İmam Həsən Əskəri (ə)

wikishia saytından
İmam Həsən Əskəri (ə)
Əskəriyeyn hərəmi (Samirra)
AdıHəsən ibn Əli ibn Məhəmməd
KünyəsiƏbu Muhəmməd
Doğulduğu günHicrətin 232-ci ili, 8 Rəbius-sani
Döğulduğu yerMədinə
İmamət müddəti6 il (Hicrətin 254-cü ilindən 260-cı ilinə qədər)
ŞəhadətHicrətin 260-cı ili, 8 Rəbiul-əvvəl
Dəfn olunduğu məkanSamirra, İraq (Əskəriyeyn hərəmi)
Yaşadığı məkanSamirra
Ləqəbləriİbnur-Rza, Hadi, Rəfiq, Zəki, Nəqi və s.
Atasıİmam Hadi (ə)
AnasıHudəys
ZövcələriNərcis
Övladlarıİmam Mehdi (ə.f)
Ömür müddəti28 il


Həsən ibn Əli ibn Məhəmməd (ərəbcə: الحسن بن علي بن محمد) - İmam Həsən Əskəri kimi məşhurdur (232/846 – 260/874) – On iki imam şiələrinin on birinci imamı. O, İmam Hadinin övladı, İmam Mehdinin (ə) isə atasıdır. Altı il imam olub. Ən məşhur ləqəbi Əskəridir. Bu ləqəb onun Samərra şəhərində məcburi saxlanılmasına işarə edir. Belə ki o, bu şəhərdə Abbasilər hökümətinin nəzarəti altında saxlanılmış və fəaliyyəti çox məhdudlaşdırılmışdı. İmam Əskəri (ə) şiələri ilə öz nümayəndələri və eləcədə məktublaşma vasitəsi ilə əlaqə saxlayırdı. İmam Mehdinin (ə) birinci xüsusi naibi Osman ibn Səid onun da xüsusi naiblərindən biri idi. İmam Həsən Əskəri hicri-qəməri təqvimi ilə 260-cı il, rəbiüləvvəl ayının 8-də 28 yaşında Samərra şəhəırində qətlə yetirilib. Atası İmam Hadinin (ə) məzarı kənarında dəfn olunub. Onların məqbərsi Əskəriyəyn türbəsi kimi tanınmaqdadır və İraqda şiələrin ziyarətgah yerlərindən biri sayılır.

İmam Həsən Əskəridən (ə) Quran təfsiri, əxlaq, fiqh, etiqad, dua, ziyarət və s. mövzulara dair hədislər nəql edilmişdir.

Həyatı

* Şəcərəsi

İmam Həsən Əskərinin (ə) şəcərəsi səkkiz vasitə ilə şiələrin birinci imamı Əli ibn Əbitalibə çatır.[1] Atası İmam Hadi (ə) şiələrin onuncu imamıdır. Şiə tarix mənbələrinə əsasən, anası Hudəys və ya Hudəysə adlı kəniz olub.[2] Digər qaynaqlarda adı Susən,[3] Əsfan[4] və Səlil[5] kimi də göstərilmişdir.

İmam Həsən Əskərinin (ə) Cəfər əl-Kəzzab kimi tanınan Cəfər adlı qardaşı olub. O, İmam Həsən Əskəri (ə) qətlə yetiriləndən sonra imamlıq iddiasına düşür. Belə ki, qardaşının övladı olmasını inkar edərək, özünü onun yeganə varisi kimi təqdim edib, irsinə sahib çıxmaq istəyir.[6] İmam Həsən Əskərinin (ə) Seyid Məhəmməd və Hüseyn adlı qardaşları da olub.[7]

* Ləqəbləri

İmam Həsən Əskəri (ə) Hadi, Nəqi, Zəki, Rəfiq və Samit kimi ləqəblərlə tanınmaqdadır. Bəzi tarixçilərə görə onun Xalis adlı ləqəbi də olmuşdur.[8] Həmçinin, o, İmam Cavad və İmam Hadi (ə) İbn ər-Riza ləqəbi ilə də tanınmışlar.[9] Eləcədə o, İmam Hadi ilə Əskəri ləqəbini də bölüşmüşdür. Çünki, onların hər ikisi məcburi şəkildə Samərrada saxlanılırdı. Əskər Samərra şəhərinin digər məşhur olmayan adıdır.[10] Habelə, onun və ikinci imamın adı Həsən olduğuna görə, ona Həsən əl-Axir də deyilib.[11]

* Künyələri

İmam Həsən Əskərinin küniyəsi Əbu Məhəmmədir.[12] Bəzi mənbələrdə Əbu əl-Həsən,[13] Əbu əl-Huccət[14] və Əbu əl-Qaim[15]küniyələri də qeyd edilmişdir.

* Təvəllüdü

Əksər mənbələrə görə, İmam Həsən Əskəri (ə) Mədinədə dünyaya gəlmişdir.[16] Bununla belə, onun Samərra şəhərində dünyaya gəlməsi ehtimal da mövcuddur.[17] İlkin şiə qaynaqlarında onun hicri-qəməri təqvimi ilə 232-ci il, rəbiülaxir ayında doğulduğu qeyd edilir.[18] İmamın özündən nəql edilən bir rəvayətdə də həmin tarix göstərilmişdir.[19] Habelə, bəzi şiəsünni mənbələri onun 231-ci ildə dünyaya gəldiyini bildirmişlər.[20] Şeyx Müfid “Məsarr əş-Şiə” kitabında İmamın (ə) rəbiülaxir ayının 10-da dünyaya gəldiyini yazır.[21] Hicri-qəməri təqvimi ilə altıncı əsərdə bu tarix öz əhəmiyyətini itirdi və İmamın (ə) rəbiülaxir ayının 8-də dünyaya gəldiyi məşhurlaşdı.[22] Hazırda da məşhur tarix budur.

