Miqdad ibn Əmr

wikishia saytından
(Miqdad ibn Əsvəd səhifəsindən yönləndirilmişdir)
Miqdad ibn Əmr
KünyəsiƏbu Səid - Əbu Əsvəd
Doğum günü16-cı Amul-fil (Besətdən 24 il qabaq) Həzrəməvt məntəqəsi
Doğum yeriYəmən
Yaşadığı yerHəzrəməvt məntəqəsi - Məkkə - Mədinə
Qohum əqrəba arasında tanınmış şəxslərZubaə binti Zübeyr (İslam peyğəmbərinin (s) əmisi qızı)
Şəhadət günü və tarixiHicrətin 33-cü ili (Mədinə)
Dəfn olunduğu yerMədinə (Bəqi qəbiristanlığı)
İslam dininə gəlmə zamanıİslam dinini ilk qəbul edənlərdən
İştirak etdiyi döyüşlərBədr və digər döyüşlər
Hicrət etdiyi yerMədinə - Həbəşə
Şöhrət tapmasının səbəbiDörd sadiq səhabədən biri
Önəmli işləriİmam Əlinin (ə) məşhur səhabəsi
Başqa fəaliyyətləriXəlifələr ilə müxalifətçiliyi, məxsusən Səqifə hadisəsində


Miqdad ibn Əmr (ərəbcə: المقداد بن عمرو) kimi tanınan Miqdad ibn Əsvəd (hicri 33-cü ildə vəfat edib) Peyğəmbərin (s) böyük səhabələrindənİmam Əlinin (ə) ilk şiələrindən biri idi. Miqdad besətin əvvəlində müsəlman olmuş və müsəlman olduğunu ilk bəyan edən şəxslərdən olmuşdur. O, İslamın əvvəlindəki bütün döyüşlərdə iştirak etmişdir. Miqdad, Əhli-beytin (ə) Salmanı, Əmmar ibn YasirƏbuzərlə birlikdə İmam Əlinin (ə) ilk şiələri kimi qeyd edilmişdir. Onlar həmçinin Peyğəmbərin (s) zamanında da bu adla tanınırdılar.

Həzrət Peyğəmbərin (s) vəfatından sonra Miqdad İmam Əlinin (ə) canişinliyini dəstəkləmiş və Əbu Bəkrə beyət etməmişdir. Həmçinin həzrət Zəhranın (s) dəfn mərasimində iştirak edən nadir şəxslərdən olmuşdur. Miqdadı Osmanın xilafətinin qatı müxaliflərindən biri sayıblar. Əhli-beytin (ə) rəvayətlərində Miqdad xeyirxah bir şəxs kimi qeyd olunub. O, həmçinin həzrət Mehdinin (ə.f.) zühuru zamanı ricət edənlərdən biri kimi təqdim edilir. Peyğəmbərdən (s) nəql olunan bəzi rəvayətlər Miqdada nisbət verilmişdir.

Həyatı

Doğum və əcdadı

Miqdad ibn Əsvəd kimi tanınan Miqdad ibn Əmr ibn Sələbənin doğum tarixi məlum deyil. Lakin tarixçilər onun vəfat ilini hicri 33-cü il və 70 yaşında hesab etdikləri üçün[1] ehtimal verilir ki, o, besətdən 24 il əvvəl (Hicrətdən 37 il qabaq) dünyaya gəlib. Tərcümeyi-hal yazanlar və tarixçilər onun 20-ci əcdadına qədər nəslini qeyd ediblər.[2]

Nəql olunur ki, Həzrəməvt məntəqəsində Miqdad ilə Əbi Şimr ibn Həcər adlı şəxs arasında döyüş olub və nəticədə həmin şəxs yaralanıb. Bu hadisədən sonra Miqdad Məkkəyə gedərək Əsvəd ibn Əbd ibn Yəğus Zöhri ilə ittifaq bağladı. Həmçinin Əsvəd ilə Miqdad arasında atalıq əlaqəsi yarandı. Buna görə də ona Miqdad ibn Əsvəd, bəzən də Miqdad Zöhri deyirdilər. Amma ««ادْعُوهُمْ لِآبَائِهِمْ "Onları atalarının adları ilə çağırın"[3] ayəsi nazil olduqdan sonra onu Miqdad ibn Əmr çağırdılar.[4]

