İrtidad

wikishia saytından


İrtidad (ərəbcə: الارتداد), İslam dinindən çıxmağa və imtina etməyə deyilir. İslam dinindən imtina edən müsəlman isə mürtəd kimi tanınır. Mürtədlik Allahın varlığını, Məhəmməd peyğəmbərin (s) həqiqqətən peyğəmbər olduğunu, İslam dinini və ya dinin zəruri məsələlərini, məsələn, namazı, orucu inkar etməklə və yaxud dinin müqəddəs atributlarına, məsələn Kəbə evini təhqir etməklə baş verir.

Mürtəd iki cür olur: milli mürtəd və ya fitri mürtəd. Hər iki mürtədlik özünə aid dini hökümləri əhatə edir. Fəqihlərin məşhur rəyinə əsasən, kişi fitri mürtədin cəzası ölümdür. Lakin kişi milli mürtədə tövbə etməyə və İslam dininə qayıtmağa möhlət verilir. O, tövbə etmədiyi təqdirdə edam edilir. Qadın milli və ya fitri mürtəd qətlə yetirilmir, lakin tövbə edənə qədər həbsdə saxlanılır.

Bəzi müctəhidlər, məşhur rəyin əksinə olaraq, düşünürlər ki, kişi fitri mürtəd də tövbə etdiyi təqdirdə ölüm ittihamı qüvvədən düşür.

Mürtədliyin digər hökümləri sırasına mürtədin napak olması və nikahının etibarsızlığı daxildir.

Mürtədliyə görə belə sərt cəzaların nəzərdə tutulmasında məqsəd müsəlmanların dinə səhlənkar yanaşmalarının və İslam bədxahlarının dini inancları zəiflətmək planlarının qarşısını almaqdır.

Məfhumu və növləri

Mürtədlik fiqhi termindir və mənası İslam dinindən imtina etmək və ya çıxmaqdır.[1] İslam dinindən imtina edən müsəlman mürtəd kimi tanınır.[2] Fiqh kitablarında təharət, namaz, zəkat, oruc, həcc, nikah, irs və s. bölümlərdə bu haqda söz açılır.[3] Bəzi fiqh kiablarında isə “Kitab əl-murtəd” adlı ayrıca hissədə sözükeçən mövzudan bəhs edilir.[4]

Mürtədin növləri

Mürtəd iki cür olur və hər birinin özünə aid hökümləri var:[5] Fitri mürtəd müsəlman olaraq dünyaya gələn,[6] yəni ata-anası və yaxud onlardan biri müsəlman olan,[7] lakin sonradan İslam dinindən çıxan şəxsə deyilir.[8] Milli mürtəd isə əvvəlcədən müsəlman olmayan, İslama sonradan gəlib, amma yenidən İslamdan imtina edən şəxsdir.[9]

Mürtədliyin şərtləri və onu sübut etməyin yolları

Mürtədlik həm sözlə və həm də əməllə həyata keçir:

  • Sözdə mürtədlik deyəndə, İslamdan çıxmağa dəlalət edən bir fikirin səsləndirilməsi nəzərdə tutulur. Məsələn, Allah yoxdur, həzrət Məhəmməd (s) peyğəmbər deyil və yaxud İslam haqq din deyil kimi sözlər deməklə müsəlman dindən çıxır.[10] Dinin zəruri məsələlərini inkar etmək də bura daxildir.[11] Dinin zəruri məsələləri dedikdə İslamın inkar edilməz mövzuları, ritualları nəzərdə tutulur, hansı ki, onların heç bir sübuta ehtiyacı yoxdur və bütün müsəlmanlar onları yekdilliklə qəbul edirlər, məsələn, namazın, orucun, həccin vacib olması kimi.[12]
  • Əməldə mürtədlik deyəndə isə, qəsdən, məlumatlı şəkildə küfür xarakterli bir iş görmək, məsələn, büt önündə səcdə etmək, yaxud Günəşə, Aya pərəstiş etmək və ya dini atributlara, Kəbə evinə açıq-aydın hörmətsizlik etmək nəzərdə tutulur.[13]