* Şəhadəti

İmam Həsən Əskəri hicri-qəməri təqvimi ilə 260-cı il,[23] rəbiüləvvəl ayının 8-də 28 yaşında Mutəmid Abbasının xəlifəliyi dönəmində qətlə yetirilmişdir.[24] Habelə, onun rəbiülaxir və ya cəmadiüləvvəl aylarında qətlə yetirilməsi haqqında da məlumatlar keçməkdədir.[25] Şeyx Müfidə görə, İmam Həsən Əskəri (ə) xəstəlik səbəbi ilə vəfat edib.[26] Lakin Fəzl ibn Həsən Təbrəsinin “İlam əl-Vəra” kitabında yazdığına və əksər şiə alimlərinin də qənaətinə görə, İmam Həsən Əskəri (ə) digər imamlar kimi zəhərləndirilərək şəhid edilmişdir.[27] Onlar fikirlərini əsaslandırmaq üçün İmam Sadiqin “و الله ما منّا الا مقتول شهيد” (And olsun Allaha, bizim hər birimizi qətlə yetirərək şəhid etmişlər) məzmunlu hədisinə istinad etmişlər.[28] Həmçinin, tarixçi Seyyid Cəfər Murtəza Amili düşünür ki, Şeyx Müfid belə bir fikri təqiyyə edərək söyləmişdir.[29] Bəzi tarixi məlumatlara əsasən, Mötəmid Abbasidən qabaqkı iki xəlifə də İmam Həsən Əskərini (ə) qətlə yetirməyə cəhd etmişdilər. Bir rəvayətdə deyilir ki, Mötəz Abbasi Hacib adlı məmuruna İmamı (ə) Küfə yolunda qətlə yetirməyi göstəriş verir. Lakin camaat xəbərdar olandan sonra bu plan boşa çıxır.[30] Digər məlumata əsasən, Möhtədi Abbasi də İmamı (ə) zindanda qətlə yetirmək qərarına gəlir. Lakin onun xəlifəliyi sona yetdiyinə görə, məqsədini həyata keçirə bilmir.[31]

İmam Həsən Əskəri (ə) Samərrada öz evində, atası İmam Hadinin (ə) də dəfn edildiyi məkanda torpağa tapşırılmışdır.[32] Mötəmid Abbasinin vəziri Abdullah ibn Xaqanın[33] nəql etdiyinə görə, İmam Həsən Əskərinin (ə) şəhid edilməsindən sonra bazarlar bağlandı, Bəni-Haşim, ağsaqqallar, siyasi similar və sıravi insanlar onun dəfn mərasimində iştirak etdilər.[34]

* Həyat yoldaşları

Məşhur nəqlə əsasən, İmam Həsən Əskəri ailə qurmamışdır və onun nəsli İmam Məhdinin (ə) anası olan kəniz vasitəsi ilə davam etmişdir.[35] Tarix kitablarında İmam Mehdinin (ə) anasının adı müxtəlif şəkildə qeyd edilmişdir. Bu mənbələrə əsasən, İmam Həsən Əskərinin (ə) çoxlu rumlu, türk və s. kəniz və qulluqçuları olmuşdur.[36] Bəlkə, elə İmam Məhdinin (ə) anasının adının müxtəlif olması kənizlərin sayının çox olmasından və ya İmam Mehdinin (ə) təvəllüdünü gizli saxlamaq istəyindən irəli gəlmişdir.[37]

* Övladları

Əksər şiə mənbələrinə əsasən, İmam Həsən Əskərinin (ə) yeganə övladı İmam Məhdidir (M ə h ə m m əd ) (ə).[38] Sünni alimləri İbn Əsir, Şəblənci və İbn Səbbağ Maliki də İmam Həsən Əskərinin (ə) övladının adının Məhəmməd olduğunu bildirmişlər.[39]

Onun övladlarının sayı haqqında digər nəqllər də mövcuddur, beləki onun üç oğlu və üç qızı olduğu da deyilir.[40] Şiə mühəddisi Xəsibi İmam Məhdidən (ə) əlavə Fatimə və Dəlalə adlı iki qız övladının adını da qeyd etmişdir.[41] İbn Əbi əl-Sələc İmam Məhdidən (ə) əlavə Musa adlı bir oğlan və Fatimə və Aişə (Ümmü Musa) adlı iki qız övladının adını çəkmişdir.[42] Lakin bəzi ənsab (genealogiya) kitablarında sözükeçən adlar İmam Həsən Əskərinin (ə) bacı-qardaşları kimi göstərilmişdir.[43] Çox ehtimal ki, onlar İmamın (ə) övladları ilə səhv salınmışdır. Bütün bunlara rəğmən, bəzi sünni mənbələri İmam Həsən Əskərinin (ə) övladı olmasını inkar etmişlər.[44] Çox güman ki, bu qənaət on ikinci imamın təvəllüdünün gizli saxlanılması və onların bundan xəbərsiz olmasından irəli çıxmışdır.[45]

* Samərraya köç

İmam Həsən Əskəri (ə) hələ uşaq ikən atası İmam Hadi (ə) məcburən İraqa çağırılır və Abbasilərin o vaxtkı paytaxtı Samərrada nəzarət altında saxlanılır. Azyaşlı İmam (ə) da atası ilə bərabər bu şəhərə gəlir. Bu köç, Məsudiyə görə, hicri-qəməri təqvimi ilə 236-cı ildə,[46] Növbəxtiyə görə isə, 233-cü ildə baş tutmuşdur.[47] İmam Həsən Əskəri (ə) ömrünün böyük hissəsini Samərrada yaşamışdır. Deyilənlərə görə, o, həccdə olmayan yeganə imamdır. Lakin “Uyunu Əxbari ər-Riza” və “Kəşfu əl-Ğummə” kitablarında nəql edilmiş bir hədisi ravi Məkkədə olanda İmamdan (ə) eşitmişdir.[48]

İmamlığının dəlilləri və müddəti

İmam Həsən Əskəri (ə) : Allahın kitabında bizim üçün haqq vardır və biz Allah Rəsulunun yaxınlarıyıq. Allah bizi pak qərar verib. Yalançılardan başqa heç kim bu məqamı və mövqeyi iddia etmir. Əllamə Məclisi, Biharul-ənvar, c. 75, s. 372

