Toqi

wikishia saytından
(Toqiat səhifəsindən yönləndirilmişdir)
Bu məqalə "toqi" məfhumu haqqındadır. On ikinci imamın toqisi (məktubları) barədə məlumat almaq üçün bu məqaləyə daxil olun: İmam Mehdinin (ə.f) touqatı

Toqi (ərəbcə: التوقيع) şiə imamlarının məktubları və yazılarına işarə edir. "Toqi" İmamların (ə) deyib yazdırdığı və ya öz əlləri ilə yazdıqları yazılar idi. Bu yazılar adətən şiələrin suallarına və istəklərinə cavab olaraq yazılırdı və vəkillik təşkilatı vasitəsilə şiələrə çatdırılırdı.

"Toqi"lər (müqəddəs yazılar) fiqhi, etiqadi, vəkillərin işdən çıxarılması və işə təyin edilməsi, şəri vergiləri çatdırmağın elan edilməsi, yalandan naib olduqlarını iddia edənlərin təkzib edilməsi və s. mövzularda olub. Mənbələrdə, kiçik qeybət dövrünə aid olan 100-ə yaxın "toqi", İmam Mehdiyə (ə.f) nisbət verilib.

Şiə fəqihləri bəzi hallarda şərii hökmü əldə etmək üçün "toqi"lərə istinad ediblər. Onların nəzərinə əsasən, İmamlar (ə) tərəfindən sadir olmaları qəti olan "toqi"lər etibarlı sayılır.

Tərifi

"Toqi" şiə mədəniyyətində İmamların (ə) yazılarına, məktublarına və bəzi hallarda şifahi mesajlarına işarə edir.[1] "Toqi" əvvəlcə şikayətlərin haşiyəsində və arxasında, xəlifənin, sultanın və ya bəzi hökmdarların əlyazmasında şikayətlərə baxılmasını vurğulayan bir yazı idi.[2]

"Toqi"nin təkamülünün gedişatı

İmam Mehdi (ə.f) ensiklopediyası kitabında deyildiyi kimi, şiə İmamlarının (ə) "Toqi" adlanan ilk yazını İmam Kazım (ə) dayısı Həsən ibn Əli Vəşanın ondan oğlu olması üçün dua etməsi istəyinə cavab olaraq yazmışdır.[3] Nəql olunan "Toqi"nin mətninə "Qurbul-İsnad" kitabında rast gəlinir.[4] Bundan sonra İmam Rzanın (ə) bəzi yazılarında da "Toqi" ifadəsi istifadə edilmişdir.[5]

"İmaməyn əskəriyyəyn" dövründə şiə cəmiyyətinin genişlənməsi və İmam Hadi (ə)İmam Əskərinin (ə) yalnız müəyyən yerdə saxlanılması ilə bu iki imamdan "Toqi"nin sadir olması əvvəlki İmamlardan (ə) daha çox olub.[6]

"Toqi", İmamların (ə) yaşadıqları dövrdə İmamların (ə) şiələrə cavab olaraq verdiyi ancaq yazılı cavablara deyilirdi. Amma Həzrət Mehdi (ə.f) haqqında, istək və ya suala cavab olmasa belə, onun bütün yazılarını ehtiva edir. Bundan əlavə, Həzrət Mehdinin (ə.f) yazılmamış hədisləri haqqında da "Toqi" ifadəsi istifadə edilib.[7]

"Toqiat"ın yazılışı

İmam Mehdinin (ə) 4-cü naibinə son toqiyi:

“Altı gündən sonra dünyanı dəyişəcəksən, buna görə də özünü hazırla və sənin yerinə kimsəni vəsiyyət etmə, çünki ikinci (tam) qeyb başlamışdır və Allahın izni olmadan mənim zühurum olmayacaq. Uzun bir müddətdən sonra qəlblər sərtləşəcək və yer üzü haqsızlıqla dolacaq. Tezliklə şiələrimdən bəziləri gəlib məni görəcəklərini iddia edəcəklər. Bilin ki, Süfyaninin xürucu və səmanın nidası baş tutmamış məni gördüyünü iddia edən hər kəs yalançı və böhtançıdır."

Səduq, Kəmaluddin, cild 2, səh.516

"Toqiat" ya imamların öz əli ilə olub, ya da onlar deyib və başqaları yazıblar.[8] Onlar bəzi yerlərdə "toqinin" altında onun öz əlləri ilə yazılmasını qeyd ediblər.[9] Belə bir fikir irəli sürülür ki, "toqi"nin İmam Mehdinin (ə.f) əli ilə yazılmasının qeyd olunması[10], ona aid edilən saxta "toqi"lərin müəyyən edilməsi və ya bəzi azğınların "toqi" yazmaqla bağlı iddiasını tanımaq üçündür.[11] Bu ifadənin şahidi odur ki, Əhməd bin İshaq Qumi İmam Əskəri (ə) ilə görüşdə o Həzrətdən onun üçün bir yazı yazmasını istədi ki, onunla uyğunlaşdıraraq İmamın (ə) məktublarını tanıya bilsin və İmam onun istəyini yerinə yetirdi.[12] İmamların (ə) səhabələri onların yazıları ilə tanış idilər və onu digər yazılardan fərqləndirə bilirdilər.[13]

