Qiblə əhlini təkfir etmək
- Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün "Təkfir (səhv salmamaq üçün)" adlı bölməyə daxil olun.
Qiblə əhlini təkfir etmək (ərəbcə: تكفير أهل القبلة) və ya müsəlmanları təkfir etmək – bəzi müsəlmanların digər müsəlman fərd və ya qruplara küfr nisbət verməsi deməkdir ki, bu da təkfir olunanların öldürülməsinin və mallarının müsadirə olunmasının caiz sayılması kimi nəticələrə gətirib çıxarır. Vəhhabilər tövhid, ziyarət və təvəssül kimi məsələlərdə xüsusi yanaşmaya malikdirlər və bu səbəbdən öz düşüncələrinə qarşı olan müsəlmanları, xüsusilə də şiələri təkfir edirlər.
Əksər islam alimləri İslamla küfr arasındakı sərhədi şəhadəteyn kəlimələrini dilə gətirməklə müəyyən edir və islam məzhəblərinin davamçılarının təkfir edilməsini caiz saymırlar. Bununla belə, İslam tarixi boyunca bəzən bəzi müsəlmanlar əks məzhəb ardıcıllarını təkfir etmişlər. Həkəmiyyət məsələsində İmam Əlini (ə) təkfir edən xəvaric və birinci xəlifənin xilafəti dövründə Riddə əhlini təkfir etmək bu məsələnin ilk nümunələrindəndir. Sonrakı dövrlərdə də bu düşüncə müxtəlif məzhəblərin davamçıları arasında az-çox mövcud olmuş və bu səbəbdən çox sayda insan öldürülmüşdür. Qeyd edək ki, təkfir yalnız məzhəblərarası məsələlərlə məhdudlaşmayıb, bəzən bəzi fiqh alimləri, filosoflar və ariflər də öz məzhəbdaşlarını təkfir etmişlər. Eyni zamanda, “Quranın məxluq olması” fitnəsində hər iki tərəf – hər ikisi də əhli-sünnə olmaqla – qarşı tərəfin nəzərini qəbul edənləri təkfir etmişdir.
Vəhhabiliyin meydana gəlməsindən sonra qiblə əhlini təkfir etmək daha geniş yayılmışdır. Eyni zamanda vəhhabi fikirlərindən təsirlənərək və onların dəstəyi ilə İŞİD kimi qruplar yaranmışdır ki, onlar da müsəlmanları, xüsusilə şiələri təkfir edirlər.
Təkfir mövzusunda çoxlu sayda əsərlər yazılmışdır ki, onların əksəriyyəti bu düşüncənin tənqidi yönündə qələmə alınmışdır. Eyni zamanda təkfir və bu kimi cərəyanların tənqidinə həsr olunmuş konfranslar da təşkil olunmuşdur.
Əhəmiyyəti və mövqeyi
Təkfir – fiqhi və kəlami mövzu olaraq İslam tarixində daim mühüm yer tutmuşdur. Çünki bir şəxsə və ya müsəlman bir qrupa təkfir nisbət verildikdə, onların qanı və malı halal hesab edilmiş və nəticədə müharibələr baş vermiş, çoxlu sayda insan öldürülmüş və evsiz-eşiksiz qalmışdır.[1] Eyni zamanda, bəzi İslam məzhəblərinin ardıcıllarına təkfir nisbət verilməsi nəticəsində, onlara məxsus müqəddəs məkanlar və tikililər də dağıdılmışdır.[2] Son əsrlərdə təkfirçi düşüncələrin yayılması və bu düşüncə tərəfdarlarının digər müsəlmanları təkfir etməsi ilə bu mövzu daha da aktuallaşmış, bu barədə əsərlər yazılmış[3] və konfranslar təşkil olunmuşdur.
Məfhumu və növləri
Təkfir – bir müsəlmanı kafir saymaq[4] və ya qibləyə yönələn bir şəxsə küfr nisbət vermək[5] deməkdir. Küfr isə fiqhi və etiqadi olmaqla iki yerə bölünür və onların hər birini bir müsəlmana nisbət vermək müxtəlif nəticələr doğurur:
Fiqhi və ya zahiri küfr – İslam dinindən çıxmaq deməkdir. Bu səbəbdən fiqhi baxımdan kafir sayılan müsəlmana kafir kimi yanaşılır.