İmam Həsən Əskərinin (ə) imamlıq müddəti altı il (h. q. 254-260-cı illər) olmuşdur. İmam Hadinin şəhid edilməsindən sonra İmam Həsən ibn Əli Əskərinin (ə) imam olmasına ən tutarlı dəlil İmam Hadinin (ə) onun canişinliyi ilə əlaqədar vəsiyyəti və bu haqda dediyi hədislərdir.[49] Şeyx Müfid “Əl-İrşad” kitabında mövzu ilə əlaqədar ondan çox məktub və rəvayət qeyd etmişdir.[50] Əksər şiələr və İmam Hadinin (ə) səhabələri onun şəhadətindən sonra İmam Həsən Əskəriyə (ə) imam olaraq müraciət ediblər.[51] Lakin az bir hissə İmam Hadinin (ə) digər övladı Cəfər əl-Kəzzab kimi tanınan Cəfər ibn Əlini özünə imam seçdilər. Başqa bir qrup isə İmam Hadinin (ə) sağlığında vəfat edən Seyyid Məhəmmədin imamlığını qəbul etdilər.[52] Cəfər əl-Kəzzabın imamlığını qəbul edənlər İmam Həsən Əskərinin (ə) imamlığına bəzi iradlar bildirirdilər. Özlərinin yüksək savadı olmamasına baxmayaraq, bəzən İmamın (ə) elmi səviyyəsini ölçdüklərini və onu imamlıq üçün lazım olan səviyyədə görmədiklərini iddia edirdilər.[53] Bəzən isə İmamın (ə) məktublarında qramatik səhvlərin olduğunu deyirdilər.[54] Bəzi hallarda isə İmam Həsən Əskərinin (ə) geyim tərzinə irad bildirirdilər.[55] Yaxud İmamın (ə) səlahiyyət dairəsinə müadaxilə edərək, onu, vəkillərinin rəftarına görə tənqid edirdilər.[56] Habelə, bəzən İmamın (ə) tapşırıqlarını icra eləmir və ya onun nümayəndələrini qəbul etmirdilər.[57] Elə buna görə də İmam (ə) deyirdi ki, heç bir imam mənim kimi şiələr tərəfdən şəkk və tərəddüdlə qarşılanmamışdır.[58] İmam Həsən Əskəri (ə) belə rəftarların davamlı təkrarlanmasını ilahi nemətin kəsilməsinə səbəb ola biləcəyini xatırladırdı.[59] Müdərrisi Təbatəbaiyə görə, bəlkə də elə bu nankorluqlara görə idi ki, şiə cəmiyyət axırda məsum imam nemətindən məhrum qaldı.[60]

Siyasi vəziyyət

İmam Həsən Əskəri (ə) imamlıq dövründə üç Abbasi xəlifəsi ilə- Mötəzi Abbasi (252-255), Möhtədi Abbasi (255-256) və Mötəmid Abbasinin (256-279) müasir olub.

Bəlkə də İmamın (ə) ilk siyasi addımı təxminən iyirmi yaşı olan vaxta təsadüf edir. O vaxt hələ atası sağ idi. O, Abbasilər xilafətində böyük nüfuzlu əmirlərdən biri və eyni zamanda xəlifə Müstəinin düşmənlərindən sayılan Abdullah ibn Abdullah ibn Tahirə məktub yazaraq xəlifəni üsyankar adlandırır və Allahdan onun süqut etməsini diləyir.[61]

Müstəin qətlə yetiriləndən sonra Mötəz hakimiyyətə gəlir. Onun hökümətinin ilk çağlarında İmam Hadi (ə) və İmam Həsən Əskəriyə (ə) qarşı sərt münasibət haqqında məlumat yoxdur. İmam Hadinin (ə) şəhid edilməsindən sonra da müəyyən məhdudiyyətlərə baxmayaraq, İmam Həsən Əskəri (ə) nisbi sərbəstliyə sahib idi. O Həzrətin (ə) öz imamlıq dönəmin ilk çağlarında şiələri ilə bəzi görüşləri bunu təsdiq edir. Lakin bir il keçəndən sonra xəlifə İmamdan (ə) şübhələnir və hicri-qəməri təqvimi ilə 255-ci ildə onu zindana salır. O, xəlifə Möhtədinin bir illik xilafəti dövründə də həbsdə qalır.

Hicri-qəməri təqvimi ilə 256-cı ildə Mötəmid hakimiyyətə gəlir. Ona qarşı şiə qiyamları baş qaldırır. Bu ərəfələrdə İmam (ə) zindandan çıxır və şiələri ictimai-iqtisadi baxımdan təşkilatlandırmaqla məşğul olur. Bu fəaliyyəti ilə əlaqədar İmam Həsən Əskəri (ə) 260-cı ildə Mötəmidin əmri ilə həbs etdirilir və xəlifə şəxsən İmamı (ə) nəzarətə götürür.[62] İmam (ə) bir aydan sonra həbsdən azad edilir və nəzarət altında Məmunun vəziri Həsən ibn Səhlin Vasit şəhərinin yaxınlığındakı evinə göndərilir.[63]

İmam Həsən Əskəri (ə) və şiələr üçün siyasi vəziyyəti sərtləşdirən səbəblərdən biri də On İkinci İmamın qiyam edəcəyi xəbər idi. Şeyx Müfid, İmamın (ə) imamlıq dövrünün çox çətin olduğunu qeyd edir.[64] O, yazır ki, şiə məzhəbində muntəzər imamın (ə) tezliklə qiyam etməsi ilə əlaqədar xəbər geniş yayılmışdı. Şiələrin on ikinci imamın gəlişinin intizarını çəkdiyindən xəbərdar olan xəlifə hər yerdə İmam Həsən Əskərinin (ə) övladını axtarır və onun haqqında məlumat əldə etmək üçün ciddi-cəhdə çalışırdı. İmam Həsən Əskəri (ə) elə buna görə də övladının təvəllüdünü gizli saxladı.[65] Şeyx Tusi bildirir ki, İmam Həsən Əskəri (ə) elə bu vəziyyəti nəzərə alıb, vəsiyyət edərək vəqfləri və sədəqələri anası Hüdəysə həvalə etmişdi.[66]

Üsyanlar və iğtişaşlar

İmam Həsən Əskərinin (ə) vaxtında xilafətə qarşı bir sıra etirazamiz addımlar atıldı ki, bəzilərini şiələr və bəzilərini isə ələvilər adından süui-istifadə edən qruplar həyata keçirtmişdi.