"Toqi"lərin vəkillik təşkilatı vasitəsilə göndərilməsi

"Toqi"lərin aparıb gətirilməsi vəkillik təşkilatı adlanan İmamların (ə) vəkilləri vasitəsilə həyata keçirilirdi. Müxtəlif bölgələrdən olan şiələr şəri vergiləri (xums və zəkat), istək və suallarını İmamların (ə) vəkilləri vasitəsilə onlara göndərir, bu yolla cavab və toqiləri alırdılar.[14] Kiçik qeybət dövründə bu vəzifə dörd naibin üzərinə düşürdü[15] və onlar öz vəkilləri vasitəsilə müxtəlif bölgələrdəki şiələrlə əlaqə saxlayırdılar.[16] Əlbəttə, bir sıra rəvayətlər də var ki, onlara əsasən, şiələr vəkillərin vasitəçiliyi olmadan başqa yollardan istifadə edərək öz istəklərini İmamlara (ə) çatdırır və onlardan "toqi" alırdılar. Məsələn, Qutb Ravəndinin rəvayətinə görə, Məhəmməd ibn Yusif Şaşi öz məktubunu İmam Mehdinin (ə.f) evinə gedib-gələn bir qadının vasitəsilə o Həzrətə çatdırıb və toqi almışdır.[17]

Toqilər yazıldıqdan sonra xüsusi vasitəçi tərəfindən nişanə göstərilərək göndərilirdi.[18] Xəbərlərdə vasitəçilərin kimliyi qeyd edilmir və onlar "imrəə" (qadın), "qulam" (gənc), "qulami əsvəd" (qara dərili gənc), "Əl-rəsul min indil-Hüseyn ibn Ruh" (Hüseyn bin Ruhun elçisi) və "Rəsulul-Xələf" (canişinin elçisi) kimi ifadələrlə zikr edilmişdir.[19] Bunun səbəbinin təqiyyə olduğu bildirilmişdir.[20]

Mövzusu

"Toqiat" konkret bir mövzuda məhdudlaşmırdı; çünki onların əksəriyyəti fiqhi və etiqadi suallara, həmçinin şiələrin istəklərinə cavab olaraq verilmişdir. Ona görə də onlarda müxtəlif mövzular müzakirə olunub. Vəkillərin işdən azad edilməsi və təyin edilməsi, vəkillərin vəzifələrinin bəyan edilməsi, şərii vəsaitlərinin çatdırılmasının elan edilməsi, yalandan naib olduqlarını iddia edənlərin təkzib edilməsi və şiələrin şəxsi istəklərinin cavablandırılması tövqiatın mövzularından olmuşdur.[21]

"Toriat"ın etibarlılığı

Fəqihlərin nəzərinə əsasən, imamlar tərəfindən sadir olmasına xatircəmlik tapılan hər hansı bir "toqi" etibarlı olacaqdır.[22] Buna görə də bəzi şiə fəqihləri bir sıra hallarda şərii hökmləri çıxarmaq üçün "toqiat"a istinad ediblər.[23] Lakin bəzi fəqihlər yazışmaların (toqiat adətən yazışma şəklində olub) etibarlılığı haqqında irad bildiriblər[24] və onları şifahi şəkildə deyilən hədislərə bərabər və onlarla eyni səviyyədə tutmayıblar.[25] Lakin fiqh kitablarında yazışmaların etibarsızlığına və ya onun və şifahi hədisin etibarlı olmasının eyni səviyyədə olmamasına dair heç bir dəlil qeyd edilməmişdir.[26]

Həmçinin bu ifadədən fərqli olaraq, deyilib ki, "kitabat" (yazışmalar) şiə imamlarının yolu olduğu kimi, müxtəlif xalqların müştərək üsulu olub[27]  və yazışmalar əməl etmək üçün sadir olunurmuş.[28]

İmam Zamanın (ə.f) "toqiat"ı

İmam Zamanın (ə.f) "toqiat"ı, şiələrin on ikinci İmamının (ə.f) kiçik qeybət dövründə şiələrin suallarına cavab olaraq dərc edilmiş məktub və yazılarına işarə edir. Şiə hədis mənbələrində fiqh, əqidə və s. mövzularda İmam Mehdidən (ə.f) 100-ə yaxın "toqi" nəql edilmişdir.[29]

Mənbəşünaslıq

"Toqiat" şiənin rəvayət mənbələrində pərakəndə şəkildə nəql olunmuşdur. "Ricali Kəşşi" kitabında şiə imamlarından çoxlu "toqiat" nəql edilmişdir.[30] Şeyx Səduqun "Kəmaluddin" və Şeyx Tusinin "Əl-Qeybə" kitablarında İmam Mehdinin (ə.f) "toqiat"ı müstəqil bir bölmədə toplanmışdır.[31]