Ləqəblər və künyələr

Miqdad üçün Bəhrai və ya Bəhravi[5] Kendi və Həzrəmi kimi ləqəblər, Əbu Məbəd, Əbu Səid və Əbu Əsvəd kimi künyələr qeyd olunur.[6]

Ailə

* Həyat yoldaşı: Miqdadın həyat yoldaşı Peyğəmbərin (s) əmisi qızı (Zübeyr ibn Əbdül Mütəllibin qızı) Zubaə idi.[7] Peyğəmbər, Zəbaəni nəsil baxımından çox hörmətli hesab etdiyi halda Miqdadın həyat yoldaşı etdi və buyurdu: "Mən əmim qızı Zəbaəni yalnız ona görə Miqdadın həyat yoldaşı etdim ki, insanlar evlənmək məsələsini asan tutsunlar və hər möminə qız versinlər. Evlilikdə nəsil-nəcabəti nəzərə almasınlar".[8]

* Övladlar: Miqdadın Abdullah və Kərimə adlı iki övladı var idi. Abdullah, Cəməl döyüşündə Aişənin tərəfdarlarından idi ki, həzrət Əlinin (ə) qarşısında dayandı və öldürüldü. İmam Əli (ə) müharibənin sonunda Abdullahın cənazəsinə baxdıqda ona dedi: "Sən nə pis bacı oğlu idin".[9] Bəziləri Miqdadın oğlunun adını Abdullah əvəzinə Məbəd olduğunu bildiriblər.[10]

Vəfat və dəfn yeri

Ömrünün sonunda Miqdad "Cərf"də (Mədinədən Şam tərəfinə bir fərsəxlikdəki bir ərazidə yerləşir) yaşamış və hicri 33-cü ildə yetmiş yaşında ikən vəfat etmişdir. Müsəlmanlar onun cənazəsini Mədinəyə gətirdilər və Osman ibn Əffan onun namazını qıldı. Sonra onu Bəqi qəbiristanlığında dəfn etdilər.[11] Türkiyənin Van şəhərində Miqdada aid edilən bir qəbir var ki, bəzi alimlər bu qəbirin Fazil Miqdada ya da ərəb şeyxlərindən birinə aid olduğunu düşünürlər.[12] Bir rəvayətə görə, Miqdad imkanlı bir şəxs idi. Həmçinin o, malından 36 min dirhəm İmam Həsən (ə) və İmam Hüseynə (ə) verilməsini vəsiyyət etdi.[13]

Peyğəmbərin (s) dövründə

İslamı qəbul etməsi

Miqdad elə besətin əvvəlində müsəlman oldu və Qüreyş müşriklərinin işgəncələrinə dözdü. Tarixçilər onu İslamı ilk qəbul edən şəxslərdən biri hesab edirlər. Amma onun necə müsəlman olması barədə ətraflı məlumat yoxdur. İbn Məsuddan rəvayət edilmişdir ki, öz müsəlmanlığını ilk aşkar edən şəxslər yeddi nəfər idi. Miqdad da onlardan biridir.[14]

Hicrət etməsi

Miqdad iki dəfə hicrət etdi: Miqdad bir dəfə Həbəşistana hicrət edən üçüncü qrup müsəlmanların arasında olub. İkinci dəfə isə Mədinəyə hicrət edib. Mədinəyə hicrətinin dəqiq vaxtı bəlli deyil. Lakin bir çox dəlillərin mövcudluğuna görə, hicrətin birinci ilində Şəvval ayında Əbu Übeydə səriyyəsində (Peyğəmbərin (s) özünün iştirak etmədiyi döyüşdə) müsəlmanlara qoşulub onlarla birlikdə Mədinəyə hicrət etdi.[15]

Müharibələrdə iştirakı

Həzrət Rəsulullah (s) buyurub: Allah mənə 4 nəfəri sevməyi əmr etdi və onları sevdiyini bildirdi: Əli, Miqdəd, Əbuzər, Salman.