* Əli ibn Zeyd və İsa ibn Cəfərin üsyanı: Ələvi və İmam Həsən Müctəbanınn (ə) nəslindən olan bu iki nəfər hicri-qəməri təqvimi ilə 255-ci ildə Küfədə üsyana qalxdılar. Xəlifə Mötəz Səid ibn Salehin başçılığı ilə ora ordu göndərərk üsyanı zərərsizləşdirir.[67]

* Əli ibn Zeyd ibn Hüseynin üsyanı: O, İmam Hüseynin (ə) nəvələrindən sayılırdı. Möhtədi Ababsinin vaxtında Küfədə üsyana qalxır. Öz qoşunu ilə onlara qarşı vurşmağa gedən Şah ibn Mikal məğlub olur. Mötəmid hakimiyyətə gələndən sonra Kəncur (Kicur) Türkü onlara qarşı vurşmağa göndərir. Uzun təqiblərdən sonra Əli ibn Zeyd 257-ci ildə qətlə yetirilir.[68]

* Əhməd ibn Məhəmməd ibn Abdullahın üsyanı: O, Mötəmid Abbasinin dönəmində Misirdə Burqə ilə İskəndiriyyə arasında yerləşən məntəqədə üsyana qalxır. Çoxlu tərəfdarlar topladığına görə, xəlifəlik iddiasına düşür. Xəlifənin o məntəqədəki nümayəndəsi türk Əhməd ibn Tulun onun üzərinə qoşun göndərərk ətrafdakılarını pərakəndə salır və özünü qətlə yetirirlər.[69]

* Zəncilərin üsyanı: Zəncilər, Zənci Sahibi kimi tanınan Əli ibn Məhəmmədin başçılığı ilə 255-ci ildə Əbbasilər xilafətinə qarşı üsyana qalxırlar.[70] Bu üsyan on beş il davam edir. Onlar çox geniş bir ərazini ələ keçirirlər.[71] İmam Həsən Əskəri Əli ibn Məhəmmədi Əhli-beytdən (ə) hesab etmirdi.[72]

İmamla şiələrin əlaqəsi

Abbasilərin təzyiqini nəzərə alaraq, şiə cəmiyyəti təqiyyə şərtlərinə uyğun davranırdı. Bununla belə, İmam Həsən Əskəri (ə) onların işlərini idarə etməyə və dini vergilərin yığılmasına ciddi əhəmiyyət verirdi. O, bu işlərlə əlaqədar müxtəlif məntəqələrə öz vəkillərini göndərmişdi.[73]

İmamla görüş

İmam Həsən Əskəri (ə) :

İbadət namaz və orucun çoxluğu ilə deyil. İbadət ilahi əmrlər haqqında fikirləşməkdir.

Tuhəful-uqul, s. 488

Tarixdən məlum olur ki, İmam Həsən Əskərinin (ə) ömrünün müxtəlif kəsimlərində şiələrlə birbaşa görüşməsinə müəyyən məhdudiyyətlər yaranırdı.[74] Buna görə də İmam (ə) xilafət sarayına aparılanda şiələr həmin yolda dayanıb onunla görüşməyə çalışırdılar.[75] Bu barədə Şeyx Tusi də məlumat vermişdir. Onun yazdığına görə, camaat İmamın (ə) getdiyi yolda toplaşır və ona ehtiram göstərirdilər.[76] Bəzən o, hökümətin nəzarətini nəzərə alaraq, şiələri belə bir görüşdən belə çəkindirirdi. Əli ibn Cəfər Hələbi nəql edir ki, İmam (ə) xilafət sarayına aparılan gündə biz o, gedən yolda toplaşmışdıq. Bu zaman İmam (ə) bizə bu məzmunda bir məktub göndərdi: “Mənə salam verməyin, hətta mənə tərəf işarə belə etməyin, yoxsa amanda qalmayacaqsız”.[77]

İmamın nümayəndələri

İmam Həsən Əskəri (ə) də özünddən əvvəlki imamlar kimi şiələrlə əlaqə qurmaq üçün nümayəndələrdən istifadə edirdi. Şiə mənbələrində Osman ibn Səid “Bab” (İmamın camaatla rabitəsi və nümayəndəsi) kimi tanınır. O, İmam Həsən Əskəri (ə) şəhid ediləndən sonra Kiçik Qeyb dövründə İmam Məhdinin (ə) birinci xüsusi naibi idi.[78] Həmçinin, İmamın (ə) uşaqlıqdan böyütdüyü və onun xüsusi xadimi Əqid (عقید) o Həzrətin (ə) əksər məktublarını şiələrə çatdırırdı.[79] Həmçinin, İmamın (ə) Ğərib Əbul-ədyan künuyəli xadimi də onun müəyyən məktublarını məqsədə çatdırmağı öhdəsinə götürmüşdü.[80]

Məktublaşma

Şiələrin İmam Həsən Əskəri (ə) ilə əlaqə vasitəsi məktublaşma idi. Onun Əli ibn Hüseyn ibn Babəveyhə,[81] Qum və Ave[82] camaatına yazdığı məktubları nümunə göstərmək olar. “Kəmal əd-Din” kitabında qeyd edilmişdir ki, o, şəhid edilməzdən bir az qabaq öz əli ilə mədinəlilərə çoxlu məktublar yazdı.[83] Şiələr də müxtəlif mövzu və məsələlərdə ona məktublar yazır və cavab alırdılar.

