Məzmuna keç

Rəcət

wikishia saytından

Rəcət, (ərəbcə: الرجعة) Qiyamətdən əvvəl bəzi ölülərin yenidən dirilməsi mənasını verir. Rəcət İmamiyyə (şiə) məzhəbinə məxsus əqidələrdəndir və onun sübutu üçün Quranarəvayətlərə istinad olunmuşdur. Həmçinin bu inancın şiə məzhəbinin zəruri etiqadlarından biri olduğu və onun haqq olmasına dair icma edildiyi iddia edilmişdir. İmamiyyə alimlərinin əksəriyyəti rəcətin Həzrət Mehdinin (ə.f) zühuruqiyamı zamanı baş verəcəyini qəbul edirlər.

İmamiyyə alimləri hərçənd ki, rəcətin əsasını mütəvatir rəvayətlərə istinad edərək qəbul ediblər, amma onun təfərrüatları və necə baş verəcəyi barədə müxtəlif fikirlər söyləmişlər.

Bəziləri inanırlar ki, rəcət edənlər dünyada yaşadıqları eyni bədənlərlə geri qayıdacaqlar. Başqaları isə deyirlər ki, misali bədən ilə qayıdacaqlar. Digərləri isə bu fikirdədirlər ki, rəcətin özü birmənalı şəkildə qəbul olunub, lakin onun təfərrüatları və necə olacağı yalnız Allah və Onun övliyalarına məlumdur.

Bəzi rəvayətlərə əsasən, rəcət edən ilk şəxs İmam Hüseyn (ə) olacaq. Həmçinin bəzi rəvayətlərə görə Peyğəmbər (s), İmam Əli (ə) və digər imamlar (ə), möminlərşəhidlər, Kəhf əshabı, Yuşə, Firon ailəsindən olan mömin və bəzi qadınlar məsələn, Ümmü Əymən, Həbbabə Valibeyh, Süməyyə və Siyanətu Maşitə rəcət edənlər arasında olacaqlar. Eyni zamanda, bəzi rəvayətlərə əsasən, Əhli-beytin (ə) düşmənləri, peyğəmbərlərin düşmənləri və münafiqlər rəcət edəcəklər və onlardan intiqam alınacaq.

Rəcət haqqında əsərlər yazılıb. Bu əsərlər arasında Hürr Amulinin “Əl-İqaz minəl-hucəti bil-burhan ələr-rəcəti” kitabı və Məhəmməd Rza Təbəsi Nəcəfinin “Əş-Şiə vər-rəcətu” kitabı da var.

Tərifi və məqamı

“Rəcət” (qayıdış) ölümündən sonra və Qiyamətdən əvvəl bir qrup insanın yenidən dirilməsi mənasını verir.[1] Şeyx Müfidin sözlərinə görə, rəcət, şiə inancına görə, İmam Əlinin (ə) və digər şiə imamlarının İmam Mehdinin (ə.f) şəhadətindən sonra dünyaya qayıdaraq müxalif olmadan və mübarizə aparmadan yer üzündə hakimiyyət etmələrinə inanmaqdır.[2] “Rəcət”, lüğətdə “qayıdış” mənasınadır[3] və rəvayətlərdə bu anlayış “əl-Kərrə" (qayıdış) ifadəsi ilə də işlənmişdir.[4]

Rəcət əqidə məsələlərindəndir və bir tərəfdən imamət və məhdəviyyətlə bağlıdır, digər tərəfdən isə axirətə, mükafat və cəzaya olan inama zəmin yaradır. Bu səbəbdən də, kəlam elmində rəcətə inamın sübutu, doğruluğu və düzgünlüyü müzakirə olunur.[5] Eyni zamanda rəcət məsələsi şiəsünnilər arasında ixtilaflı mövzulardandır.[6]

Rəcət inancının bəzi formalarının yəhudilik və xristianlıqda da olduğu bildirilmişdir: Məsələn, Tövratda İsrail oğullarının dirilməsi, Davud peyğəmbərin (ə) hakimiyyəti və axirəz-zamanda bir çox ölülərin oyanmasından bəhs olunur. İncildə də İsa peyğəmbərin (ə) davamçılarının rəcəti və onun ikinci Qiyamətdən əvvəl birinci Qiyamətdəki hakimiyyəti haqqında danışılır.[7]

