sonra xəlifə təyin edəcəkdi. Henri Lammens inanır ki, Peyğəmbərin (s) iki zövcəsi, yəni Əbu Bəkrin qızı Aişə və Ömərin qızı Həfsə öz atalarını Peyğəmbərin (s) məhrəmanə işlərindən və fikirlərindən xəbərdar edirdilər, beləliklə, Əbu Bəkrlə Ömər Peyğəmbərin (s) işlərinə xeyli müdaxilə edə bildilər və bu yolla iqtidarı ələ keçirmək fikrinə düşdülər.[50]
- Kaetaninin nəzəriyyəsi: İtalyalı şərqşünas Leone Kaetani “İslam tarixi” kitabının müqəddimə bəhslərində Əbu Bəkrlə Bəni-Haşim arasındakı ixtilafın dərinliyindən söz açır və Peyğəmbərin (s) vəfatından bir neçə saat sonra Səqifədə Ənsarın qarşısında Əbu Bəkrin xilafət iddia etməsindən təəccüblənir.
Kaetani “İslam tarixi” kitabının sonrakı cildlərində Lammensin “İqtidar üçbucağı: Əbu Bəkr, Ömər və Əbu Übeydə” nəzəriyyəisini xilafətin köklərinin təhlili haqqında ən münasib nəzəriyyə hesab etmişdir.[51]
- Vilferd Madelunq: O, “İslam peyğəmbərinin (s) canişinliyi” adlı kitabında bu mövzunu araşdırmışdır. Madelunq tarixçilərin əksəriyyətindən fərqli olaraq, belə hesab edir ki, Səqifə yığıncağı əvvəldən müsəlmanlara xəlifə təyin etmək üçün təşkil edilməmişdi və bundan əvvəl islam cəmiyyətində Peyğəmbərin (s) canişini düşüncəsi olmadığı üçün Ənsarın xəlifə seçmək üçün Səqifəyə yığışdığını söyləmək çətindir.[52] Madelunqun fikrincə, Ənsar Peyğəmbərin (s) vəfatı ilə onunla edilən beyətin də artıq başa çatdığını düşündüyündən və Peyğəmbərin (s) qurduğu siyasi cəmiyyətin dağılacağını ehtimal etdiyindən Mədinə şəhərinin işlərini idarə etmək üçün bir rəhbər seçmək iustəyirdilər, buna görə də Mühacirlərlə məsləhətləşmədən yığıncaq təşkil etmişdilər.[53] Ənsarın hesab edirdi ki, artıq Mühacirlərin Mədinədə qalmasına bir əsas yox idi və onlar öz şəhərləri olan Məkkəyə qayıdacaqlar, Mədinədə qalmaq istəyənlər isə, yəqin ki, Ənsarın hakimiyyətini qəbul edəcəklər.[54]
Madelunq bu fərziyyəni ciddi şəkildə irəli sürür ki, yalnız Əbu Bəkr və Ömər Peyğəmbərin (s) canişininin bütün ərəblərə hakim olmasını və bu xilafət üçün Qüreyşin layiq olduğunu hesab edirdilər.[55]
Madelunq inanır ki, Əbu Bəkrin Peyğəmbərin (s) vəfatından əvvəl xilafətə gəlmək niyyəti olub və bu arzusuna çatmaq üçün öz güclü müxaliflərini aradan qaldırmaq fikrində olub.[56] Bu müxaliflərin başında Peyğəmbərin (s) Əhli-beyti idi ki, Quranda onlara digər müsəlmanlardan daha üstün məqam verilmişdir.[57] Ənsarın Səqifədə toplantı təşkil etməsi Əbu Bəkrə öz məqsədinə çatmaq üçün münasib fürsət yaratdı. O, əvvəlcə həmin yığıncaqda əsla seçilmə ehtimalı olmayan Ömərin və Əbu Übeydənin namizədliyini görüntü olaraq irəli sürür. Aydındır ki, onun bu təklifi ciddi deyildi, sadəcə, məsələnin öz xeyrinə başa çatması üçün cəmiyyət arasında mübahisə yaratmaq istəyirmiş.[58]
Madelunqun fikrincə, əhli-sünnənin və bəzi qərb alimlərinin Əbu Bəkrlə və Ömərlə müqayisədə Əlinin (ə) cavan olmasını əsas gətirib, onu ciddi namizəd hesab etməmələri tamamilə həqiqətin əksinədir və Əbu Bəkr tərəfindən gətirilən digər dəlillər Əlinin (ə) namizədliyin irəli sürülməməsinə səbəb olmuşdur.[59]