Ayətullah Fazil Lənkəraniyə görə, Allahın yeganəliyinə, peyğəmbərlik məsələsinə şəkk etmək, inkar və təkziblə nəticələnmədiyi təqdirdə, mürtədliyə səbəb olmaz.[14] Əllamə Şeraninin fikrincə isə, dəlil və sübut ardınca olan araşdırmaçı müəyyən şübhələrə görə, haqq dini müəyyən etməyə çalışarsa və bu tədqiq prosesində irəli çıxan şəkk və şübhələr onun kafir və mürtəd olmasına səbəb olmaz, bir şərtlə ki, dinə yönəlmiş inkaredici sözlər səsləndirməməlidir.[15]

Fəqihlərin fikrincə, mürtədliyin şərtləri sırasına ağıllı olmaq, həddi-buluğa çatmaq, məqsədli və ixtiyarlı şəkildə küfr xarakterli fikirlər səsləndirmək daxildir.[16] Deməli, ruhi xəstə və ya azyaşlı uşaqların küfr xarakterli sözlər deməsi onların mürtədliyinə səbəb olmaz.[17] Eləcədə məqsədsiz və yaxud məcburi şəkildə küfr xarakterli söz demək mürtədliyə səbəb olmaz.[18]

Fəqihlərin rəyinə əsasən, mürtədlik iki yolla sübuta yetir: birincisi, şəxsən mürtədliyə etiraf etməklə, ikicnisi isə, dinin nəzərdə tutduğu sübutla. Dini sübut dedikdə, iki ədalətli kişinin hansısa şəxsin mürtəd olmasına dair şahidlik etməsi nəzərdə tutulur.[19] Şəhid Əvvələ (Məhəmməd ibn Cəmaluddin Məkki Amili) görə, iki şahidin əleyhinə ifadə verdiyi mürtəd səhv etdiyini etiraf edərsə və eləcədə məcburən mürtəd olduğunu bildirərsə və bunu təsdiq edən dəlillər mövcud olarsa, sözü qəbul edilməlidir.[20]

Bəzi mürtədlik nümunələri

Təfsir və tarix kitablarında Məhəmməd peyğəmbərin (s) vaxtında mürtəd olmuş şəxslər haqqında məlumat verilməkdədir.[21] Belə şəxslərdən biri də ənsarlı Əbulhusəynin iki oğludur. Onlar bir qrup xristianın dəvəti ilə İslamdan imtina edib, xiristianlığı qəbul etdilər.[22] Peyğəmbər (s) onlara qarqış etdi və onları ilk mürtədlər adlandırdı.[23] Mürtəd olan başqa bir şəxs isə qureyşli Uqbə Əbi Muit adlı şəxsdir. O, Peyğəmbər (ə) onun yeməyindən yesin deyə, kəlməyi-şəhadət deyir. Lakin bir müddətdən sonra, dostunun istəyi ilə Məhəmməd peyğəmbərin (s) üzünə öz ağız suyunu ataraq mürtəd olur. Allahın rəsulu (s) Bədr müharibəsində onu yaxalayandan sonra qətlinə fərman verir.[24]

Əbu Sufyanın qızı Ümmü Həkəm və Məhəmməd peyğəmbərin (s) həyat yoldaşı Ümmü Sələmənin bacısı Fatimə, o Həzrətin (s) vaxtında mürtəd olmuş qadınlardır. Ümmü Həkəm Məkkə fəth ediləndən sonra yenidən müsəlman olmuşdur.[25]

Ayətullah Seyid Əbdülkərim Musəvi Ərdəbili “Fiqh əl-hudud və əl-təzirat” adlı fiqh kitabında Məhəmməd peyğəmbərin (s) və imamların dönəmində baş verən mürtədlik nümunələri haqqında geniş söz açmışdır.[26]