Etiqadi və ya batini küfr – imandan çıxmaq, lakin İslamdan çıxmamaq mənasındadır. Bu səbəbdən etiqadi baxımdan kafir sayılan müsəlmana müsəlman kimi yanaşılır. Məsələn, münafiq zahirdə müsəlmandır, amma əslində imanı yoxdur.[6] İmam Xomeyninin (r.ə) sözlərinə görə, bəzi şiə mənbələrində digər məzhəblərin ardıcıllarına küfr nisbət verən rəvayətlər, əgər qəbul edilsə belə, bu küfr etiqadi küfr mənasındadır.[7]
Qibləyə yönələnlərin təkfir edilməsi qadağandır
İslam məzhəblərinin fəqihləri tərəfindən verilən fətvalara əsasən, qibləyə yönələnləri təkfir etmək caiz deyil; əsassız yerə bir müsəlmana küfr nisbət vermək cəza (təzir) tələb edir.[8] Fəqihlərin fikrincə, bir şəxsin müsəlman sayılması üçün meyar, onun şəhadəteyn kəlmələrini dilə gətirməsi və axirətə inanmasıdır. [9]Bu səbəbdən, firqələrin bəzi yanlış etiqadlarına baxmayaraq, fəqihlər onların ardıcıllarını təkfir etməkdən çəkinmişlər.[10]
Təkfirin tarixi
Qiblə əhlini təkfir etməyin müsəlmanlar arasındakı tarixi hicri birinci əsrə, yəni Peyğəmbər (s) vəfat etdikdən sonrakı dövrə qayıdır. Əbu Bəkrin xilafəti dövründə, xilafətə müxalif olan bəzi müsəlman qruplar kafir və mürtəd adlandırıldı və onlara qarşı döyüşə çıxıldı ki, bu döyüşlər “Riddə döyüşləri” adı ilə məşhurdur.[11] İslam tarixi tədqiqatçısı Rəsul Cəfəriana (1343 h.ş. təvəllüdlü) görə, Riddə əhlindən olan bəzi şəxslər, məsələn Malik ibn Nuveyrə müsəlman idilər və namaz qılırdılar, lakin Əbu Bəkrin xilafətini qəbul etmirdilər və Peyğəmbər (s) Əhli-beytinin (ə) hakimiyyətini istəyirdilər.[12] Bu səbəbdən dövrün xəlifəsinə zəkat verməkdən imtina edirdilər və buna görə də mürtəd və kafir adlandırılıb öldürüldülər.[13]
İmam Əlinin (ə) hakimiyyəti dövründə isə, xəvaric İmam Əlini (ə) həkəmiyyəti qəbul etdiyi üçün təkfir etdilər[14] və bu səbəbdən onunla birlikdə Müaviyə ibn Əbu Süfyana qarşı döyüşməkdən imtina etdilər[15] və Nəhrəvan döyüşünü ona qarşı başladılar.[16]
Şiə mərcəyi təqlidlərindən olan Cəfər Sübhaninin (1308 h.ş. təvəllüdlü) “Buhus fil-miləl vən-nihəl” kitabında xəbər verdiyinə görə, “Quranın məxluq olması” fitnəsi zamanı həm Quranı xəlq olmuş (sonradan yaradılmış) hesab edənlər, həm də onun qədim olduğunu deyənlər (hər ikisi də əhli-sünnədən idi) bir-birini təkfir edirdilər.[17] Bu hadisədən sonra da müxtəlif dövrlərdə müsəlmanların bəzi fərdləri və ya qrupları digər müsəlmanlar tərəfindən təkfir edilmişdir. Son əsrlərdə isə sələfi və vəhhabi düşüncələrinin yayılması ilə, müsəlmanlar, xüsusilə şiələr bu düşüncə ardıcılları tərəfindən təkfir olunmuşlar.