Şiə kəlam (əqidə) elmində Səqifə hadisəsi
Şiələrin əqidəsinə görə, Səqifədəki toplantı və onun nəticələri İmam Əlinin (ə) canişinliyinə dair Peyğəmbərin (s) verdiyi göstərişə qarşı çıxmaq idi. Şiələr Səqifənin legitimliyini rədd etmək və xilafət məsələsində Əlinin (ə) haqq olduğunu sübut etmək üçün bir sıra Quran ayələrinə, habelə əhli-sünnə mənbələrinin özündə də mövcud olan tarixi faktlara və hədislərə istinad etmişlər ki, onların ən mühümü Qədir-Xum hadisəsi və onunla bağlı olan hədislərdir. Şiələrin əqidəsinə görə, Qədir-Xum hadisəsində Peyğəmbər (s) Əlinin (ə) canişinliyini öz risalətinin tamamlayıcısı olaraq elan etmişdir.[60]
Muhəmməd Rza Müzəffər müxtəlif tarixi hadisələrlə bağlı olan 17 mütəvatir və ya məşhur hədis nəql edir ki, həmin hədislərdə Peyğəmbər (s) Əlinin (ə) canişinliyini ya aşkar şəkildə vurğulamış, ya da işarə ilə bildirmişdir. İnzari-əşirə (qohumlara xəbərdarlıq etmək) hadisəsi, Qədir-Xum hədisi, qardaşlıq peymanı, Xeybər və Xəndək döyüşləri, xasifun-nə`leyn, Əlinin (ə) evindən başqa bütün səhabələrin evlərinin Peyğəmbər məscidinə bağlanması hadisəsi, eləcə də bir sıra hədislər, o cümlədən, “Əli məndəndir və mən Əlidənəm. O, məndən sonra hər bir möminin vəlisidir”, “Hər bir peyğəmbərin vəsisi və varisi olur, mənim varisim də Əlidir” hədisləri buna misal ola bilər.[61] Vilayət ayəsi (Maidə 55), Təthir ayəsi (Əhzab 33), Mübahilə ayəsi (Ali-İmran 61) qeyd 6 də şiə kəlamçılarının Əlinin (ə) canişinliyini isbat etmək üçün istinad etdiyi ayələrdəndir.[62]
Səqifənin doğurduğu hadisələr
Bəzi tədqiqatçılar Peyğəmbərin (s) vəfatından sonra baş vermiş hadisələrin çoxunu Səqifənin nəticəsi hesab edirlər. Həmin hadisələrdən bəzilərini qeyd edirik:
- Fatimənin (ə) evinə hücum. Mənbələrdə qeyd edilir ki, Səqifə hadisəsindən sonra bəzi səhabələr, o cümlədən İmam Əli (ə) Əbu Bəkrlə beyətdən imtina etdiyi üçün Əbu Bəkrin xilafətinin tərəfdarları Əlidən (ə) beyət almaq üçün Fatimənin (ə) evinə hücum etdilər.[63] Şiələrin əqidəsinə görə, həzrət Fatimə (ə) həmin hadisədə aldığı bədən xəsarətləri nəticəsində şəhid olmuşdur.[64]
- Fədəkin müsadirə edilməsi. Bəzi təhlilçilər inanırlar ki, Səqifə hadisəsindən sonra Fədəkin Fatimədən (ə) alınması Əhli-beyti iqtisadi cəhətdən zəiflətmək məqsədilə baş vermişdir. Bu iş həm birinci xəlifənin iqtidarını gücləndirirdi, həm də Peyğəmbər (s) ailəsinin müxalifətinə və mübarizəsinə mane olurdu.[65]
- Kərbəla hadisəsi. Bəzilərinin fikrincə, Səqifədə Peyğəmbərin (s) canişinliyi məsələsinin başqa səmtə yönəlməsi xəlifə seçkisinin heç bir qayda-qanuna tabe olmaması ilə nəticələndi. Buna görə də, müsəlmanların xəlifəsi bir dəfə Ənsarın və Qüreyşdən olan bir neçə nəfərin mübahisəsində seçildi, sonra birinci xəlifənin vəsiyyəti ilə, sonra altı nəfərlik şura ilə, nəhayət, Müaviyənin Yezid üçün beyət alması ilə seçildi və Yezid də Kərbəla hadisəsini törətdi.[66]
Səqifə və icma prinsipi
- Əsas məqalə: İcma