İbn Həcər Əsqəlani, Əl-İsabə, c.6, s.161

Miqdad, Peyğəmbərin (s) bütün döyüşlərində iştirak etmiş və o həzrətin qəhrəman və döyüşçü səhabələrindən biri olmuşdur.[16] O, Bədr döyüşündə süvarilərin tərkibində olmuşdur. Onun atı üzən mənasını verən "Səbəhə" adlanırdı. Bəlkə də Miqdad tam şücaət və igidliklə döyüşdüyünə görə onun atına "Səbəhə" deyirdilər.[17]

Ühüd döyüşündə də Miqdadın böyük rolu olub. Elə ki, döyüşün sonunda hamı qaçanda, tarixi mənbələrə görə, Peyğəmbərin (s) yanında Əli (ə), Təlhə, Zübeyr, Əbu Dəccanə, Abdullah ibn Məsud və Miqdaddan[18] başqası qalmadı. Bəzi mənbələr Miqdadı bu müharibədə İslam ordusunun oxatanlarından biri kimi qeyd ediblər.[19] Amma bəziləri onu Zübeyrlə birlikdə İslam ordusunun süvarilərinin komandanı hesab etmişlər.[20]

Miqdad, Salman, ƏmmarƏbuzərlə birlikdə Peyğəmbərin (s) dövründə bu adla tanınan ilk şiələrdən idi.[21]

İmam Əlinin (ə) canişinliyini dəstəkləmək

İslam Peyğəmbərinin (s) vəfatından və Əbu Bəkrin xəlifə və Peyğəmbərin canişini seçilməsindən sonra az sayda müsəlman həzrət Əliyə (ə) sadiq qaldı və Əbu Bəkr ilə beyət etmədi. Onların arasında Salman, Əbuzər və Miqdad da var idi. Miqdad Səqifə hadisəsində iştirak etmirdi. O, Əmirəl-möminin Əli (ə) və bəzi səhabələrlə birlikdə İslam Peyğəmbərini (s) qüsl etmək və ona namaz qılmaqla məşğul idi.[22] Rəvayətlərə görə, o, həzrət Zəhranın (s) cənazəsi üzərində namaz qılan nadir şəxslərdəndir.[23] Bəzi mənbələr onu Xəmis polisinin üzvü hesab etmişlər.[24]

Miqdad müxtəlif vəziyyətlərdə İmam Əlinin (ə) canişinlik məsələsini Əbu Bəkrə və onun ətrafındakılara xatırladıb xalqı maarifləndirmək üçün tədbirlər görürdü. Misal üçün, Miqdadın həzrət Əlinin (ə) müdafiəsi ilə bağlı bir neçə hərəkət və fəaliyyətinə işarə edilir:

  1. Camaat Əbu Bəkrə beyət etdikdən sonra bir qrup mühacirənsar ona beyət etməkdən imtina edərək Əli ibn Əbu Talibə (ə) qoşuldular ki, onların arasında Miqdad da var idi.[25]
  2. Qırx nəfər İmam Əlinin (ə) yanına gəlib, "biz sizi müdafiə etməyə və dəstəkləməyə hazırıq" dedikdə, həzrət Əli (ə) onlara buyurdu: "Əgər sözünüzə əməl edəcəksinizsə, sabah saçınızı qırxdırın və yanıma gəlin". Ertəsi gün yalnız Salman, Miqdad və Əbuzər başları qırxılmış halda İmamın hüzuruna çıxdılar".[26]
  3. Növbəti xəlifənin təyin edilməsi üçün təşkil edilmiş altı nəfərdən ibarət şura məclisində Əbdürrəhman ibn Ovf həzrət Əliyə (ə) dedi: "Əgər Allahın kitabına, Peyğəmbərin sünnəsinə və Əbu Bəkrin yoluna əməl etsən, sənə beyət edərəm". Əli (ə) yalnız ilk ikisini qəbul etdi. Miqdad etiraz etmək üçün üzünü Əbdürrəhmana tutub dedi: "Allaha and olsun ki, Əlini, yəni haqq və ədalətlə hökm edəni tərk etdiniz". Sonra sözünə belə davam etdi: "Heç bir şəxs və ya ailəni görmədim ki, öz peyğəmbərindən sonra bu şəkildə Əhli-beyti zülmə məruz qalsın".[27]