Motivlər
Şeyx Məhəmməd bin Süleyman Kürdi — Məhəmməd bin Əbdülvəhhabın ustadı:
«Ey Əbdülvəhhabın oğlu! Səni Allaha görə nəsihət edirəm: dilini müsəlmanlardan çək. …Sən ümum müsəlmanları kafir elan edə bilməzsən və buna haqqın yoxdur; çünki sən bu ümmətin bir fərdisən. Hərçənd ümum müsəlmanlardan çıxmış olan birinə küfr (kafirlik) nisbət etmək — həqiqətdə — daha yaxın ola bilər; çünki o möminlərin yolundan ayrılmışdır.»فتنة الوهابیة
Müsəlmanların təkfir olunması müxtəlif motivlərlə həyata keçirilmişdir, o cümlədən:
- Dini təlimlərin yanlış anlaşılması və əsasız yozumlar: Xəvaric “innəl-hükmə illa lillah” (hökm yalnız Allahındır) ayəsini və “La hükmə illa lillah” (Allahın hökmündən başqa heç bir hökm yoxdur) şüarını özlərinə məxsus şəkildə yozaraq Siffeyn döyüşündə baş verən “həkəmiyyət” məsələsinə etiraz etdilər və İmam Əlini (ə) kafir saydılar.[18] Vəhhabilər də tövhid, şirk, ziyarət, təbərrük və təvəssül mövzularını özlərinəxas tərzdə yozaraq, müsəlmanların bir çoxunu, xüsusilə şiələri təkfir edirlər.[19] Vəhhabiliyin banisi Məhəmməd ibn Əbdülvəhhab (vəfatı: 1206 hicri) peyğəmbərləri və salehləri Allah yanında şəfaətçi və yaxınlaşdırıcı vasitə kimi görmələrinə görə bu insanların qanlarını halal sayır və öldürülmələrini caiz hesab edir.[20]
- Etiqadla bağlı inanclar: Xəvaric böyük günah işləyən müsəlmanı kafir sayırdılar.[21] Onlar böyük günah işləyən şəxsi təkfir etmək üçün “Kim Allahın nazil etdiyi ilə hökm etməzsə, onlar kafirlərdir”[22] ayəsinə əsaslandırırdılar.[23] Lakin əksər müsəlman alimlərə görə, böyük günah işlətmək insanı imandan çıxarsa da, islamdan çıxarmaz və belə şəxs fasiq sayılır, kafir deyil.[24] Həmçinin “Quranın məxluq olması” fitnəsi zamanı Əbu Həsən Əşəri[25] və Əhməd ibn Hənbəl[26] bu məsələdə fərqli mövqe tutaraq Quranı məxluq bilənləri, Mötəzilə məktəbinin nümayəndələrini və Quranın məxluq olmadığını (qədim olduğunu) deyənləri təkfir etmişlər.[27] Şiə hədislərində də imamların məqamı haqqında ifrata varanlar (ğülat) və “təfviz” əqidəsində olanlar (mövzularda Allahın yerinə imamları yetkili sayanlar) kafir adlandırılmışdır.[28]
- Məzhəb təəssübləri: Tarixi mənbələrə görə, bəzi dövrlərdə İslam məzhəblərinin davamçıları bir-birlərini təkfir etmişlər. Məsələn, hicri səkkizinci əsrdə əhli-sünnə məzhəblərinin davamçıları İbn Teymiyyənin davranışlarına görə Hənbəliləri təkfir edirdilər və əksinə, Hənbəli alimlərindən İbn Hatəm bütün qeyri-Hənbəli müsəlmanları kafir sayırdı.[29] Həmçinin əhli-sünnə ilə şiə ardıcılları arasında da qarşılıqlı təkfirlər baş vermişdir. Vəhhabi müftisi İbn Cibrin, şiələrə Quranın təhrifinə inanmaq, səhabələrin çoxunu kafir saymaq, əhli-sünnəni nəcis və kafir bilmək, Əli (ə) və övladları haqqında ifrata varıb quluv etmək kimi ittihamlar irəli sürərək onları kafir sayır.[30] Halbuki şiələr bu inanclara sahib deyillər. Şiə və əhli-sünnə fiqh alimlərinin böyük əksəriyyəti digər məzhəblərin davamçılarının kafir olmadığını qəbul edir.[31] Hətta bəzi şiə mənbələrində kafir ifadəsi işlədilmişsə belə, bu “etiqadi küfr” mənasında yozulur.[32]
- İrfani və fəlsəfi mübahisələr: Bəzi müsəlman alimlər filosof və arifləri təkfir etmişlər. Məsələn, Qəzzali “Təhafətül-fəlasifə” əsərində filosofları təkfir edir.[33] Seyid Məhəmməd Baqir Xansariyə (vəfatı: 1313 hicri) görə, bəzi fiqh alimləri Molla Sədranın şəriətlə uyğun gəlməyən bəzi sözlərinə görə onu təkfir etmişlər.[34]
Bundan əlavə, hökumətlərin öz hakimiyyətlərini qorumaq üçün fitnə törətməsi və İslam düşmənlərinin təxribatları da təkfir ideologiyasının yayılmasında rol oynamışdır.[35]
Nəticələr
Qiblə əhlinin təkfir edilməsi üçün bir sıra nəticələr göstərilmişdir. Onlardan bəziləri bunlardır:
- Müsəlmanların öldürülməsi: İslam tarixində hər zaman təkfir ittihamı ilə çoxlu sayda müsəlman öldürülmüşdür.
