Taslim:Rəhmani İslam
Rəhmani İslam (farsca: اسلام رحمانی) – mərhəmət və mehribanlıq üzərində qurulan, zorakılıq və ifratçılıqdan uzaq bir İslam oxunuşudur. Bu yanaşmanı müdafiə edənlərin fikrincə, İslamın müxalif düşüncələrlə münasibəti mülayimlik, dialoqu əsas götürmək, azadlığa dəyər vermək, inhisarçılıqdan, təəssübkeşlikdən və dar düşüncəlilikdən uzaq olmaqla müşayiət edilir. Rəhmani İslamın tərəfdarları arasında bu mərhəmətin İslamın zatının bir hissəsi olub-olmaması, yoxsa sonradan ona əlavə edilməsi və həmçinin onun İslam hökuməti ilə uyğunlaşıb-uyğunlaşmaması barədə fikir ayrılığı mövcuddur. Möhsün Kədivər və Əbdülkərim Suruş Rəhmani İslam tərəfdarları sırasında göstərilirlər.
Şiə mərcəyi-təqlidi və Ali Məqamlı rəhbər Seyid Əli Xamenei isə Rəhmani İslamı qarışıq, yanlış və liberal əsaslardan təsirlənmiş sayır. O və Abdullah Cavadı Amuli, Rəhmani İslamı və zorakı oxunuşların qarşısında, həm ağıla, həm də düşmən qarşısında təslim olmamağa vurğu edən, eyni zamanda zorakılıq və təkfirçiliyi də rədd edən “Xalis İslamı” irəli sürürlər. Rəhmani İslam tənqidçilərinin fikrincə, bu baxış dini yalnız axirətlə məhdudlaşdırır, hər şeyə göz yummaq və hər şeyi etməyin icazəli olduğuna gətirib çıxarır. Rəhmani İslam baxışı müxtəlif İslam məzhəblərinin mütəfəkkirləri arasında da mövcuddur. Lakin deyilir ki, İran İslam Respublikasının siyasi sistem kimi formalaşması səbəbindən bu fikir İranda və şiəlikdə daha çox üzə çıxmışdır. Bu ideyanın elmi-ictimai bir cərəyan kimi irəli sürülməsi tarixi, hicri-şəmsi 1360-cı illərin sonlarına gedib çıxır.
Rəhmani İslam anlayışı
“Rəhmani İslam” anlayışı, İslam inanclarının elə bir yozumuna verilən addır ki, onun nəzəriyyəçilərinin fikrinə görə, dialoqa, çoxluğa (plüralizmə), azadlığa və müxalif fikirlərə dözümlülüyə əhəmiyyət verir. Bunun əksinə olaraq, digər İslam təfsirlərini inhisarçı, təəssübkeş və dar düşüncəli kimi təqdim edir. Bu tədqiqatçılar bir çox İslam yozumlarını zorakı və ifratçı hesab edirlər.[1] Möhsün Kədivər Rəhmani İslamı faşist İslamın, Taliban İslamının, Əməvi İslamının, qara və mühafizəkar İslamın qarşısında qoyur.[2]
İslamın mahiyyəti rəhmətdir
“Rəhmani İslam” nəzəriyyəçilərindən biri kimi tanınan Möhsün Kədivərin fikrincə, İslamın mahiyyəti rəhmətdən ibarətdir. Lakin zaman keçdikcə cahiliyyət dövrünün sərt adət və ənənələri cəmiyyətə hopdu və dinin ruhu və əsas məqsədlərinə diqqət yetirilmədiyi üçün İslam öz rəhmət yönünü qismən itirdi.[3] Həmçinin qeyd olunur ki, Əkbər Haşimi Rəfsəncani, Seyid Məhəmməd Xatəmi və Həsən Ruhaninin çıxışlarından da İslamın mahiyyət etibarilə rəhmətdən ibarət olduğu qənaətinə gəlmək olar.[4] Amma Əbdülkərim Suruş hesab edir ki, İslam əvvəlində rəhmət yönlü deyildi, yalnız zaman keçdikcə müsəlman mütəfəkkirlərinin fikri inkişafları nəticəsində onda rəhmət yönləri üzə çıxdı. Suruş bu yanaşmanı “din və qüdrət” nəzəriyyəsində, “nübüvvət təcrübəsinin genişlənməsi” və “şəriətin nəzəri genişlənməsi və daralması” fikirlərinə əsaslanaraq izah etmişdir.[5]