Əhli-sünnəyə görə, hökmlərin istinbat mənbələrindən biri də icmadır. Onlar Səqifə hadisəsində də Əbu Bəkrin qanuni yolla seçilməsini isbat etmək üçün icmaya istinad edirlər.[67]
Bir sıra şiə tədqiqatçıları hesab edirlər ki, əhli-sünnə Əbu Bəkrin hakimiyyətinə legitimlik qazandırmaq üçün icmaya istinad etmişlər.[68] Onlar insanların fikir birliyinin höccət olduğunu müdafiə edən icma düşüncəsini həm ümumi imamətdə, həm də xüsusi imamətdə şiə əqidəsinə qarşı çıxmaq və məsum imama olan ehtiyacı inkar etmək məqsədilə ixtira etmişlər.[69] Bu tədqiqatçıların fikrincə, icma düşüncəsi Səqifə hadisəsinə və Əbu Bəkrin xilafətinə bəraət qazandırmaq üçün ortaya atılıb və icmanın digər dini məsələlərə, o cümlədən ümumi imamətə və fiqhi hökmlərə şamil edilməsi, əslində, bu əqidənin doğruluğunu təsdiqləmək üçündür.[70]
Monoqrafiyalar
Səqifə hadisəsi islam tarixi kitablarında qeyd edilmiş, Təbəri tarixi, Yəqubi tarixi və s. Kitablar bu hadisədən bəhs etmiş və onun təfərrüatına toxunmuşlar. Bununla yanaşı, bir sıra monoqrafiyalar da xüsusi olaraq bu mövzunu araşdırıb təhlil etmişlər. Onlardan bəzilərinə işarə edirik:
- Səqifə. Əbu Saleh əs-Suleyl ibn Əhməd ibn İsa (təxminən hicrətin üçüncü əsrində yaşayıb).
- Səqifə və Əbu Bəkrlə beyət. Muhəmməd ibn Ömər Vaqidi (130-207 h.q.)
- Səqifə. Əbu Mixnəf Lut ibn Yəhya ibn Səid (vəfatı 157 h.q.)
- Səqifə və xəlifə təyinində ixtilaf. Səhab ibn Muhəmməd Zaman Təfrişi. 1955-ci ildə Tehranda çap olunmuşdur.
- Səqifə. Əbu İsa əl-Vəraq Muhəmməd ibn Harun[71]
- Səqifə. Muhəmməd Rza Müzəffər
- Muhəmmədin canişinliyi. Vilferd Madelunq
- Səqifə: Peyğəmbərin vəfatından sonra hakimiyyətin necə formalaşdığının təhlili. Murtəza Əsgəri
- Səqifə və xilafət. Əbdülfəttah Əbdülmaqsud
- Səqifə və Fədək. Əhməd ibn Əbdüləziz Covhəri Bəsri
- Səqifə yığıncağı - islam tarixində ən əhəmiyyətli hadisənin təhlili. Baqir Şərif Qərəşi
- Səqifə yığıncağı - islam tarixinə yeni baxış. Seyyid Muhəmməd Ticani Səmavi
- Səqifənin deyilməyən tərəfləri (yanaşmalar, nəticələr, reaksiyalar). Nəcməddin Təbəsi
İstinadlar
- ↑ Yaqut Həməvi, Mucəmul-buldan, Daru Sadir, c.3, s.228-229
- ↑ Rəcəbi Dəvani, Təhlile vaqie Səqife ba ruykərd ve Nəhcül-Bəlağə, h.ş 1393, s.80
- ↑ Madelunq, Canişini Muhəmməd, h.ş 1377, s.47
- ↑ İbn Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1410, c.1, s.22
- ↑ Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1410, c.1, s.22
- ↑ İbn Əsir, Əl-Kamilu fit-Tarix, Daru Sadir, c.2, s.327
- ↑ İbn Əsir, Əl-Kamilu fit-Tarix, Daru Sadir, c.2, s.325
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.206
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.206
- ↑ İbn Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1410, c.1, s.27
- ↑ Əbu Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1410, c.1, s.22
- ↑ Təbəri, Tarixul-uməmi, vəl-muluk, h.q 1387, c.3, s.202
- ↑ Əbu Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1410, c.1, s.25
- ↑ Zəməxşəri, Əl-Faiqu fi ğəribil-hədis, Darul-kutubil-elmiyyə, c.3, s.73
- ↑ Əbu Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1410, c.1, s.25