Şiəlik əlamətlərindən biri rəcətə inam

Hürr Amulinin dediyinə görə, rəcətə inanmaq, şiə olmanın xüsusiyyətlərindən və əlamətlərindəndir.[8] Şeyx Səduq “əl-İtiqadat” adlı kitabında qeyd edir ki, rəcət inancı, şiələrin etiqadlarından biridir və bu inanc haqdır.[9] Şeyx Müfid[10]Seyid Mürtəza[11] kimi alimlər rəcətə inanmağın düzgün olduğuna dair icmanın olduğunu iddia etmişlər.

Bəzi alimlər bu inancı qəti və şiə məzhəbinin zəruri inanclarından biri saymışlar, bəziləri isə onu zəruri inanclardan hesab etməsələr də, onu inkar etməyi də caiz bilməmişlər.[12] Məsələn, Əllamə Məclisi “Həqqul-Yəqin” adlı əsərində rəcəti icma edilən məsələlərdən və hətta şiə məzhəbinin zəruri inanclarından saymış[13] və onu inkar etməyi şiə məzhəbindən çıxmaqla eyni tutmuşdur.[14] Seyid Abdullah Şübbər də bu inancı şiə məzhəbinin zəruri prinsiplərindən hesab etmiş və onu inkar edəni şiə məzhəbindən xaric saymışdır.[15] Hürr Amuli bildirib ki, rəcətə inam əksər imamiyyə alimləri tərəfindən vacib hesab edilir və heç bir məşhur şiə alimi onu inkar edən bir şey söyləməmiş və ya yazmamışdır.[16]

Lütfullah Safi Qolpayqaninin dediyinə görə, şiələr ümumi şəkildə rəcətə inanırlar və onu inkar etmək Qurani-Kərim və mötəbər rəvayət mənbələrində gələn mutəvatir hədislərə qarşı çıxmaq deməkdir.[17]

Amma bəzi şiə alimləri, məsələn Seyid Məhəmməd Hüseyn Əmin, Məhəmməd Cavad Muğniyə və Məhəmməd Rza Müzəffər rəcəti şiə məzhəbinin zəruri inancından hesab etmirlər. Onlar buna inanırlar ki, rəcət, imamların rəvayətlərinə əsasən sübuta yetir və bu rəvayətlərin doğruluğuna inananlar üçün ona inanmaq vacibdir.[18] İmam Xomeyni (r.ə) isə hesab edir ki, rəcətin əsli zəruridir, amma onun xüsusiyyətləri və necə baş verəcəyi zəruri deyil və buna dair dəqiq dəlil yoxdur.[19]

Rəcətin necə baş verəcəyi barədə müxtəlif fikirlər

Şeyx Müfidin dediyinə görə, imamiyyə rəcətin əsası barədə yekdil fikrə sahibdir; lakin onun mənası və necə baş verəcəyi barədə müxtəlif fikirlər mövcuddur.[20] Seyid Abdullah Şübbər deyir ki, rəcətə inanmaq vacibdir; lakin onun təfərrüatları və necə olacağı bizə məlum deyil və bu elm Allah və Onun övliyalarının yanındadır.[21] Bəzi mühəddis (hədis alimləri) və mütəkəllimlərin fikrincə, rəcət də Qiyamət kimi olacaq, Allah ölülərin cismini qəbirdən çıxarıb dirildəcək və onları məhşur edəcək.[22] Mürtəza Mutəhhəri, Feyz Kaşaninin rəcət haqqında baxışını izah edərkən deyir ki, onun fikrincə, rəcət, ölülərin dünyadakı eyni cismani bədənləri ilə qayıtması demək deyil; həqiqətdə, mükaşifə əhli tərəfindən görüldüyü iddia edilən kimi onların ruhlarının incə və kölgəvari bir bədəndə qayıtması mənasındadır.[23]