Üçüncü qəməri əsrində və ondan sonra  "toqiat" haqqında müstəqil şəkildə əsərlər yazılmışdır. "Ricali Nəcaşi" kitabında "Məsailu Əbi Muhəmməd və Toqiat", "Qurbul-Əsnad ila Sahibil-Əmr (ə)", üçüncü qəməri əsrində şiə mühəddisi olan Abdullah ibn Cəfər Himyəri tərəfindən yazılmış "Məsailur-Rical və mukatibatihim Əbul-Həsənis-Salis (ə)" əsəri[32] və İmam Cavadın (ə) səhabələrindən olan Məhəmməd ibn İsa ibn Ubəydin yazdığı "Ət-Toqiat" kimi kitabların adı çəkilib.[33]

İmam Rzanın (ə) səhabələrindən olan Abdullah ibn Səltin yazdığı "Ət-Təvaqi" kitabı bu sahədə yazılmış digər əsərlərdən biridir.[34]

İstinadlar

  1. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, c.4, s.115
  2. Zəbidi, Tacul-ərus, h.q 1414, c.11, s.525
  3. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, c.4, s.115-116
  4. Hümeyri, Qurbul-isnad, h.ş 1393, c.4, s.115-116
  5. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.5
  6. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, c.4, s.116
  7. Şübeyri, Toqi, s.577
  8. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.96, 102-103, 107, 510
  9. Nümunə üçün baxın: Keşşi, Ricalul-Keşşi, h.q 1409, s.513, 551
  10. Nümunə üçün baxın: Tusi, Əl-Ğeybə, h.q 1411, s.290
  11. Şübeyri, Toqi, s.579-580
  12. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.513
  13. Şübeyri Zəncani, Kitabu Nikah, c.9, dərs 329, s.3; Şübeyri, Toqi, s.584
  14. Tusi, Əl-Ğeybə, h.q 1411, s.354
  15. Tusi, Əl-Ğeybə, h.q 1411, s.356
  16. Cəfəriyan, Həyate fikri və siyasiye İmamane şie, h.ş 1381, s.588
  17. Nümunə üçün baxın: Qütbi Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, c.2, s.695
  18. Şübeyri, Toqi, s.581
  19. Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.487, 491, 495, 497, 505
  20. Şübeyri, Toqi, s.581
  21. Şübeyri, Toqi, s.582
  22. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, c.4, s.121
  23. Nümunə üçün baxın: Amili, Miftahul-kəramət, h.q 1419, c.6, s.212-214; İmam Xomeyni, Kitabul-bey, h.q 1421, c.2, s.635; Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, c.4, s.255-320
  24. Nümunə üçün baxın: Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.7, s.248; Tusi, Əl-İstibsar, h.q 1390, c.1, s.171
  25. Baxın: Mühəqqiq hilli, Əl-Motəbər, h.q 1407, c.2, s.659
  26. Şübeyri, Toqi, s.584
  27. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, c.4, s.121
  28. Kəni, Tozihul-məqal, h.q 1421, s.260
  29. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, c.4, s.117
  30. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, c.4, s.113
  31. Baxın: Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.482-532; Tusi, Əl-Ğeybə, h.q 1411, s.281 dən sonra
  32. Nəcaşi, Ricalun-Nəcaşi, h.ş 1365, s.220
  33. Nəcaşi, Ricalun-Nəcaşi, h.ş 1365, s.324
  34. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi, c.4, s.117

Ədəbiyyat

  • İmam Xomeyni, Seyid Ruhullah, Kitabul-bey, Qum, İsmailiyyan nəşri, h.q 1421
  • Cəfəriyan, Rəsul, Həyate fikri və siyasiye İmamane şie, Qum, Ənsariyan, h.ş 1381
  • Hümeyri, Abdullah ibn Cəfər, Qurbul-isnad, Qum, Alul-beyt (ə) müəssisəsi, h.ş 1393
  • Zəbidi, Mürtəza, Tacul-ərus, Beyrut, Darul-fikr, h.q 1414
  • Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Tehran, İslamiyyə, h.q 1395
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, h.q 1411
  • Amili, Seyyid Cavad Məhəmməd, Miftahul-kəramət, Qum, h.q 1419
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, Qum, h.q 1413
  • Qütbi Ravəndi, Səid, Əl-Xəraicu vəl-cəraih, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, h.q 1409
  • Keşşi, Məhəmməd ibn Ömər, Ricalul-Keşşi, Məşhəd, h.q 1409
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Kəni Tehrani, Əli, Tozihul-məqal, Qum, h.q 1421
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Əl-Motəbər, Qum, Seyyidüş-Şühəda müəssisəsi, h.q 1407
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Daneşnameye İmam Mehdi, Qum, Darul-hədis, h.ş 1393
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Qum, İslami nəşr müəssisəsi, h.ş 1365