- Tarixi abidələrin və dini tikililərin dağıdılması: Vəhhabilər şirkə qarşı mübarizə bəhanəsi ilə Bəqi qəbiristanlığındakı imamların qəbirləri, onların hərəmlərini və digər müqəddəs məkanlar kimi müsəlmanların hörmət etdiyi tarixi yerləri dağıtmışlar.
- İslamın dünyada sərt bir din kimi tanıdılması: Təkfirçi qrupların İslam adı ilə həyata keçirdiyi əməllər İslam əleyhdarlarının bu dini zorakı və sərt bir din kimi təqdim etməsinə səbəb olmuşdur.[36]
Həmçinin İslam dövlətlərinə qarşı silahlı üsyan, bu dövlətlərin zəiflədilməsi, İslam ölkələri arasında təfriqə salınması və təkfirçilərin əsir götürdükləri müsəlman qadınları halal sayması təkfirin digər fəsadlarındandır.[37]
Təkfirçi qrupların yaranması
Son əsrdə vəhhabilik və onlardan təsirlənən və dəstək alan İŞİD kimi qruplar müsəlmanları təkfir etmiş, onları öldürmüş və mallarını müsadirə etmişlər.[38] Bu qruplar kafir və müşriklər barəsində nazil olan ayələri müsəlmanlara tətbiq edirlər.[39] Halbuki, müsəlman alimləri bu yanaşmaya qarşı çıxmışlar. Onların fikrincə, yalnız dinin zəruri məsələlərini, yəni tövhid və nübüvvəti inkar etmək müsəlmanın kafir olmasına səbəb olur.[40] Bu, xüsusilə inkarın qəsdən olduğu və təfsir edilə bilməyəcəyi halda doğrudur.[41]
Beynəlxalq konqres
1393-cü hicri-şəmsi ilində Ayətullah Məkarim Şirazinin rəhbərliyi altında Qum şəhərində “İslam alimlərinin baxışına görə dünyadakı ifratçı və təkfirçi cərəyanlar” adlı beynəlxalq bir konqres keçirilmişdir. Bu konqresdə dünyanın 80 ölkəsindən şiə və sünni alimləri iştirak etmişlər.[42] Konqresə göndərilən 830 məqalə “İfratçı və təkfirçi cərəyanlar üzrə beynəlxalq konqresin məqalələr toplusu” adı ilə 10 cilddə nəşr olunmuşdur. Həmçinin bu konqresin daimi katibliyi müxtəlif dillərdə 40 kitab nəşr etmiş və “İslam ümmətinin birliyi” adlı jurnalı fars və ərəb dillərində fəaliyyətə başlamışdır.[43]
Kitabşünaslıq
Təkfir və onun tənqidinə dair bir çox əsər yazılmışdır. “Təkfir Kitabşünaslığı” kitabında ərəb və fars dillərində 528 əsər təqdim edilmişdir ki, bunlardan 235-i kitab, 240-ı məqalə, 49-u dissertasiya və 4-ü xüsusi nəşrdir.[44]
- “Arau Uləmaul-Müslimin və fətavahum fi Təhrimi Təkfiri İttibail-məzahibil-İslamiyyə” kitabı, Şeyx Fuad Kazım Miqdadi tərəfindən yazılmışdır. O, İraqın Darut-Təqribinin qurucusudur. Bu əsərdə, şiə və sünni alimlərinin İslam məzhəblərinin tərəfdarlarını təkfir etməməyi haqqında verdikləri fatvalar və rəylər müzakirə edilmişdir. Tehranın Məcməus-Səqəleyn elmi mərkəzi, bu kitabı hicri qəməri 1428-ci ildə çap etmişdir.[45]
- “Əl-İslamu vəl-ənf qiraətun fi zahirətit-təkfir” adlı əsər, Hüseyn Əhməd əl-Xəşin tərəfindən yazılmışdır və bu kitabda, İslamda zorakılıq və təkfir məsələsi araşdırılmışdır. Həmçinin təkfirin prinsipləri, meyarları, mənşəyi və növləri və təkfirçilərin xüsusiyyətləri bəyan olunmuşdur. Bu kitab, hicri şəmsi 1390-cı ildə “İslam və zorakılıq: təkfir fenomeninə yeni baxış” adı ilə 344 səhifədə fars dilinə tərcümə olunmuşdur.[46]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Ağa Salehi və başqaları, Təkfir və bərresiye peyamədhaye an dər cəvamee İslami, s.95