Şiələri Qeyb dövrünə hazırlamaq

İmam Həsən Əskərinin (ə) dövründə baş verən tarixi hadisələri araşdıran bəzi mənbələrə görə, o, şiələri Qeyb dövrünə hazırlamaq üçün müəyyən addımlar atmışdır. Onlara görə, İmamın (ə) öz səhabələri ilə bəzən uzaqdan əlaqə yaratması və ya öz səlahiyyətinə aid olan işləri vəkilləri vasitəsi ilə tətbiq etməsibuna nümunə ola bilər.[84] Mudərrisi Təbatəbai düşünür ki, İmam Həsən Əskəri (ə) elmi məsələləri həlletmə üsullarını öyrətmək məqsədi ilə bəzən fiqhi suallara tam şəkildə cavab vermirdi.[85] Bəzən isə ümumi qaydalar irəli sürürdü ki, fəqihlər onlara əsasən müəyyən cavablara yiyələnə bilsinlər.[86] Bəzi hallarda isə İmam (ə), fiqhi suallara cavab tapmaq üçün şiə hədis kitablarına müraciət etməyi təklif edirdi.[87] O, belə oxşar addımlarla şiə cəmiyyətini təlimatlandırırdı ki, fiqhi-etiqadi məsələ və çətinlikləri, hazır imama müraciət etmədən həll edə bilsinlər.[88]

Dini təlimlərin izahı

Şiə təlimləri

İmam Həsən Əskəri (ə) : "Möminin 5 əlaməti var : 1. 51 rəkət namaz qılmaq (17 rəkət gündəlik vacib namazlar, 34 rəkət müstəhəb nafilə namazlar). 2.Ərbəin ziyarəti. 3.Sağ əlinə üzük taxmaq. 4.Səcdədə alnını torpağa qoymaq. 5."Bismillahir-Rəhmanir-Rəhim" kəlməsini ucadan demək. Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, cild 6, səh.52

O dövürdə imamın müəyyən edilməsi ilə əlaqədar bəzi dolaşıq və qaranlıq məqamların olması səbəbi ilə İmam Həsən Əskərinin (ə) çıxışlarında və yazdığı məktublarda vaxt aşırı “Yer höccətsiz ola bilməz”[89] və ya “əgər imamət silsiləsi qırılarsa, Allahın işləri məqsədə uyğun həyata keçməz”[90] və yaxud “Yer üzündə ilahi höccət, Allahın möminlərə bəxş etdiyi bir nemətdir və Allah bu hidayətlə onlara ehtiram göstərmişdir” kimi fikirləri ilə rast gəlirik.[91]

Habelə, o dövürdə şiələrə qarşı mövcud təzyiqləri nəzərə alaraq, İmam Həsən Əskərinin (ə) çıxışlarında tez-tez səbirli olmaq, qurtuluş (fərəc) və intizara inam bəsləmək kimi təlimlərə rast gəlirik.[92] Eləcədə o Həzrətin (ə) hədislərində şiə cəmiyyəti içində daxili rabitənin şəkillənməsinə və din qardaşlarının bir-biri ilə əlaqə yaratmasına xüsusi təkid edilmişdir.[93]

Quran təfsiri

İmam Həsən Əskərinin (ə) çox diqqət yetirdiyi mövzulardan biri də Qurani-Kərimin təfsiri olmuşdur. Şiə təfsir irsi içində ən qədim təfsir kitablarından biri də o Həzrətə (ə) mənsubdur.

Kəlam və etiqad

İmam Həsən Əskəri (ə) imamlıq məqamına çatanda şiələr arasında etiqadi fikir ayrılıqları irəli çıxmışdı. Hətta onun öz imamlıq dövründə də belə ixtilaflara rast gəlinirdi. Belə ixtilaflı mövzulardan biri, illər əvvəl mübahisəyə səbəb olmuş “Allahın cism olmasının inkarı” məsələsi idi. İmamın (ə) dövründə bu məsələ ilə əlaqədar ixtilaf o qədər böyüdü ki, Səhl ibn Ziyad Adəmi İmama (ə) məktub yazaraq ondan məsələyə ayadınlıq gətirməsini istəyir. İmam (ə) cavab yazaraq, onları Allahın zatına aid mövzuları müzakirə etməkdən çəkindirir və sonra bəzi Quran ayələrinə işarə edərək yazır:

“Allah tək və yeganədir. Nə doğub və nə də doğulmuşdur. Onun tayı, bərabəri yoxdur. Xaliqdir, məxluq deyil. Hər nə istəsə cismdən və qeyri-cisimdən xəlq edər, lakin Özü cism deyil… Onun bənzəri yoxdur. O, eşidəndir, biləndir”.[94]

Fiqh

Hədis elmində İmam Həsən Əskəriyə (ə) verilən ləqəblərdən biri də “fəqih”-dir.[95] Bu, onu göstərir ki, İmam (ə) öz səhabələri arasında xüsusi ilə bu keyfiyyəti ilə tanınırmış. İmamın (ə) hədislərinin müəyyən hissəsi fiqhə və onun müxtəlif fəsillərinə aiddir. Şiə fiqh məzhəbinin böyük bir hissəsinin İmam Sadiq (ə) vasitəsi ilə yaradılmasını və sonra İmam Kazım (ə)İmam Rza (ə) vasitəsi ilə təkmilləşdirilməsini nəzərə alsaq, İmam Həsən Əskəri (ə) daha çox o dövürdə yeni qarşıya çıxan bəlli məsələlərə və ya o vaxtı mübahisə doğuran məsələlərə, məsələn, ramazan ayının başlanması və xüms kimi mövzulara aydınlıq gətirməyə çalışırdı.[96]

Türbə

Ayətullah Xamenei:

  • İmam Əskəri (ə) bütün möminlər, xüsusən də gənclər üçün örnək ola bilər. O imam ki, tərəfdarları, şiələri, müxalifləri, kafirləri hamısı onun lütfünə, elminə, təqvasına, paklığına, məsumluğuna, düşmənləri qarşısındakı şücaətinə, səbrinə və qüdrətinə şəhadət vermiş və etiraf etmişlər. Bu böyük insan, bu möhtəşəm şəxsiyyət şəhid olanda cəmi iyirmi səkkiz yaşında idi.[97]

İmam Həsən Əskəri (ə) şəhid edildikdən sonra, atası İmam Hadinin (ə) qəbri kənarında dəfn edildi.[98] Sonralar burada “Əskəriyəyn türbəsi” kimi tanınan ziyarətgah inşa edilmişdir.