Rəhmani İslam tarixi
İslama qarşı Rəhmani İslama inananlar, İslamı iki növə bölürlər: Tarixi və mənəvi. Tarixi İslam zaman və məkanın tələblərinə bağlıdır. Mənəvi (rəhmət yönlü) İslam isə dini əsas prinsiplərə və orijinal məqsədlərə əsaslanır, zaman və məkan şərtlərinə bağlı deyil.[6] Möhsün Kədivərin fikrincə, İslamı düzgün anlamaq üçün tarixi oxunuşdan kənara çıxmaq, ağıl və məntiqə söykənərək dinin əsil həqiqətinə yönəlmək lazımdır.[7] Seyid Məhəmməd Əli Əyazi hesab edir ki, Rəhmani İslam oxunuşunda dinin əsas prinsipləri, habelə məzhəb hökmlərinin çoxu və müamilatla (alış-veriş) bağlı qaydalar qüvvədə qalır. Lakin Quranın nazil olduğu dövrdən bəri fərqli zaman və məkan şəraitində başa düşülən və buna görə də Rəhmani təbiətindən uzaqlaşan bəzi qaydalar və rituallar yeni bir şərh tələb edir.[8]
Rəhmani İslamın əsas xüsusiyyətləri
Rəhmani İslamda dini tanımağın əsasları
Möhsün Kədivər, Allahın razılığı və rəhmətini “Rəhmani İslam” nəzəriyyəsinin əsas təməli hesab etməklə yanaşı, dini anlamaqda ağlın əsas rolunu xüsusi vurğulayır. Onun fikrincə, ağıla zidd heç bir hökm etibarlı ola bilməz və hər bir hökm sağlam düşüncə ilə uyğunlaşmalıdır.[9] Kədivər həmçinin İslamı anlamaq və təfsir etməkdə elm və bilikdən istifadə etməyin zəruriliyini vurğulayır. Onun fikrinə görə, müasir humanitar elmlər İslam elmləri ilə yanaşı tətbiq edildikdə İslamın daha düzgün başa düşülməsinə yardım edə bilər.[10]
Rəhmani İslamda ədalət, əxlaq və insan haqları
Rəhmani İslam anlayışında qeyd olunur ki, ədalət və əxlaq İslamın dərkində əsas sütunlardandır və sosial ədalətlə ziddiyyət təşkil edən hər hansı bir fətva və ya hökm qəbul edilmir;[11] eləcə də hər bir hökm və fətva əxlaqi prinsiplərlə uzlaşmalıdır.[12] Bu əsasa görə, Rəhmani İslam insanın azadlığı və ixtiyarı üzərində qurulub. Bundan əlavə deyilir ki, İslam bütün insanların canını, malını, heysiyyətini və azadlığını – din və məzhəblərindən asılı olmayaraq – qorumağa önəm verir[13] və dini məsələlərdə hər cür məcburiyyət və təzyiq rədd olunur.[14]
Rəhmani İslamda din və siyasətin əlaqəsi
Rəhmani İslam nəzəriyyəçiləri hökumət və siyasət sahəsində demokratiyanı cəmiyyətin idarəsi üçün ən yaxşı üsul hesab edirlər və inanırlar ki, demokratik bir cəmiyyətdə hakimiyyət xalqa məxsusdur və hökumət xalqın istək və iradəsi əsasında formalaşmalıdır.[15] Kədivər, Rəhmani İslamın əsaslarından birini din institutunun siyasət institutundan müstəqilliyi hesab edir və dövlətin dini işlərə hər cür müdaxiləsini batil sayır. Onun sözlərinə görə, din və siyasət institutları bir-birindən asılı olmayaraq fəaliyyət göstərməlidirlər.