İmam Xomeyni (r.ə) hesab edir ki, rəcət edənlərin nəfsi, cismani (dünyəvi) bədən yaradır və onlar eyni o cismani bədənlərlə bu dünyaya qayıdırlar.[24] Məhəmməd Əli Şahabadi də rəcətə bərzəx və ya misali bədən ilə qayıdış kimi baxır.[25] Şiə təhqiqatçısı Məhəmməd Baqir Behbudi (şəmsi təqvimi ilə 1307–1393 illər) isə deyir ki, rəcət hamının müşahidə edə biləcəyi bir hadisə deyil və qəbirdən qalxmaq şəklindəki təsəvvür, Qurana və ağıla uyğun gəlməyən, sadə xalq arasında yayılmış bir təsəvvürdür. O, inanır ki, insanın dünyaya qayıdışı eyni bu dünyəvi təkvini (təbii yaradılış) sisteminə əsasən baş verir, yəni insanlar atalarının belindən ananın bətninə daxil olur, doğulur və keçmiş xatirələrini unudurlar.[26]

Bəzi alimlər də rəcət haqqında gəlmiş rəvayətləri təvil etmiş və bildirmişlər ki, şiə imamlarının (ə) bədənləri ilə dünyaya qayıtması nəzərdə tutulmur; əksinə, məqsəd budur ki, İmam Mehdinin (ə.f) zühuru zamanı onların dövlətləri, qanunları, əmr və nəhyiləri yenidən qayıdacaq.[27] Seyid Mürtəza bu fikri imamiyyə arasında az sayda şəxsin rəyi kimi qeyd etmiş və onu rədd etmişdir.[28]

Rəcətin vaxtı

Əksər İmamiyyə alimlərinin fikrincə, rəcət Həzrət Mehdinin (ə.f) qiyamı və zühuru ilə bağlıdır.[29] Lakin onun başvermə vaxtı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Əksər alimlər rəcətin Həzrət Mehdinin (ə) qiyamı və zühuru ilə eyni zamanda baş verəcəyini hesab edirlər.[30]

Şeyx Müfid “Əl-İrşad” kitabında rəcəti zühurun nişanələrindən biri kimi qeyd etmişdir.[31] Buna baxmayaraq, bəzi tədqiqatçılar imam Əlinin (ə) bir neçə dəfə rəcət edəcəyini bildirən rəvayətlərə[32] əsaslanaraq belə nəticəyə gəlmişlər ki, rəcət Həzrət Mehdinin (ə.f) zühurundan sonra baş verəcək.[33] Bir rəvayətdə imam Hüseynin (ə) Həzrət Mehdinin (ə.f) zühurundan əvvəl rəcət edəcəyi qeyd olunmuşdur.[34] Başqa bir rəvayətdə isə imam Hüseynin (ə) rəcətinin Həzrət Mehdinin (ə.f) vəfatından sonra baş verəcəyi bildirilmişdir.[35]

“Qumi” təfsirində imam Əlidən (ə) nəql edilən bir rəvayətdə deyilir ki, Peyğəmbər (s) insanlara rəcət hadisələri barədə məlumat verdikdə, onlar o Həzrətdən rəcətin vaxtını soruşmuşlar. Bu zaman Allah-Taala ona “Cin” surəsinin 25-ci ayəsini vəhy etmişdir:[36]

«قُلْ إِنْ أَدْرِی أَ قَرِیبٌ ما تُوعَدُونَ أَمْ یَجْعَلُ لَهُ رَبِّی أَمَداً»

“De: «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir”. Bəzi şəxslər bu rəvayətə istinad edərək belə hesab edirlər ki, rəcətin vaxtı heç kimə məlum deyil və bunu yalnız Allah bilir.

