Ulul-Əmr

wikishia saytından
(Ulil-Əmr səhifəsindən yönləndirilmişdir)
Bu məqalə "Ulul-Əmr" anlayışı haqqındadır. Eyni başlıqlı ayə ilə tanışlıq üçün "Ulul-Əmr ayəsi" məqaləsinə baxın.
Ulul-əmr ayəsi, Nisa surəsi, ayə 59

Ulul-Əmr (ərəbcə: أولو الأمر), əmr sahibləri deməkdir. Onlar "Ulul-Əmr" ayəsinə görə itaətləri vacib olan kəslərdir. Bu terminə "Nisa" surəsinin 59-cu ayəsində rast gəlinir. "Ulul-Əmr"in məsumluğu və kim olduqları haqqında şiə və sünni teoloji və təfsir kitablarında çoxlu fikirlər söylənilmişdir. İmamiyyəyə görə "Ulul-Əmr" sözündən məqsəd şiə imamlarıdır; Amma əhli-sünnənin nəzərindən raşidin xəlifələri, ədalətli hökmdarlar və icma da onun nümunələrindəndir. Şiələr hesab edirlər ki, "Ulul-Əmr" ayəsində əmr sahiblərinə qeyd-şərtsiz itaətə vurğu edildiyi üçün bu ayə əmr sahiblərinin məsumluğuna dəlalət edir; Amma əksər sünni alimləri inanırlar ki, bu ayədən "Ulul-Əmr"in məsumluğu əldə edilmir.

"Ulul-Əmr" ayəsi

Əsas məqalə: "Ulul-Əmr" ayəsi

Əmr sahibləri mənasına olan "Ulul-Əmr" kəlməsi, “Nisa” surəsinin 59-cu ayəsindən götürülmüşdür:

«یا أَیهَا الَّذِینَ آمَنُواْ أَطِیعُواْ اللّهَ وَأَطِیعُواْ الرَّسُولَ وَأُوْلِی الأَمْرِ مِنکمْ»

"Ey iman gətirənlər, Allaha itaət edin, Onun Peyğəmbərinə və öz əmr sahiblərinizə itaət edin". Fəzl İbn Həsən Təbərsi və Əllamə Təbatəbai[1] kimi şiə təfsirçiləri və imamiyyə mütəkəllimləri (teoloqları)[2] bu ayədən əmr sahiblərinin məsumluğunu istifadə edirlər. Sonra "Ulul-Əmrin" nümunələri haqqında rəvayətlərə istinad edərək on iki imamın məsumluğu haqqında dəlil gətirirlər.[3]

Ulul-Əmrin məsumluğu

Şiələrin Ulul-Əmr ayəsinə istinad edərək onların məsum olması ilə bağlı arqumenti ayənin əmr sahiblərinə qeyd-şərtsiz itaət etməyi əmr etdiyi məsələsinə əsaslanır.[4] Onların bu məsələyə dair bir dəlili ayənin umumi olmasıdır; Yəni, ayə əmr sahiblərinə tabe olmaq əmrindən sonra istisna qeyd etməmişdir. Başqa bir dəlil də budur ki, ayədə əmr sahiblərinə tabe olmaq əmri Peyğəmbərə (s) itaət əmrinin kənarında gəlir. Onların fikrincə, bu məsələ Peyğəmbərə (s) qeyd-şərtsiz itaət edilməli olduğu kimi, əmr sahiblərinə də eyni şəkildə itaət etməyin vacib olduğunu göstərir.[5]

Bu fikrə uyğun olaraq, dəlil bu formadadır ki, ayəyə əsasən əmr sahiblərinə qeyd-şərtsiz itaət etmək vacibdir. Əgər əmr sahibləri məsum olmasalar və haram olunmuş işlərə əmr etsələr, Allahın iki əmri arasında ziddiyyət yaranar; Çünki bir tərəfdən əmr sahiblərinə itaət etmək və haramı yerinə yetirmək vacibdir. Digər tərəfdən isə o əməl haramdır və biz bunu etməməliyik. Ona görə də əmr sahibləri məsumdurlar.[6]

Sünni alimlərindən olan Fəxr Razi də bu fikirdədir.[7] Lakin digər sünni alimləri bu barədə fərqli fikirdədirlər. Onların fikrincə, Ulul-Əmr ayəsində əmr sahiblərinə itaət əmrindən sonra buyurulur ki, əgər bir məsələdə ixtilaf tapsanız, Allaha və Peyğəmbərə (s) müraciət edin. Bu əlamət göstərir ki, əmr sahiblərinə tabe olmaq öhdəliyi qeyd-şərtsiz deyil. Onlar haram bir işə əmr etdikdə onlara itaət edilməməlidir. Ona görə də onların fikrincə, bu ayə əmr sahiblərinin məsumluğuna dəlalət etmir.[8]

Digər tərəfdən, şiələrə görə, ayədəki mövcud əmr istisna edilməyəcək şəkildə ifadə edilmişdir; Başqa sözlə desək, ürf baxımından belə başa düşülür ki, əmr sahiblərinə qeyd-şərtsiz itaət etmək lazımdır və onların məsum olması bu sözün tələbidir.[9]