[16] Bununla belə, qeyd olunur ki, Rəhmani İslamın digər yozumlarında din və siyasət mütləq şəkildə ayrı hesab edilmir; Əkbər Haşimi Rəfsəncani, Seyid Məhəmməd Xatəmi və Həsən Ruhani kimi şəxslərin çıxışlarından belə anlaşılır ki, İslam və İslam İnqilabı Rəhmani İslamın prinsipləri üzərində qurulmuşdur və zorakılıqla, xurafat və təəssüblə müxalifdir.[17] Həmçinin deyilmişdir ki, İslamın əsl mahiyyətini Rəhmani formada təqdim etmək qlobal miqyasda İslamın düzgün anlaşılmasına kömək edir və beynəlxalq münasibətlərdə İran İslam Respublikasının hədəflərinin irəliləməsinə təsir göstərir.[18]
Tarixi gedişat
Hərçənd ki, “Rəhmani İslam” yanaşmasının müxtəlif məzhəb və ölkələrin alimləri arasında da tərəfdarları vardır,[19] lakin deyilmişdir ki, bu yanaşmanın əsas formalaşma mərkəzi şiə məzhəbi və İran İslam Respublikasının qurulmasından sonrakı dövr olmuşdur.[20] İslamdan edilən bu oxunuş şəmsi təqvimi ilə 1360-cı illərin sonu və 1370-ci illərin əvvəllərində elmi-ictimai bir cərəyan şəklini almışdır.[21]
Qeyd olunmuşdur ki, İslamın rəhmani təfsirinin ilkin əlamətləri Mehdi Bazərgan, Əli Gülzadə Qəfuri, Seyid Hüseyn Nəsr, Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Müctəhid Şəbüstəri, Əbdülkərim Suruş, Mustafa Məlikian, Seyid Məhəmməd Xatəmi, Möhsün Kədivər və Həsən Ruhaninin fikirlərində müşahidə olunur.[22] Bununla belə, bu diskursun yayılmasında Möhsün Kədivərin xüsusi rolu olduğu deyilmişdir.[23] Möhsün Kədivər, pakistanlı-amerikalı mütəfəkkir Fəzlur-Rahmanın ideyalarını ilhamverici saymış və bu fikrin banisi olduğunu bildirmişdir.[24]
Tədqiqatçılara görə, Rəhmani İslamın ən mühüm oxunuşlarından biri, Türkiyədə Fətullah Gülənin “İctimai İslam” düşüncəsidir ki, bu yanaşma Anadolu İslamı adı ilə tanınır və sufi meyllərin təsiri altında olduğu deyilir. Gülən, məhəbbət və eşq kimi mövzuları ön plana çəkərək, İslamı zorakılıqdan uzaq, modernlik və sekulyarizmlə uyğunlaşan bir din kimi təqdim edir.[25]
Rəhmani İslam tənqidçilərin baxışında
Seyid Əli Xamenei “Bəzən elə şüarlar səsləndirilir ki, zahirdə İslami görünür, amma mahiyyətcə İslamla əlaqəsi yoxdur. Məsələn… ‘Rəhmani İslam’. Söz, əlbəttə, gözəldir — həm ‘İslam’ gözəl səslənir, həm də ‘rəhmani’. Amma bunun mənası nədir ?... Bu ‘Rəhmani İslam’ deyilən ifadə, əslində, liberalizmdən qaynaqlanan düşüncələr üçün istifadə edilən bir şifrəli açar sözdür…”[26]
Rəhmani İslam oxunuşu tənqidçilərinin fikrinə əsasən, bu baxış fiqhin əhatə dairəsini azaltmağa və dini dünyəvilik, hər şeyə göz yummaq və hər şeyi etməyin icazəli olması ilə məhdudlaşdırmağa çalışır. Onların dediyinə görə, Rəhmani İslam İslamın intellektual bir oxunuşudur və zorakılığı azaltmaq məqsədilə dinin əsas hökmlərindən və qanunlarından bəzilərini nəzərə almır.[27] Bildirilir ki, Rəhmani İslam anlayışı xristianlıqda protestantizm atmosferindən təsirlənmişdir və bu, dinin daha mülayim oxunuşlarını təqdim etmişdir.[28]