Rəcət edənlər (qayıdanlar)

Rəvayətlərdə bir çox şəxsdən rəсət edənlər kimi bəhs olunmuşdur:[37]

Dəlilləri

Rəcət inancının haqq olmasını sübut etmək üçün aşağıdakı dəlillərə istinad olunmuşdur:

Qurani əsaslar

İmamiyyə məzhəbi, rəcət inancının doğruluğunu sübut etmək üçün aşağıdakı Quran ayələrinə istinad etmişdir:

«وَ يَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا»
  • “(Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər”.[48] Bu ayəyə istinadın səbəbi budur ki, ayəyə əsasən Allah bir dəstəni toplayacaq, hamını yox. Bu isə Qiyamət günü ola bilməz. Çünki Allah bir ayədə buyurur: «وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا» “və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq”.[49] Bu ayəyə görə, Allah Qiyamət günü bütün insanları toplayacaq. Buna görə də “Nəml” surəsinin 83-cü ayəsindəki “həşr etmək” (toplamaq) ölüləri Qiyamət günü diriltmək ola bilməz; bu, həqiqətdə, dünyada baş verən bir hadisədir ki, o da rəcətdir.[50] “Qumi” təfsirində bu ayənin şərhində İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə bu ayənin rəcətə dəlalət etdiyi açıq şəkildə bildirilmişdir.[51]
  • Qiyamətdən əvvəl keçmiş ümmətlərdə ölülərin dirildilməsinə dəlalət edən ayələr. Məsələn, “Bəqərə” surəsinin 73, 243 və 259-cu ayələri.[52]

Tövratda da bəzi insanların rəcət etməsindən nümunələrə işarə olunur: Məsələn, bir uşağın Əl-Yəşə tərəfindən dirildilməsi[53] və Bəni-İsrail peyğəmbərlərindən olan İlya tərəfindən bir oğlanın dirildilməsi.[54]

  • “Nəml” surəsi, 82-ci ayə; “Qəsəs” surəsi, 85-ci ayə; “Ali-İmran” surəsi, 157-ci ayə; “Səcdə” surəsi, 21-ci ayə; “Ğafir” surəsi, 11-ci ayə; “Maidə” surəsi, 20-ci ayə; “Nisa” surəsi, 159-cu ayə və “Ənbiya” surəsi, 95-ci ayələr bəzi rəvayətlərin köməyi ilə təfsir olunduqda, onların da rəcətə dəlalət etdiyi görülür.[55]

Rəcət haqqında mütəvatir rəvayətlər

Deyilir ki, rəcət mövzusunda gələn rəvayətlər mənəvi mütəvatirdir.[56] Əllamə Məclisi “Həqqul-Yəqin” adlı əsərində qeyd edir ki, 50 etibarlı şiə rəvayət mənbəsində yer alan və 40-dan çox imamiyyə müəllifindən nəql edilən 200-dən çox hədisi “Babur-Rəcət” başlığı altında "Biharül-Ənvar" kitabında[57] toplamışdır.[58] O, həmçinin qeyd edir ki, əgər rəcətlə bağlı rəvayətlər mütəvatir hesab olunmazsa, o zaman heç bir mövzuda mütəvatirlik iddiası etmək mümkün olmaz.[59] Seyid Abdullah Şübbər də, İmam Əli (ə) və İmam Hüseynin (ə) rəcət edəcəkləri barədə olan hədisləri mənəvi mütəvatir, digər məsum imamlar haqqında olan rəcət hədislərini isə mütəvatirliyə yaxın sayır.[60] Əhd duası, Dəhvul-Ərz duası, Camiə Kabirə ziyarətnaməsi, İmam Hüseynin (ə) mütləqə ziyarəti, Ali Yasin ziyarəti və İmam Zaman (ə.f) ziyarəti kimi bəzi dualar və ziyarətnamələrdə də rəcətə dəlalət edən məzmunlar mövcuddur.[61]

Rəcətin əqli cəhətdən mümkünlüyü

İmamiyyə şiələrinə görə, rəcət həm mümkündür, həm də baş vermişdir.[62] Onlar inanırlar ki, Allah üçün bu işi görmək mümkünsüz deyil və O, bəndələrindən bəzilərini ölümdən sonra və Qiyamətdən əvvəl yenidən dirildib dünyaya qaytara bilər. Bu cür hallar Quranda[63] da bəzi keçmiş ümmətlər barəsində nəql olunmuşdur.[64] Bununla belə, bəzi şəxslər rəcətin həm mümkünlüyünü, həm də baş verməsini qəbul etməmiş,[65] bəziləri isə sadəcə olaraq onun baş verəcəyinə şübhə ilə yanaşmışlar.[66]