- ↑ Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.123
- ↑ Təbəri, Tarixul-uməmi, vəl-muluk, h.q 1387, c.3, s.202
- ↑ Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.123
- ↑ Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.123
- ↑ Təbəri, Tarixul-uməmi, vəl-muluk, h.q 1387, c.3, s.202
- ↑ Madelunq, Canişini Muhəmməd, h.ş 1377, s.52-53
- ↑ İbn Hişam, Əs-sirətun-Nəbəviyyə, c.2, s.660; Bəlazuri, Ənsabul-əşraf, c.1, s.567
- ↑ Madelunq, Canişini Muhəmməd, h.ş 1377, s.52-53
- ↑ Əbdül-Məqsud, Əs-Səqifə vəl-xilafə, h.q 1427, s.317
- ↑ İbn Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1410, c.1, s.21-26
- ↑ İbn Qüteybə, Əl-İmamət vəs-siyasət, h.q 1410, c.1, s.27
- ↑ Muir və başqaları, Bərresiye təsir ezame leşkəre Üsamə bər çequnegiye muşarikəte siyasi noxbeqane Mühacir və Ənsar dər Səqifə, s.155
- ↑ Bəyzun, Rəftarşenasiye İmam Əli (ə), h.ş 1379, s.29-30
- ↑ Müzəffər, Əs-Səqifə, h.q 1415, s.95-97
- ↑ İbn Kəsir, Əl-bidayətu vən-nəhayə, h.q 1408, c.5, s.265
- ↑ Yəqubi, Tarixul-Yəqubi, c.2, s.124
- ↑ Yəqubi, Tarixul-Yəqubi, c.2, s.124
- ↑ Cuhəri Bəsri, Əs-Səqifə və Fədək, s.42
- ↑ Cuhəri Bəsri, Əs-Səqifə və Fədək, s.62
- ↑ Yəqubi, Tarixul-Yəqubi, c.2, s.171
- ↑ Əskəri, Səqifə: Bərresi nəhveye şeklgiriye hokumət pəs əz rihləte Peyambər (s), h.ş 1387, s.76
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 2387, c.3, s.205; Bəlazuri, Ənsabul-əşraf, c.1, s.581; Müqəddəsi, Əl-bədu vət-Tarix, c.5, s.190
- ↑ Cuhəri Bəsri, Əs-Səqifə, s.37
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.6, s.17
- ↑ Nəsr ibn Muzahim, Vəqətu Siffeyn, s.119-120
- ↑ Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.56
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.6, s.11
- ↑ Təbərsi, Əl-İhticac, c.1, s.115-130
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.1, s.151
- ↑ İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.29-30; İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.6, s.13
- ↑ Zərrinkub, Bamdade İslam, h.ş 1369, s.71
- ↑ İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.30-31
- ↑ Ticani, Mutəmərus-səqifə, h.q 1424, c.1, s.75
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.16, s.233-234; İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.492
- ↑ Henri Lammens, Müsəlləse qudrət: Əbubəkr, Ömər Əbu Ubeydə, s.126
- ↑ Madelunq, Canişiniye Muhəmməd, h.ş 1377, s.17-18
- ↑ Madelunq, Canişiniye Muhəmməd, h.ş 1377, s.51
- ↑ Madelunq, Canişiniye Muhəmməd, h.ş 1377, s.51
- ↑ Madelunq, Canişiniye Muhəmməd, h.ş 1377, s.51
- ↑ Madelunq, Canişiniye Muhəmməd, h.ş 1377, s.51-52
- ↑ Madelunq, Canişiniye Muhəmməd, h.ş 1377, s.62
- ↑ Madelunq, Canişiniye Muhəmməd, h.ş 1377, s.62
- ↑ Madelunq, Canişiniye Muhəmməd, h.ş 1377, s.62
- ↑ Madelunq, Canişiniye Muhəmməd, h.ş 1377, s.65
- ↑ Müzəffər, Əs-Səqifə, h.q 1415, s.60-65
- ↑ Müzəffər, Əs-Səqifə, h.q 1415, s.60-66
- ↑ Müzəffər, Əs-Səqifə, h.q 1415, s.66
- ↑ İbn Əbdrəbbə, Əl-Əqdul-fərid, c.5, s.13
- ↑ Təbəri İmami, Dəlailul-İmamə, h.q 1413, s.134