Seyid Əli Xameneinin baxışları ilə bağlı aparılan bir araşdırmaya əsasən, Rəhmani İslam oxunuşu qarışıq və yanlış bir yanaşmadır; çünki bu yanaşma yanlış dünyagörüş və insanmərkəzlilik, tövhiddən uzaqlaşma, dini plüralizm, dünyəvi həyatın mərkəzə alınması və dinin sahəsinin axirət məsələləri ilə məhdudlaşdırılması kimi əsaslardan təsirlənmişdir. Bu baxımdan, Seyid Əli Xameneinin fikrincə, İslamın düzgün oxunuşunun nəticəsi xalis, hərtərəfli və kamil İslamdır. Bu İslamın başqa məktəblərdən təkmilləşdirilməyə ehtiyacı yoxdur və onun bütün maariflərinə sadiq qalmaq lazımdır.[29]
Bildirilir ki, Möhsün Kədivərin təqdim etdiyi Rəhmani İslam anlayışı ədalət məsələsində də problemlərlə üzləşir; çünki Kədivər deyir ki, həqiqi ədaləti anlamaq üçün ürfə müraciət etmək lazımdır, halbuki kollektiv ağıl vəhyi əvəz edə bilməz. Həmçinin Rəhmani İslamda insanmərkəzli yanaşmaya əsaslanan insan ləyaqəti Allahın hüquqları ilə ziddiyyət təşkil edir və bu, doğru deyil.[30]
Bir məqalədə qeyd olunur ki, siyasi İslama bağlılıqda iki qütblü bir vəziyyət yaranmışdır: Bir tərəfdə Rəhmani İslamın müdafiəçiləri, digər tərəfdə isə İslamın zorakılıq və təkfirçi oxunuşları, yəni islami ifratçılıq yer alır. Bu iki qütb arasında Seyid Əli Xamenei və Abdullah Cavadi Amuli ifrat və təfritə qarşı üçüncü bir yanaşma təqdim edirlər ki, bu da İmam Xomeyninin (r.ə) siyasi İslama baxışına əsaslanır. Bu yanaşmanın əsas xüsusiyyəti ağıla söykənmək, ayıqlıq, düşmənlər qarşısında təslim olmamaq və zorakılıq və təkfirə əsaslanan ağıldan uzaq qarşıdurmaları rədd etməkdir.[31]
İstinadlar
- ↑ Cəmşidi, «نقدی بر پنج مؤلفه «اسلام رحمانی»», Ayətullah Xamaneinin dəftərinin rəsmi internet adresi; Mehribanifər və Müəzzin, "Mütaleye muqayiseyi xaneşhaye müxtəlif şəhxiyyəthaye fikri - siyasi pəs əz inqilabe İslami əz "İslame Rəhmani"", s.158-159
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Mehribanifər və Müəzzin, "Mütaleye muqayiseyi xaneşhaye müxtəlif şəhxiyyəthaye fikri - siyasi pəs əz inqilabe İslami əz "İslame Rəhmani"", s.140-148
- ↑ دین یک قدرت است, Zeytun saytı
- ↑ Kədivər, Haqqun-nas, h.ş 1386, s.15
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Əyazi, «درباره اسلام رحمانی», Payqahe əndişeye ma
- ↑ Kədivər, Haqqun-nas, h.ş 1386, s.15
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Mehribanifər və Müəzzin, "Mütaleye muqayiseyi xaneşhaye müxtəlif şəhxiyyəthaye fikri - siyasi pəs əz inqilabe İslami əz "İslame Rəhmani"", s.140-148
- ↑ Fəthi və Tulayi, "Təbyine çöhreye Rəhmani əz İslam və nəqşe an dər pişborde iydeye cahane ari əz xuşunət və ifratgəri (Wave), s.71
- ↑ Karşenas və başqaları, Nəqde inqareye İslame Rəhmani be mesabeye çaleşe fiqh bər araye İmam Xomeyni və məqame müəzzəme Rəhbəri, s.67
- ↑ Karşenas və başqaları, Nəqde inqareye İslame Rəhmani be mesabeye çaleşe fiqh bər araye İmam Xomeyni və məqame müəzzəme Rəhbəri, s.67