Miqdad Osmanın xilafətinə qarşı çıxdı və bu müxalifətçiliyini Mədinə məscidində çıxış edərək elan etdi.[28]

Yəqubi bəzi insanlardan rəvayət edir ki, Osmana beyət edildiyi gecə, qarşısında şam yandırılmış halda işa namazını qılmaq üçün evdən çıxdı. Miqdad ibn Əmr onunla üz-üzə gəlib dedi: Bu bidət nədir ?[29] Yəqubinin dediyinə görə, Miqdad Osmanı tənqid edənlərdən və Əli ibn Əbu Talibi qəbul edənlərdən idi.[30]

Əhli-beytin (ə) rəvayətlərində

Miqdadın barəsində Məsumlardan (ə) çoxlu hədislər nəql olunmuşdur ki, onların çoxu onun əxlaqi fəzilətləri və imanı haqqındadır. Bu rəvayətlərdən bəziləri aşağıdakılardır:

  1. Peyğəmbərin (s) Miqdada olan məhəbbəti: Peyğəmbər (s) buyurdu: "Allah məni dörd nəfərlə dostluq etməyə əmr etdi". Bir şəxs onları tanıtdırmasını istədi. Həzrət buyurdu: "Əli, Salman, Miqdad və Əbuzər".[31]
  2. Miqdadın Cənnət əhli olması: Ənəs ibn Malikdən rəvayət olunur ki, bir gün Allah Rəsulu (s) buyurdu: "Cənnət ümmətimdən dörd nəfərə eşq bəsləyir. Həzrət Əli (ə) o həzrətdən onların kim olduqları haqqında soruşduqda, Peyğəmbər (s) buyurdu: Allaha and olsun ki, sən onların birincisisən. Qalan digər üç nəfər isə Miqdad, Salman və Əbuzərdir". Həmçinin İmam Sadiq (ə) "İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!"[32] ayəsinin təfsirində buyurur: Bu ayə Əbuzər, Miqdad, Salman və Əmmar haqqında nazil olmuşdur.[33]
  3. Onun imanı: İmam Sadiqdən (ə) nəql edilmişdir: "İmanın on dərəcəsi vardır. Miqdad səkkizinci dərəcədə, Əbuzər doqquzuncu dərəcədə, Salman isə onuncu dərəcəsidir.[34]
  4. Məvəddət ayəsinə əməl etmək: İmam Sadiq (ə) "De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm"[35] ayəsi haqqında buyurdu: "Allaha and olsun ki, yeddi nəfərdən başqa kimsə bu ayəyə əməl etmədi. Miqdad da onlardan biri idi".[36]
  5. Miqdad Əhli-beytdəndir: Bir gün Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) Salman, Miqdad və Əbuzər haqqında soruşdu. Sonra Peyğəmbər (s) onların hər biri haqqında danışdı, Miqdada yetişdikdə isə onun haqqında buyurdu: "Miqdad bizdəndir. Allah onun düşməni olan şəxslə düşmən, dostu olan şəxslə isə dostdur. Ey Cabir! Nə vaxt bir dua etmək istəsən və etdiyin duanın qəbul olmasını istəsən, Allahı onların adları ilə çağır, çünki bu adlar Allah yanında ən yaxşı adlardır".[37]
  6. Həzrət Əliyə (ə) vəfalı olmaq: İmam Baqir (ə) buyurur: Salman, Əbuzər və Miqdaddan başqa bütün insanlar Allah rəsulundan (s) sonra o həzrətin yolundan və məramından üz çevirdilər.[38] Bəzi hədislər, Miqdadı Əmirəl-möminin Əlinin (ə) ən itaətkar dostu hesab ediblər.[39]
  7. Miqdadın ricət etməsi: Rəvayətlərə görə, Miqdad həzrət Mehdinin (ə.f) zühuru və qiyamında ricət edənlərdən (geri qayıdanlardan) və o həzrətin köməkçilərindən və hökumətinin valilərindən olacaqdır.[40]
  8. Miqdadı sevməyin zəruriliyi: İmam Sadiq (ə) buyurur: "Peyğəmbərdən (s) sonra yolunu azmamış şəxslərlə dostluq etmək müsəlmanlara vacibdir. Sonra onlardan bir neçəsini sadaladı ki, onlar Salman, Əbuzər və Miqdaddır.[41]