“Əskəriyəyn türbəsi” 2005-ci[99] və 2007-ci illərdə təkfirçi terroçular tərəfindən dağıdılmışdır.[100] 2010-cu ildə[101] türbənin bərba edilməsinə başlanmış, 2015-ci ildə isə təmir işləri başa çatmışdır.[102]

Biblioqrafiya

İmam Həsən Əskəri Haqqında müxtəlif dillərdə- Azərbaycan, ərəb, ingilis, fars, urdu, ispanyol və s. kitablar yazılmış və tərcümə edilmişdir.[103] Bəzi saytlarda İmamla (ə) əlaqədar 250-dən çox kitab, məqalə, elmi iş dərc edilmişdir.[104] Bəzi kitabların adlarını qeyd edirik:

  • “Məvsuətu əl-İmam əl-Əskəri”. İmam Əsr adına tədqiqat institutunun elmi qrupun əsəri. Qeyd edilir ki, sözükeçən altı cildlik kitabda İmam Həsən Əskəriyə (ə) aid bütün mövzular toplanmışdır. Kitab İmaın (ə) bütün sözlərini, habelə başqalarının onun şəxsiyyəti haqqında dedikləri sözləri əhatə edir.[105] Bu kitab İmam (ə) haqqında yazılmış ən geniş kitab sayılır;[106]
  • “Məasiru əl-Kubra fi tarixi Samərra”. Müəllif: Zəbihullah Məhəllati;
  • “Məvsuətu kəlimatu əl-İmam əl-Həsən əl-Əskəri”. “Baqir əl-Ulum” institutunun müəlliflər qrupunun əsəri. Sözükeçən kitabda İmamın (ə) etiqad, fiqh, əxlaq, duaziyarətə aid sözləri dörd fəsildə toplanmışdır.[107]

Kəlamlarından seçmələr

  • Simanın gözəlliyi zahiri gözəllikdir. Gözəl düşüncə isə daxili gözəllikdən xəbər verir.[108]
  • Pəhrizkarlıq səciyyəsi, səxavət təbiəti və təmkin dostu olan adamın həm dostu həm də tərifi çox olar və dostları onu tərifləməklə düşmənlərindən qisas alarlar.[109]
  • Qəzəb hər bir pisliyin açarıdır.[110]
  • Allah qatında ən yaxşı şəxs öz qardaşlarının hüquqlarını yaxşı bilən və onlara riayət etməyə çox cəhd edən adamdır. Bu dünyada qardaşlarına qarşı təvazökarlıq göstərən şəxs Allah hüzurunda siddiqinlərdən və Əli ibn Əbitalibin (ə) həqiqi şiələrindən sayılır.[111]
  • İkiüzlü və ikidilli adam çox pis bəndədir. Üz-üzə gələndə qardaşını tərif edir, arxasınca isə ətini yeyir (qeybətini edir). Qardaşına bir nemət bəxş ediləndə, paxıllığı tutur, dara düşəndə isə ona xəyanət edir.[112]