- ↑ Əlipur Vəhid, İslame Rəhmani, h.ş 1394, s.11; Cəmşidi, Nəqdhaye Ayətullah Xamanei be məntiqe huviyyəti İslame Rəhmani, s.56
- ↑ Karşenas və başqaları, Nəqde inqareye İslame Rəhmani be mesabeye çaleşe fiqh bər araye İmam Xomeyni və məqame müəzzəme Rəhbəri, s.67; Mehribanifər və Müəzzin, "Mütaleye muqayiseyi xaneşhaye müxtəlif şəhxiyyəthaye fikri - siyasi pəs əz inqilabe İslami əz "İslame Rəhmani"", s.158; Cəmşidi, Nəqdhaye Ayətullah Xamanei be məntiqe huviyyəti İslame Rəhmani, s.56
- ↑ Əlipur Vəhid, İslame Rəhmani, h.ş 1394, s.15
- ↑ Kədivər, «اسلام رحمانی», kadivar.com saytı
- ↑ Müqəddəsi və Yəzdi, İslame anatuli dər əndişeye Fəthullah Gülən, s.74
- ↑ Hüseyni Xamanei, «بیانات در دیدار جمعی از دانشجویان، ۱۳۹۴/۰۴/۲۰», khamenei.ir saytı
- ↑ Əlipur Vəhid, İslame Rəhmani, h.ş 1394, s.19-20
- ↑ Karşenas və başqaları, Nəqde inqareye İslame Rəhmani be mesabeye çaleşe fiqh bər araye İmam Xomeyni və məqame müəzzəme Rəhbəri, s.66
- ↑ Cəmşidi, Nəqdhaye Ayətullah Xamanei be məntiqe huviyyəti İslame Rəhmani, s.56-57
- ↑ Cəfəri Müvəhhid və başqaları, Karbəste ədaləte ürfi dər inqareye İslame Rəhmani və nəqde an, s.55-56
- ↑ Mehribanifər və Müəzzin, "Mütaleye muqayiseyi xaneşhaye müxtəlif şəhxiyyəthaye fikri - siyasi pəs əz inqilabe İslami əz "İslame Rəhmani"", s.159
Ədəbiyyat
- Əyazi, Seyid Məhəmməd Əli, «درباره اسلام رحمانی», Payqahe əndişeye ma, Dərc olma tarixi: h.ş 1403 mehr 27
- Cəfəri Müvəhhid və başqaları, «کاربست عدالت عرفی در انگاره اسلام رحمانی و نقد آن», Fəslnameye təhqiqate kəlami, 8-ci dövrə, nömrə 31, h.ş 1399
- Cəmşidi, Mehdi, «نقدهای آیتالله خامنهای به منطق هویّتی اسلام رحمانی», Fəslnameye elmi mtaliate rahbordi inqilabe İslami, 1-ci dövrə, nömrə 4, h.ş 1402
- Cəmşidi, Mehdi, «نقدی بر پنج مؤلفه «اسلام رحمانی»», Ayətullah Xamaneinin dəftərinin rəsmi internet adresi, Dərc tarixi: h.ş 1394
- Hüseyni Xamanei, Seyid Əli, «بیانات در دیدار جمعی از دانشجویان، ۱۳۹۴/۰۴/۲۰», khamenei.ir saytı, Dərc olma tarixi: 1394
- Əlipur Vəhid, Həsən, İslame Rəhmani: Təhlili bər məbani və müəllifeha, Qum, Nəşre məarif, h.ş 1394
- دین یک قدرت است, Zeytun saytı, Qozareş əz Soxənraniye Əbdül-Kərim Süruş, Dərc olma tarixi: 1399
- Fəthi və Tulayi, «تبیین چهره رحمانی از اسلام و نقش آن درپیشبرد ایده جهان عاری ازخشونت و افراط گری(WAVE)», Fəslnameye mütaliate siyasi cəhane İslam, 6-cı dövrə, nömrə 3, h.ş 1396
- Kədivər, Möhsin, «اسلام رحمانی», kadivar.com saytı, Dərc tarixi: 1389
- Kədivər, Möhsin, Haqqun-nas, Tehran, h.ş 1386
- Müqəddəsi, İlham Sadat və Mehdi Hüseynzadə Yəzdi, «اسلام آناتولی در اندیشه اجتماعی فتح الله گولن», Fəslnameye elmi nəzəriyyehaye ictimai Mütəfəkkirane müsəlman, Dövrə 13, nömrə1, h.ş 1402
- Mehribanifər və Müəzzin, «مطالعه مقایسهای خوانشهای مختلف شخصیت های فکری- سیاسی پس از انقلاب اسلامی از«اسلام رحمانی», Fəslnameye əndişeye siyasi dər İslam, Dövrə 10, nömrə 36, h.ş 1402