"Ulul-Əmr"in nümunəsi

Şiə və sünni təfsir kitablarında Ulul-Əmrin nümunələri haqqında çoxlu müzakirələr aparılıb.[10] Şiə ilə sünnilər arasında bu barədə fikir ayrılığı var. Kifayətul-Əsər[11]Kəmalud-Din [12] kimi şiə rəvayət mənbələrində qeyd olunan Cabirin hədisinə görə, on iki imam Ulul-Əmrin nümunələridir. Şiələr həmçinin bu fikri sübut etmək üçün "Səfinə" hədisi"Səqəleyn" hədisi kimi rəvayətlərə istinad edirlər.[13] Əllamə Hilliyə görə, şiə və sünni ravilərindən bu məsələyə dəlalət edən mütəvatir hədislər vardır.[14]

Sünni alimləri bu fikri qəbul etmir və fərqli baxışlara malikdirlər. Bəziləri hesab edirlər ki, "Ulul-Əmr"in mənası raşidin xəlifələridir. Bəzilərinə görə onlardan məqsəd din alimləridir. Başqa bir baxışa görə isə "Səriyyə" (Peyğəmbərin (s) şəxsən iştirak etmədiyi və səhabələrindən komandir təyin etdiyi döyüşlər) sərkərdələri onların nümunəsidir.[15] Zəməxşəri yazıb ki, dinə əsaslanaraq hökumət edən hər hansı ədalətli hökmdar nəzərdə tutulur. Məsələn raşidin xəlifələri və onlar kimi əməl edən hakimlər.[16]

Fəxrəddin Razi digər əhli-sünnə alimlərinin əksinə və şiələr kimi ayəyə əsasən əmr sahiblərinin məsum olduğuna inanır. O, deyir ki, "Ulul-Əmr"dən məqsəd icmadır. Onun arqumenti budur ki, məsum ya bütün müsəlman ümməti, ya da ümmətin bir hissəsidir. Bu gün məsum insanları tanımaq mümkün olmadığından, ümmətin bəziləri məsum deyildir. Ona görə də demək lazımdır ki, Məsum, müsəlmanların icmasıdır.[17] Onun icmadan məqsədi cəmiyyətdə təsiri və nüfuzu olan insanlar, yəni müsəlman alimləridir.[18]

Əlaqəli məqalələr

İstinadlar

  1. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100 və 101; Təbatəbai, Əl-mizan, h.q 1417, c.4, s.319
  2. Əllamə Hilli, Kəşful-murad, h.q 1417, s.493
  3. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100 və 101; Təbatəbai, Əl-mizan, h.q 1417, c.4, s.319
  4. Əllamə Hilli, Kəşful-murad, h.q 1417, s.493; Misbah Yəzdi, Rah və rahnemaşenasi, h.ş 1376, s.206
  5. Misbah Yəzdi, Rah və rahnemaşenasi, h.ş 1376, s.206
  6. Əllamə Hilli, Kəşful-murad, h.q 1417, s.493; Misbah Yəzdi, Rah və rahnemaşenasi, h.ş 1376, s.206
  7. Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.10, s.113
  8. Təftəzani, Şərhul-məqasid, h.q 1409, c.5, s.250
  9. Misbah Yəzdi, Rah və rahnemaşenasi, h.ş 1376, s.207
  10. Təbatəbai, Əl-mizan, h.q 1417, c.4, s.392-401; Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, s.10, s.112-114
  11. Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.54-55
  12. Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.253-254
  13. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.4, s.399
  14. Əllamə Hilli, Kəşful-murad, h.q 1417, c.4, s.539
  15. Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.10, s.113-114
  16. Zəməxşəri, Təfsiru Kəşşaf, h.q 1407, c.1, s.524
  17. Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.10, s.113
  18. Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.10, s.113

Ədəbiyyat

  • Təftəzani, Sədud-din Məsud ibn Ömər, Şərhul-məqasid, Təhqiq: Əbdür-Rəhman Umeyrə, Qum, Əş-şərifur-Riza, 1-ci çap, h.q 1409
  • Xəzzaz Razi, Əli ibn Muhəmməd, ifayətul-əsər fin-nəssi ələl-əimmətil-isna əşər, Düzəliş: Əbdül-lətif Hüseyni Kuhkəməri, Qum, 2-ci çap, h.q 1401
  • Zəməxşəri, Məhmud, Əl-kəşşafu ən həqaiqi ğəvamizit-tənzili, Beyrut, Darul-kutubil-ərəbi, 3-cü çap, h.q 1407
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Kəmalud-din və təmamun-nimə, Tehran, Darul-kitabil-İslamiyyə, h.q 1395
  • Təbatəbai, Seyyid Muhəmməd Hüseyn, Əl-mizanu fi təfsiril-Quran, Qum, Enteşarate İslami, 5-ci çap, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Əllamə Hilli, Həsən ibn Yusuf, Kəşful-murad fi şərhi təcridil-etiqad, Təhqiq: Həsən Həsənzadə Amili, Qum, Dəftəre enteşarate İslami, 7-ci çap, h.q 1417
  • Fəxrud-din Razi, Əbu Əbdillah Muhəmməd ibn Ömər, Məfatihul-ğeyb, Beyrut, Daru-ehyait-terasil-ərəbi, 3-cü çap, h.q 1420
  • Misbah Yəzdi, Muhəmməd Təqi, Rah Rahnemaşenasi, Qum, Muəssie amuzeşi və pejuheşi İmam Xomeyni, 1-ci çap, h.ş 1376

Xarici keçid