- ↑ Əskəri, Səqifə: Bərresiye nəhveye şeklgiriye hokumət pəs əz rihləte Peyambər, h.ş 1387, s.115
- ↑ Davudi, Rüstəmnejad, Aşura, Rişeha, Əngizeha, Ruydadha, peyamədha, h.ş 1388, s.115-126
- ↑ Hüseyni Xorasani, Bazkavi dəlile icma, h.ş 1385, s.19-57
- ↑ Hüseyni Xorasani, Bazkavi dəlile icma, h.ş 1385, s.19-57
- ↑ Hüseyni Xorasani, Bazkavi dəlile icma, h.ş 1385, s.19-57
- ↑ Hüseyni Xorasani, Bazkavi dəlile icma, h.ş 1385, s.19-57
- ↑ Ağabozorq Tehrani, Əz-Zəriə, c.12, s.205-206
Ədəbiyyat
- Aqa Bozorq Tehrani, Muhəmməd Möhsin, Əz-zəriətu ila təsanifiş-şiə, Cəm edən: Əhməd ibn Muhəmməd Hüseyni, Beyrut
- Əl-Hədid, Əbdül-Həmid, Nəhcül-Bəlağənin şərhi, Mühəqqiq: İbrahim, Muhəmməd Əbül-Fəzl, Qum
- İbn Əsir, Əli ibn Muhəmməd, Əl-Kamilu fit-Tarix, Beyrut, Daru Sadir
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-bidayətu vən-nəhayə, Təhqiq: Əli Şiri, Daru ehyait-terasil-ərəbi, h.q 1408\m.1988
- İbn Qüteybə, Abdullah ibn Müslim, Əl-İmamətu vəs-siyasət, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1410
- İrbili, Əli ibn Musa, Kəşful-ğummə, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Təbriz, h.q 1381
- Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Muhəmməd Baqir Məhmudi, Ehsan Abbas, Əbdül-Əziz Duri, Muhəmməd Həmidullah, Beyrut
- Bəyzun, İbrahim, Rəftarşenasi İmam Əli (ə), Tərcümə: Əli Əsğər Muhəmmədi, Tehran, Dəftəre nəşre fərhənge İslami, h.ş 1379
- Tehrani, Seyyid Muhəmməd Hüseyn, Emamşenasi, Məşhəd, Əllamə Təbatəbai, 3-cü çap, h.q 1426
- Ticani, Muhəmməd, Mutəmərus-Səqifə, London, Muəssisətul-fəcr, h.q 1424
- Cuhəri Bəsri, Əhməd ibn Əbdül-Əziz, Əs-Səqifə və Fədək, Təhqiq: Muhəmməd Hadi Əmini, Tehran
- Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Beyrut, Daru Sadir, m.1995
- Zərrinkub, Əbdül-Hüseyn, Bamdade İslam, Tehran, Əmir Kəbir, h.ş 1369
- Zəməxşəri, Məhmud ibn Ömər, Əl-Faiqu fi ğəribil-hədis, Darul-kutubil-elmiyyə, Beyrut
- Şeyx Müfid, Muhəmməd ibn Muhəmməd, Əl-fusulul-muxtarə, Düzəliş: Əli Mir Şərifi, Qum, Konqre Şeyx Müfid, h.q 1413
- Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, düzəliş: Musəvi Xorasan, Muhəmməd Baqir, Məşhəd
- Təbəri İmami, Muhəmməd ibn Cərir, Dəlailul-İmamə, Qum, Muəssisətul-besət, h.q 1413
- Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: İbrahim, Muhəmməd Əbül-fəzl, Beyrut, Darut-teras, h.q 1387
- Əbdül-məqsud, Əbdül-Fəttah, Əs-Səqifə vəl-Xilafə, Beyrut, h.q 1427
- Əskəri, Mürtəza, Səqifə: Bərresiye nəhveye şeklgiriye hokumət pəs əz rihləte Peyambər (s), Qum, Daneşkədeye Usulud-din, h.ş 1387
- Madelunq, Vilferd, canişiniye Həzrət Muhəmməd (s), Tərcümə: Əhməd Nəmayi, Muhəmməd Cəvad Məhdəvi, Cavad Qasimi, Heydər Rza Zabit, Məşhəd, Bunyadhaye İslami Astane Qodse Rəzəvi, h.ş 1377
- Müzəffər, Muhəmməd Rza, Əs-Səqifə, Müqəddimə: Məhmud Müzəffər, Qum, h.q 1415
- Minqəri, Nəsr ibn Muzahim, Vəqətu Siffeyn, Qum, h.q 1404
- Yəqubi, Əhməd ibn İshaq, Tarixu Yəqubi, Beyrut, Daru Sadir
- Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-bidau vət-Tarix,