Rəcətin fəlsəfəsi

Rəvayətlər və alimlərin kəlamları əsasında “rəcət”in fəlsəfəsi kimi bəyan edilən hallardan bəziləri bunlardır:

  • Zalımlardan intiqam almaq və möminlərin ürəyini soyutmaq: Deyilir ki, rəcət edənlər iki qrupdur: Yüksək iman sahibləri – Allah onları yenidən dünyaya qaytarır ki, haqq dövlətini görsünlər və izzətə çatsınlar; və başqa dəstə zalımlardır – onlardan intiqam alınaraq, məzlumların qəzəbi soyudulur.[67]
  • Salehlərə mükafat və günahkarlara cəza: Bir qrup münafiq və zalım Qiyamət günü öz xüsusi cəzaları ilə yanaşı, bu dünyada Firon, Ad, SəmudLut qövmü kimi üsyankar qövmlərin yaşadıqları cəzalara bənzər cəzalarla qarşılaşmalıdırlar. Bu isə ancaq rəcətlə mümkündür.[68]
  • İlahi yardımın təcəllisi:
«إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِینَ آمَنُوا فِی الْحَیَاةِ الدُّنْیَا وَیَوْمَ یَقُومُ الْأَشْهَادُ»

“Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik”.[69] Bu ayənin təfsirində gələn bəzi rəvayətlərə əsasən, Allah peyğəmbərlərə, imamlaramöminlərə dəstək olacağı vədini hələ Qiyamətdən öncə, İmam Mehdinin (ə.f) zühuru zamanı, dünyada da yerinə yetirəcək.[70]

  • Nəfslərin kamilləşməsi: “Təfsiri Nümunə”yə əsasən, dünyada mənəvi təkamül yolunda bəzi maneələrlə qarşılaşıb ə təkamülü yarımçıq qalmış bir qrup xalis mömin var. İlahi hikmət tələb edir ki, onlar bu dünyaya qayıdıb, həqiqət və ədalətin ümumdünya hökumətinin şahidi və müşahidəsi ilə öz təkamüllərini davam etdirsinlər və bu hökumətin qurulmasında iştirak etsinlər.[71]
  • İntizar əhlinin ümid və hazırlığının gücləndirilməsi: Rəcət, insanlara bu ümidi verir ki, hətta ölsələr belə, İmam Mehdinin (ə.f) quracağı dövlətdə diriləcək və zühur dövrünü görəcəklər. Bu ümid, insanları xalis mömin olmağa təşviq edir.[72]

Biblioqrafiya

İmamiyyə alimləri tərəfindən rəcəət mövzusunda çoxsaylı əsərlər qələmə alınmışdır. “Rəcət mövzusunun mənbəşünaslığı” adlı bir məqalədə bu mövzuda yazılmış 127 əsərə işarə edilmişdir.[73] “Rəcət” barəsində yazılmış bəzi kitablar bunlardır:

  • “Əl-İqaz minəl-hucəti bil-burhan ələr-rəcəti” kitabı – Müəllifi Şeyx Hürr Amulidir. Hürr Amuli bu kitabda ayə və rəvayətlərə istinad edərək, imamiyyə baxışından rəcəət inancının haqlı olduğunu isbat etmişdir. Müəllif bu kitabı yazmaqda məqsədini üç qrup şiəyə cavab vermək kimi təqdim edir: Rəcət inancında dayananlar, rəcəəti inkar edənlər və bu mövzudakı rəvayətləri təvil edənlər.[74]
  • “Rəcət” kitabı – Müəllifi Əllamə Məclisidir. Bu kitab fars dilində yazılmışdır. Əllamə Məclisi bu kitabda İmam Mehdinin (ə.f) zühuru və rəcət mövzusunda on dörd rəvayət təqdim etmişdir.[75]
  • “Əş-Şiətu vər-Rəcətu” kitabı – Müəllifi Məhəmməd Rza Təbəsi Nəcəfidir. Müəllif bu kitabda rəcətin Quranda, dualarda, ziyarətnamələrdə, fəqihlərin icmasında və alimlərin sözlərindəki yerini izah etmişdir.
  • “Ər-Rəcətu vəl-əvdətu iləl-həyatid-dünya bədəl-məvt” kitabı – Müəllifi Əli Musa Kəbidir. Müəllif bu kitabda rəcət üçün rəvayət və Quran dəlillərini təqdim etmiş və onun baş verməsinin mümkünlüyünü izah etmişdir.[76]
  • “Tarixin sonunda dünyaya qayıdış (Rəcət məsələsinin təhlili və araşdırılması)” kitabı – Müəllifi Xudamurad Səlimiandır. Bu kitab on fəsildən ibarət olub aşağıdakı mövzuları əhatə edir: Rəcət sözünün lüğəvi təhlili, İslam məzhəblərinin rəcətə baxışı, rəcətin vaxtı, rəcətin baş verməsinin mümkünlüyü, axirəz-zamanda rəcət, iradlar və tənqidlər və onların tədqiqi, rəcət edənlər, rəcət zamanında vəzifə, rəcətdə cəza və mükafat.[77]