Müasir dövürdə isə “Şeytan ayələri” kitabını yazaraq Məhəmməd peyğəmbəri (ə) təhqir edən Səlman Rüşdü mürtəd sayılır.[27]

Mürtədliyin hökümləri

Mürtədliyin bəzi hökümləri aşağıdakılardan ibarətdir:

Mürtədin cəzaları

Tövbə etməyən kişi milli mürtədin və eləcədə fitri mürtədin cəzası ölümdür.[28] Lakin qadın mürtəd tövbə edənə və ya ölənədək həbs edilir.[29] Habelə, qadın fitri mürtəd və eləcədə kişi və ya qadın milli mürtəd tövbə edərsə, tövbəsi qəbuldur.[30] Məşhur fətvaların əksinə olaarq, bəzi müctəhidlərin rəyləri fərqlidir. Məsələn, Ayətullah Seyid Əbdülkərim Musəvi Ərdəbili,[31] Ayətullah Məhəmməd İshaq Fəyyaz kişi fitri mürtədin hökmünü digər mürtəd hökümləri ilə eyni hesab edirlər. Onların nəzərincə, fitri mürtəd də tövbə etdiyi təqdirdə, cəzası qüvvədən düşür.[32]

Habelə, Ayətullah Abdullah Cəvadi Amuliyə görə, axtarış apararaq şübhəyə düşüb, dindən çıxan şəxsin hökmü ölüm deyil. Çünki, bəzi hədislərə əsasən, şübhəli məqamlarda fiziki cəzalar (hədd) tətbiq edilməməlidir.[33]

Həmçinin, bəzi tədqiqatçılara görə, mürtədin cəzası dəyişə bilən təzirata və eyni zamanda dini hakimin səlahiyyətinə daxildir. Belə ki, Məhəmməd peyğəmbər (s) İslamın ilk çağlarında fitnəkarlıqla, kafir və münafiqlərin hiyləgərlikləri ilə mübarizə aparmaq məqsədi ilə belə sərt cəzalar nəzərdə tutmuşdur. Buna görə də mürtədin cəza forması İslam cəmiyyətinin maraqlarından, mövcud şəraitdən və şəriət hakiminin gəldiyi qənaətdən aslıdır.[34]

Mürtədin cəzalanmasının fəlsəfəsi

Mürtədin cəzalanmasının fəlsəfəsi haqqında bəzi izahlar verilmişdir:

  • İslam dini siyasi sistemin əsasını təşkil etdiyinə görə, mürtədlik və onu dilə gətirmək İslam dinini zəiflətməyə və ona söykənən siyasi sitemi çökməyə səbəb olur. Buna görə də İslam höküməti mürtədliyin qarşısını almağa borcludur.[35]
  • İslam, cəmiyyətdə vəhdət amili sayıldığına görə, mürtədlik və onun dilə gətirilməsi cəmiyyətin parçalanmasına səbəb olur. Mehdi Bazergan Cenevrə Universitetinin hüquq professoru Marsel Bavazara istinadən bildirir ki, İslam idarəçiliyi sistemində Allaha iman sırf şəxsi və etiqadi əhəmiyyət daşımır. Əksinə ümməti bir-birinə bilrəşdirən halqalardan, hökümətin təməllərindən biridir, əgər bu təməl sıradan çıxarsa, cəmiyyət süqut edəcək. Bu, eyni ilə fitnəkarlığa, fəsada bənzəyir və bunu görməzdən gelmək mümkün deyil.[36]
  • İslama iman gətirmək bəlli nizam-intizama sadiq olmaq və ondan irəli gələn dini kimliyi qəbul etmək anlamına gəlir. Buna görə də mürtədlik bir növ bu dini kimliyə qarşı çıxmaq və dini kimliyi olan cəmiyyətdə mənəvi gərginlik yaratmaq sayılır.[37]
  • Mürtədliyə görə sərt cəzanın nəzərdə tutulmasının bir səbəbi də budur ki, din sadə məsələ hesab edilməməli və onu seçərkən daha çox diqqət göstərilməlidir.[38]
  • Mürtədlik cəzası İslam bədxahlarının müsəlmanların imanını zəiflətmək məqsədi ilə dinə gəlib, sonradan dindən çıxmasının qarşısını almağa çalışır. Belə ki, İslamın ilk çağlarında belə hallara tez-tez rast gəlmək olurdu və bunun qarşısını almaq məqsədi ilə mürtədlik cəzası qəbul edilmişdi.[39]