Onun hədis nəql etməsi

Miqdad İslam Peyğəmbərindən (s) hədislər nəql etmişdir. Səlim ibn Qeys, Ənəs ibn Malik, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əbdülrəhman ibn Əbi Leyli, Əbu Əyyub Ənsari, Zəbaə binti Zübeyr ibn Əbdül-Müttəlib (həyat yoldaşı) və qızı Kərimə kimi bir sıra ravilər də ondan hədis eşitmiş və rəvayət etmişlər.[42]

Monoqrafiyalar

  • Məhəmməd Məhəmmədi İştihardi tərəfindən yazılmış "Simai Miqdad" kitabı ki, "Pəyami İslam" nəşriyyatında çap edilmişdir.
  • Məhəmməd Kamrani-İqdamın yazdığı "Miqdad" kitabı ki, "Neynəva hədisi" nəşriyyatı tərəfindən çap edilmişdir.
  • Miqdadın həyatını hekayə şəklində təsvir edən, şəkillərlə müşayiət olunan kitab "çətin illər idi" kitabıdır. Bu kitab Ədəbi Yaradıcılıq Mərkəzi tərəfindən tərtib edilib və "Mehr surəsi" nəşriyyatı tərəfindən çap edilib.
  • Şeyx Məhəmməd Cavad Əl-Fəqih tərəfindən yazılmış "Əl-Miqdad İbn Əl-Əsvəd Əl-Kəndi Əvvəlu farisin fil-İslam" kitabı, "Əl-Ələmi Livan Mətbuat İnstitutu" tərəfindən çap edilmişdir.
  • "Silsilətul-Ərkanil-Ərbəə" kitabı dörd cilddən ibarətdir. Onun üçüncü cildində Miqdadın tərcümeyi-halından bəhs olunur. Bu kitab Məhəmməd Cavad Fəqih tərəfindən ərəb dilində yazılmış və Livanda çap edilmişdir.
  • Kamal Seyyidin yazdığı on dörd cilddən ibarət olan "Məəs-Səhabə vət-Tabiin" kitabının altıncı cildi Miqdada həsr edilmişdir. Bu kitab ərəb dilindədir və Qumdakı Ənsarian nəşriyyatı tərəfindən çap edilmişdir.