İstinadlar

  1. Səmani, Əl-Ənsab, h.q 1382, c.9, s.300
  2. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.503; Şeyx Müfid, Əl-İrşad, h.q 1414, c.2, s.313
  3. İbn Təlhə, Mətalibus-səul, h.q 1371, c.2, s.78; İbn Cəvzi, Təzkirətul-Xəvass, h.q 1383, s.362
  4. Nobəxti, Firəquş-şiə, h.q 1355, s.96
  5. Hüseyn ibn Əbdül-Vəhhab, Uyunul-mucizat, h.q 1369, s.123
  6. Təbəsi, Həyatul-İmamil-Əskəri, h.q 1382, s.320-324
  7. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.311-312
  8. İbn Rustəm Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.425
  9. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1376, c.3, s.523
  10. İbn Xəllikan, Vəfiyyatul-əyan, m. 1972-1971, c.2, s.95
  11. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1376, c.3, s.526
  12. İbn Rustəm Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.424
  13. İbn Rustəm Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.424
  14. Xəzəli, Musuətul-İmamil-Əskəri (ə), h.q 1426, c.1, s.32
  15. Xəzəli, Musuətul-İmamil-Əskəri (ə), h.q 1426, c.1, s.32
  16. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.313; Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.92
  17. İbn Hatəm, Əd-durrun-nəzim, s.737
  18. Nobəxti, Firəquş-şiə, h.q 1355, s.95; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.503; Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.313
  19. İbn Rustəm Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.423
  20. İbn Əbis-Səlc, Tarixul-əimmə, h.q 1396, s.14; Məsudi, İsbatul-vəsiyyət, h.q 1409, s.258
  21. Müfid, Məsarr əş-Şiə, s.52; İbn Tavsu, Əl-İqbal, c.3, s.149; Şeyx Tusi, Misbahul-mutəhəccid, h.q 1339, s.792
  22. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1376, c.3, s.523; Təbərsi, Tacul-məvalid, h.q 1396, s.57
  23. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.503; Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.314
  24. Təbərsi, Əlamul-vəra, h.q 1417, c.2, s.131
  25. Müqəddəsi, Bazpəjuhi tarixe vilayət və şəhadəte Məsuman, h.q 1391, s.530-533
  26. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.336
  27. Təbərsi, Əlamul-vəra, h.q 1417, c.2, s.131
  28. Təbərsi, Əlamul-vəra, h.q 1417, c.2, s.132
  29. Amili, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, h.q 1426, c.33, s.185-191
  30. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1398, s.208; Ətarudi, Musnədul-İmamil-Əskəri (ə), h.q 1413, s.92
  31. Məsudi, İsbatul-vəsiyyət, h.q 1409, s.267; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.329
  32. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.313
  33. Əmin Əyanuş-şiə, h.q 1403, c.1, s.103
  34. Nobəxti, Firəquş-şiə, h.q 1355, s.96; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.505; Paketçi, Həsən Əskəri (ə), "İmam", s.619
  35. Paketçi, Həsən Əskəri (ə), "İmam", s.618
  36. Məsudi, İsbatul-vəsiyyət, h.q 1409, s.266, Paketçi, Həsən Əskəri (ə), "İmam", s.618
  37. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.2, s.194
  38. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1376, c.3, s.523; Təbərsi, Tacul-məvalid, h.q 1396, s.59
  39. İbn Əsir, Əl-Kamilu fit-tarix, c.7, s.274; İbn Sibağ Maliki, Fusulul-muhimmə, s.278; Mumin ibn Həsən, Nurul-əbsar, s.183; Paketçi, Həsən Əskəri (ə), "İmam", s.618
  40. Məhəmməd ibn Yusif Hənəfi, Meracul-vusul, s.176; Paketçi, Həsən Əskəri (ə), "İmam", s.618-619
  41. Xəsibi, Əl-Hidayətul-kübra, h.q 1419, s.328
  42. İbn Əbi əl-Sələc, Tarixul-əimmə, h.q 1396, s.21-22
  43. Fəxruddin Razi, Əş-Şəcərətul-mübarəkə, s.78; Paketçi, Həsən Əskəri (ə), "İmam", s.619
  44. İbn Həzim, Cumhurətu ənsabil-ərəb, m. 1982, s.61; Zəhəbi, Seyru əlamun-nübəla, c.13, s.122; Paketçi, Həsən Əskəri (ə), "İmam", s.619
  45. Səlimiyan, Dərsnameye Məhdəviyyət, h.ş 1389, s.184
  46. Məsudi, İsbatul-vəsiyyət, h.q 1409, s.259
  47. Nobəxti, Firəquş-şiə, h.q 1355, s.92
  48. Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.135; İrbili, Kəşful-ğummə, h.q 1405, c.3, s.198
  49. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1398, s.120-122; İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.404-407
  50. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.314-320
  51. Cəfəriyan, Həyate fikri və siyasiye İmamane şie, h.ş 1381, s.537
  52. Əşəri, Əl-Məqalat və firəq, h.ş 1360, s.101
  53. Şəhristani, Əl-Miləl vən-nihəl, h.ş 1364, c.1, s.200
  54. Məsudi, İsbatul-vəsiyyət, h.ş 1384, s.252
  55. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.246-247
  56. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.218
  57. Şeyx Tusi, İxtiyaru mərifətir-rical, h.q 1409, s.541
  58. Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.222
  59. Şeyx Tusi, İxtiyaru mərifətir-rical, h.q 1409, s.541
  60. Müdərrisi Təbatəbai, Məktəb dər fərayənde təkamol, h.ş 1374, s.93
  61. İbn Əsir, Əl-Kamilu fit-tarix, c.7, s.151
  62. Məsudi, İsbatul-vəsiyyət, h.q 1409 s.268
  63. Məsudi, İsbatul-vəsiyyət, h.q 1409 s.269
  64. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.336
  65. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.336
  66. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.108
  67. Məsudi, Murucuz-zəhəb, h.q 1363, c.4, s.94
  68. İbn Əsir, Əl-Kamilu fit-tarix, c.7, s.239-240
  69. Məsudi, Murucuz-zəhəb, h.q 1363, c.4, s.108
  70. Əbul-fida, Əl-Muxtəsəru fi əxbaril-bəşər, Misir, c.2, s.46
  71. İbnul-İmrani, Əl-İnbau fi tarixil-xüləfa, m. 2001, c.1, s.138
  72. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1376, c.3, s.529
  73. Məsudi, İsbatul-vəsiyyət, h.q 1409, s.270; Kəşşi, Ricalu Kəşşi, h.ş 1348, s.560
  74. Paketçi, Həsən Əskəri (ə), "İmam", s.626
  75. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.930
  76. Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.215-216
  77. Ravəndi, Əl-Xəraicu vəl-cəraih, c.1, s.439
  78. Paketçi, Həsən Əskəri (ə), "İmam", s.626
  79. Paketçi, Həsən Əskəri (ə), "İmam", s.626; Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.272
  80. Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.475
  81. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1376, c.3, s.527; Xansari, Rəvzatul-cinan, h.q 1390, c.4, s.273-274
  82. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1376, c.3, s.526
  83. Səduq, Kəmaluddin, h.q 1390, c.2, s.474
  84. Pursid Ağayi və başqaları, Tarixe əsre ğeybət, h.ş 1379, s.168-169
  85. Kuleyni, Əl-Kafi, h.q 1407, c.6, s.35
  86. Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.45
  87. Mudərrisi Təbatəbai, Məktəb dər fərayənde təkamol, h.ş 1374, s.99
  88. Mudərrisi Təbatəbai, Məktəb dər fərayənde təkamol, h.ş 1374, s.98-100
  89. Məsudi, İsbatul-vəsiyyət, h.q 1409, s.271
  90. Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.222
  91. Kəşşi, Ricalu Kəşşi, h.ş 1348, s.541
  92. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1376, c.3, s.527
  93. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1376, c.3, s.526
  94. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.103
  95. Türeyhi, Cameul-məqal, h.ş 1355, s.185
  96. Paketçi, Həsən Əskəri (ə), "İmam", s.630
  97. https://farsi.khamenei.ir
  98. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.313
  99. Xameyar, Təxribe ziyarətqahhaye İslami dər keşvərhaye ərəbi, s.29 və 30
  100. Xameyar, Təxribe ziyarətqahhaye İslami dər keşvərhaye ərəbi, s.30
  101. خبرگزاری ابنا: آخرین وضعیت ساخت ضریح حرمین عسکریین(ع), abna24.com saytı
  102. خبرگزاری ایلنا؛ عملیات بازسازی گنبد حرم امامین عسکریین پایان یافت, ilna.ir saytı
  103. «کتاب‌شناسی امام حسن عسکری(ع)», hadith.net saytı; «کتاب‌شناسی امام حسن عسکری(ع)»; «کتاب‌شناسی امام حسن عسکری(ع)», emamat.ir saytı
  104. نگاه کنید به «کتاب‌شناسی امام حسن عسکری(ع)», Sazmane təbliğate İslamiyə bağlı sayt
  105. Salihi, Şenaxt və cayeqahe Musuətul-İmamil-Əskəri (ə), s.99 və 100
  106. Fatimi, Nəqde musuətul-İmamil-Əskəri (ə), s.84
  107. فرهنگ جامع سخنان امام حسن عسکری(ع)
  108. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.17, s.95
  109. Şəhid Əvvəl, Əd-durrətul-bahirə, h.ş 1379, c.2, s.47
  110. Hərrani, İbn Şəbe, Tuhəful-uqul, h.q 1404, c.1, s.488
  111. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.75, s.117
  112. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.78, s.373