Digər hökümləri

Fiqhi mənbələrə əsasən, mürtədliyin digər hökümləri sırasına aşağıdakılar daxildir:

  • Napaklıq: Mürtədlik mürtədin napak olmasına səbəb olur.[40] Qadın fitri mürtəd və eləcədə kişi və yaxud qadın milli mürtəd tövbə etməklə pak olurlar.[41]
  • Nikahın pozulması: əgər nikahdan sonra və cinsi əlaqə olmazdan qabaq qadın və ya kişi mürtəd olarsa, nikahı pozulur.[42] Əgər cinsi əlaqədən sonra kişi fitri mürtəd olarsa, nikah pozulur. Lakin qadın fitri və ya milli mürtəd olduğu təqdirdə, iddənin (talaq iddəsi) sonuna qədər tövbə etməzsə, nikahı pozulur, əks təqdirdə nikah qüvvədə qalır. Kişi milli mürtədin də hökmü belədir.[43] Mürtədlik, müsəlmanın mürtədlə evlənməsinin qarşısını alır.[44]
  • İrs: Mürtədlik, mürtədin müsəlmandan irs aparma imtiyazını əlindən alır.[45]

İstinadlar

  1. Şəhid Sani, Haşiyətul-irşad, h.q 1414, c.4, s.285; Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, h.q 1427, c.4, s.44-46
  2. Xoyi, Təkmilətul-minhac, h.q 1410, s.53; Vəhid Xorasani, Minhacus-salihin, c.3, s.500; Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, h.q 1427, c.4, s.44-46
  3. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.366
  4. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.366
  5. Mühəqqiq Hilli, Şərailul-İslam, h.q 1408, c.4, s.170-171
  6. Mühəqqiq Hilli, Şərailul-İslam, h.q 1408, c.4, s.170
  7. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, 602
  8. Mühəqqiq Hilli, Şərailul-İslam, h.q 1408, c.4, s.170
  9. Mühəqqiq Hilli, Şərailul-İslam, h.q 1408, c.4, s.171
  10. Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, h.q 1427, c.4, s.47
  11. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.5, s.146
  12. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.5, s.146
  13. Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, h.q 1427, c.4, s.47-48
  14. Fazil Lənkərani, Cameul-məsail, c.2, s.504; Suruş Məhəllati, Azadi, Əql və iman, h.ş 1381, s.282-283
  15. Hürr Amili, Vəsailuş-şiə, c.18, s.596; Suruş Məhəllati, Azadi, Əql və iman, h.ş 1381, s.284
  16. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, 609-610; Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, h.q 1427, c.4, s.102-105-115
  17. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, 609
  18. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, 609-610
  19. Şəhid Əvvəl, Əd-Durusuş-şəriə, h.q 1417, c.2, s.52; Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.5, s.397
  20. Şəhid Əvvəl, Əd-Durusuş-şəriə, h.q 1417, c.2, s.52
  21. Sadiqi Fədəki, İrtidad, h.ş 1388, s.293
  22. Sadiqi Fədəki, İrtidad, h.ş 1388, s.293-294
  23. Sadiqi Fədəki, İrtidad, h.ş 1388, s.294
  24. Sadiqi Fədəki, İrtidad, h.ş 1388, s.295-296
  25. Sadiqi Fədəki, İrtidad, h.ş 1388, s.312
  26. Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, h.q 1427, c.4, s.5-29
  27. «سرنوشتی که نواب برای سوزاننده قرآن رقم زد, mashreghnews.ir saytı
  28. Mühəqqiq Hilli, Şərailul-İslam, h.q 1408, c.4, s.170-171
  29. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, 611-612
  30. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, 612-613
  31. Musəvi Ərdəbili, Fiqhul-hudud vət-təzirat, h.q 1427, c.4, s.151
  32. Fəyyaz Kaşani, Risaleye tozihul-məsail, h.q 1426, s.626
  33. Cavadi Amuli, Təsnim, h.ş 1388, c.12, s.183-184
  34. Suruş Məhəllati, Azadi, Əql və iman, h.ş 1381, s.287-305
  35. Uvdə, Ət-Təşriul-cənail-İslami, c.1, s.536-631; Mütəhhəri, Yaddaştha, h.ş 1390, c.2, s.316
  36. Mübəyyidi, İndari və azadi, h.ş 1378, s.135
  37. Fəzlullah, Azadi və demokrasi, h.ş 1377, s.114
  38. Şakirin, Perseşha və pasoxhaye daneşcuyi, h.ş 1389, s.317
  39. Şakirin, Perseşha və pasoxhaye daneşcuyi, h.ş 1389, s.314
  40. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.14
  41. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.6, s.293
  42. Mühəqqiq Hilli, Şərailul-İslam, h.q 1408, c.4, s.170-171
  43. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.30, s.49
  44. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.30, s.47
  45. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.39, s.17