İstinadlar

  1. İbn Həcər Əsqəlani, Əl-İsabə, m. 1995 \ h.q 1415, c.6, s.161
  2. İbn Həzm, Cumhurətu ənsabil-ərəb, s.441
  3. Əhzab surəsi, ayə 5
  4. İbn Həcər Əsqəlani, Əl-İsabə, m. 1995 \ h.q 1415, c.6, s.160; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.12, s.57
  5. İbn Həzm, Cumhurətu ənsabil-ərəb, s.441
  6. Mamaqani, Tənqiyhul-məqal, h.q 1352, c.3, s.245
  7. Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.205
  8. Məclisi, Biharul-ənvar, h.q 1403, c.22, s.265
  9. İbn Həcər Əsqəlani, Əl-İsabə, m. 1995 \ h.q 1415, c.5, s.22
  10. Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.2, s.262-265
  11. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.3, s.121; Əmin, Əyanuş-şiə, h.q 1403, c.10, s.134; Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.204; Zirikli, Əl-Əlam, m. 1980, c.7 s.282
  12. Qumi, Muntəhul-amal, h.q 1413, c.1, s.228
  13. Hafiz Mهzzi, Təhzibul-əhkam, h.q 1400, c.28, s.452
  14. İbn Əsir, Əsədul-ğabə, m. 1970, c.5, s.242
  15. Bəlazuri, Ənsabul-əşraf, m. 1959, c.1, s.205; Mamaqani, Qamusur-rical, c.9, s.114
  16. Zirikli, Əl-Əlam, m. 1980, c.7 s.282
  17. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.3, s.120
  18. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.3, s.114
  19. İbn Əsir, Əsədul-ğabə, m. 1970, c.5, s.242
  20. ibn Əsir, Əl-Kamilu fit-tarix, c.2, s.152
  21. Nobəxti, Firəquş-şiə, h.q 1404, s.18
  22. Məclisi, Biharul-ənvar, h.q 1403, c.22, s.328
  23. Kəşşi, İxtiyaru mərifətir-rical, h.q 1404, c.1, s.34
  24. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.6, s.188
  25. Abi, Nəsrud-durri fil-muhazirat, h.q 1424, c.1, s.277; ibn Əbil-Hədis, Nəhcül-bəlağənin şərhi, h.q 1418, c.1 s.137-138; Şeyx Səduq, Əl-Xisal, h.q 1403, s.461-465
  26. Yaqubi, Tarixul-Yaqubi, h.ş 1373, c.2, s.126
  27. Təbəri, Tarixu Təbəri, c.4, s.233
  28. Təbəri, Tarixu Təbəri, c.4, s.233
  29. Yaqubi, Tarixul-Yaqubi, h.ş 1373, c.2, s.54
  30. Yaqubi, Tarixul-Yaqubi, h.ş 1373, c.2, s.54-55
  31. Şeyx Mufid, Əl-İxtisas, s.9
  32. Kəhf surəsi, ayə 107
  33. Məclisi, Biharul-ənvar, h.q 1403, c.4, s.151
  34. Qumi, Muntəhul-amal, c.1, s.228
  35. Şura surəsi, ayə 23
  36. Məclisi, Biharul-ənvar, h.q 1403, c.23, s.237
  37. Şeyx Mufid, Əl-İxtisas, s.223
  38. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.6, s.186
  39. Kəşşi, İxtiyaru mərifətir-rical, h.q 1404, c.1, s.46
  40. Mufid, Əl-İrşad, h.ş 1388, s.636
  41. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.6, s.187
  42. Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.6, s.185; Mizzi, Təhzibul-əhkam, c.28, s.453-454

Ədəbiyyat

  • Abi, Əbu Səd ibn Əl-Hüseyn, Nəsrud-durr, Təhqiq: Xalid Əbdül-Ğəni, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbdül-Kərim, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1418
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Təhqiq: Məhəmməd İbrahim, Beyrut, m. 1970
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru Sadir
  • İbn Həzm, Əli ibn Məhəmməd, Cumhurətu ənsabil-ərəb, Təhqiq: Məhəmməd Əbdüs-səlam, Qahirə, Darul-məarif
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Səd, Məhəmməd ibn Həsən, Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Darul-kutubil-elmiyyə, h.q 1410, 1-ci çap
  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, Beyrut, h.q 1403 \ m. 1983
  • Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1397
  • Bəlazuri, Əhməd ibn Yəhya ibn Cabir, Ənsabul-əşraf, Misir, m. 1959
  • Xoyi, Əbül-Qasim, Mucəmu ricalil-həsis, Qum, h.q 1410 \ h.ş 1369
  • Şeyx Səduq, Məhəmməd ibn əli ibn Əl-Hüseyn, Xisal, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, h.q 1403 \ h.ş 1362
  • Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), Tehran, Cahan nəşri, h.q 1387
  • Qumi, Şeyx Abbas, Muntəhul-amal, Qum, Hicrət nəşri, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixu Təbəri, Beyrut
  • Kəşşi, İxtiyaru mərifətir-Rical, Təhqiq: Seyyid Mehdi Rəcai, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Mamaqani, Abdullah, Tənqihul-məqal fi elmir-Rical, Nəcəf, Mürtəzəviyyə, h.q 1352
  • Mamaqani, Abdullah, Qamusur-rical
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 3-cü çap, h.q 1403
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Qum
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Tərcümə: Həsən Musəvi, Qum, Surur nəşriyyatı
  • Noubəxti, Həsən ibn Musa, Firəquş-şiə, Beyrut, h.q 1404 \ m. 1984
  • Yaqubi, Tarixu Yaqubi, Qum, Şərif Rza, h.ş 1373