Ədəbiyyat

  • İbnul-İmrani, Məhəmməd ibn Əli, Əl-İnbau fi tarixil-xüləfa, Təhqiq: Qasim Əs-Samirayi, Qahirə, m. 2001
  • İbn Əbis-sələc, Tarixul-əimmə, Qum, h.q 1396
  • İbn Əsir, Əli ibn Əbil-Kərim, Əl-Kamilu fit-tarix, m. 1851 \ 1871
  • İbn Hatəm Amili, Yusif, Əd-durrun-nəzim, Qum, İslami nəşr müəssisəsi
  • İbn Həzəm, Cumhurətu ənsabil-ərəb, Qahirə, m. 1982
  • İbn Həmzə Tusi, Məhəmməd ibn Əli, Əs-saqibu fil-mənaqib, Qum, Ənsariyan nəşriyyatı, 3-cü çap, h.q 1419
  • İbn Xəllikan, Şəmsuddin Əhməd ibn Məhəmməd, Vəfiyyatul-əyan, Təhqiq: Ehsan Abbas, Beyrut, Daru Sadir, m. 1972 \ 1971
  • İbn Rustəm Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-imamə, Qum, Besət, h.q 1413
  • İbn Şəbə Hərrani, Həsən, Tuhəful-uqul, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, İslami nəşr müəssisəsi, h.q 1404 \ h.ş 1363
  • İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, Nəcəf, h.q 1376
  • İbn Sibağ, Əli, Əl-fusulul-muhimmə, Qum, h.q 1379
  • Əbul-fida, İsmail ibn Əli, Əl-Muxtəsəru fi əxbaril-bəşər, Misir
  • Əşəri, Səd ibn Abdullah, Əl-Məqalatu və firəq, Düzəliş: Məhəmməd Cavad Məşkur, Tehran, h.ş 1360
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Əl-İqbalu, Qum, Məktəbətul-elamil-İslami, h.q 1414
  • Səmani, Əbdül-Kərim ibn Məhəmməd, Əl-Ənsab, Təhqiq: Əbdür-rəhman ibn Yəhya, m. 1962 \ h.q 1382
  • Şəhid Əvvəl, Əd-durrətul-bahirə, Tərcümə: Əbdül-Hadi Məsudi, Qum, Zair nəşri, 1-ci çap, h.ş 1379
  • İbn Təlhə, Məhəmməd, Mətalibus-səul, Nəcəf, h.q 1371 \ m. 1951
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Təbriz, Bəni Haşim nəşri, 1-ci çap, h.q 1381
  • Əmin, Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taruf, h.q 1403
  • Paketçi, Əhməd, "Həsən Əskəri (ə), İmam", 20 ci cild, Tehran, h.ş 1391
  • Cəfəriyan, Rəsul, Həyate fikri və siyasiy İmamane şie, Qum, Ənsariyan nəşri, h.ş 1381
  • Hüseyn ibn Əbdül-Vəhhab, Uyunul-Mucizat, Nəcəf, h.q 1369
  • Xameyar, Əhməd, تخریب زیارت‌گاه‎‌های اسلامی در کشورهای عربی
  • Xəzəli, Əl-İmamul-Əskəri (ə), QUm, 1-ci çap, h.q 1426
  • Xəsibi, Hüseyn ibn Həmədan, Əl-Hidayətul-kübra, Beyrut, Əl-Bəlağ müəssisəsi, h.q 1419
  • Xansari, Məhəmməd Baqir, Ruzatul-cinan, Qum, ismailiyyan nəşriyyatı, h.q 1390
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Seyru elamin-nübəla, Beyrut, Ər-risalə müəssisəsi, h.q 1405 \ m. 1985
  • Sibti ibn Cəvzi, Təzkirətul-xəvass, Nəcəf, h.q 1383 - m. 1964
  • Səlimiyan, Xodamurad, Dərsnameey məhdəviyyət, Qum, Bunyade fərhəngi Məhdiye Movud, h.ş 1389
  • Mumin ibn Həsən, Nurul-əbsar, Qahirə, Məkətəbtut-təvfiqiyyə
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbairir-Rza (ə), Tehran, Cahan nəşri, h.q 1378
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Tehran, h.q 1390
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Darul-kutubil-İslamiyyə, Tehran, h.q 1407
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, İxtiyaru mərifətir-rical, Məşhəd, h.q 1409
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, Muəssisətul-məaridil-İslami, h.q 1411
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mutəhəccid, Tehran, h.q 1339
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1414
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Məsarruş-şiə, Beyrut, Darul-mufid, 1-ci çap, h.q 1414
  • Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nihəl, Qum, h.ş 1364
  • Təbərsi, Fəzl ibn Həsən, Tacul-məvalid, Nəfisə məcmuəsi, Qum, h.q 1396
  • Təbərsi, Fəzl ibn Həsən,Əlamul-vəra, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1417
  • Təbəsi, Məhəmməd Cavad, Həyatul-İmamil-Əskəri (ə), Qum, Bustane kitab müəssisəsi, 3-cü çap, h.ş 1382
  • Türeyhi, Fəxruddin, Cameul-məqal, Tehran, h.ş 1355
  • Amili, Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, Qum, Darul-hədis, h.q 1426
  • Əllamə Məclisi, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Salihi, Abdullah, شناخت و جایگاه موسوعة الامام العسکری(ع)
  • Fatimi, Seyyid Həsən, نقد موسوعة الامام العسکری(ع)
  • فرهنگ جامع سخنان امام حسن عسکری(ع), bookroom.ir saytı
  • «کتاب‌شناسی امام حسن عسکری(ع)», hadith.net saytı
  • «کتاب‌شناسی امام حسن عسکری(ع)», emamat.ir saytı
  • «کتاب‌شناسی امام حسن عسکری(ع)», emamat.ir saytı
  • Kəşşi, Məhəmməd ibn Ömər, Ricalu-Kəşşi, Məşhəd, h.ş 1348
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbır Ğəffari, Tehran, İslamiyyə nəşriyyatı, h.q 1407
  • Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Beyrut, h.q 1409
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Qum, Darul-hucrə, 2-ci çap, h.q 1363 və Misir, h.q 1364
  • Müqəddəsi, Yədullah, Bazpəjuhi tarixe vilayət və şəhadəte Məsuman, Nəcəf, h.q 1391
  • Nobəxti, Həsən ibn Musa, Firəquş-şiə, Düzəliş: Seyyid Məhəmməd Sadiq Ali Bəhrul-ulum, Nəcəf, h.q 1355

Xarici keçid