İstinadlar

  1. Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.423
  2. Şeyx Mufid, Əvailul-məqalat, h.q 1414, s.324
  3. İbn Mənzur, Lisanul-ərəb, رجع sözünün şərhində
  4. Nümunə üçün baxın: Təbəri, Dəlailul-imamə, h.q 1413, s.542
  5. Rizvani, Movudşşenasi və pasox bü şübehat, h.ş 1388, s.661
  6. Müzəffər, Bidayətul-məarifil-İlahiyyə, h.q 1417, c.2, s.169
  7. Keyanifərid, Rəcət, s.593
  8. Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.101
  9. Şeyx Səduq, Əl-Etiqadat, h.q 1414, s.60
  10. Şeyx Mufid, Əvailul-məqalat, h.q 1414, s.48
  11. Seyid Mürtəza, Rəsailuş-şərifil-Mürtəza, h.q 1405, c.1, s.125
  12. Səlimiyan, Bazgəşt be donya dər payane tarix, h.ş 1387, s.39
  13. Əllamə Məclisi, Həqqul-Yəqin, İslamiyyə nəşriyyatı, c.2, s.335
  14. Əllamə Məclisi, Həqqul-Yəqin, İslamiyyə nəşriyyatı, c.2, s.354
  15. Şübbər, Həqqul-yəqin, h.q 1418, c.2, s.337
  16. Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.96
  17. Safi Qolpayqani, Məcmuətur-rəsail, h.q 1404, c.2, s.406
  18. Əmin, Nəqzul-vəşiə, h.q 1403, s.376; Muğniyə, Əl-Cəvamiu vəl-vəfariq, h.q 1413, s.300-302; Müzəffər, Əqaiduş-şiə, h.q 1429, s.84
  19. Musəvi Ərdəbili, Təqriratu fəlsəfə (İmam Xomeyni), h.ş 1381, c.3, s.197
  20. Şeyx Mufid, Əvailul-məqalat, h.q 1414, s.46
  21. Şübbər, Həqqul-yəqin, h.q 1418, c.2, s.337
  22. Nümunə üçün baxın: Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.95; Mütəhhəri, Məcmue asar, h.ş 1390, c.4, s.562
  23. Mütəhhəri, Məcmue asar, h.ş 1390, c.4, s.562
  24. Musəvi Ərdəbili, Təqriratu fəlsəfə (İmam Xomeyni), h.ş 1381, c.3, s.197
  25. Məhəmmədi, Fəlsəfeye rəcət əz mənzər Ayətullah Şahabadi, s.85
  26. «رجعت در قرآن و اندیشه شیعیان»، وبگاه آثار استاد محمدباقر بهبودی., mbehboudi.org saytı
  27. Seyid Mürtəza, Rəsailuş-şərifil-Mürtəza, h.q 1405, c.1, s.125; Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.94
  28. Seyid Mürtəza, Rəsailuş-şərifil-Mürtəza, h.q 1405, c.1, s.125
  29. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f) bər əsase Quran, Hədis və tarix, h.ş 1393, c.8, s.77
  30. Nümunə üçün baxın: Şeyx Mufid, Əvailul-məqalat, h.q 1414, s.77; Seyid Mürtəza, Rəsailuş-şərifil-Mürtəza, h.q 1405, c.1, s.125; Təbərsi, Məcməul-bəyan, h.q 1414, c.7, s.367; Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.38
  31. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, s.369-370
  32. Nümunə üçün baxın: Hilli, Muxtəsərul-bəsair, h.q 1421, s.120-122
  33. Nümunə üçün baxın: Kəbi, Ər-Rəcətu vəl-əvdə, h.q 1426, s.55
  34. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.281
  35. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.326; Şeyx Mufid, Əl-İxtisas, h.q 1413, s.257-258
  36. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.391
  37. Kəbi, Ər-Rəcətu vəl-əvdə, h.q 1426, s.53-54
  38. Hilli, Muxtəsərul-bəsair, h.q 1421, s.91; Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.64
  39. Nümunə üçün baxın: Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.147
  40. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.25; Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.345; Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.108-109
  41. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.50-51
  42. Nümunə üçün baxın: Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.32; Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.68
  43. Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.56
  44. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.32
  45. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.112-113; Hilli, Muxtəsərul-bəsair, h.q 1421, s.93
  46. Təbəri, Dəlailul-imamə, h.q 1413, s.484
  47. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.385; Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.24
  48. Nəml surəsi, ayə 83
  49. Kəhf surəsi, ayə 47
  50. Nümunə üçün baxın: Şeyx Mufid, Əvailul-məqalat, h.q 1414, s.325; Təbərsi, Məcməul-bəyan, h.q 1414, c.7, s.405-406; Şübbər, Həqqul-yəqin, h.q 1418, c.2, s.298-299; Muğniyə, Əl-Cəvamiu vəl-vəfariq, h.q 1414, s.300-301
  51. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.24
  52. Şeyx Mufid, Əvailul-məqalat, h.q 1414, s.324-325
  53. Əhde əqiq, Kitabe dovvome padşahan, 32-38
  54. Əhde əqiq, Kitabe əvvəle padşahan, 17 və 24
  55. Nümunə üçün baxın: Şübbər, Həqqul-yəqin, h.q 1418, c.2, s.299-304
  56. Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.73-74; Şübbər, Həqqul-yəqin, h.q 1418, c.2, s.305
  57. Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.39
  58. Məclisi, Həqqul-yəqin, h.q 1403, c.2, s.336
  59. Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.123
  60. Şübbər, Həqqul-yəqin, h.q 1418, c.2, s.337
  61. Nümunə üçün baxın: Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.494; Qumi, Kulliyatu məfatihil-cinan, Üsvə nəşriyyatı, s.249, 325, 524, 540, 548
  62. Nümunə üçün baxın: Təbərsi, Məcməul-bəyan, h.q 1414, c.7, s.405
  63. Nümunə üçün baxın: Bəqərə surəsi, ayə 56, 73, 259
  64. Təbərsi, Məcməul-bəyan, h.q 1414, c.7, s.405
  65. Səlimiyan, Bazgəşt be donya dər payane tarix, h.ş 1387, s.59
  66. Nümunə üçün baxın: Alusi, Təfsiru ruhil-məani, h.q 1415, c.10, s.237
  67. Şeyx Mufid, Əvailul-məqalat, h.q 1414, s.78; Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.153; Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.39-126
  68. Şeyx Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.155; Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.126-127; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.15, s.559
  69. Ğafir surəsi, ayə 51
  70. Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.345-346
  71. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.15, s.559
  72. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.8, s.50
  73. Zadhuş, Mənbəşenasi movzui rəcət, s.72-80
  74. Hürr Amuli, Əl-İyqazu minəl-həcə, h.ş 1386, s.44-45
  75. Əllamə Məclisi, Rəcət, h.ş 1386, s.50
  76. Kəbi, Ər-Rəcətu vəl-əvdə, h.q 1426, s.105
  77. Səlimiyan, Bazgəşt be donya dər payane tarix, h.ş 1387, s.7-12