- ↑ Ağa Salehi və başqaları, Təkfir və bərresiye peyamədhaye an dər cəvamee İslami, s.105
- ↑ Nəsir İsfahani, Ketabşenasiye təkfir, s.258
- ↑ Fəyyumi, Təkfir sözü
- ↑ Əbdül-Munim, Mucəmul-istəlahat , c.1, s.487
- ↑ Baxın: İmam Xomeyni, Kitabut-Təharət, h.q 1428, c.3, s.437-438
- ↑ Baxın: İmam Xomeyni, Kitabut-Təharət, h.q 1428, c.3, s.432
- ↑ Baxın: Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1403, c.9, s.175; Cəziri, Kitabul-fiqh ələl-məzahibil-ərbəə, h.q 1410, c.5, s.194-195
- ↑ Baxın: İmam Xomeyni, Kitabut-təharət, h.q 1428, c.3, s.437-438
- ↑ Baxın: Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.54, s.246-247
- ↑ Müqəddəsi, Əl-Bida vət-tarix, c.5, s.152
- ↑ Cəfəriyan, Tarixe xüləfa, h.ş 1380, c.2, s.32
- ↑ Vaqidi, Ər-riddə, h.q 1410, s.106-107
- ↑ Sübhani, Buhusun fil-miləli vən-nəhl, h.q 1427-1428, c.5, s.97
- ↑ Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.206
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.192-193
- ↑ Sübhani, Buhusun fil-miləli vən-nəhl, h.q 1427-1428, c.2, s.336
- ↑ Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.206
- ↑ Baxın: Muğniyə, Hazihi hiyəl-vəhhabiyyət, h.q 1408, s.74-76
- ↑ Məhəmməd ibn Əbdul-Vahhab, Kəşfuş-şübəhat, h.q 1418, s.7
- ↑ Şəhristani, Əl-Miləlu vən-nəhəl, h.q 1387, c.1, s.122, 128, 135
- ↑ Maidə surəsi, ayə 44
- ↑ Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.334-338
- ↑ Sübhani, Muhaziratun fil-ilahiyyə, h.q 1428, s.462
- ↑ Əbul-Həsən Əşəri, Əl-İbanə, h.q 1397, s.89
- ↑ İbn Hənbəl, Kitabus-sünnət, h.q 1349, s.15
- ↑ Sübhani, Buhusun fil-miləli vən-nəhl, h.q 1427-1428, c.2, s.336
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.28, s.348
- ↑ Heydər, Əl-İmamus-Sadiq vəl-məzahibul-ərbəə, c.1, s.200-202
- ↑ İbn Cibrin, Əl-Lu-luul-məkin min fətavaş-Şeyx İbn Cibrin, s.25
- ↑ Cəziri, Kitabul-fiqh, Ələl-məzahibil-ərbəə, h.q 1410, c.5, s.194-195
- ↑ Nümunə üçün baxın: İmam Xomeyni, Kitabut-təharət, h.q 1427, c.3, s.432
- ↑ Qəzzali, Təhafətül-fəlasifə, 1382, s.94-295
- ↑ Xansari, Rövzətul-cənnat, h.ş 1390, c.4, s.121
- ↑ Həsənlu, Zəmineha və əvamile peydayeşe təkfir dər miyane müsəlmanan və peyamədhaye an dər cəhane İslam, s.54
- ↑ «کنگره جهانی جریانهای افراطی و تکفیری از دیدگاه علمای اسلام», makhaterltakfir.com
- ↑ Ağa Salehi və başqaları, Təkfir və bərresiye peyamədhaye an dər cəvamee İslami, s.100-110
- ↑ Baxın: Şeyx Əhməd və Bahari, Bərresiye iydelojiye qruhe təkfiri - Vəhhabi dovləte İslami İraq və Şam (İŞİD), s.141-144
- ↑ Ağa Salehi və başqaları, Təkfir və bərresiye peyamədhaye an dər cəvamee İslami, s.97
- ↑ Baxın: Rəşid Rza, Məcəllətun-mənar, c.35, s.573
- ↑ Baxın: Rəşid Rza, Məcəllətun-mənar, c.35, s.573