Ədəbiyyat

  • Xoyi, Seyyid Əbül-Qasim, Təkmilətul-minhac, Qum, Mədinətul-elm, 26-cı çap, h.q 1410
  • «سرنوشتی که نواب برای سوزاننده قرآن رقم زد + تصاویر», mashreghnews.ir saytı
  • Suruş Məhəllati, Məhəmməd, Azadi, Əql və İman, Qum, h.ş 1381
  • Şakirin, Həmi Rza və bir qrup mühəqqiq, Əd-Durusuş-şəriə, Qum, İslami nəşr, 2-ci çap, h.q 1417
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Haşiyətul-irşad, Təhqqi: Rza Muxtari, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1414
  • Sadiq Fədəki, Seyyid Cəfər, İrtidad, Qum, Muəssieye bustane kitab, 1-ci çap, h.ş 1388
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkamiş-şəriə, Təhqiq: İbrahim Bəhaduri, İmam Sadiq (ə) müəssisəsi, 1-ci çap, h.q 1420
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, 3-cü çap, h.q 1387
  • Uvdə, Əbdül-Qadir, Ət-təşriul-cənai, Beyrut, Darul-kutubil-ərəbi
  • Fəzlullah, Seyyid Məhəmməd Möhsin, Azadi və demokrasi, Tərcümə: Müctehid Muradi, h.ş 1377
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Düzəliş: Əbdül-Hüseyn Məhəmməd Əli Bəqqal, Qum, 3-cü çap, h.q 1408
  • Bir qrup yazıçı, Dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, c.5, Qum, Dairətul-məarife fiqhe İslami müəssisəsi, h.ş 1392
  • Mütəhhəri, Mürtəza, Yadddaştha, Tehran, Sədra nəşri, h.ş 1390
  • Müsəvi Ərdəbili, Seyyid Əbdül-Kərim, Fiqhul-hudu vət-təzirat, 2-ci çap, h.q 1427
  • Mübəyyidi, Fazil, Dindari və azadi, Tehran, h.ş 1378
  • Nəcəfi, Məhəmməd Möhsin, Cəvahirul-kəlam, Düzəliş: Abbas Quçani, Beyrut, h.q 1404
  • Vəhid Xorasani, Hüseyn, Minhacus-salihin, İmam Baqir (ə) müəssisəsi, 5-ci çap, h.q 1428

Xarici keçid