Ədəbiyyat

  • Qurani-Kərim
  • Tövrat
  • Alusi, Mahmud ibn Abdullah,Təfsiru ruhil-məani, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Mənzur, Lisanul-ərəb, Beyrut, Darus-sadir, h.q 1414
  • Əmin, Seyid Möhsin, Nəqzul-vəşiə, Beyrut, h.q 1403
  • Hürr Amuli, Məhəmməd ibn Həsən, Əl-İyqazu minəl-həcəti bil-burhani ələr-rəcət, Qum, Dəlile ma, h.ş 1386
  • Hilli Amili, Həsən ibn Süleyman ibn Məhəmməd, Muxtəsərul-bəsair, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1421
  • Rizvani, Əli Əsğər, Movudşşenasi və pasox bü şübehat, Qum, Cəmkəran məscidi, h.ş 1388
  • Zadhuş, Məhəmməd Rza, Mənbəşenasi movzui rəcət, h.ş 1381
  • Səlimiyan, Xodamurad, Bazgəşt be donya dər payane tarix, Qum, Bustane kitab, h.ş 1387
  • Seyid Mürtəza, Əli ibn Hüseyn, Rəsailuş-şərifil-Mürtəza, Qum, Darul-Quranil-kərim, h.q 1405
  • Şübbər, Abdullah, Həqqul-yəqin, Beyrut, h.q 1418
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Etiqadat, Qum, h.q 1414
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əvailul-məqalat fil-məzahib, Beyrut, Darul-mufid, h.q 1414
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Qum, 1-ci çap, h.q 1413
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, 1-ci çap, h.q 1413
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Fusulul-muxtarə, Qum, 1-ci çap, h.q 1413
  • Safi Qolpayqani, Lütfullah, Məcmuətur-rəsail, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1404
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, h.q 1414
  • Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Düzəliş: Məhəmməd Baqir, Məşhəd, Mürtəza nəşri, h.q 1403
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-imamə, Qum, Əl-Besət müəssisəsi, 1-ci çap, h.q 1413
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Həqqul-Yəqin, İslamiyyə nəşriyyatı, Qum
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Rəcət, Qum, Dəlile ma, h.ş 1386
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Düzəliş: Rəsuli Məhəllati, Tehran, 1-ci çap, h.q 1380
  • Qumi, Şeyx Abbas, Kulliyatu məfatihil-cinan, Üsvə nəşriyyatı, Qum
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Kəbi, Əli Musa, Ər-Rəcətu vəl-əvdə ila həyatid-dunya bədəl-məvt, Qum, h.q 1426
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Daneşnameye İmam Mehdi (ə.f) bər əsase Quran, Hədis və tarix, Qum, h.ş 1393
  • Məhəmmədi, Behzad, Fəlsəfeye rəcət əz mənzər Ayətullah Şahabadi, h.ş 1394
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Qum, Sədra nəşriyyatı, h.ş 1390
  • Müzəffər, Məhəmməd Rza, Əqaiduş-şiə, Qum, Ənsariyan, h.q 1429
  • Müzəffər, Məhəmməd Rza, Bidayətul-məarifil-İlahiyyə, Qum, İslami nəşr müəssisəsi, h.q 1417
  • Muğniyə, Məhəmməd Cavad, Əl-Cəvamiu vəl-vəfariq, Beyrut, İzzəddin müəssisəsi, h.q 1414
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-islamiyyə, h.ş 1374
  • Musəvi Ərdəbili, Əbdül-Ğəni, Təqriratu fəlsəfə (İmam Xomeyni), Tehran, h.ş 1381

Xarici keçid