- ↑ «کنگره جهانی جریانهای افراطی و تکفیری از دیدگاه علمای اسلام»., makhaterltakfir.com saytı
- ↑ «۴۰عنوان کتاب کنگره ضد تکفیر به پنج زبان زنده دنیا چاپ شده است.», Hövzənin rəsmi internet saytı
- ↑ Nəsr Ənsari, Ketabşenasiye təkfir, h.ş 1393, s.21
- ↑ Nəsr Ənsari, Ketabşenasiye təkfir, h.ş 1393, s.25
- ↑ Nəsr Ənsari, Ketabşenasiye təkfir, h.ş 1393, s.29
Ədəbiyyat
- «کنگره جهانی جریانهای افراطی و تکفیری از دیدگاه علمای اسلام», makhaterltakfir.com saytı
- «۴۰ عنوان کتاب کنگره ضد تکفیر به پنج زبان زنده دنیا چاپ شده است.», hawzahnews.com saytı
- Ağa Salehi, Əli və başqaları, Təkfir və bərresiye peyamədhaye an dər cəvamee İslami, h.ş 1398
- Əbul-Həsən Əşəri, Əli ibn İsmail, Əl-İbanə, Qahirə, Darul-ənsar, h.q 1397
- İbn Cibrin, Əl-Lu-luul-məkin min fətavaş-Şeyx İbn Cibrin
- İbn Hənbəl, Əhməd, Kitabus-sünnət, Düzəliş: Abdullah ibn Həsən Ali Əş-Şeyx, Məkkə, h.q 1349
- İmam Xomeyni, Seyid Ruhullah, Kitabut-Təharət, Tehran, h.q 1428
- Şeyx Əhməd və Bahari, Bərresiye iydelojiye qruhe təkfiri - Vəhhabi dovləte İslami İraq və Şam (İŞİD), h.ş 1392
- Corcani, Əli ibn Məhəmməd, Şərhul-məvaqif, Misir, h.q 1325
- Cəziri, Əbdür-Rəhman, Kitabul-fiqh, Ələl-məzahibil-ərbəə, Beyrut, h.q 1410
- Cəfəriyan, Rəsul, Tarixe xüləfa, Qum, h.ş 1380
- Xansari, Seyid Məhəmməd Baqir, Rövzətul-cənnat, Qum, İsmailiyan, 1-ci çap, h.ş 1390
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Alul-beyt müəssisəsi, Qum, h.q 1409
- Həsənlu, Əmir Əli, Zəmineha və əvamile peydayeşe təkfir dər miyane müsəlmanan və peyamədhaye an dər cəhane İslam, h.ş 1396
- Diynəvəri, Əbu Hənifə Əhməd ibn Davud, Əl-Əxbarut-tival, Qum, h.ş 1368
- Sübhani, Cəfər, Buhusun fil-miləli vən-nəhl, Qum, İslami nəşr müəssisəsi, h.q 1427-1428
- Sübhani, Cəfər, Muhaziratun fil-ilahiyyə, İmam Sadiq (ə) nəşriyyatı, h.q 1428
- Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nəhəl, Məhəmməd Seyid Kilani çapı, Qahirə, h.q 1387
- Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə, Məhəmməd Kəlantər çapı, Beyrut, h.q 1403
- Əbdül-Munim, Mahmud Əbdür-Rəhman, Qahirə, Mucəmul-istəlahat, m.1999
- Qəzzali, Təhafətül-fəlasifə, Dəməşq, 1382
- Fəyyumi, Əhməd ibn Məhəmməd, Əl-Misbahul-munir, Beyrut, Darul-fikr
- Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Muğniyə, Məhəmməd Cavad, Hazihi hiyəl-vəhhabiyyət, Tehran, h.q 1408
- Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-Bida vət-tarix
- Nəsir İsfahani, Əbazər, Qum, Ketabşenasiye təkfir, h.ş 1393
- Vaqidi, Məhəmməd ibn Ömər, Ər-riddə, Beyrut, Darul-ğərbil-İslami, 1-ci çap, h.q 1410
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru sadir
- Qəzzali, Məhəmməd ibn Məhəmməd, Təhafətül-fəlasifə, Şəms Təbrizi, Tehran, 1382
- Rəşid Rza və başqaları, Məcəllətun-mənar
- Məhəmməd ibn Əbdul-Vahhab, Kəşfuş-şübəhat, h.q 1418
Xarici keçid
- «عدم تکفیر شیعه از دیدگاه مذاهب اهل سنت», farsca məqalə
- ممنوعییت تکفیر اهل قبله از نگاه فقیهان و متکلمان, farsca məqalə